Sivilizasiyaların dialoqu



Yüklə 1,45 Mb.
səhifə16/24
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#2635
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Sivilizasiya və cəmiyyət

Hər bir millətin inkişaf tarıxındə onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçək­lənmə dövrü olur.

Aida İmanquliyeva
Texnika inkişaf etdikcə və müasir kommunikasiya vasitələri yarandıqca, elə bil ki, dünya kiçilir.

Təkcə bir qəsəbə, bir şəhər daxilində deyil, həm də xalqlar və dövlətlər arasında əlaqələr artır, məsa­fə­lər azalır. Dəvə karvanları komfortabelli reaktiv təy­yarələrlə əvəz olunduqca, insanların müxtəlif səbəb­lərdən yerdə­yişməsi çoxalır. Digər tərəfdən, peyk ötü­rü­cüləri ilə teleyayımların və internetin açdığı böyük im­kanlar məsafə­ləri ümumiyyətlə aradan götürür. Nə­ticədə bəzən uzaq qitə­lərdə yaşa­yan adamlarla əlaqə və ünsiyyət ən yaxın qonşu ilə olduğundan çox olur.

Əlaqələrin artması müxtəlif siyasi rejimlərin, so­sial quruluş for­malarının, həyat tərzlərinin, düşüncə üsullarının, mədəniy­yət­lə­rin, əxlaqların, dini dəyər­lə­rin daha çox qarşılaşmasına və birbaşa təmaslara şərait yaradır. Müxtəlifliklərin əlaqələnməsi bir tə­rəf­dən qarşılıqlı zən­gin­ləşmə üçün şərait yaradırsa, digər tərəfdən, qarşı­durmanın artması yeni ziddiyyət və kon­­flikt mənbələrinin yaran­ması üçün də səbəb olur.

Bir sözlə, əlaqələr artdıqca təkcə hansı isə bir öl­kənin sakini indi özünü bütövlükdə Yer planetinin sakini kimi hiss etmək is­tə­yir. Lakin hansı yolla; başqa xalqların dilini, mədəniyyətini, həyat tərzini mə­­nimsəmək və onlara uyğunlaşmaq, yoxsa öz mə­dəni-mənəvi dəyərlərini bütün dünyaya yay­maqla? “Sivilizasiyaların toq­­quşması” ideyası da, “mədəniy­yətlərin dialoqu” və “mədə­niy­yət­lərin plüralizmi” ide­yası da bu suala cavab axta­rışında ortaya çı­xır. Lakin əvvəlcə dünyada bir-birindən köklü surətdə və ya önəm­­­­li dərəcədə fərqlənən hansı düşüncə üsullarının, həyat tərz­lə­ri­nin, mədəniyyətlərin olması və bunların əsas fərqləndirici xü­su­siy­yətləri öyrə­nilməlidir. Çünki hər bir xalqın, etnosun özünəməx­sus spesifik cəhətləri olsa da, daha böyük miqyasda eyniyyət mə­qamlarının olması bir neçə böyük sivilizasiyalardan və mədə­niy­yətlərdən danışmağa imkan verir.

Belə bölgülərdən biri də xeyli dərəcədə rəmzi səciyyə daşıyan Şərq və Qərb düşüncəsi, Şərq və Qərb sivilizasiyalarıdır. Milli və ya dini bölgülərdən fərqli olaraq, burada cəmiyyətin inkişaf sə­viy­yə­si və tutduğu inkişaf yolu mahiyyət göstəricisi kimi ön plana keçir.

Qərb sivilizasiyasını şərtləndirən, onun Şərqə nisbətən üstün­lü­yünü təmin edən mühüm cəhətlərdən biri fərd–cəmiyyət mü­na­sibətlərinin daha mükəmməl olması, cəmiyyətin daha op­timal təşkilatlanmasıdır. Şərqdə azadlığın hər kəsin öz arzu və istəyinə uyğun surətdə yaşamaq kimi anlamasına rəğmən, Qərbdə hər kəs özünü ilk növbədə cəmiyyətin bir üzvü kimi hiss etməklə, öz azadlığını da qərarlaşmış ictimai müna­sibətlər çərçivəsində tapır. Burada hər hansı bir şəxs mövcud qayda­lar­la razılaşmırsa, öz etirazını onları poz­­maq, «qulaq ardına vur­maq» yolu ilə yox, bütöv­lükdə ictimai münasibətlərin dəyiş­diril­mə­si, onların əsa­sında duran ideyanın yeniləşməsi uğrunda mü­ba­rizə ilə ifadə edir.

Cəmiyyətin necə təşkilatlanması hər bir fərdin həyatına təsir edir. Lakin hər bir fərd ümumictimai miqyasda gedən proseslərin məğzini anlamaq, onlara düşünülmüş şəkildə müdaxilə etmək imkanına malik deyil. Ona görə də ən asan yol bu işi kimlərin isə öhdəsinə buraxaraq, ictimai axına kor-koranə surətdə qoşul­maq­dır. Lakin bu yol insanların azadlıq və xoş­bəxtliyini nə dərəcədə təmin edir?

Hegelə görə azadlıq dərk olunmuş zərurətdir. Baş­qa sözlə, adi insanlar azad olmaq üçün mövcud cəmiyyətin qanunlarını, onların təməlində duran, on­ları zəruri edən prinsipləri mənimsə­mə­lidir. Şəxsi ide­yalar, şəxsi fəaliyyət planları da ictimai zərurətlə uy­ğunlaşdırılmalıdır. Lakin elə şəxslər də olur ki, onlar ictimai zərurətin özünü, onun əsasında duran ideyanı dəyişmək yolunda mübarizə aparırlar. Bütün maddi təzahürlər kimi ictimai gerçəklik, qərarlaşmış ictimai münasibətlər sistemi də hansısa ideyanın təza­hü­rü olduğundan, ictimai həyatın hər hansı bir struktur səviyyə­sin­də­ki islahatlar da ilk öncə ideyalar iyerar­xiyasının adekvat pillə­sində dəyişiklik olmasını tələb edir.

Hər bir şəxs öz fərdi həyatını yaşamaqla yanaşı, cəmiyyətin bir üzvü kimi böyük miqyaslı ictimai proseslərin də iştirakçısı olur. Əlbəttə, bu şans hamıya eyni dərəcədə verilmir. Kim isə ictimai hadisələrdə aparıcı rol oynayaraq bəşər tarixinə daxil olduğu halda minlərlə insan ictimai həyatda subyektdən daha çox bir obyekt olaraq iştirak edir və tarixdə heç bir iz qoymur. Bununla belə, min­lər, milyonlar olmasa, kütlə olmasa, ayrı-ayrı şəxslər nə qədər bö­yük düha sahibi olsalar da, cəmiyyəti inkişaf etdirə bilməzlər. Çünki cəmiyyət əhalinin şəxsiyyətlərlə, kütlənin ideya ilə sintezidir. Kim isə o zaman böyük şəxsiyyətə çev­rilə bilər ki, onun qərarlaşmış ictimai şüurdan kənara çıxan, fərqli ideyası olsun və bu ideya təkcə key­fiyyətcə, sanbalca deyil, həm də məhz kəmiy­yət­cə, miqdarca böyük proseslərin hərəkətverici qüvvəsinə çevrilmək əzmində olsun.

Məhz ideya çoxlu miqdarda, müxtəlif istiqa­mət­li hadisələrin eyni üstün istiqamət boyunca düzən­lən­məsinə, təşkilatlanmasına imkan yaradır. İdeya hadi­sələri canlandırır və yönəldir. Onun öz rolu istiqa­mə­tini özü seçə bilməyən yüklü zərrəciklər üçün sahənin oynadığı rola bənzəyir. Təsadüfi deyildir ki, K.Marks kütlələrin ideyaya yiyələnməsindən yox, ideyanın kütlələrə yiyələnməsindən bəhs edirdi.

Lakin ən gözəl, ən böyük ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. Bir növ pə­rakəndə, xaotik material olan kütlənin ideya yönü­mündə düzənlənməsi üçün xüsusi məq­səd­yönlü fəaliy­yət tələb olunur. İdeyanın gerçəkləşməsi, real ictimai müs­təvidə təzahürü üçün görülməli olan işlər mahiyyət etibarı ilə nə ideya yaradıcılığı, nə də maddi bir hadisədir. Bu, əslində ideya­dan gerçəkliyə körpü atılması prosesidir. Bu, ideya ilə siyai ira­də­nin sintezi, cəmiyyətin fərqli ideya əsasında yenidən təşkilat­lan­masıdır.

Cəmiyyəti bir piramidaya bənzətsək onu təşkil edənlərin ək­sə­riyyəti alt müstəvidə yerləşəcəkdir. Yu­xarı qatlardakı adamların sayı getdikcə azalacaqdır. Zirvəyə isə ancaq tək-tək adamlar çıxa bilər. Alt müs­təvilərdə hadisələr, maddi həyat cərəyan edir. İdeya isə yuxarıdan aşağıya gəlir. Piramidanın zirvə nöq­təsini ən yüksək ideya səviyyəsi kimi fərz etsək, bu­rada ideya var, lakin maddi heç nə yoxdur. Hündürlük maksimal olsa da, oturacaq sıfra bərabər olduğundan, həcm də sıfırdır. Aşağıya doğru gəldikcə hündürlük azalır, oturacaq isə genişlənir.

Həyatın dibindən müəyyən ideya səviyyəsinə yalnız ayrı-ayrı şəxslər yüksələ bilir. Bu, insanın baş­qalarından fərqlənməsi, şəxsiy­yə­tin cəmiyyətdən ay­rıl­ması və onun fövqünə qalxması deməkdir. Bura­da hərəkətverici qüvvə intellektual yaradıcılıq və mədə­ni-mənəvi potensialdır. Sıxılmış yayın potensial ener­jisi olduğu kimi mədəni-mənəvi və intellektual poten­sial da belədir. Mövcud ictimai münasibətlərin, real ic­timai inkişaf səviyyəsinin məhdudlaşdırıcı baryeri bu enerjinin aktuallaşmasına imkan vermir; ta o vaxta qədər ki, sıxılmış ideya və iradi potensialın səviyyəsi bu baryeri keçməyə imkan versin.

Cəmiyyətin strukturu o zaman optimal sayılır ki, onu ideya səviyyəsinə görə piramidanın aşağısında yox, yuxarısında duranlar idarə etsin. Yəni, hökumət intellektual elitadan təşkil olunmuş olsun. Bu isə ilk yaxınlaşmada demokratiya prinsipləri ilə uzlaşmır.

Bir tərəfdən, demokratiya, xalqın özünüidarəsi ideyası çox cazibədar görünür. Digər tərəfdən, intel­lektual və mədəni-mənəvi inkişaf səviyyəsinə görə yüksəkdə duranların sayı həmişə az, orta və aşağı səviyyəlilərin sayı çox olur. Ona görə də, demo­kratiya müəy­yən mənada aşağı səviyyəlilərin yük­səkdə du­ranları idarə etməsi kimi də başa düşülə bilər.

Halbuki, daha yaxşı cəmiyyət, yəqin ki, yük­sək­də duranların aşağıda duranları idarə etməsinə əsas­lan­malıdır. Məhz bu cəhətə görə də Platon kimi görkəmli simalar hələ o vaxtlar demokratiyanın əleyhinə olub. Demokratiya əleyhdarlarının möv­qeyi buna əsaslanır ki, idarəetmə sistemində meyar azlıq və ya çoxluq deyil, dünyagörüşü və intellektin sə­viyyəsi, başqa sözlə, şüurun azlığı və ya çoxluğu olmalıdır. Tək adamın (monarxiya) və ya elitar bir qrupun (aristokratiya) hakimiyyəti ideyası belə ya­ranıb. Şərqdə geniş yayılan ədalətli şah ideyası da bu qəbil­dəndir.

Lakin çoxluq ara-sıra öz sözünü həmişə deyib. Aşağılar hərəkətə gəlib. Üsyanlar olub. Çevrilişlər olub. Kütlə gücünü gös­tə­rib. El gücü – sel gücü. Am­ma unudulub ki, sel tənzim olun­ma­dıq­da onun gücü ancaq dağıtmağa yönəlir.

İstiqamətlənməmiş, təşkilatlanmamış ictimai güc də hər cür kobud qüvvə kimi, sel kimi dağıdıcı olur. Sel cəmiyyətin arxitek­to­ni­kasını dağıdıb, neçə-neçə əsrlər ərzində ixtisaslaşmış, struk­tur­laşmış cə­miy­yətin nailiyyətlərini xeyli dərəcədə yuyub aparıb. (Mark­sizmin tənqid etdiyi təbəqələşmə də əslində strukturlaş­ma­nın, deməli, sivilizasiyanın əlamət­lə­rindən biridir). Düzdür, bu so­sial selə, bu ictimai hə­rəkatlara da əslində həmişə azların nüma­yəndəsi başçılıq edib. (Əslində, demokratiya o zaman faydalı ola bilər ki, o, bütövlükdə kütləyə deyil, elitaya tətbiq olunmuş olsun, lakin elita daxilində azlıqda qalan tərəf bəzən bu mənada məqbul olmayan metoda əl atır və öz mövqeyini kütlənin köməyilə həyata keçirməyə çalışır. Elitadaxili mübarizə ideyaların mübarizə­sin­dən daha çox kütləyə təsir etmək və onu yönəltmək uğrunda müba­ri­zəyə çevrilir).

«Şəxsiyyət və kütlə», «Şəxsiyyət və cəmiyyət», «Fərd və top­lum» müna­si­bətlərinə olduqca müxtəlif mövqelərdən yanaşmaq müm­kündür. Problem nəzəri-fəlsəfi müstəviyə keçməzdən əvvəl xalq arasında da ona müəyyən münasibət formalaşmışdır. Kiminsə küt­lədən, camaatdan, xalqdan ayrılmasına, toplumdan ya yu­xa­rı­da, ya da aşağıda dayanmasına, ya müsbət, ya da mənfi isti­qa­mət­də seçilməsinə çox vaxt pis baxıl­mışdır. «Palaza bürün, elnən sü­rün!», «Şəhərə girdin hamı gözü qıpıq, sən də ol gözü qıpıq!» ifa­də­ləri ha­mı­dan biri olmaq, seçilməmək, fərqlənməmək möv­qeyini ifa­də edir. Halbuki, fərq olmadıqda inkişaf da ola bilməz. Kimsə irə­li çıxmalıdır, kimsə sü­rü­nənlərə şahin zirvəsindən baxmalıdır, kim­sə ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq sal­ma­lıdır, - əks təqdirdə cəmiyyətdə inkişaf ola bilməz.

İctimai tərəqqinin hərəkətverici qüvvəsi məhz fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə ölçülür. Bu fərqdən do­ğan ziddiyyət kütlənin xey­rinə həll olunanda şəxsiyyətlər tərki-dün­ya olur və onları tənhalığın faciəsi gözləyir. Şəxsiyyətin qələbə­si isə cəmiyyətin sosial ideala doğru hərəkətə gətirilə bilməsindən asılıdır.

İnkişafın dialektikası belədir. Eyni səviyyədə olanlar, tama­mi­lə identik olanlar bir-birini inkişaf et­di­rə bilməzlər. İnkişaf fərq­dən yaranır. Əgər yüzlərlə, minlərlə insanın içərisində bircə nəfər də «stan­dart»dan kənara çıxa bilsə, yeni ideya verə bilsə ha­mının bu ideyaya yiyələnməsi, səviyyəcə yüksəlməsi və deməli, ictimai in­ki­şaf səviyyəsinin də yüksəlməsi şansı yaranır. Yəni bütövlükdə ic­ti­mai inkişaf əksə­riy­yətin deyil, tək-tək adamların, liderlərin səviy­yə­si ilə ictimai baryer arasındakı nisbətdən asılı olur. Bü­töv­lükdə cəmiy­yətin səviyyəsinin qalxması üçün onun bü­tün üzvlərinin mü­va­fiq səviyyəyə qalxmasına eh­ti­yac yoxdur. Müəyyən çətin prob­lemi həll etmək üçün bir adamın yüksək səviyyəsi kifayət edə bilər. Çətini yerdə qalanların ona inam bəsləməsidir. Vay o gündən ki, kütlə öz içərisindən çıxmış böyüklərin və kiçiklərin yerini dəyişik salsın və mənfi istiqamətdə seçilənlərin dalınca getsin. (Burada ye­nə də təqsir kütlənin yox, şəxsiyyətin üzərinə düşür).

Beləliklə, cəmiyyəti inkişaf etdirən şəxsiy­yət­lər­dir. Şəxsiyyət­lər yeni ideyalarına görə seçilirlər. İcti­mai inkişaf isə ideyaların kütlələrə yiyələnməsi hesa­bına həyata keçir.

Sivilizasiya əslində ictimai tərəqqi anlayışına adek­vatdır. İcti­mai tərəqqi isə cəmiyyətin təşkilat­lan­ma dərəcəsindən, ideyalarla kütlələr (maddi-ictimai po­tensial) arasında koordinasiyanın effek­tiv­liyin­dən asılıdır.

Cəmiyyəti insanlar toplusundan mütəşəkkil bir sistemə çevi­rən əmək bölgüsüdür. Sivilizasiyanın da əsasında məhz əmək böl­gü­sü dayanır.


* * *
Yaşadığı müddət ərzində insan bütün ideya­la­rının reallaşma­sı­na nail ola bilərmi? Axı, bir ömür üçün nəzərdə tutulmuş qısa müddətli hadisələrlə ya­naşı ömrə sığmayan uzun müddətli hadi­sə­lər də var­dır (hadisənin müddəti dedikdə ideyadan onun tam real­laş­masına qədər tələb olunan zaman nəzərdə tutulur. İnsan ömrü özü də bir hadisədir. Hər bir in­sanın ömrü gen və tale ilə müəy­yən­ləş­dirilmiş ideya­lar kom­plek­sinin reallaşması və tükənməsi pro­se­si­dir). İdeyası, təməli insan üçün kənar olan hadisələrdən fərqli ola­raq insanın öz ideyalarının gerçək­ləşdirilməsi doğma hadisələrdir. Və insan ömrünün hissə­lə­ridir. Bir az na­siranə dillə desək, həyat plan­lardan və on­la­rın real­laşmasından ibarətdir. Bəs yarımçıq qa­lan planların həyata keçirilməsi məsuliyyəti kimin üzərinə düşür? Kiminsə yarımçıq qalmış planlarını övladımı hə­yata keçirməlidir? Yəni ideyanın maddiləşməsi proses­lə­rindəki varislik, əgər bu müm­kündürsə, ge­netik-bioloji varislikləmi əlaqədardır? Yoxsa an­caq ailə-məişət, xüsusi mül­kiyyət sahəsindəmi bu varis­liklər adek­vat olurlar? Bəs elm, sənət sahəsindəki yaradıcı fikirlər, yarımçıq qal­mış ideyalar hansı övlad tərə­fin­dən davam et­di­ril­məlidir? İqti­sa­di quruculuq, dövlət quruculuğu sahələrində geopolitik stra­te­gi­ya­lar, ümum­milli mədəni-mənəvi amallar, ümumbəşəri so­sial ideal­lar kimin tərəfindən davam etdirilməlidir?

Təsadüfi deyil ki, elm adamları da, sənət adam­ları da öz sağ­lı­ğında davam­çılar hazırlamaq, öz mək­təb­lərini yaratmaq haq­qın­da da düşünürlər. Bununla da öz fərdi cismani həyatları başa çatsa da onların ideyaları davamçıların şəxsində yaşayır. Beləliklə, insan ömrünə verdiyimiz tərif mövqeyindən yanaş­dıq­da onla­rın həqiqi ömrü davam etdirilmiş olur. İnsan daha böyük müddətli hadi­sə­lə­rə, proseslərə qatılaraq öz həyatını daha böyük miqyaslı ictimai pro­seslərin tər­kibində yaşada bilər. Əslində insanların əksəriyyəti bu və ya digər ictimai proseslərə daxil olduğundan onların cismani ömrü ilə real həyatı arasında fərq hə­mişə olur. Lakin ölməzlik qa­za­nanlar ideya müəllif­ləridir. Başqasının ideya­sının ictimai rea­li­za­si­yası pro­se­sinə qatılaraq real ictimai həyatın uzadılması bir şey­dir, sənin ideyanın ictimai prosesə çevrilərək ya­şaması başqa şey­dir. Bu artıq sosial-mənəvi sferada ölməzlikdir.


Cəmiyyəti çox vaxt müəyyən zaman kəsiyində, müəyyən dövr­də insanların ittifaqı, sazişi, birgə fəaliy­yəti kimi və ya yenə də müəy­yən zaman kə­siyində insan­lar arasında qərarlaşmış mü­na­si­bət­lər sistemi kimi başa düşürlər. Lakin bizcə bu cür başa düşülən cə­miyyət cansızlaşmış, maddiləşdirilmiş bir prosesdir. Əslində cə­miy­yət onu təşkil edən insanların canından, qanından, beynindən, ürə­yindən, fikrindən, hissiyyatından fərqli olaraq özünün iqtisadi və siyasi həyatı, enerji dövranı, informasiya mübadiləsi sis­te­mi, ideologiyası, fikri, hissiyyatı olan canlı bir orqa­nizm­dir. Daha doğrusu, bütövlük naminə belə olmalı­dır. Cəmiyyətin həyatı da ümu­mi, yekun ideyaların müx­tə­lif istiqamətlərdəki realizasiya pro­ses­­lərinə uyğun olaraq insan ömrünə bənzəyir. Əks təqdirdə biz bü­töv cəmiyyət əvəzinə ayrı-ayrı şəxsi həyatların, vahid istiqa­mət­də yönəldilməyən ayrı-ayrı hadi­sə­lərin (ide­ya-reallıq keçidləri) sa­də­cə toplusu və ya ən yaxşı halda eklektik sistemi ilə rastlaşacayıq.

Bir insanın vahid əqidəsi, həyat məramı olma­dıqda, o çoxlu sayda müx­təlif, bəzən bir-birinə zidd istəklərin reallaşması dalınca qaçdıqda onun şəxsi həyatı da təsadüflərdən asılı vəziyyətə düşür. Cəmiy­yə­tin də vahid konseptual ideyası olmadıqda onu təş­kil edən ayrı-ayrı adamların ideyalar toplusu ancaq bir xaos və qarşıdur­ma­lar yarada bilər.

Sual olunur ki, cəmiyyət daha böyük insanlar top­lusunu əha­tə etdikcə onun inkişaf potensialı artır, yoxsa azalır?

Hər bir adamın müəyyən bilik və bacarıqları vardır. Əgər bun­lar toplana bilsəydi, böyük toplumun imkanları daha böyük olardı. Lakin elə hər şey də bu toplama qaydasının səmərəlili­yin­dən asılıdır. Cəmiy­yətlər bir-birindən təşkilat­lan­ma dərəcəsi ilə və fərdi impulsların toplanma mexanizmi ilə seçilirlər. Məsələ bura­sın­dadır ki, insanların əməli fəaliyyətinin fay­da­lılıq dərəcəsi skal­yar yox, vektorial kəmiyyətdir. Biz bu kəmiyyəti şərti olaraq fərdi fəa­liyyət impulsu adlandıra bilərik. Burada ideyadan başlayaraq bilik və bacarıqlar vasitəsilə son nəticənin əldə olunmasına qə­dərki bütün fəaliyyət prosesi əhatə olunur. Bu ha­disə ona görə vektorial kəmiyyətlə ölçülür ki, müx­təlif fərdlərin fəaliyyətləri heç də bir-birinin davamı kimi, eyni istiqamətdəki proseslər kimi ortaya çıx­mır və onları sadəcə olaraq toplamaq mümkün deyildir. Bu­rada vek­torial kəmiyyətlərin top­lan­ma qaydası tətbiq olunur. Fərdi im­puls­ların yönəlmə bucağından asılı olaraq yekun impuls sıfır da ola bilər. Hər halda vektorial cəm həmişə skalyar cəmdən (mütləq qiy­mət­lərin məcmuyundan) kiçik olur. Yekun göstə­ri­ci­nin sıfır ilə mütləq cəm arasında hansı mövqeyə uyğun gəlməsi məhz cəmiy­yə­tin təşki­latlanma dərə­cəsindən asılıdır.

Göründüyü kimi, fiziki enerjinin, əməli fəaliy­yətlərin toplan­ma qaydası vektorial cəm prinsipinə uyğundur. Lakin əqli enerji baş­qa prinsiplə toplanır. Məsə­lən, biliklərin toplanması ortaq, tək­rar­lanan his­sənin çıxarılması yolu ilə həyata keçir. Biliyin tək­rar­lan­ması ilə yekun bilik artmır. İkinci fərdi bilik birinci fərdi biliyə nis­bətən məhduddursa və ya bəra­bərdirsə, onun əlavə olunması ye­kun biliyi artırmır.

Əqli qabiliyyətlərin toplanması da başqa prin­siplə həyata ke­çir. Burada çoxluğun bütün hədlərinin cəmi bu çoxluğa daxil olan ən böyük həddin mütləq qiymətinə bərabərdir. Yəni bir qrup ada­mın yekun ağlı bu qrupdakı ən ağıllı adamın səviyyəsi ilə ölçü­lür. Bu halda cəm toplananların içərisində ən böyü­yünün müt­ləq qiy­mə­tinə bərabər olur.


Riyaziyyatda belə bir prinsip var: toplananların yerini dəyiş­dik­də cəm dəyişmir. Lakin real həyatda bu belə deyildir. Top­la­nan­ların yerini ya məkanca, ya za­manca dəyişdikdə nəticə fərqli ola bilər.

Cəmiyyətdə insanların hansı ardıcıllıqla düzlən­məsi sadəcə həndəsi mənada başa düşülmür. Burada ən əsas məsələ hər kəsin öz yerində olmasını təmin etməkdir. Belə ki, cəmiyyətin mükəm­məl bir mexa­nizm kimi işləməsi üçün insanların müxtəlifliyindən istifadə olunmalıdır. Bütün üzvləri eyni olan cəmiyyət inkişaf edə bilməz. Hamının bilik və vərdişləri, baca­rıqları eyni olduqda əmək bölgüsü prinsipi optimal surətdə həyata keçirilə bilməz. Halbuki, inkişaf ancaq müxtəlifliyin vəhdətindən doğa bilər.

Sivilizasiya üçün iki hərəkətverici qüvvə var. Birincisi, hər bir insanın bilik və bacarıqlarının artırıl­masıdır ki, bu da insan imkan­la­rının təbii məhdudluğu üzündən müəyyən bir hüdudu aşa bil­məz. Eyni bi­liklərə malik insanların toplan­masından isə yeni bi­lik­lər hasil ola bilməz. İkinci mənbə müxtəlif isti­qamət­lərdə ixtisas­la­şan insanların məqsədyönlü kombinasi­yasından böyük miqyaslı, güc­lü ictimai mexanizm­lə­rin hazırlamasıdır. Birinci istiqamət fərd­lə­rin inkişa­fına və ka­mil­ləşməsinə, ikinci istiqamət isə cəmiy­yə­tin inkişa­fına və kamil­ləşməsinə yö­nəldilmişdir. Bi­rinci istiqamət Şərq üçün, ikinci istiqamət isə Qərb üçün daha səciyyəvidir.

Lakin indi Qərbdə paradiqmanın dəyişməsi pro­sesi gedir. Meyarlar özgə­ləşir, struktur yerdəyişmələri baş verir. Qərbdə elə bir inkişaf səviyyəsi yetişib ki, cəmiyyətdə, demək olar ki, hamı sa­vad­lı, yüksək təhsilli, siyasətə qoşulmaq iqti­darında olan adam­lar­dır. Burada elita orta təbəqədən az fərqlənir. («Fəhlə aris­tokra­ti­ya­sı» ideyaları və s.) Kütlə anlayışına səviyyəcə uyğun gələn aşağı tə­bəqə (cəmiyyətin tör-töküntüsü) isə əslində azlıqda qalır.

Siyasi elita, hakimiyyətdə, yoxsa müxalifətdə ol­masından asılı ol­mayaraq böyük əksəriyyətlə, xalq küt­ləsi ilə bir növ qaynayıb-qa­rı­şır. (Səviyyəcə sərt keçid yoxdur, xarizma müm­kün deyil.) Əvvəlki modelə görə, piramidanın zirvəsində durmalı olan­lar əksəriyyəti təşkil etdiyindən piramida sanki tərsinə çevrilmiş olur. Azlıqda qalan təbə­qə, sosial tör-tö­küntü, «normalardan» kə­nara çıxanlar diqqət mərkə­zin­də olur və cəmiyyətin onlara xüsusi münasibəti, hətta qayğısı for­ma­laşır. Cəmiyyət özünü unudub (öz problemləri artıq həllini tapıb de­yə), azlıqların (etnik, ya seksual azlıq, narkomanlar, AİDS-ə tutu­lan­lar və s.) dərdini çəkməyə və onlara qayğı göstərməyə, onlar üçün hü­quqi baza yaratmağa başlayır.

Dayanıqlılığın təbii prinsipinə görə, sistem geniş oturacağa söykənir və azlıq həmişə üstə çıxır. Ona görə də, piramida çevril­mək məcburiyyətində qalır. Bu hal müasir Qərb cəmiyyətində mü­şa­hidə olunmaq­dadır. Piramida təbiət qanunlarına uyğun ola­raq çev­rilsə də, cəmiyyətə tətbiq halında bu, əslin­də tərsinə çevrilşdir. (Sağlam şüur baxımından hansı model daha yolveriləndir: cəmiy­yə­tin bütün ağırlığını hiss edən azlıqlar, yoxsa azlıqları başına min­di­rən cə­miyyət?)

Bizcə, Qərbin süqutu ideyasının əsasında həm də bu cür anormal vəziyyəti şərtləndirən sosial ger­çək­lik dayanır.

Çoxluq ənənəvi olaraq azlığı öz başı üzərinə qaldırıb və bu Qərbdə yeni ənənənin təməlini qoyur. Son dövrlərdə Qərbdə formalaşan yeni dəyərlər sis­te­mində insan haqlarını qorumaq adı altında azlıqların haqları ön plana çıxır. Qərb ölkələri üçün bu, bəl­kə də anlaşılandır. Lakin onlar bu yeni paradiqmanın tələb­lə­ri­nə uyğun olaraq bizim ölkədə də məhz həmin az­lıqları axtarıb tap­maq, onların xüsusi statusunu müəy­yənləşdirmək tələbi ilə çıxış edir­lər. Halbuki, bizdə hələ intellektual elitanın özü azlıqdır və cə­miy­yət ona qayğı ilə yanaşmaq üçün xüsusi baza yarat­madığı hal­da, Qərbdəki azlıqların analoqunu axtarıb tapmaq və qayğı ilə əha­tə etmək məcburiyyətində qalır.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin