Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz,
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.22
M.F.Axundovdan Cəmaləddin Əfqaniyə, Əfqanidən Sabirə və Hadiyə, M.İqbala və C.Cübrana, Cavidə və Cabbarlıya gedən ideya yolu, özünütənqid və vəhdətə çağırış yolu!
Məhz fikir tənbəlliyinin və ətalətin nəticəsidir ki, Avropa yeni-yeni texniki nailiyyətlər əldə etdiyi bir vaxtda, bizimkilər ərəb əlifbası və ərəb sözlərinin təfərrüatları sahəsində baş sındırmaqla məşğul idilər. C.Əfqani elə bil ki, M.F.Axundovun əlifba islahatı uğrunda mübarizəsinə səs verərək, yazırdı: «Müsəlmanlar təlim-tərbiyədən heç bir xeyir görmürlər. Məsələn, onlar nəhv elmini öyrənməklə məşğul olurlar. Nəhv elmində məqsəd də budur ki, ərəb sözlərini düzgün yazıb-oxumağı öyrənsinlər. Halbuki, bizim zəmanəmizdə müsəlman alimləri, nəhv elmini son məqsəd və qayə kimi qarşılarına məqsəd qoymuşlar…».23 Bəli, dil məqsəd yox, vasitə olmalıdır. Hansı dildə oxumaq və yazmaq deyil, nə barədə oxuyub, yazmaq önəmlidir. Düşüncənin səhv istiqamətdə yönəldilməsi, vasitəni özünə məqsəd etməsi, hətta, elmi dini dəyərlərlə əvəz etmək təşəbbüsləri Şərqin tənəzzül səbəblərindəndir. «Qəribə burasıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Buna görə də, onlar camaatı xeyirli elmlərin mənimsənilməsindən çəkindirirlər. Onlar başa düşmürlər ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur…»24
Şərq və Qərb düşüncə tərzlərini, qarşılıqlı maraqları üzvi surətdə birləşdirən sintetik təfəkkür siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində həqiqətən yeni hadisədir...
Lakin daha geniş miqyasda götürdükdə, həyatımızın bütün sahələrini məhz bu yeni təfəkkür işığında nəzərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş yerdə yaranmamış, min illərdən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi kimi meydana gəlmişdir.
Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffəqiyyətlərin rəhni olan dialektik təfəkkür tərzinin praktik tətbiqinə nail olmaqdan, fəaliyyət proqramını bu təfəkkür əsasında qurmaqdan, dialektikanı “xalis zəka” sahəsindən “praktik zəka” sahəsinə keçirməkdən ibarətdir.
Sintetik siyasi təfəkkür dialektik idrak metodunun dövlət siyasətinə tətbiqi deməkdir. Miqyaslar arasındakı uçurumun aradan götürülməsi, tam ilə hissənin əlaqələndirilməsi, fərdi problemlərin qlobal hadisələr kontekstində nəzərdən keçirilməsi və əksinə, qlobal hadisələrin həllində hər bir adamın mənafeyinin nəzərə alınması sintetik təfəkkürün mühüm tərkib hissəsidir.
Dialektik təfəkkürün əsasında hərtərəflilik prinsipi, sintetiklik dayanır. Əksliklər müəyyən olunur, ancaq onlar mütləqləşdirilmir, vəhdətdə nəzərdən keçirilir.
Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini qarşılıqlı surətdə tamamlayır. Sintetik təfəkkür müxtəlif konseptual sistemlərin dialektik sintezi olmaqla yanaşı, müxtəlif təfəkkür tərzlərini də özündə birləşdirir. O, Şərq və Qərb təfəkkür tərzlərinin, milli şüarların bir-birini zənginləşdirməsini nəzərdə tutduğu kimi, elmi və bədii təfəkkürün vəhdəti üçün də meydan açır.
İnsanın mənəvi ehtiyacları onun boya-başa çatdığı milli-mədəni mühitin spesifikası ilə müəyyən olunur. Ona görə də hər bir xalqın sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrənmədən yeni nəslin nə kimi hisslərlə yaşadığını, onun mədəni tələbat meyllərini və estetik zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin təəssüf ki, əvvəlcə proletkultçuluğun təsiri ilə, sonra isə repressiya və yetkin sosializm illərində bizi öz mənəvi köklərimizlə bağlayan tellər zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmışdı. Sosialist gerçəkliyinin milli özünüdərk və mədəni tərəqqi üçün yaratdığı şəraitdən tam şəkildə istifadə etmək imkanına biz yalnız müstəqilləşmə mərhələsində nail olmuşuq. Bu imkanı reallaşdırmaq isə hər xalqın özündən asılıdır.
Xüsusən Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə bölünən zəngin və çoxsahəli keçmişinin öyrənilməsi ciddi çətinliklərlə bağlıdır və bu sahədə yalnız elm və sənət adamlarının birgə səyi nəticəsində nailiyyət əldə etmək mümkündür.
Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnmiş və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanmış elə mürəkkəb və zəngin bir fenomendir ki, onu bəsit, standart təfəkkürlə dərk etmək, mənimsəmək mümkün deyil.
Tarixi keçmişə etinasız və bəsit münasibətin nəticəsidir ki, müasir Azərbaycan bədii təfəkkürünün qaynaqlarını təşkil edən və özünəməxsus ənənələrə malik olan milli əfsanə və əsatirlər, şifahi xalq yaradıcılığının istər xarici təsirlər üzündən yarı yolda qalan, istərsə bu gün də yaşamaqda davam edən müxtəlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sərvətlərinin daşıyıcısı, qoruyucusu və ötürücüsü rolunu oynamış əvəzsiz ozan sənəti, Zərdüştilik fəlsəfəsindən miras qalmış düşüncə tərzi və adət-ənənələr, Alban dövləti dövründə xristianlığın təsiri ilə formalaşmış sənət nümunələri və xüsusən yeni dövrə gəlib çatmış olan arxitektura abidələri və sənət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xristianlığın və əcdadlarımızın etiqad bəslədiyi digər dinlərin öz yerini tədricən islama verdiyi keçid mərhələsində incəsənətdə baş verən təbəddülatlar və islamın təsiri ilə yeni keyfiyyət halına qədəm qoyan orta əsr sintetik Azərbaycan mədəniyyəti – bütün bunlar uzun müddət xüsusi tədqiqat obyektinə çevrilməmiş, müasir milli mədəniyyətimizin strukturunda hələ də nəzərə çarpacaq yer tutan qədim ünsürlərin mənşəyi və təkamül yolu layiqincə araşdırılmamışdır. Çarizm və daha sonra sovet dövründə heç bir əsas olmadan adət və ənənələrimizin, milli sənətimizin spesifik xüsusiyyətlərinin ancaq islamla bağlanması və islama bəslənilən qeyd-şərtsiz mənfi münasibətin az qala bütün mədəni keçmişimizə şamil edilməsi müasir milli mədəniyyətimizi öz tarixi kökləri ilə əlaqəni itirmək təhlükəsi qarşısında qoymuşdur. Min illər boyu milli mədəniyyətimizin inkişafına təsir göstərmiş Zərdüşt təliminə biganəlik o həddə çatmışdır ki, başqa xalqların çoxdan faydalandığı “Avesta”nın bu günə qədər gəlib çatmış hissələrinin öz dilimizdə çap olunması və müasir mədəni həyatımızda bu təlimin izlərinin aşkar edilməsi sahəsində ciddi addımlar atılmamışdır. Zərdüştün təlimindən xəbərsiz halda onun adı ilə fəxr etsək də, heç olmazsa bu adın konkret bir xatirə ilə yad olunması sahəsində də demək olar ki, heç bir tədbir görülməmişdir. Gec də olsa vaxtilə könüllü surətdə imtina etdiyimiz və başqalarının sərəncamına verdiyimiz alban mədəniyyətinin sələflik hüququnu şifahi şəkildə bərpa etsək də, alban mənbələrindən öz dilimizdə istifadə etmək imkanından hələ də məhrumuq və bu, milli mədəniyyət tariximizin öyrənilməsi işində böyük çətinliklər törədir.
Mənəvi mədəniyyət daha çox dərəcədə milli tarixi köklərə malik olsa da, maddi mədəniyyət ümumbəşəri səciyyə daşıyır. Bu sahədə hər millətin öz tarixindən deyil, bəşəriyyətin əldə etdiyi nailiyyətlərdən və hər bir millətin bu ortaq sərvətdən yararlanmaq imkanlarından söhbət açılmalıdır.
Azərbaycan yeni iqtisadi münasibətlərə keçərkən təbii ki, bu sahədə böyük təcrübəsi olan Qərb dünyasından çox şey öyrənməlidir. Həm elm və texnikanın yüksək inkişaf səviyyəsinə görə, həm də neçə yüzilliklər ərzində bazar iqtisadiyyatının qərarlaşma dərəcəsinə və sosial yönümünə görə Qərb dünyası, heç şübhəsiz, öncül mövqe tutur.
Lakin müasirlik ancaq texnologiya və iqtisadiyyat göstəriciləri ilə müəyyən edilə bilməz. Müasir insanın formalaşmasında bəşəriyyətin min illərlə ölçülən mənəvi təkamül yolu bəlkə də elmi-texniki tərəqqidən daha çox rol oynamışdır.
Bəziləri Şərq dünyasını təmsil edən ölkələrin, o cümlədən, Azərbaycanın müasir texnikaya əsaslanan iqtisadi yarışda qabaqcıl Qərb ölkələrindən geri qalmasının səbəblərini İslam dinində və ənənəvi düşüncə tərzində axtarırlar. Halbuki iqtisadi inkişafın hərəkətverici qüvvəsi din yox, elmdir. Din iqtisadi meyarlarla deyil, ancaq mənəvi meyarlarla dəyərləndirilə bilər. Söhbət hansı dinə qulluq edilməsindən yox, ümumiyyətlə din və elmin münasibətindən getməlidir. Din öz yerində, elm də öz yerində olduqda cəmiyyətin iqtisadi inkişafına heç bir xələl gəlməz.
Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məhdudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatından ayrılaraq özünə qapıldığından, insan daha çox öz dünyasında yaşadığından onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki formada həyata keçir:
1. Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açılır və xarici mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şəraitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qalır. Fərdi aləm unudulur və insan dünyaya ancaq mühitlə intensiv əlaqənin təsirindən, emosional reaksiyadan doğan konkret bir tapşırıq, hökm, qərarla çıxır. İllər boyu formalaşmış konseptual düşüncə arxa plana keçir, emosiya vulkanının püskürdüyü lavanın altında qalır.
İmpulsiv emosional reaksiyalardan xilas olmağa çalışan, Qərbin soyuqqanlı düşüncəsinə həsəd aparan Şərq adamının istəyini şair belə ifadə edir:
Dostları ilə paylaş: |