Sivilizasiyaların dialoqu


Sivilizasiya və sülh mədəniyyəti



Yüklə 1,45 Mb.
səhifə10/24
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#2635
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Qərb ruhu
Qərb intellekt və texnika qa­nad­larında çox uzaqlara uçmuş və həyatın təməl prinsiplərindən, fəlsəfi-estetik bazisdən ayrı düş­müşdür.

Əbu Turxan
Kənardan baxdıqda, Qərb ilk növbədə nə ilə nə­zərə çarpır?

Bəs, Qərb özü özündə ən əlamətdar bir məqam kimi, nəyi görür?

Hər iki sualın cavabı eynidir: buz kimi soyuq ağıl dəryası!

Müasir Qərb sivilizasiyası nəyə nail olmuş­dur­sa, hamısına ilk növbədə elmin tətbiqi, yeni texnikaya və texnologiyalara əsaslanan iqtisadi sistem sayəsində nail olmuşdur. Daha doğrusu, bu Qərb siviliza­siyası­nın təməlidir. Bu baxımdan, Qərbin texnolo­giyaya, el­­mə, hətta bütövlükdə rasionallığa yiyə durmaq tə­şəbbüsü anlaşı­lan­dır. Rasionalizmin R.Dekartdan baş­laması haqqında iddialar da buradan irəli gəlir.

Bəs əslində necədir?

Rasionallıq həm Qərbin, həm də Şərqin birgə sərvətidir. Əs­lin­də, məhz rasionallıq prinsipini, məhz xalis zəka anlayışını Qərb Şərq­dən götürmüşdür. Bu başqa məsələ ki, Şərqdə həqiqətin ye­ga­nə vasitəsi ki­mi qəbul edilən əql (zəka) təcrübə ilə, maddi pro­ses­lər­lə deyil, ilahi başlanğıcla əlaqələndirilmişdir. Al­la­hın insan­la­ra bəxş etdiyi bu ən böyük nemət, təbiəti öyrənməkdən daha çox, ila­hi varlığın özünü dərk etməyə yönəldilmişdir.

Qərbdə isə, rasionalizmin daha praktik bir tət­biqi ön plana keç­miş, əql təcrübə ilə birləşmişdir. İn­san transendent dünyanın dər­kinə uyaraq qalmamış, nəzərlər həm də cismani dünyaya yö­nəl­dil­mişdir.

Bunun üçün ilk növbədə dindən, xristianlıqdan imtina etmək lazım idi!

Qərb sivilizasiyasının təməlində elmin dindən ayrılması, ra­sio­na­lizmin ilahiyyat ilə deyil, empi­rizm­lə birləşməsi dayanır. Bu ba­­xım­dan orta əsr xristian sxolastikası da Qərb yox, Şərq hadisəsi idi. Dini fərq­lərinə baxmayaraq, Foma Akvinski ilə İbn Rüşdün bu qədər yaxınlığı bir daha onların hər ikisinin eyni sivilizasiyaya məx­sus olmasına dəlalət edir.

Avropalılar coğrafi baxımdan Qərb fenomeninə yiyə durduq­la­rı və onu qeyd-şərtsiz özününkü saydıq­ları üçün, onu əsasən çəh­ra­yı rəngdə təsvir edir, daha çox dərəcədə elmlə, ümumbəşəri tə­rəq­qi ilə, universal sivilizasiya ilə bağlamağa çalışır və onun özü­nə­məx­sus, spesifik cəhətlərini ayırd etməyə çalışmırlar. Qərb­lilərin nə­zə­rindəki Qərb fenomeni iki qüsurlu tezis üzərində forma­laş­mışdır.



Birincisi, bir tərəfdən coğrafi prinsiplərə əsas­lanan bölgü ilə spekulyasiya edilir, digər tərəfdən ABŞ, Kanada və İsrail də aşkar və qeyri-aşkar şəkildə Qərb fenomeninə daxil edilir; bu halda ilkin coğrafi yanaşmanın əhəmiyyətinin itdiyi nə üçünsə unudulur. Çünki, həmin Amerika qitəsində ABŞ-la yanaşı, mə­sə­lən, Meksika da var ki, Qərbin onu həzm etməyə iştahı yoxdur. Deməli, əsas məsələ coğrafiyada de­yil… Və bunu qərblilər bilməmiş olmazlar.

İkincisi, coğrafi prinsipə istinad etməklə, Qərb antik mədə­niy­­yə­ti qeyd-şərtsiz özününküləşdirir və özünü qədimlərə aparıb çı­xa­rır, «əsil-nəcabət qaza­nır» və bu zaman qədim yunanlarla özləri arasında körpünün başqa bir millət, başqa bir dini icma, başqa bir mədəniyyət tərəfindən atıldığını nə üçünsə «yad­dan çıxarır».

Müasir Qərb sivilizasiyasını antik mədəniyyətlə və xris­tian­lıq­la bağlamaq kimi açıq-aşkar, qeyri-elmi yanaşmalara bax­maya­raq, Qərbdə bu sivilizasiyanın məğzini anlayanlar və bu mahiyyət­dən gələn məhdu­diyyətləri görənlər də vardır. Bu gün Qərbdə mo­der­nizm və postmodernizm meylləri, əslində ənənəvi rasionalizmə qarşı çıxışlardan başqa bir şey deyil.

Qərb yeni inkişaf yolları axtarır. Ancaq ağıldan, rasional dü­şün­cədən, texnologiyadan ibarət bir həyat darıxdırıcıdır. Qərbin böh­ranı haqqında həyəcan siq­nal­ları indi tez-tez eşidilir.

Qərb sivilizasiyasının uğurlarından vəcdə gələn və onu öz mil­­li-dini özünəməxsusluğu kimi qələmə verməyə çalışan Maks Ve­ber­lərlə yanaşı, harada isə uzaq ölkələrdə yox, onun öz vətənin­də, onun öz ailə­sində, onun öz doğma qardaşı Alfred Ve­berlər də ya­zıb-yaradır və əsil həqiqəti söyləməkdən çəkinmirlər.

Demokratiya və beynəlxalq hüquq normalarının da Qərb si­vi­li­zasiyası çərçivəsində təqdim edilməsi mü­bahisəli görünür. Düz­dür, hüquq müstəvisində bu nailiyyət ilk dəfə məhz Avropada əldə edilmişdir. Və onun fəlsəfi əsasları da daha çox dərəcədə, məhz Avropada yaradılmışdır. Lakin əslində Avropa huma­nizmi, Şərq humanist fikir ənənələrinin davamı kimi ortaya çıxmışdır. Şərqdə bu ideyalar ənənəvi üsul-idarəyə; monarxiyaya, şahlığa, sultanlığa, bir şəxsin diktatına qarşı reaksiya kimi ortaya çıxmışdır. İnsan bərabərliyi haqqında, insan azadlığı haqqında ilk təlimlər də, hətta onların ictimai realizasiyası da Şərq­də həyata keçmişdir. Bu ba­xım­dan, biz Məzdək təli­mini, Xürrəmilər hərəkatını, Babək üs­ya­nını və s. yada salmaq istərdik. Xürrəmilikdən gələn ideyalar neçə əsr sonra İslama qarşı qoyulmadan, əksinə yeni dəyərlər sistemi ilə əlaqəli surətdə böyük Nizaminin «Xoşbəxtlər ölkəsində» ifadə olunmuşdur.

Lakin bütün bunlara baxmayaraq, Qərb siviliza­siyası məhz da­­ha optimal ictimai təşkilatlanma ilə sə­ciyyələnir. Rasionalizm tək­cə təbiətin öyrənilmə­si­nə və dəyişdirilməsinə deyil, həm də cə­miy­yətin təşkilat­lanma prinsiplərinə təsir etmişdir. Və Qərb de­mok­ratiyası yaranmışdır.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin