Sivilizasiya və sülh mədəniyyəti
İyirminci yüzilliyin sonunda Avropa qarşısında həqiqi sülh və sabitlik yolu açılmışdır.
Heydər Əliyev
Üçüncü minilliyin başlanğıcında, beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma şəraitində, iki dünya sisteminin qarşıdurmasından qüvvələr nisbətinin yenidən bölüşdürülməsinə keçid şəraitində kiçik bir ölkənin yüksək müstəqillik dərəcəsini qoruyub saxlaması olduqca çətindir. Məhz bu kritik zamanda keçidlər və təbəddülatlar dövrünü yaşayan Azərbaycan üçün bu, ikiqat çətindir. Lakin təcrübə göstərir ki, düzgün siyasət yürüdüldükdə bu çətin vəzifənin öhdəsindən gəlmək mümkündür.
Azərbaycan rəhbəri 90-cı illərin əvvəllərində yaranmış beynəlxalq maraqlar və beynəlxalq-ictimai rəy mənzərəsini dəyişdirmədən Dağlıq Qarabağ probleminin ədalətli həllinin mümkün olmadığını vaxtında görərək, bu mənzərənin dəyişdirilməsi istiqamətində məqsədyönlü və gərgin fəaliyyətə başladı. Kiçik, regional problemlərə böyük coğrafi-siyasi xəritələr kontekstində baxa bilməyənlər bu gün də Heydər Əliyev siyasətini anlaya bilmirlər...
“İpək yolu”nun bərpası, Bakı-Ceyhan neft kəməri layihəsi, GUÖAM-ın yaradılması, Qafqazda Təhlükəsizlik Paktı ideyası və s. Heydər Əliyevin coğrafi-iqtisadi siyasətin prioritetliyini nəzərə almaqla dünyanın coğrafi-siyasi mənzərəsini dəyişdirmək, regionun maraqlarını və regionda Azərbaycanın maraqlarını beynəlxalq siyasətin mərkəzinə çəkmək istiqamətində atdığı mühüm addımlar idi.
Bəli, Heydər Əliyevin siyasəti sülh siyasəti idi. Bu gün Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Lakin hər şey “sülh” anlayışını necə başa düşməkdən asılıdır. Sülh siyasəti heç də mübarizənin dayandırılması kimi başa düşülməməlidir, əksinə, qarşıdurmanın bəsit, primitiv həll üsulu olan və əslində heç vaxt, heç bir məsələni tam həll edə bilməyən müharibə yolundan fərqli olaraq, sülh yolu çox çətin və mürəkkəb bir yoldur. Burada siyasi konsepsiyaların, ideologiyaların mübarizəsi gedir.
Müasir dövrdə müharibədə qaliblər olmur. Daha doğrusu, müharibə edən tərəflərdən hər hansı biri qalib olmur. Qələbə ancaq başqalarını müharibəyə təhrik edən qüvvələrin siyasi qələbəsi şəklində olur. Əgər biz ordunu möhkəmləndiririksə, bunu da ilk növbədə ədalətli sülhə nail olmaq üçün, sülh danışıqlarında daha inamlı olmaq üçün edirik.
Təsadüfi deyildir ki, BMT XX əsrin son ilini “Sülh mədəniyyəti” ili elan etmişdi. Nədir “sülh mədəniyyəti”? Sülhü passiv mövqe kimi, milli maraqlar uğrunda mübarizədən əl çəkilməsi, təslimçilik əhvalı kimi başa düşənlər səhv edirlər. Daha doğrusu, belələri “sülh mədəniyyəti”ndən uzaq olanlardır. “Sülh mədəniyyəti” sülhün mürəkkəb daxili quruluşunu, dinamikasını, dramatizmini dərk etmək, incə yollarla, qansız-qadasız mübarizə üsullarına yiyələnməkdir. Coğrafi-iqtisadi siyasət də, coğrafi transsiyasət də, azad ticarət və iqtisadi məkan uğrunda mübarizə də “sülh mədəniyyəti”nin tərkib hissələridir.
Müharibə qılınc-qalxandan topa-tüfəngə, top-tüfəngdən raketə, bombaya doğru böyük bir təkamül yolu keçmiş, XX əsrin ortalarında öz inkişafının apogeyinə çatmışdır. Əsrin sonunda bəşəriyyət kütləvi qırğın, qlobal faciə qarşısında dayandığını dərk edərək mübarizənin yeni, daha çətin, daha kəskin, bəlkə hətta daha kütləvi, lakin bütövlükdə bəşəriyyətin taleyi üçün təhlükəsiz olan yollar arayır.
Müharibə də səfərbərlik tələb edir, sülh də. Lakin sülh daha geniş miqyasda, daha böyük qüvvələrin səfərbər olunmasını tələb edir.
Ancaq hərbi potensialın səfərbərliyi hətta müharibə üçün də kifayət deyil. Çünki millətin, xalqın gücü-qüdrəti olduqca müxtəlif sahələrə paylanmış olur ki, bunların da içərisində iqtisadi potensial, intellektual potensial, mədəni-mənəvi potensial heç də hərbi potensialdan az əhəmiyyətli deyildir.
İlk növbədə məhz mənəvi-psixoloji enerjinin məqsədyönlü surətdə səfərbər olunması lazımdır. Söhbət insanların duyğularının, məqsədlərinin, bütün mümkün və ilk baxışda qeyri-mümkün nəzəri və əməli fəaliyyət imkanlarının səfərbər olunmasından gedir. Söhbət bütün sahələrdəki yaradıcı potensialın vahid istiqamətdə, vahid məqsəd ətrafında səfərbər olunmasından gedir. Ancaq bu halda iqtisadi gücün də intensiv surətdə artırılması, mütəşəkkillik dərəcəsinin yüksəldilməsi, intellektual potensialın siyasi və hüquqi müstəvilərdə nisbi çəkisinin məqsədyönlü surətdə artırılması və s. mümkündür. Ancaq bu halda informasiya mübarizəsində, təbliğat kampaniyasında əsrlər ərzində buraxılanları qısa müddət ərzində kompensasiya etmək mümkündür.
* * *
Müharibə və sülh probleminin konturları XX əsrin ortalarına qədər əsasən ağ və qara rəngdə görünürdü. Müharibə bir dövlətin hərbi güc tətbiqi ilə öz iradəsini başqa dövlətə qəbul etdirməsi və bir qayda olaraq ərazi işğalı ilə bağlı idi. Sülh isə münasibətlərin müharibə vəziyyətinədək gərginləşdirilmədən qurulması idi. Yəni, iki dövlət arasındakı sülh heç bir ziddiyyətin olmaması halından başlayaraq ziddiyyətlərin tarım çəkilmiş vəziyyətinə qədər bütöv bir gərginlik spektrini əhatə edirdi. İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquq normalarının siyasi münasibətlərə təsir etməsi, böyük dövlətlərin və dövlətlər birliyinin (məsələn, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və s.) ölkələr arasındakı münasibəti nəzarətə götürməsi sülhün strukturunda da xeyli dəyişiklik yaratdı.
Əvvəla, qeyd etmək lazımdır ki, müasir dövrdə sülh heç də tam qarşılıqlı anlaşma və maraqların uyğunluğu demək deyil. Ölkələr arasında hər hansı bir ziddiyyət nəticəsində hərbi təcavüzün qarşısı beynəlxalq qüvvələr tərəfindən alındığına görə, əvvəllər müharibəyə gətirən münasibətlər indi daxili gərginliyi artmış dinamik müvazinət halı ilə əvəz olunur. Bu halı “əsəbləri tarıma çəkilmiş”, yüksək daxili gərginlikli sülh kimi qəbul etmək olar. Başqa baxımdan yanaşdıqda, bu, sülhdən daha çox konflikt vəziyyətidir; lakin hərbi müdaxilə və müharibə səviyyəsinə çatmamış bir konflikt.
Əslində müasir dövrdə maraq dairələri az-çox dərəcədə kəsişən dövlətlərin çoxu ya gərgin sülh, ya yumşaq konflikt vəziyyətindədir. Belə ki, ölkələr arasındakı münasibətlər heç də sadəcə olaraq maraqların qarşılıqlı surətdə ödənməsi, ikitərəfli qazanc şəklində qurulmur. İstər-istəməz maraqların kəsişməsi halları olur ki, bu da konflikt vəziyyətinin miqyaslarını genişləndirir.
Tarixi salnamələrlə tanış olarkən çox vaxt belə təsəvvür yaranır ki, bəşər tarixi elə müharibələr tarixi olub. Bəzi filosoflar müharibəni hətta cəmiyyət inkişafının hərəkətverici qüvvəsi kimi izah edirlər. Tarixdə ən çox nəzərdən qaçırılan müharibəsiz periodlardır. Halbuki məhz bu dövrdə ölkələrin maddi sərvətləri və insani potensialı, insanların enerjisi və şüuru insan-təbiət münasibətlərinin, sosial-iqtisadi problemlərin həllinə yönəldilib, elm və təhsil inkişaf edib. Düzdür, elm və texnologiyanın inkişafı da çox vaxt müharibələrlə əlaqələndirilir. Guya yeni hərbi texnikanın yaranması və s. elmi-texniki tərəqqinin əsas şərtlərindən biridir. Lakin yeni hərbi texnika heç də yalnız bilavasitə müharibə şəraitində yaranmır. Əksinə, müharibə başlanandan sonra ancaq əvvəldən məlum olan texnologiyaların reallaşdırılması mümkündür. Yeni texnologiyaların, nou-xauların yaranması, xüsusən fundamental elmlərin inkişafı əsasən dinc dövrdə həyata keçir. Hərbi texnikaya sosial sifariş isə həmişə olur. Belə ki, müharibələrsiz dövrlərdə də ölkələrarası münasibətlərdə həmişə müəyyən bir gərginlik olub. Qeyri-bərabər inkişaf şəraitində iqtisadi potensiallar arasındakı nisbətin dəyişilməsinə uyğun olaraq siyasi nüfuz dairəsinin də yenidən müəyyənləşdirilməsi tələbi, milli və dini eqoizmdən irəli gələn dözümsüzlük faktoru və s. bu kimi səbəblər gərginliyi daha da artırır. Və bu gərginlik daim silahların təkmilləşdirilməsini tələb edir. Lakin tarazlayıcı amil olaraq beynəlxalq sazişlər, beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qərarları və s. açıq müharibələrin qarşısını almağa yönəldilmişdir. Və nəticədə bir tərəfdən ölkələrarası münasibətlərdə gərginlik artır, digər tərəfdən də bu gərginliyin müharibə vaxtında aradan götürülməsinə yol verilmir.
Beləliklə, ölkələr arasındakı münasibətdə sülh vəziyyəti mütləq yox, nisbi anlayışdır. Müharibədən fərqli olan bütün vəziyyətləri “sülh” vəziyyəti kimi qiymətləndirsək bir-birindən fərqli müxtəlif “sülh”lərdən danışmaq olar.
Əvvəla, beynəlxalq miqyasda maraqların tamamilə üst-üstə düşməsi mümkün deyil. Əgər belə olardısa iki müxtəlif dövlətin mövcudluğuna ehtiyac qalmazdı – onlar birləşərdi. Dövlətlər arasında hansı isə müstəvidə: ya etnik-milli, ya iqtisadi, ya tarixi-siyasi (bir dövlətin başqa ölkələrlə tarixən artıq qərarlaşmış və müqavilələrlə təsbit edilmiş münasibətləri), ya ideoloji aspektlərdə və buna uyğun milli maraqlarda fərqlərin olması labüddür.
Söhbət maraqların bu və ya digər müstəvidə əsasən üst-üstə düşməsindən, qismən üst-üstə düşməsindən və köklü surətdə fərqlənməsindən gedə bilər. Belə olduqda ölkələr arasındakı münasibətdə sülhün dayanıqlığı və daxili gərginlik dərəcəsi də bu maraqların eyniyyət və fərq dərəcələrinə uyğun olaraq formalaşır.
Tarixi-siyasi müstəvidə əsas gərginlik mənbəyi bir qayda olaraq keçmişdə iki ölkə arasında baş vermiş müharibələr, ənənəvi ərazi iddialarıdır. Buraya çox vaxt etnik-milli və dini müstəvidəki problemlər də əlavə olunur. “Ənənəvi dostluq və “ənənəvi düşmənçilik” münasibətləri çox vaxt üçüncü ölkə ilə münasibətlərə də təsir edir. Belə ki, üçüncü ölkələrin ənənəvi dost ölkə ilə konfliktə girməsi və ya ənənəvi düşmənlə dostluq münasibətləri qurması münasibətlərdə gərginlik yaradır və sülhün dayanıqlıq dərəcəsi azalır (kövrəklik dərəcəsi artır). Belə ənənəvi münasibətlər müasir şəraitdə çox vaxt real maraqlarla üst-üstə düşmür. Məsələn, Rusiyanın iqtisadi maraqları Türkiyə və digər türkdilli dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasını tələb etsə də, Türkiyə ilə ənənəvi düşmənçilik hələ də ön plana çəkilir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları onun iqtisadi maraqlarına heç cür uyğun gəlmir. Azərbaycana və Türkiyəyə qarşı ənənəvi düşmənçilik mövqeyi, müntəzəm olaraq “erməni genosidi” mövzusunun müxtəlif ölkələrin parlament müzakirəsinə çıxarılması Ermənistanın qonşu dövlətlərlə münasibətlərini daha da gərginləşdirir və regionda sülhün sarsılmasına səbəb olur.
Ümumiyyətlə, müasir dövrdə sülhün dayanıqlılığının artması, (beynəlxalq münasibətlərdə stabilliyin möhkəmlənməsi), iqtisadi maraqların ön plana çəkilməsindən, etnik-milli və tarixi-siyasi müstəvilərdəki ənənəvi düşmənçilik mövqelərinin iqtisadi maraqların xeyrinə tədricən aradan götürülməsi prosesindən asılıdır. Lakin təəssüf ki, iqtisadi maraqlar qarşılıqlı surətdə nəzərə alınmadıqda, milli eqoizm özünü göstərdikdə – bu müstəvidə də sülhə əks-təsir çoxala bilər, sülhün daxili gərginliyi artar. Belə gərginlik, adətən, iki ölkə arasında deyil, üç və daha artıq ölkə arasında yaranır. Yəni bir ölkənin başqa bir ölkədə iqtisadi maraqlarının ödənilməsi üçüncü ölkənin həmin ölkədəki planlarına uyğun gəlmədikdə iqtisadi qarşıdurma siyasi müstəviyə keçə bilər. Hazırda Xəzər regionunda böyük neft yataqlarının olması və bunun istismarı uğrunda mübarizədə bir sıra böyük dövlətlərin maraqları toqquşur. Rusiya Xəzər neftinin çıxarılması, emalı və daşınması üçün investisiya imkanları olmadığından siyasi təzyiqlərə əl atır, o cümlədən, regiondakı konfliktlərdən, ilk növbədə Dağlıq Qarabağ konfliktindən və Ermənistan ərazisində hərbi bazaların olmasından bir faktor kimi istifadə edir. Dünya birliyi hərbi təcavüz edən ölkəyə nəinki silah satılması, hətta hər hansı bir sahədə kömək göstərilməsi əleyhinə çıxır, belə ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq olunur. Lakin Rusiya Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş olan Ermənistana külli miqdarda hərbi yardım göstərir və bu regionda destabilizasiyanın əsas səbəblərindən biridir. Maraqlıdır ki, regionda həm iqtisadi, həm də siyasi maraqları olan ABŞ-da bu məsələdə anlaşılmaz (izah oluna bilməyən) mövqe tutur. ABŞ konqresi işğalçı dövlət olan Ermənistana qarşı deyil, işğala məruz qalan Azərbaycana qarşı yardımın məhdudlaşdırılması barədə qərarlar qəbul edir.
Lakin bu cür ilk baxışda anlaşılmaz və paradoksal görünən qərarlar əslində böyük dövlətlərin regionda gərginliyi saxlamaq istəyinin təzahürüdür.
Beləliklə, iqtisadi müstəvidə problemlər siyasi müstəviyə keçir və regionda hərbi güc potensialı da bura əlavə olunur. Kiçik dövlətlər arasında sülhün kövrək olması, münaqişə ocaqlarının, yarı sülh, yarı müharibə şəraitinin saxlanması böyük dövlətlərə regionda öz geosiyasi planlarını həyata keçirmək sahəsində manevrlər etmək üçün imkan yaradır.
Hazırda planetimizin etnik münaqişələr baxımından ən qızğın regionlardan biri keçmiş SSRİ məkanıdır. SSRİ vahid güclü dövlət olduğu vaxtlarda heç bir xalq üçün müstəqillik imkanı olmadığından və daxili sərhədlər rəmzi səciyyə daşıdığından burada etnik zəmində hər hansı münaqişəyə zəmin yox idi. Lakin elə ki, SSRİ dağıldı və bir çox milli dövlətlər yarandı, separatizm meylləri gücləndi.
Bu gün dünyada sülhün təmin olunması xeyli dərəcədə keçmiş SSRİ məkanındakı vəziyyətdən asılıdır. Və ilk növbədə SSRİ-nin hərbi varisi kimi Rusiyanın seçdiyi inkişaf yolu bütövlükdə Avrasiya regionunda təhlükəsizliyin səviyyəsinə böyük təsir göstərə bilər. Belə ki, Rusiya iqtisadi cəhətdən geri qalsa da, böyük nüvə potensialına malikdir və bu fakt dünyada sülh üçün təhlükə olaraq qalır. Demokratik ölkələrdə nüvə potensialının olması o dərəcədə təhlükəli deyil, nə dərəcədə ki totalitar rejimli dövlətlərdə. Ona görə də, Rusiyanın məhz bir demokratik ölkə olması regionda və dünyada sülhün təmin olunması üçün ən mühüm faktorlardan biridir.
Regionda sülhün xeyli dərəcədə iqtisadi amillərdən və beynəlxalq ticarət əlaqələrindən asılı olması dünyanın geopolitik xəritəsində iqtisadi faktorun nəzərə alınmasını tələb edir. Bu baxımdan, regiondakı dövlətlərin Qədim İpək Yolunun bərpası haqqında qəbul etdikləri qərarın təkcə iqtisadi yox, həm də böyük siyasi əhəmiyyəti vardır.
Hətta etnik zəmində yaranan münaqişələrin də sülh yolu ilə həll olunması üçün iqtisadi faktorun böyük rolu vardır. Etnik zəmində yaranmış ən mürəkkəb münaqişələrdən biri Dağlıq Qarabağ problemidir. Artıq neçə ildir ki, bu problemlə bağlı Azərbaycanla Ermənistan arasında nə müharibə, nə sülh vəziyyəti davam edir. Lakin tərəflərin maraqları arasında balans yaradılması, etnik mənafelərlə iqtisadi mənafelərin ortaq məxrəcə gətirilməsi istiqamətində axtarışlar aparılır. Bu baxımdan sülhün yeni konsepsiyası, maraqların tarazlaşdırılmasına əsaslanan dinamik sülh ideyası xüsusi əhəmiyyətə malikdir.
Sülh vəziyyətinin dinamik strukturunun araşdırılması böyük dövlətlərin iqtisadi-siyasi və mədəni-mənəvi maraqlarının planetin geosiyasi xəritəsində bir fon kimi götürülməsini və münasibətdə olan dövlətlərin öz maraqlarının bu fonda, bu kontekstdə ikinci qat kimi yerləşdirilməsini nəzərdə tutur. Bu struktura habelə hər bir ölkənin milli-mənəvi dəyərləri, din faktoru da daxil edilməlidir. Nəticədə sülhün strukturuna iqtisadi, siyasi, mədəni, milli-mənəvi və dini faktorların daxil edilməsi lazım gəlir. Buraya beynəlxalq hüquqla, ümumbəşəri dəyərlərlə və böyük dövlətlərin maraqları ilə şərtlənən infrastruktur da əlavə edildikdə sülhün əslində necə mürəkkəb struktura malik olduğu ortaya çıxır.
Dağlıq Qarabağla bağlı məsələyə səthi yanaşdıqda belə təsəvvür yarana bilər ki, siyasət müstəvisində neçə illik gərgin mübarizədən sonra ortada heç bir real nəticə yoxdur. Lakin böyük siyasətdən başı çıxanlar bilirlər ki, son nəticəyə gedən yolda neçə-neçə görünməyən vəsilələr vardır. Hadisə müstəvisində məqsədə nail olmaq üçün əvvəlcə ideya müstəvisində ona ardıcıl surətdə yaxınlaşmaq, beynəlxalq ictimai rəyi, geosiyasi iqlimi, sosial-psixoloji infrastrukturu əlverişli vəziyyətə gətirmək tələb olunur.
Siyasət hadisələrin görünən tərəfi ilə yanaşı böyük zaman və məkan kəsiklərindəki proyeksiyalarını, aysberqin alt qatını da nəzərə almağı tələb edir. Nə qədər paradoksal görünsə də, kiçik ölkələrin siyasət müstəvisindəki problemləri böyük ölkələrinkindən böyük olur. Güc çox olan yerdə siyasət bıçağı korş halda da kəsir. Güc az olanda, ölkə kiçik olanda və öz istəyindən asılı olmadan böyük geosiyasi oyunların mərkəzinə cəlb olunanda ağırlıq siyasətə, siyasi liderin üzərinə düşür. Məhz bu zaman siyasətdə yeganə düzgün olan gedişləri tapmaq, böyük dövlətlərin bizim üçün hazırladığı qıl körpüsündən keçmək, hələ üstəlik koru da körpüdən keçirmək lazım gəlir. Real həyatda, praktik fəaliyyətdə qəti addım atmaq, bir dəfə düzgün biçmək üçün fikir dünyasında bütün mümkün variantları yüz dəfə ölçmək lazım gəlir.
Taleyin qismətindən biz yeni, hələ tarixin sınaqlarından çıxmamış yollarla gedirik. Bir tərəfdən, imperiyanın rəsmi buxovlarından azad olsaq da, hələ onun iqtisadi və siyasi təzyiq dairəsindən tamamilə çıxmamış müstəqil dövlət qurmaq sınağından keçirik. Digər tərəfdən, içərisində yetişdiyimiz sosializm cəmiyyətindən azad iqtisadi münasibətlərə, vətəndaş cəmiyyətinə doğru yol tutmuşuq. Bunların hər ikisi çətin sınaqdır. Lakin vəziyyət onunla mürəkkəbləşir ki, biz bu ağır yolu çiynimizdə Dağlıq Qarabağ problemi deyilən bir yüklə keçməliyik.
Dağlıq Qarabağ problemi xüsusi, spesifik, dünyada analoqu olmayan mürəkkəb problemlərdən biridir. Ona görə yox ki, burada ədalətli həll yolu tapmaq çətindir. Xeyr, əksinə, ədalət mövqeyindən yanaşıldıqda burada əslində heç problem də yoxdur. Çətinlik də elə problem olmayan yerdə problem yaradılmasındadır. Və haqsız bir iddianın beynəlxalq problem səviyyəsinə qaldırılmasında maraqlı olan tərəflərin mövqelərini tarixi və hüquqi ədalət mövqeyi ilə bir araya sığışdırmaqdadır.
Dağlıq Qarabağ probleminə və onunla bağlı beynəlxalq miqyasda qəbul olunan sənədlərə üç müstəvidə yanaşmaq olar:
1) Əxlaqi müstəvidə və ya “adi şüur” səviyyəsində;
2) Hüquqi müstəvidə; formal məntiq səviyyəsində;
3) Siyasi müstəvidə; praqmatik təfəkkür səviyyəsində.
Birinci mövqedən yanaşdıqda Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə görə gərək bütün dünya birliyi təcavüzkar bir dövlət olan Ermənistana qarşı ən ciddi sanksiyalar tətbiq edəydi, onu faşizmdə, genosiddə günahlandıraydı, lənətlə damğalayaydı.
Əsasən ancaq bizə məlum olan faktlar mövqeyindən, haqq-ədalət mövqeyindən yanaşdıqda Ermənistana nə cəza verilərsə verilsin, yenə də azdır, onun günahına adekvat ola bilməz.
Müxalifət məsələyə birinci mövqedən yanaşdığına görə dünya birliyinin Dağlıq Qarabağ probleminə münasibətindəki təkamülü görə bilmir və ya görmək istəmir.
Ancaq siyasətdən xəbərsiz adamlar, sadəlövhlər, diletantlar siyasi mübarizə meydanına əxlaqi kateqoriyalarla, yalnız özlərinə məlum faktlara söykənən haqq-ədalət ideyaları ilə çıxırlar.
Lakin hətta “adi şüur” səviyyəsində, ictimai rəyin haqq-ədalət tərəzisində də hadisələri beynəlxalq aləmə olduğu kimi deyil, ermənilərin xeyrinə təhrif olunmuş şəkildə çatdırıldığı faktı ilə hesablaşmalı və nə qədər gec də olsa informasiya mübarizəsindəki boşluqları doldurmağa çalışmalıyıq. Sumqayıt hadisəsinin iç üzü dünyaya açılmadan, Xocalı faciəsi dünyaya çatdırılmadan biz əxlaq müstəvisində də “günahkar” obrazında qalacağıq.
Dostları ilə paylaş: |