İş günü
İstər yağış çiləsin,
istər qızmar gün olsun
istər şaxta,
44
bu gün də iş günüdür,
sabah da.
İnsanın iş günü
azalsa da, çoxalsa da,
insanlığın iş günü bitməyəcək
İnsan orbit–orbit gəzəcək
ulduzların beşiyini.
Səhralara bahar səpək,
günəş tökək yuvamıza!
Qaralmasın ömrümüzün
nə bir anı, nə beş günü,
Ulduzlar yanır
Dəryalar dalğalanır.
Güllər cücərir torpağın qoynunda.
Yer kürəmiz fəsil-fəsil
təzələyir dəyişəyini.
Dünən də iş günü idi,
Bu gün də iş günüdür!
Sabah da olacaq həyatın iş günü.
Nə yorğunluq, nə intizar,
nə təqvimi müxtəlif rənglərə ayıran olsun.
Ömrümüz iş günü,
Hər iş günümüz bayram olsun.
14 fevral 1963.
Məni Balakən rayonundan deputatlığa namizəd veriblər.
Həyat belədir, oğlum: gün çıxır, göy buludlanır, yaz olur, qış
olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər,
soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin.
Bəlkə də ədəbi mığmığalar bu sözləri oxuyub ağız büzərlər.
"Yenə də mücərrəd İnsan" – deyə dızıldayarlar. Olsun. Konkret
heyvan olmaqdan müçərrəd İnsan olmağın nəyi pisdir?
Hələlik. Öpürəm.
Rəsul Rza
45
16/XI.63
"Oğlum! Anar!
İndicə Filarmoniyadan türk bəstəkarlarının konsertindən
gəldik. Yerin boş idi. Biz hamımız – anan, bacıların, Ənvər
oturub xeyli natanış musiqiyə qulaq asırdıq, sən yox idin.
Simfoniya və orkestr üçün yazılmış konserti dinlədikcə
düşünürdüm: dünyadan nə qədər xəbərsizik. Axı bizim
təsəvvürümüzdə aləm çox məhduddur. Biz evimiz, eyvanımız,
küçəmizdən başqa nə görmüşük? Yeni illərin qırdığı çərçivələr
hələ zehnimizə uyuşub bərkiməyib. Çalınan əsərlərdən ikinci
mənə daha xoş gəldi, Fidana əksinə. Nigar, Təranə hər ikisini
bir az bəyəndilər. Mən musiqi haqqında mülahizə yürüdüb
hökm verməkdə özümü haqlı hesab etmirəm. Lakin mən
anlamağa çalışıram. "Bu gecədə dinlədiyim əsərlər bütünlüklə
– mənə aydın idi" – deyə bilmərəm. Ancaq duman arxasında
silueti görünən dağlar kimi mən bir əzəmət, nə isə rəngləri,
biçimləri adiləşmiş aləmə bənzəməyən bir varlıq mövcud
olduğunu duydum...
...İndi gedib duş (çilək) qəbul edəcəyəm. Sonra yatacağam.
Burda hamı sağ-salamatdır.
Öpürəm.
Rəsul.
20/XI.63"
"Ədəbiyyat və incəsənət", 30 mart 1963. "Məqsəd aydınlığı
və sənətkarlıq" adlı məqalədən:
..."Yenilik" pərdəsi altında düşmən ideologiyasının
mədəniyyətimizə nüfuz etməsinə, kommunist tərbiyəsində
qüdrətli vasitə olan ədəbiyyat və incəsənət silahımızın pas
atmasına kəsərdən düşməsinə laqeyd qalmaq olarmı? Əlbəttə,
yox. Qəribə burasıdır ki, formalizmi, abstraksionizmi əsaslı
surətdə tənqid edən qiymətli partiya sənədlərindən söhbət
gedərkən: "Bəs bizim ədəbiyyatımızda necə? Mücərrədçiliyi və
46
onun müxtəlif təzahürlərini andıran əsərlər yoxdurmu?" – deyə
sual etdikdə, yazıçı yoldaşların bəziləri "məsələnin bu şəkildə
qoyulmasından" narazı olurlar. "Şərt deyil ki, hər yerdə
mücərrədçilik axtarıb tapasan?" – deyir, tənqidin diqqətini
qüsurlardan, səhvlərdən yayındırmaq istəyirlər (Bizim estetika
dərnəyinin bir məşğələsində olduğu kimi). Sual olunur:
–Hörmətli yoldaş, hərgah belə qüsurlar varsa, onları
"axtarıb tapmaq", yəni göstərmək qəbahətdirmi? Bir də ki,
əgər belə səhvlər uzaq keçmişdə deyil, bu yaxın zamanlarda
baş vermişsə, onlar çox köhnə kitab və jurnallarda deyil, bizim
öz orqanımız "Azərbaycan" jurnalının 1962-ci il 12-ci
nömrəsində çap edilmişsə, daha onları "axtarıb tapmağa" nə
ehtiyac var. Onlar "tapılmışdır", daha doğrusu, onları hamımız
oxumuşuq. Jurnalımızın yuxarıda göstərilən nömrəsində xalq
şairi Rəsul Rzanın "Rənglər" başlığı altında 27 yazısı
verilmişdir. Mən bu parçaları diqqətlə oxudum, bunlarda
həyatımız üçün, cəmiyyətimiz üçün xeyirli bir məna, faydalı bir
məzmun axtarmağa çalışdım, çox təəssüf ki, tapa bilmədim.
...R.Rza "Rənglər"i çap etdirməklə indi çıxılması çətin olan
bir vəziyyətə düşmüşdür. Əlbəttə, müəllif deyə bilər ki, burada
bir çətinlik yoxdur. Bu nədir ki, mən bundan çətin vəziyyətlərə
düşüb çıxmışam, hələ neçə il bundan qabaq formalizmə meyl
etməyim üstündə məni möhkəm tənqid etdilər, nə oldu, nə
itirdim?
...Novatorluğu "novatorluq" xatirinə deyil, əsərlərimizlə
xalqımızın böyük işlərinə daha yaxından və daha layiqli kömək
göstərmək xatirinə etməliyik. "Rənglər" müəllifi necə, beləmi
etmişdir? Çox təəssüf ki, yox! Bəlkə müəllif yuxarıda göstərilən
səhvləri səmimiyyətlə etiraf edəcəkdir. Yaxud bəlkə o: "İmkan
verin düşünüm, o səhvlərin nədən ibarət olduğunu özüm üçün
aydınlaşdırım; görüm qatıq həqiqətən ağdır, yoxsa qara, qurum
qaradır, yoxsa ağ, qum yeməlidir, yoxsa yeməli deyildir"
deyəcəkdir? Bu müddət ərzində formalizmin, mücərrədçiliyin
tənqidinə bir çox məqalə həsr olunmuşdur. Hərgah R. Rza yoldaş
47
"Rənglər" haqqında olan tənqidlərə kəmetina olmasaydı, indiyə
kimi "rəngləri" özü üçün aydınlaşdırar, müəyyənləşdirər, əslində
qatığın ağ, qurumun qara rəngdə olduğu haqda qəti fikir söyləyə
bilərdi. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədii
keyfiyyətlərdən məhrum olan bu "rənglər"in "çalar"larının bizim
üçün heç bir ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə,
formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif
"çalarlar"ı lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdən
qovulmasa, oxucularımızda şerə, sənətə ikrah hissi doğurar, sənət
aləminə hərc-mərclik gətirər.
"Azərbaycan" jurnalı bu cür yazıları qeydsiz-şərtsiz çap
etməklə həm bu yazıların müəllifinə, həm də oxuculara çox pis
xidmət göstərmişdir.
(30 mart 1963).
6 aprel. 1963. "Şer, yoxsa tapmaca" adlı məqalədən: ...
"Rənglər"
şeri başdan-ayağa qədər bənzətmələr,
müqayisələr üzərində qurulmuşdur. Lakin bu bənzətmələr, çox
qəribə, gözlənilməz və mücərrəd görünür. Nə qədər baş
sındırsan da, "Səbir kasasını daşdıran bir damla" ilə boz
rəngin əlaqəsini, "bir aylıq balası kəsilmiş bir inəyin mələməsi"
ilə narıncı rəngin uyğunluğunu, "namərdin tövbəsi" ilə sürməyi
rəngin oxşarlığını tapa bilməzsən. Məhz hansı əlamətinə görə
gərək "ilk dərs günü" badımcanı rəngə, "Təsəllisiz dərd"
xurmayı rəngə, "sallaqxana qapısından girən qafil öküzlər" də,
"insan əməli" də sarı rəngə uyğun gəlsin? Bilmirsən niyə
"boynuburuq yetim" bənövşeyi rəngdə, amma "gözəllər" və
"qəzəllər" məhz püsteyi rəngdə olmalıdır? Bilmirsən niyə
"kiçiyin ögey qardaşı məhz kürən olmalıdırU, "bir udum su"
ancaq yaşıl rənglə tutuşdurula bilər və i. a. və s.
Müxtəlif parçalar içərsində işlənmiş "soyuq tənhalıq",
"cansız barmaqlar", "boş ürəklər", "kədər çökmüş üzlər",
"dəryalarla göz yaşı", "milyonlarla qəbir daşı", "yanmış ürək",
48
"şaxta qorxusu", "hicran qorxusu", "yanıqlı göz yaşı", "gecənin
tabutuna salınmış örtük", "buz nəfəsli qaraltı", "ömürlük
dustaq", "həsrətli gözlər", "pərişan saçlar", "titrək dodaqlar",
"nəğməsiz dağlar", "kor bulaqlar", "ovsuz ovlaqlar", "odsuz
ocaqlar" və bir sıra başqa ifadələr şerlərə bir ümidsizlik əhval-
ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir.
Qoca Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi əsrlərin
arxasından baxa bilsəydi, yəqin ki, müasir şerimizin bəzi
nümayəndələrinə üzünü tutaraq deyərdi: Axı, mən də, bir
zaman təbiətin hər an dəyişən gözəlliklərini, təravət və
rayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olan
əsl insana da ürəyimdə yer vermişzm. Mən də rənglərdən
yazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, ağ... Amma
insansız bu gözəlliklər nəyə gərəkdir? Əgər bu rənglər insanın
itirilmiş səadətindən doğan məyusluğunu, onun dərin
səmimiyyətini elmin gücü ilə tilsimləri açmaq qüdrətini, həyat
eşqini, yaxşılıq, mənəvi saflıq kimi sifətlərini aşkara çıxarmağa
kömək etmirsə nəyə lazımdır? Əgər bu rənglər xalqın böyük
həyat təcrübəsindən, müdrik sözlərindən qida almazsa necə
yaşaya bilər? (Göründüyü kimi, fərdi üslubu və düşüncə
səviyyəsi etibarilə məqalə müəllifindən fərqlənməyən Nizami
də "Rənglər" silsiləsinin fəal əleyhdarları cəbhəsindəymiş–A.).
"Bakı, 17.IV.63.
Oğlum məktubunu aldım. Sağ ol!
Doğrudur xətti oxumaq üçün nüfuzlu mütəxəssislərdən
ibarət bir komisyon düzəltməli olduq. Komisyonun işi
(komisyon üzvləri: Təranə, Fidan, Nigar və mən idim) böyük
müvəffəqiyyətlə nəticələndi; yazının demək olar ki, 60%–i üç
saata, qalan 40%-dən 5–6%-ni təxmin şəklində müəyyən etmək
mümkün oldu. Bir təsəllimiz var ki, sən də mənim xəttimi
oxumaqdan az zəhmət çəkməyəcəksən...
...Burda işlər yaxşıdır. Ev-eşik yerində, adamlar sağ–
salamat, ədəbiyyat gül, bülbül, pərvanə və kaman qaşlar
49
arasında çaşıb qalıb. Bilmir əsrin həqiqətinə inansın, kosmos
əsrinin çağırışına qulaq versin, ya hüsn-camal aləmində ilişib
qalsın, budağından üzülmüş bir yarpaq kolluqda ilişib qalan
kimi. Bu məsələnin həlli müşküldür...
...Telefona çağırdılar...
Məktubu dünən başladım, bu gün davam edirəm. Telefonda
yol. Sabit Rəhmanov idi. Bir xeyli çərənlədik, sonra da yuxum
gəldi, yatdım. Dünən bütün günü yağış yağıb. Bu gün yaxşı gün
çıxıb.
Lənkəran səfərim çox yaxşı oldu. Səni xatırladım. Əsgər
olduğun zaman görüşdüyümüz qonaq otağında qalırdıq. Bütün
həyət gül iyinə qərq olmuşdu. Bülbüllərin səsi (şerə doluşan
bülbülləri demirəm ha) adamı gecə yatmağa qoymurdu. Bir
kəndə də getdik (Volodya Qafarov və Əli Kərim də mənimlə
getmişdi). Bu kənd Dibol1 adlanır. Talışca bolluq kəndi
deməkdir. Şəkər Aslanov adlı bir cavan şair var, onların
kəndidir. O da bizimlə getmişdi.
Çay becərirlər, düyü əkirlər, mal-qara saxlayırlar. Bu il
Azərbaycanda yağan yağışlar bir təbii fəlakət halını alıb.
Deyirlər yüz ildi bu vaxt belə yağış görünməyib. Bir çox
yerlərdə çiyidi yerdə çürüdüb, cücərməyə qoymayıb. Təzədən
əkməli olublar. Bu da çəkilən ağır zəhmətə əlavədir. Görünür,
Allah ateizmin və din əleyhinə mübarizənin hayıfını bizdən
çıxır.
Təzə nə yazırsan? Televiziyaya söz verdiyim pyesi
qurtarmaq istəyirəm. Bu günlərdə Neft daşlarına gedəcəyəm.
Görək nə çıxır. Sən neyləyirsən? Nə yazmısan? "İlin son
gecəsi" necə oldu? Povest nə haldadır? İşləyə bilirsənmi?
Məktub yaz, pul lazım olsa yaz!
...Qohum-qardaş hamısı sağ-salamatdır.
Öpürəm.
Rəsul.
18/V.63".
50
Atamın və anamın vəfatından sonra onların uzun aylar boyu
davam edən xəstəlikləri ilə bağlı binanın – Nərimanov
prospektindəki xəstəxananın yanından keçmək mənimçün çox
ağır idi. Amma hər halda, gündə, ya günaşırı keçirdim, çünki
hər ikisinin məzarlıqlarının yolu bu evin böyründəndir.
Hətta xəstəxananın içinə də – nə qədər çətin olsa da getdim.
Böyük bibim Kübra xanım burda yatırdı, ona dəyməyə
gedirdim. Bibim: " – Bir bu yaya çıxa bilsəydim", – deyirdi. Nə
qədər tanış idi bu sözlər, nə qədər tanış idi bu hisslər.
Xəstəliyi ümidsizdi. Özü bilmirdi, biz bilirdik. – Bu nə
sözdür, maşallah, səndə nə var ki, bir-iki həftəyə sağalıb
duracaqsan, – deyirdim.
Nə qədər tanış idi bu təsəllilər dilimə, nə qədər vərdişli
yalandı bu dediklərim.
Bibim atamın ölümündən bir il on gün sonra 82-ci il aprelin
10-da vəfat etdi.
Xəstəxananın, atamın diliylə desək "xəstələr evinin" tanış
dəhlizləri, palataları, həkimləri, tibb bacıları min bir acı
xatirəmlə bağlıydılar, min bir göynəkli anımlar oyadırdılar.
Amma dəhlizlərdə yumşaq divanlarda əyləşmiş, çəliklərinə
dayanıb oturmuş xəstələri görəndə sanki çox yaxın, məhrəm
adamlarımı görürdüm; axı, onların bir çoxu hələ o vaxtdan,
atamın burdakı günlərindən qalmışdılar, onunla hal-əhval
tutmuş, iki kəlmə söz kəsmiş, bir-birlərinə "sabahınız xeyir",
"gecəniz xeyrə qalsın" demişdilər. Gecələr "xeyrə qarşı" deyib
səhərə çıxmayanlar da vardı.
Bir gün qonşum Əziz gəldi,
Həkim Əziz.
Ümidli, təsəllili sözlər dedi:
"Nə var ki, səndə,
Çox adam əhvalsız olur
Bakımızın məşhur küləyi
əsəndə".
Getdi
51
"Yaxın gün şadlıq məclisində
görüşərik" – dedi..
Demə ömründən bir neçə ay,
neçə gün, neçə saat qalıbmış
Nə ağrılı, incikli keçdi
bu qış!
Qəribədir insan taleyi, qəribə.
Kim bilir nə vaxt,
Hardan dəyəcək zərbə.
Düşünürəm: özünün
günləri sayılı ikən,
bəlkə də onun inamlı
sözlərindən,
bir çimdik də olsa
qüvvət aldım mən,
Belə olur insanın
insana əvəzsiz hədiyyəsi.
Bir xoş baxışı,
bir ümidli sözü,
bir inamlı səsi.
Bu şerdə söhbət atamgilin ev qonşusu həkim Əziz
Talışınskidən gedir. Xəstəxanaya atama dəyməyə gəlmişdi.
Gümrah, sağlam, şən idi. Atama ürək-dirək verirdi, dəhlizdə isə
bizə: – Vəziyyəti çox ağırdır, – dedi, təəssüflə başını buladı.
Bir müddət sonra Əzizin ölüm xəbərini eşitdik.
"Ölüm gözlə qaş arasındadır" – deyirlər.
"Gözlə qaş arasındakı ölüm" mənim şüuruma, beynimə,
ömrümə ilk dəfə haçan daxil olmuşdu?
Əlbəttə, ömrün bütün başqa illəri kimi uşaqlıq illəri də fəsillərlə
bölünür. Amma mən indi – uşaqlığımı içəri dünyamda
canlandıranda həmişə aləmi yay fəslində görürəm.
1951-ci ilin yayıdır, Buzovnada bağdayıq. Anam şəhərdədir.
Atam, iki bacım və mən eyvanda oturmuşuq. Bol günəşli,
amma mülayim bir gündür. İlıq meh əsir. Dəniz sakit, göy
52
apaçıqdır. Atam bizə Mark Tvenin hekayələrini oxuyur. Hansı
hekayələri oxuduğu da dəqiq yadımda qalıb: "Tennesidə
jurnalistlik", "Mən ziraət qəzetini nə sayaq redaktə edirdim",
"Saatsazlar". … Gülürük, uğunub gedirik.
Elə bu dəqiqələrdə "Saatsazlar" hekayəsinin sonluğuna
çataçatda, sürətlə gələn maşın darvazamızın qarşısında
xırıppadan dayanır, qapımız şiddətlə döyünür.
Qapıya qaçırıq. Gələn anam və Cəfər Cəfərovun yoldaşı
Zübeydə xanımdır. Hər ikisi həyəcanlıdır.
Mənim on üç yaşım var; atamın rənginin dəyişməsindən,
anamın təlaşından hiss edirəm ki, nə isə olub. "Turənin halı
xarablaşıb" sözlərini eşidirəm.
Turə – atamın ən kiçik bacısıdır, məni tez-tez kinoya aparan,
mənə tez-tez dondurma alan istəkli bibimdir.
Atam otağa keçib paltarını dəyişən vaxt Zübeydə xanımdan
soruşuram: "Düzünü deyin, nə olub?". O, cavab vermir, üzünü
tutub ağlayır.
Beş dəqiqədən sonra maşınla şəhərə yola düşürük. Yol boyu
heç kəs dinib-danışmır.
Bakıda, evimizin qabağında maşından düşəndə atam
anamdan soruşur: – Hər şey qurtarıb?
Anam: – Bilmirəm, Rəsul, bilmirəm, – deyir, – biz bağa
getdiyimiz müddətdə hər şey ola bilər.
Hər şey bir neçə saat bundan qabaq, onlar hələ şəhərdəykən
bitib, qurtarıb. – Turə keçinib.
Anamgil bağa gələndə bunu bilirmişlər, amma bu xəbəri
atama hələ birbaşa çatdırmadan, onu Bakıya gətirməkçün
gəliblər. Evimizə qalxırıq. Çöl qapımız taybatay açıqdır, ev
adamla doludur. İlk dəfə yas görürəm, ağlaşma görürəm, xalqın
əsrlər boyu yana-yana, göynəyə-göynəyə yaratdığı ələm
sözlərin, ağı və oxşamalarını eşidirəm. İlk dəfə ömrümə Ölüm
daxil olur.
Otaq.
Masa.
53
Masanın üstündə
bir cənazə.
Hansı həyat lövhəsi,
hansı sənət əsəri
var ki...
bir-an içində
çökə, ağır dağ kimi,
insanı birdən əzə
Cənazə sapsarı mum,
Mən bir yanda qurudum.
Bir yanda,
bir yanda da...
Əgər allah var isə,
külli ixtiyar isə,
ağsaçlı bir ananın
qarşısında diz çöküb
gərək üzr istəyəydi
"Yoxdur,
yoxdur xəbərim,
bu şeytani-ləinin
əməlidir" deyəydi...
..Anamın gəlin qızı!
On ildən artıq olur
bu şeri başladığım
Yazıb-yazıb pozuram.
Heç qurtara bilmirəm.
Yanıqlı xatirələr
Hey gəlir axın-axın.
Hara qaçım onlardan
Hara, hara bilmirəm!
…ünvanını bilsəydim,
düz yanına gələrdim.
Sən getdiyin yollardan
kim geri qayıdıb, kim...
54
Bilmirəm ki, tabutun
şamdır, yoxsa arçandır;
Sənin son səfərindir;
bizim səfər haçandır!!
Əlbəttə, on üç yaşlı uşaq ölümdən xəbərsiz ola bilməzdi.
Tez-tez evimizin qabağından dəfn mərasimləri keçirdi. Anam
qadağan eləsə də, eyvana qaçıb maraqla küçəyə baxırdım, bir
dəfə hətta açıq tabutda ölü sifəti də görmüşdüm və bu yuxuma
girmişdi. "Ölülərə maraq edir çocuqlar" – Nazim Hikmətin bu
müşahidəsi çox dəqiqdir.
Dəfnlərdə Şopenin "Matəm marşı" çalınırdı. Nədənsə,
körpəlikdə bu marşı yaman sevirəmmiş. Bizdə bu marşın valı
varmış – pianoçu Emil Gilelsin ifasında. Özümün, şübhəsiz,
yadıma gəlmir, amma atam danışardı ki, balaca olanda – iki-üç
yaşında həmişə bu valı qoydurardın, "ləsul, ölüm malşını
çaldıl" – deyərdin, özün də gəlib oturardın dizimin üstündə,
üzünü üzümə qoyub qulaq asardın.
Səkkiz yaşında olanda ölümlə daha yaxından tanış oldum.
Atamın dayısı Məhəmmədhüseyn Rzayev 1946-cı ildə
vərəmdən vəfat etdi. Onun oğlu, məndən altı yaş böyük Oğuz
səhər tezdən bizə gəldi: "Baba (atasına "baba" deyirdi)
keçindi", – hıçqırıb ağladı.
Atam Moskvada idi. O vaxt kinematoqrafiya naziri
vəzifəsində işləyirdi. Kino işçiləri ilə birlikdə mən də aeroporta
onu qarşılamağa getmişdim.
Həmişə Moskvadan qayıdarkən məni görüb gülümsəyən
atam indi üzümə də baxmadı.
Evə gəldik. Otağa daxil oldu, anasını, xalasını, bacılarını
gördü və bərkdən hönkürüb ağladı.
Atamı ilk dəfə ağlayan gördüm və kişinin, həm də atamın
ağlaması, özü də belə hönkürüb ağlaması ömrüm boyu
qulaqlarımda qaldı.
Ancaq hər halda, bu ölümün təfərrüatı hafizəmdə
solğunlaşmışdı. Turənin vəfatı isə ölümün nə qədər yaxın
55
olduğunu beynimə həkk etdi.
Ölüm yaxındadır, "bir əl uzadımındadır", ən yaxın adamını,
səni öpən, əzizləyən, kinoya, gəzməyə aparan bibini birdən-
birə, 37 yaşında dünyadan qopara bilər.
...Aydın ilıq bir səhər
şəhərdən gəldi bağa
sevincli, gözəl xəbər.
Elə lap darvazadan
səs gəldi:
Oğlan!
Oğlan!
Sağlıq!
Muştuluq, filan!
Dünən Buzovnada bibimin salamat qurtarması, oğlu olması,
təhlükənin sovuşması müjdəsinə sevinmişdik, anam şəhərə,
onu görməyə getmişdi, bizim də kefimiz kök, damağımız çağ
idi, Mark Tvenin hekayələrinə gülürdük.
Demə, biz Tennessi jurnalistlərinin başıpozuqluğundan
şənlənəndə Turə yazıq artıq dünyayla vidalaşıbmış.
...İndi on bir yaşlı qızım Günel Mark Tvenin həmin
hekayələrini oxuyur, uğunub gedir, ayrı-ayrı parçaları təkrar
edib gülüşünü, sevincini mənimlə də bölüşmək istəyir. Mən isə
bu hekayələrə gülə bilmirəm; Turənin sifəti gəlib durur
gözlərim qarşısında.
Amma ölüm insan ömrünə əsl mənasında o vaxt girir ki,
onun qorxusunu, xofunu, vahiməsini duyursan.
–Min-min ana içində,
anamı tanıyıram
gözlərimi bağlasalar belə.
Tanıyıram
ayaq basdığı torpağın qoxusundan,
qəlbimə dolub, boşalan
onu itirmək qorxusundan.
Mən bilmirəm anasını itirmək qorxusu atamın ürəyində
56
haçandan yuva salıbmış, amma həmin adamı – yəni atamın
anasını – nənəmi, Məryəm xanımı – biz ona atamın,
bibilərimin diliylə "Ciji" deyərdik-Cijini itirmək qorxusu
mənim qəlbimə Turənin vəfatıyla daxil oldu.
Ömrümdə ilk dəfə olaraq balasını itirmiş ana dərdi gördüm.
Neçə-neçə il keçib
o gündən və bu gündən.
Ürək yüngülləşməyib
bu itkinin yükündən.
Toy da, bayram da olur,
şənlik də, ad günü də.
Ancaq ki, ürəyimdə
damğa yanığı kimi
qalıb sənsiz ananın
"Verin mənim balamı!" –
deyən fəryad günü də.
Anamın gəlin qızı!
Turənin yeddisindən, qırxından sonra da nənəmi tez-tez
xısın-xısın ağlayan görürdüm, özü də çalışırdı ki, bizim
gözlərimizdən yayınsın, bir bucağa çəkilib dərdini tək özü
çəksin, heç kimlə bölüşməsin. O da yaxşı yadımdadır ki,
nənəm bəzən saatlarla sakit-sakit susur, sonra birdən köksünü
ötürüb, heç kəsə müraciət etmədən, öz-özünə: "nə bilim, vallah,
sən bilən yaxşıdır" – deyirdi.
Çox illər sonra, daxili monoloqun nə demək olduğunu
qavramaq istərkən mən nənəmin bu halını xatırlayırdım.
Deməli, o saatlarla içəri dünyasında özü-özüylə danışır,
danışırmış, fikri qaynayırmış, sonra bu daxili mükalimənin, bu
"düşüncələr axınının" nəticəsi, yekunu kimi ah çəkir, içindən
gələn bir səslə bərkdən "nə bilim, vallah, sən bilən yaxşıdır"
deyə Allaha müraciət edir, bu izahsız zərbənin məntiqindən,
mənasından baş açmayıb, səbri, təvəkkülü yenə də Tanrının
dərgahıyla bağlayırdı.
Nənəmin təngnəfəsliyi vardı, qızının ölümü xəstəliyini
57
şiddətləndirdi və o, sonbeşiyinin fərağına yalnız bircə il dözə
bildi. 52-ci ilin yayında mətbəxdə əl-üzünü yuyarkən birdən elə
bil quruyub qaldı. Az qala yıxılacaqdı.
Anamla mən yüyürüb qolundan tutduq. Mənə baxıb
gülümsünən kimi oldu, hətta hansı daxili bir qüvvəyləsə əlini
azacıq qaldırıb başıma çəkdi, saçımı sığalladı – bu öz iradəsinə
tabe olan son hərəkəti idi: nənəmi iflic vurmuşdu.
Bir neçə gündən sonra gözlərini həmişəlik yumdu. Qızının
yanında basdırdılar.
Üç ildən sonra o biri nənəmi – anamın diliylə biz də ona
Ana deyirdik – itirdik.
Bu ölümlərdən sonra ürəyimdə öz ata-anamı itirmək
qorxusu yuva saldı. Elə bil ölümün də yaş növbəsi, ardıcıllıq
sırası varmış. Elə bil ki, ürək qorxular üçün darısqaldır, orda
yalnız bir, ya iki adamı itirmək qorxusu üçün yer var.
Qəribədir, atamla-anamın vəfatından sonra mən bu
qorxunun Günelin qəlbində yuvalandığını görürəm. İlk dəfə
yaxın adamlarını – babasını, nənəsini itirmiş qızcığaz – öz
valideynləri üçün nigaranlıq keçirir.
1956-cı ildə on səkkiz yaşım tamam oldu, necə deyərlər
həddi-buluğa çatdım. Həmin il bir çox mühüm ictimai-siyasi
hadisələr baş verdi. Mənə elə gəlir ki, tək mənim deyil, bütün
bizim nəslimizin yeniyetməlik çağı məhz bu il qurtardı. 1968-
ci ildə gəncliyimiz qurtaran kimi.
1956-cı ildə XX qurultay keçirildi. Stalin və şəxsiyyətə
pərəstiş dövrü haqqında bir çox həqiqətlər aşkara çıxdı.
Macarıstan hadisələri bu il cərəyan etdi. A.A.Fadeyev bu ilin
mayında intihar etdi. Böyük şair, böyük insan Səməd Vurğun
bu il rəhmətə getdi.
Bu il sanki ictimai həyatda müəyyən bir dövr sona yetir,
başqa bir dövr başlanırdı.
Bu il ilk dəfə atamın dilindən təsadüfən və ötəri şəkildə
qaçırtdığı sözləri eşitdim: "Mənim nə ömrüm qalıb ki, bir il –
iki il..."
58
Bundan sonra 25 il – əsrin bir çərəyini yaşadı. Və bu 25 ildə
onun ölüm haqqında fikirləri də, mənim qorxularım,
nigarançılğım, qəlbimin səksəkəsi də ömrümüzə sarmaşıb
bizimlə birgə yaşadılar:
Əvəzi Yola saldıq
xəstəliyi: diabet.
Bir gün Mikasız qaldıq
xəstəliyi: diabet.
Su oymuş qaya kimi
uçulur dörd bir yanım.
Bilirəm gec–tez gəlib
çatacaq mənə növbət.
Hələlik növbətə var
bir il, bir gün, bir saat.
Yaşamaq istəyirəm,
sənə eşq olsun, həyat!
Düşünürdüm ki, hər şey ola bilər, mən atamdan tez ölə
bilərəm. Bu məni sevindirmirdi, yaşamaq, çox uzun yaşamaq
istəyirdim, cavan idim, həyat hərisi, dirilik acıydım, amma
məni həmin fikirdə ovudan o idi ki, heç olmasa onun ölümünü
görməyəcəyəm.
Kim bilir, bəlkə də zəlzələ, fəlakət, müharibə, maşın, ya
təyyarə qəzası hamımızı birdən aparacaqdı. Şübhəsiz, mən
neçə-neçə başqa insanın müsibətinə bais olacaq zəlzələ, fəlakət,
müharibə, qəza istəyini ömrümdə ağlıma belə gətirməzdim,
amma bir gün atamsız qala biləcəyim də mümkünsüz,
"dünyasında ola bilməz" bir şey kimi görünürdü mənə.
Yəqin ki, çox adamın uşaqlıq xəyalında yaşayan, bəzən
böyüyəndə büsbütün vidalaşmadığı bir xülya – bəlkə bir gün
ölümsüzlük dərmanı tapıldı və bizə də qismət oldu – xülyası da
şüurumun hansı küncündəsə qıvrılıb qalmışdı.
Atamın xəstəlikləriylə, səhhətinin vəziyyətilə bağlı qorxu elə
bil anam sarıdan nigaran olmağa qoymurdu. Dünyada hamıdan
çox, hətta atamdan da çox anamı istəyirdim, amma onunçün belə
59
nigaranlıq çəkmədim, – bəlkə doğrudan da ürək darısqaldır, iki
qorxuyçün, iki narahatlıqçün yer yoxdur orda.
"Anar bala, xoş gördük!
Buralar sağ-salamatlıqdır. Sən necəsən? Zökəmin keçdimi?
Ani bala, ssenarini ("Torpaq. Dəniz. Od. Səma" ssenarisini
– A.) oxudum, diqqətlə, aramla. Ümumi təsirdən deməmiş bir
neçə qeydimi sənə yetirmək istəyirəm. Ssenarinin bir çox
yerində janr xüsusiyyətlərini nəzərə almamısan. Proza yolu ilə
getmisən. Doğrudur, kino bütün ədəbi növlərdən ən çox
prozaya yaxındır, ancaq eyni deyil, məhz yaxındır. Qayaların
təsvirində kompanovka yoxdur. Burda və bütün əsər boyu
unutma ki, hər söz, hər cümlə lenta metri, metrləridir...
...Eyni sözləri Kərim kişinin arabada gəlməsi haqqında
demək olar. Sən bu epizodda bir boşluq, cansıxıcı ətalət,
fərəhsiz həyat mənzərəsi vermək istəmisən. Tapdığın detallar
arasında yaxşıları az deyil. Ancaq bütün uzun gəliş səhnəsi,
ağaçlar, onları əkmək və sairə artıqdır, kinematoqrafik deyil.
Bu səhnə çox sonradan başlaya bilər...
...İndiki halda qocanın ağac əkmək məsələsi təsadüfi olur...
...Azərin Ağca ilə görüşü də uzadılmışdır. Xüsusilə, ritual
çox vaxt aparır...
...Nəğmə formasını aydın saxlamaq lazımdır. Bu əsər gərək
dörd "tonalğnostğ"da, dörd rəngdə, ahəngdə, avazda, xal
düzümündə yazılmış nəğmələr olsun. Burda gərək torpağın
sakitliyi, təmkini, doğmalığı, ayaq altında söykənəcək olduğu
və s. göylərin dərinliyi, soyuqluq və tənhalığının insan nəfəsi,
insan gözləri ilə isindiyi, əzizləşdiyi, Dənizin əzəməti, suyun
həyat mənbəyi olduğu, odun amansız gözəlliyi, yandırıcı,
təmizləyici qüdrəti aydın hiss olunsun. Bütün bunlar ümumi və
mücərrəddir. Ancaq daxili məna belədir, bunun əyani
əvəzliyini, ifadə formasını tapmaq, vermək lazımdır. Bir sıra
yerdə bunlar var. Ancaq tapılmamış, fikri yayındıran, əsas
ideya və məqsədə xidmət etməyən yerlər çoxdur. Mən
səhifələrdə bir çox qeydlər eləmişəm ki, əsasən belə cəhətlərə
60
aiddir.
...Əsərdən ümumi təsirim belədir ki, yaxşı düşünülmüş
orijinal bir şeyin konkret ifadəsində tələsmisən. Əsərdə
əvvəldən axıra davam edib getməli olan xətt – dörd nəğmənin
poetik, fəlsəfi ifadəsi (voploşenie) çox yerdə qırılır. Texniki
detallar, bıtovoy təfərrüatla dumanlanır, yolundan çıxır. Rəngli
boya ilə çəkilmiş lövhələrdə qrafik cizgilər görünür, bəzən
fırça ilə çəkilmiş olan kənar xətlər – konturlar, düzçəkən xətt
taxtası (lineyka) ilə çəkilib. Bu ideal düz xətt əsərin
mahiyyətinə uymur, bu xətlərdə olmayan kələ-kötürlük, əyrilik
əsərdən qoparılmış canlı bir parça kimi hiss olunmur.
Dialoqlarda mümkün qədər hiss olunmalıdır ki, rusca
danışan bu adamlar rus deyillər. Başqa xalqın
nümayəndələridirlər. Onların düşüncəsində-dilində ümumi
cəhətlərlə bərabər, xüsusi ştrixlər də vardır.
Rəsul.
1964".
1970-ci ildə Moskvaya ikinci dəfə təhsil almağa getmişdim.
Rejissor emalatxanasında oxuyurdum.
Bir gün Bakıdan atam zəng elədi, dedi ki, Nigar bir az
xəstələnib, qorxulu heç bir şey yoxdur, amma hər halda
Moskvaya gətirmək istəyirəm. Elə gümrah səslə danışırdı ki, ta
onlar Moskvaya gələnəcən işin nə yerdə olduğunu bilmədim.
Hətta Moskvada onları – atamı, anamı, Təranəni vağzalda
qarşılayanda da, mehmanxanaya gətirəndə də anamın həmişə
sakit sifətində nigarançılığa əsas verə biləcək bir şey
sezmədim.
Yalnız səhərisi gün atam telefonda səsi əsə-əsə: "Nigarın
epikrizi çox pisdir, lap başımı itirmişəm", – deyəndə təhlükənin
nə qədər ciddi olduğunu dərk etdim. İndiyəcən atamdan "lap
başımı itirmişəm" sözlərini eşitməmişdim.
Bakıda həkimlər anamda şiş tapmışdılar. Moskvaya, Kaşir
şosesindəki onkoloji mərkəzə getməyi məsləhət bilmişdilər.
Orada operasiya olunmalıydı.
61
Anamı xəstəxanaya apardıq, qəbul otağında ona xalat
verdilər. Anam fürsət tapıb məni kənara çəkdi:
–Sənin ürəyin daha möhkəmdir, – dedi, – Rəsuldan,
Təranədən muğayat ol, qoyma fikir eləsinlər.
Sonra hamımızla öpüşdü, gülə-gülə bizdən ayrıldı. Onun
paltarını bizə verən tibb xidmətçisi:
–Nu proşaytesğ – dedi, – vı ee bolğşe ne uvidete. – Elə bil
başımızdan qaynar su tökdülər.
Əlbəttə, bunu o mənada deyirdi ki, cərrahiyyə əməliyyatına
qədər və əməliyyatdan bir neçə gün sonra, əməliyyat uğurlu
keçərsə, xəstəylə görüşmək mümkün olmayacaq. Amma bu
sözü elə kobud, elə köntöy dedi ki, uzun zaman özümüzə gələ
bilmədik.
Şaxtalı, çovğunlu Moskva qışının erkən axşam qaranlığına
çıxdıq.
Sonralar anam bu günlər haqda "Kaşir yolu" adlı silsilə
şerlər yazdı. Amma bu şerlər Kaşir yolu haqqında yox, bu
küçədəki bina haqqında, onun içindəki adamlar haqqında, əlac
gözləyən xəstələr və şəfa verən həkimlər haqqında idi. Kaşir
yolunun dastanını isə biz – atam, Təranə, mən yaza bilərdik –
bu yollarda biz qalmışdıq.
Saat dörddə-beşdə qaralan dekabr axşamlarının cansıxıcı
kədəri, havaya sovrulan qarların arasından görünən böyük
binanın zəif, solğun işıqlı pəncərələri...
Bu kədərli, məhzun pəncərələrin birinin dalında mənim
anam yatır, amansız ehtimallar, dəhşətli fərziyyələr içində
operasiya gününü gözləyir.
Bu cərrahiyyə əməliyyatı onu yenidən həyata qaytara bilər.
Ya da...
...Yuxuda dünyayla vidalaşırdım,
Dünya gözəl idi, ayrılmaq çətin...
Atam: – Novikova səninlə danışmaq istəyir, – dedi, – ona
zəng vur... Mənə düzünü demir, bəlkə sənə dedi.
Professor Lüdmila Alekseyevna Novikova anamı operasiya
62
edəcək cərrah idi.
Novikova mənə:
–Atanız da xəstə adamdır, – dedi, – ona demək düz olmaz,
amma siz bilməlisiniz, ananızın ürəyi zəifdir, operasiyaya
dözməyə də bilər. Operasiya uğurla keçsə də, yalnız kistoloji
analizdən sonra qəti demək olar – şiş bədxassəli idi, ya
xoşxassəli...
Bütün bunları atama, Təranəyə, Bakıda qalıb hər gün, hər
saat bizdən xəbər gözləyən Fidana, başqa qohumlara necə, nə
şəkildə deyə bilərdim?
Ömrün xəzan çağındayam,
Təranə,
Payız bağındayam...
Xatirəli günlər
qızıl-qızıl yarpaqlar kimi tökülür,
ömrümün çılpaq budaqlarında
şəfəqli bir ümid gülür.
O sənsən, Təranəm,
o
sənsən...
Ruzgarda yaşıl budaq kimi əsən,
O sənsən, Təranə,
o
sənsən...
1971-ci il yanvarın 4-də əməliyyat uğurla keçdi, bir neçə
gündən sonra kistoloji analizin nəticəsi də məlum oldu – şiş
xoşxassəli imiş.
Bir neçə il atamın təşəbbüsüylə bu günü – yanvarın 4-ü
anamın yenidən dünyaya gəldiyi gün kimi qeyd elədik.
Bundan neçə il qabaq da həkimlər anamda bu məşum
xəstəliyin əlamətlərindən şübhələnmişdilər. Anamın dayısı
oğlu, mahir cərrah Səlahəddin Rəfibəyli onda bir mütəxəssis
kimi bizdən artıq narahatlıq keçirirmiş. O, bunu bizə ehtimalın
yanlış olduğu aydınlaşandan sonra dedi.
1971-ci ilin yanvarında isə anam: "Xərçəng iki dəfə mənə
hücum çəkib, bir, şey eləyə bilməyib, – dedi, – Allah
63
üçüncüsündən saxlasın".
Xərçəng üçüncü hücumunda onu apardı, amma anam özü
bilmədi, bilmədi ki, xəstəliyi həmin o gülüb zarafata saldığı
amansız, qəddar, əlacsız azardır.
"Anar bala, xoş gördük.
Sənin əlvan məktubunu güc-bəla oxudum, təxminən sən
mənim məktublarımı oxuyan kimi.
Tural xanın əməlləri hələ ilk başlanğıc dövründədir, (oğlum
Turalın onda bir yaşı vardı – A.) qoy bir az dil açsın, onda
sənin Nigara və mənə tutduğun divanın "nədir", "niyə"lərin
hayıfını səndən çıxacaq.
Buralarda üç gün dəhşətli istilər oldu 38–40°. Sonra da
başladı yağış, soyuq. Bu gün bir balaca gözümüzü açmışıq...
...Bu gün Ağadadaş Qurbanovun dəfninə getmişdim.
Salyanda mehmanxananın eyvanı uçub, bu bədbəxt, qızı və üç
nəfər başqa adam yıxılıblar. Bir oğlan uşağı tamam salamat
qurtarıb. Qalanlar yaralanıb, bir qolu sınanlar olub, bu zavallı
bərk zədələnib, gecə xəstəxanada operasiya zamanı keçinib.
Fəxri xiyabanda basdırdılar. (Bu Fəxri xiyaban da eybəcər bir
anaxronizm heykəlidir. Ölüləri yaxşıya, pisə bölmə nə qədər
mənasız və kobud bir işdir).
Rəsul.
24/VII.65".
Dostları ilə paylaş: |