***
Yetmiş illiyiylə əlaqədar radio və televiziyayla böyük
verilişlər gedirdi, qəzet və jurnallarda məqalələr dərc olunurdu,
Rəsul Rzanı diri klassik adlandırırdılar. Azərbaycanın və
ölkənin hər yerindən məşhur ədəbiyyat, sənət xadimlərindən
tutmuş adi oxucularacan yüzlərcə teleqramlar, təbriklər,
kağızlar gəlirdi.
Anam:
99
–Mən – heç bilməzdim ki, xalq Rəsulu bu qədər sevir, –
dedi
–Azərbaycan xalqı öz şairlərini çox sevir, –dedim, –
xüsusilə, o vaxtlarda ki, onları hökumət də sevir.
***
Son illərdə, nəvələriynən əyləndiyi dəqiqələrdən başqa,
onun yeganə həqiqətən şad gününü – yenidən deputatlığa
namizəd verilərkən gördüm.
Mən bu barədə yazıram və yaza-yaza düşünürəm ki,
şadlığının belə səbəbi kiminsə gözündə şair və şəxsiyyət kimi
atamın obrazını kiçildə bilər. Buna baxmayaraq yazıram,
əvvəla, ona görə ki, bu, doğrudan da, belə idi və mən də ancaq
olanları yazmağı boynuma götürmüşəm. İkinci də, ona görə ki,
mənim gözümdə bu sevinci onu əsla kiçiltmir. Deputat
verilməsi, daha dəqiq desək, deputatlıqda bərpa olunması
onunçün ədalətsiz bir aksiyanın axır-əlbət ədalətlə
düzəldilməsi, haqqın, həqiqətin təsdiqi idi. Deputatlıqdan qat-
qat şərəfli və yüksək ad sayılan qəhrəmanlıq adını çox sakit
qarşıladı, heç bir o qədər də sevinmədi...
Burada mən İmran Qasımovun bütün bu işlərdə xidmətini
qeyd etməyi özümə borc bilirəm. Atamın yenidən deputatlığa
verilməsində də, Sosialist Əməyi Qəhrəmanlığına təqdim
olunmasında da İmranın böyük rolu oldu. Əlbəttə, bütün
bunları həll edən H.Ə.Əliyev idi. Ömrünün son ilində atama
göstərilən bu hörmət və ehtiram aktları – ondan gəlirdi. Amma
bütün bu işlərdə İmranın da səyi az deyildi. İmran danışırdı ki,
Rəsulun deputat verilməsi haqqında H.Ə.Əliyevə deyəndə o,
bu təklifi böyük rəğbətlə qarşıladı. Sosialist Əməyi Qəhrəmanı
adı verilməsi də ancaq H.Ə.Əliyevin əzmiylə, nüfuzuyla oldu.
Hətta H.Ə.Əliyevin haradasa dediyi bir söz də camaat arasında
gəzirdi, deyibmiş ki, Rəsul Rzaya qəhrəman nişanı ala
bilməsəm, bunu özümə bağışlaya bilmərəm. Deyibmi bu sözü,
deməyibmi, bilmirəm.
80–cı ilin aprelində yetmiş illiyinə bir ay qalmış atam yenə
100
də xəstəxanada yatırdı. İmran mənə zəng vurdu, dedi ki,
Heydər Əliyeviçin yanındaydım, Rəsulun məsələsindən
danışırdı. Dedi ki, Sov. İKP MK-yla danışıb, Rəsul Rzanın
Sosialist Əməyi Qəhrəmanlığına layiq olması orda heç kəsdə
şübhə oyatmır, amma bizim respublikanın əhalisinə görə bura
üç yazıçı qəhrəman çoxdur axı 40 milyonluq Ukraynada cəmi
iki yazıçı bu adı alıb, Ermənistanda heç biri də almayıb.
İmranın bir az küyə və fantaziyaya aludə olduğuna bələd
idim, odur ki, bu sözlərdən özümçün tamamilə aydın nəticə
çıxartdım: atama bu ad verilməyib və bütün bu izahlar da
İmranın həmin faktı ayrı səbəblərlə bəzəmək cəhdləridir.
Amma aprelin axırlarında, gözləmədiyim halda evimə zəng
olundu:
–Sizinlə Heydər Əliyeviç danışacaq, – dedilər.
H.Ə.Əliyev atamın səhhətini xəbər aldı, dedim ki, çox
zəifdir, xəstəxanadadır. Sonra Əliyev eyniylə İmranın mənə
dediklərini təsdiq etdi:
–Mən Suslov yoldaşla da, Çernenko yoldaşla da bu barədə
ətraflı danışdım. Fikirləri belədir ki, Rəsul Rza bu ada
tamamilə layiqdir, bu barədə heç bir şübhə yoxdur. İşin
çətinliyi ondadır ki, bizim respublikamızda artıq iki yazıçı bu
adı alıb, amma 40 milyonluq Ukraynada da bu ad yalnız iki
yazıçıya verilib. Hər halda biz yoldaşları qane edə bildik və
artıq qərar qəbul olunub. Təbrik edirəm. Bu barədə atanıza
deyin, hər halda bu xəbər də ona mənəvi cəhətdən kömək olar.
– Çox sağ olun, Heydər Əliyeviç, – dedim, – bütün ailəmiz
adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Axşam saat doqquz radələri idi, amma mən dərhal
xəstəxanaya cumdum. Bu axşam orda Fidan növbə çəkirdi.
Xəstəxananın qapısı, darvazası çoxdan bağlanmışdı, divarı aşıb
birtəhər özümü içəri sala bildim.
Fidan mat qaldı:
–Bu vaxt sən hardan gəlib çıxdın bura?
–Yatmayıb ki?
101
–Yox.
Atam güclə gözlərini açdı. Onu öpdüm:
–Təbrik edirəm, – dedim, – qəhrəman olmusan.
O çox zəif gülümsündü:
–Sağ ol, – dedi və təzədən-gözlərini yumdu.
***
Mayın 19-da onun ad günündə bu məlumat bütün qəzetlərdə
də çıxdı, elə həmin gün atamı adi palatadan iki otaqlı lüksə
keçirdilər.
H.Ə.Əliyev xəstəxanaya zəng vurdu, atamla danışdı, təbrik
elədi. Atam təşəkkürünü və minnətdarlığını bildirdi.
Moskvadan Ali Sovetin sədri Qurban Xəlilov zəng vurdu,
təbrik etdi.
Hökumət üzvləri palataya gül göndərirdilər, nazirlər,
Mərkəzi Komitənin işçiləri dəyməyə gəlirdi, bütün raykom
katibləri teleqram vururdular.
Yetmiş il bundan qabaq may ayında dünyaya gəlmiş atam
demə ömrünün axırıncı may ayını yaşayırmış, gələn ilin mayını
görməyəcəkmiş...
Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı,
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi
sadə, yaxşı...
***
1980-cı ili hamımız bir yerdə yola saldıq. Axır illər yeni ili
nadir hallarda birgə qarşılayardıq. Biz – övladları, gəlini,
yeznələri, nəvələri yeni il axşamı atamgilə gələr, onları təbrik
102
edər və yeni ili qarşılamağa hərəmiz bir ayrı məclisə gedərdik.
Lap "Keçən ilin son gecəsi"nin personajları kimi...
Axır illər məndə qəribə bir hiss vardı, elə bilirdim ki, yeni il
gecəsini atamgillə bir yerdə keçirsək, bu hökmən birgə
keçirdiyimiz son yeni il gecəsi olacaq. Niyə belə düşünürdüm,
hardan dammışdı bu ürəyimə? Bilmirəm. Amma həqiqətən də
elə belə oldu.
80-cı ili bir yerdə yola saldıq. Atam da bir qurtum şampan
içdi – demə, ömrünün son badəsini qaldırırmış.
Bir-birimizə yeni ildə böyük xoşbəxtliklər, səadət arzuladıq.
Saat on ikini vurdu.
81-ci il gəldi. 1981!
Uşaqlıqdan yadımda qalıb, həmişə yeni ildən beş-on dəqiqə
keçən kimi atam: "Gör e, – deyərdi, – artıq təzə ildən də beş
(ya on, on beş) dəqiqə getdi, vaxt nə yaman qaçır, ay aman".
Sonra susub dalğınlaşırdı, elə bil nəyəsə qulaq verirdi, elə
bil divar, ya qol saatını deyil, daxilində işləyən, İçəri
dünyasında saniyələri, dəqiqələri sayan saatı eşitmək istəyirdi.
Çıq-çıq saat işləyir
düşür əbədiyyətə
ömrün geri dönməyən anları.
Zaman alıb aparır insanları
bu günəcən heç kəsin
qayıtmadığı uzaqlara.
Vaxt var ikən dünyaya bax!
Baxıb doymasan belə,
Bir divara daş qoy!
Çiçək iylə...
Vaxt var ikən
əllərinin hərarətindən
isinsin bir insan əli.
Nə qədər iş var görməli...
...Düşmənə amansız ol,
dosta xoşqılıq!
103
Vaxt var ikən
elə yaşa, elə çalış
bir gün sən olmayanda
hər kəsə aydın görünsün
Yerində qalan boşluq.
81-ci ilin elə ilk günündən atamın halı kəskin şəkildə
xarablaşdı. Yanvarın ikisində onu təzədən xəstəxanaya apardıq.
Anam da mədəsi tərəfdə ağrılardan şikayət edirdi. Amma
həmişəki kimi nikbinliyini, sakitliyini, yumorunu itirmirdi.
Xəstəxanadan Turala məzəli şer yazmışdı:
Tural haqqında ballada, Oratoriya,
Kantata və sairə Tatata
yaxud Turalnamə
Başında çalma,
əlində alma
yeməkdən qalma,
ay arıq Tural,
salma, qalmaqal.
Boğazı bağlı,
ye yağlı-yağlı,
ay arıq Tural
salma qalmaqal.
Məktəbə getmə,
Şuluqluq etmə,
Güneli didmə,
ay arıq Tural
salma qalmaqal.
SÖZLƏRİ
NİGARIN, MUSİQİSİ GÜNELİN,
"FATMABACI" HAVASI ÜSTÜNDƏ OXUYUR ANAR VƏ
ZEMFİRA, DƏFDƏ ÇALIR RƏSUL
29 yanvar 81-ci il. Xəstəxana. Səhər saat 900
Nə biləydik ki, bu lağlağı sözlər anamın qələminin son
104
məhsuluymuş.
Fevralda atamın səhhəti yaxşılaşdı, həkimlər evə getməyə
icazə verdilər.
Onları evlərinə gətirdim, iki həftəlik İtaliyaya uçdum.
Qayıdanda isə yuxarıda yazdığım kimi, onları yenə də
xəstəxanada gördüm.
Martın 14-ü mənim ad günümdür. Gündüz xəstəxanaya
getdim. Məni təbrik etdilər, anamın halı heç yaxşı deyildi.
Atamdan da pis görünürdü – yorğun, əzgin, zəif idi,
ağrılarından şikayətlənirdi.
Axşam bizə bacılarım, qohumlar, dostlar gəldi. Elə bil
hamımızın ürəyinə dammışdı ki, ağır sınaqlar ərəfəsində bu
bizim axırıncı qayğısız məclisimizdir.
Səhərə qədər oturduq, qonaqların çoxu dağılışdı, Zemfira,
Salehə, Emin, Vaqif Səmədoğlu və mən isə elə hey danışırdıq,
Vaqif Mustafazadə yazığı xatırlayırdıq – bibim qızı Salehənin
məktəb yoldaşı idi, bir sinifdə oxmuşdular. İki gündən sonra –
martın 16-da Aktyor evində onun xatirə gecəsini keçirəcəkdik,
mən də çıxış edəcəkdim.
Martın 16-da günün ikinci yarsında xəstəxanaya getdim.
Anam pal-paltarını yığışdırmışdı.
–Məni evə apar, – dedi, – daha qala bilmirəm, halım yoxdur.
– Heç vaxt onu belə əsəbi görməmişdim, əsəb gərginliyinin son
həddində idi.
Atam:
–Üç gündən sonra məni də buraxırlar, – dedi, – Nigara,
deyirəm üç gün də qal, bir yerdə gedək.
Anam tələsik:
–Yox, yox, – dedi, – mən bu gün gedirəm.
Atam etiraz eləmədi.
Anamı evə gətirdim və evdə hönkürüb ağladı.
–Daha tabım qalmayıb, – dedi. Uzun illər boyu xəstəyə
qulluq etmək və öz xəstəlikləri – diabet, hipertoniya, ürək
zəifliyi – onun əsəblərini pozmuşdu. Özünün zarafatla dediyi
105
kimi, iki dəfə ona hücum etmiş və həmləsi boşa çıxmış məşum
xərçəng də, demə, artıq bir neçə ay imiş ki, onu içəridən söküb-
dağıdırmış. Amma hələ bundan heç kəsin xəbəri yox idi, nə
həkimlərin, nə bizim, nə də təbii ki, özünün... Xəstəliyin
altdan-altdan, gizli-gizli, oğrun-oğrun gördüyü iş ancaq bir
neçə vaxtdan sonra üzə çıxacaqdı – daha gec olandan sonra, iş-
işdən keçəndən sonra...
Üç gündən sonra atamı da xəstəxanadan buraxdılar, onu da
evə gətirdik. Anam yataqda idi, ağrıları onu hələ də narahat
edirdi, amma ümumi halı müəyyən qədər yaxşılaşmış, əsəbləri
bir az sakitləşmişdi. Gülümsünürdü və həmişəki dözümüylə,
təmkiniylə hamımızı arxayınlaşdırırdı, ürəklərimizə ümid
paylayırdı, hər şeyin yaxşı qurtaracağına inam yaradırdı.
Martın 23-də başqa bir həkim çağırdıq ki, anama baxsın.
Müayinədən sonra mənə və bacılarıma dedi ki, bizi qorxudub
eləmək istəmir, amma qarın nahiyəsində barmaqlarıyla şiş
olduğunu hiss edir. Təcili surətdə xəstəxana şəraitində analizlər
aparmaq lazımdır. Anam heç vəchlə təzədən xəstəxanaya
qayıtmaq istəmirdi:
–Bu xəstəxana day lap zəhləmi töküb, – deyirdi. Həkim: –
Cəmisi iki-üç günlüyə, – dedi – analizləri eləsinlər, yenə evə
qayıdarsız.
Sabahısı gün mən kinoqrupumla Şuşaya getməliydim,
Üzeyir Hacıbəyov haqqında filmin çəkilişinə başlayırdım və
natura seçməliydim.
Həkim:
–Bəs haçan qayıdacaqsınız? – Deyə xəbər aldı.
–İki gündən sonra.
Anam:
–Onda qoy Anar gedib qayıtsın, sonra aparsın məni
xəstəxanaya.
Razılaşdıq.
Həkimi ötürdük, oturub söhbət edir, danışıb gülüşürdük. Elə
bil qarşıdan kabus kimi gələn günlərin dəhşətindən qaçmaq,
106
yayınmaq istəyirdik.
İndi onu da düşünürəm ki, həmin o gün – martın 23-ü,
baharın ilk günü bizim hamımızın – atamın, anamın, Fidanın,
Təranənin, mənim – bu evdə – valideynlərimizin evində, bizim
uşaqlığımızın yuvasında – bir yerdə keçirtdiyimiz son axşam
imiş...
Axşam saat 11-ə yaxın onlardan çıxdım, öz evimə tərəf
gedirdim və Xaqani küçəsiylə addımladıqca, məsafəni qət
etdikcə beynimə qurğuşun ağırlığı dolurdu – anamı hədələyən
təhlükənin nə dərəcədə ciddi olduğunu get-gedə daha artıq dərk
edirdim. İsti-isti tam qavramadığım bir həqiqəti get-gedə bütün
aydınlığı ilə anlayırdım. İlk dəfə olaraq onu başa düşürdüm ki,
bəlkə biz anamı atamdan əvvəl itirdik. Anamı itirmək isə hər
ikisini itirmək deməkdi, çünki atamı yaxından tanıyanların
hamısı təsdiq edər ki, o, Nigarsız yaşaya bilməzdi...
Yaz axşamı idi, narın yağış çisələyirdi, hansı evinsə açıq
pəncərəsindən televizorun səsi gəlirdi. Akif İslamzadə "Sarı
gəlin" oxuyurdu:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər, sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər
Neylim aman, aman, sarı gəlin.
...Mənə elə gəlirdi ki, bu yağış da, bu mahnı da başqa bir
həyatdan süzülüb, axıb gəlir və Akifin səsi də – ömrün o
tayından gələn bir səsdir. Bütün bunlar haradasa başqa bir
aləmdə, yaşadığımız günlərin uçurumla ayrılmış o biri
tərəfində, o biri uzaq yamacında – yalında qalıb – sanki yer
çatlamış, torpaq aralanmış, yarğan açılmışdı – və ömrümdə
yaxşı, işıqlı, ilıq nə vardısa – bu yarğandan o yanda qalmışdı –
o tərəfdən, o taydan – əbədi itirilmiş üfüqlərdən köhnə
mahnılar, tanış kəlmələr, uzaqlaşıb itəcək səslər gəlirdi,
haçansa, solub unudulacaq sözləri eşidirdim:
107
Bu dərənin uzunu
Çoban qaytar quzunu, sarı gəlin.
Nolaydı bir gün görəm
Nazlı yarın üzünü
Neylim, aman, aman, sarı gəlin.
Evə gəldim, mətbəxə keçib qapını çəkdim, bu yaşımda bəlkə
də ilk dəfə ağladım.
Uşaqlar yatmışdı, Zemfira da səsimi eşidə bilməzdi, amma
sövq-təbii bir qadın hissiylə duyuq düşüb mətbəxə gəldi.
–Nə olub?
Danışdım. Məni sakitləşdirməyə çalışırdı – analizlərsiz,
yalnız bir baxmaqla belə şeyi necə təyin etmək olar, həm də lap
şiş varsa da, bəlkə xoşxassəlidir və s.
Mənim özümün də əqlim, şüurum təsəlli axtarırdı.
Amma ürəyim amansız, qaçılmaz həqiqəti bilirdi.
Bir Allah bilir ki, Şuşaya nə hisslərlə gedirdim. Dəstəmizə
Əzizə xanım Cəfərzadə də qoşulmuşdu; çoxdandır onunla
danışmışdıq bir yerdə Şamaxıya gedək, onun öz xərciylə
tikdirdiyi kənd məktəbində görüş keçirdək.
Kəndə getdik də, məktəbdə görüş keçirdik də, müdirin
evində bir saat qonaq da olduq, amma bütün bunları duman
içində xatırlayıram – fikrim-zikrim Bakıda, anamın yanındaydı.
Elə həmin günücə axşam Əzizə xanım Şamaxıdan Bakıya
qayıtdı, biz isə yolumuza davam etdik. Gecə saat on birdə
Ağdama çatdıq – Şuşaya səhər gedəsiydik. Ağdamdan Bakıya
zəng elədim, Təranə dedi ki, qorxma, bir şey yoxdur, amma
qərara gəlmişik ki, Nigarı xəstəxanaya sabah aparaq.
–Bir gün gözləyin də, – dedim, – biri gün mən də Bakıda
olacam.
–Sənlik bir iş yoxdur ki... həkimlərlə danışmışıq, səhər
aparacayıq. – Sonra əlavə etdi, – Sabah Abbas da gəlir.
Təranənin yoldaşı Abbas Zeynalov Moskvada həkimləri
təkmilləşdirmə kurslarında oxuyurdu, vaxtının qurtarmasına
dörd-beş ay qalırdı. Bəs dərsini yarımçıq qoyub niyə gəlirdi
108
Abbas? Bu da anamın başının üstünü almış təhlükənin bir
əlaməti deyildimi?
Təranə telefon dəstəyini anamın özünə verir – mənimlə elə
şux, elə gümrah danışır ki... zarafat eləyir, and verir ki, nigaran
qalmayım, işimi pozmayım. Sonra dəstəyi atam götürür, o da
eyni şən, qayğısız tərzdə danışır...
Yəqin ki, bu gecə – martın 24-dən 25-nə keçən gecə, Ağdam
mehmanxanasının suvağı tökülmüş balaca, xəfə, rütubətli
nömrəsində keçirdiyim gecə – ömrümün ən dəhşətli gecəsiydi.
Hətta atamı itirdiyim günün – aprelin 1-i gecəsindən və anamı
itirdiyim iyulun 10-u gecəsindən də dəhşətli idi. Mən onları bu
gecə, məhz bu gecə, həm də ikisini də birdən itirdim.
Bu gecə əbədilik ayrıldım onlardən. Bu gecə bütün müdhiş
əyaniliyiylə mənə aydın oldu ki, tez – çox tez bir zamanda bizi
tərk edəcəklər və dünyada bunun qarşısını alacaq heç bir qüvvə
yoxdur.
Gecə saat ikiydimi, üçdümü, bilmirəm. Yol yoldaşlarım
hamısı mehmanxananın müxtəlif nömrələrində yatmışdılar:
Ürəyim partlayırdı, istəyirdim durum, onları bir-bir oyadım,
bir an da yubanmadan yola çıxaq, Bakıya qayıdaq. Ya da
əksinə, heç kəsi oyatmadan, heç birinə bir söz demədən geyinib
küçəyə çıxım, bu vaxt qatar, təyyarə yoxsa, taksi maşın, nə isə
bir şey tapım, lap elə piyada gedə bildikcə gedim – təki bu
otaqda, bu çarpayıda qalmayım, özümü Bakıya yetirim.
Bu bir "panika" idi, tamamilə başımı itirmişdim. Mənə elə
gəlirdi ki, yalnız həftələr, günlər deyil, saatlar, dəqiqələr də say
ilən qalıb, gecikə bilərəm, yubana bilərəm, çatmaram.
Geyinib küçəyə çıxdım, amma gecənin bu çağı Bakıya heç
nəylə getmək, təbii ki, mümkün deyildi.
Yavaş-yavaş şüurun soyuq səsi məni toxdadırdı, insanın
əzəli təsəlli, özünüaldatma, sakitləşmə fəndləri, yalançı ümidlər
mənə şirin vədlər pıçıldayırdı: hər şey sovuşub gedəcək, hər
şey düzələcək, hər şey yaxşı olacaq. Bütün bəd ehtimallar –
keçən dəfələrdə olduğu kimi yalan çıxacaq, bəla sovrulandan
109
sonra öz həyəcanlarımızı bir-birimizə danışıb arxayın-arxayın
gülüşəcəyik. Yenə də ömrün başqa çətin anlarında, qəliz
dəqiqələrində, işim bərkə düşəndə olduğu kimi pənahım
möcüzəyə idi: inanmaq, daha doğrusu, özümü inandırmaq
istəyirdim ki, ötən səfərlərdəki kimi bu dəfə də tale bizi darda
qoymaz.
Bu günün uzaq yolu, qayğı yükləri, əsəb gərginliyi məni
taqətdən salmışdı, məhbəs kamerası kimi dar, uzunsov
nömrəmə qayıtdım, çarpayıma yıxıldım, səhərə yaxın
yuxuladım.
İki saatdan sonra yol yoldaşlarım məni oyatdılar. Şuşaya
getdik. Şərt qoydum ki, bu günə nə təhər olursa-olsun Bakıya
qayıtmalıyıq. Şuşanı atüstü gəzib, çəkiliş yerlərini təxmini olsa
da gözaltı elədik və axşama Bakıya döndük. Zemfira dedi ki,
bu gün səhər Nigar xalanı xəstəxanaya apardıq, Tural da Rəsul
əmigildə, babasının yanında gecələyir.
Sübh tezdən xəstəxanaya cumdum – anamın halı məni xeyli
sakitləşdirdi – hətta mənə elə gəldi ki, fələk Ağdam
gecəsindəki yalvarışlarımı eşidib və hər şey, doğrudan da,
yaxşı olacaq.
Səhərisi gün – martın 27-də atamı Mərdəkan xəstəxanasına
aparmalıydıq. Atamın maşınını sürən qohumumuz Fikrət
Ağazadə, Ənvər Məmmədxanlı, atam və mən Mərdəkana yola
düşdük.
Atam dedi ki, xəstəxanaya, Nigara dəyək, sonra gedək.
Bir neçə dəqiqə söhbət elədilər, ikisi də bir-birini
arxayınlaşdırdılar ki, özlərini çox yaxşı, lap əla hiss edirlər,
nigarançılığa heç bir əsas yoxdur, tezliklə sağalıb yenə bir
yerdə olacaqlar.
Görüşüb ayrıldılar.
Bax, bu gün, bu cür əbədi ayrıldılar-nə biləydilər ki, son
dəfə görürlər bir-birlərini, nə biləydilər ki, daha heç zaman, heç
zaman görüşməyəcəklər.
Bu mart günündən əlli il qabaq tanış olmuş, 47 il qabaq
110
nişanlanmış, 44 il qabaq evlənmişdilər, alınlarına yazılmış
ömrün üçdə ikisini bir yerdə, bərabər yaşamışdılar, şadlıqları
da bir olmuşdu, dərdləri-qəmləri də...
Üç övlad ata-anası, beş nəvə baba-nənəsi, yüz kitab müəllifi
oldular.
Çox şəhərlər, ölkələr gəzdilər.
Dost da qazandılar, düşmən də.
Hərdən sözləri çəp düşdü, küsüşdülər də, barışdılar da.
Bəzən səfərlər, şəhərlər onları bir-birindən uzaq saldı...
Yerdən gurultuyla qopub qalxan
təyyarələrin dalınca
baxa-baxa qaldım.
Uzaq dənizlərdə
böyük gəmilərlə səni yola saldım.
Stansiyalardan ayrılıb gedən
qatarların arxasınca
kövrəlib ağladım.
Həmişə sabaha, vüsala
ümid bağladım.
Havalar geniş,
dəryalar dərin,
nələr görür sənin işıqlı gözlərin.
...Yaxşı yol,
uğurlar olsun,
Hara gedirsən get,
Mənim dərya səbrimi qurtarma,
Hara gedirsən get,
mənim vətənə bağlı ürəyimi
getdiyin uzaq yollara
aparma, əzizim, aparma.
Bu etiraf Nigar Rəfibəylinindir. Bu parça isə Rəsul Rzanın
1942-ci ildə Kerçdə yazdığı şerindəndir:
Xatirində varmı tez-tez küsüşüb
deyərdin: – Danışma, dindirmə məni.
111
İndi o sözlərin yadına düşüb
yandırırmı səni, yaxırmı səni..
…Bəlkə bir gün səndən üzüldü əlim.
"Xoş keçdi az sürən bu ömrümüz"də
Ayrılıq dəmində, aman gözəlim
qoy yadımda qalsın, bir yaxşı söz de!
Mənsiz bu dünyanın olsan qonağı,
nə olar, sevgilim, sağ ol təki sən.
Kim görsə boyasız solğun dodağı
Onsuz da biləcək sən mənimkisən.
Atam yolda Fikrətə:
–Köhnə yolla sür, dedi, bağa dəymək istəyirəm.
Mərdəkana təzə yolla yox, Zabratdan keçən yolla getdik.
Maştağa yanında, yol ayrıcında maşını saxlatdırdı. Bizi
kababxanaya apardı.
Bilmədik ki, son dəfə bir yerdə çörək yeyirik.
Ənvərlə söhbət edirdi.
Atamın doğma qardaşı yox idi. Amma heç bir qardaşı ona
əmisi oğlu və xalası oğlu Ənvər Məmmədxanlı qədər yaxın ola
bilməzdi. Ömrü boyu bir-birlərinin ən məhrəm sirdaşları
olmuşdular.
Ənvərlə söhbət edirdilər. Adi şeylərdən danışırdılar.
Bilmirdilər ki, körpə çağlarından, atamın özündən üç yaş
kiçik Ənvərə saymaq öyrətdiyi, "yedi yox, yeddi de" – dediyi
uzaq günlərdən bu günə qədər – 60 il fikirləri, söz-söhbətləri
bir olmuş, birgə fərəhlənmiş, birgə dərdlənmiş iki əmioğlu-
xalaoğlu axırıncı söhbətlərini edirlər. Buzovnaya – bağımıza
gəldik, 40 ildir ki, hər yayı bu bağda keçirirdik.
...dəniz, gömgöy dəniz, dənizin üstündə ağappaq paraşütlər,
sahildə yayın axır günlərinin əlvan pioner toplantıları,
uşaqlığımız, qayğısız, min bir ümidli, keçmişin yükündən azad,
gələcəklə hamilə illər... qayalar, qumlar, qol-budaqlı, gen-bol
kölgəli tut ağacı, ən iri, ən şirin ağ tut uca, əlçatmaz
budaqdadır, budaqları silkələyirik, altına süfrə tuturuq, tutlar
112
bir-bir ora tökülür, sonra hansı mərdümazarsa dibinə əhəng
töküb qurutdu bu şah tutu...
...meynələr, elə bil üzlərini sığal üçün yumşaq, soyuq, narın
qumlara sürtən salxımlar, qoralar, bütün üzümlərdən kiçik olan
kişmiş üzüm, üzümlərin ən şirini ağ şanı, qara şanı, avqustun
axırlarına bal kimi şipşirin şirinləşən sarıgilə, sübh obaşdandan
şehli əncirlər, yaşıl qabığının içində qarpız rəngli qızartdağ
əncirlər, bağımızın sərhədindəki qamışlıq. Atam qarğılardan
irili-xırdalı səbətlər hörürdü, bu ustalıq ona uşaqlığından, səbət
toxuyub sataraq ailələrinə əl tutduğu balacalıq dövründən
qalmışdı, səbətlərin dibinə tənək yarpaqları düzür, içinə üzüm
yığıb qonum–qonşuya, tanış-bilişə pay göndərirdik... gecələr
cırcırama səsləri, il-ildən ürüyüb-artan ağcaqanadlar, yuxarı
açıq eyvanda sırayla düzülmüş ağ miçətkənlər, atam gecə əl
fənərini yandırıb hardansa deşik tapıb milçətkənin içinə
soxulmuş hünüləri ovlayırdı... uzaq qonşuların qapılarından
gələn – gözlərimizi deşən 200-lük, 300-lük elektrik lampaları,
elektrik qatarının fit səsi, dənizin uğultusu, sanatori
reproduktorundan eşidilən köhnə, nimdaş tanqolar, bazar
günləri gündüz 2-dən 3-dək bütün ətrafı xəfif duman kimi
bürüyən muğamlar, muğamların elə bil dəm alan mayeləri,
oynaq təsnifləri, rəngləri, yenidən aramlı, uzandıqca uzanan
avazları, zil zəngulələri, qəfilcə qopub qəfilcə də yatan dəli
küləklər, atamın, anamın cavanlığı, nənələrimin sağ olduğu
günlər, gecələrin nağılları, böyür söhbətləri, Ənvərgilin
bəstəboylu, zərif qamətli anaları - İmmi xala, o biri bağ
qonşumuz – Əvəz Sadıqgilin ailəsi, onun oğlu və kürəkəni adaş
Azərlərlə oynadığım futbol, voleybol, şahmat, nərd, Əvəz
əminin məzəli zarafatları, arvadı Əfruz xalanın şirin Ordubad
ləhcəsi, onların "gül-adlı" qızları – Gülarə, Gülər, Gülnar,
Gülyaz, qəflətən gecə gələn hay-küylü qonaqlarımız, kömürlü
manqallar, soyuq qalmaqçün quyuya salladılmış qarpızlar,
qovunlar, günü isti mətbəxdə keçən anamın arada qısaca bir
vaxt tapıb istirahət etdiyi nimdaş, prujinləri cırıldayan, dəmiri
113
paslı çarpayı, atamın əlində milçəkləri vurmaqçün bükdüyü
qəzetlər... ulduzlu, aylı gecələr, kəndirdə quruyan dəniz
geyimlərimiz, qumların gündüzlər yalın ayaqlarımızı yandıran
hərarəti, çimərliyin duzlu gölməçələri, dənizin insanı məst edən
genişliyi, gözəlliyi, ləngəri, çimməkdən sonrakı susuzluq və şor
suyun çayı; ilk gənclik çağlarımda Buzovnadan Mərdəkana –
Zemfiragilin bağlarına piyada getdiyim boş, adamsız sahil
yolu... Fikirlər, xəyallar, ümidlər... ömrümüzün yay çağı...
haylı-küylü günləri... Buzovna bağımız...
81-ci ilin 27 mart günündə Buzovna bağımız bomboş,
kimsəsiz, unudulmuş, atılmış yurd yeri kimi həzin və
qüssəliydi. Ya da bəlkə mənə elə gəlirdi.
Bəlkə də mən o gün bağa atamın gözləriylə baxırdım. Axı,
sanki atam Buzovnayla vidalaşmağa gəlmişdi. Bəlkə özünün də
ürəyinə dammışdı ki, illər boyu qurub tikdiyi, becərib
bəslədiyi, hərdən küləyindən, qumundan-tozundan
gileyləndiyi, amma sevdiyi, ömrün neçə acı-şirin xatirəsiylə
bağlı bu bağı son dəfə görür.
Meynələri gözdən keçirirdi, bağbanın işini bəyənirdi,
diblərini yaxşı işləyib-deyirdi. Sonra yenə susub uzun-uzun
dalğın-dalğın bağa baxırdı. Nə düşünürdü bu anlar?
Küləklər harda yatır, görəsən!
Buludlar hardan yığır göz yaşını
Hava ayaz olanda!
Çaylar harda dincəlir, görəsən!
İldırımlar niyə belə tez sönür!
Ən uzaq ulduzlardan o yana
nə var, kim var, görəsən!
...Qulağı çəkilmiş kimi idi bağ.
Qulağı çəkilmiş kimi idi Buzovna. Səssiz-səmirsiz... Elə bil
narın külək bağı silib-süpürüb dincəlmişdi, qumları hasarlar
dibinə yığıb daramışdı.
İlıq mart mehi qumlara ehmalca sığal çəkir, meynə
yarpaqlarını üsulluca tumarlayır, otları, çiçəkləri həzin-həzin
114
oxşayırdı. Öz dilində – meh dilində onlara nə isə danışırdı.
Dəniz dəniz dilində, yağış yağış dilində danışan kimi...
Nə qayıq var, nə bulud,
nə qağayı izdihamı var bu gün.
Qum təpəciklərindən
sahil də düyün-düyün.
ip kimi uzanmışdır.
dənizin qırağında...
...Dənizin yaxasında
köpüklü dalğalardan
düymə-düymə xal qonub
titrəyən üfüqlərə
Elə bil ki, dənizin
Bugünkü tənhalığı
Onun gurultusundan
qopub düşüb bu yerə.
İndi, il yarım sonra, 82-nin payızında bu yazını yazmaq üçün üç
gündür ki, bura, Buzovna bağına çəkilmişəm. Təktənhayam.
Sentyabrın 19-da gəlmişəm, bu gün 22-də bu yazının birinci
hissəsini gecə səhərə qədər işləməli olsam da, qurtarmaq
istəyirəm.
Sabah səhər Bakıya qayıtmalıyam. Bakıda yazını qurtarmaq
imkanı olmayacaq.
Məsələ onda deyil ki, ölçüb-biçib gündə bir-iki saat yazı-
pozuya ayıra bilmirəm – bu yazı elə yazı deyil ki, onunla
işarası, vaxtarası, bir-iki saat məşğul olasan. Bu yazı mənim
bütün vaxtımı, bütün gecə-gündüzümü, bütün fikirlərimi,
varlığımı istəyir məndən..
Çöl dünyasından, hamıdan – görüşlərdən, sözlərdən, hər
çeşid işgüzarlıqdan, hər cür adiliklərdən tamamilə ayrılmağı,
büsbütün İçəri dünyana qapılmağı tələb edir.
Özün olmağı tələb edir.
Tək bir özün. Bir də onlar – xatirələri, səsləri, sifətləri.
Addım səsləri
115
Nəfəsləri.
Şerləri
Gecədir, sakit, ulduzlu Buzovna gecəsi. Atamın səsini
eşidirəm:
Hərdən mənə elə gəlir ki,
Ulduzlar göyün yaxasında
sədəf düymələridir.
Bu düymələri açsan
Başqa bir aləm görəcəksən.
Orda nə toz var,
Nə duman.
Nə ölüm, nə qan...
Anamın səsini eşidirəm:
Mən
yuxuda durna oluram
gecələr
Çırpıb qanadlarımı
yerdən üzülürəm,
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarına düzülürəm
Uçuruq uça bildikcə
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıldayan
ayın yalqızlı qəminə.
Səhər
Şəfəqlər
Oyadır məni
Sevinə-sevinə durub
Qalxıram ayağa;
sonra bütün günü
nə həvəsim olur,
116
nə macalım,
bir də yerdən üzülüb
durna
olmağa…
Bu gün yayın son günü, payızın ilk günüdür. Təbiətin
tarazlıq günü – gündüzlə gecənin bərabərləşdiyi gün.
Amma nə gündüz var, nə gecə...
Mənəm, kimsəsiz bağdır, bir də keçib gedən günlər. Nazim
Hikmət necə yazıb? "Keçib getmiş günlər gəlin, rakı için,
sərxoş olun". Gərək ki, belədir. Burda əlimin altında Nazimin
kitabı yoxdur ki, baxıb dəqiqləşdirim – uşaqlıqdan, o günlərdən
yadımda necə qalıb, o cür yazıram.
Bir mənəm, bir gecə, bir bağ. Bir də özümlə gətirdiyim radio.
Bakıdan gecə konserti verirlər. Nərminə oxuyur... "Özünə
qurbanam, sözünə qurbanam".
Andrey Babayevin mahnısıdır. Andrey Babayev çoxdan
ölüb, Nərminə də çoxdan oxumur; köhnə lent yazılarını
verirlər.
Anamın Türkiyədə yaşayan böyük qardaşı Kamıl dayı
(anam özü belə deyərdi: Kamil yox, məhz Kamıl) yadıma
düşür və Kamıl dayıdan dolayısı atamın "Qanlıca" şeri yadıma
düşür:
Qanlıca bir dağ ətəyindədir
Sakit okeandan bəri uzanan
Asiyanın qurtaran yerində.
Bəlkə əsrlərin çobanlara
Bura köçəri çobanlara
bir sığınaq,
bir yurd olub.
Qanlıcada bizim adicə qatıq
Ata-baba adını dəyişib
Yoğurt olub...
Mən də içdim
yoğurtunu Qanlıcanın
doktor Kamil Arran,
117
şair Nigar da.
İtişmişdik,
Harda tapışdıq,
harda!
Anam qardaşıyla qırx illik ayrılıqdan sonra 1968-cı ildə
görüşmüşdü. Atamla-anamdan yeddi il sonra İzmir tərəflərdə
Kamıl dayıyla mən də görüşdüm.
...Egey dənizi sahili, Ayvalıq, dənizə səpələnmiş saysız-
hesabsız adaların birində oturmuşuq, şam edirik. Dayım: –
Bax, o ada bizimdir, – deyir,– o yunanlarınkı, o da
yunanlarınkı, amma bax o biri bizimdir.
Balıq yeməkləri yeyirik, dayım, dayım oğlu, mənim yaşıdım
Aydın, dayımın kürəkəni Tamer, dayımın təzəcə evləndiyi
cavan arvadı, bir də mən. Dayımın cavan arvadı ona: həyatım –
deyə müraciət edir, 65 yaşlı Kamıl dayım isə zövcəsinə məftun
gözlərlə baxır: – "Məni yaşadan budur", – deyir. Aydın mənə
göz vurur. Yaxın sahil Anadolu, üfüqün o yanı Yunanıstan.
Dörd tərəfimiz Egey – Aralıq dənizinin bir hissəsi – antik
mədəniyyətin beşiyidir bu yerlər.
Qürub çağıdır, ala-toranlıqda bir-birinə qarışmış türk ya
yunan adaları arasından yuvarlanıb sulara düşən qızılı günəş
sözə gəlməz dərəcədə gözəl bir axşam mənzərəsi yaradır.
Hardansa həzin bir melodiya eşidilir. Fransız mahnısının
türkcəyə çevrilmiş sözləri səslənir: Mutluluqla randevüm var. –
Xoşbəxtliklə görüşüm var, yəni...
Dayımın gözləri yol çəkir, harasa, adalardan, dənizdən,
üfüqdən də o yanda qalmış məchul bir nöqtəyə baxır sanki,
sonra qəfilcən Nərminəni soruşur. Təəccüblə:
–Sağ-salamatdır, – deyirəm, – sən onu hardan tanıyırsan?
Dayım köksünü ötürür:
–Eh, bilsən o qız mənə nə qədər rakı içirdib, – deyir.
Nazimin bayaq gətirdiyim misralarının dalı da düşdü yadıma:
Keçmiş getmiş günlər gəlin
118
rakı için, sərxoş olun.
Tütəkdə nəğmələr çalın,
bu kədər öldürdü məni.
Vətənindən didərgin düşmüş qərib doktor illər boyu
radiosuyla Bakını tuturmuş, qabağına bir şüşə rakı qoyurmuş.
Nərminə Azərbaycan mahnılarını oxuduqca qədəh–qədəh
dalınca təkbaşına içirmiş.
İstanbulda bir gün
Saleh Gəncər adlı biri
qonaq çağırdı evinə bizi.
Dedi: "Razı olsanız,
çağırım bu gecəyə
bir neçə didərgini
Azərbaycanlını...
... Saleh özü gedib vətəndən
beyninin qaynar çağı.
Macəralar romantikası
məst eləyib
14-15 yaşlı uşağı...
...Peşimanam demir.
Güzəranım yaxşı,
dost–aşnam.
Ancaq Boğaziçinə baxanda
hər axşam,
yadıma Xəzər düşür.
Xatirələrimlə bacara bilmirəm.
Fikrimi, xəyalımı
göynəklərdən qaçıra bilmirəm.
Peşmanam demir Gəncər.
Ancaq qırx ildən sonra yenə
yerli türklər
göyərtiyə "səbza" deyir
Saleh – pəncər.
"Peşman sözü cılız gəlir Salehə,
119
yaralıyam – deyir.
Burda evim–eşiyim
orda ana beşiyim,
bilmirəm haralıyam – deyir...
Nərminə daha oxumur. Radioyla verilən ancaq köhnə lent
yazılarıdır.
Saleh Gəncər çoxdan ölüb.
Kamıl dayı da artıq yoxdur. Atamla anamın ölümləri
arasında keçən o yüz günlərin birində Türkiyədən vəfatı
haqqında xəbər gəldi.
Hər üçünün – atamın, anamın, Kamıl dayının bir-birlərinin
ölümlərindən xəbəri olmadı.
Buzovna küçələri bomboş, səssizdir. Elə bil istinin gur səsi
varmış, havalar sərinləşdikcə sanki səslər də qısılıb, yavaşıyıb.
Sahil adamsız, qəsəbə dinc, sakit, Bakıya gedən avtobuslar
hərdənbir gəlir. Həm də seyrək sərnişinli...
İl yarım bundan qabaq beləcə sakit, mülayim mart günündə
Buzovnayla vidalaşıb Mərdəkana getdik.
Atamı palatasına ötürdük, onu ordakı həkimlərə, tibb
bacılarına tapşırıb Bakıya qayıtdıq.
Hamımızı anamın vəziyyəti düşündürürdü, həkimlər nə isə
özlərini suçlu aparır, analizlərin nəticəsi haqqında qəti bir şey
demirdilər. Anama onkologiya sahəsində görkəmli mütəxəssis
Nacarov baxmalı idi.
Martın 29-da Fikrətlə Mərdəkana – atama dəyməyə getdik.
Əhvalı pis deyildi. Anam sarıdan da arxayın etdik onu,
"analizlərdə qorxulu bir şey yoxdur", – dedik. (Şiş-filan
söhbətindən atamın xəbəri yox idi).
Atam dedi ki, bir neçə şer yazmışam, üzünü köçürüm, gələn
səfər aparıb "Azərbaycan" jurnalına, Əkrəmə verərsən. Sonra
oturub məktub yazdı, "Nigara ver", – dedi, O məktub indi
məndədir.
120
"Gözəl gözlü Nigar xanım!
Sənə Mərdəkan salamı göndərirəm. Özümü yaxşı hiss
edirəm. Bircə nigarançılığım səndəndir. Doktor Əliyev deyir
ki, Nigar xanım bura gəlsin, üç gündə onu sapsağlam edərik.
Doğrudan da!
Hər gün səndən xəbər tuturam. Darıxma, inanıram ki, yaxın
vaxtda görüşərik. Öpürəm.
Rəsul
29.03.81".
Uzun illər boyu Moskvadan, cəbhədən, Təbrizdən, haçansa,
ilk gənclik çağlarında Bakının özündən anama onlarca məktub
yazıb, məktublaşmalarına aid "Səndən sənə" adlı poeması da
var.
Bu bir əlcə kağız isə anama yazdığı son məktubu oldu.
Martın 30-da Nacarov anama baxdı. Anam onu üzdən
tanımırdı, adını demədik, başqa həkim kimi qələmə verdik.
Anamın qohumu Elmira Rəfibəyli (sənətşünas Cavad
Rəfibəylinin qızı) Nacarovla bir yerdə işləyirdi. O da gəlmişdi
xəstəxanaya.
Elmira dəhlizdə mənə:
–Necə olub ki, belə gec xəbər tutmusunuz? – dedi. –
Xərçəngin ən son mərhələsidir, gecdir, heç bir şey etmək
mümkün deyil.
Biz necə xəbər tuta bilərdik axı, biz həkim deyildik ki...
Anam neçə müddətdi xəstəxanada, həkimlərin nəzarəti altında
idi. Atamı müalicə edən həkimlər vaxtaşırı anamı da müayinə
edirdilər. Bəs necə olub ki, onlar da vaxtında duyuq
düşməyiblər?
Amma bütün bu gecikmiş ittihamların nə mənası vardı?
–Bəlkə Moskvaya aparaq? – dedim.
–Məncə, mənası yoxdur. Hər halda bir Nacarovla danışın.
Gecə Nacarova zəng vurdum.
–Mənimçün diaqnoz tamamilə aydındır, – dedi, – heç bir
şübhə yeri qalmır. Amma ailənin hisslərini də başa düşürəm.
121
Vicdan əzabı çəkməyəsiniz deyə istəyirsinizsə, Moskva
həkimlərinə də göstərin. – Bu qəti hökmdən sonra Nacarov
əlavə etdi: – Kim bilir, bəlkə biz yanılırıq, hər bir şey
mümkündür! – bu sözlərdən zəif bir ümid işığı gəlirdi.
Elə həmin gecə mən Moskvaya, 71-ci ildə anamı müalicə
etmiş həkimə – Boris Oleqoviç Toloknova zəng vurdum. Əvvəl
çox təəccübləndi – hər halda on il keçmişdi, sonra xatırlayıb,
tanıyıb mehribanlıqla danışmağa başladı. Deyəsən, bir balaca
içmişdi, kefi kök idi.
–Sizin həkimlər nə belə tez diaqnoz qoyurlar, – dedi. –
Əlavə analizlər lazımdır, yalnız bundan sonra qəti söz demək
olar. Nə isə, gətirin onu Moskvaya, sağaldarıq...
Bu sözlər, yəqin ki, kefinin duru vaxtında, içkinin gücünə
söylədiyi sözlər – bir gecəlik ümidimizə, neçə saatlıq
sevincimizə bəs idi.
Ən ağır, ümidsiz dəqiqələrində də insan xoşbəxt sonluq,
nikbin qurtuluş gümanlarından əl çəkmir, özünü inandırmaq
istəyir ki, axır-əlbət hər şey yaxşı olacaq, yaxşı olmalıdır, yaxşı
olmaya bilməz. Yəqin ki, bu duyumda sırf eqoistik, özünü
qoruyucu bir çalar da var. İnsanın xislətindədir bu cəhət. Bəlkə
də elə budur insanları hifz eləyən, saxlayan, xilas edən. Kim
bilir?
Həqiqətin düz gözünün içinə baxmaq hünərdir, cəsarətdir,
igidlikdir, amma insanın özü özünü aldatması da qüvvətli bir
hissin – yaşamaq hissinin, həyat eşqinin əbədi şərti, əzəli
qanunudur.
Martın 31-də bacılarımla məsləhətləşib elə səhərisi gün,
yəni aprelin 1-də anamı Moskvaya aparmağı qərara aldıq.
Martın 31-də bütün gün bilet almaq (anamla mən və Fidan
gedəsiydik), Moskvada yer tədarük etmək, pul götürmək və s.
təşkilat məsələləriylə məşğul olduq. Anama hələ bir şey
deməmişdik.
Yalnız aprelin 1-də səhər onun yanına gələndə, "hazırlaş,
axşam Moskvaya gedirik, – dedim – sənin sevimli həkimin
122
Toloknovla danışdım, dedi, gətirin, bir həftəyə sağaldım onu".
Anam mat qalmışdı. "Yadında, Rəsul o vaxt nə haldaydı,
Moskvada on günə sağaldı. İndi sən də o hala düşmək
istəyirsən? Tez gedək ki, tez də sağalasan"...
–Nə deyirəm ki, – razılaşdı, qızlara evdən hansı paltarlarını,
lazım olan şeyləri gətirməyi tapşırdı.
Fidanın yoldaşı Rauf Vəzirovla mən isə Mərdəkana
yollandıq – Moskvaya getməyimizi mümkün qədər yumşaq və
ehtiyatlı şəkildə atama demək lazım idi.
Gündüz saat on iki radələrində Raufla Mərdəkana çatdıq,
Moskva səfərimiz haqqında birdən-birə söz açmadıq. Dedik ki,
Nigar yaxşıdır, amma qorxuruq ki, burda müalicəsini düz
aparmasınlar, odur ki, Moskvayla, Toloknovla danışdıq,
məsləhət elədi ki, ora aparaq.
Hələ haçan aparacağımızı deməmişdik, hələ ümumi şəkildə
Moskvaya getmək ehtimalından söz açmışdıq, amma atam
dərhal tutuldu.
–Duzünü deyin, ciddi bir şey var?
Hər ikimiz arsız-arsız gülüşdük.
–Yox canım, heç bir ciddi şey yoxdur, – dedim, – yadında
deyil, sən o vaxt, burda nə qədər əziyyət çəkdin, Moskvaya
gedən kimi o saat yaxşılaşdın, xəstəliyin üstünə tez düşmək
lazımdır ki, tez də sağalasan.
Rauf onun fikrini yayındırmaq üçün söhbəti dəyişdi, atamın
təzə kitabını vərəqləyə-vərəqləyə:
–Rəsul əmi, burda iş otağınız haqqında yazırsınız,– dedi. –
Falk, Bricit Bardonun pişik üzü, Tağı... Tağı inciməz ki...
Atam sanki bu sözləri eşitmirdi, dupduru, aydın, göy gözləri
düz mənim gözümün içinə baxırdı.
–Düzünü de, Nigarda nə var?
Bayaqkı uydurmalarımı bir daha inandırıcı olmağa çalışaraq
təkrar etdim.
Vaxt keçirdi, biz şəhərə qayıtmalı, səfərə hazırlaşmalı idik,
altıda qatar yola düşürdü.
123
Mərdəkana gələrkən Təranə də, Zemfira da: – Bu gün
getməyinizi bildirməyin, – demişdilər. – Siz gedəndən sonra
biz ona xəbər verərik.
Kim bilir, bəlkə belə də etməliydik.
Amma mən o vaxt əmin idim (və indi də əminəm) ki, o,
anamın Moskvaya getdiyini biz yola düşəndən sonra bilsəydi,
yenə də bu xəbərə dözməyəcəkdi...
Həm də... nə gizlədim, fikirləşirdim ki, atam indi bizimlə
Bakıya getməli, – Nigarı vağzalacan ötürməlidir. Axı, hiss
edirdim ki, bir daha görüşməyəcəklər.
Nə isə... Qərara gəlib dedim:
–Toloknov dedi ki, yubanmağın mənası yoxdur, odur ki,
dünən imkan düşdü, bilet aldıq, elə bu gün gedirik...
–Bu gün? – O, bir az da tutuldu.
Rauf dərhal futboldan danışmağa başladı, atam onun futbol
söhbətinə qoşuldu. Nə isə deyirdi, amma görürdüm ki, indi
fikrində yalnız eşitdiyi xəbərdir, onun içində o üz-bu üz edir
götürüb-qoyur, çəkib-çevirir...
Birdən ayağa durub geyinməyə başladı.
–Mən də sizinlə şəhərə gedirəm...
–Rəsul əmi, axı neylirsiz şəhərə getməyi? – dedi.
–Yox, getmək istəyirəm.
–İstəyirsən, gedək, – dedim, – özün öz gözünlə görərsən ki,
qorxulu bir şey yoxdur.
O, geyinə-geyinə:
–Kim-kim gedirsiniz? – deyə soruşdu.
Dedim.
–Mən də sizi ötürüb sabah bura qayıdaram...
Bu vaxt həkim otağa girdi, geyindiyini görüb:
–Hara belə hazırlaşmısınız, Rəsul müəllim? – deyə xəbər aldı.
–Bir günlüyə Bakıya getmək istəyirəm. Nigar Moskvaya
gedir, onu ötürməyə…
Həkim duruxdu, otaqdan çıxdı, bir qədərdən sonra başqa
həkimlərlə qayıtdı. Eyni mükalimə təkrar olundu. Atamın
124
uşaqlıqdan Göyçaydan tanıdığı Ələkbər İsmayılov:
–Onda qoy bir təzyiqini ölçsünlər, – dedi.
Doğrudan da, atamın rəngi dəyişmişdi, nəfəsi təngiyirdi.
Halı get-gedə xarablaşırdı. Təzyiqini ölçdülər. Bir-birləriylə
baxışdılar. Özünə:
–Hər halda bir az yüksəkdir, – dedilər. Neçə dedikləri
yadımda deyil, amma Ələkbər İsmayılov işarəylə məni dəhlizə
çağırdı, təzyiqin daha da yüksək olduğunu dedi və əlavə etdi ki,
mən məsuliyyəti üstümə götürüb onu buraxa bilmərəm, birdən
yolda bir şey oldu...
Biz otağa qayıdanda halı bir az da xarablaşmışdı, ağır-ağır
nəfəs alırdı.
İndi o biri otaqda, çarpayısının üstündə oturmuşdu, köynəyinin
yaxasını açmışdılar. Həkimlərin, tibb bacılarının ora-bura
qaçmalarından vəziyyətin son dərəcə ciddi olduğu aydın idi.
İynələr vururdular, oksigen balonları gətirirdilər. Mən atamın belə
hala düşməsini bir neçə dəfə görmüşdüm, odur ki, hələ də bu
vəziyyətin keçəcəyinə inanmaq istəyirdim.
Gənc reanimator həkimi çağırdılar. Həkimin dodaqaltı
deyindiyini eşitdim:
–Ağır xəstəyə belə xəbəri vermək olar? Gör təzyiqi hara
qalxıb, indi reanimator, gəl çıxart onu bu vəziyyətdən, görüm
necə çıxarırsan.
Atam olan otaqda indi yeddi-səkkiz adam vardı – tibbi
personal.
Raufla mən bu biri otaqdaydıq. Qapıya yanaşdım. Atam
mənə baxırdı.
–Necəsən? – deyə soruşdum.
Başının işarəsiylə və gözləriylə "yaxşıyam" – dedi. Üzündə
gördüyüm son ifadə idi bu.
Sonra gözləri axmağa başladı, indiyəcən heç vaxt gözlərinin
belə axdığını görməmişdim.
Həkimlərdən biri qolumdan yapışıb məni kənara çəkdi.
–Vəziyyəti çox ağırdır, – dedi, – hər şeyə hazır olun.
125
Otağa başqa həkimlər, tibb bacıları da gəldilər, qaçır, tələsir,
oksigen balonlarını dəyişir, ora-bura vurnuxurdular.
Birdən-birə hamısı elə bil süst düşdü, bütün hərəkətlər, ora-
bura qaçmalar, tələsmələr dayandı.
Hər şeyi başa düşdük.
Ələkbər İsmayılov qapıda durub başını bulayırdı.
–Keçindi, – dedi. Saat ikiyə yaxın idi.
Bir sükut, bir qaranlıq
kəsir qarşımı.
Dur!
Qurtar!
Deyirəm axı
bitməmiş işlərim,
nə qədər ümidim,
arzum var.
Soyuq bir səs
yandırır beynimi:
Möhlət bitdi.
Qurtar.
O sözləri deməyə,
bu sözləri eşitməyə belə
macal olmayacaq.
Nə qədər vaxt keçdi? On dəqiqəmi, bir saat, iki saatmı, uzun
aylar, illərmi?
Vaxt donub qalmışdı.
Zaman – yox idi.
Nə edirdim, nə danışırdım, ya danışmırdım, bilmirəm. Nə
isə həblər, dərmanlar verirdilər mənə, deyəsən.
"Niyə, axı niyə? Biz kimə nə eləmişik ki, tale belə amansız
cəzalandırır bizi", – deyə düşünürdüm, başımı divara
döyürdüm, "biz indiyəcən çox xoşbəxt yaşamışıq, indi tale
bunun əvəzini çıxır", – deyə düşünürdüm, özümə yer tapa
bilmirdim, anamı düşünürdüm, düşünürdüm ki, indi necə
olacaq anamın yeganə xilas ümidi – Moskvaya getməsi necə
126
olacaq və onu da düşünürdüm ki, indi bunun nə əhəmiyyəti, nə
mənası var, onların bir-birindən ayrı ömür sürmələrini heç cür
təsəvvür edə bilmirdim.
Heç cür ağlıma sığışdıra bilmirdim ki, yarım saat, ya da bir
əsr bundan qabaq bizimlə bax burda, bu otaqda, bu masanın
arxasında oturan, danışan, təzə kitabını vərəqləyən, Nigarı
soruşan, pencəyini geyinən, çəkməsinin bağını bağlayan adam
– məninçün dünyada kişilərin ən kişisi, ataların ən yaxşısı
mənim atam – artıq yoxdur, həmişəlik yoxdur, bir daha heç
vaxt olmayacaq.
Heç bir qüvvəylə geri qaytarıla bilməyəcək heçlikdədir
artıq, bir də heç vaxt, heç vaxt mənimlə danışmayacaq,
dərdləşməyəcək, hirslənməyəcək, sevinməyəcək, mənə nə isə
tapşırmayacaqdır.
Birinci Rauf özünü ələ alır:
–Anar, denən, neyləmək lazımdır, hara, kimə zəng vurmaq,
kimə xəbər vermək.
–Zemfiraya zəng vur, qızlara o desin Ənvərə zəng vur,
Yazıçılar İttifaqına, Elçinə xəbər versin.
Nə qədər vaxt keçdi – bir saat, on saat, bir əsr? Otaqda indi
ikimiz qalmışdıq – atam və mən... Həkimlər, xidmətçilər harasa
getmişdilər.
Mən üzü ağla örtülmüş cənazəyə baxırdım və düşünürdüm
ki, uzun illərin xəstəlikləri boyu anam onun çox əziyyətini
çəkdi, nazıyla oynadı, yuxusuz qaldı, amma indi – bu qəfil
ölümüylə atam istər-isəməz verdiyi bütün əzab-əziyyətlərin
"günahını" sanki yumuşdu.
Hərənin Öz ömrü Öz taleyi olduğu kimi, Öz ölümü, yəni öz
təbiətinə münasib ölümü də var.
Məsələ əcəldə deyil, məsələ ondadır ki, insanların ölümləri
də onların xarakterlərini, şəxsiyyətlərini tamamlayan son
nöqtədir. Atam yalnız belə ölə bilərdi – emosional sarsıntıdan,
daxili çılğınlıqdan, narahatlıqdan, hövsələsizlikdən, Nigarının
nigarançılığından. Ömrünün müxtəlif çağlarında onun təbiəti
127
də müəyyən dərəcədə dəyişirdi. Orta yaşlarında və xüsusilə də,
cavanlığında, qaynar həvəsli, coşğun, ağına-bozuna baxmayan
bir dəliqanlıymış, əsəbi, kür, köntöy vaxtları da olub. Amma
elə sakit, mülayim, yavaş, kimsəni incitmədən öldü ki.
Fəryadsız, haraysız, səssiz-səmirsiz... Elə bil gur bir musiqi
ahəstə, həzin bir akkordla tamamlandı...
Ömrünün axır illərində atam nədənsə mənə qədim
əlyazmasını, çox qiymətli bir perqamenti xatırladırdı, İllərin
ağırlığından saçları çallaşmışdı, sifəti solğundu, bütün vücudu
qədim əlyazması kimi nazilmiş, kövrəkləşmişdi. Qədim
əlyazması kimi yavaş-yavaş didildi, ovxalandı, soldu getdi.
Sonralar bibim Sarə:
–Elə bil tələsdi, – dedi, – tələsdi ki, Nigardan qabaq ölsün,
onun müsibətini görməsin...
Demirəm Göyçayda basdırın məni
Ancaq ki, riyakar gözlərdən uzaq
aparın bir çayda basdırın məni
Tabutumu örtsün sərin sular.
Qəbrimi görüb kədərlənməsin
Sevinclilər, arzulular.
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar sevinsin, gülsün
işıqlı gündüzlər!
Gecələr də mənə,
yaşıl saçlarını
sulara sallayan,
salxım söyüdlər ağlasın...
Nə qədər vaxt keçdi. Bir il? Beş gün? Üç saat? Birdən
qapılar taybatay açıldı, otağa Ənvər, Elçin, Fikrət Qoca, Fikrət
Sadıq, Hüseyn Abbaszadə, Qabil, Sabir Azəri, Aleksandr Qriç,
Ələkbər Salahzadə, Vaqif Cəbrayılzadə, Əhəd Muxtar,
Allahverdi və başqa yazıçılar daxil oldu. (Kimin adını
unutmuşamsa, üzürlü bilsin) Sonralar Fikrət Qoca bu gəlişi
"Rekviyemdə" təsvir elədi:
128
Xəbər ilan kimi çaldı qulağımı,
Telefonun dəstəyi əlimdə boğuldu.
Ölüm nə ucuzdu...
nə boldu...
Bu Mərdəkan yolu nə uzaq oldu.
Bu, deyəsən, dünyada
ən uzaq yoldu...
...Bir andaca
göyə hopmuşdu mavi gözlərinin rəngi.
Dənizi yun kimi didirdi
mübarizəsi-cəngi.
Balacalanıb taxta çarpayıya sığmışdı
şerimizin nəhəngi…
…şair qocalmır,
ömrü bir yaz olur qurtarır.
Şair ölmür,
qara qələm kimi yazılır qurtarır.
Nə qəribədir insan hafizəsi – o günün bir çox təfərrüatını
sanki yuxu tək xatırlayıram, cizgiləri süd dumanı içində əriyib
itir, amma bəzi şeylər dupduru, apaydın qalıb. Yadımdadır
Qabil siqaret çıxartdı, sonra birdən cənazə olan otağa tərəf
baxıb:
–Burda çəkmək olar? – deyə soruşdu.
–Nə qəribə söz danışırsan, indi onunçün nə təfavütü var
çəkdin, çəkmədin.
Qabil:
–Bağışla, Anar, sən Allah, bağışla, – dedi, – heç fikirləşmədim.
Yadımdadır, xidmətçi qadın atamın şeylərini yığışdırırdı.
Sarı papkasını, tranzistorunu, bir ovuc dava-dərmanı – bu
dərmanlar daha ona gərək deyildi.
Yadımdadır ki, uzun müddət Mərdəkandan çıxa bilmirdik.
Baş həkim deyirdi ki, xüsusi icazə kağızı olmasa, cənazəni
buraxa bilmərəm. Elçin Səhiyyə Nazirliyinə, MK-ya, Nazirlər
Sovetinə zəng eləyir, heç kəsi tapa bilmirdi, hamı Elmlər
129
Akademiyasında hansısa iclasda idi.
Nəhayət, baş həkim bizi buraxmağa bir şərtlə razı oldu:
cənazəni təcili yardım maşınında, həm də evə yox, Bakıdakı
Leçkomissiya xəstəxanasına aparmaq şərtilə.
Yola çıxdıq. Mən Hüseyn Abbaszadə və Elçinlə bərabər
Sabir Azərinin maşınına mindik.
Bakıda Nərimanov prospektindəki xəstəxananın qabağına
gəldik. Darvazanın ağzında dayandıq. Atamın cənazəsi –
darvazanın qabağında dayanmış təcili yardım maşınında, anam
isə ondan yüz metr masafədə, binanın içində üçüncü mərtəbədə
idi. Tapşırdıq ki, xəstəxanada xəbər yaymasınlar, anam hələ
bilməsin.
Cənazəni evə aparmaq üçün icazə kağızı gözləyirdik. Heç
kəs bu problemi həll edə bilmirdi. Elçin Akademiyaya getdi ki,
məsələni həll edə biləcək adamlarla danışsın.
Acı külək əsirdi. Maşında oturmuşdum – nə göz yaşım
qalmışdı, nə sözüm. İçərimdə sonsuz bir boşluq hiss edirdim.
Ürəyim elə bil daşlaşmışdı. Heç nə duymurdum – nə təəccüb,
nə ağrı, nə dərd... Yalnız gözləyirdim, bir saat – saat yarım
gözlədik, amma o gün –həyatımın ən uzun günü (doğrudan da,
"gün var, əsrə bərabər") sanki bir neçə gün uzunluğundaydı,
hər dəqiqə, hər saniyə elə bil olduğundan üç dəfə, beş dəfə
uzun çəkirdi. Nəhayət, Elçin qayıtdı. Lazımi göstərişlər
verilmişdi. Atamgilin evlərinə yollandıq.
Bu ev üç dəfə yas yeri olmuşdu – iki nənəm və Turə
rəhmətə gedəndə. İndi dördüncü dəfə burda hüzr başlanırdı –
çöl qapısı taybatay açılmışdı, qonşulardan stul daşıyırdılar,
güzgülərin üstünə örtük çəkilmişdi, qapının ağzında,
pilləkanda, dəhlizdə çoxlu adam vardı, amma bütün bu kişi
sifətləri içində o an mən yalnız oğlum Turalın sifətini gördüm;
həyatında ilk və qəfil sarsıntıdan quruyub-qalmış sifətini...
Cənazəni həmin o böyük otaqda qoydular, o otaqda ki, orda
haçansa, yox haçansa niyə, cəmisi bir neçə gün bundan qabaq,
kresloda, televizorun qarşısında oturmuşdu, əynində pijama
130
şalvarı, yaşıl yun cemper. Ekranın qabağında oturmuşdu,
gözlərini yummuşdu.
Adamlar gəlirdilər. Hər gələn – anımlar zənciriylə bağlı idi,
neçə-neçə xatirəni dartıb çıxarırdı yaddaşımdan.
Balaca cürübbəz bir kişi daxil olur otağa. Mürvətdir, atamın
ensiklopediyada sürücüsüydü...
…bir dəfə Mürvət mənə təklikdə şikayətləndi ki, atam
onunla pis rəftar edir, yeri gəldi-gəlmədi acıqlanır...
…Bir də o yadıma düşür ki, Mürvət həmişə deyərdi: təki
bircə bu kitabımız çıxsın (Ensiklopediyanın birinci cildini
nəzərdə tuturdu)...
…bir də yadımdadir, Təranənin toyunda Mürvət içib sərxoş
olmuşdu, tullana-tullana oynayırdı, ortalıqdan çıxmaq bilmirdi,
elə hamıya xəbər verirdi ki, "mənə də "Cin Mürvət" deyərlər",
atam da əsəbləşirdi, "bədbəxtin oğlu lap özünü biabır elədi" –
deyirdi...
...və o zamandan, ensiklopediya illərindən sonra Mürvəti
görməmişdim, neçə ildi qapımızı açmamışdı, indi ölüm
xəbərini eşidib gəlmişdi. Mənə yaxınlaşdı, əl verdi, için-için
ağladı, "çox xozeyinim olub, – dedi, – amma əsl kişi bir onu
gördüm"...
Abbas Zamanov gəldi.
...1942-ci ildə Kerç yolunda, gəmilərini alman təyyarələri
bombalayanda atam ona deyib ki, bir butulka tap.
–Butulkanı neynirsən?
–Sənin işin deyil, dedim tap, tap!
"Tapdım gətirdim, bir kağız yazdı, şüşənin içinə qoydu,
sonra butulkanın ağzını bərk-bərk bağlayıb dənizə atdı, yəni ki,
bizim başımıza bir iş gəlsə, bəlkə haçansa kimsə bu butulkanı
tapdı... Amma kağızda nə yazmışdı, bilmirəm"...
Müharibə illərində, sonrakı illərdə də (və bu gün mən əlavə
edə bilərəm – 81-ci ilin 1 aprel günündən sonrakı aylarda,
illərdə də!) Abbas Zamanov atama etibarlı dost idi. Atam da
onu çox istəyirdi, amma bəzən onunla kobud da danışırdı,
131
sözünü kəsirdi, acılayırdı.
İndi Abbas Zamanov oturub yanımda, ağlayır, cənazəyə
baxır:
–Kaş bircə dəqiqəliyə duraydı, – deyir, – əvvəlki kimi məni
acılayaydı...
Teymur Əliyev gəlir. Teymur müəllimin radio komitəsində
sədr olduğu illər və mənim orda işlədiyim o bir il yadıma
düşür. Onün təşəbbüsüylə yaranan "Axşam görüşləri" verilişi –
bu verilişin redaktoru mən idim, atamın bu verilişə başlıq kimi
"Axşam görüşləri" adlı şer yazması, Tofiq Quliyevin həmin
şerə mahnı bəstələməsi, Şövkət Ələkbərovanın ifasında həmin
mahnını ilk dəfə Teymur müəllimin kabinetində dinlədiyimiz
gün yadıma düşür. O gün atamın üzünün ifadəsi gözümün
qarşısında dayanır.
Təzə-təzə adamlar gəlir, onların arasında atamın
sevmədikləri və atamı sevməyənlər də var, amma qəribədir ki,
bu dəqiqələrdə onlar da mənə əzizdir, onlar da qəlbimi
titrədirlər... Səbəbini anlayıram; axı onlar da atamla
əlaqədardırlar, onlar da anımlar zəncirinin hələqələridir, hər
biriylə əzablı, ya əyləncəli xatirələr bağlıdır. Onlar da atamın
həyatının, taleyinin müəyyən səhifələri, saatları, günləridir,
əsəbilikləri, inciklikləri, narazılıqlarıdır. İndi bütün bu sifətlər –
dost sifəti də olsa, yad sifəti də – keçmişin qəlpələridir. O
keçmişin ki, orda atam diridir, sevinir, dalaşır, atışır, barışır.
O biri otağa keçirəm. Fidan qəribə söz deyir.
–Mən eşidəndə elə bildim ki, siz yanına gələnəcən keçinib.
Tək, özgə, yad adamların içində. Sonra biləndə ki, siz
yanındaymışsınız, elə bil bir balaca təsəlli oldu mənə…
Bu fikri sonralar mənə Ənvər Məmmədxanlı da dedi: – Nə
yaxşı, axır dəqiqələrində sən yanında olmusan.
"Nə yaxşı" – nə acıdır bu söz…
Soruşurlar:
–Ölüm qabağı bir şey dedimi?
Yaxın adamlar da soruşur, uzaqlar da...
132
–Yox, – deyirəm, – heç nə demədi, heç nə deyə bilmədi.
Yalnız ölümündən beş-altı dəqiqə qabaq başıyla, gözləriylə
işarə elədi: yaxşıyam...
–Nigara nə deyiblər, Moskvaya niyə getmədiyimizi necə
izah ediblər?
–Deyiblər ki, sənin təcili işin çıxıb, gedə bilmirsən. O da
deyib ki, "bu Anarın heç ipinə odun yığılası deyil, səhər başı
alovlu gəlir ki, axşam gedirik, sonra da fikrini dəyişib; ilim-
ilim itir...".
–Kim var indi yanında?
–Sənubər.
Sənubər anamın dayısı qızıdır, ona tapşırıblar ki, gözdə-
qulaqda olsun, Nigar Rəsulun vəfatından xəbər tutmasın.
Təranə:
–Bəs indi neyləyək? – deyir, – haçan, necə getsin
Moskvaya?
–İndi bunun heç bir əhəmiyyəti yoxdur, – deyirəm, – hər şey
bitdi...
Fidan kəskin şəkildə:
–Niyə onu vaxtından qabaq basdırırsan? –deyir, – Nigar
hələ sağdır və onu xilas etmək lazımdır.
Əlbəttə, haqlıdır Fidan. Bu günün sarsıntısından sonra
birinci özünü ələ alan odur, mənim bütün fikirlərim, hisslərim
keyləşib, donub, buz bağlayıb və məndən beş yaş kiçik bacım
məni bu vəziyyətdən çıxarır, silkələyib ayıldır sanki; anam hələ
sağdır, onu yaşatmaqçün mümkün olan hər şeyi eləməliyik.
Amma əlbəttə, o da var ki, nə Fidan, nə Təranə, ümumiyyətlə
heç kəs, mən biləni bilmir – Elmira Rəfibəylinin heç bir güman
yeri qoymayan sözlərindən, həkimlərin qəti diaqnozundan,
Nacarovun bu diaqnozu yüz faiz təsdiq etməsindən
bixəbərdirlər. Gizlətmişəm hamıdan, həkimlərdən də xahiş
eləmişəm heç kəsə deməsinlər...
Kimsə təklif edir:
–Bəlkə heç Moskvaya aparmaq lazım deyil, Moskvadan
133
həkim çağırmaq olar?
...və biz – elə atamın öldüyü gün bu istiqamətdə fəaliyyətə
başlayırıq, cənazəni qoyduğumuz otaqdan müxtəlif yerlərə
zəng vururuq ki, Moskvadan həkimlərin çağırılmasını təşkil
edək…
Dünyada nə əcaib peşələr varmış! Allah adamı bu peşələrlə
tanışlıqdan uzaq eləsin. Amma ölümsüz həyat mümkün
olmadığı kimi, bu peşələrsiz də insanlar keçinə bilməzlər.
"Keçinmək" sözünün hər iki mənasında.
Tabut düzəldən, qəbir qazan peşələri məlumdur, amma sən
demə, cənazəyə qulluq eləyən, ona iynə vuran, onu neçə gün
saxlayan peşəkar da varmış. Ölünün üzündən maska çıxarmaq
da hər adamın işi deyilmiş, bunun da xüsusi mütəxəssisi
varmış.
Bütün bu adamları hardansa tapırlar, gətirirlər; bu "ölüm
xidmətçilərinin" nə qəribə sifətləri var, ya bəlkə mənim
nəzərimdə elədir, onların nə peşə sahibi olduqlarını biləndən
sonra özlərinə də, üzlərinə də ayrı gözlə baxıram. Mənə elə
gəlir ki, bu adamların sifətində nə isə başqa bir dünyanın
nişanələri, işarələri var, elə bil batıq, çuxur gözlərinə, solğun
bənizlərinə – ayrı bir aləmin, yoxluq, heçlik aləminin soyuq
işığı düşüb. Elə bil bu adamlar – bizim, dirilərin arasında ölülər
dünyasının elçiləridir.
Bunu, bildiklərindənmi, ya da elə belə, sadəcə olaraq
peşələrinin insanı eyməndirən tənhalığını çoxdan dərk
etdiklərindənmi – heç kəslə qaynayıb-qarışmırlar, kirimişcə bir
qıraqda dayanıb gözləyir, işlərini görüb qurtarandan sonra
haqlarını alıb elə beləcə də səssiz-səmirsiz qeyb olurlar. Elə bil
bu adamlar həyat və ölüm haqqında bizim heç birimizin agah
olmadığı mübhəm və müdhiş bir sirri bilirlər...
Gecənin gec saatıdır, hamı dağılışıb, ancaq özümüz qalmışıq.
Hamımızın başında bir fikir dolaşıb-neyləyək, anama necə
deyək, nə sayaq çatdıraq. Aydındır ki, dəfndə iştirak edəsi
134
halda deyil – iki addım atmağa taqəti yoxdur.
Beləysə, dağın üstünə dağ çəkəkmi? Öz ağır xəstəliyinə bu
itkinin çəkilməz yükü də əlavə olunsun, həm də dəfn gününün
vaxtını, saatını bilib ərini basdıra bilməsin, yasını, matəmini
xəstəxanada, yad adamların içində tutsun? Əgər sağalmasına
cüzi bir ümid varsa, bu dərdin acı ruzigarı o zəif çırağı da
keçirməzmi?
Yaxşı, ona deməsək, ondan gizlətsək necə? Və gizlətsək nə
müddət gizlədə biləcəyik? Necə, nə sayaq? Bir gün – gec-tez –
biləndə bunu bizə bağışlayarmı?
Qoca qarılar xeyir-dua verəndə bəzən belə ifadə işlədirlər
"görüm səni neyləyim, necə eləyim deməyəsən" – Məhz bu
vəziyyətdə idik indi. Bilmirdik neyləyək, necə eləyək.
Nigar xala
niyə demədim sənə:
–Rəsul öldü
Niyə aldım əlindən
neçə il bir yastığa baş qoyduğun
acıdil, alagöz ərinin üstündə
dil deyib,
diz döyüb
ağlamaq haqqını?
Eh, Nigar xala...
eh, Rəsul əmi...
Fələk də ayıra bilməzdi sizi
bu dünyada
bir-birinizdən.
İndi o dünyada
Necə tapacaqsınız bir-birinizi!
Necə tapacaqsan, Nigar xala,
sən onun ölümündən,
o sənin ölümündən xəbərsiz!
Necə
necə Nigar xala?
135
Bəlkə gəldiyimiz bir dünyada
unutduğumuz tək
getdiyimiz dünyada da unuduruq
gəldiyimiz bu dünyanı?
Hələ soyumamış meyitinin yaddaşından
çıxmayıb ki, Rəsul əmi?
Yerişi ağır, ayağındakı yaradan azacıq axsaq,
oturuşu xan oturuşu,
ürəyi pambıq,
dili bıçaq,
gözləri ala
Görəndə tanı,
tanı, Nigar xala
Nigar xala...
Vaqif Səmədoğlu bu yanıqlı misraları sonralar yazdı, amma
o günlər həmin çətin problem-məhz bizim problemimiz idi:
deyib-deməmək qərarını biz verməliydik.
–Hər halda dəfnə qədər bilməsin, – dedik, – sonrasına
baxarıq.
Əgər yanına gedib-gəlməsəydik,
şübhələnəcəkdi.
Ömrümüzün bu çətin çağında bacılarım dözüm və rəşadət
örnəyi oldular. Mən bir daha əmin oldum ki, qadınlar kişilərə
nisbətən daha böyük iradəyə, gücə, səbrə malikdirlər. Həm də
onlar–anasının qızları idi, ən ağır dəqiqələrdə təmkinlərini
saxlamağı bacarırdılar. Atamın ölümündən elə bircə gün sonra
matəm izlərini silib təmizləyib dodaqları təbəssümlü anamın
palatasına girə bildilər, ona "atamdan salam" yetirdilər, mənim
gəlməməyimin səbəbləri barəsində nə isə bir əfsanə
uydurdular.
O gecə təbii ki, gözümü yuma bilmədim. Arada bir-iki
dəqiqəlik huşum yuxuya yuvarlananda, mənə elə gəlirdi ki, heç
bir şey olmayıb, hər şey əvvəlki qaydasındadır, indi də yuxuda
deyiləm, oyağam və atam da sağdır, ölümü-vahiməli yuxudur,
məni qara basıb, vəssalam, amma dərhal, həmin andaca
136
ayılırdım, dərk edirdim ki, yox, yuxu onun diriliyi imiş, ölümü
isə yuxu deyil, acı, qaçılmaz həqiqətdir, o biri otaqda, masanın
üstündə atamın cənazəsidir, iki gündən sonra isə bu evdə heç
cənazəsi də qalmayacaq. Qırx dörd il sahibi olduğu bu evdə
keçirdiyi son iki gecədən-birincisidir.
Səhərisi gün matəmlə, dəfnlə əlaqədar yüz cür işə qarışdı
başımız-bəlkə də bu qədim adət-ənənə – yasla bağlı qayğılar –
qalanlarçün müdrik bir xilas vasitəsidir. İtkinin ən yandırıcı ilk
günlərində bütün bu cari və vacib işlər səni öz dərdinlə,
fikirlərinlə, içərinlə baş-başa qalmağa qoymur...
Moskvadan Əkrəm zəng elədi, başsağlığı verdi, "əlbəttə,
belə bir gündə mən gərək sənin yanında olaydım" – dedi.
Rəsul Rzanın ölüm xəbəri məni dərindən kədərləndirdi. Biz
böyük söz ustasını və müdrik sənətkarı itirdik. Mən Rəsul
müəllimi yaxşı tanıyırdım. Moskvadakı çoxillik görüşlərimiz
zamanı o mənim ən yaxın həmsöhbətim idi. Onun parlaq
xatirəsi önündə baş əyirəm.
Çingiz Aytmatov.
Böyük sənətkarın, əlçatmaz ustadın yaratdığı şer və
poemalar sosialist mədəniyyəti tarixinə, minnətdar oxucuların
yaddaşına əbədi həkk olub. Sizinlə birlikdə bu ağır itkiyə
dərindən kədərlənirik, Kommunist Partiyasının sədaqətli oğlu,
böyük yazıçı və insan Rəsul Rzanın işıqlı xatirəsi bizim
qəlbimizdə əbədi yaşayacaqdır.
Şərəf Rəşidov, Daşkənd.
...Yarım əsrdən artıq duz–çörək kəsdiyim böyük şairin,
mübarizə, məslək yoldaşımın və qardaşımın, ehtiraslı həyat
vurğununun həyatla birdəfəlik vidalaşmağına inanmaq, bu ağır
qüssəyə dözmək nə qədər çətindir. Rəsul Rzanın adı, Rəsul
Rzanın böyük sənəti, gözəllik, mərdlik, cəsarət, həyatı idrak
poeziyasının əbədi, ölməz rəmzidir.
Mirzə İbrahimov,
137
Moskva.
...Çox ağır bir xəbər mənə də çatdı: mənim istəkli dostum
Rəsul bizi tərk etdi. Dərindən kədərlənirəm, təəssüflənirəm ki,
bu günlərdə bir yerdə olub kədərinizi bölüşə bilmirəm. Rəsul
Rza ölməzdi, o əbədi dost və əbədi şairdir. Onun xatirəsini
həmişə qəlbimdə yaşadacağam.
Rəsul Həmzətov,
Mahaç-Qala.
...Şərq xalqlarının parlaq poeziya ulduzu söndü. Böyük
şairin və insanın böyük, xeyirxah ürəyi susdu. Azərbaycan
xalqının mədəniyyətinə əvəzolunmaz itki üz verdi, onun dostları
yetim qaldı. Əlvida, Rəsul, əlvida, əlvida...
Qara Qarayev
Moskva
Bizə xəbər verdilər ki, Moskva həkimləriylə danışıblar.
Sabah uçurlar, dəfndən sonra, axşam Bakıda olacaqlar.
Dəfn sabah – aprelin 3-də, saat 16.00-dadır.
Axşam 9-da respublika televiziyası nekroloq verdi. Səhərsi
gün nekroloq qəzetlərdə də çap olundu.
Qəzetlərdə rəsmi bildirişdən, nekroloqdan, başsağlıqlarından
başqa, bir neçə yazıçının vida sözləri də dərc olunmuşdu.
Mən Rəsul Rza barədə düşünürəm, onun işıqlı simasını
gözlərim qarşısına gətirirəm və təskinliyi onda tapıram ki,
Rəsul Rzanın güclü istedadı bütün ömrü boyu eyni təravətlə
yaşayıb-yaratdı. O, sözün əsl mənasında, novator şairdir və
onun yaradıcılığı – sovet mədəniyyətinin zirvələrindən olmaqla
bərabər, Azərbaycan xalqının milli koloritilə, milli
poeziyamızın ən yaxşı ənənələri ilə son dərəcə sıx surətdə bağlı
idi.
...Mən təskinliyi onda tapıram ki, Azərbaycan sovet
poeziyasının yüksəlişində,
şerimizin zənginləşməsində,
saflaşmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır.
138
Onun poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə,
ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğub
mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır...
...Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi
ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq.
İlyas Əfəndiyev
...Bu gün tabutu qarşısında baş əydiyimiz Rəsul Rza
xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri idi. O, həm
sənətdə, həm də həyatda həmişə öz yolunu getdi, həmişə öz
qəlbinin sözünü dedi. Biz onda heç bir yarımçıqlıq görmədik.
O, sözündə də bütöv idi, əməlində də. Nifrətində də bütöv idi,
sevgisində də.
Həm ölməz əsərləri, həm də şəxsiyyəti ilə ölməzlik qazanmış
qüdrətli sənətkarımızın ölümü onun ölumünün deyil,
ölməzliyinin təsdiqidir...
Bəxtiyar Vahabzadə.
...Rəsul Rza xalqının ağlının, şüurunun fəlsəfəsinin, milli
varlığının təcəssümü olan çağdaş şerimizin ən yüksək dağ
zirvələrindən biridir...
…Rəsul dünən, bu gün olduğu kimi, "yarın da mübarizələrin
ön sırasında" dayanacaqdır.
Rəsul, qardaşım! Mən sənə "əlvida" demirəm. Çünki sən
bizimlə də, bizdən sonrakılarla da çiyin–çiyinə yaşayacaq,
insan səadəti, insan ləyaqəti uğrunda döyüşlərini davam
etdirəcəksən.
Abbas Zamanov.
Rəsul Rza onu yetirən Azərbaycan torpağına bənzəyirdi. Bu
torpağın nadir möcüzələrindən biri idi...
Xəlil Rza.
Aprelin 2-də səhər tezdən onun iş otağına girdim.
...Ölülər geri dönə bilsəydi.
139
Mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə dincələrdim...
...O otağa yığmışdıq Mərdəkandan gətirdiyimiz şeylərini. O
sarı papka da burdaydı. Bilirdim ki, pasportu, sənədləri bu
papkanın içindədir.
Həm sənədlərini götürməliydim, həm də son kağızlarını
gözdən keçirmək istəyirdim – bəlkə elə bir sözü, arzusu,
vəsiyyəti var ki, hökmən indi, dəfnəcən bilməliyik.
Papkanın içində qələmləri, elektrik ülgücü, odekalon,
pasport, tibb kitabçası, oxuduğu son kitablar və uzunsov bir
dəftər vardı.
Bu dəftərə axırıncı şerlərini yazmışdı, məhz elə bu şerləri
"Azərbaycan" jurnalına, Əkrəm Əylisliyə göndərmək
niyyətində idi.
Şerləri oxumağa başladım. Müharibə illərinə aid silsilə idi.
Görən, niyə görə ömrünün bu son günlərində, yaxın
adamlarından ayrı, təklik, yalqızlıq içində, xəstə arvadının
nigarançılığını çəkə-çəkə, məhz o uzaq müharibə illərini
yaşayırmış
xəyalında,
şerlərində o dövrü, Krımı
canlandırırmış?
Novorossiyskdən çıxdıq
üzü Qara dənizə.
Qırx ikinin birinə açılan
gecə.
Köhnə "Quban" gəmisində.
Səfərlilər həmvətənlərim,
Yolumuz – gerisiz.
Vətən adından səfərbərdik
biz
Bir parça kağıza yazdım:
"Qara dəniz Qırx ikiyə açılan gecə.
Rəsul Rza, həmvətənlərilə".
Bərk bağladım
şüşənin ağzını
140
"Ya bəxt" – deyib, atdım dənizə...
Şerləri oxuyuram və birdən öz adıma ilişib diksinirəm:
Xəyalımda
gözü yaşlı,
sinəsi ahlı,
dili gileyli
anamı görürəm
Analar anası!
Bir də hər dərdimə,
qayğıma şərik
sadiq ömür sınağımı, həyanımı,
Nigarımı,
Şairə anasının qucağında
üç yaşlı oğlum Anar,
gözləri yol çəkimli.
Göy öskürəkdən
dodaqları qançır.
Kimə yaxınlaşsa
ondan uzaq qaçır...
Demək, bu son günlərində, İçəri dünyasında – xatirələr,
poeziya dünyasında – mən də varammış xəyalında, gözləri
qarşısında, mən də dayanmışammış, amma indiki, qırx üç yaşlı
mən yox, üçyaşlı uşaq. O göy öskürəkli uşaq ki, ondan hamı
uzaq qaçırmış...
Qəhər məni boğurdu, səhifələri bir–bir uda–uda son vərəqə
çatdım.
Son vərəqə – son şeri yazılmışdı. Yarıməsrlik yaradıcılıq
yolunun son yazısı.
Şerin altında tarixi yazılmışdı – 31 mart 1981, Mərdəkan.
Xəstələr evi.
31 mart-ölümündən bircə gün qabaq.
Ölümündən bircə gün qabaq dediyi son söz:
Ömrün qəmli günlərindəyəm
Xəstəliyin ucundan,
141
qocalığın üzündən.
Həkim deyir:
yorulub ürək.
Deyirəm:
yorulmusan, ürəyim
Keçən günlər gözümdə
bir xəyal dünyasıdır.
göynədir göyüm-göyüm.
O günlər-doğmam idi,
Bu günlərim – ögeyim.
Günlər var çeşid-çeşid;
inciklisi bu yanda,
Fərəhlisi o yanda
Belə olurmuş demək
ömrün-günün sonunda.
…və birdən-birə mən bütün əyaniliyiylə o günü, o axşamı,
ömrünün son axşamını gördüm; bizsiz–övladlarsız, Nigarsız,
yad adamların arasında, xəstələr evinin adamın ürəyini
qaraldan qüssəsi içində ... Qərib Abşeron axşamının
alatoranlığı, hardansa, uzaq pəncərələrdən ögey işıqlar süzülür
və atam da çox aydın başa düşür ki, bu – axırdır, ömür yolunun
ən son mənzili, ən son günləri, ən son metrləridir və bütün
keçmiş həyatı kino lenti kimi İçəri dünyasının ekranından axıb
gedir – müharibə, şerlərində həkk olunmuş dava günlərinin
təəssüratı və bütün başqa günlərin anımları və o anımlar, o
təəssürat, o səhnələr, fikirlər, obrazlar ki, – daha onları
poeziyada əks etməyə möhləti qalmayıb.
...amma bəlkə də bütün bunları yox, keçmişi yox, ötənləri
yox, gələcəyi düşünürmüş və bu gələcəkdə də ancaq heçsizlik,
qaranlıq, sükut var.
Sağlam, gümrah, cavan vaxtlarında tənhalığı, yalqızlığı bu
qədər çətin keçirən adam ömrünün son, ən dəhşətli yalqızlığına
necə dözüb, görəsən?
Ömrünün son gününün bu sonsuz kədərini, qüssəsini,
142
həsrətini hansı möcüzəvi iradəylə poeziyaya çevirə bilib, həyat
təcrübəsinin müdrikliyini, şerin xilasedici məlhəmini necə
saxlaya bilib?
Bu misralar insanın zəifliyi deyil, şairin güclülüyüdür.
Fərdin məğlubiyyəti yox, sənətkarın qələbəsidir, şəxsiyyətin
təslimi yox, yaradıcının yenilməzliyidir. Bədbinliyin şer
ecazıyla dəf olunmasıdır. Ən ağır, ümidsiz dəqiqələrində şerə
tapınan adam bədbinliyi də, ölümü də, heçsizliyi də üstələyir.
Özü gedirsə də və getdiyini açıq-aydın bilirsə də, sözünü,
fikrini insanlara qoyub gedir.
Belə olurmuş, demək
ömrün-günün sonunda...
Nə göz yaşı var bu misralarda, nə giley-güzar, nə etiraz.
Ancaq həyatın faciəvi gərdişinin sakit, müdrik təsdiqi var:
"Belə olurmuş demək..." Elə bil ki, o taydan, həyatla ölüm
sərhədinin o tayından, bu sərhədi keçmiş adamın o tərəfdən
söylədiyi sadə, adi bir həqiqət var bu sətirlərdə: TBelə olurmuş
demək…U
Ölüm, sən demə, belə imiş – sakit, səssiz, qaçılmaz.
"Belə olurmuş demək..."
Son şerlərindən birini "Ədəbiyyat və incəsənət" qəzetinə
göndərdim. İstəyirdim ki, rəsmi yazıların, vida sözlərinin
içindən onun öz səsi də gəlsin. İstəyirdim ki, dəfnində də hələ
heç kəsin bilmədiyi, eşitmədiyi, oxumadığı şeri səslənsin.
Özü olmayandan sonra da adamlar onun yeni bir şerini
dinləsinlər; elə bil yenə bizimlə danışır!
Aprelin 3-də cənazəni Filarmoniyanın səhnəsində qoydular.
Qohumlar, tanışlar, müxtəlif adamlar salonda oturmuşdular.
Radiodan öz səsi yazılmış lentləri gətirdilər – şerlərini
oxuyurdu, qəmli musiqi parçaları çalınırdı.
Tabutun dövrəsindən dəstə-dəstə adamlar keçirdi. Tabut
gül-çiçəyə qərq olmuşdu.
Güllərin altında qalmışdı ölüm...
Çiçək tabutunda təngnəfəs olub,
143
elə bil saralıb solmuşdu ölüm...
Gözləri dolmuşdu qızılgüllərin,
işığı sönmüşdü qərənfillərin...
Səni tanıyandan bəri,
belə dərdli,
belə yazıq görməmişdim çiçəkləri.
Səni addım-addım güdmüşdü ölüm...
İndi, günorta vaxtı gül-çiçək içində itmişdi ölüm.
Tünlükdən qorxub
elə bil harasa getmişdi ölüm,
Bir azdan... bir azdan qayıdacaqdı.
Səni tanıyandan bəri
Belə dərdli görməmişdim çiçəkləri…
Fəxri qaravulda dayanan güllər
Gizli-gizli, xısın-xısın ağlayırdı,
Fəxri qaravulda dayanan Vətən
Səni çiçəklərlə qucaqlayırdı.
İsa İsmayılzadənindir bu misralar. Filarmoniya müdirinin
kabinetinə keçdim. Niyazi məni görüb qucaqladı, ağlamsındı.
–Qırx iki il bundan qabaq, bax, həmin bu kabinetdə
oturmuşdu Rəsul, – dedi, – bax, həmin o stolun dalında.
Filarmoniyanın direktoru idi. Mən də bədii rəhbər işləyirdim,
mən də o biri – otaqda otururdum. Lap cavan idik, elə də
mehriban dost idik ki, o illər... heç ağlıma gələrdi ki, bir gün
onu bax bu binadan götürəcəklər?
Tofiq Quliyev yanaşdı mənə...
...çox illər bundan qabaq, uşaq vaxtı, atamla
Moskvadaydım.
Mehmanxanadakı nömrəmizə bir gün Tofiq Quliyev gəldi.
Mahnılarını çox xoşladığım bəstəkarın özünü ilk dəfə
görürdüm. Özü heç mahnılarına oxşamırdı. Mahnıları şən,
nikbin, gümrah idilər, özünün isə sifəti yorğun, gözləri qəmli
144
idi... Atamın xahişilə pianonun arxasına keçdi, ən yaxşı
mahnısını – "Qızıl üzüyü" çaldı. Atamın sözlərinə yazmışdı bu
mahnını.
Sonralar da atamın sözlərinə mahnılar bəstələdi. Atam Tofiq
Quliyevin təklifiylə Bakı haqqında bir neçə mətn yazmışdı. Bu
mətnlər neçə il idi ki, T.Quliyevdə idi. Elə hey deyirdi ki,
musiqisi hazırdır, bu yaxında ifa ediləcək. Yalnız atamın
ölümündən sonra bu mahnılardan birini üzə çıxartdı. Atama
həsr olunmuş verilişdə T.Quliyevin özünün pianoda müşayiəti
ilə Akif İslamzadə oxudu.
Danış, danış, Qız qalası,
Ellər sənə qulaq asır.
Axşamların həzin olur,
Yoxsa sükut bəsin olur?
Mən bu şeri bilmirdim, eşitməmişdim, oxumamışdım, amma
yüz şairin şeri içindən: "Qız qalası – qulaq asır, həzin olur –
bəsin olur" qafiyələrinin atamın olduğunu tanıyardım.
Filarmoniyanın foyesində mənə müxtəlif adamlar yanaşır,
başsağlığı verir, təskinlik sözləri deyirdilər.
Bir nəfər:
–Deyirlər, vəsiyyət eləyibmiş ki, Göyçayda basdırasınız,
düzdür? – deyə xəbər alır.
–Yox, – deyirəm, – belə vəsiyyəti-filanı olmayıb.
Ümumiyyətlə, heç bir vəsiyyət-zad eləməyib. O ki qaldı
Göyçayda basdırmağa, bu barədə özü yazıb da: "Demirəm
Göyçayda basdırın məni...".
Başqa birisi yanaşır:
–Deyirlər sən içini yeyirsən ki, Nigar xanımı Moskvaya
aparmağınız xəbərini niyə dedim atama. Ürəyivə salma.
–Baş üstə, – deyirəm, – salmaram.
Dəfn günü bir yoldaş mənə:
–Matəm mitinqində o şerin oxunması məsləhət deyil, – dedi.
–Niyə?
–Bədbin şerdir.
145
–Məgər matəm mitinqində nikbin şerlər oxunmalıdır?
Sonra həmin adam mənə belə bir sual verdi:
–Sən necə bilirsən, bu Rəsul Rzanın ən yaxşı şeridir?
–Bilmirəm ən yaxşısıdır ya yox, amma bu Rəsul Rzanın son
şeridir.
Belə qərara alındı ki, mitinqdə Cabir Novruz çıxış edən
zaman bu şeri oxusun.
Oxudu da…
Amma...
...Zen-buddizm fəlsəfəsinin ən əsas və mənim fikrimcə, ən
dürüst müddəalarından biri belədir ki, həqiqət adama birdən-
birə, qəfilcən aşkar olur, sanki bir an içində insanı öz işığına
qərq edir və bütövlüklə, bütün dərinliyiylə insan tərəfindən
dərhal dərk edilir.
Cabir Novruz matəm mitinqindəki çıxışının axırında atamın
həmin o dediyim şerini oxudu:
Olmasın, olmasın
könül qaranlığı.
Ömrün qəmli günləri,
damcı-damcı süzülür
arzuma-ümidimə.
Arxada qalan illər
incikli yollar boyu
uzaqlaşıb qərq olur
xatirələr gölünün
dumanlı sükutuna.
Hər gün yaxınlaşdırır
Axır mənzilə bizi.
Sahilini göstərir
artıq ömür dənizi.
O sahildə nələr var,
varmı xəbər gətirən,
ordan geri qayıdan!
Nə yel qanadlı bir quş,
146
nə təyyarə, nə tren...
Ömür bir küçədir ki,
bir tərəfli hərəkət
onun sərt qanunudur...
...Günlər onu
hər qarış udur…
...və bu an birdən, qəfilcən mən amansız bir həqiqətin çılpaq
sərtliyini duydum. Dərk etdim ki, cəhdlərimin hamısı əbəs
imiş. Bu şer güman ki, heç kəsin qəlbini tərpətmədi.
Məhz o anlarda, o dəqiqələrdə dərin və acı bir gerçəklik
gözlərim qarşısında dibsiz uçurum, yarğan, girdab kimi açıldı.
Atam bir şerində "anlamaq dərdi" ifadəsini işlədib.
"Qınamayın İsgəndəri, yaman olur anlamaq dərdi". Amma
"anlamaq dərdindən" də yaman dərd varmış: "Anlanılmamaq
dərdi"...
Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi –
sadə, yaxşı...
...Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin.
Yox, nəyə gərəkdir!
Mən sağlığımda çox gülmüşəm,
çox ağlamışam.
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
147
qayıdanda geri
açın, taybatay açın
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan.
Elə çıxın ki, sükut oyanmasın....
... Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...
"Mən xoşbəxt olardım tabutumu özüm apara bilsəm!" - bu
sözlərdə Rəsul Rzanın bütün təbiəti ifadə olunub – məğrurluğu,
tənhalığı, hikkəsi...
Dostları ilə paylaş: |