***
193
Bu məqalədən sonra qəzetlərdə, jurnallarda anamın əleyhinə
dalbadal şerlər, yazılar çıxmağa başladı. Belə yazıların altında
bir çox tanış imzalar var. Anam: "Amma Cəfər Cabbarlıyla
Səməd qol çəkməmişdilər", – deyirdi.
Məqalələrin birinin altında atamın da imzası olub. Atam özü
bu barədə belə yazır:
"1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum. O
zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər
ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata
dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar.
Həqiqət sonra aşkara çıxdı. Gənc şairə özünü ləyaqətlə
aparırdı.
Bu tənqidi məqalələrin birisinin altında başqa müəlliflərlə
bərabər, mənim də imzam var idi, ona görə də indi bu barədə
yazmağı lazım bildim. Qəribə görünsə də, bu hadisə bizi
yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim ədəbiyyata və
həyata olan münasibətimizdə ümumi nöqtələr çoxdur.
Bilmirəm, mən ona necə təsir bağışladım, ancaq o mənim çox
xoşuma gəldi. Görünür, onun da mənə münasibəti pis deyilmiş,
çünki sonralar bizim yollarımız ayrılmadı.
...Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim
üçün xoşbəxtəm".
Mən bu əhvalatı dönə-dönə atamdan da, anamdan da
eşitmişəm, illər keçdikcə bu hadisə onlarçün bir zarafat,
yüngülvari atışma mövzusu olmuşdu. Amma mənə elə gəlir ki,
çox illər sonra da atam hardasa ürəyinin dərinliyində o
imzasının peşmançılığını ovuda bilmirdi. Atam haqqında kitab
yazmış ədəbiyyatşünas-alim Gülrux Əlibəyovanın bir
müşahidəsi çox dəqiqdir: həmin bu hadisəni Rəsul təəssüf
hissiylə, Nigar isə yumorla nəql edirdilər.
Mən həmişə ona təəccüb edirdim ki, "Qızıl gül olmayaydı"
poemasında Müşviq haqqında:
Ona namərd şilləsi kimi vurulan
imzalar içində
194
mənim imzam olmadı –
misralarını yazmağa mənəvi haqqı olan Rəsul Rza, hər zaman
öz imzasının təmizliyini saxlaya bildiyi halda, nə cür olub 30-
cu ildə bu sayaq "kompaniya məqaləsinə" qol çəkib.
Əlbəttə, 30-cu il 37-ci il deyil və ən kəskin tənqidlərdən sonra
belə, hələ heç kəsi tutmur, sürgün etmir, güllələmirdilər.
Sadəcə AZAP-çıların bir çoxu, o cümlədən də, heç şəksiz
atam ideya əyintisi saydıqları hər şeyə qəzəblərində,
hiddətlərində səmimi idilər...
Bir də o var ki, sonrakı illərin sınaqlarında atamın
məhəbbəti, sədaqəti, vəfası və şübhəsiz ki, ictimai mövqeyi
anamı bir çox bəlalardan xilas elədi, qorudu.
Bütün bunlar belədir.
Amma hər halda bu yazıda mən o acı faktın da üstündən
sükutla keçmək istəmədim. Necə ki, atam özü də keçmirdi.
Bir gün hədəf oldun
Qaradan qara böhtana.
Bu ədalətsiz ittihamda
mənim də yaralı payım vardı.
Zaman keçdi, İllər yudu ləkəni
Bilən bildi,
aylarca, illərcə
sən çəkəni, mən çəkəni...
"Maarif evinə – indiki Sabir bağının yerindəydi –
gəlmişdim. Nə isə ədəbi gecə vardı. Əbülhəsənlə tanış idim!
Əbülhəsənin yanında bir cavan oğlan da var idi. Göygöz.
Əbülhəsən təklif elədi ki, şer oxuyum.
–Yox, – dedim, – şer oxumağa gəlməmişəm.
Birdən-birə Əbülhəsənin yanındakı oğlan hələ tanış
olmadığımıza baxmayaraq:
–Nə olsun, – dedi, – şer oxumağa gəlməsəniz də oxuya
bilərsiniz.
Mənə elə gəldi ki, dili ağzında bir az böyükdür. Bu sayaq
təklifsiz söhbətə müdaxilə etməsi də heç xoşuma gəlmədi.
195
Özünü də həddindən artıq tox tuturdu. Bu, Rəsul idi.
Sonralar Rəsul da kinostudiyaya işə düzəldi və orada təzədən
tanış olduq. Bir şöbədə işləyirdik, bir otaqda otururduq, amma
uzun müddət bir-birimizlə danışmağa söz tapmırdıq".
Yuxunu qaçıran mənəmsə əgər,
niyə məndən qaçırsan!
Könlünü dağıdan bu qəm, bu kədər
Mənimsə,
niyə məndən qaçırsan!
Bir kəlmə danışmazsan görsə bir adam
Bəs təklikdə nə üçün
mən sənə yadam!
Mən ki sənin könlündə
yaşayan bir fəryadam,
pərişan halınla
hər məni görcək
niyə məndən qaçırsan?!
Anamındır bu misralar.
"Məni işdən çıxardılar, hər yerdən də əlim üzüldü. O vaxt
həmkarlar ittifaqının sədri işləyən Əliağa Babayevin qəbuluna
getməyi qərara aldım".
(Əliağa Babayev mərhum
kinorejissorumuz Arif Babayevin əmisidir – A.).
"Heç vaxt onun xeyirxahlığını yadımdan çıxarmaram. –
Sənin kimi körpə uşağın üstünə düşüblər? – dedi. Məni
"Azərnəşr"ə işə düzəltdi.
Azərnəşr isə tamam yeni bir aləm idi – poeziya, ədəbiyyat,
gənclik dünyası. Sabit, Müşfiq, Nəzakət burda işləyirdilər".
Alman dili üzrə mütəxəssis Nəzakət Ağazadə anamın ən
yaxın rəfiqələrindən idi. Sonralar Nəzakət xanım dilçi-alim
Əliheydər Orucovun həyat yoldaşı olub. 1979-cu ildə xaricə
turist səfəri zamanı vəfat etdi.
Cənazəni qürbətdən
təyyarəylə gətirdilər,
Qapalı dəmir yatağında
196
vətən torpağına yetirdilər.
Soyuq barmaqlarıyla
yapışdı ürəyimdən
bu dərd mənim, bu qəm mənim,
Nəzakət, Nəzakət,
əziz, mehriban
rəfiqəm mənim...
…Nə ata çörəyi yedik,
nə gördük qardaş sovqatı
Qamçıladı bizi
acı-acı
sərt üzlü yetimlik həyatı.
…Ömrün çətin yollarında
bizə yar oldu Əli, Rəsul
Onlar açıq ürəkli,
qaynar məhəbbətli
gənclər idi,
O zamanlar bizimlə
ünsiyyət bağlamaq
Sadə sevgi deyil
böyük hünər idi
Xatirələr aləminə səsləyir yenə
bu ayrılıq, bu qəm məni,
Nəzakət, Nəzakət,
əziz, mehriban
rəfiqəm mənim...
1934-cü ildə anamla atam evləndilər. Həmişə təbəssümlə
xatırlayırdılar ki, kəbinlərini kəsdirərkən qəribə vəziyyətə
düşüblər, qeydiyyat üçün bir manat vermək lazım imiş, heç
birinin də yanında bir manatı yoxmuş. Bu fakt atamın şerinə də
düşüb.
Xatırladım o əziz günü.
Xoşsifət qadın:
"Bir manatınız yoxdur, – dedi,
197
sonra gətirərsiniz".
Qeyd dəftərində
qoşa imza atdıq biz
Sonra başladı
ayrılıq günləri
acıdan acı.
Sonra başladı
Nigaran qəlbin
ülfət ehtiyacı.
Kəbinlərini kəsdirsələr də, toylarını edə bilməmişdilər.
Bibilərim oxuyurmuş, atamgilin böyük ailələri – anası, üç
bacısı (böyük bacısı Kubra ərdə idi) və özü Birinci Paralel
küçədə iki balaca otaqda yaşayırmışlar.
Anam Moskvaya ali təhsil almağa gedib. Bubnov adına
pedaqoji instituta daxil olub. Bir neçə ildən sonra atam da
Moskvaya növbəti sona yetməmiş ali təhsillərindən birini
almaq üçün yola düşüb.
Toyları 1937-ci ildə fevralın 11-də Bakıda, həmin o Birinci
Paralel küçəsindəki mənzillərində olub. Toyun qonaqları içində
Hüseyn Cavid, Əhməd Cavad, Kazım Ələkbərli, Mikayıl
Müşfiq də vardı.
"Tez-tez düşünürəm ki, yəqin sonralar bizim o toy məclisini
xatırlayırmışlar, yazıqlar".
Söhbətdən yorulur.
–Sən get, – deyir, – bir az dincəlmək istəyirəm. – Sonra
soruşur: – Mərdəkana gedəcəksən?
–Gedəcəm, – deyirəm.
–Rəsula salam söylə.
Hər dəfə Rəsula salam göndərir.
Hər dəfə xəstəxanadan çıxıb Fəxri xiyabana gedirəm –
atamın qəbri üstə.
Fəxri xiyabanın milisləri mənimlə artıq tanış kimi
salamlaşırlar. Ölüm yeni tanışlar çevrəsinə salır məni;
indiyənəcən qapısını tanımadığım idarələrlə, təşkilatlarla
198
münasibətlərim yaranır; əhaliyə mülki xidmət idarəsi, yaşıl
təsərrüfat idarəsi, Bakı sovetinin əlaqədar şöbələri, Bədii fond,
daş karxanaları, mərmər zavodu, heykəl fabriki...
Müxtəlif peşə sahiblərinə bələd oluram – daş yonanlarla,
qraniti işləyənlərlə, daş üstündə yazı yazanlarla əlaqə
saxlayıram, uçotçular, mühasiblər, saysız-hesabsız kağızlar,
qərarlar, göstərişlər, smetalar, sərəncamlar, dərkənarlar aləminə
qərq oluram. Yük qaldıran, yük aparan, yük boşaldan
maşınların, qaldırıcı kranların çeşid-çeşid növlərini bir-birindən
ayırmağa başlayıram...
İnsanın həyət qonşuları, həyat qonşuları olan kimi ölüm
qonşuları da varmış.
Atamın məzarına tərəf gedərkən sağ əldəki, sol əldəki
məzarlara – onun ölüm qonşularına baxıram və bu mərhumlar
da elə bil mənimçün məhrəmləşirlər.
Atamın məzarının yanındakı qəbir İmran Qasımovundur.
İmran atamdan düz iyirmi gün sonra – aprelin 20-də vəfat etdi.
***
Əlli illik ədəbi fəaliyyəti ərzində anamın çox az kitabı çıxıb.
Bunun bir sıra səbəbləri var. Birinci səbəbi, əlbəttə, odur ki,
anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə
borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına
mane olurdu. Biz mane olurduq, biz hamımız. Biz hamımız və
əlbəttə, çox böyük dərəcədə mən özüm onun vaxtını talayırdıq,
qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini,
duyğularını, fikirlərini dağıdır, pərən-pərən edirdik.
Yaradıcılığa həsr olunası günlərini, saatlarını – ərinə, ailəsinə,
uşaqlarına, nəvələrinə paylayırdı. Həmişə yanındaydıq, həmişə
böyründəydik, həmişə onunlaydıq; özü-özüylə tək qalmağa
imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı. O
isə, atamdan fərqli olaraq, tənhalığı sevirdi.
Atam yalqızlığa dözümsüz idi. Xususilə, son illərdə heç
təkliyə tab gətirə bilmirdi. Yəni elə əvvəlki illərdə, hələ səhhəti
yaxşı olan vaxtlarda da ayrılıq möhlətini heç vədə başa vura
199
bilmirdi, istirahət yerlərindən, yaradıcılıq evlərindən yarımçıq
qayıdırdı – yeniyetmə çağında oxuduğu məktəbləri buraxıb
evlərinə qaçdığı kimi...
Bəzən ailədə, bizim içimizdə də darıxırdı, sıxılırdı. Amma
bizsiz daha da artıq darıxırdı.
Mənə elə gəlir, sağlam vaxtlarında səfərlərə, səyahətlərə də
belə tez-tez çıxırdı ki, bir daha aydın qənaəti təsdiq etsin:
evdən uzaqlarda uzun müddət yaşaya bilməz…
Hara getsəydi bir həftədən, ən çoxu iki həftədən sonra evə
dönürdü. Xəstəliklər, qayğılar, yorğunluq onu üzüb əldən
salmadığı keçmiş illərdə qonaq getməyi, qonaq qəbul etməyi
çox xoşlardı. Bir də ondan xoşlanırdı ki, biz hamımız –balaları,
nəvələri ətrafına toplaşaq, yanında olaq. Son illərinin ən böyük
sevinci nəvələrinin məzəli sözləri, çıxartdıqları min-bir oyunlar
idi. Dünyanın ən böyük mütəfəkkirlərindən daha çox
nəvələrinin gülməli ifadələrini sitat gətirərdi, məşhur
kəlamlardan, şerlərdən daha artıq nəvələrinin sözlərini misal
çəkərdi.
Anam hamımızı – övladlarını, da nəvələrini də atamdan az
istəmirdi, amma arabir də olsa öz daxili aləminə qapılmaq
anamın əlçatmaz arzusuydu. O özü özüylə baş-başa qalanda
heç vaxt darıxmırdı. Amma belə yalqızlıq məqamları –
onunçün xülya idi. İnsanlar içində tənhalıq – tənhalıqların ən
betəridir.
Mənə elə gəlir ki, məsələn, tutalım Ənvər Məmmədxanlının
tənhalığı – bütün ömrünü təklik içində, amma kitabları,
yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsinin
və fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxili
təkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələr
haqqında mülahizələr, keçmiş və müasir insanların təhlili və o
sıradan özünütəhlil – ömrü bütün bunlarla dolmuş Ənvər
Məmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələ
tənhalığın son həddi deyil. Tənhalığın son həddi insanlar
arasında keçən tənhalıqdır – gündəlik qayğılardan, min-bir
200
məişət məsələsindən, insanın içini sümürüb sovuran
adiliklərdən yoğrulmuş ömür – özünə çəkilməyə, qəlbinlə,
fikrinlə, yaddaşınla, nəhayət, kitablarınla təkbətək qalmağa
macal tapmayanda – bu tənhalığın, ümidsiz, işıqsız, bəhrəsiz
şəklidir. Atam demişkən, "kimə deyim dərdimi, dünya dolu
adamdır".
Əksər hallarda özü-özüylə yalqız qalmaq imkanından
məhrum olan anam, təbii ki, yaradıcılığa öz istəyincə vaxt ayıra
bilmirdi. Nəticəsi isə yazdıqlarının yaza biləcəklərinə nisbətdə
qat-qat azlığıdır. Yaradıcılıqla biz məşğul olurduq, bizim
qayğılarımızı isə o çəkirdi.
Mənim yazdığım hər yazı, atamın yaratdığı hər şer, anamın
yazılmamış şeri, yazısıdır.
Anamın bu qədər az kitabı olmasının, yuxarıda dediyim
kimi, əsas səbəbi budur. Əsas səbəbidir, amma yeganə səbəbi
deyil. Bunun başqa bir səbəbi də var. Kitab buraxdırmaq çətin,
yorucu, üzücü bir işdir, bununçün gərək əsəblərin dəmirdən
ola, gərək möhkəm səbrin ola, inadkarlığı, zirəkliyi, fərasəti
demirəm hələ... Kitabı plana saldıranacan, saldıracaq olsan çap
edilənəcən nəşriyyatlar qapısına dönə-dönə gedib-gəlmələr də
bir yana dursun... Anamın sağlığında çıxan axırıncı kitabı
səkkiz il yubadılıb gah plana salınır, gah çıxarılırdı. Gah anamı
inandırırdılar ki, kitabı ən yeni bir üsülla – fotoyığım üsuluyla
çap ediləcək, gah məlum olurdu bu metod hələ yaxşı
mənimsənilməyib, gah deyilirdi ki, kitab yenidən köhnə üsulla
yığılır, gah bütün deyilənlər də unudulurdu, kitabın özü də...
Aylar, illər keçirdi. Anam, əlbəttə, bunu ürəyinə salırdı, amma
nə haqqını tələb edə bilirdi, nə şikayətlənirdi, nə kiməsə xahişə
gedirdi. Dinib danışmırdı, ürəyində nisgili qalırdı, vəssalam.
1981-ci ilin aprelində həkimlərin qəti hökmündən iki-üç gün
sonra mən nəşriyyat müdiri – Əjdər Xanbabayevin yanına
getdim. Anamın diaqnozunu və ömür möhlətini dedim ona.
Həqiqəti dediyim yeganə adam idi.
–Anam kitabını görməlidir, – dedim, – bunun yolunda nə
201
lazımdırsa hər şeyə hazıram. Əgər lazımdırsa mətbəədə
gecələyə bilərəm.
Müdir məni başa düşdü;
–Arxayın ol, – dedi, – elə edərik ki, ən yaxın zamanda kitab
çıxar.
Sözünün üstündə durdu və kitab 25 günün içində çıxdı.
Aprelin 30-da yadımdadır, may bayramının ərəfəsi idi – kitabın
siqnal nüsxəsini xəstəxanaya apardım.
Kiçicik bir kitab idi, həm də şerlərinin orijinalı deyildi, rus
dilinə tərcüməsi idi. Amma bu balaca kitabça xəstə şairəyə
ömrünün qürubunda nə qədər sevinc bəxş elədi. Gözümün
qabağından heç vaxt çəkilməz – kitabı yastığının yanına
qoymuşdu, gəlib-gedənlərə göstərirdi, təzə nüsxələr gətirdikcə
xahiş edirdi ki, onun adından həkimlərə, tibb bacılarına yazaq.
Özü taqətsiz idi, yaza bilmirdi, yalnız diktə elədiyi sözlərin
altından qol çəkirdi.
Elə təxminən o günlərdə əvvəlcə "Literaturnaya qazeta"da,
sonra da respublika mətbuatında bir məlumat çıxdı: məşhur
İtaliya bəstəkarı Franko Manino "Məhəbbət haqqında" kantata
yazmışdır. Kantatanın mətni bir neçə sovet şairəsinin, o
cümlədən Nigar Rəfibəylinin şerləridir.
Anam qədər şöhrət həvəsindən uzaq adam tapmaq çətindi,
amma bu məlumat onu uşaq kimi sevindirirdi.
–O bəstəkara mənim adımdan bir təşəkkür məktubu yazın, –
deyirdi.
Xəstəlik onu gün-gündən saralıb-soldururdu, boğazından bir
tikə çörək getmirdi, əriyib çöpə dönmüşdü. Ona bir qaşıq
meyvə şirəsi içirtmək – qazancımız idi. Bir dəri qalmışdı, bir
sümük, ancaq hələ də zarafat edirdi,
–O italyana mənim şəklimi göndərin, cavanlıq şəklimi...
Amma yox, lazım deyil, italyanlar çılğın olur, bir də görərsən
durdu gəldi bura, məni bu halda gördü, sözlərimə musiqi
yazdığına peşiman oldu.
Susurdu, fikrə dalırdı, sonra birdən:
202
–Gör e, – deyirdi, – İtaliya hara, mənim şerlərim hara...
Zalım oğlu İtaliyada eşələyib tapıb mənim şerimi...
Bu söhbətlərlə əlaqədar bir kədərli xatirə də düşür yadıma.
Bir gün atam mənə üç-dörd mahnı mətni verdi:
–Eminə göstər, – dedi, – gör ağlı bir şey kəssə, mahnı yazsın.
İki-üç gün keçəndən sonra atam:
–Nə oldu, verdin şerləri Eminə? – deyə xəbər aldı.
–Verdim.
–Yazır?
–Yazacaq.
–Haçan?
–Nə bilim, dedi çox xoşuma gəlib, mütləq yazacam.
–Day denən çox ləngitməsin.
Üç ya dörd gün də keçdi.
–Nə oldu, Emindən bir xəbər çıxmadı.
–Hələ yox.
–Əgər yazmırsa, denən qaytarsın.
– Əşi nə qəribə söz danışırsan, – dedim, – cəmisi bir həftə
keçib, yazar da...
Üç ya dörd gün də keçdi, atam:
–Eminə de ki, qaytarsın şerləri, – dedi. – İstəmirəm, yazmasın.
Onu mümkün qədər mülayim, yumşaq şəkildə dilə
gətirməyə çalışaraq:
–Axı, niyə belə hövsələsizlik edirsən, – deyirdim, – özün
şairsən, yaradıcı adamsan, bilirsən ki, əsər birdən-birə tələm-
tələsik, iki daşın arasında yaranmır... İndi Emin də gərək bir
əməlli-başlı mətni mənimsəsin, axtarsın, şerlərə layiq, sənə
layiq mahnı yazsın da...
Kimə deyirsən?
Ümumiyyətlə atamda mənim dostlarıma qarşı xüsusi bir sərt
tələbkarlıq, hətta bir ərköyünlük vardı. Onların hamısını çox
istəyirdi. Təbii ki, yalnız mənim yoldaşlarım olduqlarına görə
yox, özlərinin şəxsiyyətlərinə, yaradıcılıqlarına, istedad və
ağıllarına görə. Amma mənim yoldaşlarım olduqlarına görə
203
onlara ərki daha çox çatırdı. Bəzən onlara kəskin sözlər deyir,
qaba rəftar edirdi. Ensiklopediyada atamla işləmiş Arazın və
Vaqifin, yəqin ki, bu qəbildən daha çox xatirələri var. Vaqif
Səmədoğlu atamın ölümündən sonra yazdığı və əvvəllərdə
gətirdiyim şerində ona "acıdil" deyir. Atam hər hansı bir
möcüzəylə bu şeri oxuya bilsəydi, şübhəsiz ki, bəyənərdi.
"Acıdil" sözünə də etiraz etməzdi. Axı elə özü də dilinin
acılığından xəbərdar idi və bu barədə hətta "Acıdil" adlı şer də
yazıb. Bu şeri oxuyanlar atamın nəyə görə "acıdil" olduğunun
həm səbəbini, həm də izahını başa düşərlər.
Elçin bir dəfə atamın hansı tənəsinəsə cavab olaraq: Rəsul
müəllim, bütün məzəmmətlərinizi qəbul edirəm, – demişdi, –
çünki hər şeydən başqa Siz Anarın atasısız, Anar da mənim
dostumdur.
İnsaf naminə deməliyəm ki, yalnız mənim yoldaşlarım
deyil, öz dostlarıyla, ən yaxın dostlarıyla rəftarında da bəzən
ağına-bozuna baxmırdı.
Yadımdadır, ən yaxın və sadiq dostu Sabit Rəhman biləndə
ki, atamda şəkər xəstəliyi tapıblar mənə dedi:
–Hə, Rəsulun bütün şəkəri dilindədir...
Cəfər Cəfərov məsul vəzifədə işləyəndə bir dəfə küçədə
rastlaşdıq.
–Rəsul haçan gəlir? – deyə soruşdu.
Atam hardasa səfərdə idi.
–Dörd-beş günə gələr, – dedim.
Cəfərov gülümsündü:
–Əşi, tez gəlsin çıxsın, – dedi – yenə bizi dalayıb didir.
Bir Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzv
seçdilər. Onu təbrik edəndə mənə:
–Kaş Rəsul sağ olaydı, – dedi. – Birinci məni o, təbrik
edəcəkdi. Özü də bilirsən nə deyəcəkdi, deyəcəkdi: "Abbas
Zamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər?"
–Amma hamıdan çox sevinən də atam olacaqdı, – dedim. –
Əlbəttə. Buna məgər şübhə ola bilər?
204
Ömrü boyu öz xasiyyətini
dandı Rəsul.
Elə bilirdi
yüz ağac boyundan görünür
kövrək olduğu,
sinəsində körpə ürəyi kimi
bir ürək olduğu.
Sərtliyi üzünə, sözünə yaxardı
Bəzən sərtliyindən
öz nəfəsi də darıxırdı,
göz yaşları içinə axırdı,
Dilə tuturdu özünü
"Başa düş, ay ürək,
kişiyə yaraşmaz kövrəlmək,
"qadan alım", "qurban olum" – demək
Zorla dost tutma,
dostun var dostluq elə
yoxdur, tək gəz.
Kişi kömək eləyər,
kişi kömək gözləməz.
Ömrün gecəsi–gündüzü olduğu kimi
var hər ömrün öz ağı, qarası.
Ötən şirin ömründən
şəkər xəstəliyi qalmışdı ona,
bir də ürək ağrısı...
(Fikrət Qoca. "Rekviyem")..
Anımlar zənciri xəyalımı çəkib uzaqlara apardı, mətləbdən
aralandım. Eminin mahnılarına qayıdaq.
Mən, əlbəttə, Eminə atamın sözlərini yetirmədim, mətnləri
geri almadım və bir müddətdən sonra Emin bu şerlərə bir neçə
mahnı bəstələdi. Zeynəb Xanlarovanın ifasında "İnsaf da yaxşı
şeydir" nəğməsi çox populyar oldu.
Bütün bunları isə başqa səbəbdən xatırladım. Atam Eminin
ləng tərpənməsindən əsəbiləşdiyi vaxtlarda, anam çox sakit,
205
hətta bir azca utancaq tərzdə mənə dedi.
–Mənim də bir neçə şerimi ver Eminə, – sonra təbəssümlə
əlavə etdi, – mən tələsdirməyəcəyəm, ürəyinə yatsa, yazmaq
istəsə, haçan həvəsi gəldi yazar...
Bu, sözləri o qədər kövrək, ürkək, zərif dedi ki, indi də yadıma
düşəndə ürəyim titrəyir. Mən şerləri dərhal Eminə verdim və
bəstəkar anamın sözlərinə "Dağları duman, alanda" mahnısını
yazdı. Bu mahnını da ilk dəfə Zeynəb xanım ifa etdi...
...İndi, atamın vəfatından sonra, bir gün Emin mənə dedi ki,
Nigar xalanın sözlərinə təzə bir mahnı bəstələmişəm. Amma
sən verən mətnlərdən deyil, köhnə bir şeridir. Emin 50-ci
illərdə Moskva Konservatoriyasında oxuyanda Lenin
kitabxanasına gedər, Bakı mətbuatını oxuyar, bəyəndiyi şerləri
dəftərinə köçürərmiş. Anamın "Azərbaycan" jurnalında dərc
olunmuş həmin şerini də elə o vaxtlar köçürüb.
Həmin mahnını Akif İslamzadənin ifasında lentə
yazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanaya
gətirdik. "Qoy Nigar xala özü də eşitsin", – dedi.
Mən mahnının hansı şerə bəstələndiyini bilmirdim və
təəccüblənirdim ki, görən niyə Emin əlində təzə mətnlər ola-
ola köhnə şerə müraciət edib.
Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm.
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim!
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim!
Məhz bu sözlər – artıq dünyadan köçmüş insanı harayla
ması – bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın
yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam
bilmirdi.
Bəlkə tez gələsən, əlac verəsən,
Sünbüllərin saçın yığıb hörəsən.
Əlvan çiçəkləri özün dərəsən –
Gözləri yollarda qalır, neyləyim!
206
Mahnı anamın xoşuna gəlmişdi, xahiş elədi ki, lenti və
maqnitofonu aparmayaq; yanına gələnlərə, həkimlərə çaldırırdı.
Fidan bir gün mənə pıçıldadı:
–Xahiş edirəm, aparın bu lenti, mən dözə bilmirəm, qulaq
asa bilmirəm bu mahnıya.
Anamçün bu yalnız mahnı idi – Fidançün, Təranəyçün,
mənimçün, bütün bilənlərçün ağrı idi, əzab idi, möhnət idi...
Anam yalnız musiqini, yalnız ifanı, yalnız sözləri eşidirdi:
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim!
Anam biz biləni bilmirdi axı... Bilmirdi ki, alagözlüsünü
nahaq çağırır, nahaq haraylayır.
Alagözlüsü bir aydan artıqdır ki, ala gözlərini həmişəlik
yumub...
"Möhtərəm Anar müəllim! Salam!
Yadınızda varsa 1979-cu ilin ortalarında Uzaq Şərqdə hərbi
xidmətdə olan bir oxucunuz Sizə məktub yazmışdı. Siz də
"Adamın adamı", "Macal" kitablarınızı həmin oxucunuza
göndərmişdiniz. O oxucunuz mənəm. Sizdən sonra Qara
Qarayevdən, Mirzə İbrahimovdan, Niyazidən də məktublar
aldım. Mənimlə birlikdə qulluq edən azərbaycanlı uşaqlarla
əhd eləmişdik ki, Bakıya çatan kimi birinci Sizə baş çəkək.
Hərə bir şey əhd eləyir. Biz də bunu.
Gələndə Daşkənddən gəldik. May ayının 19-da Bakıya
təyyarəylə uçacaq idik. Təyyarə vağzalında bəstəkar Süleyman
Ələsgərov ilə tanış oldum. Sözdən, musiqidən söhbət düşdü.
Ondan bu sözləri eşidəndə gözlərim yaşardı: "Rəsul Rzanı
itirdik".
Rəsul Rza bizim ailənin çox sevdiyi şairdi. Atam hər dəfə
mənə posılka göndərərkən (hərbi xidmətdə) Rəsul müəllimin
bir kitabını da göndərirdi. Bilirdi dəlisiyəm Rəsul müəllimin,
hər dəfə insan şəxsiyyətindən, insan ləyaqətindən söhbət
207
düşərkən Rəsul Rzanı misal çəkərdi bizə.
Rəsul Rza həm Füzuli idi, həm Sabir idi, həm də Səməd
Vurğun... həm də onların heç biri deyildi. Rəsul Rza idi.
Bakıda Sizə dəymək fikrindən daşındıq. Nə deyəcək idim
sizə. Gəldim evə. Sonra bir dəfə televizorda gördüm sizi.
...Bu məktubu Sizə nə üçün yazdım? Ürəyim dolmuşdu. Ürək
dolanda boşala gərək.
...Vaxtınızı aldığıma görə xahiş edirəm məni bağışlayasınız.
Sizə çan sağlığı və uzun mənalı ömür arzulayıram".
Əbilov Etibar.
Neftçala rayonu
"Əzizim Anar! Qardaşım!
Mən bu şeri 1980–ci il, dekabr ayında xəstəxanaya, Rəsul
əmiyə baş çəkməyə gedəndən sonra yazmışam. Bir oturuma.
Qüsurlar çoxdur. Həddindən artıq. Yazının üstündə qətiyyən
qələm gəzdirməmişəm. Ölənə kimi də, ürəyimin lap dibindən
gələn bu yazını redaktə etməyəcəm. Üslubunda qazansa
səmimiyyətində itirər. Odur, Səndən xahiş edirəm bu şeri
olduğu kimi və mənim Rəsul əmiyə böyük məhəbbətim kimi
qəbul et. Sən allah!
Dostları ilə paylaş: |