Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

*** 

Rəsmi yerlərdən, Yazıçılar  İttifaqından telefon edirdilər. 

Mirzə  İbrahimov ailəmizin yeganə xahişindən xəbərdar idi, 

bilirdi ki, anamı atamın yanında basdırmaq istəyirik. Bilmirəm 

yuxarıda bunu məsləhət eləmişdi ya yox,  amma ayın 10-da 

gündüz bizə gəlmişdi və mən soruşanda dedi ki, bu məsələ hələ 

müzakirə olunur. Düz demirmiş. Məsələ artıq həll olunubmuş 

və Mirzə  İbrahimov da bu barədə bilirmiş. Anamı atamın 

yanında yox, ikinci Fəxri xiyabanda basdırmaq haqqında qərar 

artıq qəbul olunubmuş. Bu barədə Fikrət mənə  xəbər gətirdi, 

ikinci xiyabana gedibmiş, görüb ki, orda anam üçün məzar 

qazırlar. Mən Vəfa Quluzadəyə  zəng elədim, o həmin xəbəri 

təsdiq elədi. 

–Yox, – dedim, – əgər atamın yanında basdırmağa icazə 

verilmirsə, mən onu ümumi qəbiristanlıqda, öz anasının və 

əzizlərinin yanında basdıracam.  

Vəfa: 

–Onda qoy mən bir Kamran Mamedoviçlə danışım, – dedi. 



Bilmirəm daha kim kimlə  və necə danışdı, amma bir saatdan 

sonra Vəfa zəng elədi. 

–Bilirsən, – dedi, – axı  qərar var ki, ikinci xiyabanda dəfn 

olunsun. Qərarı necə dəyişmək olar? 

–Mən onu öz anasının yanında basdırmaq istəyirəm, – dedim. 

–Axı, sən yalnız oğul deyilsən. Sən Anarsan, ictimai 

xadimsən, sənin özünçün də bunun nəticəsi yaxşı olmaz. 

Mən mümkün qədər yumşaq danışmağa çalışaraq: 

–Mən öləndə, – dedim, – harda istəsəz, orda basdırarsız, 


 227 

amma anamı yad adamların arasında dəfn olunmağa 

qoymayacam. Xahiş edirəm kimə lazımdırsa de ki, bu bütün 

ailəmizin fikridir. 

Vəfa: 

–Onda mən Kamran Mamedoviçlə danışıb sənə bir də zəng 



eləyərəm. 

Heç bir dəqiqə keçməmişdi ki, zəng elədi: 

–Yaxşı, – dedi, – istədiyiniz yerdə dəfn edin. 

Mən bu iki axırıncı  zəng arasındakı vaxtı – bir dəqiqəni – 

ona görə xüsusi qeyd edirəm ki, Kamran Bağırov bu qərarı 

təkbaşına vermişdi, bu iki dəqiqə  ərzində heç kəslə danışa, 

məsləhətləşə bilməzdi – H.Ə.Əliyev Bakıda yox idi. K.Bağırov 

rəsmi qərarı  ləğv etmək məsuliyyətini öz üzərinə götürmüşdü 

və bunun altını  məndən – "ictimai xadimdən" daha artıq o, – 

partiya işçisi çəkə bilərdi: 

Bu mərd hərəkəti də mən heç zaman unutmaram. 

Aktyor evində matəm mərasimi oldu. 

Bura mənim iş yerimdir – "Qobustan" redaksiyası burda 

yerləşir. 

Gündə keçdiyim foye qara geyinmişdi – bu mənim anamın 

matəmi idi. Salonun səhnəsi matəm əklilləri içində idi. Mən bu 

səhnədə onlarla yığıncaq açmışam, aparmışam, bağlamışam, bu 

səhnədə tamaşalarım, filmlərim göstərilib.  İndi bu səhnədə 

matəm çiçəkləri içində anamın tabutu qoyulmuşdu, anamın 

qara çərçivəli şəkli asılmışdı. 

Matəm mitinqini Mirzə  İbrahimov açdı.  Şairlər, yazıçılar, 

aktrisalar çıxış etdi. 

Fikrət Qoca çıxışında: 

–Biz torpağınıq, – dedi, – amma torpaq heç kimin deyil. Bu 

gün bütün Azərbaycan torpağı  Rəsul Rzanın qollarıyla açılıb 

Nigar xanımı qəbul edir. 

Yüz günün içində ikinci dəfə idi tabutun ağırlığını 

çiyinlərimdə hiss edirdim. Cənazəni Xaqani küçəsiylə aparırdıq 

– bu küçəyə ömrümün min bir xatirəsi bağlıdır. Gənclik 


 228 

illərində bu küçəylə nişanlımı evlərinə ötürərdim, bu tində 

görüşünü gözləyərdim. Sonralar özümüz bu küçənin o başında 

ev aldıq – evimizdən atamgilə, qayınanamgilə, Yazıçılar 

İttifaqına, iş yerimə – "Qobustan"a bu küçəylə gəlib-gedərdim.  

Bu gün anamın son yolu həmin küçədən keçir.  

Bir neçə gündən sonra yenə bu küçəylə evə, işə gedib-

gələcəm.  

Anamı Azərbaycan qəbirstanlığında,  əzizlərinin yanında 

basdırdıq. Nənəsi Xədicə xanım, anası  Cəvahir xanım, dayısı 

Fərrux Rəfibəyli, dayısının iki oğlu – düz əlli yaşı tamam olan 

gün vəfat etmiş  cərrah Səlahəddin və 18 yaşında vərəmdən 

ölmüş tibb institutu tələbəsi Mirzə burda dəfn olunublar. 

Mirzənin başdaşı üstündə vaxtilə anamın yazdığı iki sətir həkk 

olunub: 

Amansız taleyin adəti budur: 

Körpə budaqları vaxtsız qurudur. 

Cənazəni qəbrə qoyanda bacılarım ora bir parça da atdılar – 

anam bu parçadan özünə paltar tikdirmək istəyirmiş.  

Təzə  qəbrin başında, ayağında, böyründə  ağaclar 

pıçıldaşırdılar. Bu ağacları anam özü əkdirib – anasının, 

nənəsinin məzarları yanında. 

Fidan lap yavaşdan mənə: 

–Nə yaxşı yerdir bura, – dedi, bilmirəm bunu qəsdən dedi, 

həssaslıqla mənim  əzablarımı duyaraq anamı atamın yanında 

basdıra bilmədiyimdən nə  qədər  əlavə iztirab çəkdiyimi hiss 

etdiyindənmi dedi, ya doğrudan da, bu adi, sakit guşə anamın 

təbiətinə uyğun idi, ona yaraşan  şairanə bir son mənzil idi? 

Bilmirəm, amma belə bir dəqiqəmdə Fidanın mənə dediyi bu 

sözlər üçün ona çox minnətdaram. 



*** 

Heç nə, heç bir şey, nə "qubernator qızının xofu", nə 

otuzuncu illərin  ədəbi döyüşləri, nə 37-ci il, nə Moskvadakı 

təhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağlı-qaralı günləri 

– heç nə, heç bir şey Rəsul Rzayla Nigar Rəfibəylini bir-


 229 

birindən ayıra bilmədi. 

Həyat da ayıra bilmədi onları, ölüm də – Rəsul Nigarın 

əlacsız xəstəliyini, Nigar Rəsulun vəfatını bilmədi. Rəsul özü 

dünyada olmaya–olmaya Nigara ad günündə çiçəklər göndərdi, 

təltifatını  təbrik etdi. Nigar artıq dünyadan köçmüş  Rəsulun 

təzə  şerlərini dinlədi, ona salam göndərdi, yasəmənlər 

göndərdi, onun "etinasızlığından" gileyləndi... Nə  həyat, nə 

ölüm onları ayıra bilmədi. 

Onları ölümlərindən sonra ayırdılar. 

 

Mən ki doymamışdım heç vüsalından, 

Mənə zülm elədi yaman ayrılıq. 

Nə olaydı bir gün durub yuxudan 

Görəydim ki, olub yalan ayrılıq. 

Biz ki bir ruh idik iki bədəndə

O gülüb sevinsə, gülərdim mən də. 

Vüsalın bülbülü uçub gedəndə, 

Daş kimi qəlbimdə qalan ayrılıq. 

(Nigar Rəfibəyli) 

 

Hardan düşdü yadıma 



anamın göynəkli bayatısı!  

"Mən bütöv bir yuvaydım, 

Yel vurdu paralandım. 

Mən səndən ayrılmazdım, 

Zülmnən aralandım". 

(Rəsul Rza) 

 

...və  mən heç nə edə bilmədim.  Əlimdən heç nə  gəlmədi. 



Bütün varlığımda sonsuz bir acizlik, köməksizlik hiss edirdim 

– yalnız ömürlərimizi deyil, ölümlərimizi belə  tənzim edənlər 

qarşısında, torpağın üstündə kimin harda yaşamasını  və 

torpağın altında kimin harada yatmasını həll edənlər qarşısında 

tam iqtidarsızlığımı dərk edirdim. 

Axı, biz kimsədən xahiş eləməmişdik ki, atamı birinci Fəxri 

xiyabanda dəfn etsinlər. Özü də bunu istəmirdi, ölülərin 


 230 

dərəcələrə bölünməsi əleyhinə dönə-dönə demişdi də, yazmışdı 

da. Onlar nə birinci və beşinci xiyabanda, qoy lap ucqar, lap 

qərib bir yerdə, amma mütləq bir yerdə  dəfn olunsaydılar, 

özlərinin də, necə deyərlər, ruhu xoş olardı, camaata da yaxşı 

təsir bağışlardı, ailə üzvləri də kiçik bir təsəlli tapardı. 

Onların birliyi axı, yalnız bir məişət faktı deyildi, 

Azərbaycan ruhunun, Azərbaycan mənəviyyatının, Azərbaycan 

ailəsinin, sədaqətin, etibarın, vəfanın poetik rəmzi idi. Bu rəmz 

hər hansı bir xalqın iftixar edə biləcəyi, öyünə biləcəyi bir rəmz 

idi. 

Amma mənəviyyat və  rəmz bir yana dursun, Nigar 



Rəfibəylinin Rəsul Rzanın yanında dəfn olunmağa rəsmi 

imtiyazı da vardı. Bu günə  qədər rəhmətə getmiş bir çox 

yazıçılar,  şairlər və o cümlədən bütün Xalq şairləri və Xalq 

yazıçıları Birinci Fəxri xiyabanda dəfn edilib Bütün hamısı. 

Tək bir anamdan başqa. 

Niyə? Bu müəmmanın cavabı hələ də mənə açılmayıb. 



*** 

Çoxlu ailə fotolarımız var. Müxtəlif vaxtlarda hərdənbir 

onları  nəzərdən keçirərdik və hamısını  əzbərdən bilərdik. 

Amma həmin günlərdə nekroloq üçün, böyüdülmək üçün

matəm mərasimi üçun yenidən fotoları araşdıranda qəfilcən 

anamın 30-cu illərdə aid bir fotosunu – hansı möcüzəyləsə 

indiyəcən heç hansımızın görmədiyi bir şəklini tapdıq. Gənclik 

illərində çəkdirdiyi bu şəkildə bir məlahət, həzinlik, hüsn var. 

Necə olub ki, indiyəcən heç kim bu şəkli görməyib? Elə bil 

şəkil illər boyu özünü gizlədibmiş ki, anamı itirəndən sonra 

onun yeni bir surətini gözlərimiz qarşısında canlandırsın. 

Sonralar bu şəkli anama həsr olunmuş televiziya verilişində 

göstərdilər. 

Ölümündən sonra çıxan "Bir həzin axşamda duşsəm yadına" 

kitabına da həmin şəkli verdik. 

Yazı masamın üstündə atamın  şəklinin yanında anamın da 

bu şəklini böyüdüb asmışam.  


 231 

Amma o gün – o matəm günü – bu şəkli ilk dəfə 

görmüşdüm və kəfəni qəbrə salanda, qəbrin üstünə daş qoyub 

suvayanda, üstünə bellə torpaq atanda gözlərim qarşısında 

anamın canlı surəti dayanmışdı. Lakin son aylar və günlərdə 

xəstəliklərdən üzülmüş, yorğun, iztirablı, arıq sifətini deyil, 

gənclik vaxtını, həmin o fotodakı illərin cazibədar, gözəl 

çöhrəsini görürdüm. 

…və bu anlar mən onun haqqında anam kimi deyil, qızım 

kimi düşünürdüm. Çox cavan, çox kövrək, köməksiz, zəif və 

incə qızım kimi, qoruyub saxlaya bilmədiyim qızım kimi... 

Keşməkeşli taleyi haqqında düşünürdum: haçansa bir 

zadəgan və ziyalı ailəsində dünyaya bir qız gəlmişdi, başqa bir 

kübar ailəsi "bu qız bizim gəlinimiz olacaq" deyə onun 

doğulması münasibətiylə qurban kəsmişdi. Amma yellər  əsdi, 

sellər gəldi, dünya dəyişdi. Yeddi yaşlı qız atasız qaldı, qurban 

kəsənlər pərən-pərən olub Yer üzünə səpələndilər. 

14-15 yaşlı  qız anasından, qardaşlarından ayrılıb Bakıya 

gəldi, heç kəsə arxalanmadan, heç kəsdən kömək ummadan 

özü öz gücüylə, ağlıyla, iradəsiylə gundəlik kasıb ruzusunu 

qazandı. Amma qızcığazın ürəyində nə kin-küdurət yuva saldı, 

nə başqa qara hisslər. Əksinə, şair qəlbi işıqla dolu idi, dünyanı 

işıq içində görürdü, yeni həyatın şəfəqlərinə doğru gedirdi, yeni 

ocaqların istisinə can atırdı. 17 yaşındaykən, kövrək budaq 

kimi incə, zərif, zəif çağında rütbəli birisi onun körpə 

qanadlarını qırmaq istədi. 

Haqsız hücumların yarışı başladı! Hamısına dözdü. 

Hamısına tab gətirdi – rişxəndə də dözdü, hədəyə də... 

Günlərin birində ömrünə alagözlü bir gənc daxil oldu – 

"Bolşevik yazının" müəllifi, proletar məfkurəli, komsomol 

əqidəli, AZAP-casına ağına-bozuna baxmayan alagözlü gənc 

şair cavan şairənin qəlbini ovlaya bildi. Evləndilər və ömrü 

boyu  şairə  vəfalı ömür yoldaşı oldu – qadın kimi, məsləkdaşı 

kimi, cəbhədaş kimi xoş günləri də, ağır günləri də  bərabər 

yaşadılar. Ömrünün çoxunu yazı masasından iraq düşdü, ərinə, 


 232 

övladlarına sonralar nəvələrinə xidmət elədi. Xəstə  ərinin 

çarpayısı yanında saysız-hesabsız yuxusuz gecələr keçirdi. Özü 

də xəstələnib yatağa düşənə qədər ərinə qulluq elədi.  

İnsanlıq, qadınlıq, analıq borcunu sonacan yerinə yetirdi... 

…və indi, ölümündən sonra, ərinin ölümündən sonra və öz 

ölümündən sonra – ömür yolunu sonacan keçib borcunu 

axıracan icra edib yenə özününkülərin yanına qayıtdı. O 

adamların ki, qırx il qabaq onlardan ayrılıb başqa bir həyata 

getmişdi. 

Yenə qayıtmışdı əziz, doğma Rəfibəylilərin içinə – incə bir 

məhəbbətlə sevdiyi adamlarının arasına – yanında anası, 

nənəsi, dayısı, dayısı oğlanları. 

Bir də sonsuz olduğuna görə  məzarı itib-batmış Göyçək 

xala. 

Fidan: 


–Mən bildim, – dedi. – O özü belə istədi.– Anamı nəzərdə 

tuturdu. – Onun öz ruhu elə istədi ki, orda basdırılsın. Axı, hər 

cürə  dəbdəbəni xoşlamırdı. Özü o yeri, o sakit yeri, anasının, 

əzizlərinin yanını istəyib. Sən də bilirsən ki, o bir şeyi çox 

istəyəndə mütləq nail olurdu. 

Yadımdadır, uşaqlıqda dediyim bir ifadə anamın özünün də 

xoşuna gəlirdi: "Niyarə, sən istəsən lap Koreyada müharibəni 

də dayandıra bilərsən". 

Fidanın sözlərində  bəlkə  də mistika vardı, amma hər halda 

anam özü belə şeylərə inanırdı – Allaha da, ruhlara da və onun 

bu inamı övladlarına da keçib. 

Mən,  şübhəsiz, dindar və mövhumatçı deyiləm, dini 

ehkamları  qəbul etmirəm, dini mərasimlərin estetik tərəfinə 

heyran olsam da, onların məcburi icrasına biganəyəm. Amma 

insanın fövqündə duran, dərk etdiyimiz və edə bilmədiyimiz 

dünyaya hökm verən bir qüvvənin mövcudluğuna heç bir 

şəkkim yoxdur. İnsan ruhunun ölməzliyinə,  əbədiliyinə, bir 

haldan başqa hala keçərək daima baqı qalmasına da inanıram. 

Odur ki, onlarla – atam və anamla həmişəlik ayrılmağımı heç 


 233 

cür  şüuruma sığışdıra bilmirəm. Yalnız  şüurumla deyil, bütün 

hisslərimlə, bütün varlığımla duyuram ki, haçansa, hardasa, nə 

şəkildəsə hökmən yenə onlarla görüşəcəm və ayrılıqda 

keçirdiyimiz vaxtın – bu günlərin, ayların, illərin təəssüratını 

bir-birimizlə  bölüşəcəyik. Uzaq səfərlərdən qayıtdıqdan sonra 

gördüklərimizi, eşitdiklərimizi bir-birimizə danışdığımız kimi...  

Bax, indi yazdığım yazını da onlarla birlikdə müzakirə 

edəcəyik, tənqidi qeydlərini dinləyəcəyəm, nəyləsə razılaşacaq, 

nəyləsə yox, nəyisə izah etməli olacam, nədənsə özümü 

müdafiə etməli. 

Anamın dəfnindən bir neçə gün sonra hərəmiz öz evimizə 

çəkildik, atamgilin evlərində  Təranəgilin ailəsi qaldı. Təranə 

danışırdı ki, bir dəfə gecənin bir əyyamında o biri otaqda 

qəfilcən işıq yandırıldı. 

Bir neçə gündən sonra həmin hadisə Fidangildə  də  təkrar 

olub – gecə vaxtı qəfilcən işıqları yanıb. 

Səkkiz aydan sonra 1982-ci ilin martında televiziyayla anam 

haqqında veriliş gedirdi. Bu verilişə mən öz evimdə baxırdım. 

Soyuq bir gün idi. Pəncərələr və eyvan qapısı kip bağlıydı, 

cəftələnmişdilər. 

Birdən ekrandan anamın öz səsi eşidiləndə eyvan qapısı 

taybatay açıldı. Külək-filan yox idi, heç yüngül meh də 

əsmirdi.  



*** 

Amma elə günlər də olur ki, Bakının dəli, acı küləkləri əsir, 

göydən yerə leysan yağışlar yağır. O zaman mənə elə gəlir ki, 

qəbirlərində üşüyürlər. 



*** 

1979-cu ildə Hindistana getmişdim. Tərcüməçidən xahiş 

elədim ki, məni yoqların yanına aparsın. 

Dehlidə səhər saat altıda Yoqlar Mərkəzinə gəldik. Baş yoq 

Svami Manuçaraka meditasiya – xəyaladalma seansında iştirak 

etməyə icazə verdi. 

Yalın əhəng divarlı bir hücrəyə girdik – Baş yoq özü, mən, 


 234 

tərcüməçim Nərgiz Misra, iki hindli kişi və bir yapon qadın. 

Hücrə alaqaranlıq idi. Baş yoq dizlərini xüsusi cür büküb, 

bardaş qurdu, bizə  də belə oturmağı  təklif elədi. Qədim 

mətnləri dua kimi avazla oxuyurdu, sonra dedi ki, indi də bir 

müddət sükut etməli, fikrə, xəyala dalmalıyıq, ömrünüzdəki ən 

təmiz, ən saf günlərinizi, saatlarınızı xatırlayın – dedi. 

Sükut və alaqaranlıq içində fikirlərimi heç cür toplaya 

bilmirdim. Gah Baş yoqun, seans iştirakçılarının donub qalmış 

sifətlərinə baxır, gah iki gündən sonra ölkənin başqa 

şəhərlərinə gedəcəyim barədə düşünür, gah Moskvaya 

dönəcəyim vaxtı fikirləşirdim. 

İçəri dünyamın qapıları heç cür açılmırdı. Üçmü dəqiqə 

keçdi, beşmi, bilmirəm, birdən-birə  tərəfimdən heç bir xüsusi 

səy göstərilmədən elə bil daxili baxışlarım qarşısında apaydın, 

görümlü, əyani mənzərə açıldı: 

Bakının Krivoy deyilən küçəsiylə anamla bir yerdə gedirik, 

amma küçə indiki küçə deyil, qalaq-qalaq illərin altında qalmış 

küçədir – indiki "Nərgiz" kafesi yoxdur, onun yerində mixəyi 

dikdən qurulmuş, pəncərələri gəmi pəncərələri kimi dairəvi 

olan dondurma kafesi var. Bu kafeylə – indi genişləndirilmiş, o 

vaxt isə daha dar sahədə yerləşən Parapet bağının arasında 

üçmərtəbəli bina var: birinci mərtəbəsi kitab mağazasıdır, 

kitablar, xəritələr satılır. Mirbəşir Qasımov bu evdə yaşayırdı. 

Qarşısında "Azərbaycan" kinoteatrı yerləşir, yay salonunun bir 

divarı büsbütün yamyaşıl sarmaşıqlarla örtülüb. Bu divar 

yaşayış binasının divarlarıdır, yaşıl sarmaşıqların içindən 

axşamlar pürrəngi çay rəngində  pəncərələr görünür, bu 

pəncərələrdən evin sakinləri başlarını uzadıb aşağı, ekrana, 

filmə baxırlar və  həmin adamlar dünyada ən çox həsəd 

çəkdiyim insanlardır – gündə öz mənzillərinin içində kinoya 

baxırlar! "Zorro nişanı", "Azadlıq ordusunun kapitanı" ("Viva 

Vilya!") daha nə bilim hansı kinolar. Kinoteatr girəcəyinin 

yanında, sağ  əldə bir əyləncə  də var – bədənsiz qadın başı 

göstərirlər. Məndən altı yaş böyük Oğuz deyir ki, bu illüziya 


 235 

güzgülər və qara pərdələr vasitəsilə yaranır. 

O yanda, "Araz" kinoteatrının yanında – indi restoran və 

çayxana olan yerdə – idman meydançası var, çəpərin 

arxasından basketbol oyununa baxırıq. 

"Araz" kinoteatrı əvvəl "Spartak", "Azərbaycan" – "Krasnıy 

Vostok", "Vətən"– "Proletari", "Bakı" – "Bakkomuna", 

"Nizami" – "Xudojestvennıy", "Bahar" – "Forum" adlanırdı. 

Bu kinoteatrların adlarını atam kino naziri işlərkən dəyişdirdi.  

Bu kinoteatrlar, onların köhnə adları, onların ekranlarında 

göstərilən filmlər, o filmlərin həqiqətdə yaşanılmış  qədər 

reallıqla xatırlanan  epizodları,  personajları,  mənzərələri,  ab-

havası, melodiyaları, o dövrün əyləncələri, sökülüb yox olmuş 

binaları, davadan sonrakı ilk illərin müharibə əlilləri, kontuziya 

almış  əsəbi adamları, bıçaq itiləyən çarxlı  dəzgahlarıyla 

həyətləri gəzib bıçaq itiləyənlər, "starıveş" harayları haradasa, 

hansı zaman, şüur ucqarlarında qalmış bütün bunlar – bir an 

içində yoq hücrəsinin alaqaranlığında gəlib gözlərimin önündə 

dayandı. 

Baş yoq: – Ömrünüzün ən təmiz, ən saf, ən işıqlı günlərini, 

saatlarını xatırlayın – demişdi. 

Krivoy küçəsiylə, indi çoxdan sökülmüş gül, papaq 

dükanlarının yanından anamla keçirik. Anamın  əynində yaşıla 

çalan boz bukle palto var, başına qara beret qoyub... Mənim 

əlimdən yapışıb. Qəfilcən anamdan soruşuram: 

–Bəs mənim necə yaşım var? 

–Üç – deyir. 

İnsan dünya haqqında bir çox – əsas və vacib həqiqətləri beş 

yaşınacan öyrənir. Sonra yüz il yaşasa da qalan 95 il onun bu 

ilk beşillikdə öyrəndiklərini, mənimsədiklərini, inanıb-

inanmadıqlarını təsdiq edir. 

Bəzən yalnız öz keçmişimi deyil, anamın yaşadığı ömrün 

səhnələrini də eyni əyaniliklə  İçəri dünyamda canlandıra 

bilirəm. Elə bil içimdə  işıq yanır, kinoproyektor cihazı  şüa 

buraxır və daxili ekranda özümün şəxsən yaşamadığım günlər 


 236 

– açıq-aydın şəkildə bir-bir ötüb keçir. 

Qəribədir, atamın xatirələrini bu dərəcədə özümləşdirə 

bilmirəm. Bəlkə bu  hələ izah olunmamış  sırf fizioloji bir 

cəhətlə  əlaqədardır. Bəlkə insan ana bətnində ana beyninin 

Yaddaş  qırışlarını, hafizə hüceyrələrini də  mənimsəyir, öz 

zehninə hopdurur, özününküləşdirir? 

Yaşımdan qabaqkı günləri – 30-cu illərin Moskvasını, 

anamın təhsil illərini görürəm. Moskva küçələri izdihamla, gül-

çiçəklə doludur. Qütbü fəth edib qayıdan çeyuskinçiləri 

qarşılayır Moskva. O dövrün ən məşhur və ən xarakter mahnısı 

səslənir: "Vse vışe, i vışe, i vışe stremim mı polet naşix ptiü, i v 

kajdom propellere dışet, spokoystvie naşix qraniü". 

Bir də başqa bir mahnı  səslənir, qulaqlarımda! "Bandera 

rossa". 

Bir də bir mahnı – D.Şostakoviçin "Vstreçnı" filminə 

yazdığı mahnı "Nas utro vstreçaet proxladnoy, nas pesney 

vstreçaet Moskva, kudrəvaə çto je tı ne rada, sçastlivomu penö 

qudka". Bütün bu mahnıların melodiyalarını, sözlərini anam 

30-cu illərdən gətirmişdi bizə, Moskvadan gətirmişdi Bakıya, 

hərdən zümzümə edərdi, oxuyardı  və  mən bu mahnıları 

ekranlarda, efirdən eşitməmişdən çox qabaq onlar evimizə 

məhrəm olmuşdular. 

Moskva küçələri bu mahnılarla doludur, gülüşlərlə, gül-

çiçəklə, mayla, baharla doludur. Anam ağ corablarda, ağ 

parusin çəkmədə, ağ güllü qara krepdeşin paltardadır, belinə 

nazik ağ kəmər taxıb, başına beret qoyub... 

22-23 yaşındadır anam, yanında da Moskvaya qonaq gəlmiş 

on bir yaşlı dayısı oğlu Mirzə. Qorki parkında gəzirlər. Birdən 

haray qopur. Hamı bir tərəfə qaçır, Mirzə  də anamın  əlindən 

qopub camaat qaçan tərəfə cumur... Demə, Stalin, başqa 

rəhbərlər parka gəliblər, camaat onları dövrəyə alır. Hələ 

otuzuncu illərin birinci yarısıdır. 

Əlbəttə, butün bunları  xəyalımda ona görə bu qədər  əyani 

canlandırıram ki, anam özü danışıb bizə – onun bu paltarda, bu 


 237 

beretdə fotolarını görmüşəm, bütün bunlar belədir, amma mənə 

elə gəlir ki, o  illərin bahar, səhər, ümid dolu ab-havası, gənclik  

həvəsi, inamı – ispan respublikalarına, Dolores İbarruriyə 

rəğbətdən tutmuş Çkalov uçuşlarının təntənəsinəcən – bütün bu 

bayramların, fərəhlərin, sevinclərin işığı qanımla keçib mənə 

anamdan – sanki özüm yaşamışam o illəri... 

İçimdə yaşayan o illərin hadisələri, faktları deyil – dünya 

duyumu, hissləridir, hadisələrin ardıcılığını tarix kitablarından, 

qəzetlərdən də öyrənmək olar. Bütün bunları  İçəri dünyada 

yaşadıb saxlamaq, öz şəxsi fərdi xatirən kimi yada salmaq isə 

tamam başqa məsələdir. 

Heç vaxt səhnədə Arbuzovun Babanovanın iştirakıyla 

oynanılan "Tanya" pyesini mən özüm görməmişəm, anam 

görüb. Amma mənə elə  gəlir ki, özüm görmüşəm, özüm 

eşitmişəm qolçomaqların hədələrindən xoflanan Tanyanın 

dinlədiyi "Kakaə xoroşaə budet jiznğ" mahnısını. 

Anam bizə danışmışdı ki, Moskvada təhsil illərində maddi 

sıxıntılar içində keçən günləri çox olub. "Bir dəfə nahar 

eləməyə bir-iki manatım da qalmamışdı.  Əlacsızlıqdan 

mənimlə bir yerdə  təhsil alan azərbaycanlı  tələbələrdən 

birindən üç manat borc almaq qərarına gəldim. Ona 

institutmuzun pilləkanında rast gəldim. Məni görmədi, aşağı 

düşürdü. Yanaşa bilmədim. Üçüncü mərtəbədən aşağı 

baxırdım, çağıra bilmirdim. O, birinci mərtəbəyə çatanda, 

nəhayət, özümü məcbur edib yuxarıdan onu harayladım, adını 

bərkdən çağırdım, O eşitdi, qanrılıb yuxarı baxanda çəkildim, 

gizləndim. Məni görmədi. Təəccüblə o yan-bu yana boylandı, 

çıxıb getdi. O gün ac qaldım". 

Fidan mənə dedi ki, anamın cəmisi bircə dəfə bizə danışdığı 

bu səhnəni elə bil öz gözlərimlə görmüşəm – pilləkanı da, 

üçüncü mərtəbədən çağırmasını da, adamın qanrılıb 

boylanmasını da, anamın çəkilib gizlənməsini də... 

Mən də o səhnəni eyni əyaniliklə görürəm... 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin