***
Böyük və kiçik müharibələrdə qaliblər olmur, məğlub
sayılan tərəf kinini, nifrətini, içindəki qisas, intiqam hisslərini
toplayıb-toparlayıb bir müddət sonra yeni bir cəngə başlayır və
bu savaşın nəticələri çox vaxt əvvəlkinin tam tərsi olur. Məğlub
tərəf qalib, qalib tərəf məğlub sayılır və çərxin yeni bir
fırlanma dönəmi başlanır. Amma intiqamın, qisasın bir
alternativi də anlaşma, barış ola bilər. Avropa dövlətləri elə
ancaq XX əsrdə (hələ əvvəlki əsrləri demirəm) bir-biriylə iki
qanlı cahan hərbində külli-miqdarda qırıb qırıldıqdan sonra bu
713
fikrə gəldilər. Avropadakı ayrı-ayrı lokal konfliktlər – məsələn,
Balkanlardakı hadisələr – istisnadır. Güman ki, XXI əsrdə bu
anlaşmaq, barış düşüncəsi Asiya və Afrikada da şüurlara hakim
kəsiləcək. Və bizim Qarabağımız da qansız-qadasız, sülhün
müharibədən qat-qat faydalı və xeyirli olması fikrinin
rəqiblərimizə hakim kəsilməsiylə azad olunacaq.
Axı ermənilər hikkələrindən əl çəkib, tarixi xülyalara
qapılmadan real və praqmatik düşünməyi bacarsalar, anlayarlar
ki, bu konfliktdə itirdikləri qazandıqlarından çoxdur. Bu
Qarabağ avantürasını başlamasaydılar və Azərbaycanın iri
şəhərlərindən qovulmasaydılar indi, bazar iqtisadiyyatı
şəraitində Bakının, Gəncənin, Sumqayıtın əksər şirkətləri,
bankları, otelləri, restoranları, dükanları onların əlindəydi. Həm
alverdə zirək olduqlarına görə, həm də xaricdəki erməni
diasporasıyla sıx əlaqələrinə görə. Bu cəhətdən bəxtimiz gətirdi
ki, Azərbaycanda iqtisadi hökmranlığa nail ola bilmədilər.
İqtisadi inhisarın siyasətə nə qədər güclü təsir etdiyi aydındır.
Amma məsələ ondadır ki, işğal etdikləri və boşalmış şəhərlərə
nəzarət etsələr də, burada yaşamağa, məskən salmağa ürək
eləmirlər. Bilirlər ki, bu hökmranlıq müvəqqətidir, həmin
şəhərlər, kəndlər, ərazilər, o cümlədən Şuşa da əsl sahibinə –
Azərbaycan xalqına qaytarılacaq. Bəlkə bu proses uzun çəkdi,
amma mütləq bununla nəticələnəcəyinə zərrə qədər də şübhəm
yoxdur. Şübhəm başqa şeyədir – o zaman Ermənistan özü bir
dövlət kimi ayaqda qala biləcəkmi? Demoqrafik baxımdan və
mühacirətə gedənlərin axınına görə Ermənistan əhalisinin neçə
dəfə azalması öz yerində. İqtisadi təcrid nəticəsində
Ermənistanda dolanışığın gün-gündən pisləşməsi də nəticəsiz
qala bilməz. Xarici diaspora da, nəhayət, bir gün Ermənistanı
yemləməkdən bezib təngə gələcək.
Bizim ən böyük müttəfiqimiz Vaxtdı. Bir də demoqrafik
faktor. Qafqazda üstünlük – hər halda, əhali üstünlüyü
Azərbaycan kəndlisinin yatağında həll olunur. Zori Balayan
kimi faşistləri də hələ sovet dövründən bəri ən çox narahat
714
edən məhz bu məsələ – Azərbaycan, ümumən türk və
müsəlman ailələrinin çoxuşaqlı olmasıdır.
***
2000-ci ilin avqustu. Bildirki kimi nəhs avqust. Bildirin
avqustunda bir çox yaxın adamlarımı itidim. Bu ilin avqustu da
başqa xoşagəlməz hadisələrlə doldu. Elçibəyin ölümü,
Naxçıvandan uçan təyyarəni qaçırmaq cəhdi və bunun
nəticəsində cərəyan edən hadisələr. Rusiyada bir çox ictimai
bəlalar – Puşkin meydanında partlayış, dərhal "çeçenlərin
işidir" – deyə formalaşan ictimai rəy və bütün çeçenlərə qarşı –
quldura da, quldur olmayana da, Moskvadakı çeçen professora
da, dağlardakı çeçen uşağına, qadına, qocaya qarşı eyni nifrət
hissi və qisas almaq arzusu. Çeçenləri pəpə deyəndən məmə
yeyənə qədər qırıb qurtarmaq – yeganə çıxış yolunu bunda
görürlər. Daha düşünmürlər ki, başqa yol da ola bilər. Burax
getsin, çeçen istədiyi kimi yaşasın. Uraldan Uzaq Şərqə qədər
böyük bir ərazidə, deyilənə görə, cəmisi 8 milyon yerli əhali
yaşayır. Bütün bu əraziləri yavaş-yavaş, aramla, amma ardıcıl
şəkildə çinlilər doldurur, hələlik ticarət, iş adıyla. Bapbalaca
Çeçenistan uğrunda canını qoyan Rusiya bir gün ayılıb görəcək
ki, ölkəsinin üçdə ikisi çinlilərin əlindədir.
Çeçen təbliğatına görə, Masxadov Putinə islamı qəbul
etməyi təklif edib. (Vaxtliə belə bir təklifi Qorbaçova, ya
Yeltsinə – yadımda deyil -Ayatolla Xomneyi də etmişdi).
Çeçenlərin gümanına görə Putin bu təklifə biganə qaldığı üçün
"Kursk" sualtı gəmisində qəza baş verdi. Gəmidəki 118 adam
xəbər-ətərsiz suların dibindədir – hələ sağdırlar, ya artıq
ölüblər? Uzun zaman məlum deyildi. Rus höküməti xaricdən
yardım təkliflərini əvvəl rədd etdi: "Birdən sirlərimizi bilərlər".
Vaxtilə ssenari kurslarında gördüyüm film – Stenli Kubrikin
"Doktor Streynclav, yaxud mən atom bombasını necə sevdim"
filmi yadıma düşdü. Təsadüf nəticəsində ABŞ SSRİ-ni, SSRİ
ABŞ-ı darmadağın edir. Amerikanın Prezidenti və başqa
yüksək rütbəli siyasi rəhbərləri bunkerdə gizləniblər. Rus
715
səfirini də bura dəvət ediblər. Bunkerin divarında iri bir dünya
xəritəsi var və bu xəritədə müxtəlif qitələrdəki Amerika hərbi
bazalarının yerləri göstərilib. Dediyim kimi, təsadüf
nəticəsində tək bu iki superdövlət yox, bütün dünya dağılıb,
sağ qalan yalnız bu bunkerdəki insanlardır. Və filmin sonuncu
kadrı: sovet səfiri çəkməsinin bağını bağlamaq bəhanəsiylə
əyilir və hamının gözünü oğurlayıb kiçik fotoaparatla
xəritədəki Amerika hərbi bazalarının şəklini çəkir.
Nə isə… "Kursk" məsələsinə qayıdıram. Yalandan deyirlər
ki, guya gəmiylə əlaqə yaradıblar. Ekipajın neçə nəfər
olduğunu da gizli saxlayırdılar. Doğrudur, "Komsomolskaya
Pravda" qəzetinin müxbiri rüşvət verib bu siyahını əldə edə
bilib. (Bu ölkədə dövlət sirlərini də rüşvətlə öyrənmək
olarmış). Gah deyirlər ki, gəmidə oksigen ehtiyatı ayın 18-
nə, gah deyirlər 23-nə qədər çata bilər. Gəminin içi qaranlıqdır,
soyuqdur, havasızdır. Soyuq dənizdə insanlar məhv olarkən
Putin Soçidə Qara dənizin isti sularında çimir.
Bir versiya da var ki, "Kursk" "Petr Veliki" gəmisiylə
toqquşub, bu gəminin qalıqları isə dənizin dibindədir. Və
qəvvaslar da guya "Kursk"a yardım üçün yox, məhz o batan
gəminin qalıqlarını tapmaq üçün sulara qərq olurmuş. Deyirlər
ki, "Kursk"un lükunu aça bilmirlər. Nəhayət ki, norveçliləri
köməyə çağıran kimi həmin gün o lükü aça bildilər. Etiraf
etməli oldular – bütün ekipaj elə ilk gün həlak olub. Onlarla
əlaqə yaradılması-filan ağ yalan imiş. Amma əlüstü onu
vurğulayırlar ki, ekipajın içində iki dağıstanlı olub.
Başqalarının millətlərini niyə demirlər? Ancaq bir səbəbdən.
Başqa bir versiya da ortaya atmaq üçün, yəni bəlkə bu
dağıstanlılar kamikadzelər imiş, özlərini də gəmini də onlar
məhv edib. Küt rəsmi təbliğat onu da dərk etmir ki, bu versiya
ağlabatan olmasa da, hər halda, ən azı dağıstanlıların cəsarətini
və fədakarlığını təsdiq edir. Həlak olmuş 118 adama çox
yazığım gəlir. Hər gecə səbrsizliklə xəbərlərə baxırdım ki,
bəlkə xilas ola bildilər. Bununla belə, rəsmi təbliğatın, daha
716
doğrusu, rəsmi siyasətin bəyanatları da ikrah doğururdu.
Fransız kralları Burbonlar haqqında deyirdilər ki, onlar heç bir
şeyi unutmayıblar, amma heç nə də dərs olmayıb onlara.
Bunlar həm hər şeyi unudublar, həm də heç bir şeydən ibrət
dərsi almırlar. Tam bir iflas – hərbi, elmi-texniki, siyasi, əsas
da mənəvi iflas.
Puşkin meydanında partlayışdan həlak olanların və
"Kursk"da məhv olanların ailələrinin göz yaşları qurumamış
Ostankino qülləsində yanğın baş verdi. Burada da ən azı 3
adam öldü. Yazıq Rusiya! Elə bil, Allahın lənətinə gəlib.
***
Əbülfəz Elçibəy vəfat etdi. Azərbaycanın bəlkə də sonuncu
romantik siyasətçisi idi. Bu cəhətdən onu, doğrudan da,
romantik siyasətçi Məmməd Əmin Rəsulzadəylə müqayisə
etmək olar. Əbülfəzdən sonra gələn cavan siyasətçilər əsasən
praqmatikdirlər. Yəni hakimiyyəti özü-özlüyündə sevirlər –
xalqdan, millətdən, demokratik ideallardan da artıq sevirlər.
Amma onların praqmatikliyi də qüsurludur, çünki praqmatizm
soyuq şüurun məhsuludur, bunların hikkəsi hadisələrə soyuq,
ayıq və oyaq şüurla yanaşmağa imkan vermir. Yəni bu hikkə –
kimisə yıxmaq, kimdənsə qisas almaq, kimdənsə heyf çıxmaq
və yalnız bu cür özünütəsdiq etmək hikkəsi bütün başqa
məqsədlərdən üstündür, demokratik və millətçi ritorika isə
yalnız bu əsas mahiyyəti gizlədən şirmalardır. Elçibəy belə
deyildi. Amal, əqidə, doğrudan da, onun həyatının mənası idi.
Əqidəsi yolunda əzab çəkməyə də hazır idi, xislətində
qisasçılıq da yoxdu. Dünyagörüşünün miqyasları etibarilə
müəyyən hüdudlar çərçivəsində düşünə və fəaliyyət göstərə
bildi, amma sözlərində, əməllərində səmimi idi, dözümlü idi,
mərhəmətli idi. Ətrafındakılar isə onun bu müsbət
cəhətlərindən tam tərs məqsədlərlə istifadə etməyə başladılar.
Ölümünü və dəfnini də şaxsey-vaxsey mərasiminə çevirdilər. O
səhnələrə televizorla baxanda düşünürdüm ki, aşura
psixologiyası 1300 ildir bu xalqın şüuruna, xarakterinə elə
717
dərindən nüfuz edib ki, ona mütləq şəhidlər lazımdır.
Erməniləri, yalançı və uydurma mif olsa da, soyqırımı
adıyla milli matəm, hüzn biləşdirir. Biz isə 1300 ildir ərəb
sərkərdələrinin yasını tuturuq. 1300 ildir Kərbəla şəhidlərinin
matəmini yaşayırıq – sinə döyürük, zəncir vururuq, baş yarırıq,
saç yoluruq. Və mütləq bir düşmən obrazı lazımdır bütün bu
mərasim üçün. Real düşmənlərimiz qalıb bir qıraqda, Şümürə,
Yezidə lənət oxuyuruq.
Allah Əbülfəzə qəni-qəni rəhmət eləsin. Uğurlu siyasətçi
olmasa da, saf insan idi.
***
Mətbuatda qəribə və şəxsən mənə təsir edən xəbər oxudum.
Məlum olduğu kimi, Xəzərdə üzən gəmilərdən birinin adı
"Rəsul Rza", birininki "Nigar Rəfibəyli"dir. Qazaxıstan
limanlarının birində təsadüfən bu iki gəmi eyni zamanda lövbər
salıb. "Rəsul Rza" gəmisində içməli su qurtarıb və nə sahildən,
nə başqa bir gəmidən su ala bil-yiblər. Yalnız "Nigar
Rəfibəyli" gəmisindən onlara su göndəriblər.
2004
***
Fevralın birində – Qurban bayramı günü Zemfiranın kiçik
qardaşı Çingiz öldü. Qurban bayramında ölənlər cənnətə düşür,
– deyirlər. Əgər cənnət varsa Çingiz lap yəqin ordadır, çünki o
qədər saf, ürəyi təmiz, hamıya yaxşılıq etmək istəyən, xeyirxah
insan idi ki. Həyatda tamamilə haqsız olaraq çəkdiyi
əziyyətlərə görə də cənnətə getməyə layiqdir. Çingiz 1945-ci
ildə – Zemfirayla tanış olduğumuz il – dünyaya gəlmişdi, bütün
uşaqlığı, cavanlığı və nəhayət, yetkin çağı gözlərimin
qabağında keçmişdi. Doğma qardaşım yoxdur, onu doğma
qardaşım kimi istəyirdim. Dekabrın əvvəllərində başında, qara
ciyərində ağrılardan şikayət-lənirdi, onu görkəmli onkoloq-
həkim Əhliman Əmiraslanovun yanına apardım. Rentgen
718
şəkillərini, analizləri gözdən keçirdi, özünü müayinə etdi və
mənə təklikdə: "Əfsus ki, gecdir, – dedi, – beynində bəd xassəli
şiş var, ciyərə də metastaz verib".
Düz ay yarım bu acıdan-acı xəbəri daş kimi içimdə daşıdım,
nə Zemfiraya, nə də başqa heç kəsə dedim.
Qismətə bax. Neçə il bundan qabaq böyuk bacıları Elmira
vəfat edəndə Çingiz onun qəbrini atasının, anasının yanında
qazdırmışdı. Sonra qərar verildi ki, Elmira İkinci Fəxri
xiyabanda basdırılsın. Çingiz o qəbrin üstünü örtdü, amma içini
hazır saxladı. Elə bil, özüyçün saxlayıbmış. Onu elə həmin
qəbirdə dəfn etdik.
Sabah Ənvər Məmmədxanlının doğum günüdür. 29 fevral
dörd ildən bir olur, Ənvər də həmin gün anadan olub.
İtirdiyimiz hər yaxın adam – bizim özümüzü də addım-
addım ölümümüzə yaxınlaşdırır. Allah hamısına rəhmət eləsin.
28 fevral, 2004
Yazacağım bir kitab haqqında çoxdan bəri düşünürəm.
Düşüncələr, anılar, xatirələr kitabı olacaq bu əsər TNəslim,
əcdadlarım, valideynlərim, ailəm, özüm haqqında, dostlarım və
düşmənlərim haqqında, həyatda rastlaşdığım xeyli insan
haqqında, gəzdiyim ölkələr, şəhərlər haqqında, oxuduğum
kitablar, gördüyüm filmlər, dinlədiyim musiqi haqqında – bir
söz, bütün bunlarla dopdolu dolmuş ömrüm haqqında əsər
olacaq. Bəlkə də, daha sönük bir ömür sürsəydim, həyatla
vidalaşmaq mənə bu qədər ağır gəlməzdı.
Amma həyatla vidalaşmaq fikrim də yoxdur. Hər halda, bu
kitabı bitirməyincə dünyadan köçən deyiləm. Kitabın adı
belədir: "Keçən keçdi, olan oldu". Üzərində gərgin iş gedir.
Doğrudur, hələ ki, ancaq bircə cümlə – kitabın ilk cümləsi
yazılıb:
"ÖMÜR KEÇDİ. ONUN HAQQINDA DANIŞMAQ MƏQAMI GƏLDİ".
20 aprel, 1997
719
OXUDUQLARINIZ
Sizsiz
Sizsiz .................................................................................. 3
Həyatım ağrıyır
Həyatım ağrıyır ................................................................260
Anılar, ağrılar, ağılar
Qara Qarayevə rekveiyem.................................................322
Cavad Mircavadova vida sözü .........................................324
Əlvida, Mirzə müəllim ....................................................327
Yeri həmişə görünəcək .....................................................330
Danışa bilmirəm................................................................332
Müsibət..............................................................................334
Şəhidlər dağı......................................................................343
Aydın sürəti.......................................................................366
Torpağı vətən edənlər........................................................371
Tofiq İsmayılovun xatirəsinə............................................375
Vəli Məmmədovu düşünərkən .........................................381
Ulduzlu Ziya - Ziyalı ulduz ..............................................385
Bir neçə söz.......................................................................388
Bir dostum vardı................................................................390
Vaqiflik..............................................................................392
Şerimizin başı sağ olsun....................................................395
Elmira Hüseynovanın xatirəsinə ......................................397
Arazsız qaldıq....................................................................398
Quram Pancikidzenin ölümünə ........................................403
Heç bir zaman....................................................................404
Qırx gün, qırx gecə............................................................409
Nəhs avqust.......................................................................413
Şuşalı, yalçınlı günlər .......................................................427
Eminə ağı...........................................................................431
Əlvida................................................................................433
Elə bil heç yox imiş...........................................................435
Qalib gəldi, qalib getdi......................................................439
720
Gecə düşüncələri
Gecə düşüncələri...............................................................448
721
ANAR. Əsərlər. III cild
Bakı, Nurlan, 2004, 689 səh.
Nəşriyyat redaktoru:
KÖNÜL ŞAHBAZOVA
MƏLAHƏT QƏMBƏROVA
Bilgisayar tərtibi:
SEVİNC HÜSEYNOVA
Yığıcı:
ARZU MAHMUDOVA,
SEVİNC HÜSEYNOVA
722
Yığılmağa verilib: 17.09.2003.
Çapa imzalanıb: 01.04.2004.
Həcmi: 43 ç.v. Format:60x88 1/2
Ofset çap üsulu
Sayı: 500.
Qiyməti müqavilə yolu ilə
Nurlan Nəşriyyat Poliqrafiya Birliyi
Dostları ilə paylaş: |