***
Son vaxtlar dünya azərbaycanlılarının sayını ilbəil artırmaq
dəb düşüb. Vaqif Səmədoğlu yaxşı dedi: ermənilər guya ki, 15-
ci ilin soyqırımında ölənlərinin sayını ilbəil artırırlar, biz isə
dirilərimizin sayını hər il azı bir neçə milyon artırırıq.
Doğrudan da, bir neçə il qabaq dünya Azərbaycanlılarının
sayını (əsasən İrandakı azərbaycanlıların hesabına) 30 milyon,
sonra qırx milyon, indi isə əlli miyon deyə müəy-yənləşdirirlər.
Təki olsun. Amma məni bir şey düşündürür. Ermənistanla
620
İranın sərhədi Cənubi Azərbaycandan, yəni azərbaycanlıların
torpaqlarından keçir. Şimali Azərbaycanın 20 faizini işğal
etmiş Ermənistanın yeganə iqtisadi təminatı İrandan gələn
mallardır. Olmazmıydı ki, bu 20, ya 30 milyon Güney
azərbaycanlı qardaşlarımız heç olmasa bir dəfə Ermənistana
gedən traylerlərin qabağını kəsəydilər, bir etiraz piketi
keçirəydilər. Əksinə, deyilənə görə, bu gün İrəvan bazarlarında
ən çox səslənən Azərbaycan dilidir – bədnam qonşularımızı
ərzaqla təmin edən cənublu qardaşlarımızın danışdıqları doğma
dil.
İrandakı görüşlərimlə bağlı daha bir xatirə. Təbrizdə
Şəhriyar simpoziumu keçirilirdi. Bu qədim Azərbaycan
şəhərində Azərbaycan şairi haqqında İran tərəfindən edilən
bütün məruzələr, çıxışlar yalnız fars dilində idi. Bizim
nümayəndələr təbii ki, Azərbaycan dilində çıxış edirdilər. Onu
da deməliyəm ki, Təbrizin hər yerində – küçədə, bazarda hamı
ancaq Azərbaycanca danışır, başqa dil eşitmək mümkün deyil.
Avtobusda gedərkən gənc alim qızlarımızdan ikisi bir-birinə
rusca nə isə dedilər. Bizi müşayət edən Əsgər Fərdi dərhal
mənə söz atdı: – Ağayi Anar, sizin qızlar rusca danışır – dedi, –
heç Təbrizdə başqa dildə danışana rast gəldinizmi? – Heç yerdə
rast gəlmədim, – dedim, – bircə Şəhriyar simpoziumundan
başqa.
Fərdi güldü: -Bir sıfır sizin xeyrinizə, – dedi.
***
İdeologiya çox vaxt iqtisadi sistemlərdən daha uzunömürlü
olur. Elm və texnikanın tərəqqisiylə bağlı olaraq iqtisadi
sistemlər inkişaf etsə də, ideoloji baxımdan nimdaş dünyəvi, ya
dini ideyaların əsiri olaraq qalırlar (bir çox hallarda dünyəvi
ideyalar da elə dini düşüncənin bir şəklidir). Beləliklə,
cəmiyyət inkişaf yolunda ideologiyaya xərac verməlidir. Axı
nəyə görə? Görünür, ona görə ki, mədəniyyət, sənət, əxlaq kimi
ideologiya da cəmiyyətin şüurunda o qədər dərin iz salır ki,
onun təməllərinin sarsıdılması insanlar tərəfindən zəlzələ-
621
vəlvələ kimi qavranılır, həyat tərzinin kökündən dəyişməsi
kimi anlaşılır. Məhz buna görə də bəzi ərəb ölkələri dini
ehkamların iqtisadi inkişafa mane olduğunu dərk etsələr belə,
bu ayinlərə sədaqətlərini nümayiş etdirməlidirlər. Bizim sovet
ideologiyası da eynən bu cür hərəkət edir, yəni dəyişən
dünyanın tələblərinə, elmi-texniki tərəqqinin şərtlərinə əməl
etmək ehtiyacı ideoloji qəliblərə salınır.
(Bu 85-ci ilin qeydləridir. Görünür, yenidənqurmanın ilk
ilinə aiddir. Bundan sonra SSRİ inkişafının neqativ nəticələri
də, Çin təcrübəsinin əsasən pozitiv yekunları da mənim
fikirlərimi təsdiq etdi. Balaca Den böyük bir eksperiment yapdı
– marksizm-maoizmin ideoloji ritorikasını saxlamaqla Çinin
iqtisadi həyatını bütünlüklə bazar müstəvisinə keçirdi. Bunun
nəticəsində vaxtilə Amerika yazıçısı Perl Bakın "Torpaq"
romanında təsvir etdyi, sözün hərfi mənasında torpaqla
qidalanan çinlilər aclıqdan və dilənçilikdən qurtuldu, milyard
yarım insanın qarnı doyduruldu, əyni-başı düzəldi. Bazar
iqtisadiyyatına çoxdan riayət edən qonşu Hindistanda isə bu
gün də bir milyard hindli dəhşətli səfalət və aclıq içində
çabalayır. Həm də Çin bunu tarix üçün çox qısa sayıla biləcək
bir müddətdə həyata keçirdi. Deməli, bu problemi – əhalinin
normal yaşaması, təminatı problemini hər hansı ölkədə – hətta
bu qədər əhalisi olan, bu günə qədər geridə qalmış sayılan,
proletar inqilabının və "ən qabaqcıl təlimin" bütün
"ləzzətlərini"dadmış, xunveybinlərin amansız "mədəni
inqilabını" belə yaşamış ölkədə də həll etmək mümkün imiş.
Həm də bu, qeyri-müəyyən Gələcəyin əfsanəvi və xülyavi
kommunizm cənnəti yox, indi ömür sürən insanların
yaşadıqları normal həyat tərzidir).
***
Çində olarkən Mao Tzedunun mavzoleyini ziyarət etdim.
Maonun balzamlanmış
nəşi qoyulan binada onun
silahdaşlarının – vaxtlilə bir-birinin ətini yeməyə hazır olan və
Maonun özünün də cəzalandırdığı silahdaşlarının şəkilləri
622
asılıb Cju De, Lya Şao Tsi, Cjou En Lay, Den Syao Pin.
Moskvada, məsələn, Lenin mavzoleyində belə bir mənzərəni
təsəvvür etmək mümkündürmü – Stalinin, Trotskinin, Xruş-
şovun, Brejnevin şəkilləri yan-yanaşı asılsın?
***
Tiraniya, adətən, ac-yalavac, min bir əzab çəkən ölkələrdə
baş tutur. O, kütlələrin mövcud şəraitə narazılıq hissləri və
milli qürurunun alçaldılması zəminində ucalır. Kütlələrin bu
narazılığı aşıb-daşanda Qiyama çevrilir. Rus şairi Marşakın bu
barədə çox dəqiq şeri var. Məzmunu budur ki, qiyamlar heç
vaxt uğur qazanmır, uğur qazanırsa, ayrı cür adlandırılır. (Yəni
Marşakın demək istədiyi və deyə bilmədiyi odur ki, qiyam
uğurla baş tutanda onu Böyük İnqilab adlandırırlar, məsələn,
Böyük Oktyabr İnqilabı, baş tutmayanda isə, məsələn,
Kronştad qiyami, ya Kornilov qiyamı).
***
Ən böyük inqilab belə həllinə boyun olduğu problemləri
çözə bilmədiyinə görə yeni narazılıqların qarşısını almaq üçün
diktaturayla nəticələnir. Hamını da inandırmaq istəyirlər ki,
yalnız tiraniya, despotik rejim ictimai xaosun qarşısını almağa
qadirdir. Tiraniyanın möhkəmlənməsi üçün ona mütləq
düşmənlər lazımdır, daxili və xarici düşmənlər. Beləliklə,
düşmən axtarışına çıxır və çox tezliklə hər şeyin səbəbkarı olan
düşmənləri tapırlar – bu, əlbəttə, ilk növbədə ziyalılardır. Hər
şeyin günahkarı, əlbəttə ki, onlardır. Ayrı kimə gücləri çatacaq
ki?
***
Monarxik, yaxud hər hansı təkhökmranlıq quruluşu
yəhudiliyin, xaçpərəstliyin və İslamın əsasını təşkil edən
Təkallahlılıq (monoteizm) ideyasının siyasi qarşılığıdırmı?
Nisbətən humanist variantda imperator – Allahın canişini kimi
qələmə verilir, amma sırf diktatura rejimləri də bu
təkhökmranlıq – təkallahlıq fikrinə arxalanır. Teymurləngin
deyiminə görə, göydə Allah birdir, yerdə də hökmdar bir
623
olmalıdır. Onda belə çıxır ki, politeizm (çoxallahlılıq)
demokratik rejimlərə uyğundur. Ancaq tarix bunu təsdiq etmir.
Yalnız demokratiyanın ilk vətəni qədim Yunanıstanda İlahi
Panteon – yer hakimiyyəti kimi həyatın hər sahəsinə nəzarət
edən Allahlardan ibarət idi.
***
Bu müqayisə yüngülməcaz görünə bilər, ancaq mənə elə
gəlir ki, seçicilərlə deputatların münasibəti – seçicilərin təqdiri,
ya tənqidi – hardasa meydançadakı futbolistlərlə tribunalardakı
tamaşaçıların münasibətini xatırladır. Tamaşaçıya elə gəlir ki,
necə penalti, yaxud küncdən zərbə vurmağı, topu ötürməyi,
müdafiəçilərin hasarını yarıb qapıdan qol keçirməyi və öz
qapısını qorumağı o, meydançadakı futbolçulardan daha yaxşı
bilir. "Topu ona ötür, bundan al, qabağa get, sola qayıt"- və
sairə məsləhətlərini çığırıb-bağıraraq o, tamaşaçı oyunçuları
hələ söyüb təhqir də edir, bacarıqsızlıqda günahlandırır, ələ
salır, lağa qoyur, fitə basır və s.
Amma axı meydançada döyüşən futbolistdir, tamaşaçı deyil.
"Öz münasibətini bildirmək tamaşaçının haqqıdır" –
deyəcəksiniz. Doğrudur. Amma tamaşaçının bu haqqını
tanımaqla, hətta onun iradlarını qəbul etməklə bərabər deyə
bilmərik ki, o, tamaşaçı futbolu oyunçudan çox sevir, ya
futbolçu komandasının qələbəsini tamaşaçıdan az istəyir və
nəhayət, necə oynamağı tamaşaçıdan pis bilir.
Bunu xalqı sevmək, xalqın mənafeyini qoruya bilmək
barədə deputatlara tutulan iradlarla bağlı deyirəm. Kimsə
xalqına sevgisini, bağlılığını onun yolunda hər hansı sahədə –
siyasətdə, iqtisadiyyatda, yaxud mədəniyyətdə gördüyü əməli
işlərlə həyata keçirir. Başqa birisi isə bu sevgidən yalnız
mitinqlərdə gur səslə danışır və üstəlik iş görmək istəyənləri də
yaş yuyub quru sərir. Orxan Vəli gözəl deyib: "Nələr etmədik
bu vətən yolunda, kimsə canını fəda etdi, kimsə nitq söylədi".
Futbolla müqayisəni davam etdirsək, onu da deyə bilərik ki,
futbolçu üçün futbol – onun taleyi, ömrü-günü, həyatının
624
mənasıdır. Tamaşaçı üçünsə futbol bir neçə xoş, ya həyəcanlı
keçən əyləncə saatlarıdır. Deputat fəaliyyətinə də tamaşaçı
kürsülərindən baxıb mənfi, ya müsbət (əksərən mənfi) qiymət
vermək ən asan işdir. Doğrudur, futbolda da, siyasətdə də kütlə
bəzən özüyçün bütlər, kumirlər də yaradır. Amma bu gün qol
vurub kumirə çevrilən birisi, sabah topu qapının üstündən, ya
yanından keçirərkən fitə basılır. Dünənki kumir bir an içində
rüsvay edilir. Eynən deputatlar kimi – bir gün yaxşı çıxış
elədin, qəhrəmansan, sabah nə səbəbdənsə susdun, nifrətə
layiqsən.
1989. Moskva. SSRİ Ali Sovetində
deputat olduğum vaxtlar.
***
SSRİ-də otuzuncu illərin ədəbi döyüşləri qədim Romadakı
kimi qladiator döyüşləri idi – meydana döyüşçülərin həyatı,
dünyada qalıb-qalmaması qoyulurdu. Amma Roma
qladiatorlarından fərqli olaraq, məğlub olanın yalnız özü yox,
bütün ailə üzvləri, yaxınları da məhv edilirdi. Bizim günlərin
ədəbi çəkişmələri isə – olsa-olsa şahmat turnirinə bənzəyir –
qalib ancaq bir mərtəbə yüksəlməyə iddia edə bilər.
***
Əsrin nəfəsi kəsilib. Sonuna yaxın o, onilliklər ərzində baş
vermiş bütün hadisələrdən yorulub usanıb sanki – iki cahan
müharibəsi və saysız-hesabsız xırda, regional, vətəndaş, etnik
və dini savaşlar. Elə o böyük müharibələr kimi qanlı savaşlar.
Bir də ki, İnqilablar – böyük və kiçik inqilablar, çevrilişlər,
qiyamlar. Repressiyalar, edamlar, sürgünlər, ölüm düşərgələri,
dövlətin özünün, ya ayrı-ayrı dəstələrin, qrupların, təşkilatların
törətdikləri terror aktları. Çeşid-çeşid totalitar rejimlərdə
yaşamağa məhkum olmuş nəsil-nəsil insanın ümidsizliyi.
Xərçəng xəstəliyi və SPİD. Hirosima. Çernobıl. Osvensim.
Kolıma. Xolokost və QULAQ, Stalin və Hitler. Pol-Potun qanlı
Kampuçiya eksperimenti və xunveybinlər. Çində Maonun
625
qırmızı sitat kitabçıqları və İtaliyada Qırmızı Briqadalar. Əsrin
əvvəlində qaz fanarları və əsrin ortalarında qaz kameraları.
Kosmonavtlar və astronavtlar. Qaqarin və Armstronq. İlk peyk
və Ayda insan ləpirləri. Böyük şəhərlərin ekoloji fəlakətləri,
dənizlərin, okeanların zəhərlənməsi. Səmada ozon dəlikləri və
dənizlərin dibində məhv olan balıqlar. Yer üzündən silinib itən
Aral kimi dənizlər, zəhərli ximikatlarla və nüvə qalıqlarıyla
şikəst edilmiş torpaq, qırılmış meşələr və insanlar, xalqlar.
Qaralar, ağlar, qırmızı və sarı dərililər arasında sönüb
səngiməyən ədavət, düşmənçilik, qisasçılıq…
…Amma bütün bunlar hələ qabaqdadır, bütün bunlar hələ
olacaq.
Bu gün isə XX əsrin axırı yox, ilk günüdür. 1901-ci il
yanvarın biridir və məhz elə bu gün Qori seminariyasının
məzunu Cəlil Məmmədquluzadə ərizə yazır ki, onu bir neçə ay
ərzində işlədiyi pristav vəzifəsindən azad etsinlər. Onun işi
deyil bu. Onun işi də, əsri kimi sanki elə bu gün başlayır.
***
Yadımdar Brejnev hakimiyyət başında olarkən həmkarları
onun çox mərhəmətli, xoşqılıqlı, yumşaq və nəzakətli adam
olmasından ağız dolusu danışırdılar.
Mərhəmət, yumşaqlıq, nəzakət hara, ölümündən sonra
qəbrinə atılan bu qədər çirkab hara? Bəlkə də insanlar içlərində
yığılmış narazılığı, illər boyu udmağa məcbur olduqları etiraz
hisslərini, demək istədikləri və deyə bilmədikləri ittiham
sözlərini indi, ölümündən sonra bədbəxt Brejnevə
ünvanlamaqla onun təmsil etdiyi quruluşdan, onu qaldırıb
bütləşdirən rejimdən heyflərini çıxmaq istəyirlər. O ki qaldı
rəhbərlərə, axı rəhbərlər də hər halda insandırlar, onlar
Brejnevin sağlığında ona nə
qədər yalmanır və
yaltaqlanırdılarsa, indi bir o qədər həvəslə mərhumdan bütün
bunların acığını çıxırlar. Bu tipik kölə xislətidir –
yaltaqlandığına, qarşısında quyruq buladığına, hər şıltaqlığına
itaət etdiyin şəxsə öz daxilində amansız nifrət toplanır,
626
səbrsizliklə intiqam saatını gözləyirsən. Bu intiqamı diri
adamdan yox, onun meyitindən almalı olacaqsan. Bu da
qənimətdir. Kölənin mədhiyyələri də qisasçılığı qədər
təhlükəlidir. Amma məgər elə Brejnev özü məhz bu cür hərəkət
etmirdi? Rəhmətlik Ənvər Məmmədxanlının bir dəqiq
müşahidəsi vardı: Xruşşovla birgə işlədiyi müddətin bütün
fotolarında Brejnev yan tərəfdən heyran baxışlarla Xruşşovun
ağzına baxır. Axı şəkil çəkilərkən Xruşşov Brejnevin yan
tərəfdən ona necə də "məhəbbətlə" baxdığını görə bilməzdi,
bunu yalnız qəzetlərdə, fotoda görəcək və iş yoldaşının
sədaqətini lazımınca qiymətləndirəcəkdi. Sədaqət və satqınlıq –
ikisi də "S" hərfiylə başlanan bu iki söz, illah da hakimiyyətin
ən yuxarı mərtəbələrində bir-birinə çox yaxın, hətta çox vaxt
tam uyğun anlayışlardır.
Yaxşı, tutalım, bütün bu zınqrovları döşünə Brejnev özü
taxırdı. Bəs onun ölümündən sonra xatirəsinin
əbədiləşdirilməsi haqqında heç bir ölçü hissinə, heç bir
əndazayə sığmayan tədbirlər? Bunu ki, Brejnev özü etmirdi.
Hər halda ölümündən sonra öz adını neçə-neçə şəhərə, rayona,
zavoda, müəssisəyə, gəmiyə verə bilməzdi. Yaxşı, tutalım bunu
Andropov edirdi, karyerasında irəliləməsinə görə Brejnevə
minnətdar olduğu üçün (inanan daşa dönsün). Andropov öləndə
də bu ölçüsüz-biçisiz ad vermələri Çernenko edirmiş? (Buna
adamın heç inanması gəlmir). Yaxşı bəs adidən adi, heç bir
cəhətiylə fərqlənməyən Çernenkonun ölümündən sonra kim
onun adını belə böyük ölçüdə əbədiləşdi-rirdi?
Əndazəsiz, şişirdilmiş mədhiyyələr daha təhlükəlidir, çünki
yalnız elə bir neçə nəslin ömrü müddətində tarix bizə sübut etdi
ki, hakimiyyətdə olan rəhbərin şəninə deyilən şit təriflər,
sağlıqlar, tostlar nə qədər ifrat şəkil alırsa, bu tərifləri
yağdıranların tərif obyektinə gizli nifrətləri də bir o qədər
amansız olur. Və rəhbərin ölümündən keçən ilk vaxtar – bir
həftəmi, bir aymı – hələ də köləlik xislətindən azad olmayan
yeni rəhbərlər öz sələflərinin xatirəsinə bir-birindən təmtəraqlı
627
tədbirlər qərarlaşdırsalar da, az vaxtdan sonra onun nəinki
özünü, hətta bütün yaxınlarını, ailə üzvlərini ən yaxşı halda
yaddaşlardan silib süpürməyə hazırdırlar. Stalinin, sonra da
Xruşşovun ümumittifaq miqyasında mənəvi edamı, bizim
resbuplika səviyyəsində N.Nərimanova, sonra da
M.C.Bağırova yönəlmiş hücumlar bu qəbildəndir. Əlbəttə,
Stalinin, Xruşşovun da, Nərimanovun, Bağırovun da fəaliyyəti
o qədər mürəkkəb bir dövrü əhatə edir və hər birinin fərdi
fərqli cəhətləri o qədər ziddiyyətlidir ki, onlara birmənalı
qiymət vermək olmaz. Daha dürüst və obyektiv qiyməti tarix
verəcək. Amma belə tələsik verilən sırf mənfi qiymət daha çox
bu qiyməti verənlərin təbiətini üzə çıxarır - kəmlik
kompleksindən əziyyət çəkən və hər şeyi udub içində saxlayan,
məqam gözləyən insanların təbiətini.
***
İndi, keçmişin kölgələrinə qarşı bu qədər "cəsarətli"
davrandığımız bir dövrdə biz hər halda bir əsas suala cavab
tapmaqda acizik: Stalinmi bu sistemi yaratdı, ya sistemmi
Stalini yaratdı? Durğunluq dövrünü Brejnevmi yaratdı, ya dövr
özü rəhbərlik etməyə, məsələn, Kosıgin kimi adamı yox,
Brejnevi seçdi? Axı patoloji dərəcədə qəddar Stalindən fərqli
olaraq Brejnev, görünür, zalım adam deyilmiş. Doğrudur,
Praqa baharını tank tırtılları altında xıncım-xıncım əzməyə də o
qərar vermişdi. Amma ümumiyyətlə, Brejnev, xüsusən, son
illərində yetərincə duyğusal, sentimental adam olub. Onu
Müslüm və Rıskin ağlada bilərdi. Bunun mən özüm də
şahidiyəm. İstedadlı bəstəkar və o vaxtkı Mədəniyyət nazirimiz
Rauf Hacıyev hardansa eşələyib tapmışdı ki, bizim opera
teatrımızın sıravi dirijoru Rıskin vaxtilə Brejnevlə birlikdə
Kiçik Torpaqda bir polkda xidmət edib. Brejnev Azərbaycanda
olarkən Lenin sarayında təntənəli iclasda Rauf Hacıyevin bu
mövzuya həsr etdiyi mahnısı səslənir (sözlərini yadımda deyil
kim yazmışdı). Rıskin dirijorluq edir və Müslüm səsinin və
istedadının var gücüylə qocalıb haprımış Baş katibin gözlərini
628
yaşardır. Az qala melodeklomasiya kimi səhnədən bir başa
Brejnevə xitab edərək: "Yadındamı, Kiçik torpaqda filan-filan"
və bu kimi sözləri oxuyur.
Brejnev yazığın çənəsi əsir, gözlərindən yaş gəlir (Bunu
mən artıq sonra televiziya ekranında təkrar translyasiya zamanı
görə bildim). Brejnev ağlayır və yanında əyləşmiş
Çernenkonun bütün bu xatirələr vecinə olmasa belə, o da şefinə
baxıb dəsmal çıxardır və gözlərini silir. Aman Tanrım…
Amma indi bax bütün qəzetlər Stalinin özbaşınalığını və
Brejnevin şıltaqlıqlarını "qoçaqlıqla" ifşa edirlər. "Pravda"
qəzeti ləzzətlə yazır ki, Brejnevin adı verilmiş hər yerdən adı
götürülür.
Mart 1988
Erməni terrorçuluğunun zəngin ənənələri var. Əsrin
əvvəllərindəki mauzeristlər və onların bugünkü davamçıları
əslində yalnız ermənilərə qarşı hər hansı bir cinayət işlətmiş və
yaxud bunu güman etdikləri adamları öldürmürlər. Yox,
düşmən saydıqları millətin ən parlaq, humanist, rəhmdil
adamlarına qəsd edirlər ki, qarşı tərəfi başsız qoysunlar.
Dirilərə qarşı bu fiziki terror ölülərə qarşı mənəvi terrorla
tamamlanır. Babəki, Koroğlunu, Qaçaq Nəbini qaniçən
adlandıraraq, sözün əsl mənasında, qaniçən Androniki öz milli
qəhrəmanları sayırlar.
(Bu sözlər 80-ci illərin ikinci yarısında yazılıb. O vaxt heç
ağlıma gəlməzdi ki, gün gələcək, ermənilər yox, özünü
azərbaycanlı sayan bəzi alimlər, jurnalistlər eyni erməni
hiddətiylə və eyni erməni terminləriylə Babəkə, Koroğluya, Şah
İsmayıla, Qaçaq Nəbiyə hücum çəkəcəklər - sonrakı qeyd).
Ermənilər Androniki milli qəhrəmanları sayırdılarsa, sovet
vaxtında ayrı-ayrı şairlərdən və yazarlardan başqa küll olaraq
Azəbaycanda Andronik haqqında güldən ağır söz deyən yox
idi. Bizim bu "dözümlülüyümüzə" qarşısa ermənilər müqəddəs
saydığımız insanlara – Üzeyir Hacıbəyova, Cəlil
629
Məmmədquluzadəyə, Nəriman Nərimanova çirkab atmağa
başladılar, onlara millətçi dedilər. "Bahadır və Sona", "Əsli və
Kərəm", "Kamança"nı yaradanlar millətçiymiş?
(Köhnə yazımın bu yerində yenə də bizim günlərin
müdaxiləsini acı-acı qeyd edirəm. Ermənilərin Mirzə Cəlilə,
Nəriman Nərimanova hücumlarına iyirmi ildən sonra öz
"qeyrətli donosbazlarımız" qoşuldu. Mirzə Cəlili vətən xaini,
Nərimanovu satqın, Füzulini şarlatan adlandırdılar – sonrakı
illərin qeydi). Gərək qulaqların kar, gözlərin kor olsun ki,
"Kamança"da səslənən yüksək insansevərlik və humanizm
melodiyasını eşitməyəsən. "Usta Zeynal"dakı bir ötəri
replikaya görə Mirzə Cəlili faşist adlandırmaq üçün isə yalnız
kar və kor yox, həm də dəyyus olmalısan.
Erməni terroristlərinin – mənəvi və fiziki terroristlərin –
məqsədi düşmən saydıqları millətin dəyərli insanlarını ya
aradan götürmək, ya ləkələməkdir və beləliklə, onun tarixini,
mədəniyyətini yoxa çıxarmaqdır ki, bundan sonra yekə-yekə
bəyan etsinlər, görün, bizim qarşımızdakı düşmən kimdir –
mədəniyyətsiz, keçmişsiz vəhşi köçərilər. Nə tarixləri var, nə
torpaqları, nə ədəbiyyatları. Odur ki, nələri qalıbsa qarət etmək
qənimətdir – ərazilərini, folklorlarını, musiqilərini, hətta
yeməklərini. Əsl genosid, soyqırımı – mənəvi genosid bax
budur.
(Yenə də bu günün acı təcrübəsi: bizim zamanda bu məkrli
erməni planlarının ən yaxşı icraçısı bəzi mətbuat
orqanlarımızdır – məhz belə qəzetlərin səhifələrində
Azərbaycan xalqının keçmişi təftiş olunur, tarixinin,
ədəbiyyatının, elminin ən dəyərli insanlarına çirkab atılır.
Bunlar birbaşa erməni göstərişiyləmi edilir, bilmirəm, bu
barədə bir şey deyə bilmərəm. Amma istisna etmirəm ki,
xaricdəki erməni lobbisinin maddi dəstək verdiyi müxtəlif
beynəlxalq təşkilatların bu işdə barmağı var. Hər halda məqsəd
ki eynidir – Azəbaycan xalqının bütün mənəvi dəyərlərini
hissə-hissə, parça-parça, tədriclə sıradan çıxarmaq – indiki
630
illərin qeydi).
***
Aşkarlıq bizə bir şeyi də açdı. İlk baxışda bu parodoksal
görünsə də, müəyyən bir hadisə haqqında məlumat verməmək
– özəlliklə də bu böyük və ucu-bucağı görüməyən ölkədə –
həmin hadisənin olmamasına bərabərdir. Yəni bir olay
haqqında xəbərin yoxdursa, sanki o, yerli-dibli olmayıb. Sovet
vaxtında təbii və qeyri-təbii fəlakətlərin onda biri haqqında
məlumat ya veriləydi, ya heç verilməyəydi. İndi hər gün, hər
saat zəlzələlər, yanğınlar, təbii fəlakətlər, batan gəmilər,
toqquşan qatarlar, qaçırılan, ya qəzaya uğrayan təyyarələr,
manyakların və sadistlərin cinayətləri haqqında eşidəndə,
oxuyanda bizə elə gəlir ki, bütün bunlar yenidənqurmanın və
aşkarlığın nəticəsidir və qismən də haqlıyıq. "Əvvəllərdə də
bütün bunlar olurdu, amma biz xəbər tutmurduq" – demək də
məsələyə tam aydınlıq gətirmir. Totalitar sistemin (biz isə
ətalət üzrə hələ o sistemin ölçüləriylə yaşayır və düşünürük)
prinsipi belə idi ki, kütləvi şüur üçün mövcud olan, yalnız
haqqında xəbər verilən hadisədir. İngilis yazıçısı Corc Ourel
"1984 -cü il" adlı antiutopik romanında bu fikri absurda
çatdırıb – qəzəbə keçmiş hər hansı bir adamın adını belə bütün
kitablardan, dəftərlərdən silməklə, sanki, belə bir adamın
tarixdə hacansa mövcüd olduğu da inkar edilir. İkinci bir
məsələ də var – hər hansı bir təbii, ya qeyri-təbii fəlakət lokal
miqyaslı ola bilər. Amma o müasir KİV-in gücüylə bütün
dünyaya bəyan ediləndə daha iri miqyaslar qazanır. Başqa
sözlə desək, bu fakt həqiqi meyarlarından qat-qat böyük
əhəmiyyətə malik olur və bu sayaq başqa kataklizmlərlə bir
sıraya düzülərək Qiyamət gününün yaxınlaşması haqqında
duyumları şüurlara yeridir. "Ağzını xeyirliyə aç" – deyimi var.
Ağız yalnız belə-belə fəlakətlərə və faciələrə açıldıqda, elə bil,
onlara yol göstərir. Vətəndaş müharibəsi qorxusu, siyasi
çevriliş təhlükəsi, Stalin qantökməsinə qayıdış haqqında
fərziyyələr belə bir mənhus gələcəkdən soraq verir – şüurlarda
631
bütün bunlar qaçılmaz labüdlük və hökmən həyata keçəcək
dəhşət kimi qavranılmağa başlayır.
Dostları ilə paylaş: |