Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

*** 

İlya Qlazunov yazır: "Rusiya heç  zaman heç bir ölkəni zəbt 

və istila etməmişdir". Məşhur rəssam heç olmazsa Tretyakov 

qalereyasına baş  çəkib orada Surikovun "Sibirin Yermak 

tərəfindən istila edilməsi" əsərinin qarşısında dayanaydı, yaxud 

boş vaxtlarında L.Tolstoyun "Hacı Murad" əsərini oxuyaydı. 



*** 

Hər hakimiyyət sənətkara gizlin, yaxud açıq-aşkar kin 

bəsləyir, çünki əqli cəhətdən  ən geridə qalmış hakimiyyət 

sahibləri də anlayır ki, o, olsa-olsa müəyyən qısa vaxt çərəyi 

daxilində hökmlüdür. Həqiqi sənətkar  əsrindən yuxarı dayana 

biləndir. Bax buna görə  də çox qısa bir zamanın hakimləri 

sənətkardan öc almalıdır. Sənətkarın zamandan asılı olmamağı 

onların əsəblərini gəmirir, onlara öləri olduqlarını xatırladır. 



*** 

Saat 17.00. Gəmimiz Poros adasından yola düşür – sahil 

boyu dənizdə gün qüruba enərkən forma və  rəngini itirən 

meşəli təpələr görünür – bunlar nə müvafiq ölçülü heykəllərə, 

nə  də  rəngləri aşıb-daşan rəsm  əsərlərinə  bənzəyir. Bu, artıq  

xalis qrafikadır, dağların silueti hamar, qaranlıq və tünd, həm 



 585 

də yekrəng məkanı  əhatələyir. Dağların görünən konturları 

arasında hamar sahədir. Dənizin də rəngi dəyişir: bu, sözün əsl 

mənasında, günəşin diqtəsidir - o və ancaq o, günün  müxtəlif 

anlarında dünyanı    rənglərə boyayır.  Əbəs deyil ki, ibtidai 

insan hesab edirmiş ki, hər səhər günəş məhz ağacları, kolları 

və gülləri yapıb-doğurur. 

Gün – elə simfoniyadır, öz ritmi olmasa da, şübhəsiz ki, 

ovqat çaları yalnız onun özünə  məxsusdur – səhər alleqrosu, 

sonra axşam və gecə vaxtının andantesi, adajiosu. 

Təpələrin arxasında günəş itir, onun sarı-qızılı  şüaları 

dənizin məxmər səthində    bərq vurur. Ancaq qəribədir ki, bu 

görünüş  qüssə oyatmır, bəlkə ona görə ki, günəş çox qəlbi 

dayanıb, parlaqdır, əlçatmazdır. Ən  qüssəli qürub  narıncıdır. 

Yunan adaları elə türk adalarına bənzəyir. İnsanlar, musiqi, 

yeməkləri belə az qala eynidir. Dan yerinin ağarması  və 

zərlərin səsi… də oxşardır (Yeri gəlmişkən, təkcə söz, musiqi, 

ətir-qoxu, yeməyin tamı… yox, adicə  səs də  vətənə nostalji 

oyada bilər. Moskvada Kaşir  şossesində onkoloji mərkəzin 

ucu-bucağı görünməyən dəhlizi boyu irəliləyərkən birdən bu 

yerlər üçün heç də adi olmayan, ancaq mənə  doğmadan-doğma 

görünən səsi eşidəndə ürəyim sıxıldı – kimsə  zər atır, nərd 

oynayırdı). 

Beləliklə, türklər və yunanlar bu qədər bir-birlərinə 

yaxınkən nədən dolanmamalıdırlar? Yunanlar türkləri 

bağışlamırlar ki, əllərindən torpaqlarını alıblar, xüsusən 

Konstantinopolun – İstanbulun itirilməsi ilə qövr edən yara beş 

əsrdir ki, qaysaq bağlamır. Belə bir incini itirən yunanları 

anlamaq olar. Ancaq axı zamanında onlar da yad torpaqlarını 

istila etməklə  məşğul olmuşlar – Makedoniyalı  İskəndər az 

qala dünyanın tən yarısını istila etmişdi, həmin o torpağı  zəbt 

olunmuş xalqlar nə duymalıdır?  

İnsanların həyatına, bizim bəşər tarixinə, Yer kürəsinin 

tarixinə yadplanetlinin gözüylə baxmalı olsaq, orda absurddan 

başqa bir şey görmərik. Minlərlə, milyonlarla insan həyatını 


 586 

itirib, ancaq ona görə ki, hansısa tikilinin üzərində  məlum 

həndəsi işarə + (xaç) qoyulsun. Digərləri isə orda ayparanı 

görmək istəyir. Bunu hansısa ağlı başında (varsa əgər) olan 

kəsə izah etmək olarmı? Amansız insanları  vəhşi heyvan 

adlandırırlar – nə böyük haqsızlıqdır. Hətta ən yırtıcı heyvan da 

öldürə, parçalaya, yeyə bilər, ancaq pəncəsinin altında olan 

qurbanına  əzab verib, bu əzabdan həzz ala-ala məhv etmir. 

Bizantiya imperatoru VI Konstantini elə öz anası taxtdan 

salmış, bu azmış kimi gözünü çıxartdırmış (oğlunun gözünü – 

!) və onu adadakı monastra yollamışdı. Öz növbəsində Nikifor 

tərəfindən devrilən  şahzadə  İrina da bu monastra məhkum 

edilmiş, oradaca ölmüşdü. O zaman saray qarşısında hansısa 

əməlinə görə günahlandırılan adamları pişik və ilanlarla bir 

yerdə torbaya salıb dənizə tullayarmışlar. 

Bunu ancaq insan edə bilər. Heç bir vəhşi heyvan bunu 

etmir. Yırtıcı heyvan insan ətini gəmirəndə belə o, yalnız təbii 

ehtiyacını – aclığını ödəyir.  İnsansa öz həmcinslərinə hansı 

formada  əzab və  işgəncə verməyini düşünüb tapır. Madriddə 

Çingiz Abdullayevlə korridaya getdik. Hər ikimiz ilk dəfə 

olaraq bunu canlı  şəkildə görürdük. Bu mənzərə  məndə 

dəhşətli ikrah hissi oyatdı. Çingiz bu qanlı döyüşün 

özünəməxsus estetikaya malik olmasını sübut etmək üçün 

ədəbiyyat və incəsənətdən misallar çəkirdi (Heminquey, 

Pikasso). Ancaq çox tez bir zamanda bu cəllad oyununun bütün 

dəhşətini dərk edərək o da məyus oldu. Bəlkə də biz ispanların 

milli  əyləncəsinə çevrilən bu oyunun gözəlliyini və gizli 

mənasını anlamırıq, elə ispanların özləri də bizim qoyun 

qurban kəsməyimizi heç cürə anlaya bilməzlər, ancaq mən 

yalnız gördüyümüz mənzərədən keçirdiyimiz hisslər barədə 

yazıram. Bu hissiyyat insanı  məcbur edir ki, insan təbiəti 

haqqında dərindən düşünüb-daşınsın. Korridanı az qala sənət 

əsəri səviyyəsinə qaldıran insan cəllad kimi, həm də  mənasız 

yerə ölüm törədir. Qoy deməsinlər ki, torreador da həyatını risk 

edir. Torreadorun seçimi var. Bu riski onun özü qəbul etmişdir, 


 587 

şöhrətə, pula, yaxud nəsə başqa bir şeyə nail olmaq üçün, yəni 

könüllü  şəkildə. Öküzünsə heç bir seçim imkanı yoxdu. O, 

yalnız kor-koranə özünü müdafiə edir. Hansısa təhlükədən 

sığortalanmayan öküz səbəb-nəticə  əlaqəsini yaradan məntiqi 

düşüncədən məhrumdur, yəni milyon illərin təkamülü 

nəticəsində Təbiətin, yaxud Tanrının yer üzündə yeganə ağıllı 

canlıya bəxş etdiyi nemətdən məhrumdur.  



*** 

Leonid Bejinin Çin şairi haqqında yazdığı "Du Fu" 

kitabından (JZL, 1987, səh.80): "Li Bo, damarlarından türk 

qanı axan şair".  



*** 

Quberniyanın sakit bir guşəsində, Astapovkada, stansiya 

rəisinin evində Tolstoy can verirdi. 6 noyabrda, ölüm 

ərəfəsində oğlu Sergeyi çağırdı, yaxın gələndə sakit səslə dedi: 

"Seryoja… mən həqiqəti sevirəm, sevirəm həqiqəti". Bu, onun 

sonuncu sözləriydi.  



*** 

Rəsul Həmzətov Şamil damğalanarkən onu "çeçen canavarı, 

inquş ilanı" adlandırmışdı. Bu, təkcə Şamilə qarşı yox, həm də 

o vaxt sürgün edilmiş çeçen və inquş xalqlarına qarşı təhqir idi. 

Həmzətov bilməmiş deyildi ki, Şamil elə onun özü kimi 

avardır.  



*** 

Hegel "Tarixin fəlsəfəsində" yazırdı: "Aralıq dənizi 

dünyanın üç hissəsinin körpüsüdür və ümumdünya tarixinin 

parlaq nöqtəsi olan Yunanıstan burada yerləşir. Suriyada isə 

iudaistlərin və xristianların mərkəzi olan Yerusəlim yerləşir, 

cənub-şərqdə  Məkkə  və  Mədinə, Məhəmmədə iman 

gətirənlərin vətəni, qərbdə Delf, Afina, ucqar qərbdə isə Roma. 

Aralıq dənizinin sahillərində Aleksandriya və Karfagen 

yerləşir. Beləliklə, Aralıq dənizi qədim dünyanın döyünən 

ürəyidir, məhz o, həmin dünyanın mövcudluğunu şərtləndirir".  

Yeri gəlmişkən, Gertsen hesab edirdi ki, XX əsrdə Atlantik 


 588 

okeanı, sahilləri ilə birlikdə, Aralıq dənizinin qədim dünyada 

oynadığı rolu oynayır.  

"Tarixin fəlsəfəsində" Hegel qeyd edir ki, "Asiyada ruhun işığı 

doğdu və ümumdünya tarixi məhz bunun sayəsində  pərvəriş 

tapdı". Elə  həmin məqamda maraqlı bir müşahidə ilə rastlaşırıq: 

"Din hissiyyatı elə bir şeydən başlayır ki, insandan ali və yüksək 

olan nəyinsə mövcud olması  dərk edilir… cadugərlikdə isə belə 

məqam əsasdır ki, insan ən böyük gücdür, onun yerini nə Tanrı, nə 

də hansısa daxili inam-tapınma tuta bilər".  



*** 

O, pulu daxıla atırmış kimi öz fikirlərini dəftərə köçürürdü. 

Günlərin bir günü o, daxılı  sındırdı, ancaq bu zaman pul 

dəyişmişdi, yığdıqları buna görə də dəyərdən düşmüşdü.  



*** 

O, səhvlərini ona görə etiraf edirdi ki, gələcəkdə onları bir 

daha təkrarlamamaq üçün imkan əldə etsin.  

*** 

Ağacların da janrları, bədii üslubları var: palıd, çinar – epik, 

sərv ağacı – romantik, salxım söyüd – lirik, Abşeron 

küləklərindən budaqları  qıc olmuş  əncir ağacı – dramatik, 

banyan – fantastik, palma – eqzotikdir. 

*** 

Kommunistlərin yeni şüarı: "Bəlkə də qaytardılar!" 



*** 

"Ortalıq" qazaxca mərkəz deməkdir. Yaxşı sözdür. 



*** 

Mən heç vaxt yalqız olmuram. Tənhalığım həmişə 

mənimlədir. 

*** 

Məsələ etno-psixoloji fərqdədir. Azərbaycanlıların xeyli 

naqis cəhəti var,  amma biz məkrli deyilik, asan inanırıq. Bəlkə 

elə bu da naqis cəhətdir. Ermənilərin yaxşı  cəhətləri də var: 

işgüzar, zəhmətkeşdirlər, məmə yeyəndən pəpə deyənə həqiqi, 

ya uydurma tarixləriylə maraqlanırlar. Amma həm də 



 589 

məkrlidirlər.  Əsas fərqimiz də bundadır. Erməni uzun zaman 

özünü dost qələmə verə bilər, səninlə çörək kəsər, yeyər, içər, 

şəninə yaxşı sözlər deyər, ailəliklə dostluq edər, amma məqamı 

gələndə, fürsət düşəndə  xəyanətə  əl atar, arxadan kürəyinə 

bıçaq saplar, yaxud üzünə gülə-gülə ayağının altını qazar. 

Yaşadıqları müxtəlif ölkələrdə ermənilər (əlbəttə, hamısı 

yox, bir qismi və böyük qismi) başını aşağı salıb erməniliyini 

qabartmadan öz işiylə  məşğuldur – yaxşı alim, həkim, 

mühəndis, vəkil, jurnalist, siyasi xadim olur. Ətrafdakıların heç 

biri onu məhz erməni kimi qavramır, amma məqamı  gələndə 

hər hansı peşə sahibi kimi yox, ilk növbədə məhz erməni kimi 

hərəkət edir. Bizimkilər isə (əlbəttə, hamı yox, bir qism) başqa 

xalqlar arasında  yaşayıb bir mövqe, mənsəb, ad-san qazana 

bilibsə, özünün hansı millətdən olduğunu həm unudur, həm də 

unutdurmaq istəyir. 



*** 

Zəmanəmizin qəhrəmanları: Taxtaqılınc, Yalançı Pəhləvan. 

 

*** 

Müstəqilliyimizin beşiyi başında duranlardan böyük Məmməd 

Əmin Rəsulzadə deyirdi ki, biz xalqımıza azacıq da olsa azadlıq 

dadızdırdıq. Bəla da bundadır: dadızdırdılar, amma doyuzdura 

bilmədilər. Nə yazıq ki, buna imkanları olmadı. Qoymadılar. Odur 

ki, xalqımız 18-20-ci illərin azadlığından, müstəqilliyindən umsuq 

oldu. Necə deyərlər, "dadı damağımızda qaldı". Sonrakı illərdə bu 

dadı da ağzımızdan qaçırdılar. 

91-ci ildə qazandığımız müstəqilliyi isə ermənilər və daxili 

çaxnaşmalar burnumuzdan tökdü. 



*** 

Bayatılarımızı ard-arda oxuyanda görürük ki, hər hansı 

yazıçının yaza biləcəyi bütün mövzular, ovqatlar, hadisələr bu 

dördsətirliklərdə öz ifadəsini tapıb. Körpəlik, körpəsini 

əzizləmək, oxşamaq, yatızdırmaq, onunçün təlaş keçirmək. 

Ailə münasibətləri – ata, ana, bacı, qardaş… Məhəbbətin, 



 590 

sevginin bütün çalarları – aşiq olmaq, həyəcan, sevinc, fərəh, 

qısqanclıq, ayrılıq, həsrət, itki. 

Ümüdsizlik və təsəlli. Qürbət, qəriblik özləmi, vətən niskili. 

Həyatın keçiciliyini dərk etmək. Ötən illərin təəssüfü, 

gəncliyinçün qəribsəmə… Ölüm vahiməsi və əcəlin qaçılmazlığı. 

Vəfatın hüznü, kədəri. Təkliyin möhnəti. Xoş günlərə inam 

– hər cür iztiraba, əzaba, müsibətə və faciəyə rəğmən  yaşamaq 

eşqi. Bütün bunlar və burda sıralanması, sadalanması imkansız 

olan yüzlərcə, minlərcə  mətləb, hiss, ovqat, fikir, duyğu 

sezgiləri – budur dərindən dərin, incədən incə bayatılarımız. 

Bir dəfə zarafat naminə bir neçə bayatımızı ruscaya vəznsiz, 

qafiyəsiz çevirdim: 

Na lepestok 

Upala rosa 

Üvetku stalo xolodno. 

 

V dverğ upala tenğ 

Ə podumal çto prişla 

Moə vozlöblennaə.  

 

Ə polil uliüı vodoy 

Çtob ne podnəlasğ pılğ 

Koqda  po ney proydet moə löbimaə. 

Bunları yapon poeziyasını çox sevən bir dostuma hokkular 

kimi təqdim etdim, inandı və heyran oldu. Yalnız handan- hana 

dərk etdi ki, bizim bayatıların tərcüməsidir. 



*** 

Balaca adamların böyük adamlardan qısası onları özləri 

boyda etmək cəhdidir. 

*** 

Əqidəni, mövqeyini, insanlara münasibətini, rəğbət və nifrət 

hədəfini hər gün, ya günaşırı  dəyişirsənsə, ləyaqətini, sifətini, 

mənliyini qoruyub saxlayan dəyişməz adamları heç cür başa 

düşməyəcəksən, çaş-baş qalacaqsan. Flüqer bənd edildiyi 


 591 

dirəyi necə başa düşsün axı?.. 



*** 

İqtidara, ya müxalifətə qarşı müxalifətdə deyiləm, Vaxta 

qarşı müxalifətdəyəm. Yəni mənəvi dəyərləri iqtidar, ya 

müxalifətin deyil, Zamanın, Dövrün heçə saydığı bir Vaxta 

qarşıyam.  İmkanım daxilində bu dəyərləri nəinki qoruyub 

saxlamağa, həm də artırmağa çalışıram. 



*** 

Əlimizdən ala bilməyəcəkləri yeganə  şey – hər birimizin 

Keçmişidir. İndimizi ləkələyə bilərlər, Gələcəyimizi məhv edə 

bilərlər, amma Keçmişimizi silib atmağı bacarmayacaqlar. 

Keçmiş yalnız ötüb keçən olaylar deyil, min bir anımdır, 

sözdür, səsdir, qoxudur, mehriban gözlərin təbəssümüdür. 

…və bu Keçmiş yaşadığımız hər gün, hər an bizimlədir. 

*** 

Alçaqlıq və əclaflıq yarışı keçirilsəyi, o üç nəfərin hansının 

birinci, hansının ikinci, hansının üçüncü yer tutacağını deyə 

bilmərəm. Çünki üçü də birinci yerə layiqdir. 



*** 

Altmışıncılar ədəbi nəslinə ağız büzənlər dərk etmir, ya dərk 

etmək istəmirlər ki, bu nəsil yaradıcılığa başlayanda,  ədəbi 

meydana (daha doğrusu,  ədəbi tarlaya) çıxanda  ədəbiyyatda 

indi parodiya kimi səslənən  əsərlər örnək sayılırdı. Bu ədəbi 

tarlanı  əsasən altmışıncılar təmizlədilər,  şumladılar,  əkdilər, 

becərdilər. Sonra gələnlər isə bu tarladan başaq yığdılar və elə 

hey əvvəlkilərin qarasınca deyindilər. 

Ancaq nə yazıq ki, "dınqır, sazım, dınqır-dınqır"  şerini, 

əşirət nəsrini örnək sayan mağara adamları  hələ  də meydan 

sulamaqdadır. 

*** 

Bir sıra  şair və nasirlərimizin bədii  əsərlərində  və 

müsahibələrində dönə-dönə qaldırdıqları son dərəcədə vacib

aktual və ağrılı bir problem var: niyə mən yox, başqası fəxri ad 

(ya mükafat, ya orden, ya özəl təqaüd, ya təbrik məktubu – 


 592 

fərqi yoxdur) aldı. Birisi hətta nekroloqun altındakı imzalar 

içində  xəttinin, daha doğrusu, adının olmamasının xiffətini 

çəkirdi. "Narahat olmayın, – dedim, – inşallah, gələn 

nekroloqlarda imzalar içində mütləq sizin də adınız olar". 

Məmnun qaldı. Bədbəxtin yumor hissi də yoxmuş. 

Orden (medal, mükafat, ad) məsələsi kimi ciddi ictimai və 

milli problem ədəbiyyatımızın mühüm mövzusudur və onun 

müxtəlif variantları var: a)Mənə niyə vermədilər – təəssüf, ağrı 

variantı; b)ona niyə verdilər – niskil, həsrət, qəzəb variantı; 

v)mən heç istəmirəm də, mənə heç lazım deyil – israrlı və buna 

görə də şübhə doğuran təkid variantı. 



*** 

Cayıl (yəni cavan) olmaq yaxşıdır, cahil olmaq (nə yaşda 

olursan ol) pis. 

*** 

Allaha inanan insan üçün Ölüm qorxulu deyil, ancaq 

maraqlıdır: görəsən, həyatın o tayında nə var? 

*** 

Onları o qədər ağzı kip bağlı bankada saxladılar ki, axırda 

bankanın içində hörümçək kimi bir-birini tələf etməyə 

başladılar. 



*** 

Son vaxtlar içimdə qəribə bir öz-özümə yabançılaşma hissi 

var. Sanki mən özüm deyil, mənim zahiri qiyafəmdə olan birisi 

iclaslarda iştirak edir, idarədə  işləyir, televiziyada çıxış edir, 

qəzetlərə müsahibə verir, müxtəlif məclislərdə görünür. İçimdə 

isə tamam başqa bir insan yaşayır. Yunis İmrə deyir ki, "məni 

məndə bilmə, məndə deyiləm, bir mən vardır məndə  məndən 

içəri". Mən isə deyərdim, "məni məndə bilmə, məndə deyiləm, 

başqa bir mən vardır mənim çölümdə".  

*** 

Mənimçün Türk dünyası, türk birliyi, ortaq türk mədəniyyəti 

– uyqar, sivil, dünya ölçülərinə boy verə biləcək bir anlayışdır. 

Mənimçün Dədə Qorqudsuz, Yunis İmrəsiz, Füzulisiz, 



 593 

Üzeyirsiz türk dünyası olmadığı kimi, Nazim Hikmətsiz, Qara 

Qarayevsiz də türk dünyası yoxdur. 

İki cür şer, sənət var. Öz ölkəsində, öz dövründə çox 

populyar olan, sevilən sənət. Elə sənət də var ki, öz dövründə, 

öz ölkəsində yetərincə qəbul edilmir, amma dünyada öz xalqını 

tanıda bilir və uzaq gələcəkdə  də yaşarı qalır.  İkincilərə aid 

olanlar birinciləri qısqanmamalı, birincilər ikinciləri inkar 

etməməlidirlər. Xalqın, millətin mənəvi, mədəni varlığı üçün 

hər iki növ sənət önəmlidir, gərəklidir, hərəsinin öz yeri var və 

heç biri digərinin yerini dar eləmir. 

*** 

Milləti sevməyin tək nişanəsi – yalnız millətçilik deyil, 

millətə xidmətin başqa üsullari və yolları da var. Doğrudur, 

millətin başının üstünü təhlükə alanda, mənəviyyatın, dilin 

məhvi real qorxuya çevriləndə millətçiliyin əlahiddə rolu olur. 

Amma ümumi tarixi prespektivdə yalnız millətçiliyə  tapınan 

cəmiyyət, quruluş öz xalqını, millətini uçuruma yuvarlaya 

bilər. Tarixdə  yəqin ki, alman nasistlərindən və italyan 

faşistlərindən betər qatı millətçi olmayıb, amma görün öz 

xalqlarının necə böyük fəlakətlərinə bais oldular. 

Millətçilikdən daha üstün, millətə daha çox xeyir verə bilən – 

maarifçilikdir. Təbii ki, ötən  əsrlərin  ədəbi və ictimai-fəlsəfi 

cərəyanı olan maarifçiliyin süni təkrarı yox, çağdaş anlamda 

inkişaf etmiş variantı – yəni xalqın öz milli dəyərlərini 

qoruması ilə  bərabər (əks halda bu kosmopolitizmə  gətirib 

çıxarar ki, kiçik millətlərçün böyük təhlükədir), dünyanın 

mədəni dəyərlərini mənimsəmək, bəşər mədəniyyətinin 

əxlaqımıza zidd olmayan sərvətlərinə yiyələnmək, milləti 

ksenofobiya (başqaları  bəyənməzlik), milli yekəxanalıq, 

mənəm-mənəmlik mərəzindən xilas edərək onu dünyanın 

qabaqcıl inkişaf etmiş ölkələrinə çatdırmaq. Milli ləyaqət 

hissinin milli lovğalıqla heç bir əlaqəsi olmadığını dərk etmək. 

Bu böyük amallar uğrunda onlara mane olan hər  əngələ 

qarşı barışmaz mübarizə aparmaq. Bu mübarizədə  təklənmək, 



 594 

tənha qalmaq qorxusunu da göz altına alaraq yolundan 

sapmamaq. Bizim böyük maarifçilərimiz Mirzə  Fətəli, Həsən 

bəy Zərdabi, Mirzə  Cəlil, Sabir məhz bu yolun yorulmaz 

yolçuları idi. Bizim karvanımız da bu yoldan dönməməlidir. 

Onu hansı səslər müşayət etməsinə məhəl qoymadan. 



*** 

"Alilər xaki-məzəllətdə, dənilər mötəbər 

Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər". 

Molla Pənah Vaqif bunu haçan yazıb. Dünən? Bu gün? Ya 

sabah? XVIII əsrdə, yaxud XXI əsrdə? 

Sabir sağ olsaydı, nə deyərdi? Bir dövrdə ki, fahişələr əxlaq 

dərsi deyəcək, ismətdən danışacaqmış, biqeyrətlər qeyrətdən 

dəm vuracaqmış, rüşvətxorlar rüşvətlə "mübarizə 

aparacaqmış", 

şərəfsizlər özlərini 

şərəflilər sırasına 

sırıyacaqmış, "bilməm belə dövranları neylərdin, İlahi?". 



*** 

"Mən dünyanı min rəngdə görürəm" deyən adam əslində 

dünyanı yalnız iki rəngdə görür – ağ və qara. Ağappaq, aydan 

arı, sudan duru – özü, qapqara bütün başqalar. 

Deyir ki, uşaqlıqda kolxoz sədri olmaq arzusundaydım. 

Sonra da deyir ki, Yazıçılar Birliyi kolxozdur. Rəhmətlik Freyd 

demişkən, "dil dolaşar düzün deyər". 

Deyir ki, Quranı tərcümədə oxuyuram, Bibliyanı orijinalda. 

Görəsən, Bibliyanı hansı dildə oxuyur: ivritdə, yunanca, ya 

latınca? 



*** 

Belə bir fikir formalaşıb ki, monoteizm (təkallahlıq) 

bütpərəstliyə və bütün başqa dinlərə nisbətən dini şüurun daha 

mütərəqqi  şəklidir. Ancaq axı  zərdüştlüyün dualizmi 

(cütallahlığı) dünyanı daha məntiqli izah edir. Əgər Tanrı  

təkdir, qadirdir, adil və müdrikdirsə, dünyada Şərin səbəbi 

nədir? Nədən, Allah öz qüdrətiylə Şəri ram etmir? Niyə özünün 

yaratdığı Mefistofelin, Lütsiferin, İblisin öhdəsindən gələ 

bilmir? 


 595 

Atəşpərəstlik dünyadakı 

təzadları Xeyirlə 

Şərin 


mübarizəsiylə izah edir. Xeyir Allahı Hörmüzd yaxşı işləri, Şər 

Allahı  Əhrimən pis işləri himayə edir. Bu iki qüvvənin 

mübarizəsi – dünyada ədalətin və ədalətsizliyin səbəbidir. Hər 

iki Allahın qüvvəlləri təndir, dünyada Xeyrinmi, Şərinmi üstün 

çıxması bu toqquşmanın müxtəlif mərhələlərindən asılıdır. 

Çoxallahlı qədim yunanların pantenonunda isə Allahlar indiki 

nazirliklər kimi idi. Olimpdə hər sahənin öz naziri – Allahı vardı. 

Mars – hərbi nazir, Afina – ədliyyə naziri, Hermes – ticarət naziri, 

Apollon – mədəniyyət naziri, Poseydon – dəniz naziri və s. Baş 

nazir də vardı – Zevs Birini ledi də – Gera. Hətta Ana müxalifətin 

lideri də vardı – Prometey. Onu da qeyd edək ki, antik Elladanın 

dövlət quruluşu respublika idi. 

Monoteizmin təsdiqi də Dövlət quruluşuyla bağlıdır. Vahid 

Allah, vahid imperiya, vahid imperator, şah, sultan. İmperator, 

kral,  şah, sultan – Allah kimi adildir, müdrikdir. İblis isə bu 

quruluşda İmperatorun, kralın, şahın, sultanın ətrafındakılardır 

– vəzirlər, vəkillər, Çeka, KQB və s. Şər, zülm də onlardandır. 

Şahın, kralın bunlardan xəbəri yoxdur. 



*** 

Deyirlər ki, Rusiyanın Qərbdən fərqli öz yolu var. Bu yolun 

bariz nümunəsi dəmir yollarıdır. Bütün Avropada relslər 

arasında bir məsafə var, Rusiyada başqa. Odur ki, sərhəddə 

sərnişinlər saatlarla gözləyir ki, qatarlar bir relsdən o birinə 

keçirilsin. Budur bax, Rusiyanın fərqli, özəl yolu. 



*** 

Bu çətin günlərdə öz rahat evində oturmuşdu, çay içə-içə 

iştirak etmədiyi qaynar hadisələr haqqında, göstərdiyi igidliklər 

barəsində xatirələrini yazırdı. 



*** 

Bir  şeyi başa düşdüm. Kimə yaxşılıq edirsənsə, bunu sənə 

heç bir vaxt bağışlamır. Pisliyi bağışlar, unudar, üstündən 

keçər, yaxşılığı heç bir vaxt əhf etməz. Yaxşılıq edənə nifrəti 

də bununla bağlıdır. Axı niyə  sənin mənə yaxşılıq etmək 


 596 

imkanın olsun? Bunu heç cür sənə bağışlaya bilmərəm. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin