***
İqor Belyayev "Literaturnaya qazeta"da Sovet İttifaqının
şərq respublikalarında yeni doğulan uşaqlara İslam kimi adların
qoyulmasında İslam fundamentalizmi qorxusunu gördüyünü
yazmışdı, onun fikrincə, özbək rəqs ansamblının adının "Yalla"
olması təsadüfi deyil, Allah sözünə yaxındır. Görün, nə qədər
incə müşahidədir. Bəs onda nəyə görə İ.Belyayev Mərkəzi
Televiziyanın qarşısında Alla Puqaçova və Müslüm
Maqomayevin çıxışlarının qadağan edilməsi barədə məsələ
qaldırmır - axı, Alla adı Allah sözünə Yalladan da daha
yaxındır, Müslüm isə elə müsəlman deməkdir. Belə olduqda,
İslam fundamentalizmi təhlükəsi də öz-özünə aradan çıxar.
551
***
"İsa deyirdi: "Xeyir iş görəndə, sağ əlin etdiyindən sol əlin
xəbəri olmasın, gördüyün xeyirxah iş sirr kimi qalsın".
Buddizmin sirli xeyirxahlığının mahiyyəti elə bundadır. Ancaq
İsa deyir: "Sənin atan gördüyün işlərə kənardan nəzər yetirərək
səni mükafatlandırar". Burada biz xristianlıqla buddizm
arasındakı mühüm fərqi görürük. Allahın, yaxud şeytanın sizin
əməlləriniz haqqında hər şeyi bilməsi fikri mövcud olduqca
zenbuddizm fəlsəfəsinə görə siz hələ "bizlərdən biri" hesab
olunmursunuz. Bu fikirlə müşayiət olunan hərəkətlər
təmənnasız deyillər. Kamil paltarda nə çöldən, nə də içəridən
baxanda tikiş yerləri görünmür: bu, bütöv bir əsərdir və heç kəs
onun harda başlayıb harda bitdiyini dəqiq şəkildə deyə bilməz.
Ona görə də, zen fəlsəfəsində kamil, xeyirxah hərəkətin əvəz
veriləcəyi haqqında fikrə yer yoxdur".
***
Çin filosofu ruhun bu vəziyyətini təsvir edərək aşağıdakı
müqayisədən istifadə edir: mən, öz Daoma hər nə haqqında
istəsə, maneəsiz olaraq düşünmək ixtiyarı verdim, dilimə isə nə
gəlir danışmaq icazəsi. Mən, sadəcə, küləyə qoşularaq yarpaq
kimi şərqə və qərbə üz tutdum, kəsdirmədim ki, mən küləyi
minib çapırdım, yoxsa külək məni. Külək, şübhəsiz ki, nəyəsə
bağlı olmamaq təsəvvürünü ideal şəkildə verən ən gözəl
obrazdır. "Əhdi-cədidUdə oxuyuruq: "Külək, istədiyi yerə əsir"
(Zen-buddist fəlsəfəsinin tədqiqatçısı T.Sudzukinin "Zen-
buddizmin
əsasları" kitabından). Xeyirxah əməlin
təmənnasızlığı barədə bizim də məsəl var, deyərlər ki, "Balığı
at dəryaya, balıq bilməsə də, xalıq bilər". Mən uzun müddət bu
fəlsəfənin tərəfdarı olmuşam, ancaq Sudzukinin kitabında zen
etikası ilə tanış olduqdan sonra, (ondan da əvvəl
Zavodskayanın zen əxlaqına aid kitablarını oxuyanda)
anlamışdım ki, zenin təmənnasızlığı, hətta Allahdan belə
mükafat gözləməmək – mənəvi kamilləşmənin ən ali
səviyyəsidir.
552
***
Həqiqət haradadır? Bunu yalnız Allah bilir, insana isə hər
hansı birinin üzərində israrla dayana bilmədiyi çoxlu həqiqətlər
məlumdur. Bu ona bənzəyir ki, insanın beynində zaman və
məkanın sonsuzluğunu hiss etmək qabiliyyəti qoyulmayıb,
həqiqət də beləcə sonsuza qədər uzanan "lehinə və əleyhinələr"
içərisində itib-batır. Ancaq elə insanlar da var ki, sonsuzluq və
əbədiyyət haqqında bir an belə düşünmədən güman edir ki,
dünya üfüqlərdə bitir.
***
Düşmənlərə hörmət bəsləmək lazımdır. Heç olmasa, onlar
sizi satmır. Satqınlıq - dostlara məxsus imtiyazdır.
***
Onun ağlı artıqlıq edirdi. Bilmirdi, bu artıq ağlı neyləsin, bu
nə ona, nə mühitə, nə də zamana lazım idi.
***
İnsanlar arasındakı münasibətlərdə, insanların davranış-
larında interyer və eksteryer vardır. İnsanların ətrafdakılara
necə görünməyi ilə onların əsl həqiqətdə necə olmaları və nə
ilə nəfəs almaları arasında böyük fərq vardır. Görünənlə
mahiyyət arasında, təsəvvürolunanla əsl həqiqət arasında. Bu,
bir Azərbaycan atalar sözündə ifadə olunmuşdur: "Çölüm
özgəni yandırır, içim özümü". Cəlaləddin Rumi isə deyirdi:
"Ya göründüyün kimi ol, ya olduğun kimi görün".
***
O, öz-özünü uydurub yaradan bir insan idi.
***
Liberalizm dövrüydü. Kimlərsə liberala çevrildilər, çünki
liberalizm modda idi, başqaları isə bu yolu səslərinin xaricdə
eşidilməsi naminə tutmuşdular. Üçüncülər ona görə liberal
olmuşdular ki, yazıçı kimi yetişə bilməmişdilər, liberalizmin
onları təsdiqləyəcəyinə, heç olmazsa, onların iqtidarsızlığına
bəraət qazandıracağına inam bəsləyirdilər. Başqa qrup insanlar
isə, ancaq azadfikirlilikləriylə qadınların diqqətini cəlb etməyə
553
görə bu yolu tutmuşdular.
Liberalizm ötüb keçdi. Zaman gəldi, bu adamlar bir-bir
dünən səcdə etdikləri liberal əqidədən və dostlarından imtina
etməyə başladılar, özlərini inandırmağa çalışdılar ki, bu işi
hansısa böyük, bir çox insanların dərk edə bilmədiyi ali
prinsiplərə görə edirlər. Onlar dərk etmək istəmirdilər ki,
monolit tiraniyayla mübarizə aparmaq üçün birliyə və
həmfikirliyə malik olmaq lazımdır. Ancaq görünür, burada da
etik prinsip özünü göstərir – totalitarizmə qarşı total və
birləşmiş müxalifət – totalitarizmin daha bir təzahür formasıdır.
***
Alibi yoxdur. Hansısa bir xeyirxah iş görərək, bütün yerdə
qalan ömrünə mənəvi təminat qazanmaq mümkün deyil, çünki
hər gün sənin böyür-başında sonsuz cinayətlər baş verir və sən
öz sükutunla bu cinayətlərin bir növ iştirakçısına çevrilirsən.
"Dünən mən bir xeyirxah iş gördüm, dünən üçün bəraətim var,
bu gün yorulmuşam, istəyirəm hər şeydən uzaqlaşım, vicdanım
təmizdir". Yox, sən hər gün, hər saat seçim qarşısında
durursan. Həyat sənə vicdanlı, cəsur, ədalətli olmaq üçün hər
gün, hər saat testlər verir. Bəli, yer üzündə mövcudluğunun
sonuna qədər. Bununla bağlı gənc Həsən bəy Zərdabinin artıq
yaşlaşmış Mirzə Fətəli Axundova məktubunu xatırladım. O,
Axundovu belə bir şeydə günahlandırırdı ki, bütün ömrü boyu
cəhalət, fanatizm və haqsızlıqla mübarizə apararaq yorulmuş və
indi kənara çəkilmişdir. Bu işdə nəfəsdərmə, macal və aram
yoxdur – Zərdabinin təlqin etdiyi fikir bundan ibarət idi.
Üstündən illər keçəndən sonra qoca Zərdabi müəllimlərin
qurultayında gəncləri ehtiyatlı olmağa, bu qədər radikal
olmamağa çağırır, daha təcrübəli şəxslərin sözünə qulaq
asmağı məsləhət görür. Cavan Nəriman Nərimanov ona kobud
cavab verir: "Ağıl yaşda olmaz, başda olar". Üstündən bir neçə
il də keçəcəkdi, Azərbaycanda Sovet hakimiyyəti qurulacaqdı,
cavan kommunistlər – əsas etibarilə tör-töküntülər (onların
arasında təəssüf ki, Ruhulla Axundov kimi işıqlı və savadlı bir
554
insan da var idi) Nərimanovu millətçilikdə, konservatizmdə
günahlandıracaqdılar. Onların birgə səyi nəticəsində, şübhəsiz
ki, Stalinin razılığı ilə Nərimanov əvvəlcə Azərbaycandan
təcrid olunacaqdı, formal olaraq Moskvaya daha yüksək
vəzifəyə çağırılacaqdı. Onu müdafiə eləyən Lenin öldükdən
sonra isə Nərimanovun özünün də axırına çıxacaqdılar.
Üstündən 12 il keçəndən, həmin o gənc kommunistlər bir az
meydan sulayandan sonra bir neçə qramlıq qurğuşunla məhv
ediləcəkdilər. Deyilənə görə, Azərbaycan MK-nın keçmiş
katibi Ruhulla Axundovu birinci katib Mir Cəfər Bağırovun
özü istintaqa çəkmiş və Bağırovun "Sən özün doktoru (yəni
Nərimanovu – A.) millətçilikdə günahlandırırdın, necə oldu ki,
özün millətçi oldun?" sualına işgəncələrdən sonra qan qusan
Ruhulla belə cavab vermişdi: "Doktor sağ olsaydı, mən onun
qarşısında diz çökər, ondan dönə-dönə üzr diləyərdim".
Nəhayət, Bağırov öz məhkəməsində ləyaqətlə duruş
gətirərək və bağışlanmaq haqqında xahişi rədd edərək demişdi:
"Məni şaqqalasanız da azdır, mən, dizəcən günahsız insanların
qanına batmışam".
Tarix insanların gözünü çox gec açırmış.
***
200 ildir ki, Rusiya imperiyasında yaşadığımıza adət
etmişik. İndi ermənipərəst imperiyada yaşamaqla heç cürə
barışmaq mümkün deyildir.
***
Ulduzlar bizi nədən cəzb edir? Dənizdə gəminin uzaq
işıqları, yaxud tənha yelkən və ya körpüdə yanan od –
balıqçıların yandırdığı ocağın uzaqdan görünən parıltısı nədən
bizi özünə çəkir? Bəlkə oralarda həyatın olması illüziyası ilə.
Elə bir illüziya ki, biz dərk eləməsək də, öz problemləri,
sevinci, sözü-sovu, qayğıları, dərdi, çıxılmaz vəziyyəti,
qılığıyla mövcuddur. Amerikadan – okean üzərindən uçurdum.
Gecə, yolun yarısında Atlantik okeanının üzərində olarkən
təyyarə möhkəm ləngər vurmağa başladı, bizə kəmərləri
555
bağlamağı məsləhət bildilər, qorxu yarandı və yalnız o zaman
ki, Avropanın, İrland adasının sahil işıqları neçə mil məsafədən
göründü, sakitləşdim. Orada işıq vardı, insanlar vardı, həyat
qaynaşırdı. Anladım ki, qorxu bəzən sırf atavist səbəblərdən,
qaranlıq vahiməsindən yaranır, buna əsaslanıb ibtidai insanın
oda, işığa və istiliyə səcdə etməsini anlamaq da mümkündür.
***
Ədəbiyyat var ki, həyatdan, həyati problemlərdən, əbədi həll
olunmaz bilməcələrdən və bunu sözlər, obrazlar vasitəsilə nəsr
və poeziya ilə ifadə etmək arzusundan yaranır. Ancaq başqa bir
ədəbiyyat da vardır ki, onu həyata ədəbiyyat, ədəbiyyatın
inkişafı, indiyə qədər olanları təkrarlamamaq, bir az da irəliyə
getmək arzusu gətirir. Mən ortada dayanmışam. Mən həyatı o
qədər sevirəm ki, təmiz ədəbiyyata qurşanıb ondan təcrid oluna
bilmərəm, ədəbiyyatı da o qədər sevirəm ki, onu həyata qurban
verə bilmərəm.
***
Azərbaycan nağılları bizim uşaqlığımızdır - danışan kəllə,
yalnız qaşlardan ibarət insan sifəti, üçayaqlı at, yeddibaşlı
əjdaha, güləndə ağzından güllər tökülən GÜL-QƏH-QƏH
XANIM, qurşağa qədər daşa dönən insan, əl dəyəndə daşı
insana çevirən sehrli çubuq, sehrbazlar, dərvişlər, pərilər,
cinlər, divlər, göyərçinə dönən qızlar, küpəgirən qarılar, qırx
bağlı qapı, qırxıncı qapıdan o yana açılan tam başqa bir dünya,
qəbrin içindən gələn işıq, yaşıl, sarı, qırmızı işıqlar, sirli, sakral
mənalı sözlər, rəqəmlər, kodlar, xalçalardakı insanların bir-
birinə məlumat ötürdüyü sirli butalar və s. və i.a. – bütün
bunlar sürrealizm stixiyasıdır, dünyaya sürrealist baxışın
bəlirləridir. Əgər bütün bunlar ən konkret sənət növündə – söz
sənətində təcəssüm olunubsa və bizə bütün bu şərtilikləri,
obrazları qəbul etdiribsə, nəyə görə rəngkarlıqda – deyək ki,
Cavad Mircavadovun işlərində sürrealist sənət bizə yad
olmalıdır? Sürrealizm rəngkarlıqda əksini tapan, ola bilsin ki,
bir neçə əsr gecikmiş elə həmin nağıldır. Ağlımıza da gəlmir
556
ki, indi məsafədən təsir (teleqraf, televizor, radio, telefon,
releylə məsafədən idarə olunan partlayıcılar) bizimçün adi
şeylərdir, çünki təfəkkürümüzü bu şeylərə hər şeydən əvvəl
nağıllar hazırlayıb: divin ürəyi onun özündən müəyyən
məsafədə, hansısa şüşə qutunun içində yerləşir ki, onu
öldürmək istəyən əvvəlcə şüşəni sındırmalıdır.
Qeyri-məntiqi olana, möcüzəli, sirli şeylərə, yuxuya meyl…
– bizim bu tələbatımızı uşaqlıqda nağıllar ödəyib – əgər belə
ruhi tələbatımızı ödəyən sürrealist rəngkarlıqdan imtina etsək,
vizual ehtiyacımız ödənilməmiş qalacaqdır. Cavadın sənəti –
bizim yuxularımızın əyaniləşməsi, uşaq təxəyyülümüzün
canlanaraq göz önünə gətirilməsidir.
***
Onun arzusu bütün işçilərin işə vaxtlı-vaxtında gəlib-
getmələri, həmişə öz yerlərində olaraq onu qarşılayıb yola
salmaları, o içəri girəndə ayağa qalxmaları, nəhayət, ilk
çağırışla hər şeyə hazır olmalarıdır – bir sözlə, işdə kazarma
intizamına çatmasa da, ideal dəftərxana intizamı yaratmaqdır.
Qısası, o, dəftərxana Napoleonu olmaq arzusundadır.
***
Susmaq qorxaqlıq olanda – mən danışırdım,
Danışmaq qorxaqlıq olanda – mən susmuşam.
***
Heç vaxt qorxaq olmasam da, özümü qəhrəman da hesab
eləməmişəm. Mən heç qorxaqlıq ucundan danışan, yaxud
susanları da qorxaq adlandırmazdım, ancaq qorxaqların illər
keçəndən sonra özlərini qəhrəman, başqalarını isə qorxaq
adlandırmalarına dözə bilmirəm. Deyəsən, Brext deyib: o xalq
bədbəxtdir ki, qəhrəmanlara ehtiyacı var.
***
Azərbaycan klassik ədəbiyyatında iki özünəməxsus personaj
vardır – Axundovun pyesindəki Müsyö Jordan və Cəlil
Məmmədquluzadənin "Dəli yığıncağı" əsərindəki doktor
Lalbyuz. Ekzotik müsəlman mühitinə düşən iki avropalı axıra
557
qədər heç nə anlamır. Müsyö Jordanın ağlına girmir ki, Parisi
inqilabçılar, qiyam edən fransız xalqı yox, Qarabağ
qadınlarının çağırdığı Dərviş Məstəli Şah dağıdıb, doktor
Lalbyuz isə ona tanış olmayan adamların arasında var-gəl
edərək "kim dali?" sualını elə hey təkrar edir. Rus
ədəbiyyatının kardinal sualı olan "kimdir müqəssir?" – günü bu
gün də öz aktuallığını itirməmişdir. Azərbaycan ədəbiyyatının
kardinal sualı olan "kim dali?" – günü bu gün də yaşarıdır.
***
İ.Bunin 18-19-cu illərdə baş verən hadisələrə həsr etdiyi
"Lənətə gəlmiş günlər" gündəliyində yazırdı ki: "Klyuçevski
rus tarixindəki qeyri-adi təkrarlanma halını qeydə almışdı".
Sözün əsl mənasında, bu gündəlikləri oxuyarkən əyani surətdə
görürsən ki, Klyuçevskinin sözləri və onların Bunin tərəfindən
təsdiq edilməsi təkcə uzaq əsrlərə yox, bu günün reallığına da
aiddir. Bizim günlərdə də hər şey – dözümsüzlük, sosial
ədalətsizlikdən doğan problemlər, zorakalıq kultu, kütlənin
qanmazlığı, rusların yəhudilər tərəfindən və əksinə alçaldılması
bu gün də davam edir. Bunin yazırdı: "Yadıma 14-cü ildə
Moskva ziyalılarının hüquq cəmiyyətində keçirilən yığıncağı
düşür. Həyəcandan əsən Qorki çıxış edirdi: TMən rusların
qələbəsindən ona görə qorxuram ki, vəhşi Rusiya yüz
milyonlarla ac qarnı ilə Avropanın canına daraşacaq. İndi bu,
bolşeviklərin qarnıdır və o, artıq qorxmur". Yenə də orada:
"İnqilab, qanlı oyundan başqa bir şey deyildir, xalq hansısa
zaman çərəyində hay-küy salıb hökm versə də, əvvəl-axır
həmişə yağışdan çıxıb yağmura düşür".
***
Ədəbiyyat beyinlərin tozunu çırpıb onları təmizləyir.
***
İndi bizdə təkcə ictimai, siyasi əmlak ədalətsizliyi yox, həm də
estetik ədalətsizlik hökm sürür, qrafomanların şerləri, miskin
teatrın səhnəsinə qoyulan miskin dramaturji əsərlər, düşük nəsr
nümunələri səslənəndə yalançı estetik dəyərlərə yox, həqiqətən
558
böyük dəyərə malik sənət əsərləri və onların müəllifləri susurlar.
Ümumən götürdükdə, müstəqil, azad və demokratik
Azərbaycanda yalnız leninçi estetik prinsiplər, partiyalı ədəbiyyat
prinsipləri mövcuddur. Fərq yalnız ondadır ki, təkpartiyalı
ədəbiyyatın yerinə çoxpartiyalı ədəbiyyat gəlmişdir. Bu sonsuz
sayda partiyaların hər biri ədəbiyyatı yalnız bu və ya digər şairi,
nasiri, sənətçini, məhz onun partiyasına yaxın olub-olmamasından
asılı olaraq qavrayır. Bütün "bizimkilər" – dahilərdir, canlı
klassiklərdir, "bizim dəstəmizdən olmayanlarınU isə adını
çəkməyə belə dəyməz. Bizim çoxpartiyalı fəlsəfəmizə, təkcə
keçmişin kommunist ictimai-siyasi əxlaqı yox, həm də onun
uydurduğu – TtəftişçilikU irsi qalmışdır. Keçmiş başdan-başa
təftiş edilir, orada bu və ya digər partiyanın əqidəsinə uyğun
gəlməyən nə varsa, yaxud həmin partiyanın liderlərinin yerliçilik
münasibətlərinə uyğun gəlmirsə, inkar edilir. Gənc jurnalistlərin
çoxu isə – əsilsiz-nəsəbsiz qanmazlardır. Kökünü xatırlamayan,
dünən dünyaya gələn nacinslər keçmişin qanunlarına görə gələcək
qururlar. Bu, dəhşətli dərəcədə qorxuludur. Onların mənəvi baqajı
Azərbaycanfilm kinostudiyasının bir-iki tarixi filmlərindən başqa
bir şey deyildir. Bizim, o cümlədən mənim filmlərimdən.
***
Estetik ədalətsizlik bütün digər sahələrdə də ədalətsizlik
toxumunu cücərdir. Estetik savadsızlıq özlüyündə estetik
iddialara, yox yerdən özünə məftunluğa, inama və mənəm-
mənəmliyə meydan açır.
***
Qəribədir, rus patriotik mətbuatının yaxın günlərin tarixinə
müraciət edəndə Kosmosun Qaqarin tərəfindən fəth edilməsi
bəşəriyyətin yaratdığı təkamül prosesində xalis rus hadisəsi kimi
şərh edilir, ancaq Əfqanıstanda olduğu kimi müstəmləkəçilik
məqsədilə aparılan müharibələr SSRİ-nin ayağına yazılır. Yeri
gəlmişkən, mənim fikrimcə, XX əsrdə Rusiya və onun varisi olan
SSRİ, o cümlədən SSRİ-nin hüquqi varisi olan demokratik Rusiya
müharibələrin heç birini udmayıb. Əsrin əvvəllərində o, rus-yapon
559
müharibəsini uduzdu, sonra Birinci Dünya müharibəsində məğlub,
daha sonra finlərlə, əfqanlarla və çeçenlərlə aparılan müharibələrdə
isə biabır oldu, 1956-cı ildə Macarıstanda, 1968-ci ildə
Çexoslovakiyada da uduzdu – şübhəsiz, qələbə məfhumuna hadisə
kimi yox, proses kimi baxsaq. Bu nöqteyi-nəzərdən o, İkinci
Dünya müharibəsini də uduzmuşdu. Çünki müharibənin
nəticələrini zaman içində baş verən hadisələr baxımından
qiymətləndirməli olsaq, 1945-ci ilin mayında Reyxstaq üzərində
Sovet bayrağı sancılmışdı, Yaponiya isə "Missuri" kreyserinin
göyərtəsində kapitulyasiya aktını imzalamışdı. Qələbə məfhumunu
hadisə kimi yox, proses kimi götürsək, onda üstündən bir neçə
onillik keçdikdən sonra dirçələn, özündə yenilməz iqtisadi güc
toplayan Almaniya və Yaponiyanın müharibədən qalib çıxdığının
şahidi olarıq, bu mənada birləşmiş, bütövləşmiş Almaniya isə
mütləq qalibə çevrilir, yenilən Rusiyanı isə iqtisadiyyatı günü-
gündən çiçəklənən həmin ölkələrə əl açan dilənçi kökündə
görürük. İkinci Dünya müharibəsində kim qələbə çaldı? Hər halda,
Rusiya yox.
Rus xalqı, şübhəsiz ki, böyük xalqdır, rus xalqının içindən
dahi insanlar – şairlər, yazıçılar, filosoflar və bəstəkarlar
çıxmışdır. Bəs onda nəyə görə belə böyük bir xalq bütün yerdə
qalan xalqlardan – Tmurdar basurmanlardanU, yadellilərdən,
yəhudilərdən, masonlardan, qərəzli çeçenlərdən, tatarlardan da
betər olan çağırılmamış qonaqlardan, tatarların özlərindən,
islam fundamentalistlərindən, pantürkistlərdən, çuçmeklərdən,
xoxollardan, avropalılardan, amerikanlardan və sair
kimsələrdən etdikləri şikayətlərdə belə köməksizdir, yazıqdır.
Nəyə görə o istəmir ki, onu sevsinlər, ona hörmətlə yanaşsınlar.
Ancaq istəyir ki, ondan qorxsunlar. Yeri gəlmişkən, rus milli
şüurunda dominant rolunu oynayan anlamlardan biri də budur:
"Rusiyanı ağılla başa düşmək olmazU. Rusiyanın XX əsrdəki
parlaq zəkaları İlyin, Berdyayev, Soljenitsin, hətta Qumilyov
messianizm xəstəliyinə mübtəla olublar, tarix boyu Rusiyanın
missiyasını bütün xalqlara dərs deməkdə görüblər. Mən
560
Komsomolskaya pravda qəzetində dərc olunmuş məqalələrimin
birində belə bir fikri yeritmək istəyirdim ki, "Kimsə səni
məcburi şəkildə xoşbəxt etmək istəyirsə, bundan pis bir şey
yoxdur. Bu həm ayrı-ayrı insanlara, həm də bütöv xalqlara
aiddir". Sonra "KomsomolkaUnın müxbiri E.Abasquliyeva
mənə dedi ki, bu fikir yalnız son redaktə zamanı (yazı bütün
instansiyalardan keçibmiş) kiminsə gözünə sataşıb və
üzərindən xətt çəkilib.
***
Aparılan mübahisələrdə ən son arqument kimi tanklar irəli
sürüləcəksə, mübahisə eləməyin yeri qalmır. Çexoslovakiya
hadisələri zamanı belə bir lətifə dolaşırdı: "Danışıqlar zamanı
Çexoslovakiya tərəfindən tt1. Dubçek, Smorkovski, Sisarj,
Sovet tərəfindən isə tt44 (tanklar nəzərdə tutulur) iştirak
edirdi".
***
Karen Brutensin "Rusların amerikanlarla əməkdaşlığa
başlaması tez deyilmi?" məqaləsində ("Nezavisimaya qazeta",
13 may, 1994) belə bir passaj var idi: "Kim olmağından asılı
olmayaraq, Bzejinski haqlıdır… Onun formulə etdiyi
aksiomanın altından imza atmaq olardı: "Rusiya ya imperiya,
ya da demokratik ölkə ola bilər, o, eyni zamanda, hər ikisindən
ola bilməz".
Bzejinski bu fikri "Forin Afferz" jurnalının 1994-cü ildə son
nömrəsində çap edilən "Erkən əməkdaşlıq" məqaləsində
işlətmişdi. Eyni fikri mən 1991-ci ildə "Literaturnaya qazeta"da
çap etdirdiyim – "Cənab Jirinovski Boris Nikolayeviçin
sağlığına badə qaldıracaqmı?" məqaləmdə söyləmişdim.
***
Vladimir Lukinin "Manilovdan Nozdrevə
qədər"
("Nezavisimaya qazeta", 14 may, 1994) məqaləsində Rusiyanın
Orta Asiya və Qafqazlara iddiası bir növ əsaslandırılır. Müəllif
özünün imperiya iştahasını eyhamlarla ifadə edərək yazırdı:
"Eyni vəziyyət islam dünyasının tam şəkildə Rusiya
561
sərhədlərinə yaxınlaşdığı Qafqazlarda da baş verə bilər". Bu
fikrə islam dünyasının özünün baxış bucağından nəzər
yetirməli olsaq necə? Axı, islam dünyası üçün ən böyük
təhlükə, məhz Rusiyanın onun sərhədlərinə yaxınlaşmasıyla
əlaqədardır. Son iki əsrin hadisələrini necə unutmaq olar:
Rusiya-İran, Rusiya-Türkiyə, Qafqaz müharibələri, biz hələ
Əfqanıstanda və Çeçenistanda aparılan müharibələri demirik.
***
İspaniyada şəhəri xristian ordularına verməli olan ərəb
sərkərdəsi ən uca bir yerdə durub əlindən çıxan şəhərə baxaraq
ağlayırmış. Anası ona deyib: "Kişi kimi əlində saxlaya
bilmədiyin şeyə görə arvad kimi ağlama".
***
İnqilab qələbə çalanda, inqilabçılar ən pis hökmdarlara
çevrilirlər – onlar dözümsüz və amansız olurlar. Alçaltmalar,
təqiblər, əzab və məşəqqətlər, saysız-hesabsız məhrumiyyətlər
onların təbiətində ifrat aqressivlik və qisasçılıq duyğuları
oyadır, onların ürəyində haqq-ədalətə bir damcı da yer qalmır.
Onlara işgəncə verən rəqiblərinə bəslədikləri nifrəti bütün
dünyanın üstünə yağdırırlar.
İncəsənət sahəsində heç bir uğura yiyələnməyən
qrafomanlar siyasət sahəsində ən qərəzli insanlara çevrilirlər,
onlar özlərinin doydurulmayan şöhrətpərəstlik azarlarının
əvəzini hər şeydən öncə incəsənət xadimlərindən, ümumən
ziyalılardan çıxmağa cəhd göstərirlər.
Dostları ilə paylaş: |