***
Bu il – 1997-ci il martın 22-də – Novruz bayramı günü Bakı
küçələrində məni çox mütəəssir edən bir halla qarşılaşdım.
Küçələrin birində qoca rus qadın azərbaycanlıların milli
bayramı günü Azərbaycan dilində dilənirdi. Gör bir vaxt necə
dəyişdi. Bir zamanlar öz doğma dilini bəzi azərbaycanlılar
özləri belə öyrənmək istəmirdi. "Ürəyim ağrıyır" adlı bir
gənclik hekayəm var. Bu hekayədə bir ailə təsvir olunur. Bu
ailə üzvlərinin heç biri öz ana dilində danışmır və danışmaq
istəmir. Bundan əsəbiləşən qonaq həmin evi tərk edir və acı
Bakı küləyinin cövlan etdiyi qaranlıq küçələrdən birində
soyuqdan donub bir küncə büzüşmüş qoca qarının Azərbaycan
dilində diləndiyini eşidir. İndi gör hər şey necə dəyişib.
Azərbaycan bu rus qadını üçün həm vətəndir, həm də vətən
690
deyil (Başqa vətəni də yoxdur). Taleyin qismətiylə doğulduğu
yerlərdən çox uzaqlara düşüb, özgə millətin bayramında özgə
dilində dilənməyə məcburdur.
Elə həmin gün qəbiristanlığa getdik, valideynlərimizin,
əzizlərimizin məzarlarını ziyarət etdik. Qəbiristanlıqda da xeyli
rus dilənçi vardı (əlbəttə, Azərbaycanlı dilənçilər daha çox idi).
Azərbaycanlı dilənçiyə kimsə, nədənsə, üç pomidor verdi və
mənim gözlərim qarşısında o, bu üç pomidordan birini rus
dilənçiyə verdi. Fağır-füqəra internasionalı? Ya yenidən
BÜTÜN ÖLKƏLƏRİN FÜQƏRAYİ-KASIBLARI
BİRLƏŞİNİZ? Aman Tanrım. Haçan, axı haçan elə bir dövrdə
yaşayacayıq ki, dilənçilik, müharibələr, göz yaşı olmayacaq.
İnsanlar iztirab çəkməyəcək, millətlər arasında ədavət
qalmayacaq. Ya bu xülyadı? Yox, axı belə yaşayan ölkələr var.
Tale niyə bizi belə cəzalandırıb? Həm ötüb keçmiş sovet
illərində, həm də indi müstəqillik dövründə?
***
Paxıllıq, həsəd hər bir insana xasdır, amma bu ziyanlı
duyğuları elə rüşeym halında boğmaq üçün gərək daima səndən
yaxşı yaşayanlar, səndən xoşbəxt olanlar haqqında yox, səndən
pis yaşayanlar, səndən bədbəxt olanlar haqqında düşünəsən.
***
Haçansa gileylənirdim – yuxu ömrümün əhəmiyyətli və
səmərəli saatlarını alır, bu vaxtı daha yaxşı istifadə etmək
olardı – işləyə, yaza, oxuya, dostlarla ünsiyyətdə ola bilərdim,
bir sözlə, yaşaya bilərdim. Yuxu isə, "Kitabi Dədə Qorqud"da
deyildiyi kimi kiçik ölümdür.
Amma indi həyatımın ən sakit, ən xoşbəxt saatları yuxuda
olduğum vaxtdır, dünyada olmadığım, heç nə eşitmədiyim, hey
nə görmədiyim, heç nə oxumadığım, heç kəslə ünsiyyətdə
olmadığım dəqiqələrdir – nə mənəvi, ya fiziki ağrı duyuram, nə
bir-birindən çətin problemlərlə üzləşirəm. Ayıq vaxtı, oyaq
vaxtı duyduğun boşluqdansa yuxunun dərk olunmayan boşluğu
daha yaxşıdır. Yatasan, elə hey yatasan. Bir şərtlə ki, heç yuxu
691
da görməyəsən. Yuxular da çox vaxt bizi incidir. Keçmişimizi
canlandırmaqla, itirdiklərimizi aldadıcı, müvəqqəti
qaytarmaqla işgəncə verir bizə.
***
Heç cür anlaya bilmirəm, musiqini başa düşmək (ya
düşməmək) nə deməkdir. Küləyi, yağışı, ay işığını başa
düşmək, ya düşməmək olar? Yəni musiqinin hansısa gizli
sirrinə agah ola bilmirsən? Yəqin ki, musiqiçilər, bəstəkarlar,
dirijorlar, ifaçılar, nəzəriyyəçi-musiqişünaslar musiqinin
texniki xüsusiyyətlərini təhlil edə bilər, onun ifadə vasitələrinin
özəlliklərini araşdıra bilərlər. Amma belə olduqda da bu,
tutalım, ədəbi əsərin, elmi, ya fəlsəfi konsepsiyanın
mahiyyətini təhlil etmək kimi bir şey deyil. Musiqini yalnız
hiss etmək, duymaq olar – bu, mənim qəti qənaətimdir. Musiqi
qəlbimizdə müəyyən ovqatlar yaradır. O, xatirələrimizi
canlandırır, anılar zəncirini sapa düzür və məlum deyil ki,
hansı yollarla bizim şüurumuzun dərinliklərinə sirayət edərək
daxili dünyamızda əks-səda verir, müəyyən impulslar alışır və
bu impulslardan hansısa yeni fikirlər, hisslər doğulur, indi
eşitdiyimiz musiqiylə heç bir zahiri əlaqəsi olmayan duyğular
oyanır. Mən proqramlı musiqini, musiqinin proqramlı olmasını
qəbul etmirəm. Mənimçün əhəmiyyəti yoxdur ki, simfonik əsər
necə adlanır – "Eqmont", "Françeska da Rimini" ya Qara
Qarayevin "Leyli Məcnun"u… Bu əsərləri dinləyəndə daxili
aləmimdə onların ədəbi qaynaqlarını, süjetlərini, personajlarını,
mətnlərini canlandırmıram. Bu musiqi əsərlərinin öz ömrü var,
onlara ad vermiş ədəbi qaynaqlardan birbaşa asılı olmayan
dramaturgiyası, məzmunları var. Bəlkə də bəstəkar ilk impulsu
bu ədəbi mətnlərdən alıb, yox, yəqin ki, belədir, amma bu
bəstəkarın işidir, mənim, dinləyicinin işi isə bu sənət əsərlərini
müstəqil musiqi örnəyi kimi duymaq və qavramaqdır.
***
İnsanları tanımaq hələ həyatı dərinlə, əsəblərinlə duymaq
demək deyil, çünki başqasının təcrübəsini anlaya, tanıya,
692
qavraya, dərk edə bilərsən, amma bütün varlığınla yaşaya
bilməzsən.
***
Bakıda indi "birmərtəbəli Amerika" mövcuddur. Daha dəqiq
desək, birmərətəbəli kapitalizm. Ondan da dəqiq ifadə – birinci
mərtəbələrin, alt mərtəbələrin kapitalizmi, sözün məcazi yox,
hərfi mənasında. Bəlkə bu təbirə yalnız zirzəmiləri, yaxud
yarızirzəmiləri də əlavə etmək olar. Fikrimi izah edim. Zirək
sahibkarlar, iş adamları siçanlar yuvası, nəm, qaranlıq
zirzəmiləri qısa müddətdə yaxşı isidilən və işıqlandırılan
mağazalara, restoranlara, klublara çevirdilər. Birinci mərtəbələr
şık bazar dünyasının bütün parlaqlığını əks etdirir. Ən müxtəlif
mallar düzülmüş vitrinlərin bər-bəzəyi göz qamaşdırır.
(Doğrudur, bu malları almaq az adama nəsib olur). Zövqlü
(bəzən də zövqsüz) dizayn, var-dövlət, par-par parıldayan
reklamlar. Amma birinci mərtəbələri vəhşi kapitalizm
tərəfindən zəbt olunmuş binaların elə ikinci mərtəbəsi bizi
yenidən doğma sosializmin kommunal dünyasına qaytarır –
çirkli, üfunətli pilləkənlər, yerə atılmış siqaret kötükəri, sidik
iyi… İkinci, üçüncü, dördüncü, beşinci mərtəbələr – istilik
verilməyən soyuq mənzillər, vaxtaşırı sönən elektrik işığı,
qışda tez-tez kəsilən qaz, yayda tez-tez kəsilən (ya günlərlə heç
gəlməyən) su… Beşinci mərtəbədən yuxarı isə bütün həmin
"gözəlliklərə" əlavə – tez-tez sıradan çıxan lift. Lift növbəti
dəfə işləmədiyindən iş gününün yorğunluğunu çiyinlərində
altıncı, yeddinci, səkkizinci mərtəbəyə daşıyırsan. Çoxdan
təmirə ehtiyacı olan mənzilinə daxil olursan. Əgər əlbəttə,
mənzilini yeni azərbaycanlıya (yeni rusa, yəhudiyə, çeçenə,
gürcüyə, yaxud köhnə avropalıya, amerikalıya, türkə, iranlıya,
ərəbə, yapona, bilməm daha kimə) kirayə veməmisənsə. Bəli,
indi lap dəqiq demək olar – bakılılar adlı bir millət mövcüddur.
Mersedesləri, mobil telefonları, norka kürklü gənc top-model
məşuqələri və boyun-boğazlarından qızıl-brilyant sallanmış
arvadları olan bir millət – onlarındır bu birmərtəbəli Bakı –
693
bahalı restoranları, mağazaları, kazinoları, yüz cür kef yeri olan
şəhər. Bir mərtəbə yuxarıdakılar isə bir sinif aşağıdakılardır.
(Əlbəttə, avrotəmir edilmiş mənzillərin sakinləri istisnadır).
Belə birinci mərtəbələr bizimçün deyil. Olsun. Çoxdandır
beşmərtəbəli evin altıncı mərtəbəsinə də qalxmırıq. Olsun.
Amma küçə ki hələ mənimdir – hər tinində dilənçilər dayanmış
küçə, qırmızı işıqda dayanan avtomobillərə sarı qaçıb şüşələrini
silib qəpik-quruş alan uşaqların küçəsi. O küçə ki, hər iki
adamdan biri məni tanıyır, hər üç adamdan biri salamlaşır, hər
dörd adamdan biri məndən nə isə xahiş edir və hər beş
adamdan biri məni bütün bədbəxtçiliklərinin baisi sayır.
Bəzən mənə elə gəlir ki, birinci mərtəbələr uzun və əlvan
kəndirlər və ya zəncirlərdir, mənim şəhərimin ayaqlarını bu
kəndirlərlə bağlayıb, bu zəncirlərlə zəncirləyiblər. Ya bəlkə
mənə elə gəlir….
***
Elmiranın ölümünün ili ərəfəsində yuxu gördüm. Səhnədə
piano, royal yox, piano. Elmira çalır, amma səslər eşidilmir.
Qəbiristanlıqda, Elmiranın məzarı yanında Fərhada
(Bədəlbəyliyə) yuxumu danışdım.
-Antonioni kadrlarıdır, – dedi. Kino assosiasiyalarına qalsa,
mənə elə gəlir ki, Antonioni yox, Berqman kadrlarıdır.
***
Folknerin məşhur sözü var ki, yazıçının uşaqlığı keçən
yerləri andıran və onun özünün uydurduğu Yoknopatafa dairəsi
(bizim təbirlə rayonu, bəlkə qəsəbəsi) xəritədə bir poçt markası
boyda olsa da, dünyanın bütün mürəkkəbliyini və dərinliyini
ehtiva edir. Eynən bu cür bir ailənin tarixçəsində də bütöv bir
əsrin taleyini əks etdirmək olar.
***
"Keçən keçdi, olan oldu" xatirələr romanımın janrını ikiqat
memuarlar, daha doğrusu, üç qat memuarlar adlandırmaq olar.
Mən yalnız öz xatirələrimə əsaslanmıram, atamın, anamın
xatirələrini də canlandırıram. Konkret bir mətndə həkk
694
olunmamış, sistemləşdirilməmiş, ayrı-ayrı yazılarına –
şerlərinə, məqalələrinə səpələnmiş anılarını, habelə, şifahi
söhbətlərindən eşitdiyim, duyduğum olayları, adamlar
haqqında təəssüratlarını bir yerə toplamaq istəyirəm. Bütün
bunları xronoloji və məntiqi ardıcıllıqla düzməklə də
kifayətlənmirəm, onların demədiklərini də onların yerinə
demək istəyirəm. Ancaq o deyimləri, o fikirləri ki, onların
məhz belə ifadə etmək istədiklərinə yüz faiz əminəm. Onların
düşüncə və dəyərləndirmə meyarlarına görə, müxtəlif insanlara
və hadisələrə münasibətlərini bildiyimdən və nəhayət,
bioqrafiyalarının faktlarına əsaslanaraq bərpa etmək istəyirəm.
Bu bir bərpaçı işidir bəlkə. Bundan başqa, qohumlarımızın,
dostlarımızın – onların, ya mənim dostlarımın, onları yaxşı
tanıyanların söhbətləri, xatirələri də əlavə materialdır. Amma
bununla da iş bitmir. Mən həm onların yaşadıqları dövrü
onların gözüylə görmək istəyirəm, həm də özümün – onlardan
sonra yaşadığım həyatın və zamanın təcrübəsinə arxalanan
insanın gözləriylə görməyə çalışıram. Odur ki, bu xatirə-roman
bir həyatın – təkcə mənim həyatımın deyil, ən azı üç həyatın –
atamın, anamın və mənim yaşadığımız ömürlərin birləşdirilmiş
salnaməsidir. Kitab üzərində işləyərkən qanrılıb geriyə baxa-
baxa mən özüm də sanki üç həyat yaşayıram. Bir neçə bir-
birindən köklü fərqlənən dövrün şahidi olub, bir neçə nəslin
taleyinə ortaq olub və beləliklə, bir ailənin timsalında XX əsrin
əvvəlindən axırına qədər böyük bir tarixi yolu keçirəm.
(Sonralar bu planım dəyişdi. "Keçən keçdi, olan oldu" kitabı
əvəzinə bu düşünülmüş kitabın ancaq birinci hissəsini "Əsrim
və nəslim" hissəsini yazmağa başladım. Bu kitabın da böyük
qismi artıq işıq üzü görmüş "Mubarizə bu gün də var" kitabıma
daxil oldu.
Amma "Əsrim və nəslim"i də mütləq yazıb bitirəcəyəm. –
Çox sonrakı illərin qeydi).
***
Ortaq türk dilindən danışırlar. Bu xülyadır. Türk xalqlarının
695
tarixinə az-çox bələd olanlar yaxşı bilir ki, türk dilləri hələ
qədimlərdən müxtəlif qruplara – qıpçaq, oğuz, qarluk və s.
ayrılıblar və bu gün qazax "jipək" yerinə "ipək", Türkiyə türkü
"yıldız" yerinə "jıldız" deməyəcək. Əgər süni bir dil yaratsalar
belə, bu, esperanto kimi ancaq mütəxəssislərin və həvəskarların
istifadə etdiyi bir dil olacaq. Lakin populist məqsədlərlə bu
ortaq dil məsələsini ortaya atırlar, kiməsə yarınmaq məqsədiylə
bunu edirlər. Mənim isə uzun illər Türkiyənin özündə (əslində
daha çox elə Türkiyədə) dediyim odur ki, ortaq dil xülyasına
düşməkdənsə, ortaq rabitə, ünsiyyət (Türkiyə türkləri buna
iletişim deyirlər) dili yaradaq. Daha doğrusu, bunu yaratmağa
da ehtiyac yoxdur. Bütün türk xalqları məhz Türkiyə türkcəsini
bu əlaqə, ünsiyyət, rabitə, iletişim dili kimi qəbul etsin, çünki
Türkiyə türkcəsi ən böyük türk dövlətinin, əsrlər boyu müstəqil
yaşamış və zəngin dövlətçilik ənənələrinə malik olan bir xalqın
dilidir, həm də bütün sahələrdə – siyasət, elm, hüquq, hərbçilik,
iqtisadiyyat və s. daha çox inkişaf etmiş, gəlişmiş,
zənginləşmiş bir dildir. Mən qətiyyən rus dilinin əleyhinə
deyiləm. Əksinə düşünürəm ki, rus dili hələ uzun müddət
keçmiş SSRİ-də yaşamış türk xalqlarının karına gələcək,
dünyanın mədəni sərvətlərinə açar kimi istifadə olunacaq. İndi,
məsələn, elə Azəbaycanda ingilis dilinin daha fəal mövqe
tutması, təəssüf ki, ancaq bazar iqtisadiyyatının şərtləri ilə
bağlıdır. İngilis dilini bildiklərinə görə şirkətlərdə işləyib
böyük maaşlar alan cavanların ingilis dilində Şekspiri, ya
Folkneri oxuyanlarına rast gəlməmişəm. Şekspir də, Balzak da,
Markes də, Kafka da hələ ki, bizə rus dili vasitəsilə çatır. Hələ
onu demirəm ki, rus ədəbiyyatı özü zəngin bir xəzinədir. Odur
ki, uzun illər nail olduğumuz yüksək mədəni səviyyəmizi
qoruyub saxlamaqda rus dili bizə gərək olacaq. Amma mən,
məsələn, qırğızın Azəri türküylə, qazaxın qaqauzla, yakutun
özbəklə rus dilində anlaşması yerinə, Türkiyə türkcəsiylə
anlaşmasını istərdim. Bax əlaqə, rabitə, ilətişim dili bu
deməkdir və bu daha real bir məqsəddir. Hələ onu demirəm ki,
696
bu prosesdə müstəqil dillərimiz Türkiyə türkcəsindən alınmış
ən uğurlu sözlərlə zənginləşəcək və bu ümummənəvi türk
məkanının yaranması yolunda daha gerçəkçi addım və
vasitədir. Yoxsa türk xalqları nümayəndələrinin iştirakıyla
Türkiyədə keçirilən müşavirələrdə türk dilindən daha çox rus
dili səslənir. Çünki türk kökənli soydaşlarımızın çoxu Türkiyə
türkcəsini bilmir, öz dillərindən başqa yalnız rus dilində
danışırlar. Başqırdla türkmənin bir-biriylə ingilis, ya fransız
dilində danışdıqlarını təsəvvür etmək çətindir. Gülüş doğuracaq
hadisələr də baş verir ki, bəzilərini mən bədii əsərlərimdə əks
etdirmişəm. Türkiyədə bir müşavirədə bir yanımda tatar, o biri
yanımda qazax oturmuşdu. Natiq kürsüdən deyirdi ki, bizim
hamımızın dili birdir, eynidir. Qazax və tatar məndən rus
dilində xəbər aldılar: – Nə deyir? – Cavab verdim: – Deyir ki,
dilimiz birdir. Hər ikisi rus dilində: – Düz deyir, – dedilər.
Bu cəhətdən mən müxtəlif türk dillərinin ləhcə
adlandırılmasının da qəti əleyhinəyəm. Əgər, tutalım,
Azərbaycan dili ləhcədirsə, hansı Ana dilin, ədəbi dilin
ləhcəsidir, Türkiyə türkcəsinin? Niyə? Molla Pənah Vaqifin,
Mirzə Fətəlinin, Aşıq Ələskərin, Sabirin, Mirzə Cəlilin,
bayatılarımızın dili niyə ləhcə sayılsın? Yox, bəlkə, bu
məntiqlə Türkiyə türkcəsi də ləhcədir. Onda əsas dil, Ana dil
(Ana dili yox, Ana dil – bunlar fərqli anlayışlardır), normativ
ədəbi dil hansıdır? Ya heç mövcud deyil?
Slavyan dil ailəsi də var, amma heç kəs rus, polyak ya
bolqar dilini ləhcə saymır.
Əlbəttə, Oğuz qrupunun dilləri, özəlliklə Azəri və Türkiyə
türkcəsi bir-birlərinə çox yaxındır. (Qazax diliylə qırğız, tatar
diliylə başqırd dilləri də bir-birinə çox yaxındır, hətta ümumi
ədəbiyyat klassikləri də var). Amma rus və ukrayna dillərinin
bir-birinə yaxınlığından da daha artıq bir-birinə yaxın olan
Azərbaycan və Türkiyə türkcəsi, hər halda, eyni dil deyil.
Bu iki dilin eyni dil olmasını iddia edən dostuma: – Sən
məndən yaşda kiçiksən, – dedim, – səni özümə qardaş bilirəm,
697
amma istərsənmi bundan sonra sənə küçük qardaşım deyim?
Məlum olduğu kimi küçük Türkiyə türkcəsində kiçik
deməkdir. (İran inqilabçısı Küçük xanın adı da bu mənanı
daşıyır).
Bir çox söz var ki, Azəri və Türkiyə türkcəsində eyni cür
səslənsə də, tamamilə fərqli mənalar daşıyır, məsələn, bizdə
"deyinmək" sözü Türkiyə türkcəsində "toxunmaq"
anlamındadır, itiniz, yəni itələyiniz, qışqırtmaq – qısqırtmaq,
kişi – şəxs, qoca – ər, qarı – arvad, həyat yoldaşı, yoğun –
gərgin, düşmək – yıxılmaq, bekar – subay, subay – zabit,
dinlənmə – dincəlmə, axtarmaq – çatdırmaq və s. və s. Bu
siyahını xeyli artırmaq olar. Hələ onu demirəm ki, bizim dildə
ən adi sözlər olan "karxana, qıç, incəsənət, yaraqlı" – Türkiyə
türkcəsində biədəb kəlmələrdir. Cümlə quruluşunda,
sintaksisdə də fərqlər çoxdur.
XX əsrin əvvəllərində dillərimizin daha yaxın, bir-birinə
daha anlaşıqlı olduğunu iddia edənlər bir neçə amili unudurlar.
Əvvəla, o vaxt bu dilləri ərəb əlifbası yaxınlaşdırırdı, ərəb
əlifbasıyla eyni cür yazılan sözləri müxtəlif dillərdə müxtəlif
cür tələffüz etmək mümkün idi. İkincisi, o vaxtkı poeziyada,
məsələn, Tofiq Fikrətlə Məhəmməd Hadinin dilində bir-biriylə
eyni olan bolluca ərəb-fars sözləri və izafətlər idi. Üçüncüsü,
otuzuncu illərdə Tükiyədə Akop Dilaçarın rəhbərliyiylə
aparılan dil siyasəti dillərimizi bir az da uzaqlaşdırdı, Türkiyə
türkcəsinə daxil edilən çoxlu uğurlu sözlərlə yanaşı, məsələn,
"məktəb" sözünün fransız "ekoluna" bənzədilərək "okul"
adlandırılmasına, ya TmüəllimUə – TöyrətmənU deyilməsinə
ehtiyac varmıdı? Hələ onu demirəm ki, sovet hakimiyyəti
dövründə Azərbaycan dilinə olsa-olsa on-on beş sırf rus
kəlməsi daxil oldusa (kolxoz, sovxoz, sovet, komsomol və bu
qəbildən. Hətta bütün dünya "sputnik" biz isə "peyk" deyirdik),
Türkiyə türkcəsində fransız və xüsusilə də, ingilis sözlərinin
sayı-hesabı yoxdur. Mən XIV əsr şairi Yünis İmrəni tərcüməsiz
anlayıram, amma onun kitabına yazılmış TÖn sözUü
698
oxuyarkən dəfələrlə lüğətlərə baxmalı oluram. İstanbulda orta
əsr şairi Pir Sultan Abdal haqqında televiziya filminə baxırdım.
Pir Sultan Abdal "bol şanslar" deyəndə daha filmin ardına
baxmaq istəmədim.
Güman edirəm ki, bu düşüncələrimin başını, ayağını kəsib
min yerə yozacaqlar, hətta mənim guya Türkiyə türkcəsinə
iradlarımdan sui-istifadə edəcəklər. Sovet vaxtında məndən
rəsmi dairələrə donos verənlər indi də başqa ünvana donoslar
çatdıracaq. Buna öyrəncəliyəm, sovet vaxtında "Qobustan"
toplusunda Türkiyə türkcəsindən aldığım uğurlu sözlərə görə
məni pantürkizmdə suçlayanların mənəvi davamçıları indi
"alovlu türkçüU olub mənə yüz əsassız ittiham verəcək.
Türkiyədə işləyərkən bir qəribə parodoksdan da agah oldum.
Azərbaycanda "toplu", "baxım", "görüm", "duyum", "dönəm",
"önəmli", "öncə", "örnək", "uğur", "danılmaz" və neçə-neçə
indi hamının işlətdiyi sözlərə görə bizi pantürkzmdə ittiham
etdikləri kimi, Türkiyədə də yeni sözlərin əleyhdarları bu
təşəbbüsləri kommunist təsiri kimi dəyərləndirirmişlər.
Türkiyədə çıxışlarımdan birində dediyim sözləri burda da
təkrar edirəm: "Türkiyə türkləriylə biz azərilərin çox şeyi ortaq
olduğu kimi abdallarımız da ortaq imiş".
Mən Türkiyəyə və onun ədəbiyyatına, dilinə məhəbbətimi
və hörmətimi sübut etməyə heç bir ehtiyac duymuram. Bütün
ömrüm boyu dəyişməz mövqeyimi, bu istiqamətdə
fəaliyyətimə az-çox bələd olanlar bilir. Mən xalqımızın türk
mənşəli olduğunu, dilimizin adında "türk" sözünün vacibliyini
həmişə açıq bəyan etmişəm. Dilimizin adını yalnız türk dili
adlandırmağın da əleyhinə idim, indi "türk" sözünün atılıb
yalnız Azərbaycan dili adlanmasını da qəbul etmirəm. Bu
barədə Konstitusiyamızın yeni variantı müzakirə olunanda da
demişdim və yazmışdım. Odur ki, bu gün də bütün yazılarımda
məhz Azərbaycan türkcəsi, ya Azəri türkcəsi istilahlarını
işlədirəm.
***
699
Yaddaş – Vaxtın qatılaşmasıdır, press edilməsidir. Yaddaş -
yaşanılmış ömrün xülasəsi, daydjestidir. Sıxılıb-sıxılıb
yığcamlaşmış icmalı olmasa da, ayrı-ayrı seçmə epizodların,
səhnələrin, hadisələrin, obrazların, insan sifətlərinin, sözlərin
adda-budda şəkildə, adacıqlar şəklində şüurda həkk
olunmasıdır. Amma ömürdən fərqli olaraq yaddaş – donuqdur.
Həyat vaxt axarındadır, axıb gedir, yaddaş donub qalıb,
daşlaşıb. Həyatda bu gün dünəni əvəzləyir, sabah bu gündən
sonra gəlir, Keçmiş keçir, Gələcək İndinin ardınca gəlir.
Yaddaşda hər üç zaman kəsiyi eyni vaxtda mövcuddur, eyni
cür donub qalıb. Odur ki, yaddaş anıları əsasında yazılan
mətndə – elə mənim bu mətnimdə də – Dünəni, Bu günü,
Sabahı irəli-geri çəkmək imkanı var, hadisələri qabağa apara,
geri qaytara bilirsən. Həyat təkrarsız və geriyə dönüşsüzdür.
Yaddaşda ömrünü istəyincə təkrarlaya, çək-çevir edə bilərsən.
Odur ki, bu sayaq mətnin özəlliyi də xronoloji ardıcıllıq deyil,
anımlar zənciri həlqələrinin izaholunmaz ardıcıllıqla
düzülüşüdür…
***
Ağnağız – Mingəçevirdə Məhəbbət Qaradağlıdan eşitdiyim
söz. Mənası – nübar. Amma tək meyvənin yox, ümumiyyətlə,
bir işin ilki, təzəsi, nubarı.
***
Əgər hələ heç hakimiyyətə gəlmədən hakimiyyətin iyini
duyub bir-birinin boğazını üzməyə hazırdırlarsa, hakimiyyətə
gəlsələr, nələr edəcəklər? Əvvəlcə üzvü olduğu partiyanı
parçalayan, gənclik dostuna dönük çıxan, sonra ordudan
fərarilik etmək üçün sığındığı partiya qanadının rəhbərini
minnətçi salan, daha sonra elə onun özündən də üz döndərən
bir sütül siyasətçi indi də Yazıçılar Birliyinə girişib, bizə
ədəbiyyatdan mühazirələr oxuyur. Dediyinin məğzi də budur
ki, siz canınızı fəda edin, nə var, nə var, mən yenidən
hakimiyyətdə bir post tutub əvvəlki kimi "halalca" rüşvətimi
alım.
700
Cox güman ki, haçansa şer yazırmış. (Bəlkə indi də gizlicə,
xısın-xısın yazır). Çünki Azərbaycanın klassik və çağdaş
yazıçılarına bu dərəcədə nifrət bəsləmək, onlara şər atmaq –
həsədcil qrafomanlığın birinci əlamətidir. Allah göstərməsin,
belələri haçansa hakimiyyətə yiyələnsin. Azərbaycanı Pol-
Potun Kampuçiyanı qoyduğu gündən pis günə salarlar.
***
Ədəbi döyüşlər hara, ədəbi söyüşlər hara? Hər səhər
yuxusundan kal oyanan bir dılğır ünvanımıza hədyanlar
yağdırır.
Dostları ilə paylaş: |