***
Onun yalnız bicə güclü düşməni var – özü.
***
Keçmiş SSRİ-dəki stalinistlərlə xaricdəki stalinistlərin fərqi
ondadır ki, birincilər alçaq, ikincilər axmaqdırlar. Birincilər hər
şeyi bil-bilə riyakarlıqla bütün bildiklərinə göz yumurlar,
ikincilər isə heç nə bilmirlər, ya bilmək istəmirlər. Milyonlarla
məhv edilmişlər, güllələnmişlər, sürgünlərə göndərilmiş,
məhbəslərə atılmışlar, ölüm düşərgələri – QULAQ…
Birincilər: "nə olsun, yuksək məqsəd yolunda bu qurbanlar
labüddür" – deyir. İkincilər: "Bizim bundan xəbərimiz
yoxdursa, deməli, bunlar olmayıb" – fikrindədirlər.
***
Moskvada – senzura tətbiq olunur. Demokratik Qərb
riyakarlıqla bundan narazıdır. Yaxşı, mən də senzuranın
əleyhinəyəm, amma axı məhz mətbuatın özbaşınalığı bu
atmosferi yaratdı, gərginləşdirdi və bütün bunlar Parlamenti
topa tutmaqla nəticələndi. Qərb də bunu (yəni topa tutmanı)
anlaşıqlı qarşıladı. Qəribədir. Qanlı nəticəni anlamaq, qəbul
etmək, amma ona gətirən səbəbləri, hadisələrin gedişatnı başa
düşməmək. Rusiyada da, bütün keçmiş SSRİ məkanında da
nüvə potensialından daha təhlükəli olan hamının hamıya
666
qarşılıqlı nifrətidir. Bax bu partlaya bilər, daha doğrusu, artıq
partlayır. Partlayışı hazırlayan isə məsuliyyətsiz, təhrikçi və
təxribatçı mətbuatdır. Odur ki, mətbuata təzyiqlər haqqında
təəssüflər riyakarlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən
get-gedə daha çox dərk edirəm ki, Qərbin demokratiyaya
aludəçiliyi daha çox demokratiyanın zahiri, dekorativ
atributlarına aiddir. Sxolastik demokratik düşüncə doqmatik
totalitarizmdən, ehkamçı kommunist fikir tərzindən az
fərqlənir. Əlbəttə, fikir, əqidə azadlığına hörmətlə yanaşmaq
lazımdır, amma əgər bu faşizmdirsə, yalnız kimsə həmin
əqidəyə tapınır deyə onu məqbul saymaq olarmı?
Demokratiyanın və söz azadlığının süyər yeri də elə budur.
Mücərrəd şəkilə yozulan söz azadlığı naminə azadlığı o şəxslər
də qazanır ki, əslində elə bu azadlığın düşmənidirlər.
Demokratiyanın bu anadangəlmə Axilles dabanından istifadə
edərək əksəriyyət demokratik quruluşun özünə qarşı çıxa bilər.
Çoxluq demokratiya istəmirsə, demokratiyanı zorla qəbul
etdirmək – demokratiyadırmı?
Bu çıxmazdan çıxış varmı? Məncə, yoxdur. Ancaq intuisiya
ilə bu balansın dərk olunmasına ümid bəsləmək olar – yəni
diktator-demokratın, həqiqətən də, demokratik dəyərlərə sadiq
olduğuna və onlara namusla xidmət etməsinə ümid etmək…
Müəyyən dərəcədə Kamal Atatürk bunun örnəyidir.
Demokratiyanın diktaturası, ya demokratik diktatura… Yeltsin
necə, buna örnək ola bilərmi? Yəni ağlı və iradəsi çatacaqmı ki,
bu dəyərləri ilk növbədə özünün ətrafındakılardan qoruya
bilsin – axı ətrafında Qraçov kimi acgözlər, Qdlyan kimi
fırıldaqçılar, Staravoytova kimi siniklər var ki, hamısı təpədən-
dırnağa satılmış adamlardır. Onlar üçün demokratiya yalnız bir
oyun kartıdır. O biri tərəfdən də general Lebed kimi mağara
adamlarının fikrincə, Rusiyanın imperiya amalı heç də
demokratiyaya zidd deyil. Belələrinin zehnində demokratiya
patrisilər üçündür (Lebedi patrisi sifətində təsəvvür etmək çətin
olsa da). Və bütün başqa xalqların müqəddəratını bir xalq həll
667
etməlidir.
5 oktyabr, 1993, İstanbul
***
Ölüm məni təkzibolunmazlığı ilə qorxuzur. Həyat – daima
seçimdir, öz-özünlə, öz taleyinlə daimi mübahisələrdir. Ölüm –
sonuncu və mübahisəsiz qərardır, alternativsiz seçimdir.
Şübhələrin, tərüddülərin, "nə edim, necə edim?"lərin sonudur.
***
Stalin tarixin ən uzunölümlü müstəbididir. Fiziki ölümündən
40 il sonra yenə qatillik işini davam etdirir – dünyanın ölüm
səpən bir çox terrorist təşkilatlarının bayraqlarında Staliin adı
var. Hələ keçmiş SSRİ-dəki qana və qisasa susamış stalinçiləri
demirəm.
***
Yenidən gənc olmaq istərdim. Amma tək özüm yox, bütün
yaxınlarımla, əzizlərimlə, sevdiklərimlə birlikdə.
***
Qalib gəlmiş inqilabçılar elə zəfərlərinin səhəri günü
qələbənin dadını və ləzzətini duyurlar – dəbdəbəli mənzil, ləziz
təamlar, gözəl qadınlar, pul, sərvət, əmr, göstəriş, fərman
vermək, insanların talelərini müəyyənləşdirmək imkanları…
Qabaqcadan şüurlu surətdə bunun naminə mübarizə
etməmişdilərsə də, indi birdən-birə bütün bunlara malik olanda
nəfsini saxlamaq çətindir. Və az bir zaman ərzində bu "gözəl"
həyat tərzinə vərdiş edəndən sonra yerlərini dar edə biləcək
dünənki silahdaşlarının belə boğazlarını üzməyə hazırdırlar ki,
üstündə quş südü olan masa arxasında, ya hərəmxana
yataqlarında şərikləri qalmasın.
***
Rusiyanın bugünkü siyasi həyatında faşizmin mixəyi
rəngiylə qırmızı rəng tay-dəyişik düşüb. Elə bil, öküz-daltonik
mixəyini qırmızı, qırmızını mixəyi görür.
668
***
Platonovu oxuyuram. Aydındır ki, nəyə görə Stalini
"Şəkkak Makar" belə qəzəbləndirib. Burda ikibaşlı-filan mətləb
yoxdur. Hər şey iki dəfə iki kimi aydındır. Rəhbərə və onun
sisteminə birbaşa, açıq işarə vurulur.
Bir-birindən nə qədər fərqlənsələr də, Platonovun,
Zoşşenkonun və Bulqakovun bir ümumi cəhətləri var: sovet
quruluşunu, sovet cəmiyyətini dəbdəbəli – patetik şəkildə
tərənnüm edən rəsmi ədəbiyyata qarşı onlar bu quruluşu,
cəmiyyəti gülünc və zavallı görkəmdə, idiotizm və absurd
şəklində təsvir edirdilər. Müəyyən dərəcədə bu xüsusiyyət
Mayakovskinin satirik pyeslərində, İlf və Petrovun
romanlarında, Erenburqun yazılarında da var.
***
Ürəkləri nifrət, gücsüz həsəd və kinlə dopdolu insanlarla
necə dialoq qurmaq olar? Ürəyin də müəyyən sahəsi var – əgər
bu sahəni ədavətlə, qisasçılıqla, xıltla, hamıya və hər kəsə
düşmənçiliklə doldurmusansa, orada mərhəmətə, sevincə,
məhəbbətə yer qalmır. Hətta tənhalıq hissinə də yer yoxdur,
çünki kinli adam tək deyil – kini-küdurəti həmişə onunladır,
gecə-gündüz onunla danışır, onu müəyyən hərəkətlərə təhrik
edir. Qisasçı da tək deyil – içində alovlanan intiqam duyğusunu
məqamı gələnəcən gizlətsə də, bu od onu içəridən qarsıyır. Bu
gün dəbdə olmayan Maksim Qorkinin şeytan haqqında bir
hekayəsi var. Şeytan insanın ürəyindən bütün bəd hissləri bir-
bir çıxarır və ürək bomboş qalır. Orada pis niyyətlərdən başqa
heç nə yoxmuş.
Neyləyim ki, kin saxlaya bilmirəm, məni hər gün mətbuat
səhifələrində zəhərləyənlərə, mənə qarşı hər cür əclaflıqlar
edənlərə qarşı ədavət hissi duymuram. Doğudur, hər gün bir
qaşıq zəhər udduqca şəkərim qalxır və ilk impuls olaraq bu
haqsız hücumlara cavab vermək, zərbə vurana zərbə vurmaq
istəyi olur. Amma bu hiss çox tez keçir. Bəlkə də bu pisliyi
yadda saxlamamaq, unutqanlıq xasiyyətimin zəif və mənfi
669
cəhətidir. Aldıqları yaralar qərtmək bağlasa da, bu yaraları
qoruyub saxlayan, sağalmağa qoymayan adamlara çox rast
gəlmişəm. Onlar məqam gözləyir ki, bu yaraların qərtməyini
qopartsınlar və yaraları yenidən qanayanda "qana qan" deyə
intiqam alsınlar. Amma bu sağalmamış yara axı irinləyə bilər,
bütün bədəni zəhərləyə bilər. İçərində konservləşdirilmiş
zəhərlə necə yaşamaq olar axı? Bunu heç vaxt başa
düşməmişəm.
***
İstanbulda dəniz ən gözlənilməz yerlərdə birdən-birə qarşına
çıxır. Bax eləcə Dərbənddə də müxtəlif yerlərdə qədim qala
divarlarının qalıqlarıyla rastlaşırsan. Bir də
əski
qəbiristanlıqlarla. Dərbənddə müasir binaların arasıyla gedirsən
və birdən-birə əski qəbiristanlıq çıxır qarşına, ya da qala divarı.
İstanbulu gəzirsən. Boğazdan bax indicə aralanmısan, tamam
əks istiqamətdə irəliləyirsən və qəfilcən yenidən dənizin başqa
bir sahilinə çıxırsan.
***
Kübar məclislərini (ya snobların tusovkalarını)
burunlayırlar. Amma axı Balzakın da, Marsel Prustun da
əsərlərinin əsas materialı məhz bu məclislər, oradakı söhbətlər,
münasibətlər, olaylar və insanlardır.
***
Yazıçıya verilən ən böyuk cəza – əsərlərinin nəşr
olunmamasıdır, yəni yaradıcılığına ölüm hökmüdür.
***
O, əlbəttə, dahi dirijordur, amma nə yazıq ki, orkestrində
biri xaric çalır, o biri pis çalır, başqa birisi heç çala bilmir,
birinin isə, ümumiyyətlə, notdan xəbəri yoxdur.
***
Onu rejissorla da müqayisə etmək olar. Elə bir quruluşçu
rejissorla ki, ən zəif aktyorlarla, ən zəif pyes əsasında dahiyanə
tamaşa qoyur.
***
670
Müasirliyi çox gözəl duyur, amma tarixilik hissi o qədər
sərrast deyil.
***
O, konformistdir, həmişə necə lazımdırsa, o cür danışır və
hərəkət edir, nəticədə hər şeyə malikdir. Mən ayrı cür
yaşayıram və heç nəyim yoxdur. Bəs nədən mən onu yox, o
məni qısqanır?
Gör nə günə qalmışıq ki, təmiz yaşadığımız üçün bəraət
istəyirik. Gör nə zamanda yaşayırıq ki, alçaq ola bilmədiyin
üçün sənə ağız büzürlər. Xeyirxahlarım belə: "Güclü olmaq
lazımdır" – deyirlər. Onların aləmində güclü olmaq – zirək
olmaq, məkrli olmaq, sifətini hər gün dəyişməkdir. Vicdan
sklerozu ilə yaşamaqdır. İstəmirəm, bu cür güclü olmaq
istəmirəm, zəifəm, qoy zəif qalım.
***
Rusların xarici siyasətini heç cür anlaya bilmirəm (Elə daxili
siyasətlərini də). Bir yandan NATO-nun Şərqə doğru
irəliləməsinin əleyhinədirlər. O biri tərəfdən Belorusiyayla
birləşib NATO-ya daha yaxın olmağa cəhd edirlər. Axı Polşa
mütləq NATO-nun üzvü olacaq. Müstəqil Ukrayna və
Belorusiyanı neytral bufer ölkələri kimi saxlamaqdansa Rusiya
onları da həzm-rabedən keçirib NATO-yla həmsərhəd olmaq
istəyir.
***
1993-cü il yanvarın 28-də "Yol" qəzetində gənc Azərbaycan
şairi yazır ki, Azərbaycan adlı yer olmamalıdır və bu söz
unudulmalıdır. Hər yan böyük Turanın içində əriməlidir. Elə
düşünür ki, Böyük məmləkətsiz böyük ədəbiyyat yarana
bilməz. Mirzə Cəlil demiş, "Ax yazıq vətən, ax biçarə vətən!
Sənin yer üzündən silinməyini bir yandan Zori Balayan istəyir,
bir yandan da Turan xülyasına qapılmış öz övladın".
29 yanvar, 1993
***
671
Romiklə Yusif gəlmişdilər. Gecə ağlıma gəlmiş fikirləri
onlarla bölüşdüm. Yazıq Azərbaycan – bir vaxtlar onu millət
anlayışını qəbul etməyən İslam ümmətçiliyində əridib itirmək
istəyirdilər. Sonra rus imperiya düşüncəsinə xidmət edən sover
beynəlmiləlçiliyi adıyla assimilə etməyə çalışdılar. İndi də
türkçülük içində yox etmək istəyirlər. Niyə görə yakut, ya
xakas (onlara hörmət bəsləsəm də) mədəniyyət, mentalitet,
adət-ənənə, psixoloji cəhətdən mənə talışdan, ləzgidən, tatdan
və kürddən daha yaxın olmalıdır? Azərbaycan xalqı, heç
şübhəsiz, türk mənşəli xalqdır, amma bizi məhz Azərbaycan
türkü kimi formalaşdıran cəhət tarixi ömrümüzdə başqa etnik
elementlərlə qaynayıb qarışmağımızdır. Bu, qarşılıqlı
zənginləşməyə səbəb olub. Tam saf, təmiz irqlər, millətlər
yoxdur. Məsələ yalnız bir millətin etnogenezində başqa
ünsürlərin iştirak dərəcəsində, iştirak ölçüsündədir. "Xalçanın
hikməti" adlı essemdə yazmışdım ki, Azərbaycan xalqı türk
atanın və yerli ananın övladıdır. Bu düstur türk düyasının dostu
və dərin bilicisi, böyük türkoloq Lev Qumilyovun da xoşuna
gəldi. Leninqradda rəhmətlik Aydın Məmmədovun vasitəsiylə
bu böyük alimlə tanış oldum. Evlərinə getdik. Kommunal
mənzildə yaşayırdı. Mənə bağışladığı kitabının üstündə:
"Aslandan Anara" yazmışdı. (Axı adı Levdir). Amma atası
Nikolay Qumilyovun kitabına avtoqraf qoymağa razı olmadı.
Aydınla mənə baxıb – "tarixinizi ayrı yerə aparmayın, elə
sizin sifətlərinizə baxmaq kifayətdir ki, Selcuqların xələfləri
olduğunuz aydın görünsün". Mənim "türk ata, yerli ana" fikrim
haqqında onun rəyini soruşduqda "tamamilə doğrudur" – dedi.
Sonralar bu düstur nə şəkildəsə Türkiyədə də qəbul olundu.
İstanbulda "Ata yurddan Ana Yurda" adlı dərgi çıxmağa
başladı. O vaxt, sovet dövründə mən Türk atamız məsələsini
"Qobustan" toplusunda, Dədə Qorqudla bağlı işlərimdə və
"Dədə Qorqud dünyası" essemdə daha çox qabartmağa
çalışırdım. Amma indi elə bir dövr gəlib ki, yerli ana
elementləri haqqında da danışmaq lazım gəlir. Birtərəfli
672
yanaşma əvvəllərdə olduğu kimi indi də Azərbaycan türklərini
tarixi yetimə çevirə bilər.
29 yanvar, 1993
***
Gecə ağlıma bir fikir də gəldi: Mirzə Cəlilin "Anamın
kitabı" pyesi məşhur üçlüyə – "türkləşmək, islamlaşmaq,
müasirləşmək" düsturuna qarşı yönəlmiş əsər deyilmi?
***
Moskva və Leninqrad demokratlarının zəif damarı odur ki,
səmimi şəkildə totalitarizm əleyhdarları olsalar belə, hələ də
totalitar düşüncənin əsiridirlər. Bu onda görünür ki, Qorbaçova
müxtəlif iradlar tutarkən yeni bir büt yaradırlar, mənfi işarəli
bir büt. Yəni hər şeyi onun fərdi keyfiyyətləriylə,
qərarsızlığıyla, səbatsızlığıyla, güzəştə meylli olmasıyla
bağlayırlar və cəmiyyətin bütün qlobal, total problemlərinin bir
nəfərdən, onun şəxsiyyətinin mənfi cəhətlərindən asılı
olduğunu iddia edir, yəni yeni kult uydururlar. Unudurlar ki,
Qorbaçov siyasətçi kimi müəyyən şərtlər çərçivəsində, bir-
birinə qarşı duran qüvvələrin kontekstində, oturuşmuş dövlət-
inzibati, partiya-siyasi mexanizmlər sistemində fəaliyyət
göstərir. Bir fərdin səlahiyyətləri nə qədər geniş olur-olsun,
məsələ tək bir adamdan asılı ola bilməz. Bu yalnız Stalin
dövründə, Stalin şəxsiyyətinə görə mümkün olan şeydir. İndi
isə söhbət real vaxt kəsiyində bir şəxsin – nə qədər yüksək
vəzifə tutur- tutsun, obyektiv hərəkət etmək imkanlarından
gedir. Sol radikallar tələb edir ki, mühafizəkarlara qarşı qəti
addımlar atılsın, amma bu addımlar necə olmadır - zorakı,
inzibati, cəzalandırıcı? Axı cəmiyyətin bir kəsiminin baxışları
bizə nə qədər mürtəce, mühafizəkar, mağara təfəkkürü kimi
görünsə də, bu, cəmiyyətin müəyyən kəsiminin baxışlarıdır. Bu
kəsimin təfəkkürünü dəyişmək çətindir, ondan da çətin onları
başqa cür düşünməyə məcbur etməkdir. Onda nə qalır?
673
"Düşmən təslim olmursa onu məhv edirlər? "Belədə bu
düşüncə tərzinin Stalin sistemindən təfavütü nədədir?
Konkret, yaxın və lokal örnəkdə demokratların səhvləri daha
aydın görünür. Mən israrla təkid edirəm ki, demokratlar Dağlıq
Qarabağ hadisələrinə birtərəfli münasibətlə, məsələnin
mahiyyətini bilmədən və buna varmaq istəmədən yanaşdıqları
üçün Azərbaycanda nəinki Kommunist hakimiyyətinin
möhkəmlənməsinə şərait yaratdılar, hətta bir növ dini-təməlçi
meylə də səbəb oldular.
***
Əgər iki ildən artıq müddətdə respublikalardan biri gərginlik
şəraitində yaşayırsa, onun Konstitusiyayla təmin olunmuş ərazi
bütövlüyünə təcavüz edilirsə, öz milli ərazisiylə daxil olduğu
ittifaqın müqaviləsi pozulursa, daha betəri, Konstitusiyanın və
Müqavilənin bu maddələrinin özləri şübhə altına alınırsa,
respublikaların öz sərhədləri daxilində inzibati hüquqları
tapdanırsa, hansı suverenlikdən dəm vurmaq olar?
Aşkarlığı da yalan və təhqirlər üçün istifadə etmək
mümkündür.
Yenidənqurma sərhədlərin yenidən biçilməsi deyil – bu tezis
dəfələrlə ən yüksək dövlət kürsülərindən səslənir, ən mühüm
sənədlərdə əks olunur, amma məsələnin guya ki, ədalətli həllini
istəyənlər tərəfindən israrla rədd edilir. Çünki onlar ədalətli
həlli yalnız öz xeyirlərinə olan qərar kimi qavrayırlar. Axı
şübhəli, bəzənsə tam mifik tarixi qaynaqlara istinad edərək tək
respublikaların deyil, dünyadakı bütün dövlətlərin sərhədlərini
təftiş etmək olar. Bəzən elə xəritələrə isnad olunur ki, o xəritə
yaranan dövrün təsəvvürlərində yer kürə deyil, üç öküz
buynuzu üzərində dayanmış səth imiş.
Əgər yenidənqurmanı inqilab sayırlarsa, onun Vandeyası
Dağlıq Qarabağdır.
Erməni xalqının tarixi iztirablarını və ağrılarını başa
düşürük. Amma məgər Azərbaycan xalqı tarix boyu daha artıq
müsibətlər, faciələr yaşamayıb? Daha az əzab-əziyyət çəkib?
674
Parçalanıb, əzəli torpaqlarını itirib, qırılıb, sürgün olunub, ən
ləyaqətli oğulları qanına qəltan olunub. İndi nə etməli, həmişə
keçmişə yas tutmalı, ağlamalı, ağı deməliyik? Heç gələcəyi
düşünməməliyik? Yadda saxlamaq bir şeydir, kin saxlamaq
başqa şey.
***
Məhəbbət – qəfilcən nədənsə aşiq olduğun adamı
uydurmaqdır.
***
Balzak deyəndə ki, ancaq qadının son eşqi kişinin ilk
məhəbbətiylə müqayisə oluna bilər, haqlı deyildi. Görünür, bu
sözü gəncliyində deyib, o vaxt ki, yaşca ondan çox böyük olan
qadını sevirmiş. Bəlkə də ahıl çağında, Qanskayaya aşiq olanda
başa düşüb ki, kişinin son məhəbbəti daha güclü olur. Amma
bəlkə bilmirmiş ki, bu son məhəbbətidir. Həm də axı kim təyin
edə bilər ki, hansı məhəbbət məhz son eşqdir. Bunu yalnız
ölüm müəyyənləşdirə bilər. Ölüm öncəsi məhəbbət – son
məhəbbətdir. Ölümlə məhəbbət necə də yaxındırlar. Süleyman
peyğəmbər demişkən: "Ölüm kimi güclüdür məhəbbət".
***
Sartr maoçu və xunyevbinçi şıltaqlıqlarına rəğmən,
şübhəsiz, ağıllı adam idi və o, sosializmin acı təcrübəsini də
yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, Qərbin başqa
tanınmış yazıçısı və ictimai rəyə təsir göstərən mütəfəkkiri
Alberto Moravia da Çin "mədəni inqilabını" müsbət
dəyərləndirirdi, İmran Qasımov onunla İtaliyada görüşmüşdü
və söhbətlərini mənə də danışmışdı.
Nədir bütün bunlar – toxluq və rifah içində həyat sürən Qərb
intellektuallarının ictimai firavanlıqdan doyub macəralara
uyması? Bəlkə də yox, bazar qanunlarından bezmiş Qərb
demokratlarının acı
təcrubəsi? Ümumiyyətlə, Qərb
intellektuallarının sosialist təcrübəsinin SSRİ-də reallaşan
variantına münasibətləri dərin təhlil tələb edir. "Bu rejimin
cinayətlərindən xəbərimiz olmayıb, yalnız Soljenitsin QULAQ-
675
la gözlərimizi açdı" desələr də, hər halda çox şeydən daha öncə
də xəbərdar idilər. Niyə bəzilərinin gözü Soljenitsinin
şəhadətlərindən daha qabaq açılmışdı, bəziləri isə indinin
özünəcən çox şeyi görmür, ya görmək istəmir. Niyə Alber
Kamyu XX qurultaydan və 56-cı ilin Macarıstan
hadisələrindən sonra SSRİ-ni ittiham etməyə özündə güc və
cəsarət tapdı, Stalin təbliğatının gah qaragüruhçu, gah da sülh
uğurunda alovlu mübariz kimi təqdim etdiyi Jan Pol Sartr isə
Nobel mükafatından imtina edə bildi, amma Xruşşov sifətli
sosializmdən üz döndərmədi. Niyə Andre Jid 30-cu illərdə
SSRİ-yə gəlib bu quruluşun qüsurlarını görə bilmişdi, Lion
Feyxtvanger isə həmin elə 30-cu illərin Stalin məhkəmələrində
iştirak edib onlara haqq qazandırırdı? Niyə Herbert Uels
Lenini ancaq mülayim və məsum Kreml xəyalpərvəri kimi
görürdü, Anri Barbüs Stalinin gözüylə baxırdı cahana? Nədən
Bernard Şou və Pablo Pikasso, Lukino Viskonti və Bertold
Brext sosialist idealına inanırdılar? Niyə? Doğrudanmı, tarixin
marksist təsnifatı gerçəkdir – həyat yalnız siniflərin
mübarizəsidir, bəşəriy-yətin bir ictimai formasiyadan başqasına
yüksəlişidir və bütün bu düzünəqulu yolun ən uca zirvəsi –
sosializm-kommunizmdir? Bütün yanlışlıqlarına, amansız
səhvlərinə, qanlı və cinayətkar keçmişinə baxmayraq, Sovet
sosializmi dünyanın inkaşafında daha yüksək mərhələdir?
Yaxud bütün nailiyyətlərinə (onları da danmaq olmaz)
baxmayaraq tarixin faciəvi yolazmasıdır?
Görünür, həqiqət bu iki əks fikrin arasındadır. Hər halda bir
müstəqim cavab yoxdur, cavab axtarışları var. Andre Jid yaxşı
deyib: "Həqiqəti axtaranlara inanın, həqiqəti buldum deyənlərə
şühhəylə yanaşınU.
Şübhə faydasız deyil. "Şəkkaka lənət" – sırf dini düşüncənin
məhsuludur. Marksizm də bütün ateist şüarlarına baxmayaraq,
məhz bu dini təfəkkürü qəbul etmişdi və həmin təlimə zərər
vuran da elə bu oldu. Dinə qarşı amansız mübarizə apara-apara
marksizm onun bir çox cəhətlərini mənimsədi – dinin
676
peyğəmbərlərini öz peyğəmbərləriylə əvəz etdi, cənnət
vədlərini və cəhənnəm hədələrini – xoşbəxt kommunizm
gələcəyi vədləriylə və Sibirin "buzlu cəhənnəmiylə" yerdəyiş
etdi. Həm də ki, kommunizm cənnəti ancaq elə boş vəd, Sibir
cəhənnəmi isə tam real bir qılınc idi – hamının başı üstündən
asılmışdı. Hər ikisini kütlənin beyinlərinə eyni dini üsullarla
yeridirdilər – dualar – şüarlar, möüzələr – çıxışlar, rituallar –
iclaslar, mitinqlər və s.
Bu anlamda demokratiya – dinin yaşaması, dini ritualların
icra edilməsi, dini etiqada hörmət bəslənməsi üçün hər bir
şəraiti yaratsa da, hər şeydən əvvəl ictimai şüuru dini
ehkamlardan azad edir.
Sentyabr, 1987
Gecə vahimələrim müharibə dövrünə düşmüş uşaqlığımla
bağlıdır. İşıq çıxmasın deyə qara kağızlarla örtülmüş pəncərələr
uşaqlıq xatirələrimdə radio-reproduktorun dairəvi qara diskiylə
eyniləşir. Bu saçabənzər qara dairədən bir-birindən pis xəbərlər
gəlirdi –təntənəli matəm məlumatları – təhvil verilmiş şəhərlər,
düşmənin irəliləməsi. Bütün bunlar da o qara kağızlarla
örtülmüş pəncərələrin ardında baş verirdi.
Uzun zaman eyni bir yuxunu görürdüm: ayın soyuq gümüşü
kül rəngli ziyasında Bakıdakı Hökümət evinin sütunları.
Sütunların arasında dolaşan kölgələr və məhz elə bu sütunların
arasından kimsə gecənin bir aləmində mənə telefon edir. Bax
elə həmin dəqiqədəcə evimizdə telefon səslənir. Bu azı iki-üç
dəfə təkrar olundu. İndi yadımda deyil, əslində də telefon zəng
edirdimi, ya elə bu da yuxuda idi, amma hər halda, mənə elə
gəlirdi ki, zəng məhz bizə olunurdu. O vaxtdan gecə
zənglərindən oddan qorxan kimi qorxuram.
Nədəndir bu qorxu? Haçansa böyüklərdən eşitmişdim ki,
hökümət evini alman əsirləri tikirmiş. O əsir əsgərlər ki, vaxtilə
qara örtüklü pəncərələrin ardından, dairəvi reproduktordan
677
irəliləyib az qala evimizin içinə girəcəkdilər. Kimdənsə onu da
eşitmişdim ki, bu tikinti zamanı ölən əsirlərin meyitlərini
həmin binanın divaları arasına hörüblər. Mənə elə gəlirdi ki,
məhz bu divara hörülmüş meyitlərin kölgələri gecələr
sütunların arasıyla gəzişir və aylı gecələrdə mənə zəng edirlər.
Bir başqa vahimə də beləydi. Gecələr mən yuxudaykən
kimsə başımın üstündə durub aramla, yeknəsəq tonla sayırdı –
bir, iki, üç, dörd, beş və s. Bu gecə vahimələrindən bəzilərini
çox sonralar "Əlaqə" povestində qələmə alıb onlardan xilas
oldum. Qəribə olsa da "Əlaqə"-nin süjetini əvvəldən axıra
yuxuda görmüşdüm. Elə bil, kimsə bu mətni mənə diqtə
etmişdi. Yuxudaydımı bu, yarıayıq vəziyyətdəydimi, bilmirəm.
Elə "Qırmızı limuzin", "Vahimə" hekayələrinin süjetlərini,
"Otel otağı" povestinin finalında mehmanxana nömrəsində
özgə paltarları asılmış şifoneri də yuxuda görmüşəm. Butun
bunlar sanki hazır halda beynimə pərçim edilmişdi, sonra oyaq
vaxtı onları işləmiş, təkmilləşdirmişəm, ayrı-ayrı detalları əlavə
etmiş, personajları səciyyələndirmiş və əsas da yaşadığım
vaxtın, zamanın işarələrini bu fabulaya uyğunlaşdırmışam.
Bu cəhətdən o da maraqlıdır ki, həmin süjetlər və detallar,
lap elə "Otel otağı"ndakı şifoner məsələsi yuxuma girəndən
çox illər, azı iyirmi il sonra istifadə olundu. Elə bil bu detal
məqamını, müəyyən tarixi hadisələrlə bağlı bir süjetin içində
yer almaq üçün vaxtının gəlməsini gözləyirmiş.
Dostları ilə paylaş: |