QARA QARAYEVƏ REKVİYEM
26-lar bağının qarşısındakı binada iclas gedirdi. Yay idi, isti
idi, pəncərələr taybatay açıqdı. İclas uzandıqca uzanırdı, adama
elə gəlirdi ki, bu iclasın axırı yoxdur, o heç vaxt bitib
qurtarmayacaq. Eyni cür çıxışların yeknəsəqliyi hamını təngə
gətirmişdi. Bir yandan da bu bürkü...
...qəfilcən açıq pəncərələrdən salona füsunkar musiqi səsləri
axdı. Dağ havası kimi saf, dəniz mehi kimi mülayim, nəcib və
kədərli musiqi sədaları salonu doldurdu. Bu – qarşıdakı bağdan
səslənən musiqi – Qara Qarayevin Matəm odası idi. Musiqi
teması səsləndi, başqa registrdə təkrar olundu, bitdi, susdu.
İclas davam edirdi. Darıxırdım, üzülürdüm, amma artıq
bilirdim ki, cansıxıcı toplantı nə qədər uzun çəkir-çəksin, hər
saat – düz hər saatdan bir bu musiqi məni xilas edəcək. Təşnə
ürəklərə bir qurtum sərin bulaq suyu tək, boğucu tüstüdə bir
udum ozon kimi dadımıza çatacaq.
Ömrümüzün çeşidli çağlarında Qarayev musiqisi
qəlblərimizi qürurla və ümüdlə doldururdu, bizə güc verirdi,
təsəlli verirdi, həyatın faciəvi ziddiyyətlərini anladır, gələcəyə
inanmağa çağırırdı. Bu musiqidə dəniz maviliyinin hüdudsuz
genişliyi, dəniz təlatümü və dəniz ləngəri vardı. Üfüqdən üfüqə
göy sulardan başqa heç nə görmədiyin dənizlərdə duyduğun
sonsuzluq hissi vardı. Amma niyə vardı?
Qarayev sənəti haqqında danışarkən keçmiş zaman felini
işlətmək düz deyil. Gələcəyin musiqisi barəsində keçmiş
zamanda danışmaq olarmı?
Qara Qarayev bizim sənətimizdə İstiqbalın elçisi, Sabahın
səfiri idi və gələcəkdə Azərbaycan musiqisi hansı zirvələrə
ucalacaqsa o zirvələdə Qara Qarayevlə rastlaşacaq. Biz, onun
çağdaşları isə bu bənzərsiz sənətkarla hər bir görüşümüzün,
söhbətimizin xatirələrini tutiya kimi qoruyub əzizləyəcəyik.
323
Ondan eşitdiyimiz sözləri, bir qədər yeyin, kəskin, bir az əsəbi
danışıq tərzini, ciddi, sərt sifətini birdən-birə işıqlandıran
təbəssümünü, qalın eynək şüşələri arxasında parlayan gözlərini
yaddaşımızda canlandıracayıq.
Ayda birmi, ikimi, üçmü dəfə radiomuzda TYeddi gözəlU
baletinin musiqisi səslənəcək və biz gəncliyimizə qayıdacayıq.
Həftədə birmi, ikimi dəfə TLeyli və MəcnunU simfonik
poeması səslənəcək. Ehtiras toqquşmalarının, müqavimət və
mübarizənin gərgin akkordlarını eşidəcəyik. Sonra simli alətlər
məhkum bir eşqin qüssə və təəssüf dolu nəğməsini oxuyacaq.
Sonra sükut çökəcək. Amma bu sükutu da son akkordun
fəryadı dağıdıb, sındırıb çilik-çilik edəcək.
Hər gün bu bağda matəm odası səslənir. İfaçıları görmürük.
Bəzən elə gəlir ki, oxuyan torpağın özüdür - bu torpağın
üstündə yaşayan və onun uğrunda həlak olanlara ağı deyən
torpağın özüdür.
Bu torpağın yetişdirdiyi və qoynunda son mənzil verdiyi
insanlardan biri də Qara Əbülfəz oğlu Qarayevdir. Azərbaycan
xalqının böyük oğlu, təkrarsız sənətkar, etibarlı dost, müdrik,
işıqlı və son dərəcə təvazökar insan Qara Qarayev.
Bu gün ana torpağımız vətənindən müvəqqəti ayrı düşmüş
və onun qoynuna əbədi qayıtmış Qara Qarayevə ağlayır. Bütün
varlığıyla Vətəninə bağlı, bütün fikirləri, hissləriylə,
musiqisinin ruhuyla Azərbaycana bağlı Qara Qarayevə.
Onun musiqisinin ünvanına çevrilmiş bu bağda ayaq
saxlayaq. Xatirəsini sükutla yad edək. Ətrafa ölümsüz
musiqinin yayılacağı anı gözləyək. Qara Qarayev rekviyeminin
səslənəcəyi anı. Meydan Qarayev musiqisini oxuyur, Qarayev
musiqisi ölümə meydan oxuyur.
Qara Qarayev öldü, bu gündən onun ölümsüzlüyü başlandı.
15 may, 1982
324
CAVAD MİRCAVADOVA VİDA SÖZÜ
Cavad Mircavadov vəfat etdi. Böyük bir rəssamı itirdik. Əsla
şübhəm yoxdur ki, gələcək nəsillər onu məhz böyük rəssam kimi
dəyərləndirəcəklər, amma onu da güman edirəm ki, indi yaşayan
insanların bir qismi bununla razılaşmayacaq. Burda təəccüblü bir
şey yoxdur. Cavadın yaradıcılığı qızğın mübahisələr doğurmağa
qadir olan sənətdir.
Yaxın keçmişimizdə sənətin dəyəri necə təyin olunurdu?
Rəsmi təltiflər, fəxri adlar, mükafatlar, ordenlər vasitəsilə.
Cavad bunların heç birini almamışdı. Demək olar ki, almamışdı
– dəqiqlik üçün bu ifadəni işlədək. İndi bizim bu qatma–qarışıq
günlərdə bütün dəyərlər kəllə-mayallaq olub və yeni meyarlar
meydana çıxıb – ötən dövrlərin hər rəsmi təltifatı indi sənətkarı
ifşa edən dəlilə çevrilib. Hər dövrə uyğunlaşanlar isə indi də
heç bir təltifatları olmamasıyla fəxr edirlər, necə ki, bu sayaq
adamlar ötən illərdə yaxalarındakı zınqırovlarla öyünürdülər.
Sənətkar, əgər o, doğrudan da, bu yüksək ada layiqdirsə – belə
anlayışlardan çox-çox uzaqdır.
Xronoloji baxımdan Cavad keçən illərdə yaşayıb. Estetik
baxımdan onun zamanı, güman ki, hələ də gəlməyib. O,
Gələcəyin övladıdır, elə bir zamanın ki, sənətkarın həqiqi
dəyəri fəxri adlar, mükafatlar, təltifatlarla müəyyənləşmədiyi
kimi bütün bunların olmamasıyla da müəyyənləşməyəcək.
Yeganə meyar yaradıcılıq ancaq və ancaq yaradıcılıq olacaq.
Və həqiqi sənətçilərin bu həqiqi sənət yarışında Cavad
Mircavadovun adı – buna şübhəm yoxdur – XX əsrdə
Azərbaycanın 4 ya 5 parlaq rəssamlarından biri kimi çəkiləcək.
Bizi tərk edən ustad haqqında yazdığım bu bir neçə söz,
əvvəla, Cavada minnətdarlığımın ifadəsidir – ən azı mənzilimin
divarlarını bəzəyən gözəl əsərlərinə – müəllifin hədiyyəsinə
325
görə. Amma daha vacib iş odur ki, bu qeydlərim mənim tarixin
məhkəməsi qarşısında alibim, bəraətimdir. Heç bir günahım
olmasa da, bu yazını yazmasaydım, Cavadın xatirəsi qarşısında
özümü günahkar sayardım.
Başa düşürəm: hər şeyin izahı var – indi vaxt elə vaxtdır ki,
hər gün televiziya ekranlarından, qəzet səhifələrindən qan sel
kimi axır, güllə, mərmi, top, partlayış səsləri eşidilir. Bu
gurultu-partıltıda yaşlı rəssamın ölüm xəbəri sanki pıçıltıyla
deyildi. Cavad elə bil ki, ölümüylə diqqəti çəkmədi.
Amma axı müəyyən vaxt keçəcək, başqa bir dövr gələcək və
yeni nəsillər bizi sorğu-suala tuta bilər: necə oldu ki, siz belə
böyük bir itkinin üstündən sükutla keçdiz. Gözünüz, qəlbiniz,
yaddaşınız hardaydı, tarix və sənət duyumunuza nə olmuşdu?
Bu suala cavabım, alibim – oxuduğunuz bu sətrlərdədir.
...Hələ o illərdə ki, Cavadı təqib etməsələr də, daha betər,
sanki heç görmürdülər, belə bir rəssamın olduğunun fərqinə
belə varmırdılar, mən onun sənətinə valeh olaraq "Qobustan"da
haqqında geniş material dərc etdim, əsərlərinin xeyli rəngli
reproduksiyasını verdim. Bu, ümumiyyətlə, Cavadın ömründə
nəşr olunmuş ilk rəngli reproduksiyaları idi. O dövrün yüksək
rütbəli məmuru mənə irad tutdu:
–Belə bir səhlənkarlığa necə yol vermisiniz? Heç kəsin
tanımadığı rəssamın bu qədər rəngli reproduksiyasını niyə
vermisiniz?
–Günahkaram, – dedim – imkan olmadığı üçün bu rəssama
layiq iki dəfə çox reproduksiya verə bilmədik.
Vaxt nə tez keçir və nə də tez dəyişirmiş. Zövqlər dəyişir,
qiymətlər dəyişir, anlayışlar dəyişir. "Qobustan"dakı
təqdimatdan artıq bir il sonra rəssam haqqında mənim
ssenarimlə "Bu, Cavaddır" adlı telefilm çəkildi. (Adı daha
əvvəllər mənim ssenarim əsasında çəkilmiş "Bu, Səttardır"
telefilminə uyğunlaşdırılmışdı).
Azərbaycan Rəssamlar İttifaqının o vaxt yenicə seçilmiş
sədri Fərhad Xəlilov Cavad Mircavadovun Bakıda ilk fərdi
326
sərgisini təşkil etdi. (Sonralar Moskvada da sərgisi oldu, sənət
xiridarlarının, nüfuzlu sənətşünasların heyranlıqla dolu rəyləri
də) ...Mən Bakı sərgisinin kataloquna – Cavadın ilk kataloquna
ön söz yazdım.
Sərginin açılışında Cavad həmin kataloqu mənə xoş
avtoqrafla bağışladı: "Əziz Anara, bizim ətalət və cürətsizlik
üzərində ümumi qələbəmizin xatirəsi, minnətdarlıq və
məhəbbətlə, Cavad".
Bu qələbə bütünlüklə və tam olaraq sizin qələbəniz idi,
Cavad. Sizə təşəkkür edirəm. Mənfur keçmiş dediyimiz o
illərdə taleyinizə çıxan çətinlikləri və sınaqları bilirəm. Amma
onu da bilirəm ki, o dövrdə siz Azərbaycanın nadir
sənətçilərindən biri idiniz. Və məhz bu sayca çox olmayan
sənətçilərin hünəri nəticəsində Azərbaycanda unikal sənət
yarandı – rəssamlıq, musiqi, ədəbiyyat, kino. Bu sənətin
əhəmiyyəti bəlkə də indi yetərincə dərk olunmur, amma
gələcəkdə onunla iftixar edəcəklər. Bax elə məhz bu məqsəd
naminə Siz ləyaqətli bir ömür yaşadınız. Qürurlu, müstəqil,
fədakar və azad bir ömür. Allah Sizə rəhmət eləsin, Cavad.
27 iyun, 1992
327
ƏLVİDA, MİRZƏ MÜƏLLİM
Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra
idarədə, iş otağımda məndən qabaq bu vəzifəni tutanların
şəkillərini asdım. Doqquz şəkil. Xronoloji sıraya görə Mirzə
İbrahimov altıncı idi. Amma əslinə qalsa bu divarda Mirzə
İbrahimovun bir yox, üç şəkli asılmalıydı. Çünki bu vəzifəni üç
dəfə tutmuşdu – 47-ci ildən 56-cı iləcən, 65-dən 76-yacan,
81-dən 86-yadək. Arada isə ən yüksək hökumət, dövlət
vəzifələrində, ictimai vəzifələrdə işləmişdi. O cümlədən,
Azərbaycan Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsində.
Əgər 40-cı illərin ortalarında müharibənin son ili və
müharibədən sonrakı ilk ildə beynəlxalq siyasi vəziyyət və
qarşı-qarşıya duran qüvvələrin tənasübləri bir qədər ayrı cür
olsaydı, güman ki, biz Mirzə İbrahimovun Cənubi Azərbaycanı
idarə etdiyini də görərdik. Çünki Cənubi Azərbaycanda
dünyaya gəlmiş Mirzə müəllim Sovet Ordusunun tutduğu
Şimali İranda siyasi xəttin əsas yönəldicilərindən biriydi.
Bir rəvayət kimi ifadəli ömürlüyü var Mirzə müəllimin:
Cənubi Azərbaycanda, kasıb kəndli ailəsində dünyaya
gəlmişdi, uşaq yaşındaykən anasını, daha sonra atasını və
böyük qardaşını itirir, Şimali Azərbaycanda nə evi, nə ailəsi, nə
pulu, nə qohumları, nə də heç bir nüfuzlu tanışları olmadan
yaşamağa başlayır. Neft mədənlərində əvvəlcə xidmətçi, sonra
usta köməkçisi işlərkən də heç kəsi yoxdu.
Yalnız öz inadkarlığı, iradəsi və zəhmətiylə Mirzə
İbrahimov sovet sistemində nail oluna biləcək hər şeyə nail
oldu – ən yüksək şan–şöhrətə, mükafatlara, imtiyazlara,
adlara. Ən qəribəsi də budur ki, butün bunları əldə etdikdən
sonra belə xeyirxah bir insan olaraq qaldı: kompleksləri də
yoxdu, çətin, yetim uşaqlığıyçün bütün bəşəriyyətdən də
inciyib küsməmişdi. Mirzə İbrahimov öz dövrünü təmsil edirdi
328
– bu dövrün ən mühüm ədəbi və ictimai–siyasi təzahürlərini
təmsil edirdi. Onun ömür yolu və şəxsiyyəti parlaq bir şəkildə
Vaxtın ifadəsiydi – Vaxtın miqyaslarını, aldanışlarını, sərt və
amansız oyun qaydalarını əks etdirirdi. O, bu miqyasları duya
bilirdi, o, bu aldanışları paylaşırdı, o, yad bir yetimi Prezndent
məqamına qədər yüksəldə bilən sistemin dəyərlərinə səmimi
surətdə inanırdı. Ədəbiyyata da absurd bir çağırışla gəlmişdi:
"İstehsalat qabaqcılları ədəbiyyata" şüarıyla. Amma belə
məlum olur ki, bu əcaib ideyada da istisnalar varmış – Mirzə
İbrahimov görkəmli ədəbi xadim oldu, nəsrdə, dramaturgiyada,
publisistikada əhəmiyyətli iz qoydu.
Mirzə İbrahimovun ədəbi-ictimai həyatının son 35-40 ili
mənim gözlərim qarşısında keçib. Vaxtilə irişə-irişə salam
vermək üçün onun baxışlarını pusan adamları da müşahidə
etmişəm, həmin adamların – Mirzə müəllim sahibi-ixtiyar
olmadığı zamanlarda – onu görəndə özlərini görməməzliyə
vurmalarını da. Onlar elə düşünürdülər ki, Mirzə İbrahimovun
daha vaxtı keçib, qatarı gedib, həmişəlik gedib. Düşünmürdülər
ki, qatarın içindəki axı canlı insandır.
Əminəm, Mirzə müəllim bir neçə yaş gənc olsaydı, yaşadığı
bütün əvvəlki dövrlərdən kökündən fərqlənən bu yeni dövrü də
mənimsəyə biləcəkdi. Ancaq taleyin qərarı başqa imiş.
Ömrünün son aylarınacan Mirzə müəllim, xüsusi bir işi olmasa
da, tez-tez Yazıçılar Birliyinə gələrdi. Bu binanın havasıyla
nəfəs almaq istəyirdi, sadəcə, başqa bir dövrü xatırlamaq
istəyirdi. Ancaq demək olar ki, bir dənə də olsun tanış sifət
görmürdü, tanış səs eşitmirdi. Onun müasirləri və işdaşları
ancaq fotolarda qalmışdılar. Şəkillərin qarşısında durub uzun-
uzadı onlara baxardı. Sanki xəyalən onlarla söhbət edərdi. Nə
barədə? Mənə dedilər ki, ölüm yatağında da çoxdan dünyasını
dəyişmiş dostlarını çağırır, onlarla danışırmış.
Heç şübhə yoxdur ki, Mirzə İbrahimov bizim
ədəbiyyatımızda bütöv bir dövrdür. Dövrə də, Mirzə
İbrahimova da münasibətdən asılı olmayaraq bu, belədir. Bu
329
dövr bitdi. Mirzə İbrahimov öldü. Bu dövrü və o ömür
yollarında Vaxtın bütün mürəkkəbliyini və ziddiyyətlərini
təcəssüm edən insanları mühakimə etməyə indi bizim haqqımız
varmı?
Mənim fikrimcə, yoxdur. Amma niyə mənim fikrimcə? Axı
bizlərdən çox-çox qabaqlar deyilib: "Mühakimə etməyin ki,
sizi də mühakimə etməsinlər".
Əlvida, Mirzə müəllim! Bu amansız dünyaya gələr-gəlməz
yalqızlığınızı dərk etdiniz və anladınız ki, tək bir özünüzə
arxalanmalısınız. Bütün çağdaşlarınızı itirib yenə də dünyadan
tək-tənha ayrılırsınız. Kökündən dəyişmiş dünyadan. Elə bir
dünyadan ki, artıq nə Siz onu başa düşürdünüz, nə də, əfsus, o
sizi başa düşürdü.
330
YERİ HƏMİŞƏ GÖRÜNƏCƏK
Böyük sənətkarımızı, xalqımızın ən işıqlı övladlarından
birini – İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinə
yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu
ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən ayrılmadan son
günlərinəcən halal zəhmətiylə, hər cür intriqalardan, həsəddən
və nifrətdən uzaq bir aləmdə – sənət dünyasında yaşadığı
həyatıyla sübut edirdi. Nəsrimizin ən dəyərli örnəklərindən
olan "Geriyə baxma, qoca" romanını yaratmış İlyas müəllim
Qarabağda keçən uşaqlığını, gəncliyini, ömrünün gerisində,
keçmişində qalmış elat yaşamını canlı səhnələriylə, koloritli
simalarıyla, dəqiq ayrıntılarıyla həmişə xatirələrində saxlayırdı,
amma o sənətimizin üzü geriyə yox, irəliyə baxan mütərəqqi
fədaisi idi.
Ömrünün çətin günləri az olmamışdı. Son illər Qarabağ
faciəsinin qubarı, doğulduğu Füzuli bölgəsinin həsrəti ürəyində
qövr edirdi. Amma bununla belə İlyas Əfəndiyev xoşbəxt adam
idi. İlk əsərlərindən sevilmişdi. Oxucuların istəkli müəllifi
olmuşdu, gənclər onun əsərlərinin diliylə məktublaşmışdı. 50
ildən artıq bir müddətdə milli teatrımızın tamaşaçılarla dopdolu
salonu onun pyeslərini alqışlarla, təhsinlə, gül-çiçəklə
qarşılayırdı. Ata və ana fədakarlığı ilə iki layiqli oğul
böyütmüşdü, onların uğurlarıyla, ailə səadətiylə qürürlanırdı,
babalığın sevincini duymuşdu.
İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaşları,
çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əhatəsində
əbədiyyətə qovuşdu. Vəfatından sonra belə səhnəmizdə yeni
əsərlərinin sədası yüksələcək. Ancaq bu təskinlik deyil. Əsərlərinin
nəsil-nəsil insanlara bədii zövq verəcəyini bilsək də, xatirəsinin
qəlblərdə daima yaşayacağına inansaq da, diri ünsiyyətindən
məhrum olmağımızın xiffəti, boğuq öskürəkli danışıqlarını
331
eşitməyəcəyimizin nisgili, teatr şövqüylə, premyeralarının
fərəhiylə parlayan gözlərini bir daha görməyəcəyimizin acısı –
təsəllisizdir.
İlyas Əfəndiyevin ölümü – ədəbiyyatımız üçün, teatrımız
üçün, xalqımızın mənəvi varlığı üçün böyük itkidir. Və şəxsən
mənim üçün də ağır itkidir. O, valideyinlərimin nəslinə mənsub
olan son həqiqi ziyalılarımızdan idi, indiki zamanda gündüz
çıraqla axtarılan ziyalılardan idi. Atamın dostu və dostumun
atası idi.
Allah Sizə rəhmət eləsin, İlyas müəllim! Yeriniz həmişə
görünəcək.
4 oktyabr, 1996
332
DANIŞA BİLMİRƏM
Kükrəyən vicdanı bütün varlığını sarsıdanda dahi sənətkar
"Susa bilmirəm" deyə fəryad çəkmişdi. Bu gün bir sıra başqa
Azərbaycan yazıçıları kimi mən də bircə onu deyirəm ki,
danışa bilmirəm. Başımıza gələn müsibət qarşısında söz
acizdir, nitqimiz tutulub, dilimiz lal olub. Gərək belə olmasın,
bilirəm. Amma belədir. Dərdimiz o qədər böyük, faciəmiz o
qədər müdhiş, ağrımız o qədər dözülməzdir ki, onları bəlkə də
yalnız sükutla ifadə etmək olar. Ən parlaq, ən təsirli sözlər
qiymətdən duşüb, mənasızlaşıb. Nə təsəlli sözləri tapıram, nə
ürək-dirək vermək istəyirəm. Bütün sözlər deyilib qurtarıb,
deməyə söz qalmayıb, elə bil sözlərin içi boşalıb. Dünya sanki
sözsüzlük səhrasıdır.
Niyə qismətimiz belə gətirdi, nəyidi günahımız, bu ağır
bəlaya neçin düçar olduq? Qanlara bulaşmış tanklar,
güllələrdən çopur olmuş divarlar, qətl yerinə çevrilmiş küçələr,
iki gündə qəbiristana dönmüş yaşıl yamac, göz yaşları, matəm,
yas... Analara oğullarını, uşaqlara atalarını, qadınlara ərlərini
kim qaytaracaq, kim? Kim verəcək bu acı sualların cavabını?
Bilmirəm. Danışa bilmirəm. Düşünə bilmirəm. Söz tapmıram
deməyə.
Dərdimi suya dedim,
Alışdı su da yandı.
Xalqa təsəllini yenə də yalnız xalqın özü verə bilir. Xalqın
əsrlərdən bəri cilalayıb dediklərinə bərabər söz tapmaq
mümkün deyil.
Aşıq naçar ağlama
Gündür keçər, ağlama.
Qapını bağlayan fələk
Bir gün açar, ağlama.
Şəhidlərimizə min rəhmət. Məzarları nurla dolsun.
Əzizlərinin, yaxınlarının başı sağ olsun. Xalqımızın başı sağ
333
olsun.
22 yanvar, 1990. Bakı.
334
MÜSİBƏT
Azərbaycan torpağına müsibət üz verdi. 19-dan 20-sinə
açılan yanvar gecəsində rəsmən fövqəladə vəziyyət elan
olunmasından altı saat əvvəl Sovet qoşunları Azərbaycana və
onun paytaxtı Bakıya qarşı əməlli–başlı hərbi əməliyyata
başladılar. Tanklarla, zirehli maşınlarla, başqa müasir
silahlarla. Rəsmi məlumata görə, qadınlar, uşaqlar,
yeniyetmələr, qocalar daxil olmaqla 170 insan – əksərən
azərbaycanlılar, amma həm də ruslar, yəhudilər, tatarlar,
ləzgilər tank tırtılları altında qalmış, zirehli maşınlarla əzilmiş,
üzdən və arxadan gülləylə vurulmuş, həlak olmuşdur. Neçə yüz
adam isə ağır yaralar almış itkin düşmüşdür. Sonrakı günlərdə
yaralardan ölənlər də çoxdur. Qoşunlar yaşayış binalarının
mərtəbələrini, xəstəxanaları atəşə tutub, eyvana çıxan, öz
mənzilində olan, avtobusda gedən, küçədə avtomat-telefonla
danışan adamlara güllə atıblar. Elə hallar olub ki,
yaralananlardan da əl çəkməyib, onların da axırına çıxıblar.
Təcili yardım maşını atəşə tutulub: – yaralıların imdadına
tələsən həkimlər, tibbi personal məhv edilib. Qətlə
yetirilənlərin bədənindən mütəhərrik güllələr çıxarılıb. Öz
ölkəsinin vətəndaşlarını qorumalı olan bir ordunun həmin
vətəndaşlara qarşı belə görünməmiş qəddarlığını, kor hiddətini
anlamaq çətindir.
Böyük Vətən müharibəsi illərində Bakı nefti Sovet
dövlətinin faşist işğalçıları üzərində qələbə çalmasında mühüm
amillərdən biri idi. Hitler Bakı neftinə can atırdı. Onun
qoşunları Bakıya çata bilmədi. Bakını faşist qəsbkarları
üzərində qələbədən 45 il sonra "Qəhrəman Sovet Ordusu" aldı.
Yeniyetmələrin və uşaqların müqavimətini qıraraq şəhəri "fəth
etdi".
Öz ölkəsinin əhalisinə qarşı belə görünməmiş qaniçənliyə
335
bəraət qazandırmaq üçün gətirilən dəlillər əsassızdır; təsadüfi
deyil ki, ölkənin ən yüksək rəhbərliyi belə bu hərəkətin
səbəbini müxtəlif şəkildə izah və şərh edirdi. Rəhbərlərdən biri
deyir ki, biz Sovet hakimiyyətini qorumaq məqsədi güdürdük,
başqası deyir ki, millətlərarası çəkişmələrə son qoymaq
istəyirdik, üçüncüsü isə Azərbaycan Xalq Cəbhəsinin
strukturlarını dağıtmaq cəhdindən dəm vurur. Nə olursa olsun,
belə bir aksiya hadisələrə uyğun olmayan, həm də gecikmiş bir
hərəkət idi. Axı söhbət Sovet hakimiyyətindən gedirsə, Dağlıq
Qarabağda belə bir hakimiyyət iki ildir yoxdur və bu cəhət
Bakının üstünə qoşun yeridənləri, görünür, o qədər də narahat
etmirmiş. Bu bir. İkinci, məgər rəsmi təsdiq olunmuş bir
təşkilatla – Azərbaycan Xalq Cəbhəsiylə siyasi dialoq mümkün
deyildi? Məgər tarixin acı dərsləri sahibi-ixtiyarlara heç bir şey
öyrətməyib? Dərk edə bilməyiblər ki, ayrı siyasi baxışlara
malik olan adamlarla tankların və dəyənəklərin diliylə
danışmaq heç bir vaxt xeyirli nəticə vermir.
Yanğını alışıb ətrafı bürüyənə qədər söndürmək lazımdır.
Yanvarın 13-14-də Bakıda kimlər tərəfindən törədildiyi bəlli
olmayan erməni talanları baş verdi. Əskəran və Sumqayıt,
Ermənistanın Qukark rayonu, Fərqanə, Yeni Uzen, Tbilisi
faciələrindən sonra iki il ərzində hakimiyyət orqanları belə
qəddarlığın, təhdid və talanların qarşısını ala biləcək bir
mexanizm, təcili fəaliyyət göstərməyə qadir olan bir qüvvə
yarada bilməzdilərmi? Nəyə görə talanların ərəfəsində
respublikanın daxili qoşunlarının silahları alınmışdı? Bakı
ermənilərinin ünvanları talançılara məlum idisə, bu ünvanlar
asayişi qorumalı olan respublika və mərkəz dairələrinə niyə
məlum deyildi və günahsız adamları müdafiə etməyə onlara nə,
ya kim mane oldu? Nazir Bakatinin dediyinə görə, bu zaman
Bakıda beş min talançı, on iki min nəfərlik daxili qoşun vardı,
bəs onda iki yarım milis işçisi bir talançının öhdəsindən gələ
bilməzdimi? Suallar, suallar, suallar... Bu sualların cavabı isə
yoxdur. Hər halda bu suallara cavab vermək istəmirlər. Bu
336
talanlar kimə lazım idi, kimə xeyir idi? Bir çox azərbaycanlı
ailələri, Xalq Cəbhəsinin nümayəndələri erməniləri gizlədib
qoruyurdular.
Bizim bütün ziyalılarımız, ictimaiyyətimiz kimi Azərbaycan
yazıçıları da, qəti şəkildə və qeydsiz-şərtsiz bu talanları pislədi,
onların təşkilatçılarının və icraçılarının ciddi məsuliyyətə cəlb
olunmasını tələb etdi. Həlak olanların hamısına acıyırıq.
Hakimiyyət orqanları, o cümlədən mərkəzi hakimiyyət
orqanları bu talanların qarşısını almaqda acizlik göstərdilərsə,
heç olmasa 13-14 yanvarda Bakıda cinayət törədənləri tapmalı
və cəzalandırmalıydılar. Bunun əvəzində isə mərkəzi
hakimiyyət bütöv bir xalqdan "qisas almaq" fikrinə düşdü, bu
xalqın öz ləyaqət və namusunu qorumaq, torpağını və ərazi
bütövlüyünü təcavüzdən mühafizə etmək əzmini qan içində
boğmaq istədi. Qatillər və canilər deyil, yüzlərcə günahsız
azərbaycanlını – on üç yaşlı qızcığazı, on dörd yaşlı oğlanları,
yetmiş yaşlı qoca qarını, kor rus fəhləsini, təcili yardımın
yəhudi həkimini cəzalandırdılar.
Cinayəti törədənlər başqaları idi, cəza alanlar başqaları.
Əgər bir şəhərdə hər hansı cinayət baş verirsə, bu səbəbdən
həmin şəhəri gülləbaran etmək, evləri, küçələri, adamları
yelpincvari atəşə tutmaq məqbuldurmu? Qocaya da, körpəyə də
qan uddurmaq olarmı – nə var, nə var, onlar da şəhərin
sakinidir? Hələ onu demirəm ki, vicdansızlığın son həddi –
belə kütləvi qırğının gecikdiyindən gileylənməkdir. Yəni ki,
günahsız insanlar bir az daha qabaq, uşaqlar daha körpə
yaşında qanına qəltan edilməliymiş – bunu yüksək kürsülərdən
söyləyənləri insan saymaq olarmı? Həm də bunu həmin o dildə
deyirlər ki, o dildə Dostoyevski körpənin göz yaşları haqqında
məşhur kəlamını bəyan edib. Belələrini qan seliylə də
sarsıtmaq olmaz, onda ki, bir körpənin göz yaşı olsun.
Bir ovuc qatili və canini tapmaq və zərərsizləşdirməkdən
ötrü tanklara və zirehli maşınlara, sərkərdələrin hərbi
məharətinə və superdövlətin silahlı qüdrətinə ehtiyac vardımı?
337
Məgər Moskva ətrafındakı Lübertsi qəsəbəsində, yaxud Kazan
şəhərindəki mütəşəkkil cinayətə qarşı bu vasitələrlə mübarizə
aparılır?
Bəzən iddia edirlər ki, söhbət SSRİ-nin dövlət sərhədlərinin
qorunmasından gedirdi. Məgər bu sərhədlər Bakıdan keçir?
Sərhədləri vaxtlı-vaxtında həm də onlardan 500 km uzaqda olan
şəhərdə yox, sərhədlərin keçdiyi yerlərdə qorumaq olardı. Bir də
iddia edirlər ki, söhbət Bakıda Sovet hakimiyyətinin
devrilməsindən gedirdi. Məgər "Sovet hakimiyyəti" və Bakıda,
rayonlarda iflasa uğramış, istefası tələb olunan ayrı-ayrı partiya
rəhbərləri eyni anlayışdır? Nəyə görə başqa yerlərdə iqtidarsız
rəhbərliyin istefaya çıxması haqqında tələblər – demokratiyanın
təntənəsi, Azərbaycanda isə eyni şey dövlət çevrilişi sayılır?
Şübhəli bir fikir də ortaya atılır: guya kimsə burda İslam
respublikası yaratmaq niyyətindəymiş. Nə Xalq Cəbhəsi, nə başqa
mötəbər bir hərəkat ya təşkilat heç vaxt və heç yerdə belə bir
məsələ qaldırmayıb. Əgər hardasa kiçicik dəstələr belə şüarlar irəli
sürüblərsə, onda da bu, İkimilyonluq şəhər və yeddimilyonluq
respublikaya qarşı cəza tədbirlərinə səbəb ola bilməz. Tez-tez
Mərkəzi televiziyayla Rusiyada monarxiya sistemini bərpa etmək
arzusunda olan adamlar çıxış edirlər. Məgər onların bu arzusuna
avtomat atəşiylə, topların yaylımıyla, sərnişinli "Jiquli"ni xurd-
xəşil edən tankların yürüşüylə cavab verirlər?
Matah yenidənqurma bu imiş? Bu cür yenidənqurmanı
intizarla gözləyir, sadəlövhlüklə buna inanırmışıq? Heyf, səd
heyf. Bu imiş demə demokratlaşma, cəmiyyətin təzələnməsi,
yeni düşüncə tərzi. Hələ onu demirəm ki, SSRİ Konstitusiyası
(229-cu maddə, 14-cü bənd) kobudcasına pozulmuşdur.
Azərbaycan SSR-in Konstitusiyası da həmçinin. Respublikanın
suverenliyi tamamilə alt-üst edilmişdir. Respublikanın ali
hakimiyyət orqanları ilə formal cəhətdən belə razılaşdırılmadan
bu cür zalım bir aksiya hazırlanırmış. Həm də ölkənin ali
mənsəbləri Azərbaycan ziyalılarını, deputat korpusunu yalançı
vədlə aldatdığı bir vaxtda belə bir qırğına şıdırğı hazırlıq
338
gedirmiş. Bu oyunu bizim başımıza açdılar ki, başqalarına da
görk olsun, öz suverenliyini, müstəqilliyini çox da ciddi qəbul
eləməsinlər.
Yeniyetməlik çağım 1956-cı ildə, Sovet qoşunları
Macarıstana girəndə qurtardı, gəncliyim 1968-ci ilin
avqustunda Sovet ordusu "Praqa baharı"nı boğanda bitdi. 1990-
cı ilin Bakı yanvarında mənə elə gəlir ki, həyatımın axırıdır...
Uzun müddət ərzində SSRİ Ali Soveti və Xalq deputatları
Qurultayında xüsusi tədqiqat aparılırdı – Əfqanıstana
qoşunların girməsinə kim əmr verib, Molotov – Ribbentrop
müqaviləsi, bütöv xalqların yerindən dəbərdilib sürgün
edilməsi üçün kim məsuliyyət daşıyır? İndi, Stalin zamanında
yox, Brejnev zamanında yox, bizim günlərdə, aşkarlıq
dövründə suveren respublikanın ərazisinə qoşun yeridirlər, həm
də əvvəlcədən qurbanları da nəzərə alırlar (təcavüzdən bir neçə
saat qabaq xəstəxanalarda yerlər tədarük edir, tibbi personalı
səfərbər edirlərmiş), amma ölkənin Ali Sovetinin nəinki razılığı
alınır, heç onu xəbərdar etməyi də lazım bilmirlər. Tbilisi
faciəsi də dərs olmadı bunlara.
13-14 yanvar talanlarıyla Bakıya qoşun yeridilməsi arasında
beş gün var. Bu beş günə Azərbaycana on min əsgər gətirməyə
vaxt tapdılar, amma Moskvada Ali Sovetin üzvü olan 540
deputatı toplamağa imkan tapmadılar. Belə fövqəladə bir
məsələdə onların rəyini bilməyə macal olmadı. Ümumiyyətlə,
səhv etmirəmsə, ölkənin tarixində fövqəladə vəziyyət ilk dəfə
tətbiq olunur və onun mexanizmi haqqında da dəqiq anlayış
yoxdur. Görünür, Azərbaycan belə-belə işlərin tətbiq olunması
üçün münasib sınaq meydanıdır. Bundan sonra hələ Qanuni
Dövlət yaradılmasından dəm vururlar.
Nə gizlədim: Bizim üçün – Azərbaycan nümayəndələri üçün
bu hadisələr yenidənqurma, demokratikləşmə prosesləri,
sosializmin təkmilləşməsi, respublikaların müstəqilliyinin və
suverenliyinin artması, insan hüquqlarının mühafizəsi haqqında
bütün xoş və xam xəyalların puça çıxması deməkdir. Əgər bu
339
gün zülmə və yalana, zorakılığa və riyakarlığa qarşı gur səslə
etiraz etməsələr.
1988-ci ilin fevralında Əskəranda öldürülən iki azərbaycanlı
gənc, bundan sonra baş vermiş Sumqayıt faciəsi, Ermənistanın
Qukark və başqa rayonlarındakı zorakılıq, hər iki tərəfdən yüz
minlərlə qaçqın, yüz minlərlə qırılmış tale, söndürülmüş ocaq,
alçaldılmış, təhqir olunmuş, didərgin salınmış insanlar və
nəhayət, Bakının qanlı yanvarı – Qarabağ konfliktinin acı
yekunları bunlardır. Özlərinin çıxardıqları
qərarlara,
qətnamələrə, fərmanlara Ali Dövlət orqanlarının vecsiz
münasibəti, bu qərar, fərman və qətnamələrin həyata
keçirilməyib elə kağız üzərində qalması regionda gərginliyə və
zorakılığa rəvac verdi. Konstitusiya qanunlarına, ölkənin Ali
Sovetinin rəyinə saymazlıq göstərmək ümumən qanunları
saymazlıqla nəticələndi.
Daha dəhşətli bir bəla bu inzibati-bürokratik gücsüzlüyün milli
qarşıdurmayla nəticələnməsi olardı. Kimlərsə milli qarşıdurmayla
da kifayətlənməyib dini ədavətin ocağını qalamağa cəhd edir. Milli
düşmənçilik bizim yolumuz deyil. Dini dözümsüzlük ruhumuza
yaddır. Azərbaycanda rusların əleyhinə, ruslar arasında
azərbaycanlıların əleyhinə hissləri qıcıqlandırmaq – tarix
qarşısında cinayət olardı. Azərbaycanlı analar da, rus, erməni
analar da eyni dildə – dərd dilində ağlayırlar.
Bakı həmişə elə şəhər olub ki, burda müxtəlif millətlərin
övladları birlikdə yaşayıb, işləyib, sevinib, kədərləniblər. Uzun
illər boyu onların münasibətinə heç bir şey kölgə salmayıb. Bəs
niyə şəhərimizin füsunkar Dağüstü parkı iki gün ərzində yüz
məzarlı Şəhidlər qəbiristanına çevrildi? Niyə? Nədən? Bu ağrılı
suallara kim cavab verəcək? Analara oğullarını, uşaqlara
atalarını, qadınlara ərlərini, bacılara qardaşlarını, qardaşlara
bacılarını kim qaytaracaq?
Ölkə yazıçılarına, ziyalılarına, jurnalistlərinə, deputatlarına
müraciət edirik. Gürcü xalqının ağır günündə Tbilisiyə
tələsdiyiniz kimi, bu gün də Bakıya gəlin, müxtəlif millətlərin
340
nümayəndələrini ağuşuna almış Şəhidlər qəbiristanlığını
ziyarət edin. Təsəlli və kədər, etiraz və qəzəb sözlərini tapıb
deyin. Bakılılar məğrur insanlardır, onlar sızlamağı, ona-buna
dərdlərini açmağı sevmirlər, ağlayıb heç kəsin ürəyini
yumşaltmaq istəmirlər. Ancaq hər halda bu ağır günlərdə onlar
özlərini yalqız, unudulmuş, matəmi şəriksiz çəkən dərdlilər
kimi hiss etməməlidirlər. Yoxsa ümumi ailə, ümumi tale,
ümumi gələcək haqqında təmtəraqlı sözlərin nə qiyməti
varmış?
Heç kəs məsuliyyətdən yaxasını qurtara bilməyəcək – nə
Bakının Qara yanvarının baiskarları, nə də kütləvi informasiya
vasitələrində bu qanlı faciə üçün zəmin hazırlayanlar, faktları
təhrif edənlər, bəzi məlumatları gizlədib, bəzilərini şişirdənlər,
ictimaiyyəti aldadıb müəyyən yanlış təsəvvürlər yaradanlar, bir
xalqı o birinə qarşı qaldıranlar və indinin özündə üçüncü bir
xalqı da düşmən etmək üçün canfəşanlıq edənlər... Moskva
jurnalisti Georgi Rojkovun fəryadı məni çox mütəəssir etdi.
Bizim tərəflərə gəlibmiş. Hər şeyi öz gözüylə görüb, bir
müddət sonra isə gördüklərini yazıb, "Vışka" qəzetinə
göndərib. İri məqaləsinə belə bir qeyd də verib: "İki aydan artıq
müddət keçməsinə baxmayaraq, Azərbaycana və Ermənistana
səfərim barəsində bircə sətir də çap etdirə bilməmişəm.
Moskvanın bircə qəzeti, bircə jurnalı da mənə səhifələrində yer
vermir. Niyə? Səbəbi çox sadədir: mənim yazdığım həqiqət
aydan-aya oxucuların və dinləyicilərin beyinlərinə yeridilən
fikrə uyğun deyil. Bu fikir isə belədir: "Azərbaycan qan
hərisidir, təcavüzkardır, Azərbaycanın qonşuları isə günahsız
qurbanlardır".
Mərkəzi nəşrlərdə plüralizmin bariz örnəyidir, deyilmi?
Georgi Rojkovun buradakı vəziyyət haqqında ədalətli fikrinə
görə minnətdaram ona. Qoy süngüylə yaralanmışları
qələmləriylə öldürən jurnalnistlər vicdanları qarşısında xəcalət
çəksinlər.
Xalqımız haqqında istər "sağ", istərsə "sol" mətbuatda,
341
televiziya ekranlarında çox böhtanlar, iftiralar yazılıb, deyilib.
Xalqımız kinli və qisasçı xalq deyil. Və biz – bu xalqın
nümayəndələri – ölkənin bütün namuslu adamlarına müraciət
edirik: bizim faciəmizi anlayın. Başa düşün ki, bu həm də sizin
faciənizdir. Bu, bizim ümumi faciəmizdir. Dəmir yolu qəzaları
baş verəndə milli matəm elan edən ölkə Bakının qara yanvar
günlərində televiziya ekranlarında, radio efirdə çalıb
oynamamalıydı. Çünki bu matəm, yalnız minlər və milyonlarla
azərbaycanlının və erməninin matəmi deyildi, bu yalnız həlak
olanlara tutulan yas deyildi. Bu, ölkədə demokratik
dəyişmələrə tutulan yas idi, həyatımızın düzələcəyinə,
yaxşılaşacağına olan inam və ümidlərimizin matəmi idi. Bu
ümidlər o qədər kövrək, o qədər köməksiz imişlər ki, onları
tanklar və sapoqlarla asanca tapdalayıb əzmək oldu...
Müxtəlif xalqlara ayrı gözlə baxmaq olmaz: birinin
hüquqlarının doğrudan, ya yalandan pozulmasına vasvasılıqla
diqqət yetirmək, o birinin əzilib məhv olunmasını sakitcə seyr
etmək. Bəzən hətta bu qanlı qırğına haqq da qazandırırlar. Bakı
hadisələrinə bəzilərinin münasibətini belə ifadə etmək olar:
canilərın törətdikləri talanlara cavab olaraq hökumətin də talan
törətməyə haqqı var. Belələri, bu zorakılığa bəraət axtaranlar,
yəni əslində dövlət terrorizmini məcburi tədbir kimi
qiymətləndirənlər, gec-tez bu sayaq "obyektivliklə" öz
talelərində rastlaşacaqlar. O zaman gecikmiş, sonrakı
peşmançılığın faydası olmayaçaq. Belə bir fikir də gəzir ki,
min adamı xilas etmək üçün yüz günahsızın qanını tökmək
olar. Bu gün belə deyənlər sabah milyonları "xilas" üçün
minləri, biri gün yüz milyonların "xilası" üçün milyonları
qurban verə bilər. Çox şübhəli haqq hesabdır. Tarixin bu
dərsini də çoxdan keçmişik. Dəfələrlə. Eyni dərsi neçə kərə
təkrar etmək olar?
Bu qaranlıq tunelin axırında bir işıq ucu sezilirmi? Ölüləri
qaytarmaq olmaz. Ölənlə ölmək olmaz. Amma ölənlərin
xatirəsi naminə əlimizdən gələni etməliyik ki, bu müsibət bir
342
də təkrar olunmasın. Bununçün isə hadisəyə aydın və qəti
qiymət vermək lazımdır. Siyasi oyunların, vəzifə "qeyrəti"nin
ucundan həqiqətin və ədalətin ağzı yumulmamalıdır. Cinayətin
bütün baiskarları cəzalarına çatmalıdırlar.
"Günahsızların qanı yerdə qalmasın deyə başqa
günahsızların qanı axıdılmalıdır" – belə məntiqi heç bir zaman,
heç bir dəlillə qəbul edə bilmərəm. Hələ məktəb yaşlarından
bizə təlqin edirdilər ki, Lev Tolstoy dahi yazıçı olsa da, fəlsəfi
və əxlaqi naqis idi, nəyisə heç cür başa düşə bilmirdi.
Bəlkə indi vaxtı gəlib deyək ki, yanılan Tolstoy yox, biz
olmuşuq. Əsrin və ikinci minilliyin axırında bu ucu-bucağı
görünməyən ölkədə uçurum qarşısında xilas olmağın yeganə
yolu – zora zorla cavab verməmək fəlsəfəsidir.
23 yanvar, 1990.
Dostları ilə paylaş: |