Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

*** 

Ənvər danışırdı ki, müharibə başlanan kimi Mir Cəfər 

Bağırov bizi, yazıçıları çağırdı, dedi: – Vətən-vətən deyəndə 

ağzınıza çullu dovşan sığmır (mən dəqiqləşdirdim, dedi ki, 

Bağırov məhz bu ifadəni işlətdi), indi gedin vətən yolunda 

canınızı qurban verməyə.  İlk könüllü gedən yazıçıların 

sırasında atam da vardı,  Ənvər də. Atam Krım cəbhəsinə 

getmişdi,  Ənvər  əvvəl Cənub-Qərb cəbhəsinə, sonra da 

Stalinqrada. 


 297 

Ənvərin cəbhə xatirələri də  zəngin idi. Cəbhədə  məşhur 

Ukrayna rejissoru və yazıçısı Aleksandr Dovjenko ilə görüşləri 

haqqında danışardı: 

"Dovjenko mərkəzi qəzetlərdən hansınınsa müxbiri sifətiylə 

gəlmişdi cəbhəyə  və  nədənsə, mehrini mənə salmışdı. Özü də 

mənə, nədənsə,  Ənvər yox, Məmmədxan deyərdi. Görürsən, 

arada imkan olan kimi məni çağırardı, "Mamedxan, poşli", 

cibində, flyaqasında həmişə araq olardı, məni də qonaq edərdi. 

Uzun və  dərdli söhbətlər edərdi: Ukraynanın faciəsindən, 

Ukraynanın faşist istilası zamanı çəkdiyi iztirablardan, partizan 

hərəkatından, gələcək filmlərinin, hekayələrinin dramatik 

süjetlərindən. Arada belə bir şey dedi ki, məni çağırırlar 

Moskvaya və orda bəlkə Stalinlə görüşdüm. Görüşsəm belə bir 

məsələni qaldırmaq istəyirəm: bəzən qəzetlərdə yazırlar ki, 

bizim hələ  zəbt olunmamış torpaqlarımız çoxdur, vətənimiz 

böyükdür və s. Amma mən deyəcəm ki, vətən nə qədər böyük 

olsa da tükənməz deyil və vətən nə qədər böyük olsa belə, bir 

qarışını vermişiksə də bu bizim müsibətimizdir. Məsələn, hələ 

Sibirdəki torpaqlarımız qalırsa, amma bütün Ukrayna işğal 

olunubsa bir ukraynalı üçün bundan böyük faciə ola bilərmi? 

Bilmirəm də, görüşdü Dovjenko Stalinlə görüşmədi, (çünki 

daha onu heç vaxt görmədim), bu fikrini nə yollasa çatdıra 

bildi, bilmədi, amma həmin söhbətdən bir müddət sonra, bir 

gecə, gecə vaxtı bizi yığdılar, sıraya düzdülər və Stalinin o 

məşhur gizli əmrini oxudular. Bu əmr ancaq bizim günlərdə, 

son vaxtlar üzə çıxarıldı, müharibə vaxtı çap olunmamışdı. Çox 

sərt və kəskin əmr idi və orda deyilənlərin içində Dovjenkonun 

fikirləriylə  səsləşən yerlər də vardı, yəni bu fikir keçirdi ki, 

vətən torpağı tükənməz deyil, geri çəkildiyimiz hər qarış 

faciəmizdir, ona görə  də bu vecsiz söhbətlərə – "torpağımız 

böyükdür-filan" son qoymaq lazımdır. Əlbəttə, əmrin qırx neçə 

il bundan qabaq bircə  dəfə  eşitdiyim mətnini çox təqribi 

şəkildə şərh edirəm, amma mahiyyəti belə idi və o vaxt mənə 

elə  gəlmişdi ki, bu məzmun, bu mətləb Dovjenkonun 


 298 

dediklərilə  təsadüfən səsləşmir, ya doğrudan da, Dovjenko 

ürəyindəkiləri Stalinə çatdıra bilmişdi, ya da bu fikir artıq 

ictimaiyyətin, ziyalıların ümumi fikri kimi formalaşmadaydı və 

Stalin də bununla hesablaşmalı olmuşdu. Çünki Stalinin 

əvvəlki ura – patriotik əmrləriylə tam bir kontrast təşkil edirdi 

bu əmr və məhz elə ona görə də gizli qalırdı, heç yerdə rəsmi 

bəyan olunmamışdı"... 



*** 

Stalinqrad cəbhəsindən sonra Ənvər başqa Azərbaycan 

yazıçılarıyla bir yerdə Şimali Qafqaz cəbhəsinə göndərilir. 416-

cı diviziyada hərbi müxbir işləyir... 1944-cü ildə ordunun 

tərkibində  İrana göndərilir.  İranda  əski  əlifbayla "Vətən 

yolunda" qəzeti buraxırdılar. İran, Cənubi Azərbaycan Ənvərin 

bir insan kimi də, bir yazıçı kimi də bioqrafiyasının çox 

mühüm səhifələrindəndi. Zabit paltarında olsa da ilk növbədə 

yazıçı idi. Uşaqlıqdan yadımdadır, hərdən Təbrizdən Bakıya 

dönən kimi bizə  gələrdi, zabit paltarında. Zabit libası da ona 

çox yaraşırdı. Gəncliyində çox yaraşıqlı idi, elə yaşlı vaxtında 

da nurani sifəti vardı, amma gəncliyində çox gözəl idi və hərbi 

paltar da ona çox yaraşırdı. Və bu sovet zabiti libasının içində 

döyünən yazıçı ürəyi, Azərbaycan ziyalısının duyumu-

düşüncəsi ona İrandakı hadisələrin əsl mahiyyəti haqqında çox 

şeyi qandırmışdı. Xalqın – Cənubi Azərbaycan xalqının öz 

ləyaqəti, dili, milli heysiyyəti uğrunda təbii istək və arzularının 

necə ustalıqla sovet geopolitik maraqlarının toruna salınmasını 

Ənvər öz gözləriylə müşahidə etmişdi. Bakıda sovet 

mətbəələrində  əski  əlifbayla çap olunmuş intibahnamələrin, 

çağırışların İrana yaxşı bələd olan NKVD agentləri tərəfindən 

Cənubi Azərbaycanın müxtəlif  şəhərlərində, kəndlərində, 

yollarında səpələnməsini, yayılmasını  dəfələrlə müşahidə 

etmişdi. İrandakı hadisələri yönəldən, indiki terminlə desək, o 

zamankı Azərbaycan partokartlarının Arazın o tayındakı 

özbaşınalığı  və acgözlüyündən, özlərinin və arvadlarının mal-

zinət hərisliyindən və bu cür pozuq əxlaqlı adamların başına da 


 299 

yerli dələduzların cəmlənməsindən ürək ağrısıyla danışardı. 

Özü də yalnız çox illər sonra danışmırdı, öz etirazını, 

narazılığını bu ya digər şəkildə elə o zaman orda da bildirirdi. 

Kefli İskəndərsayağı bəzən sözünü içib deyirdi. 

"Bir dəfə içmişdim, Bakıdan gələn yüksək rütbəli partiya 

məmurlarının məclisində açdım gül ağzımı, dedim hamınız 

juliksiniz. Məclisdəkilərin azı yarısı da açıq, ya gizli NKVD 

işçiləri idi. Bu rütbəlilərdən biri – o vaxt Mərkəzi Komitənin 

katibi, – Necə? – dedi – hamımıza julik deyirsən? Yoldaş 

Bağırova da? 

Nə qədər dəm olsam da, sözümü bilirdim, – yox – dedim – 

bircə ondan başqa, qalan hamınız...  Əvvəla, ona görə ki, 

doğrudan da, nə o vaxt, nə də elə indinin özündə Bağırovu julik 

hesab eləmirdim və eləmirəm, ikinci də, bilirdim, o dövrün və 

Bağırovun qəribə bir xüsusiyyəti vardı, bu Rəsulun da başına 

gəlib, o dövrün az-çox tanınmış ziyalısı Mərkəzi Komitənin ən 

yüksək vəzifəli bir məmuruyla toqquşa bilərdi və bu toqquşma 

Bağırova çatanda heç kəs yüz faiz əmin və arxayın ola 

bilməzdi ki, məsələ kimin xeyrinə  həll olunacaq. Elə hallar 

olurdu ki, Bağırov bu konfliktdə məsələn, Səmədin, ya Rəsulun 

tərəfini saxlayır, onlardan çuğulçuluq edən məmurları yerində 

otuzdururdu. Əlbəttə, əks hal da olurdu, çox olurdu. Amma hər 

halda bilirdim ki, İranda da məni, yəni tək məni yox

başqalarını da, amma hər halda məni bir az daha artıq izləyirlər 

və  işdi mən içkinin təsirilə coşub Bağırov haqqında bir söz 

desəydim, gurumbultuyla gedərdim. Amma bir-birinə nifrət 

edən, bir-birinin ayağının altını qazan müxtəlif rütbəli partiya 

və NKVD funksionerlərinə "Bağırovdan başqa hamınız 

juliksiniz" deyəndə hər kəs bu sözü özünə yox, başqalarına aid 

edirdi və odur ki, bəzən çox ciddi təhlükələr də başımızın 

üstündən sovuşub gedirdi. Bir dəfə yenə hansısa məclisdə mən 

otaqda tavana güllə atmışdım, rəhbərimiz o vaxt Cəfər Xəndan 

idi, dərhal ona xəbər vermişdilər, gəldi gördü ki, mən bir az 

içmişəm, bilirdi ki, mənə söz desə, cavabını verəcəm, bir şey 


 300 

demədi, birdən gözü divanın üstündə uzanıb qalmış Qulam 

Məmmədliyə sataşdı, heç dəxli olmadan: – Adə, uzun adamın 

pyanlığı nə pis olurmuş, – deyib çıxıb getdi. 

–Rəhbəriniz Cəfər Xəndan idi? 

–O qədər rəhbərimiz vardı ki, ümumi rəhbərliyi, yəni Cənubi 

Azərbaycandakı bütün işlərimizin rəhbərliyini üçlük – troyka idarə 

edirdi, sədri Mirzə İbrahimov, üzvləri o vaxtkı Mərkəzi Komitənin 

katibi Həsən Həsənov və NKVD-nin müavini Atakişiyev idi, 

amma rəhbər sifətilə Bakıdan başqa Mərkəzi Komitə  işçiləri, 

məsələn  Şahgəldiyev, o vaxt o da Mərkəzi Komitənin katibi idi, 

gəlirdi. Redaksiyamıza isə  Cəfər Xəndan, Rza Quliyev rəhbərlik 

edirdi. Cənubi Azərbaycanın məşhur  şairi vardı – ağayi Etimad, 

hamımıza kitablarını bağışlamışdı, cavan adamlar idik də, o vaxt, 

cavan yazıçılar idik, amma hamımıza kitabının üstündə yazmışdı – 

"dahi yazıçı  Ənvər Məmmədxanlıya, dahi yazıçı  Qılman 

Musayevə, dahi yazıçı Seyfəddin Abbasova". Sonra həmin sözləri 

Rza Quliyevə də yazmaq istəyəndə, uşaqlardan hansısa demişdi ki, 

ağayi Etimad, biz də dahi, o da, axı o bizim hamımızın 

böyüyüdür? Etimad bununla razılaşmış  və Rza Quliyevə 

bağışladığı kitabın üstündə "Nabiqeyi əsr" yazmışdı, özünün 

izahına görə bu, yüz ildə bir dünyaya gələn dahi demək imiş". 

Yadımdadır, yuxarıda yada saldığım həmin o qonaqlıqda  – 

Təranənin bir yaşını qeyd etdiyimiz gün Əvəz Sadıq  Ənvər 

haqqında tost dedi, dedi ki, İranda Ənvərə deyərdim, ay Ənvər, 

başına dönüm, bir az döz, Bakıya-qayıdaq, orda nə oyundan 

çıxırsan çıx, bura hər halda xaricdir, burda hər tərəfdən bizə 

göz qoyurlar, bir az ehtiyatlı davran... 

Ənvər də  Əvəz  əminin Təbrizdəki məzəli söhbətlərindən 

danışardı  hərdən. "Əvəz, – deyirdi – bir müddət Mirzəylə bir 

otaqda qalırdı. Mirzə  həmin o troykanın iclasından sonra evə 

gələndə, çox inandığı  Əvəzə: – Əvəz, sənə bir sirri açacam

amma heç kəs bilməsin, – deyərkən, Əvəz dərhal: – Mirzə, sən 

Allah, lazım deyil, – deyirmiş, – sən heç nə demə, sabah bazara 

çıxan kimi hamısını özüm eşidib biləcəm". 


 301 

Çox macəralı  və faciəli taleyi olan Məhəmməd Biriya 

haqqında da danışardı: "Bizimkilərə çox fəal qoşulmuşdu, 

inqilabdan, marksizmdən, Lenindən, Stalindən alovlu 

danışardı, bir dəfə hansı məclisdəsə halı xarab oldu, qəşş etdi, 

yaxasını açdılar, köynəyinin altında "Quran" vardı... 

İranda elə adamlar vardı ki, biz nə deyirdik, ləbbeyk 

deyirdilər, bizim qoşunlar çıxan kimi birinci radioyla çıxış edib 

əleyhimizə danışan da onlar oldu. Amma elə adamlar da var idi 

ki, yüyürüb bizim ağuşumuza atılmırdılar və bizimkilər də 

məhz onlardan şübhələnirdilər, amma son nəticədə məhz onlar 

özlərini çox namuslu, mərd apardılar". 

Bir adamı Ənvər xüsusi qeyd edirdi – şair Səffəti. Elə o vaxt 

yaşlı bir adam imiş. "Azərbaycanlı idi, amma əsasən farsca 

yazırdı, azərbaycanca da bir neçə şeri vardı. Təhsili farsca idi. 

Nə isə söhbətimiz tuturdu. Bizim qəzeti oxuduqca deyirdi ki, 

hə, mən indi inanıram ki, müasir Azərbaycan ədəbi dili var və 

bu dildə də hər mətləbi ifadə etmək olar. Sonra mənə bir şey də 

deyirdi, deyirdi ki, bax mən qoca kişiyəm, uzun ömür 

sürmüşəm və bu ömrümün təcrübəsi nəticəsində müəyyən 

qənaətlərə, müəyyən fikirlərə,  əqidələrə  gəlmişəm. Siz məni, 

deyirdi, inandırın ki, bax bu məsələ bu cürdür, düzü belədir, 

yoxsa göstərişlə,  əmrlə, təkidlə, ya təhdidlə heç bir kəsi 

ürəkdən inandırmaq olmaz, yalandan: "bəli, düz buyurursunuz" 

– deyən çox olacaq. Amma onlar da ürəkdən inanmırlar. 

Mənim bir fikrə  gəlməyim üçün gərək buna inanım. Uzun 

söhbətlərimiz olurdu və bu söhbətlər nəticəsində bir çox 

məsələlərdə  mənimlə razılaşırdı, amma heç vaxt bizim hər 

dediyimizə: "bəli, düz buyurursunuz" demədi, "ləbbeyk" 

demədi. Başqa görkəmli  şair Həbib Sahir kimi o da 

bizimkilərdən gen gəzərdi, yaxın düşmürdü bizimkilərə. Amma 

bizim qoşunlar çıxandan sonra özünü ən mərd, namuslu 

aparanlardan biri də  Səffət oldu, bura gəlmədi, orda qaldı, 

sürgün olundu və sürgündə də, deyəsən, vəfat elədi. Qoca adam 

idi də..." 


 302 

Bu yaxınlarda  İranda olarkən mən o vaxtın adamlarından 

Səffəti soruşdum və çox sevindim ki, Ənvər bu zənnində  də 

yanılmayıbmış. Onu tanıyanlar, xatırlayanlar, Səffət haqqında 

çox saf, təmiz, peyğəmbəranə bir adam kimi danışırdılar. 

Onu da xatırladım ki, vaxtilə  "Ədəbiyyat və incəsənət" 

qəzetində (11 may, 1990-cı il) Ənvər Məmmədxanlıyla Qılman 

İlkinin "Unudulmaz Təbriz günləri" adlı söhbətləri çıxmışdı və 

həmin söhbətdə də Səffəti yada salırdılar. Qılman İlkin: "Sənin 

Məmmədli Səffət ilə mübahisələriniz yaxşı yadımdadır, – 

deyir. – Amma qəribə idi ki, mübahisələriniz sizi bir-birinizdən 

uzaqlaşdırmaq  əvəzinə, daha da yaxınlaşdırırdı. Səffət 

təmkinli, xoşxasiyyət, müdrik bir qoca idi... Əvvəlcə bizə çox 

ehtiyatla yanaşırdı. Sonra tezliklə bizimlə ünsiyyət bağladı". 

Cavabında  Ənvər: "Haqlısan – deyir. – Mənim o kişiyə 

böyük hörmətim vardı. Müstəqil düşüncəli bir şəxsiyyət idi. 

Dürüst müşahidələri ilə başqalarından fərqlənirdi.  İranın 

gələcəyinə aid orijinal fikirlər irəli sürürdü. Bəziləri kimi bizim 

vəzifəli adamları idealizə etmirdi. Əksinə, yeri düşəndə  hətta 

bizə qarşı  tənqidi münasibətini də gizlətmirdi. Təvazökar idi. 

Özündən deyil, başqalarından eşitmişdik ki, o, vaxtilə  Şeyx 

Məhəmməd Xiyabaninin ən yaxın adamlarından biri olub. 

Çoxlu elmi və ədəbi əsərlərin müəllifi idi". 

Mən demək olar ki, bizim nəşrlərin, kitabların, antologiya 

və  tədqiqatların heç birində  Səffətin adına rast gəlmədim, 

haqqında bir şey eşitmədim. Amma Ənvərin danışıqları 

mənimçün etibarlı bir dəlildir və inanıram ki, bu adam məhz 

belə olub. Mənə elə gəlir ki, Ənvərlə onu yaxınlaşdıran ümumi 

cəhətləri də başa düşürəm, yəni nədən bir-birinə mehr 

saldıqlarının səbəbini anlayıram. Ənvərin təsvirində Səffətə xas 

olan cəhətlər onun özünün də  təbiətinə uyğun idi. Çünki 

Ənvərin özündə  də bir müdriklik, nuranilik, əqidəsində sadiq 

qalmaq, yel kimi o yan-bu yana əsməmək, konüktür 

mülahizələrə müti olmamaq xasiyyəti vardı... Ənvər də ancaq o 

şeyi deyirdi ki, ona daxilən inanırdı. Daxilən inanmasaydı, heç 


 303 

kəs onu fikrindən döndərə bilməzdi.  Ədəbi zövqləri də çox 

dəqiq idi, bəzən mənim zənnimcə, bir qədər konservativ olsa 

da. Siyasi mövqeyi də çox dəqiq idi, müxtəlif milli məsələlərə 

münasibətində  də çox aydın pozisiyası vardı  və bu 

mövqeyindən onu heç kəs döndərə bilməzdi... 

İranda olduğu iki il ərzində Azərbaycanın,  İranın bir çox 

şəhərlərini gəzmişdi.  Ərdəbildə, Tehranda, kürdlərin mərkəzi 

Mehabadda olmuşdu və müşahidələri bir sıra hekayələrində əks 

olunub – "Qızıl qönçələr", "Boyunbağı", "Karvan dayandı".... 

"Od içində" pyesi də Cənubi Azərbaycan mövzusundadır və bu 

pyeslə bağlı əhvalatlar üstündə bir az ətraflı dayanacam. 

Bu pyesin də, daha doğrusu, bu tamaşanın da başı  bəlalı 

oldu. Amma tamaşanın hansı  çətinliklərlə qarşılaşdığını izah 

etmək üçün yenidən Ənvərin bioqrafiyasına qayıtmalı olacam. 

Həmişə "ağrıyan həyatının" daha bir acısından söz açacam. 

Ənvər ömrünün uzun bir müddətində başının üstündən 

asılmış Domokl qılıncı atasıyla bağlı idisə və 42-ci ildə atasının 

vəfatından, başlanan vətən müharibəsindən,  Ənvərin bu 

 

müharibənin müxtəlif cəbhələrində  iştirakından və  İrandakı 



hərbi-jurnalist xidmətindən sonra bu qılıncın təhlükəsi bir 

qədər sovuşmuşdusa, onun ikinci süyər yeri məhz bu illərdə, 

yəni müharibədən sonrakı illərdə meydana çıxmışdı: bu da 

kiçik qardaşı Niyaziylə bağlı idi.  

Niyazi ipək kimi yumşaq, gözəl bir insan idi, amma həm də 

çox mərd, cəsur, həmişə öz ləyaqətini, mənliyini yüksək tutan 

bir adam idi. Ənvərin vaxtıyla atıb getdiyi yolu o axıracan 

getmişdi. AzNKİ-ni bitirib neft mühəndisi olmuşdu. Bəzən 

mən danışanda inanmırlar, deyirlər ki, iki-üç yaşlı  uşaq bu 

şeyləri xatırlaya bilməz, amma Allaha and olsun ki, 

müharibədən qabaqkı son yayı, yəni – qırxıncı ilin yayını – iki 

yaş yarımında olduğum yayı, Pirşağı bağında olan bəzi 

səhnələri duman içində olsa da xatırlayıram: o cümlədən, 

Niyazinin: – bax, buranı qazacam, burdan nöyüt çıxacaq, – 

deyə  məni qorxutmasını da... Neftin çıxacağı niyə  məni 


 304 

qorxudurdu, bilmirəm, amma Niyazinin bu zarafatları 

yadımdadır. Bir il sonra dava başlandı  və Niyazi də 

müharibəyə getdi. O vaxt artıq institutu qurtarmışdı, hansı 

zavodda isə mühəndis işləyirdi. Onu əsgərliyə çağırdıqları 

gündən cəmisi bircə həftə sonra həmin zavod hərbi müəssisəyə 

çevrilmişdi və bütün işçiləri bron almışdılar. Ailədə onu da 

danışırdılar ki, Niyazinin cəbhəyə getməsindən bir neçə gün 

qabaq kimsə ona "vətəni qorumağa gedirsən"– deyə xeyir-dua 

verəndə, Niyazi "vətəni yox, bax bu qonşumuz Marusyanı 

müdafiə etməyə gedirəm", – deyə acı bir rişxəndlə cavab 

vermişdi. Müharibədə  ən ağır bir cəbhəyə – Sevastopol 

cəbhəsinə düşür. Sonralar mənə danışırdı ki, Tbir gün zabit 

dostlarımdan biri, uzaqdan bir-birimizə güllə ataq, əllərimizi 

yaralayaq, bizi geri – qospitala göndərsinlər" – demişdi, 

cəbhədə belə hallar olurdu, razı olmadım, qeyrətimə 

sığışdırmadım belə işi"... 

Sevastopolda yaralanır,  əsir düşür... Sonralar, Stalin – 

Beriya sisteminin də dustağı olduğu üçün bir dəfə soruşdum: – 

Niyazi, hansı daha ağır idi – Hitlerin məhbəsi, ya Stalinin 

sürgünü? Bir az fikirləşib, "yox, hər halda alman əsirliyi daha 

ağır idi, – dedi... dil bilmirsən, yad mühit, səsin heç hara 

çatmayacaq". 

Yaralı halda etapla əsir aparılarkən taqətdən düşüb az qala 

yıxılacaqmış, yıxılanı da almanlar dərhal avtomatla biçirdilər, 

elə oradaca qalırdı. "İki rus əsiri iki tərəfdən qollarıma girdilər, 

"nə  qədər taqətimiz qalıb, səni də aparacayıq" – dedilər. 

Həyatımı xilas elədilər... Etap boyu Ukrayna kəndlərindən 

keçəndə Ukrayna qadınları bizə çörək uzadırdılar, alman 

konvoyu tüfənglərin, avtomatların qundaqları ilə onları vurur, 

qovurdu, amma yenə əl çəkmirdilər, imkan tapıb hərəmizə bir 

tikə çörək verə bilirdilər. Sonra Sibir lagerində  həmin o 

Ukrayna qadınlarını gördüm, yəni həmin deyəndə konkret 

adamları demirəm, ümumiyyətlə, işğal zonasında qalmış o 

Ukrayna qadınlarını Beriya əclaf müharibədən sonra Sibir 


 305 

lagerlərinə sürgün eləmişdi". 

"Aclığın bütün formalarına bələdəm, – deyirdi Niyazi, – ən 

çətin aclıq, neçə günlük tam aclıq yox, hər gün cirəylə verilən 

cüzi qidadır... Heç nəyim qalmamışdı,  əmimin (atasının) 

yadigarı  qızıl bir saatı qalmışdı, alman qarovulçusunun gözü 

düşmüşdü o saata, neçə gün dözdüm, vermədim, axır bir gün 

aclığa tab gətirə bilmədim, bir parça çörəyə  dəyişdim... T – 

Bunları müxtəlif vaxtlarda Niyazidən eşitmişdim. 

Müharibə illərində isə Niyazinin qara kağızı  gəlmişdi... 

Evdə yasını tutmuşdular.  İndi mən düşünürəm ki, bu itkin 

düşmüş adamların ailələrinə göndərilən ölüm şəhadətnamələri 

də bilməzlikdən, səliqəsizlikdən, qarma-qarışıqlıqdan doğan bir 

dolaşıqlıq deyilmiş, dəqiq düşünülmüş, insana qənim Stalin 

siyasətinin bir ünsürü imiş: madam ki, əsir duşüb, deməli, 

düşməndir, madam ki, düşməndir, özünə hələ əlimiz çatmırsa, 

hələlik ailəsini cəzalandıraq, diri adamın ölüm xəbərini ailəsinə 

çatdıraq – bu məntiqlə göndərirlərmiş ölüm kağızlarını. Nə isə, 

müharibə illəri  Ənvərin həyatı ölkənin ümumi faciələrindən 

başqa ölən atasına tutulmayan yas və o vaxt hələ diri qardaşına 

tutulan yasın ağrısıyla da ağrıyırmış... Müharibə qurtarandan 

sonra, ya müharibənin axırına yaxın isə birdən-birə  şad bir 

xəbər gəldi: Niyazi sağdır, hələlik Moskva yaxınlığında hərbi 

hissədədir. Atamla anam Moskvaya uçdular (Atam o vaxt 

Kinematoqrafiya naziri idi). Ənvər o vaxt hələ  İranda idi. 

Moskvada gedib Niyazini tapıblar. Hissə komandirindən izn 

istəyiblər ki, bir günlük onu özləriylə Moskvaya aparsınlar. 

Atam: – mənim qardaşımdır deyib. Komandir inanmırmış: – 

qardaşınızdır, niyə familiyalarınız müxtəlifdir?.. Amma hər 

halda görünür rəhmdil adam imiş  və arvadının da təsiri olub. 

Bu, söhbətdə  iştirak edən arvadı  ərinə: – Sən bir onların 

(Atamla Niyazinin) gözlərinə bax, gör necə oxşayır bir-birinə, 

– deyib. Axır komandir yumşalıb, icazə verib, Niyaziylə 

birlikdə Moskvaya qayıdıblar, bir gün onlarla "Moskva" 

mehmanxanasında qalıb. Sonra Bakıya gəldi. Hamımız, bütün 


 306 

ailəmiz necə  şadlanırdı o gün, ilahi. Amma Niyazinin o gün 

ağladığı da yadımdadır, axı bir gündə üç əziz adamının bu 

müddət  ərzində öldüyünü bilmişdi: atasının, dayısı 

Məmmədhüseynin,  əmisi Hidayətin... Nə yazıq ki, Niyazinin 

demək olar ki, o dünyadan qayıtmasıyla bağlı bu sevinc uzun 

sürmədi. Bütün zamanlarda və bütün ölkələrdə  əsirlikdən 

qayıdanları  ən böyük hörmətlə, ehtiramla qarşılayırlar, çünki 

onların çəkdikləri əzab-əziyyət bəlkə hamıdan artıq olur Ancaq 

Stalin  əxlaqıyla qurulmuş bir ölkədə  əxlaq da tərs olmalıydı. 

Stalinin: "Bizim əsirlərimiz yoxdur, vətən xainləri var" – 

kəlamı yüz minlərlə insanın onsuz da şikəst olmuş  həyatına 

yeni baltalar endirirdi. Birini qoyum, birini götürüm. Bir neçə il 

bundan qabaq hansısa kinoteatrda "Qurtuluş" (Osvobojdenie) 

filminə baxırdım. Filmdə belə bir epizod var: Stalinə  təklif 

edirlər ki, əsir düşmüş  oğlu Yakovu alman feldmarşalı 

Paulyusa dəyişsin. Stalin: "Mən  əsgərləri marşallara 

dəyişmirəm"– deyəndə salonda bir alqış qopdu, gəl görəsən. 

Məni sarsıtdı bu alqışlar. Həqiqətən deyibsə də, deməyibsə də, 

bu filmdə səslənən sözlər tarixin ən əxlaqsız cümlələrindəndir. 

Söhbət canlı insandan, sənin oğlundan gedir və sən effektli bir 

frazaya insan həyatını, doğma oğlunun həyatını qurban 

verirsən. Bu, Stalinin şəxsi ailə məsələsi olsaydı, özü bilər, öz 

işidir. Amma axı bu fikrin, bu qənaətin məntiqilə neçə minlərlə 

insan, onsuz da əsirlikdə mənən və fiziki cəhətdən zədələnmiş 

insanlar yeni iztirablara məhkum olunurdu. Bizim camaat isə əl 

çalır buna... Nə isə... Niyazinin də aqibəti başqa  əsirlərin 

aqibəti kimi oldu... May günləri idi, atam hamını Göyçaya 

aparmaq istəyirdi,  Ənvər, Niyazi də gedəcəkdi... Gecə  gəlib 

Niyazini aparmışdılar və on il Sibirə sürgün eləmişdilər... 

Niyazinin özünün ağır, dözülməz iztirablarından başqa 

ailəsinin də yeni müsibəti başlanmışdı  və  Ənvərin də başının 

üstündən yeni bir Domokl qılıncı asılmışdı... 

Bu söhbətlərin məhz bura düşməsi isə, bayaq dediyim kimi, 

"Od içində" tamaşasının taleyi ilə bilavasitə bağlıdır. Həmin 


 307 

illərdə Azərbaycanda başqa bir sürgün kompaniyası da 

başlamışdı və bizim ailənin o biri qolundan, anam tərəfindən – 

Rəfibəylilərdən də bir neçə  nəfər, o cümlədən anamın dayısı 

Fərrux bəy arvadı  Rəxşəndə xala ilə Tomska, Cavad bəy 

Rəfibəyli növbəti dəfə Semipalatinskə sürgün edilmişdi. 

Nənəm Cavahir xanımın sürgün olunmaq təhlükəsi vardı  və 

anam hər gün gündüzlər onun yanında olur, axşam evə qayıdır 

və  səhər tezdən yoxlamaq üçün zəng eləyirdi, qorxurdu ki, 

gecə apararlar. Telefonlara da qulaq asıldığını bilirdi, odur ki, 

nənəmə zəng eləyib Rüstəmin, dayımoğlunun halını soruşurdu, 

guya ki xəstəymiş... Bir sözlə, yeni sürgünlər axını gedirdi 

Azərbaycanda və elə bu vaxt "Od içində" pyesi meydana 

çıxmışdı. Orda da adamları sürgün edirdilər.  Əlbəttə,  İranda, 

İran hökuməti edir bu rəzaləti, heç gül kimi sovet hökumətimiz 

belə şey edər? "Od içində" pyesində Əli Fişəngçi deyir: 

–Şəhərdə müsibətdir... Sərbazlar  əllərində  məşəl və siyahı 

məhəllələri gəzib qapıları döyürlər. Təzədən altı yüz ailəni 

sürgünə göndərirlər. 

Əsərin başqa səhnəsində  şah ordusunun sərhəngi Ehtişami 

ilə  Təbrizdən sürgün edilən qoca ziyalı  Ədalət və onun qızı 

Pərvin arasında belə mükalimə var: "Ehtişami: Nə tez yorulub 

yoldan qalmısan, ağayi  Ədalət? Bu əsa, bu yerişlə  nə  sən, nə 

Pərvin xanım heç üç aya da gedib Bilicüstana çata 

bilməyəcəksiniz. 

Ədalət: Kinayə etmə, sərhəng! Gün gələr biz qayıdarıq... 

Ehtişami: Yox, geri qayıtmaq ümidindən  əl çəkin, qoca... 

Mürur zamanla siz yurdunuzun, yuvanızın harda qaldığını 

unudacaqsınız,  əslinizin, nəslinizin kim olduğunu yadınızdan 

çıxaracaqsınız. 

Pərvin: Bu şahlar İranın minillik xam xəyalıdır, sərhəng və 

min ildir siz bizim adımızla, dilimizlə, yurdumuzla iftixarımızı 

bizim ürəyimizdən qoparda bilməmisiniz!" 

Və nəhayət, əsərin finalında da baş qəhrəman Azərin anası 

Reyhan kiçik oğlu haqqında deyir: "Azər nəslini məhv etmək 


 308 

olmaz! O sonbeşiyim qayıdıb ata-baba yurduna sahib 

duracaq!". 

Əlbəttə, indi elə bir zaman gəlib ki, bütün bunları çox 

asanlıqla ayrı cür yozmaq olar: Bilicüstan əvəzinə "Sibir", 

sərhəng əvəzinə "NKVD polkovniki", şahlar İranı əvəzinə "Rus 

imperiyası" istilahlarını qoysaq, deyə bilərik ki, Ənvər İrandan 

yazıb, sovet siyasətini hədəf tutub. Amma mən bunu demək 

istəmirəm və Ənvər özü də bunu demirdi, demək istəməzdi və 

deməzdi... Bunu Ənvər yox, onun düşmənləri, onu 

istəməyənlər, onu gözü götürməyənlər, ya elə-belə 

bikarçılıqdan çuğulçuluq eləyənlər demişdi. Şeytançılığa könül 

vermiş adamlar, növbənöv iblislər bütün dövrlərdə olduğu kimi 

o dövrlərdə  də vardı, amma başqa dövrlərdən xeyli çox idi. 

Əlqərəz, danos vermişdilər ki, bu əsərdə  Ənvər  İran, Cənubi 

Azərbaycan adıyla öz dərdini yazır, sürgün olunmuş kiçik 

qardaşının taleyini yazır, ümumiyyətlə, Bakıdan sürgün edilən 

adamları  nəzərdə tutur. Belə bir kağız, belə bir danos lazımi 

yerlərə getmişdi, lap yuxarılara çatmışdı. Tamaşa hazır idi, 

mərhum rejissorumuz Adil İskəndərov hazırlamışdı, 

premyerası olacaqdı.  Ənvər bizim hamımızı  dəvət eləmişdi. 

Ortancıl bacım Fidan onda lap balaca idi, onu dəvət 

eləməmişdi. Amma Fidan biləndə ki, biz teatra gedəcəyik, 

amma onu aparmayacaqlar, Ənvər haqqında demişdi ki, "boq 

eqo nakajet" (uşaqlıqda dayəsi rus idi, rusca danışırdı). 

Atam Bakıda yox idi. Anamla getdik teatra, gördük qapıları 

bağlıdır, içi qaranlıqdır. Dedilər tamaşa olmayacaq. Niyə? Heç 

kəs bilmirdi. Ənvər özü də heç yerdə yox idi, zəng eləyirdik, 

telefonu cavab vermirdi. Anamla evlərinə getdik, qapını açdı, 

gördük ev paltarındadır, gülümsünür. Bəs nə oldu tamaşa, niyə 

olmadı? Gülüb dedi ki, Fidanın qarğışı, deyəsən həyata keçdi, 

tamaşanı saxladılar. Niyə saxladılar? Vallah, mən də bir şey 

bilmirəm. 

Sonralar məlum oldu ki, danoslar veriblərmiş. Cürbəcür 

rütbəli məmurlar, özü də yalnız  İncəsənət Komitəsi, Mərkəzi 


 309 

Komitədən yox, həm də, o vaxtkı  təbirlə desək, müəyyən 

orqanlardan gəlib ictimai baxışlarda iştirak edir, bir kəlmə söz 

demədən çıxıb gedirlərmiş. Nə "hə" deyirlərmiş, nə "yox". 

Çünki bu da o dövrün spesifik xüsusiyyətiylə bağlı idi. Axı son 

sözü Bağırov deməliydi, birdən bunlar deyər "hə", o, qadağan 

edər, ya bunlar deyər "yox", o icazə verər tamaşanın 

getməyinə. Bir sözlə, hamıdan çox Ənvərin  əsəbləriylə 

oynayırdılar. "Götürdüm Bağırova bir kağız yazdım, neçə gün 

gözlədim, cavab çıxmadı, axır götürüb katibəsi Novikovaya 

zəng elədim, dedi ki, kağız ondadır, oxudu, amma mənə 

qaytarmadı, özündə saxladı. Hə, bir detalı da deyim: Makinada 

yazdırmışdım, adımı altında yazmışdım, amma nədənsə qol 

çəkməyi unutmuşdum, demə Bağırov buna da diqqət eləyib, 

"etot qospodin ne soizvolil daje podpisatsya" – deyib. Sonra 

Mirzə  İbrahimova deyib ki, nə istəyir məndən, məgər mən 

onun yazdığı  əsəri oxumağa borcluyam? Mirzə  də deyib ki, 

"yox oxumağınızı istəmir ki, sizdən, tamaşa hazırdır gəlin 

baxın və fikrinizi deyin". Nə isə bir gün gəlir Bağırov 

tamaşaya. 

"Oturmuşduq, – deyir Ənvər – Bağırov, yanında da 

başqaları, belə onlara yaxın da Adil İskəndərov, mən... Adil də 

mənə demişdi, bilmirəm hardan bilirdi bunu, demişdi ki, 

Bağırovun hər cibində bir tapança var. Nə isə, baxırdı  əsərə, 

birdən heç tamaşaya dəxli olmadan qayıtdı bizə ki, "Dədə 

Qorqud"un sizə  nə  dəxli var? Bizə – yəni azərbaycanlılara. – 

Orda – dedi – at əti yeyirlər, at südü içirlər, bəyəm "sizin 

babalarınız at əti yeyiblər, at südü içiblər? Türkmənlər istəyir 

onu, qızıl podnosda verrəm türkmənlərə. Bu dastanın 

Azərbaycana heç bir dəxli yoxdur. Mən də dedim ki, bəs 

Dərbənd? Eynəyinin altından mənə  tərs-tərs baxdı, amma 

dinmədi, gördüm bu tərəfdən Adil qolumdan dartır ki, sən nə 

danışırsan, görmürsən fikri hazırdır? 

Qısa bir müddətdən sonra "Kitabi-Dədə Qorqud"la bağlı 

məsələlər ortaya çıxdı, onu Azərbaycana yabançı bir əsər elan 


 310 

elədilər, qadağan olundu. 

"Od içində"nin göstərilməsinə isə icazə verildi. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin