Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Qeyd: Qara Yanvar günlərində rus dilində yazılmış bu yazı 

elə  həmin günlərdə müraciət kimi – yüzə  qədər ünvana – 

Yazıçılar  İttifaqlarına, ayrı-ayrı yazıçılara, SSRİ Xalq 

deputatlarına göndərilmişdi. Rus dilində "Çernı yanvar" 

kitabında dərc olunmuş, İranda və Fransada da nəşr edilmişdi. 

 

 


 343 

 

 



ŞƏhİDLƏR DAĞI 

 

Bu bir il nə tez keçdi, ilahi. Bu bir il nə uzun çəkdi. 



Göz qırpımı kimi, an kimi qısa, ömür kimi uzun.  

Elə bil dünən idi o müdhiş gecə. Elə bil yüz il bundan qabaq 

idi. Yüz il bundan qabaq tanklar, pulemyotlar, avtomatlar yox 

idi. Qəddarlıq, zülm, zorakılıq ki, var idi, "həqq-qəvinindir" 

inancı ki, var idi... Yüz il də, iki yüz il də, neçə əsrlər, min illər 

əvvəl də... Dünyada heç nə  dəyişmirmiş, ilahi. Qoluzorlu elə 

qoluzorludur, "zülmün topu var, gülləsi var"... Təsəlli yalnız 

kədərli ifadələrdə, ağrılı şer misralarındadırmı?  



Ey dünya, gidi dünya,  

Üzün igidi, dünya.  

Namərdi uca tutdun,  

Yıxdın igidi, dünya. 

Necə igidimiz şəhid oldu o dəhşətli yanvar gecəsində. O 

gecədən əvvəlki gecələrdə və gündüzlərdə. O gecədən sonrakı 

səhərlərdə-axşamlarda. Bu ilin – 91-ci ilin yanvar qurbanları da 

ötən illərin, ayların matəm siyahısına əlavə olundu. 

Sallana-sallana gələn salatın  

Gəl belə sallanma, göz dəyər sənə.  

Bu günümüzü görəydin, qoca aşıq. Bu gün qızlarımıza, 

gəlinlərimizə göz dəymir, güllə dəyir. Düşmən gülləsi, namərd 

gülləsi... 

1990-cı il yanvarın 19-dan 20-sinə açılan gecə Bakımızın neçə 

min illik yaşında ən uzun, ən müdhiş, ən faciəli gecə idi. 

Rəsmi müharibə elan etmədən, hətta rəsmi bəyanat 

verilməsindən, fövqəladə  vəziyyət elan edilməsindən yeddi 

saat qabaq Sovet qoşunları Azərbaycan paytaxtına qarşı  əsl 

hərbi  əməliyyata başladılar – tanklarla, zirehli maşınlarla,  ən 

müasir silahlarla. 

Yüzlərlə öldürülənlər, neçə yüzlərlə yaralananlar – o sıradan 



 344 

qocalar, uşaqlar, qadınlar,  əlillər… Çoxu azərilər, amma həm 

də ruslar, tatarlar, yəhudilər. Tank tırtılları altında  əzilmişlər, 

sinədən və  arxadan vurulmuşlar, itkin düşmüşlər, həmişəlik 

şikəst qalanlar, sonrakı günlərdə, aylarda ağır yaralardan 

keçinənlər. Yaşayış evlərinin, xəstəxanaların, hətta təcili 

yardım maşınının gülləbaran edilməsi. Avtobusda yol gedən, 

öz mənzilində oturan, eyvana, ya küçəyə  çıxmış, küçədə 

avtomat-telefonla danışan neçə-neçə insanın qəfil qətli. 

Ölənlərin, yaralananların bədənlərindən çıxarılan mütəhərrik 

(yuvarlanan) güllələr. Ordunun öz ölkəsinin vətəndaşlarına 

qarşı belə amansız davranması insan beyninə sığışmır. 

İkinci dünya müharibəsi illərində Bakı nefti Sovet İttifaqının 

faşist Almaniyası üzərində  zəfər çalmasının mühüm 

amillərindən biri idi. Elə buna görə  də Hitler Bakı neftini ələ 

keçirməyə can atırdı. Faşistlər istəklərinə çata bilmədilər. 

Almaniyanın darmadağın edilməsindən qırx beş il sonra 

şəhərimizi Sovet qoşunları zəbt etdi. Uşaqların, yeniyetmələrin 

müqavimətini qırıb şəhərə daxil oldular. 

Bir il keçib, amma elə gün olmur ki, bu səhnə yaddaşımda 

canlanmasın: yanvarın 19-u, axşam saat 11 radələri, Tbilisi 

prospekti səmtində sürətlə gedən avtobus. Avtobusun açıq 

qapısından lap sütül bir gəncin, yeniyetmənin sifəti, parlayan 

gözləri görünür. Yalın  əllərlə tankın, zirehin, atəşin qabağına 

gedir. Tarixin bu axşamında, bu saatında onu saxlaya biləcək 

heç bir qüvvə, heç bir söz, heç bir dəlil yoxdur. Tankların, 

atəşin, ölümün qabağını saxlamağa qadir olmadığımız  kimi...  

Dəhşətli fəlakətin  qarşısı alınmazdır. Bundan qabaq başqa 

yerlərdə, şəhərlərdə, bundan sonra kim bilir harda və nə şəkildə 

olacaq bəlalar kimi... Əlin, səsin, sözün hara çatacaq? 



Çağır, bağır, ha  çığır. 

Çığırmaqdan nə çıxır?  

Yollarımız bağlanıb, 

Nə bir iz var, nə cığır. 

Sonra, olan olandan, keçən keçəndən sonra – bu müsibətin, 



 345 

dinc vaxtı dinc əhaliyə divan tutulmasının səbəblərini izah 

etmək üçün müxtəlif dəlillər gətirirdilər – bu dəlillərdə  nə 

həqiqət vardı, nə  məntiq. Dəlillərin özləri bir-biriylə 

uyuşmurdu. Ölkənin  ən yüksək rəhbərləri bu məsələdə heç 

dilbir də deyildilər. Biri deyirdi ki, Sovet hakimiyyətini 

qorumağa gəlmişik, ikincisi deyirdi ki, məqsədimiz milli 

qırğına son qoymaqdı, üçüncüsü Xalq Çəbhəsi strukturlarını 

dağıtmaq niyyətini  əsas sayırdı. Bu "əsas"ların hamısı  əsassız 

idi, daha düzü, heç biri xalqı qanına qəltan etmək üçün əsas ola 

bilməzdi. 

Yanğını ilk qor düşən kimi, köz alova çevrilməmiş 

söndürmək lazımdı. 13-14 yanvarda Bakıda törənmiş 

cinayətlərin qarşısını almaq olardı. Yeri gəlmişkən, bu 

cinayətlərin kimlər tərəfindən törədilməsi bu günə qədər dürüst 

aydınlaşdırılmayıb. Bəlkə bu hadisələr bir bəhanəymiş, belə bir 

bəhanə lazım imiş və ona görə də məharətlə təşkil olunubmuş. 

Kim bilir? Kim bilir hardan gəlirdi bu sifariş, kim idi fitva 

verən, kim idi bu fitvaya əməl edən.  Əgər talan olunanların 

dəqiq ünvanları talançılara, yaxşı  məlum idisə, milisə, 

mühafizə orqanlarına niyə  məlum deyildi? Hardaydılar bu 

ictimai asayişin qoruyucuları, daxili işlər nazirliyinin, müdafiə 

nazirliyinin qoşunları? Kim idi bu qurğunu quran? 

Bir söz deyim, sən də yaz.  

Doğru söz yerdə qalmaz.  

Dünyanın işi budur –  

Sual çoxdur, cavab az. 

Azərbaycan ictimaiyyəti 13-14 yanvar cinayətlərini kəskin  

şəkildə pisləmişdi, müqəssirləri məsuliyyətə  cəlb etməyə 

çağırmışdı. Amma bunun yerinə bütün bir xalqın "dərsini 

verməyə" cəhd göstərildi, ağına-bozuna baxmadan 

cinayətkarları yox, tamam başqa adamları, günahsızları 

cəzalandırdılar.  Əgər bir şəhərdə cinayət olubsa, o şəhəri 

ucdantutma güllə yağmuruna qərq etmək hansı  əxlaqa, hansı 

insan anlayışlarına tuş  gəlir? Yenidənqurma bu imiş demək? 


 346 

Suverenlik bu imiş? 

O dəhşətli gecənin səhəri "Pravda"nın müxbirləri yanıma 

gəlmişdilər. Dediklərimi, o vaxt keçirdiyim hisslərin ifadəsini 

olduğu kimi qəzetlərinin səhifələrində verdilər: "Yeniyetməlik 

çağım 1956-cı ildə qoşunlarımız Macarıstana girəndə bitdi. 

Gəncliyimlə 1966-cı ildə, Çexoslovakiya hadisələri zamanı 

vidalaşdım. İndi duyuram ki, bu Bakı yanvarında ömrüm sona 

yetir..." 

Bu sözlər – bir il bundan qabaq keçirdiyim sarsıntının həqiqi 

və səmimi əksi idi... Doğrudan da, o vaxt mənə elə gəlirdi ki, 

həyat bitib-tükənib, daha heç bir şey olmayacaq, heç bir söz 

deyilməyəcək. Dünya sanki sözsüzlük səhrası idi. Bütün 

mənəviyyat müc olub qalmışdı, nə düşünməyə, nə danışmağa 

hey yox idi. Amma elə bu ilk günlərin, ilk saatların 

sarsıntısındaca dərk etdim ki, susub durmaq da olmaz, nə isə 

bir iş görmək, müsibətimizi aləmə bildirmək gərəkdir. 20-dən 

21-nə keçən gecə müxtəlif respublikalardan olan SSRİ Xalq 

deputatlarına və Yazıçılar  İttifaqlarına doqquz səhifəlik 

müraciət yazdım ("Çernı yanvar" kitabında dərc olunmuş 

"Beda" adlı yazım da həmin bu müraciətin mətni əsasındadır). 

Yanvarın 21-də səhər Akademiyada toplaşdıq və bu müraciətin 

yüzdən artıq kserosurətini ölkənin müxtəlif  şəhərlərinə – 

deputatların, yazıçıların ünvanlarına göndərdik. 21-də axşam 

başlanan və bütün gecəni səhərə qədər davam edən sessiyada – 

Azərbaycan Ali Sovetinin sessiyasında – bütün ölkələrin 

parlamentlərinə və BMT-yə müraciətin mətnini tərtib və təklif 

etdim. 


Elə o gecə, Ali Sovetin binasından xalq şairi Bəxtiyar 

Vahabzadə Oljas Süleymenova zəng elədi, müsibətimizi ona 

çatdırdı. Bir, ya iki gün sonra Oljas özünü Bakıya yetirdi. Bu 

əsl qardaşlıq hərəkəti idi. SSRİ Xalq deputatları 

Qurultaylarında da, Ali Sovetin sessiyalarında da Oljasın bizə 

dost və arxa olduğunu dönə-dönə görmüşük. Ermənistan 

zəlzələsində ora yardıma gedənlərin təyyarə  qəzasında həlak 


 347 

olması və bu barədə "Komsomolskaya Pravda" qəzetində çıxan 

məlumatı Oljasa verdim və o, çıxışında bu barədə təsirli sözlər 

dedi... Sonralar bizə irad tutanlar da tapıldı: Niyə bu faktı 

Azərbaycan deputatları yox, Oljas dedi? Məgər bunun 

özümüzün deyil, başqa respublikanın nümayəndəsinin dilindən 

səslənməsi daha əhəmiyyətli, daha tutarlı deyilmi? 

Yanvar faciəsində Oljas bir neçə gün Bakıda oldu, 

bədbinləşənlərə ürək-dirək verdi. Bir növ həyan oldu bizə. 

"Bölüşülmüş sevinc ikiqat sevinc, bölüşülmüş  dərd yarım 

dərddir", – deyirlər. 

Dar dərələr dərin-dərin. 

Gül-çiçəyin dərin, dərin.  

Gəl bölüşək, sən də apar  

Bu kədərin bir qədərin. 

Oljas Bakıda xəstələnmişdi, "Azərbaycan" mehman-

xanasında yatırdı. Ona dəyməyə getmişdim. Yanında Xalq 

Cəbhəsindən cavanlar vardı. Azadlıq meydanı bomboş idi. 

Əsgərlər qaravulunu çəkirdi. Bir azdan həngamə başladı. 

Tanklar hay-küylə meydana daxil olub Dəniz vağzalına tərəf 

getdilər, gəmilərə atəş açdılar. Mehmanxanaya tərəf də güllə 

atırdılar. Cavanlar pəncərədən dəhlizə düşmüş güllələri Oljasın 

nömrəsinə  gətirdilər, bizə göstərdilər. Gənc operator 

mehmanxananın eyvanından bu "dəniz döyüşü" səhnələrini 

cəsarətlə çəkirdi. 

Gecələr atəş  səsi eşidilirdi – daraq-daraq, qatar-qatar 

avtomat atəşi. 

Gecələr gəmilər ulayırdı. Nə  məşum səs idi bu – qışın 

zülmət gecəsində dalğa-dalğa şəhərin üzərinə yayılırdı. Gecələr 

yuxum ərşə çəkilirdi. 



Açar verin, könlüm açım, 

Könlüm açım, zülmət saçım. 

Zil qaranlıq gecələrdən 

Hara qaçım, hara qaçım?  

Hər gün Yanvar müsibətinin yeni-yeni təfərrüatı, faktları 



 348 

üzə çıxırdı. 



*** 

Elə qara Yanvar günlərindəcə faciəmizi dünyaya, ölkəyə 

çatdırmaq üçün, ona ən kəskin qiymət vermək üçün müəyyən 

işlər görüldü. Bu baxımdan  ən mötəbər və  əhəmiyyətli 

kürsülərdən biri, bəlkə də birincisi SSRİ Ali Sovetinin sessiyası 

idi. Sessiyada xalqımızın faciəsini bütün ölkəyə, dünyaya 

çatdırmalıydıq. Asan məsələ deyildi bu. Yaxşı bilirdik ki, biz 

19 yanvar hadisələrinə qiymət vermək tələbini irəli sürən kimi  

13-14 yanvar hadisələrini üzümüzə çırpacaqlar. Həm də ki, 19-

20 yanvar hadisələrinin üstündən az qala tam sükutla keçən  

mərkəzi informasiya  vasitələri 13-14 yanvar hadisələrini yerli-

yataqlı  və  hətta  şişirdərək ölkəyə, dünyaya yaymış, bizə qarşı 

əsaslı  mənfi rəy yarada bilmişdilər. 1989-cu il aprelin 9-da 

Tbilisidə baş vermiş faciədən bizim fəlakətimizin fərqli cəhəti 

bunda idi və bu vəziyyətdən ləyaqətlə  çıxmaq gərəkdi. 

Ləyaqətlə və həqiqətə sədaqətlə... 

Fevralın 13-də "Moskva" mehmanxanasında  E.Qafarovanın 

nömrəsində toplaşdıq. Səhərisi, sessiya  açılırdı. Qərara gəldik 

ki, hamımızın adından akademik Midhət Abbasov danışsın. O, 

19-20 yanvar hadisələrini araşdıran komissiyanın – Azərbaycan 

SSR Ali Sovetinin yaratdığı komissiyanın sədri idi. Komissiya 

artıq müəyyən işlər görmüşdü, xeyli fakt, məlumat toplamışdı 

və  nəyin bahasına olursa olsun, bütün bunları ölkə 

deputatlarına çatdırmaq lazım idi. 

Amma mən başqa sarıdan da nigaran idim. Əmin idim ki, 

iclas başlayan kimi erməni deputatlar qabağa düşüb 13-14 

yanvar hadisələrindən söz açacaq, o günlər həlak olanların 

xatirəsini yad etməyi təklif edəcəklər. Bundan sonra bizim də 

durub ikinci bir təkliflə  çıxış etməyimiz – 19-20 yanvar 

şəhidlərinin xatirəsini yad etmək təklifimiz – təkrar və  təqlid 

kimi, bəhsəbəhs kimi görünərdi, yerinə düşməzdi. Eyni 

zamanda 19-20 yanvar şəhidlərini yad edib 13-14 yanvarın 

üstündən sükutla keçmək də olmazdı. Bu, xalqımıza xas olan 


 349 

insani keyfiyyətlərlə, alicənablıqla, ürək genişliyilə 

uyuşmayan, əxlaqa zidd bir şey olardı və hamıya çox pis təsir 

bağışlardı,  əleyhdarlarımızın dəyirmanına su tökərdi. Yeganə 

məqbul yol – qanlı yanvarda həlak olanların hamısının 

xatirəsini yad etməkdi və bu təklifi məhz biz etməliydik. Bu 

mülahizələrimi deputatlarımızla bölüşdüm, mənimlə 

razılaşdılar. 

Fevralın 14-də sessiyanın səhər iclası başlananda Tofiq 

İsmayılov inadla və  əzmlə (iclasın sədri ona mane olmağa 

çalışsa da) bu təklifi irəli sürdü və deputatlar, o sıradan hərbi 

libasda olanlar da, ayağa qalxıb Bakıda qırılanların xatirələrini 

sükutla yad etdilər. 

Elə  həmin səhər iclasındaca Azərbaycan deputatları 19-20 

yanvar Bakı qırğınını müzakirə etmək və bu hadisələrə qiymət 

verilməsi haqqında fikir yürütdülər. Lakin həm sədrlik edən 

A.İ.Lukyanov, həm də erməni deputatları bu məsələni – yenə 

də uydurma bir problemin – Dağlıq Qarabağ probleminin 

müzakirəsinə çevirməyə çalışdılar. Dağlıq Qarabağ deputatı 

Vaqif Cəfərov Lukyanova müraciətlə: – Anatoli İvanoviç, 

bildirin fevral ayından başlayaraq bu məsələ 20 dəfədən artıq 

müzakirə olunub, – dedi. – Qərarlar qəbul olunub, amma biri 

də yerinə yetirilmir. Odur ki, biz qəti surətdə bu məsələnin 

yenidən müzakirə olunmasının əleyhinəyik. (Gətirdiyim bütün 

sitatlar sessiyanın çap olunmuş stenoqramlarındandır). Başqa 

bir regionun deputatı qaçqınlar məsələsini müzakirə etməyi 

təklif etdi. Yeni mübahisələr başlandı. Mikrofona yanaşıb: 

"Bakıda dəhşətli faciə baş verib, – dedim. – On min hərbçini 

Bakıya göndərmək üçün beş gün kifayət imiş. Amma 540 

deputatı – Ali Sovet üzvlərini Moskvada toplayıb onların rəyini 

soruşmaq üçün bu beş gün azlıq edib. İndi biz burda oturub 

sakitliklə müxtəlif  şeyləri müzakirə edirik, elə bu zaman 

Bakıda göz yaşları tökülür, qan axır. Bu məsələ müzakirə 

olunacaqmı? Seçicilərimizin qəti rəyi belədir: əgər bu məsələyə 

biganəlik göstəriləcəksə, Ali Sovetin işində  iştirak etməyək 


 350 

(salonda səs-küy). 

Fasilədən sonra, saat 12-də ikinci iclas başlanan kimi sədr 

Midhət Abbasova söz verdi və Midhət müəllim Bakı faciəsinin 

bütün acı həqiqətlərini əks etdirən, ordu hissələrinin qəddarlıq 

faktlarını göstərən, konkret  günahkarları ittiham edən ətraflı və 

inandırıcı  məruzəylə  çıxış etdi. Bu məruzə  mətbuatda dərc 

olunmadısa da Ali Sovetin bülletenində çap edildi və ölkə 

ictimaiyyətini Parlament səviyyəsində hadisələrin  əsl 

mahiyyətilə tanış edən çox mühüm bir sənəd mövqeyini 

qazandı. Ordunun şəhərə soxulması, dinc əhalinin qırğını 

məruzədə Azərbaycan xalqına qarşı törədilmiş  təcavüz və 

cinayət kimi qiymətləndirilir və 5 maddədən ibarət konkret 

təkliflər irəli sürülürdü. 

Lakin sədrlik edən yenə  də müxtəlif fəndlərlə bu məsələni 

müzakirəyə qoymamağa  çalışdı. Elə    həmin gün  saat 16-da 

davam edən iclasda Rüstəm  İbrahimbəyov Azərbaycan 

nümayəndələri adından bəyanat verdi: 

"Bakıda qan tökülməsi davam etdiyinə görə biz təklif 

etmişdik ki, palata vətənimizdəki vəziyyəti müzakirə etsin və 

bu hadisələrə siyasi qiymət versin. Ali Sovetin bu biganəliyi 

nəticəsində respublikada vəziyyət daha da mürəkkəbləşə  və 

problemlər çıxa bilər. Biz təkid edirik ki, bu məsələ  ən təcili 

surətdə müzakirəyə qoyulsun və hadisəyə  hərtərəfli siyasi 

qiymət verilsin. 

M.S.Qorbaçovun replikası: – Mənim mövqeyimi bilməniz 

üçün deməliyəm ki, o, sizin mövqeyinizə uyğun gəlir – 

məsələni müzakirə etməliyik. Amma o biri tərəfdən məlumat 

almışıq ki, hələlik bu məsələni təxirə salmaq istəyirlər. Biz də 

bu xahişi nəzərə alırıq. 

R.İbrahimbəyov: – Nə  məlumatdır bu belə? Hardandır bu 

xahiş? Burada Azərbaycan xalqının nümayəndələri  əyləşib, 

Azərbaycan Ali Sovetinin qərarı var... 

Sədr: – Yaxşı, gəlin bu məsələyə gündəliyi səsə qoyan 

zaman baxaq. 


 351 

Bundan sonra bir neçə başqa deputat tamam ayrı məsələləri 

ortaya atdılar və Azərbaycan deputatları yenə də israrla Yanvar 

hadisələrinin müzakirəsini gündəliyin ilk bəndi kimi səsə 

qoymağı təklif etdilər. 

Sədr (M.S.Qorbaçov): Yaxşı, beləliklə, məsələ qaldırılır ki, 

19-20 yanvarda Bakıda baş vermiş hadisələrə siyasi qiymət 

verilsin. 

Yerdən səs: – Bəs 13 yanvar hadisələrinə?  

Sədr: – 13 yanvar haqqında məsələ qaldırılmır (salonda səs-

küy). Təkrar edirəm, onlar (yəni Azərbaycan deputatları – A.) 

bu məsələnin üstündən keçirlər, amma bu o demək deyil ki, 

mən bu məsələni qaldırmıram. 

Anar Rzayev: – Yoldaşlar, burda deyirlər ki, Sumqayıta 

qiymət vermək lazımdır. Amma axı Sumqayıtdan başqa 

Ermənistanın Qukark rayonunun faciəsi də var. İndi söhbət 

Bakı yanvarından gedir. Biz məsələni belə qoyuruq: 

Azərbaycan deputatları, Azərbaycan ictimaiyyəti Bakıdakı 13-

14 yanvar talanlarını qeydsiz-şərtsiz pisləyir. Əgər lazımdırsa, 

bunu da müzakirə etməyə  və günahkarları üzə  çıxarmağa 

hazırıq. Amma indi bizim istədiyimiz odur ki, Bakıdakı 19-20 

yanvar hadisələrini müzakirə  və  məhkum edək, çünki bunlar 

talanlara cavab deyildi, günahkarları yox, günahsızları 

cəzalandırdılar. Gəlin bax, bu məsələni aydınlaşdıraq. Yəni, 

doğrudanmı heç kəs bu işlər üçün məsuliyyət daşımayacaq, 

cavabdeh olmayacaq? 

İclasdan sonra R.İbrahimbəyov, H.Turabov və  mən 

Qorbaçova yanaşdıq, Bakı hadisələrinin bütün acı 

təfərrüatlarını olduğu kimi ona çatdırmağa çalışdıq. "Hər  şeyi 

ordunun boynuna yıxmayın", – dedi ("Ne nado delat iz armii 

kozla otpuşeniya"). "Yüzlərlə günahsız insan həlak oldu", – 

dedim. "Ordu qarışmasaydı, yüzlərlə yox, minlərlə, on minlərlə 

adam qırıla bilərdi" – dedi. "Min adamı xilas etmək üçün yüz 

adamı  qırmaq söhbəti  şübhəli haqq–hesabdır" – dedim. – 

"Sabah min adam xətrinə yüz min, yuz min adam xətrinə 


 352 

milyon, milyonlarla insanı da qırmaq olar. Amma tarixin bu 

dərsini biz bir dəfə keçmişik". Cavab vermədi. Yanında 

dayanmış Primakov bizə baxıb məzəmmətlə başını buladı. 

Bakı faciəsindən iki gün qabaq yanvarın 17-də Azərbaycan 

KP MK-nın binasında bizimlə – ictimaiyyətin bir neçə 

nümayəndəsiylə görüşdə Primakov da, Sov. İKP MK katibi 

Girenko da and-aman eləmişdilər ki, Bakıda heç bir fövqəladə 

vəziyyətin elan olunması  nəzərdə tutulmur, şəhərə heç bir 

qoşun hissələri girməyəcək. Bizi beləcə arxayınlaşdırmışdılar. 

"Sən öz saydığını say, gör fələk nə sayır". 

*** 

Məsələ Ali Sovetin qapalı iclasında müzakirə edildi. 

E.Qafarova, T.İsmayılov, A.Məlikov, R.İbrahimbəyov və mən 

çıxış etdik. Hadisələrin həqiqi mahiyyəti haqqında, mərkəzi 

informasiya vasitələrinin birtərəfli mövqeyi haqqında səhih 

məlumat verildi. A.Məlikov rişxəndlə Yazova Bakı  şücaəti 

üçün marşal adı verilməsini təklif etdi. (Az sonra Arifin  bu 

kinayəli sözləri həyata keçdi). DTK-nin sədri Kryuçkov və o 

vaxtkı Daxili İşlər Naziri Bakatinin çıxışlarında müəyyən ölçü 

hissi vardısa, Müdafiə naziri Yazovun çıxışı başdan-başa 

hadisələrin təhrifi idi. Yerimizdə otura bilmirdik. Nazir 

Şəhidlər Xiyabanı haqqında istehzayla danışanda ("Evdə ürək 

xəstəliyindən ölən qocaları da aparıb orda basdırıblar, heç bir  

uşaq-filan ölməyib", və s. bu qəbildən sözlər) daha dözə 

bilmədik, salonu tərk etdik. 

Qabaqlar da bir sıra mübahisəli məsələlər ortaya atılanda 

"gərək çıxıb gedəydiniz" deyə bizə  məsləhət verənlər olurdu. 

Hər dəfə  və tez-tez salonu tərk etsəydik, bu hərəkətin özü 

qiymətdən düşər, ucuzlaşar və heç bir təsir qüvvəsinə malik 

olmazdı. Amma o gün nazir danışarkən qəzəbli etiraz 

nidalarıyla salonu tərk etməyimiz, Xuraman Abbasovanın, Sara 

Vəzirovanın və başqa qadın deputatlarımızın kəskin replikaları 

nəticəsiz qalmadı. Doğrudur, bir sıra deputatlar bizim 

ardımızca ünvanımıza tikanlı sözlər deyir, ittihamlar da 



 353 

yağdırırdılar. Bəzi deputatlar, o cümlədən Oljas da (səmimi 

qəlbdən bizə  rəğbət bəslədiyinə görə) dalımızca foyeyə  çıxıb 

bizi geri çağırırdılar. Yanvar günlərində Bakıya gəlmiş, 

hadisələri öz gözüylə görmüş (görə bilməmiş  və ya görmək 

istəməmişsə  də) polkovnik Petruşenko foyedə qolumdan 

yapışır: – Xahiş edirəm, qayıdın, – deyir. 

–Necə qayıda bilərik ki, nazir ağ yalan danışır, – deyirəm, – 

siz ki hər halda Bakıdaydınız, hər halda kimlərin  şəhid 

olduğunu bilirsiniz və onların arasında uşaqların da 

öldürüldüyündən xəbərdarsınız. 

Qabaqlar da salondan çıxan deputat qrupları olub, amma 

onlar çıxıb elə Ali Sovetin binasındaca gözləyir və  tənəffüs 

zamanı  rəhbərliklə danışığa girirdilər. Biz isə  dərhal 

paltolarımızı geyinib mehmanxanaya yollandıq. 

Axşam xəbər tutduq ki, biz çıxandan sonra və nazir nitqini 

qurtaran kimi tələsik fasilə (vaxtı çatmasa da) elan olunub, 

Primakov bizi axtarıb və tamam çıxıb getdiyimizi biləndə çox 

təəccüblənib. Yalnız Qorbaçovla görüşüb danışandan sonra 

sessiyaya qayıdacağımızı bildirdik. O zamanlar hələ ümidimiz  

vardı ki, məsələləri bütün təfsilatıyla izah edə bilsək, bunun 

müəyyən nəticəsi olar.  

Bir neçə gün sonra dedilər ki, səhər iclasından  əvvəl 

Qorbaçov təxminən 35-40 dəqiqə  ərzində bütün Azərbaycan 

nümayəndələriylə görüşəcək, danışacaq. Bu son dərəcə  qısa 

vaxtda, dar macalda, iki daş arasında ona hansı mətləbləri aça, 

izah edə bilərdik, ondan nə cavab ala bilərdik? Ağlıma bir fikir 

gəldi, dostum, deputat həmkarım, Ali Sovetdə birgə 

çalışdığmız müddətdə  fəal, bacarıqlı, prinsipial adam kimi 

tanıdığım Tofiq İsmayılovla məsləhətləşdim. O da bu fikrimi 

bəyəndi. Fikir isə ondan ibarət idi ki, Qorbaçovla görüş 

ərəfəsində onun çox yaxın silahdaşlarından və 

məsləhətçilərindən olan Aleksandr Nikolayeviç Yakovlevlə 

görüşək, onunla daha müfəssəl və ətraflı söhbət edək ki, o da 

bizim mövqeyimizi münasib şəkildə Mixail Sergeyeviçə 


 354 

çatdırsın. Səhər Yakovlevə zəng etdik və elə həmin gün saat 6-

da bizi görüşə  dəvət etdi. Deputatlardan beşimiz – Tofiq 

İsmayılov, Eldar Salayev, Vəli Məmmədov, Süleyman 

Məmmədov və  mən "Staraya ploşad"da Mərkəzi Komitənin 

binasına gəldik, iki saatdan artıq bir müddətdə Yakovlevlə 

ətraflı söhbət etdik. Azərbaycan haqqında, hətta onun uzaq və 

yaxın tarixi haqqında, xalqımızın demokratik ənənələri, Şərqdə 

ilk demokratik respublikanın 18-ci ilin mayında məhz 

Azərbaycanda yaranması, bu respublikanın Parlamanında 

müxtəlif partiyaların və müxtəlif millətlərin təmsil olunması 

haqqında və təbii ki, Dağlıq Qarabağ probleminin bütün tarixi, 

siyasi, iqtisadi və qanuni aspektləri haqqında danışdıq. Əlbəttə, 

qanlı yanvar hadisələri söhbətlərimizin diqqət mərkəzində idi. 

Yakovlev bizi diqqətlə dinlədikdən sonra öz fikrini bildirdi. 

Bizim kiçik nümayəndə heyətimizin mövqeyindən, 

səviyyəsindən, siyasi arqumentasiya mədəniyyətindən çox 

məmnun qaldığını bildirdi: – Doğrusu, sizin görüşmək 

istəyinizi eşidəndə bir az çəkinirdim, münasibətlərin bu qədər 

kəskinləşdiyini nəzərə alaraq dözümsüz bir mövqedən çıxış 

edəcəyinizi və odur ki, söhbətimizin alınmayacağından ehtiyat 

edirdim. Yaxşı ki, bir-birimizi tam anlaya bilirik. Qarabağ 

məsələsində dediklərinizə tam şərikəm. Hələ iki il bundan 

qabaq Silva Kaputikyanı  və Zori Balayanı  qəbul etmişdim. 

Silva Kaputikyanı bir şairə kimi tanıyırdım. Kanadada səfir 

işlədiyim zaman yolu ora düşmüşdü,  şəxsən tanış olmuşduq. 

Bir gün eynilə sizin kimi o da zəng elədi, mənimlə görüşmək 

istədiyini dedi. Görüşə razılıq verdim, dedi ki, Zori Balayan 

adlı bir jurnalist də onunla gələcək. O zaman mən bu adamı 

tanımırdım. Gəldilər. İki saata yaxın söhbət etdik. Qarabağa aid 

öz versiyalarını söylədilər. O vaxt onlara söylədiyim fikrin əsas 

məğzini bu gün də  təkrar edə bilərəm: Qarabağ  əhalisinin 

iqtisadi və  mədəni-mənəvi ehtiyacları ödənilməlidir, amma 

Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi 

barədə söz ola bilməz. Bu məsələnin qaldırılmasının özü çox 


 355 

böyük bəlalara səbəb ola bilər. Qorbaçovla görüşmək 

istədiklərini bildirdilər. Qorbaçov onları qəbul etdi, fikrimi ona 

da dedim. Bu günlərdə Mixail Sergeyeviç yadıma saldı. Haqlı 

olduğumu söylədi, doğrudan da, Qarabağın statusunun 

dəyişdirilməsi haqqında məsələ qaldırılmasının nə kimi 

bəlalara səbəb olduğu indi tamamilə aydındır – dedi. 

Bakıdakı qanlı yanvar hadisələri də Yakovlevin dediyi kimi 

həm onu, həm də Qorbaçovu çox mütəəssir edib. Qorbaçov 

belə bir hərbi  əməliyyata yol vermək istəmirdi, məcbur oldu, 

özü də çox böyük tərəddüdlərdən sonra qərar verdi. Odur ki, 

sizin xalq onu zalımlıqda, qəddarlıqda ittiham edəndə bu, onu 

çox ağrıdır, incidir. Rezervistlərin (ehtiyatda olanların) Bakıya 

göndərildiyini biləndə  əsəbiləşdi, qəzəbləndi, dərhal onların 

Bakıdan çıxarılması haqqında göstəriş verdi. 

– Onlar artıq elədiklərini eləmişdilər, – dedim. 

Gəlişimizin əsas məqsədi – dediklərimizin prezidentə dəqiq 

və müfəssəl  şəkildə çatdırılması, Yanvar hadisələrinə siyasi 

qiymət verilməsi və müqəssirlərin cəzalandırılması  məsələləri 

idi. Yakovlev bütün bu mətləblər haqqında Qorbaçovla ətraflı 

danışacağını  vəd etdi. Azərbaycan Xalq Cəbhəsiylə 

maraqlandı. Mən: – Xalq Cəbhəsinin nüfuzlu xadimlərindən 

biri yazıçı Yusif Səmədoğlu indi Moskvadadır, – dedim. – 

Onunla görüşsəniz, yaxşı olar. Yakovlev məmnuniyyətlə 

razılaşdı, onun telefonlarını Yusifə verdim və bir neçə gün 

sonra görüşüb söhbət etdilər. 

Ayrılıb mehmanxanaya qayıtdıq. Tofiq İsmayılov 

mehmanxanadakı telefon nömrəsini Yakovlevin katibinə 

vermişdi və heç bir saat keçməmiş Yakovlev ona zəng elədi, 

Qorbaçova görüşümüz haqqında  ətraflı  məlumat çatdırdığını 

söylədi. 

Səhərisi gün saat 10 iclasından yarım saat qabaq Qorbaçov 

Azərbaycan deputatlarını qəbul etdi. Əvvəl özü danışdı, sonra 

bizim deputatların adından – əvvəlcədən sözləşdiyimiz kimi – 

Tofiq  İsmayılov danışdı, lazım olanları dedi, amma hələ 


 356 

deməyə sözümüz çox idi. Qorbaçov özü də hiss edirdi ki, 

söhbətimiz bununla bitmir və böyük tənəffüs zamanı (saat 2 ilə 

4 arasında) iki-üç nümayəndəmizlə görüşəcəyinə boyun oldu. 

Saat 2-də M.Abbasov, Adilə xanım Namazova və  mən 

Qorbaçovun Ali Sovetin binasındakı kabinetinə getdik. Qəbul 

otağında gözlədiyimiz zaman Yakovlev gəldi,  görüşdük, "Sizin 

dediklərinizin  hamısını Mixail Sergeyeviçə çatdırdım, – dedi, – 

hər halda, məndən asılı nə vardısa, elədim".  

Az sonra Qorbaçovun otağından üç Baltik respublikasının 

nümayəndələri çıxdılar. Litva, Latviya və Eston deputatlarının 

ölkə  rəhbərinin yanına birgə getmələrinə, məsələlərini  birgə 

qoymalarına  həsəd aparırdıq. Kaş Qafqaz respublikaları da 

ümumi məsələlərinin həlli üçün belə yekdil, vahid olaydılar. 

Heyhat və 

əfsus! Yenidənqurma başlanandan bəri 

torpaqlarımızı qəsbkar qonşudan qorumağa məcburuq. 

Kabinetə  dəvət olunduq. Mixail Sergeyeviçdən başqa 

Lukyanov, Nişanov və Qorbaçovun köməkçisi  Şahnəzərov da 

otaqda idilər. Adilə xanım  şəhid məktəbli Larisa 

Məmmədovanın anasının məktubunu Qorbaçova verdi, o 

biçarə  qızcığazın ki, Yazovun bəyanatına görə, ümumiyyətlə, 

yerli-dibli olmayıb da, ölməyib də. Axı, "ölənlərin içində uşaq-

filan yoxdur" – demişdi.  

Midhət müəllim rəhbərlik etdiyi komissiyaya DTK və 

Daxili  İşlər Nazirliyi, SSRİ Prokurorluğu tərəfindən lazımi 

sənədlərin verilməsi haqqında məsələ qaldırdı və Qorbaçovdan 

müsbət cavab aldı. Komissiyanın işinə hər cür yardım etmək və 

şərait yaratmaq üçün Nişanova tapşırıq verdi. 

Qorbaçov da dünən Yakovlevin dediklərini təkrar etdi: 

"Mən hələ o vaxt Kaputikyana və Balayana demişdim ki, 

Qarabağın Ermənistana verilməsindən, ümumiyyətlə, 

sərhədlərin dəyişdirilməsindən söhbət ola bilməz. Və 

Şahnəzərov yoldaş da dəfələrlə Ermənistan nümayəndələri ilə 

görüşüb, onlara eyni fikri başa salmağa çalışıb. Amma 

görürsünüz ki, belə iddialarını yenə də davam etdirirlər. Bizim 



 357 

mövqeyimiz birdəfəlik aydındır, Dağlıq Qarabağ 

Azərbaycanındır, elə  də qalmalıdır, amma elə etmək lazımdır 

ki, orada yaşayan hər iki xalqın hüquqları mühafizə olunsun, 

heç kim özünü pisikdirilmiş hiss eləməsin". 

– Mənə sual verirlər, – dedim, – nəyə görə Sov.İKP Mərkəzi 

Komitəsinin Plenumunda Qorbaçov yoldaş resbublikalar 

arasında sərhədlərin dəyişdirilməyəcəyi haqqında fikrini 

bildirəndən sonra Ermənistanın Partiya katibi Suren 

Arutyunyan yenə durub Qarabağ  məsələsini qaldırır və 

Qorbaçov onun sözünü kəsmir, halbuki, ondan əvvəl Litvanın 

katibi Brazauskasın sözünü kəsə  bilirdi.  Bu  sualı  mənə 

verəndə, mən sizə Qorbaçovun əvəzinə cavab verə bilmərəm, – 

deyirəm, amma yeri düşsə, imkanım olsa, bu sualı Mixail 

Sergeyeviçin özünə verərəm. Qorbaçov: "Mən bir daha təkrar 

edə bilərəm, – dedi, – respublikalar arasında heç bir sərhəd 

dəyişkənliyinə yol verməyəcəyəm". 

Azərbaycan deputatlarının Qorbaçovla bundan qabaqkı 

görüşlərində  dəfələrlə Qarabağ mövzusu qaldırıldığına görə 

bugünkü görüşdə diqqət mərkəzinə qanlı Yanvar hadisələrini 

çəkmək istəyirdik. Dünən Yakovlevin də dediyi kimi 

zalımlıqda ittiham edilməsi Qorbaçovun ürəyinə toxunur, onu 

çox incidirmiş. 

Bizə də: 

– Bəli, bilirəm, – dedi. – Orda məni cəllad, qəddar, 

Çauşesku adlandırırlar. 

–Bunu balalarını, qardaşlarını, atalarını itirən adamlar deyir, 

– dedim. 

Yenə o gün dediyi fikri təkrar etdi ki, ordunu heç kimin ayağına 

verməyəcək. Əsgərlərə əmr olunub, ona görə atıblar. 

–Kim  əmr edir etsin, mən heç vaxt qadına,  uşağa, qocaya 

güllə ata bilmərəm, – dedim. – Siz də elə... 

Dinmədi. Söhbəti 13-14 yanvar hadisələrinə, talanlara 

gətirdi.  

–Nazir Bakatin çıxış etdi, – dedim. – Göstərdi ki, o günlər 


 358 

talançıların sayı beş mindən artıq olmayıb. Eyni zamanda bunu 

da Bakatin dedi – həmin günlər Bakıdakı daxili qoşunların sayı 

12 min nəfər imiş. Deməli, bir talançıya iki yarım milisioner 

düşür. Bəs niyə talanların qarşısını ala bilmədilər? 

M.S.Qorbaçov düz gözümün içinə baxaraq: 

– Doğrudan da, niyə talanların qabağını  ala bilmədilər? – 

deyə soruşur. Məndən soruşur. 

Yazımın bu yerində bir sual (?) və üç nida (!!!) işarəsi 

qoymaqdan savayı əlacım qalmır. 

Nəhayət, görüşümüzün bir məqsədindən də söz açırıq: 

söhbət Ali Sovetin qəbul edəcəyi qərara yanvar hadisələrinin, 

qanlı divanın müqəssirlərini ittiham edən abzasın 

salınmasından gedir. Mən bu abzası  əvvəlcədən yazıb hazır 

etmişəm, oxuyur və Qorbaçova təqdim edirəm. Bu abzasın 

qərara salınmağına heç cür razılıq vermir. Bəllidir ki, heç 

vəchlə ordunu narazı salmaq istəmir. Təkidlərimizdən sonra bir 

az yumşalır. Müəyyən redaktəylə abzasın qərara salınmasına 

razılıq verir. Tənəffüsdən sonrakı iclasda mən yenə  çıxış 

elədim və dediyim abzası gecə yazdığım kimi oxudum. 

Qorbaçov son sözündə: "Mən deputat Rzayevin hisslərini başa 

düşürəm", – dedi, amma son məqamda (artıq iclasdan sonra, 

bizsiz, Rəyasət heyəti aparatında mətbu mətn hazırlanarkən) 

yenə də bu abzas çıxarıldı. Belə qalmaqallı vaxtda hakimiyyətə 

dayaq olan Ordunun təəssübünü çəkmək – bütün qeyri-

mülahizələrə, faktlara, həqiqət və ədalət hissinə üstün gəlmişdi. 

Bu məsələdə ölkə parlamentində  qələbə çala bilmədiksə, 

məğlub da olmadıq. Hər halda hadisələrin məğzini, 

mahiyyətini əsl mətləbdən bixəbər deputatlara çatdıra, səsimizi, 

etirazımızı, fəryadımızı  eşitdirə bilmişdik. Bir növ qəribə 

tənasüb yaranmışdı Ali Sovetdə. Qarabağ  məsələsində bizim 

mövqeyimizdə durmayan "sol – radikal" deputatlar Ordunun 

Bakıya divan tutmasından qəti narazılıqlarını bildirirdilər, 

ordunun hərəkətini dəstəkləyən "mühafizəkar" və  hərbçi 

deputatlar isə Qarabağ məsələsində bizimlə tam həmrəy idilər. 


 359 

Ümumiyyətlə, bu tənasüb həm qurultaylarda, həm də Ali 

Sovetin sessiyalarında bizim siyasi xətt-hərəkətimizi, taktik 

gedişlərimizi müəyyənləşdirmək üçün nəzərə alınası vacib 

faktordur. Bu cəhətdən bəzi deputatlarla qısa söhbətlərim çox 

səciyyəvidir. Marşal Axromeyevə yanaşdım, Bakıda olanları 

danışdım, ordunun amansız davranışı haqqında mənim rəyimlə 

qəti surətdə razı olmadığını bildirdi, amma dərhal əlavə etdi ki, 

Qarabağ  məsələsində yüz faiz Azərbaycanın mövqeyini 

müdafiə edir. Sobçaka Yanvar divanı münasibətilə müraciət 

etdiyim zaman, "əlbəttə, ordunun hərəkətləri bağışlanmazdır, – 

dedi, – amma sizin, Azərbaycan ziyalılarının da günahı var, 

niyə Bakıdakı erməni talanlarının qarşısını ala bilmədiz? – 

Bakı iki milyonluq şəhərdir, – dedim. – Bəs nədən Moskva 

ziyalıları  Ədəbiyyat evində  yəhudi talanının qarşısını ala 

bilmədi? – dedim. Sobçak: – mən moskvalı deyiləm, 

leninqradlıyam, – dedi və söhbətimiz bununla bitdi. 

B.N.Yeltsinin Yaponiyada çıxışlarının birində Bakıdakı 

qanlı Yanvar faciəsindən danışdığını, ordunun hərəkətlərini 

pislədiyini eşitmişdim. Dəhlizdə ona yanaşdım, belə mövqeyi 

üçün təşəkkür etdim. – Mən Rəyasət heyətinin iclasında da sizi 

müdafiə etdim, – dedi. Sonra bizim cəbhəçilər sayağı 

yumruğunu "Rot-Front" jestiylə qaldırdı: – Mən sizinləyəm, – 

dedi, amma iclasda Yanvar qırğınının müzakirəsi zamanı bir 

kəlmə  də dinib-danışmadı. Litva nümayəndələri  İttifaqlar 

Sovetində bizim qarşımızdakı  sırada otururdular. "Çernı 

yanvar" kitabını Kazimira Prunskeneyə verdim. Arif Məlikov 

ona dəhşətli Yanvar fotolarını təqdim etdi. Prunskene: – "Sizə 

bu divanı tutublar ki, bizi də qorxutsunlar", – dedi. "Bizim 

başımıza gələn, sizin də başınıza gələ bilər" – dedim. – Bəli. 

Amma Prunskene də, başqa Baltik deputatları da, Orta Asiya 

nümayəndələri də müzakirə zamanı susmağı, məsələyə 

qarışmamağı üstün tutdular. 

Bütün bunları yazmaqda məqsədim – şahidi olduqlarımı, 

duyub-düşündüklərimi, olub-keçənləri artırıb-əskiltmədən 


 360 

qələmə almaqdır, həm olanları tarixin gələcək çək-çeviri üçün 

hifz etmək istəyirəm, həm də bugünkü qüvvələr nisbətinə ayıq 

real mövqedən yanaşmağa çağırıram. Deputat korpusumuzun 

işini nöqsansız saymıram. Bəlkə  də başqa deputatlar bizdən 

daha səmərəli fəaliyyət göstərə bilərdi. Nə deyim... Amma 

xalqımızın mənafeyi,  şərəfi və  ləyaqəti yolunda əlimizdən 

gələni, bacardığımızı etdik və bu cəhətdən  tarix qarşısında da, 

millətimiz qarşısında da alnımız açıq, üzümüz ağdır.  Şübhə 

etmirəm ki, tarix özü yaxşını-yamanı ayırd edəcək, həqiqi 

əməllə havayı sözləri fərqləndirəcək, çətin parlaman 

döyüşləriylə asan çayxana tənqidlərinin hərəsini öz yerinə 

qoyacaq. Üzücü siyasi deyişmələrlə gurultulu şer gecələrinin 

başqa-başqa janrlar olduğu, yəqin bir gün hər kəsə aydın 

olacaq. Halva-halva deməklə ağız şirin olmadığı kimi, "qeyrət, 

qeyrət" deməklə  də insan qeyrətlənmir.  Əlbəttə, adama bir az 

yer eləyir ki, deputatlarımız Moskvada rəqiblərimizlə çarpışan 

zaman burda da bəziləri deputatlarımızın kölgələrini 

qılınclayır, onlara həcv yazırdılar. Elə bil düşmənlərimizin 

cızdığı çox dəqiq bir layihəni həyata keçirirdilər – xalqı 

ziyalılara, deputatlara qarşı qoymaq, parçalamaq və hökm 

etmək. Xalqın tarixi zəkası dövrün hər hansı keçəri, ötəri 

oyunlarına, fəndlərinə üstün gələsidir. Ziyalıları hörmətdən, 

nüfuzdan salmaq, onların ünvanına hər çeşidli föhş  və 

böhtanlar yağdırmaq faşist və totalitar rejimlərin  ən dürüst 

göstəricisi,  ən dəqiq  əlamətidir. Faşist Almaniyası da, Çinin 

maoçu mədəni inqilabı da, dini fanatiklərin hökm sürdüyu 

quruluşlar da, hər hansı qaragüruh hərəkatı da, bütün fərqli 

cəhətlərinə baxmadan bir ümumi nöqtədə birləşir – ziyalılara 

nifrətdə. Qəribəsi də odur ki, bəzən bu nifrəti ziyalıların özləri 

oyadır, yayırlar! Daha doğrusu, ziyalıların bir qismi başqa 

qismini gözdən salmağa, damğalamağa, sıradan çıxarmağa 

çalışır ki, öz yerləri gen-bol olsun. Amma bu xam xəyaldır. 

Ziyalıları, ümumiyyətlə, ziyalılıq anlayışını  ləkələməyə 

çalışanlar üstünə qonduqları budağın özünü baltalayırlar. 


 361 

Məşhur xalq məsəli var – hörmətli yazıçımız  İsmayıl  Şıxlı 

həmin məsəli yerində yadımıza saldı: "Sapı özündən olan 

baltalar" ifadəsi həm də özləri özlərini baltalayan ziyalılara 

aiddir. Çingiz Aytmatovun manqurtluq anlayışı da bir tərəfdən 

milli köklərini dananlara aiddirsə, o biri tərəfdən öz ziyalılıq 

borcundan vaz keçənlərə, mədəniyyət və  mənəviyyat irsindən 

imtina edənlərə şamil edilə bilər. Hər şey ötüb keçəcək, xalqın 

həqiqi dəyərləri qalacaq. Zamanın bütün tozanaqlarını  və 

haray-qışqırıqlarını yarıb keçən əbədi meyarlar qalacaq. 



Qəlbim mənə qalx deyir, 

Yan-yörənə bax deyir. 

Hay-küy səni üzməsin, 

Kütlə hələ xalq deyil. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin