***
Mühafizəkarlıq, ənənəçilik və hətta kiçik xalqların milli
mədəniyyətinin donuqluğu bəlkə elə özünüqoruma instinktidir,
bəlkə də bu qeyri-şüuri, ancaq intiutiv olaraq dərk edilən belə
bir öncəgörümdür ki, dünya səviyyəsində bərabərlik milli
özünəməxsusluğu, milli varlığı – qoy lap patriarxal geriliyin,
milli özünəməxsusluğun primitiv mahiyyəti olsun – məhv edə
bilər. Amma gerilik millətin mədəni və ruhi cəhətdən salamat
qalması uğrunda mübarizədə silah ola bilməz. Milli ox, yaxud
qılınc "kosmopolit" pulemyotun qarşısında duruş gətirə bilməz.
***
Sənətkar öz milli mədəniyyətinə yalnız o zaman xeyir gətirə
bilər ki, onun içində, kontekstində yaşayıb nəfəs alsın. Belə
deyək, nə qədər populyar olmasına baxmayaraq, bütün
dünyada tanınan müğənni milli vokal sənətinin səviyyəsinin
göstəricisi sayıla bilməz. O, öz-özünə milli incəsənətin inkişaf
meylləri və ənənələrindən kənarda mövcud olduğuna görə sırf
nominal baxımdan Azərbaycan mədəniyyətinin təmsilçisi
adlandırılır, olur ki, çox zaman bu da yaddan çıxır. Onun ən
böyük və şübhə doğurmayan uğuru bütövlükdə milli vokal
460
sənətinin inkişaf dövrü ilə ölçülmür, çünki çoxmillətli ölkədə
bu sərhədlərin özü son dərəcə şərti olur.
***
Həmişə, həmişə qışqırırdıq ki, insanı dəyişmək lazımdır,
ancaq axı insanı əzmədən, ona zülm etmədən onu dəyişdirmək
mümkün deyildir. Nəticədə isə, biz, əlbəttə, istəyimizə nail
olduq – insanın daxilini elə dəyişdik ki, o, tam tanınmaz oldu.
Ancaq bunun kiməsə xeyri dəydimi? Çünki təbiətini
dəyişməyən insan həmişə özünü elə göstərəcək ki, guya dəyişib
– bu o deməkdir ki, o, ikiüzlülüyün dərslərini əla
mənimsəmişdir. Nəticə isə budur: insan həmişə bir şeyi
düşünür, başqa şeyi deyir, hərəkətə gəldikdə isə bunların
ikisindən də imtina edir. Uzun illər boyu əxlaqsızlıq təlqin
edilibsə, yaxşı nə gözləmək olardı?! Soy, qarət elə (artıq
talanmış bir şey olsa belə, adı ki yenə talandır), öldür (qoy bu
düşmən olsun, öldür, nə fərqi var), aldat, ikiüzlülük elə,
ərköyünlük elə, yaltaqlan, aldatdıqca aldat, yenə, yenə aldat…
***
Ləyaqət dedikləri həmişə özün olmaq, müstəqil olmaqdır,
amma sənin fikrindən köklü şəkildə fərqlənən fikri qəbul etmək
ləyaqəti bir damcı da azaltmır. "Sizin fikrinizlə razı deyiləm,
ancaq həyatımı verərdim ki, sizin onu ifadə etmək imkanınız
olsun". Volterin bu tezisi mənim ruhuma çox yaxındır.
***
İnsanın ən amansız, ən qəliz və ən uzun mübarizəsi onun
özü özüylə – içindəki eqoizmi, şöhrətpərəstliyi, qorxaqlığı,
ağciyərliyi, laqeydliyi, heyranlığı, illüziya və tənhalığı… ilə
davasıdır.
***
Canlı tiranlar özləri kimi bu gün yaşayan tiranları sevmirlər;
necə olmasa da, axı rəqibdirlər. Onlar yalnız dünyadan getmiş
tiranları sevirlər. Bəs necə, tiranlara da nəsil şəcərəsi lazımdır
axı...
***
461
İnsanın bütün həyatı əzab və qorxudan yoğrulmuşdur. İşin
pis gedəndə üzülürsən, yaxşı gedəndə qorxursan –
xoşbəxtliyini itirməkdən qorxursan. Ümumən götürdükdə,
özünü dərk edəndən ölüm qorxusu səni rahat buraxmır. Ən
dəhşətli qorxu – doğmalarını itirmək qorxusudur.
***
Həyatın sevincdən çox - ağır yük olduğu insanlara mən nə
qədər desən rast gəlmişəm. Buna heç yük də deməzdim. Bu
daha çox darıxdırıcı, üzücü məcburiyyətə bənzəyir. Belələri
həyatlarında heç bir dəyişiklik gözləmirlər (çoxdan, lap çoxdan
bu dəyişikliyin baş verməyəcəyinə qəti inanıblar), onların
gözlədikləri şeyin adı heç xoşbəxtlik, gözlənilməz sevinc də
deyildir, sonu gözləmək intizarıdır, necə ki, türmədən
çıxmağını, məktəbdə darıxdırıcı dərsin bitməyini, sevmədiyin
işin başa çatmağını və ya hərbi xidmətin qurtarmağını
gözləyirsən…, yaxud buna bənzər, ağır, darıxdırıcı şeylər.
Ancaq yuxarıda sadalanan və sadalanmayanlardan fərqli olaraq
bu nəyinsə sona varıb, nəyinsə başlayacağını gözləmək intizarı
yox, bir xilas yolu kimi ÖLÜMÜ gözləməkdir. "Sonsuz
dəhşətdənsə, dəhşətli sonluq yaxşıdır". Belə bir mövcudluğa
son qoyulmalıdır. Bu mövcudluq forması tükənərək başa
varmalıdır, ancaq o mənada yox ki, bunun arxasınca bundan bir
az babat olan digər şey başlasın. Yox, söhbət məhz bu
mövcudluq formasından, bütün tale dönəmləri ilə bərabər
götürülən həyatın özündən gedir, ondan sonra isə yalnız ölüm
və sükut gəlir. "Sonda - sükut" – Hamlet belə demişdir. Tez, ya
gec, əvvəl-axır bütün bunların başa çatmağı, həyatın ölümə,
yoxluğa, heçliyə qovuşmağı… Ona görə də, hər açılan təzə
səhəri sevinclə qarşılamaq yox, buna qurtuluş müddətinin bir
az da yaxınlaşması kimi baxırlar.
***
Bütün bəxti gətirməyən insanlar - xüsusən, yüksək
emosional gərginliyin mövcud olduğu incəsənət sahəsində – ən
faciəvi insanlardır. Öz istedadı, əməyi, ləyaqətli və namuslu
462
həyat tərzi sayəsində bir çox uğurlar qazanan sənət adamlarının
əksəriyyətində bu uğurlara çatmayan sənət həmkarlarına
münasibətdə bir günah hissi olur. Mən bu fikri "Dantenin
yubileyində" göstərmək istəyirdim. Təcrübəmdən çıxış edərək
bunu mən "Kəbirlinskiyə münasibət kompleksi" adlandırardım.
Başını əsiri olduğu yaradıcılıq qayğıları ilə qatan, bu qayğı ilə
özünü aldadan, dərkedilməz və qarşısıalınmaz şəkildə
yaradıcılığa meyllənmək, tale qismətini sürünərək yaşamaq,
sözün kəsəsi, Kəbirlinski olmaq dəhşətdir. Bütün ömrünü
fədakarcasına sənətə həsr edən, yaradıcılıqdan başqa bir
qayğısı olmayan insanların diri ikən ölü sənət həmkarları
barədə düşünəndə əzab çəkməsini yaxşı başa düşürəm. Ancaq
bu problemin başqa bir aspekti də vardır. Sənətdə uğursuzluq,
qrafomanın məhəl qoyulmayan ambisiyaları, bunun müvafiq
aqressivlik, güclü temperament, iradə, daha doğrusu, dağıdıcı,
əzici iradə gücü ilə müşayiət olunması… özündə böyük şər
potensialını toplaya bilər. Şair ola bilməyən Stalini, rəssam ola
bilməyən Hitleri xatırlayaq. Onların hər hansı qeyri-adi, parlaq,
yaradıcı, mənəvi cəhətdən azad şeylərə qarşı quduz
münasibətinin kökündə heysiyyatın tapdalanması, öz sənəti ilə
dünyanı "istila etmək" çılğınlığının baş tutmaması durmurmu?
Yaradıcı impotensiyanın səbəbinə özünütəsdiqin baş
tutmaması, hərəmxanada hərəm ağasının həsədindən geri
qalmır.
***
Bəzən ədəbiyyat, incəsənət və tənqiddə yeni bir şeylə
rastlaşanda, bələdlik məqsədilə bu şeylərin analoqunu
axtarırlar. Dərk etmək, müqayisə etmək, mənalandırmaq və
dəyərləndirmək məqsədilə onlara hökmən nümunə lazımdır.
Əsl sənət əsərləri isə qışqırıqla, gözə soxulmaqla və buna
uyğun formalarda meydana gəlmir. Çox vaxt səssiz-küysüz,
sezilmədən dünyaya gəlirlər. Bəzi tənqidçilər hesab edirlər ki,
onlar hansısa yazıçını tanımırlarsa, bu, həmin yazıçının öz
günahıdır. Ancaq geoloqların kəşf edib-etməmələrindən asılı
463
olmayaraq, almaz elə almazdır. Bu müqayisə kiməsə
mübaliğəli görünsə, özümüzə yaxın və uyğun bir şeyi nəzərdən
keçirə bilərik. Neft yerin təkindədir və adi baxmaqla onu
görmək mümkün deyildir. Ancaq bu ki neftin dəyərini aşağı
salmır.
***
O, ziyalıların gözündə kənd yazıçısı idi (kənddən yazsa da,
yazdıqlarını əsasən ziyalılar oxuyurdu). Başqa birisi isə,
ziyalılardan yazsa da, əsasən kəndlərdə və rayonlarda
oxunurdu. Ziyalı deyilən şəxsin ruhunda snobizm mərəzi olur,
özü haqqında oxumaq ona birtəhər gəlir. Öz kəndli həyatından
bezmiş kəndli isə hardasa ondan uzaq həyat tərzinə maraq
göstərir.
***
Adamlar, adətən, ilk mükafatı alana qədər məğrur olurlar.
Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsan
doqquz mükafatın həsrəti ilə yaşayırlar.
***
İki ay ərzində iki ümumittifaq qurultayda
(kinematoqrafçıların və yazıçıların) iştirak etdikdən sonra,
burada, Pirquluda "Qəm pəncərəsi" filminin çəkilişi zamanı
"Literaturnaya qazeta"nın oxumadığım nömrələrinə baxıb
fikrin cəsarətlə, açıq-saçıq deyilişinə, qaldırılan problemlərin
böyük əhəmiyyət daşıdığına sevinsəm də, bu sevinc tam
olmadı, necə deyərlər, ürəyimə yağ kimi yayılmadı. Bunun
səbəbi yaşmıdır (görünür, mən həyatımın elə bir dövrünə
qədəm qoyuram ki, Nazim Hikmət demişkən, bu yaşda artıq
söz səni sərxoş etmir). Bəlkə
səbəb zəmanənin
etibarsızlığındadır ki, birdən qəfil şəkildə tərs üzünü göstərib
dəyişər. Odur ki, verilmiş söz azadlığı, icazəli azadlıq sənə tam
ləzzət vermir – Azadlıq və Həqiqət onu verənin iradəsindən
asılıdırsa, bütün qaçılmaz qurbanları bahasına amansız
mübarizədən doğmayıbsa, onun dadı da başqadır. Halbuki, bu
atmosferi hələ uzun illərdən bəri ən vicdanlı yazıçılar
464
yaratmışlar və mən də bu işə öz payımı vermişəm. Amma
vicdanlı yazıçı öz zınqırovlu sənət həmkarları haqqında hirslə,
acıqla, nə bilim, hansısa eyhamlarla danışanda məndə belə bir
şübhə yaranır ki, bəlkə elə onun özü də bu zınqırovlara həsrət
çəkən bir şəxsdir. Kim nəyin tamarzısıdırsa, ondan da danışır.
Təbiətin, Allahın və taleyin ədalətli payı var. Kimlərəsə
istedad, başqalarına orden verilir. Düzdür, zaman keçdikcə
bunların ikisinin birləşdiyi məqam da olur. Desəm ki, bu uşaq-
muşaq oyuncağını mən istəmirəm, səmimi çıxmaz, eyni
zamanda onların həsrətində də deyiləm. Sadəcə, mənim fikrimə
görə, onlara əlin çatmayanda, bunu özünə dərd eləməməlisən,
verəndə isə sevincindən atlanıb-düşməməlisən. Hər cür
mükafatdan nümayişkaranə surətdə imtina etmək də, həmin
ordenləri alıb həvəslə döşünə taxmaq ehtirası da bir şeydir.
Verirlər, versinlər də… Verməsələr nə olacaq ki… Kəsəsi bu
məsələyə ömür sərf eləməyə dəyməz. Bu məsələni biryolluq
yaddan çıxartmaq lazımdır.
1986-cı il, iyun
***
Bu və ya digər şəxsin mənəvi baxımdan dəyərləndirilməsi
zamanı onun yaşadığı dövr, zəmanə və şəraitin qulaqardına
vurulması ən böyük ikiüzlülükdür. Şübhəsiz ki, mənəvi bütövlük
bütün dövrlərdə sabit və dəyişməzdir, ancaq onun təzahür
formaları bir çox cəhətdən şərait və tarixi gerçəklikdən asılı ola
bilər. Həqiqət Tdəb" olan dövrdə, bu zaman çərəyində
təsəvvürolunmaz dərəcədə TcəsarətliU olmaq dünyanın ən
ədalətsiz işlərindən biridir. Axı indi həqiqətə qəsdən yol açılır, onu
deyənə mükafat verilir, bu həqiqət dividendlər belə gətirməklə, hər
yerdə fəal şəkildə tətbiq olunur. Odur ki, həqiqətin ürəyinə qızmış
dəmir basılanda, yalanın isə total şəkildə artması zamanında
əlindən heç olmasa susmaq gələn adamlar daha abırlı görünür.
465
Pasternak cəsarətli, mərd, ən əsası isə qorxmaz sənətkar idimi?
Əlbəttə. Hər halda, Yevtuşenkodan cəsarətsiz deyildi.
***
Şir və pələng ovu cəsarət tələb eləyir. Şir və ya pələnglə
rastlaşanda ayaqların əsmirsə, kişisən. Səhrada əliyalın, silahsız
pələng və şirlə rastlaşanda əsməyin hələ qorxaqlıq əlaməti
deyil. Ancaq ölmüş şirə, yaxud pələngə güllə atmaq heç də
böyük hünər deyil. Bax bunu bu günün icazəli qəhrəmanlarına
xatırlatmaq necə də yerinə düşür.
***
Despotluqla demokratiya arasındakı fərq nədən ibarətdir.
Despot rejimində pələnglər və şirlər özünü tülkü kimi aparırlar.
Demokratiya dövründə isə hamı pələngə və şirə dönür. Bəs
dovşanlar? Despotun dövründə dovşanlar tülküyə dönmüş
şirlərdən və pələnglərdən qorxurlar, demokratiya zamanı isə
qəfildən şirə-pələngə dönmüş tülkülərdən.
***
Qadın təkcə qısqanmır, həm də ürəyinin dərinliyində
qısqanılmasını istəyir. Hər dəfə o, səmimi qəlbdən, yaxud da
yalandan ərinin, oynaşının, ona heyran kəsilən başqa bir şəxsin
dəhşətli və dözülməz qısqanclığından şikayət edəndə ürəyində
arzulayır ki, Allah onu heç zaman bu əzabdan qurtarmasın. Bu
əzab ona özünütəsdiq üçün lazımdır: qadının onu qısqanmaq
səbəbi nə qədər az olsa, bir o qədər qısqanılmaq həvəsi
alovlanır. Qısqanmağa əsası olan qadınların öz cazibədarlığını
nümayiş etdirib sübuta yetirməyə ehtiyacı olmur.
***
Marksizm təlim kimi düşünülübsə də, dinə çevrilmişdir.
***
İnsan əks ardıcıllıqda mövcud ola bilsəydi... Ancaq bu
mövcudluq haçan və nədən başlayır? Valideynlərinin ilk
tanışlığından, ilk təbəssümündən, öpüşündən? Pol Eluar yazır ki,
insanlar öpüşdən dünyaya uşaq gətirirlər.
***
466
Realizm tarixi hadisədir. O, hər bir müvafiq dövrün təfəkkür
səviyyəsini əks etdirir. Homerin dövründə Təpəgözün təsviri
elə bizim dövrümüzdə teletəsvir kimi real bir şeydir. Realizm o
mənada hüdudsuzdur ki, o, təkcə insanın əməl və sözünü yox,
həm də onun fikirlərini, fantaziyasını, dünyagörüşünü və
yuxularını əks etdirir.
***
Əzab çəkmək haqqını da gərək qazanasan.
***
Həyat həmişə gələcəkdədir. Keçmiş ölüm səltənətidir. O,
yaşanılıb, tükənib, qurtarıb və demək, artıq canını tapşırıb.
***
Kosmopolitizm azad xalqların məzələnməsidir. Əsarət
altında olan xalq bundan çox-çox uzaqdır.
***
Ən yaşarı ideologiya o ideologiyadır ki, özünün əksiylə
mübarizə aparmır, onu mənimsəyib öz içində əridir.
***
Ağıl – şər toxumlu da ola bilər, müdriklik isə həmişə
xeyirxahlıq deməkdir. Ağıl vicdanın səsini şübhə altında
qoymağa gücü çatsa belə, onu əvəz edə bilməz.
***
Həyat – nəqliyyatdır. Yollarda qalmışam, bəlkə məni kimsə
öz avtomobilinə, öz həyatına götürə.
***
O, işıqlanıb gərəksiz olmuş lent kimi idi. Mənasız və lazımsız.
***
Qədim Romada ən zülmkar nəzarətçiləri qulların arasından
seçirdilər. Faşistlər isə kapo adlanan nəzarətçiləri elə əsirlərin
öz arasından seçirdilər. Məmlükləri, yeniçəriləri də buraya
əlavə etmək olar.
***
Gələcək o zaman reallıq kəsb edir ki, hansı mənadasa indiki
zamanda iştirak edir.
467
***
Dahilik, taleyin özünü də ehtiva edir. Taleyin öz dühasını
gerçəkləşdirmək imkanı vermədiyi insan potensial dahi sayıla
bilməz.
***
Ədəbiyyat insanın üzərindən statistik damğaları götürür, hər
bir insana təkrarolunmaz yeganə fərd kimi yanaşır.
***
Bəzi adamların sinizmi, heç şübhəsiz ki, cəmiyyətin
həyasızlığından irəli gəlir.
***
Azərbaycanda dini müəyyən mənada poeziya əvəz edir - öz
tanrıları və peyğəmbərləri ilə birlikdə.
***
Həmişə öz uğurları ilə öyünən lovğa cəmiyyət ancaq özünün
yalan-doğru qələbələrindən başqa heç nəyi görməyən dargöz
insanları doğur.
***
Tolstoy deyir ki, insanlar ağıllı və səfeh yox, anlayan və
anlamaz şəklində bölünürlər. Bu, həqiqətən belədir: TYaman
olur anlamaq dərdiU.
***
Ola bilsin ki, həyat elə əbədiyyətdən sonsuzluğa ünvanlanan
ismarıcdır.
***
Azsaylı xalqların içindən çox nadir hallarda böyük nasirlər
yetişir. Bəli, şairlər yetişir, ancaq nasirlər yox. Bəlkə azsaylı
xalqın həyatında epiklik çatmır. Bəlkə bu, onların tarixi
proseslərdə rol oynamaması, yaxud da insanlığın tarixində zəif
iştirakı ilə bağlıdır. Axı poeziya təkcə ürəyin, qəlbin
kardeoqrammasıdırsa, nəsr bütün cəmiyyəti əhatə eləyən bir
şeydir. Azsaylı xalqların içindən çıxan hansı yazıçı, sözün
həqiqi mənasında, böyük nasirdir? Coysmu? Ancaq o da
İrlandiyadan çox böyük ingilis ənənəsinə bağlıdır, baxmayaraq
468
ki, qəhrəmanlarını Dublinin tarixi şəhər kontekstində təsvir
edib. Praqa sakini Kafka da balaca Çexiyaya yox, böyük alman
ədəbiyyatı ənənələrinə aiddir. Balaca İslandiyanın içindən
Nobel mükafatı laureatı Laksnes çıxıb, ancaq Nobel
mükafatını alsa belə, Laksnes böyük yazıçıdırmı? Bilmirəm.
Oxumamışam.
***
Nağıllar xalqların yuxularıdır.
***
Uşaqlığın xiffətini çəkmək – uşaqlığımızda yaşlıların
həyatını nə vaxt yaşayacağımızı həsrətlə gözləməyimizlə
bağlıdır. Bu yaşa çatanda tamam başqa şeyin şahidi olursan.
Doğrudanmı, həyatımızın ilk dövründə biz yaşlıların həyatını
elə beləcə təsəvvür edirmişik?
***
Bəzən kitablarda gözümüzə çox qəribə, heç harda təsdiqini
tapmamış və izah olunmayan faktlar sataşır. Məsələn, Yeremey
Parnovun Ernest Telman haqqında yazdığı "Gizlin məhbus"
kitabının (Moskva, 1978) 356-357-ci səhifələrində gözümə
belə bir fakt sataşdı: "Svastika ideyasını Hitlerə uzun illər
Tibetdə yaşamış Qurciyev soyadlı bir azərbaycanlı vermişdi".
***
"Drujba narodov" jurnalının təşkil etdiyi dəyirmi masada
çıxış edərkən dedim ki, biz yuxularımızı belə Qlavlitdən
(senzura idarəsi) keçirtmək məcburiyyətində qalmışdıq. "Yaxşı
padşahın nağılı"nda yuxulara icazəni şah verir. Bu yaxınlarda
hardasa oxudum ki, German Kant "RENT-Korporeyşndə"
çalışarkən yuxuların proqramlaşdırılması üzərində işləyirmiş.
Ümumən götürdükdə "Yaxşı padşahın nağılı" ətrafında çox
mürəkkəb bir situasiya yarandı. Bu hekayəni qələmə alanda,
mənim sarkazmımın hədəfində ancaq və ancaq totalitarizm
dururdu, burada heç bir konkret ünvan-filan yox idi, ancaq
buna baxmayaraq, bəzi adamlar onu konkret şəxslərlə
əlaqələndirməyə cəhd etdilər. Dərhal müvafiq instansiyalara
469
danoslar göndərildi, bir məlumatlı adamın dediyinə görə, bu
danosları mənim bəzi sənət dostlarım yazırmış. Sən bir
paradoksa bax: mənim hekayəmdə şah şer yazmağa başlayır.
Bu hekayə çap olunandan bir neçə il sonra qəfildən Brejnev də
TyazıçıU oldu. Mən ədəbi süjeti heç bir konkret şəxsə görə
qurmasam da, həyat özü mənim hekayəmin əsasında duran
vəziyyəti reallaşdırdı.
***
Yeri gəlmişkən, Brejnev haqqında. Onun Bakıya gəlişi
ərəfəsində Lenin meydanında, düz mənim evimin qarşısında
böyük tədbirlər hazırlanırdı. Gecənin bir aləmində ucu-bucağı
görünməyən meydanda məşqlər keçirilirdi. Reproduktorlardan
alqışlar və maqnitofon lentinə yazılmış "Ura" səsləri ucalırdı.
Maqnitofon lentinə yazılmış və meydanda səslənən alqış,
entuziazm, ura səsləri, alqışlar mənim üçün absurd dövrünün
ən parlaq simvolu olaraq qalır.
***
Puşkin haqlıdır, sənətkar cinayətkar ola bilməz. Onun
alibisini, təqsirsizliyini sübut edən istedadıdır.
***
Yunq qeyd edir ki, sənətkar öz taleyini bütün bəşəriyyətin
taleyi ilə eyniləşdirir, bunun vasitəsilə isə bir növ həm də azad
olur və bütün dövrlərdə insana hər hansı bədbəxtlik önündə
duruş gətirmək, habelə ən uzun və üzüntülü gecənin belə belini
qırmaq imkanı verən xeyirxah qüvvələrlə qovuşur. Yunqun
fikrinə görə, sənətin təsir mexanizmi bundan ibarətdir.
***
Mən həmişə dostlarımın yaxşı dostu olmağa çalışmışam.
Onların mənə yaxşı dost olmasından daha yaxşı. Ancaq bu,
bədbəxtlik yox, taledir.
***
İyirmi milyondan artıq güllələnmiş və məhv edilmiş insan -
xalqın özü-özünün qənimi elan edilmişdi.
***
470
Xatırlamaq hər bir insanın yaradıcılıq fəaliyyətinin bir
elementidir. Bu səbəbdən bütün insanlar potensial olaraq
yaradıcı və sənətkardırlar.
***
Bu dünyada təkcə ictimai, siyasi represiyalar mövcud deyil
ki. Təbiətin də represiyaları mövcuddur – yanğın, sel, zəlzələ…
***
Həyat Allahın tapmacasıdır. Açması belədir ki, Tanrı
insanlara bu tapmacanı bulmaq şansı verir, yoxlayır və
sınaqdan keçirir – biz insanlar nə qədər dözə, duruş gətirə
biləcəyik?
***
Dünyanın müxtəlif qəbiristanlıqlarına səpələnən qardaşlıq
qəbirləri – eyni biçimli qəbirlərin səliqəli sırası... insanlar yox,
daşların üzərinə həkk edilmiş tarix və rəqəmlər... Bəlkə elə
əclafların qanunu buradan irəli gəlir – meşəni qırırlar, talaşa
səpələnir.
***
İdeyalar cəmiyyətin içində yetişir, cəmiyyət isə abort da edə
bilər. Tarixin bu burumunda Şərqi Avropa ölkələri azad olmalı
idilər. Bizim üçün, hətta Pribaltika ölkələri üçün vaxt hələ
hamilədir. Tarix bu ideyanın tamam-kamal yetişməsi üçün
hələ bir dövrə də vurmalıdır. Şübhəsiz ki, əgər cəmiyyət
"bətnindəki uşağı" salmasa. (Bu qeydlər səksəninci illərin
sonunda qələmə alınıb. O zaman mən nə biləydim ki, hər şey
belə tez baş verəcək və tarixin növbəti burumu bir il, il
yarımdan sonra özünü göstərəcək. Təkcə Pribaltika
respublikaları yox, yerdə qalan bütün respublikalar azad olacaq
- bu isə doxsanıncı illərin qeydləridir).
***
İnsan nə qədər mürəkkəb və qəlizdirsə, Allahı da bir o qədər
mürəkkəb və qəlizdir.
***
Erməni tarixçiləri və müasir daşnak və digər dənizdən-dənizə
471
(yəni Xəzər dənizinə) Ermənistan ideoloqlarının yazdıqları ilə
razılaşmalı olsaq, gərək azərbaycanlıların əcdadları Xəzər
dənizində yaşayan balıqlar olsun, çünki bu halda onlara başqa heç
bir ərazi qalmır. Bu fikri mən Moskvada SSRİ yazıçılarının
iclasında dedim. Daha sonralar, müstəqillik dövründə Rusiya və
İran Xəzər dənizinin Azərbaycan sektoruna qarşı iddia irəli
sürdülər. Belə çıxır, heç dəniz də bizə məxsus deyilmiş. Bu fikri
isə mən, 1994-cü ilin oktyabr ayında Bakıda "Azadlıq
meydanı"nda keçirilən mitinqdə dedim.
Dostları ilə paylaş: |