Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)


QURAM PANCİKİDZENİN ÖLÜMÜNƏ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

QURAM PANCİKİDZENİN ÖLÜMÜNƏ 

 

Gürcüstan ləyaqətli övladını, ədəbiyyat görkəmli yazıçını itirdi, 



mənsə əziz dostumu itirdim. Quramın ölümü haqqında acı xəbər 

onun Azərbaycandakı dostlarını ürəkdən kədərləndirdi. Quram 

Azərbaycanı çox sevirdi və Azərbaycanda da onu çox sevirdilər. 

Əsərləri dilimizə çevrilmiş, nəşr olunmuşdu. 

Uzun illərdi ki, Quram Gürcüstan Yazıçılar  İttifaqına 

rəhbərlik edirdi. Bunun nə qədər ağır və çətin iş olduğunu çox 

adam bilmir, yaxud dərk eləmir. Quram bu ağır yükü ləyaqətlə 

daşıyırdı, öz borcunu layiqincə ödəyirdi. Ölüm xəbəri Bakıya 

çatanda kimsə  məndən xəbər aldı: – Nədən ölüb? – Yazıçılar 

İttifaqının sədri olmaqdan – dedim. 

Quram yaradıcılığından aldığı günləri, ayları, illəri Yazıçılar 

İttifaqına verirdi. Başqalarının bitib-tükənməyən qayğılarını 

çəkməkçün o, öz yaradıcılıq azadlığını, vaxtını  və  həyatını 

istədiyi kimi qurmaq səadətini qurban vermişdi. 

Bilirəm ki, gürcü yazıçılar Quramın bu fədakarlığını anlayır 

və yüksək qiymətləndirirlər, amma mənə elə  gəlir ki, onun 

yoxluğunu duyduqca bunu daha da dərindən hiss edəcəklər, 

KİMİ itirdiklərini daha aydın dərk edəcəklər. 

Yazıçının  əsərləri diri qaldıqca, kitabları oxunduqca, 

sevildikcə, xatırlandıqca o, özü də diri qalır. Quramın kitabları 

yaşadıqca – onların hər zaman yaşayacağına inanıram. Quram 

də yaşayacaq. Dostlarının, işdaşlarının, oxucularının qəlbində 

yaşayacaq. Yer üzündə o qədər xeyirli işlər görüb ki, indi yerin 

altında rahat yata bilər. 

Əlvida, Quram. 

 

2 sentyabr, 1997 



 

 404 

 

 



HEÇ BİR ZAMAN 

 

Qırx gün keçdi. Elmiranın, Elmira xanımın, bizim əziz 



Elmiramızın vəfatından qırx gün keçdi. 

Pianoçu və pedaqoq, Moskva Konservatoriyasının aspirantı 

və Azərbaycan Konservatoriyasının professoru, əməkdar 

incəsənət xadimi Elmira Səfərova respublikamızda fortepiano 

məktəbinin inkişafinda, dünyanın müxtəlif ölkələrində  çıxış 

edən, nüfuzlu beynəlxalq müsabiqələrdən zəfərlə qayıdan neçə-

neçə  tələbənin yetişməsində müstəsna xidmətlər göstəmişdir. 

O, özü də  gənc yaşlarında beynəlxalq müsabiqənin laureatı 

olmuşdu. Onun itkisinə indiki və sabiq tələbələri, yoldaşları, 

dostluq etdiyi insanlar və ya elə sadəcə bu nadir şəxsiyyətlə 

təmasda olan hər kəs dərindən və ürəkdən kədərləndi. Elmira 

təkin dostluq etməyi bacaranlar az olur. O, peşəsində olduğu 

kimi dostulqda da sadiq və etibarlıydı, dostluq münasibətlərinə 

də sevdiyi işinə yanaşdığı kimi məsuliyyət və  fədakarlıqla 

yanaşırdı. 

Onun öldüyü gün bu acı  xəbər inanılmaz bir sürətlə 

Azərbaycan sərhədlərindən çox-çox uzaqlara yayıldı. 

Mənzillərində telefonları aramsız zəng çalırdı – Moskvadan, ABŞ-

dan, yenə Moskvadan, İstanbuldan, Ankaradan, İsraildən, 

Kanadadan və yenə  də Moskvadan... O, dostlarına necə 

vəfalıydısa, dostlar da ona belə  vəfalı  çıxdı. O, insanları 

birləşdirməyi bacarırdı – qəlbinin istisiylə, əliaçıqlığıyla, Bakıdakı 

kiçik mənzillərinin qonaqsevərliyiylə, həmişə başqasının dərdinə 

həmdərd olmasıyla – elə duyğularla ki, onlar sərhəd tanımır, nə 

məkan sərhədləri var belə duyğularçün, nə zaman-yaş  fərqi, nə 

milli, dini mənsubiyyət məhdudiyyəti. 

Taleyin hökmüylə indi Moskvada yaşayan dostlarının çoxu 

qədim Azərbaycan adət-ənənəsiylə  hər cümə axşamı Flora 

xanımın və onun əri  Ələkbərin evində  yığışırlar. Onları – 


 405 

köhnə bakılıları – Dilarəni, Simanı, Nellini, Altayı, Rudiki – 

Elmiranın xatirəsi bir yerə toplayır. Elmira ölümündən sonra da 

insanları birləşdirir. Bəlkə də bir-biriylə tez-tez görüşməyən bu 

adamları yadlaşmış-yabançılaşmış Moskvada bir araya gətirən 

doğma Bakı  və obrazı Bakının mədəni, musiqi, mənəvi 

həyatından ayrılmaz olan Elmira haqqında solmaz, sönməz, 

doyulmaz nostalji xatirələridir. 

O vaxtkı Bakının müəyyən dərəcədə kosmopolit mühitində 

yetişmiş, təpədən dırnağa musiqiçi, ictimai-siyasi 

problemlərdən çox uzaq olan Elmiranı Qarabağ faciəsi 

sarsıtmışdı, qəlbini ciddi zədələmişdi. Xalqımızın düçar olduğu 

müsibəti, hər itkini, hər Azərbaycan ailəsinin bəlasını öz şəxsi 

dərdi kimi yaşayırdı. Hərçənd, öz dərd-bəlaları da az deyildi. 

O, öz xalqına sözdə yox, əməlləriylə xidmət edirdi – 

Azərbaycan musiqisini özü təbliğ edə-edə və bu musiqini təbliğ 

edənlərin yeni-yeni nəsillərini yetişdirə-yetişdirə. Tələbələrinə 

yalnız peşəkarlığın sirlərini öyrətməklə kifayətlənmirdi, onlara 

mənəvi dəyərlər, milli ləyaqət hissi, estetik zövq, dünyaya 

geniş baxış aşılayırdı. 

Sınaq günlərində faciələrimizi aləmə car çəkmədən öz 

içində, yuxusuz gecələrinin acıdan-acı düşüncələriylə 

yaşayırdı. Hamıdan gizli saxladığı bu stresslər, axır əvvəl onun 

amansız xəstəlyinə  və hamını yandınb-yaxaraq belə erkən 

getməsinə  səbəb oldu. Ailələrinin, valideynlərinin  əxlaqi 

dəyərlərinin varisi kimi Elmira incəliyinə, zərifliyinə  və 

kövrəkliyinə rəğmən çox güclü və qürurlu insan idi, son saatına 

qədər özünü tox tuturdu, mətin aparırdı, mütaliə edirdi, deyib-

gülürdü və eyni zamanda məhkum olduğunu aydın bildiyinə 

görə  həssaslıqla son istəyini – vəsiyyətini də yaxınlarına 

çatdırdı.  İztirabları dözülməz həddə çatdıqda belə  ən yaxın 

adamlarından – bacısından, qardaşından,  ərindən savayı heç 

kəs onun göz yaşlarını görmədi. 

Elmiranın ölümü musiqi-ifaçılıq sənətimiz, musiqi təhsili 

sahəsi üçün əvəzsiz itkidir, amma bu həm də bizim ailənin, 


 406 

şəxsən mənim qəlbimi param-param parçalayan bir ağrıdır. 

Elmira – mənim həyat yoldaşım Zemfiranın böyük bacısıdır və 

mən də onu öz bacım bilirdim. 

Çox uzaqlarda qalmış illərdə, hələ  şəxsən tanış olmadığım 

gələcək bacanağım Tofiq Mirzəyevlə Xaqani küçəsinin iki 

qabaq-qənşər tinində (Səfərovların evi o küçədəydi) 

nişanlılarımızı kinoya, konsertə, ya bulvara gəzməyə getmək 

üçün gözlədiyimiz günlərdən bəri bütün sonrakı  həyatımızı 

yanyanaşı yaşadıq və heç bir zaman heç bir ləkə düşməmiş bu 

dostluq-qohumluq ünsiyyəti, söhbətlər, məclislər – dördümüz 

üçün də son dərəcə munis və  əziz idi. Biz yalnız qohum 

deyildik,  ən yaxın dostlar idik. Azərbaycan rayonlarına birgə 

səfərlərimiz, bəzən, (doğrudur nadir hallarda) daha uzaq yerlərə 

səyahətlərimiz... Moskva payızı  və qarlı  İstanbul qışı... Bütün 

bunlar əbədi itirilmiş keçmişdə qaldı. 

THeç belə  iş olar, Qobustan burada, lap yaxındadır, amma 

mən hələ də oranı görməmişəm" – deyirdi Elmira və mən söz 

verirdim ki, mütləq onu Qobustana aparacam. Daha apara 

bilməyəcəm. Heç bir zaman. Bilirdi ki, Şopenin prelüdlərindən 

birini daha çox sevirəm. "Mən mütləq onu yenidən öyrənib 

sənə çalaram" – deyirdi. Daha çala bilməyəcək. Heç bir zaman. 

Və daha heç bir zaman mənim hər işıq üzü görən yazımı 

oxuyub dərhal fikrini söyləməyəcək, onu bəlkə  də layiq 

olduğundan da yüksək qiymətləndirməyəcək. Və heç bir zaman 

Zemfirayla doyunca danışıb ayrıldıqlarından yarım saat 

keçməmiş yenidən telefonla uzun-uzadı söhbətlər 

aparmayacaq. Və öz oğlu kimi sevdiyi övladlarımızın da hər 

qayğısına qalmayacaq. Heç bir zaman... 

Zəngin daxili aləmiylə də, zahirən də çox gözəl olan Elmira 

daha heç bir zaman bizə  məlahətli gülüşünü bəxş etməyəcək, 

ancaq onun deyə bildiyi xoş, mehriban sözlərlə dindirməyəcək 

bizi. 

Səyahət etməyi sevsə də, bu, ona az-az nəsib olurdu. Amma 



bəzi səbəblərdən qarşısına vətənini tərk etmək məsələsi 

 407 

çıxanda heç cür doğma  şəhəriylə vidalaşmağa daxilən razı 

olmurdu. Günü günə sataraq bu mənhus vida saatını uzadırdı. 

Gəncliyinin, ilk və son məhəbbətinin, yaradıcılığının, işinin-

peşəsinin, aqibətdəysə ölümünün şəhəri olmuş Bakıdan heç cür 

ayrılmaq istəmirdi. Ayrılmadı da. Daha ayrılmayacaq. Heç bir 

zaman. 

Və birdə heç bir zaman bizi evlərinə çağırmayacaq. Nə 



iyunun 16-da, sevgisi bütün ömründən keçmiş Tofiqin ad 

günündə, nə sentyabrın 16-da özünün doğum günündə. Və bu 

günlərdə yığışanlar da neçə-neçənci dəfə xatırlamayacaqlar ki, 

Tofiqlə Elmira gəncliklərində necə  də yaraşıqlı, gözəl idilər, 

bir-birlərinə necə də yaraşırdılar. Və Elmira da növbəti tostunu 

ənənəvi Tmən nə demək istəyirəm sözləriyləU başlamayacaq. 

Sevdiyi tələbələrinin (əslində sevmədiyi tələbələri yoxdu) 

Filarmoniya səhnəsində hər uğurlu çıxışından sonra Elmiranın 

par–par parıldyanan gözləri, dəstə–dəstə gül səbətləri, alqışlar, 

təşəkkür sözləri də olmayacaq. 

Mərdəkanda, Səfərovların bağında o ilıq yay günü də 

olmayacaq. Elə bir gün ki hamımız cavandıq və düşünürdük ki, 

bu, həmişəlikdir: mülayim avqust günəşi, sakit dəniz, 

gəncliyimiz.  Əlbəttə, avqust da olacaq, günəş  də, çimməli 

dəniz də... Ancaq Elmirasız. Və bizim gəncliyimizsiz. 

Onun vəfatıyla dünya elə bil daha tutqun, daha sönük, daha 

qüssəli oldu. 

Elmirasız dünya bizimçün – Zemfirayçün, qardaşları 

Çingizçün, əri Tofiqçün, oğulları Teymurçün, mənimçün, onun 

bütün dostları, yaxınları, tələbələri, iş yoldaşları üçün əvvəlki 

dünya olmayacaq. Ömrümüzü onsuz başa vurmalıyıq. Amma 

son günümüzə  qədər, bizə ayrılmış  həyat möhlətimizin son 

saatına qədər onun təbəssümü, nadir Allah vergisi – insanlara 

sevinc gətirmək istedadı bizimlə qalacaq. 

Səni unutmayacayıq, əziz Elmira, yeganə baldızım. Heç bir 

zaman. Heç bir zaman... 

 


 408 

20 fevral, 1997 

 409 

 

 



QIRX GÜN, QIRX GECƏ 

 

Yusif! 



Mənim etibarlı, ağıllı, istedadlı dostum, yaraşıqlı, gözəl-göyçək 

qardaşım! Səni itirdiyimiz o dəhşətli anlardan qırx gün, qırx gecə 

keçir. Bilirəm, zaman ötdükcə Vaxt ən ağır yaraları sağaltmasa 

belə qaysaqlayır, göynərtisini ovudur, amma ölümündən keçən bu 

qırx günün elə bir saatı, dəqiqəsi olmayıb ki, sənin yoxluğunun 

dözülməz ağrısını duymayım, hər dərdimi, hər sözümü həmişəki 

kimi səninlə bölüşə bilməyəcəyimin acısını hiss etməyim. Gecələr 

yuxuma gəlirsən, "bilirsən, filankəs də lax çıxdı" deyirəm, "gündə 

yeddi dəfə Allahlıq iddiasına düşən indi yetmiş yeddi dəfə düşür, 

tək alçaq dağları yox, elə uca dağları da yaratdığını bəyan edir" – 

deyirəm. "Aybənizin nəvəsi oldu" deyirəm. 

Ölümündən iki gün qabaq, xəstəxanada son görüşümüzdə ordu 

orduna yapışmış, kül rəngli sifətində gördüyüm zəif, amma əvvəlki 

kimi işıqlı təbəssümünlə gülümsünürsən, heç nə demirsən... 

Nə deyəcəksən axı?  Əbədi sükut dünyasındasan. Elə bir 

dünyada ki, ora ünvanlanmış suallar həmişə cavabsız qalır. Bizi 

böyuk qismi (hamısı yox, əstəğfürullah!) çörəyi dizinin üstündə 

olan, dönük, kəmfürsət, paxıl və kinli adamlardan ibarət "ədəbi 

mühitdə", bu canavar sürüsünün içində qoyub niyə getdin? Bizi – 

Vaqifi, Fikrəti, Çingizi, Arifi, məni... Çingiz, Arif bizdən 

cavandırlar, bizlərdən sonra hələ çox illər yaşayacaq və  bəlkə 

haçansa birlikdə  işlədiyimiz günləri xatırlayacaqlar: "Anar bir az 

qaraqabaq idi, Vaqif çox vaxt qaşqabaqlı, Fikrət bəzən dalğın 

olurdu, amma Yusif... Yusifin həmişə dodağında təbəssüm, dilində 

xoş bir lətifə, heç kəsi incitməyəcək, heç kəsin qəlbinə 

toxunmayacaq şux zarafat olardı". 

Eləydi, Yusif. Ağlıma sığışdıra bilmirəm ki, bundan sonra 

bir daha Yazıçılar Birliyindəki, yaxud Milli Məclisdəki 

otağımın qapısından o təkrarsız təbəssümünlə içəri 

girməyəcəksən – çiynində foto-aparat, böyründə cib telefonu, 

həmişə  səliqəli,  şıq geyinib-keçinmiş, yaxanda kostyumuna 

uyğun zövqlə seçilmiş qalstuk, pencəyinin döş cibində eyni 



 410 

rəngli dəsmal, başında dama-dama kepka... 

Təpədən dırnağa aristokrat və ziyalı idin. Qiyafəndə, 

davranışında, oturub-durmağında, insanlarla rəftarında, sənin əlinə 

su tökməyə layiq olmayan adamların hucumlarına, böhtanlarına 

ağayana etinasızlığında...  İctimai və  ədəbi qara-qışqırığa 

biganəliyinə, onu eyninə almamağına görə bəzən səni qınayırdım. 

"Qəribəsən e, – deyirdin – bir it, ya qoca köpək səni dişləyirsə, sən 

də onu dişləməlisən? Hürüb-hürüb yorulacaqlar..." 

Haqlısan Yusif. Sənin belə-belə  şeyləri vecinə almamağının 

səbəbi o idi ki, müdrik insan idin, dünya malında – vəzifə, şöhrət, 

fəxri ad-filan – gözün yox idi. Elə bu hücumların da əksərən məhz 

bu sayaq şeylərə tamah salanlar tərəfindən edildiyini yaxşı bilirdin. 

Elə bir ailədə dünyaya gəlmişdin ki, uşaqlıq çağından şöhrətin hər 

üzünü və ən geniş miqyasını görmüşdün. Bu sarıdan da gözün tox 

idi.  İntizarla onun-bunun ağzına baxıb bir qaşıq tərif payını 

umanlardan, onun-bunun qələmini pusub özü haqqında mübaliğəli 

sözlər eşitməyin nisgilini çəkənlərdən və xudanəkarda bu sözləri 

eşitməyəndə özü-özünü şişirdib dağ başına qoyanlardan deyildin. 

Mirzə  Cəlilin topuğundan olub onunla bəhsə-bəhsə girən 

zavallılara ancaq xəfif bir təbəssümlə gülümsünürdün. Sənin bu 

təbii kübarlığının, ziyalı  ləyaqətinin kökünü yalnız mənşəyinlə, 

nəslinlə, anadan olduğun, yetişdiyin ailənlə bağlamaq düz olmaz. 

Əlbəttə,  əsl-nəcabətin, ailə  tərbiyəsinin də  əhəmiyyəti az deyil. 

Amma bu əsl-nəcabət, ləyaqət bəy nəslinə mənsub olduğu qədər 

adi bir çoban nəslinə  də  mənsubdur. Məsələn, tutalım, çoban 

ailəsində dünyaya gəlmiş Mövlud Süleymanlının ləyaqəti, daxili 

mədəniyyəti, ziyalılığı yazıçı ailəsində göz açmış  bəzi  şərəfdən 

dəm vuran şərəfsizlərdən min pay artıqdır. Səndə isə hər iki cəhət 

son dərəcə ahəngdar  şəkildə bir–birini tamamlayırdı. Ailəndən 

gələn ağayanalıq və öz təbiətinin zənginliyi – böyük istedad, dərin 

zəka, geniş savad, dünyaya, hadisələrə, insanlara, həyata və ölümə 

müdrik baxış... Və bəlkə dünyanın bütün ağrı-acılarını, insanların 

bütün naqisliklərini, xırdaçılıqlarını, yekə-yekə sözlər, gurultulu 

şüarlar ardında vəzifə, kürsü, şan-şöhrət hərisliyi, iyirmi gün 

ləzzətini duyduqları üç ya dörd nömrəli telefonları qaytarmaq üçün 

sifətdən-sifətə düşdüklərini, maaşa dolananların kasıbçılığına 

rişxənd edən harınların hər üzünü gördüyünçün özünə başqa bir 



 411 

dünya qurmuşdun. Bu dunyada ailə üzvlərindən və  ən yaxın 

dostlarından başqa heç kəsin yolu yoxdu. Bu dunya sənin 

düşüncələrinin, aləmə car çəkməyib  əzabını içində yaşatdığın 

dərdlərinin, ağrılarının, min-bir milli, ictimai və  məişət 

problemlərinin dünyası idi. Uğurla başa vurduğun bədii əsərlərinin 

və gələcək yaradıcılıq niyyətlərinin dünyası idi. 

İnsanlardan bezəndə bu dünyada quşlarla, balıqlarla 

ünsiyyət tapırdın – mənzilində saxladığın balıqlarla, quşlarla... 

Quşlar, balıqlar, kitablar, musiqi, bir də  nəvələrinin məzəli 

sözləri – bəlkə axır illər sənə qalan son sevinclər idi. 

Bir də xatirələrin sevinci. Axı sən elə bir ömür sürmüşdün ki, 

çoxları yalnız bu ömrün həsədini çəkməklə öz ömürlərini çürüdür. 

Nə olmayıb sənin ömründə, Yusif? İlk növbədə yaradıcılıq fərəhi 

– gözəl hekayələrin, filmlərin,  ədəbiyyatımızın iftixarı olan, 

dildən-dilə çevrilmiş "Qətl günü" romanın... Xalqımızın  ən ağır 

günlərində onunla bir olmağın, onun yanında və onun keşiyində 

durmağın, dərdiylə yaşamağın xatirələri. Apardığın mitinqlər, 

iştirak etdiyin toplantılar, çıxışların, müsahibələrin... Məqamında 

sənin adından,  şöhrətindən bol-bol istifadə edib sonra səni 

"unudanların" həqiqi məqsədlərini anlamağın və bu xəyal 

qırıqlığından qırılmamağın, bədbinləşməməyin... Ölkələr, maraqlı 

insanlar, kitablar, filmlər, ilk gənclik illərindən sevib-sevilməyin... 

Hər günü beş ömrə bərabər bir ömür... 

Sənin və  mənim evlərimizdə, iş yerlərimizdə, dost 

məclislərində, Qazaxda, Göyçayda, Dərbənddə, Alma-Atada, 

Bişkəkdə, Moskvada, Türkiyədə, Misirdə, Çində, Kanadada, 

ABŞ-da birgə keçirdiyimiz unudulmaz günlər, uzun-uzadı 

söhbətlərimiz – bütün bunlar, ötən günlər, saatlar sənin olduğu 

qədər mənim də xatirələrimdir.  

Bilirəm ki, xatirələr yazmamısan, ancaq gündəlik aparırdın. Bu 

ortaq xatirələrimizin hansıları  əks olunub yazılarında, bilmirəm. 

Hər halda bütün bunları canlandırmaq, ötüb keçmiş ömrümüzü bir 

daha kağız üzərində yaşamaq mənim öhdəmə düşür. Həm öz 

yerimə, həm sənin yerinə. Əlbəttə, ömür vəfa etsə… 

Səninlə bağlı min bir epizodu, dərin-dürüst fikirlərini, dəqiq 

mülahizələrini,  şux zarafatlarını, bənzərsiz yumorunu, zəngin və 

canlı  şəxsiyyətinin müxtəlif cizgilərini daha dolğun və  ətraflı 



 412 

şəkildə qələmə almaq indi mənim yoldaşlıq borcum, vəzifəmdir. 

Vaqif küçəsində hekayələrini dinlədiyim, hekayələrimi 

dinlədiyin o uzaq günlər, "Qətl günü"nün əl yazmasını 

oxuduğum gecə, Ankarada mini bara qoşduğun məzəli  şer, 

Qahirədə Piramidalara  getməyə  ərinməyin, "əşi, kinoda 

görmüşük də" deməyin,  İstanbulda Çiçək passajında Eminin 

hesabına qəhvə içməyimiz, sonra İstiqlal caddəsində Eminə 

qalstuk almağın, Vaqifin hər təzə şerindən duyduğun və böyük 

qardaş  təmkiniylə gizlətməyə çalışdığın qürur, mənə 

bağışladığın qəlyan ("axır ki, sənin də bir keyfiyyətli qəlyanın 

olsun" – dedin), gecə yarısı telefon zənglərin… 

Akvarium balıqları  və  qəfəsdəki quşlar, fotolar və dama-

dama kepka… İndi isti-isti bütün bunları xatırlamaq, xəyalımda 

bir də yenidən yaşamaq mənə  çətindir, Yusif. Dəfn 

mərasimində danışa bilmədim. Arazın matəmində olduğu kimi 

o gün də qəhər məni boğurdu. Yalnız bir-iki söz deyə bildim. 

Bu yazım da bəlkə bir az dağınıq oldu. Bəlkə içimə  yığılmış 

acılar və bu acıları  səninlə paylaşa bilməyin imkansızlığı elə 

sözləri, elə ifadələri işlətməyə məcbur etdi ki, bu gileylər sənin 

haqqında, – büllur kimi pak, təmiz, qəlbi hər cür həsəddən, kin-

küdurətdən, xıltdan xali olan insan haqqında yazıya 

düşməməliydi. Buna görə bağışla məni, Yusif… 

Neyləməli; "Kimə deyim dərdimi, dünya dolu adamdır?" 

Axı heç birinə heç bir pislik, bədxahlıq etmədiyimiz,  əksinə 

bacardığımız dərəcədə, imkanlarımız daxilində həmişə yaxşılıq 

etməyə çalışdığımız, həmişə ancaq və ancaq xeyirxahlıq 

göstərdiyimiz bu insanlar nə istəyir bizdən, ay Yusif? Nə 

veriblər ala bilmirlər? 

Cavab yoxdur…  

Yusif yoxdur… Yusif Səmədoğlunun vəfatından qırx gün, qırx 

gecə keçir…  



Sentyabr, 1998 

 413 

 

NƏHS AVQUST 

 

Həyat Kitab kimidir. Bu Kitabı Tanrı yaradıb. Biz insanlar 



isə oxuyuruq və oxuduqlarımızı bir-birimizə danışırıq. Anadan 

olduğumuz gündən oxumağa başlayırıq. Ortalarına çatırıq. 

Bitiririk – ömrümüz sona yetir. 

Amma yazılan kitab da – həyat kimidir. Əlinə kitab alıb 

oxumağa başlayırsan. Birdən bir xəbər gəlir – şad xəbər ya bəd 

xəbər. Həyat Kitabı ömrünə daxil olur. 

Yazıçı üçünsə həyat Kitabıyla kitabın həyatı sarmaşıq təkin 

bir-birinə sarılıb. Kitabı yazmağa başlayırsan – yazı müddəti 

uzun çəkirsə, bu vaxt ərzində kimsə doğulur, kimsə ölür, 

müharibələr başlayır və bitir, zəlzələlər olur, hakimiyyətlər 

dəyişir, biri evlənir, biri boşanır, dost itirirsən – rəhmətə gedir 

ya dönük çıxır. Payıza düşürük, qış gəlir, yenidən yaz oyanır. 

Sonra yay – yeganə yazı-pozu imkanım. 

Amma yaydan yaya keçən ömür müddətində duyğularım, 

düşüncələrim neçə dəfə və necə dəyişib – bir Allah bilir. Əvvəl 

adını "Keçən keçdi, olan oldu", sonra dəyişib "Əsrim və 

nəslim" qoyduğum xatirələr, düşüncələr romanımın böyük 

hissəsini 97-ci ilin yayında yaza bildim. Amma yenə payız 

gəldi. Yenə yazım yarımçıq qaldı. Az qala söz oyununa uyub 

"yazım yaza qaldı" yazacaqdım. Yaya qalmasaydı. 

1998-ci ilin yayında Zuğulbada "Min beş yüz ilin Oğuz şeri" 

antologiyasını  tərtib etməklə yanaşı, ara-sıra bu yazımı da 

işləyirdim. Avqustun ikinci yarısında bitirmək niyyətindəydim. 

Avqustun 16-da Bakıdan Vaqif Səmədoğlu telefon etdi, dedi 

ki, bir saat bundan qabaq Yusif rəhmətə getdi. 

Yusif Səmədoğlu mənim ən etibarlı dostlarımdan idi, həyanım, 

arxam, çətin günlərimdə ürəyimi aça bildiyim insan idi. Neçə aydı 

sağalmaz xəstəliyə düçar olmuşdu. Həkimlər bir ümid vermirdilər, 

gün-gündən şam kimi əriyirdi. Sonuncu dəfə ölümündən iki gün 

qabaq xəstəxanada gördüm onu. Bir dəri qalmışdı, bir sümük. Son 

dəfə gülümsündü. Yusifə  ağı kimi onun qırxına "Qırx gün, qırx 


 414 

gecə" adlı yazı yazdım. 



*** 

"Əsrim və  nəslim" yazmaq istədiyim trilogiyanın birinci 

kitabıdır.  İkinci kitabı artıq çoxdan yazılıb və çap olunub: 

"Sizsiz", "Keçən keçdi, olan oldu" adlı üçüncü kitabı isə gələn 

yay yazmaq niyyətindəyəm. Trilogiyanın bu üçüncü kitabında 

Yusif haqqında, ümumiyyətlə, öz yaşıdlarım, taytuşlarım, 

keçdiyimiz ömür yolu haqqında daha ətraflı yazacam. Əsrin 

son iki onilliyi haqqında, bu dövrün siyasi, ictimai, ədəbi 

həyatı, son dərəcə mürəkkəb, qatma-qarışıq, təzadlı dövr 

haqqında yazacam, şahidi olduqlarımı  və düşüncələrimi 

müfəssəl təsvir etməyə çalışacam. 

98-ci ilin avqustunda – Yusifin itkisiylə bütün duyğularım, 

yazmaq həvəsim alt-üst oldu. Romanı yarımçıq qoyub nisbətən 

texniki xarakter daşıyan bir işlə – Antologiyanın ikinci cildini 

tərtib etməklə məşğul oldum. Payız gəldi – yenə Milli Məclis, 

yenə Yazıçılar Birliyi, yenə yüz cür iş, yüz cür problem, yüz 

cür qayğı. Yüz cür xahişə  gələn adamlar… Toplantılar, 

görüşlər, müsahibələr… Axşam evə  sıxılmış limon kimi 

qayıdırdım. 

99-cu ilin yanvarında bəxtim gətirdi – xəstəxanaya düşdüm. 

Elə qorxulu bir şey yoxdu, 87–ci ildən duçar olduğum diabet 

hərdən bir "mən də varam, məni də unutma" deyir. Qanda 

şəkər 300-ə qalxmışdı.  Amma 20 gün xəstəxanada tək otaqda 

qalmağım, ardı-arası  kəsilməyən telefon zənglərindən, saysız-

hesabsız xahişlərdən, tədbirlərdən, qəzetlərin zəhərindən təcrid 

olunmağım roman üzərində  işimi davam etdirməyə imkan 

verdi. Xeyli hissəsini yaza bildim. 45-46-cı illərin Cənubi 

Azərbaycan hadisələrinə çatdım. Gecə üçdə bu hissəni qurtarıb 

nöqtə qoydum. Səhər xəstəxanadan çıxdım. "Dalısı qalsın 

yaya" – dedim. 

İyunda və iyulda "İmpuls" qəzetində atama və  mənə qarşı 

böhtan və  təhqirlərlə dolu iyrənc yazılar çıxdı. Onlara cavab 

verməli oldum. Vaxtım, əsəblərim, yaradıcı iş üçün vacib olan 


 415 

könül rahatlığım buna getdi. 

Mənim taleyimin də, bizim ailəmizin də  qəribə bir 

xüsusiyyəti var. (Bəlkə bu başqaları üçün də, ümumiyyətlə, 

insan həyatı üçün də  səciyyəvidir). Ürəkbulandıran dedi-

qodular, mığmığa sancmaları, hər çeşid bədxahların 

mırtdanmasıyla müşayiət olunan, istəmədən qoşulmağa məcbur 

olduğum ədəbi və ictimai dava-dalaşlarla dopdolu ömrümüzün 

ara-sıra işıqlı, sevincli, qayğısız zolaqları da olur – bir neçə 

gün, bəzən bir həftə, nadir hallarda – bir ay. Naşükür olmayaq. 

Bu da az deyil. Axı insanların çoxuna heç bu qısa sevinclər də 

nəsib olmur. 

İyul ayında Quzey Kipr Türk Cümhuriyyəti Milli 

Məclisimizin bir qrup deputatını, o cümlədən məni də 

xanımlarımızla bir yerdə bu ölkəyə dəvət etmişdi. Oğlum Tural 

Ankarada AzərTacın müxbiridir. İyulun 21-də Turalın böyük 

oğlu Rəsulun on yaşı tamam olur. Kiprə  səfərimizlə  əlaqədar 

Turalgillə sözləşdik ki, onlar da bir həftəliyə Kiprə  gəlsin, 

Rəsulun ad gününü orda birgə keçirək. Qızım Günel də dörd 

yaşlı qızı Denizlə bizə qoşuldu. 

Şimali Kiprdə bir dəfə olmuşdum: 93-cü ilin mayında bir 

toplantıda iştirak və  çıxış etdim. Mayda mənə  cənnətin bir 

guşəsi kimi görünmüş bu gözəl ölkə indi cəhənnəm istisində 

yanırdı. 

Qüzey Kiprdə yerli türkləri yunan soyqırımından xilas 

etmək üçün Türkiyə silahlı qüvvələrinin adaya çıxdıqları günün 

25 illiyi bayram edilirdi. 

Levkoşanın böyük meydanında təntənəli rəsmi-keçiddə 

Türkiyənin və  Şimali Kiprin çeşidli silahlı qüvvələri iştirak 

edir, göydən  əlvan paraşütlərlə  gənc oğlan və  qızlar düz 

meydana enirdilər. Kipr türkləri iftixarla: paraşütçülər öz yerli 

qoşunlarımızdandır – deyirdilər. 

74-cü ildə yunanlar Kiprdə türklərin axırına çıxmaq 

siyasətini ardıcıl sürətdə  həyata keçirərkən o vaxtkı vahid 

ölkənin Prezidenti axiyepiskop Makarios idi. (Sovet İttifaqı 


 416 

tərəfindən dəstəkləndiyi üçün türklər ona "qızıl papas" 

deyirlər). 

Türkiyənin Kiprdəki soydaşlarının dadına çatacağı haqqında 

fikirlər yayılanda Makarios: – Türkiyə qoşunlarını adaya 

çıxaracaqsa, burada türk tapmayacaq – demişdi. Yəni hamısını 

məhv edib, ya qovub qurtaracayıq. Amma Makariosun özünün 

başı  bəlaya düşdü. Yunanıstanda qara polkovniklərin xuntası 

faşist hökuməti qurdu, adada isə Samson adlı avantürist 

Makariosu devirib hakimiyyəti  ələ keçirdi.  Makariosun 

başladığı siyasətini Samson daha amansız və sürətli şəkildə icra 

etməyə başladı. Adada olduğumuz günlərdə bizi müxtəlif 

yerlərdə – Atlılar, Muradağ, Sandallar şəhid qəbiristanlıqlarına 

apardılar. Yunan faşistləri bütöv türk kəndlərini – arvadları, 

qocaları, körpə  uşaqlarıyla qətlə yetirmişdilər. Atlılar kənd 

məzarlığında Kamil Merac adlı sanki bütün varlığıyla dərd 

mücəssiməsinə çevirilmiş yaşlı kişi bizə bələdçilik edir, izahat 

verirdi – onun bütün ailəsini qırıblar – arvadını, dörd uşağını, o 

cümlədən yaş yarımlıq oğlunu. Hamısı da bu toplu məzarlıqda 

torpağa gömülüb. 

Kipr türkləri onların bu genosiddən qurtaracaq Türkiyə 

silahlı qüvvələrini intizarla gözləyirmiş. Ölkənin türk icmasının 

rəhbərləri bu xilas yardımının haçan gələcəyini gününə, saatına 

qədər bilirmiş. Levkoşadakı mitinqdə Quzey Kipr Türk 

Cümhuriyyətinin Prezidenti Rauf Denktaş da çıxış etdi. Gözəl 

natiqdir. Təsirli danışırdı. Nitqinin bir məqamı  məni xüsusilə 

riqqətləndirdi. Türkiyə qoşunlarının müəyyən saatda (dəqiq 

yadımda deyil, məsələn səhər 5-də) adaya çıxacaqlarını 

bilirmişlər. Bu saat gəldi, amma heç nə görünmürdü. Denktaş: 

"Düz bir saat intizar içində yaşadıq – dedi. – Bəlkə bir şey 

olub, Türkiyə  qərarını  dəyişib. Onda bizim halımız necə 

olacaq?" 

Bir saat sonra havada Türkiyə təyyarələri, dənizdə türk hərbi 

gəmiləri göründü. Ana vətən Yavru vətənin (türklər Kipri 

nəvazişlə belə adlandırırlar) imdadına çatmışdı. 


 417 

Bu qərarı Türkiyənin o vaxtkı Baş Naziri Bülənd Ecevit 

vermişdi.  İndi bu tarixi hadisənin 25-ci il dönümü bayram 

edilərkən Kipr türkləri Eceviti milli qəhrəman kimi qarşılayırdılar. 

Bu ortaboylu, arıq, qarabuğdayı (Türkiyədə ona Qaraoğlan 

deyirlər), daima başında kepka olan dürüst və namuslu 

siyasətçiyə  həmişə  rəğbət bəsləmişəm.  Əvvəla, Türkiyədə 

hamının, hətta rəqiblərinin belə  təsdiq etdiyi əlitəmizliyinə 

görə.  İkincisi, "millət-millət", "din-din" deyə bağıran bəzi 

başqa siyasətçilərdən fərqli olaraq Ecevit çağdaş Türkiyənin 

tarixində sözləri və bəyanatları ilə yox, əməlləri ilə həlledici rol  

oynayıb.  74-cü ildə Kipr  türklərinin  xilas  olması da,  99-cu 

ildə qanlı terrorist, 30 min türk və kürd insanının qanını tökmüş 

Aponun – PKK lideri Abdulla Ocalanın dünyanın o başında 

yaxalanıb Türkiyə ədalətinə təslim edilməsi də Ecevitin adıyla 

bağlıdır, onun iqtidarı dövründə olub. Üçüncüsü, şəxsi 

təəssüratlarımla əlaqədardır. Türkiyənin həm ədəbi, həm siyasi 

həyatını müfəssəl bilən, Nazim Hikmətin tədqiqatçısı və dostu 

Əkbər Babayev Ecevitlə  məktublaşırdı. Ecevitin həm də bir 

şair olduğunu ilk dəfə Əkbərdən eşitdim və çox illər sonra bir 

şerini tərtib etdiyim Antologiyaya daxil etdim. 89-91-ci ildə 

Moskvada deputat olduğum vaxtlarda Ecevitlə  şəxsən tanış 

oldum. O vaxt Moskvada daimi nümayəndəmiz olan gənclik 

dostum Zaur Rüstəmzadə  məni və Rüstəm  İbrahimbəyovu 

nümayəndəliyimizə Ecevitlə görüşə çağırdı. Ecevit o vaxt 

müxalifətdə idi. Maraqlı söhbətimiz oldu. Ecevit islam 

fundamentalizminə qarşı Türkiyənin apardığı – Mustafa Kamal 

Atatürkün mənəvi və nəzəri irsinin təməl prinsipini təşkil edən 

layiqliyin – dünyəvi dövlət siyasətinin nə  qədər önəmli 

olduğunu vurğulayır, bunun Batı dünyası  tərəfindən dərkinin 

vacibliyindən danışırdı. Söhbət türk dillərində yeni kəlmələrin 

işlənməsindən düşdü. Yadımdadır ki, hələ o illər Türkiyə 

səfərlərimdə televiziya ilə siyasi xadimlərin çıxışlarını 

dinləyirdim. Qəribədir ki, çağdaş Türkiyədə dil də siyasiləşib, 

daha doğrusu, partiyalaşıb. Neologizmləri daha çox solçular, 


 418 

əski kəlmələri sağçılar işlədir. Və bir sağçı siyasətçinin: 

"Ecevit demişkən, "olaylar" ifadəsini işlətməsi, yadımda qalıb. 

Amma indi 20-25 il sonra "olaylar" sözünü hamı işlədir – sollar 

da, sağlar da. Bu ciddi məsələ ayrı, daha ətraflı söhbətin 

mövzusu, Türkiyə türkləri demişkən, konusudur. Burada bu 

məsələyə toxunmağın səbəbi odur ki, Ecevit söhbətdə bizim 

"açar" kəlməsini çox bəyəndiyini və onu "anaxdar"ın yerinə 

işlətməyin gərəkliyini dedi. Mən də "Qobustan" toplusunun 

dilimizə gətirdiyi bir sıra yeni sözləri, məsələn "inkar edilməz" 

əvəzinə "danılmaz", "təfsir"  əvəzinə "yozum", vertolyot 

əvəzinə "dikuçar" işlətdiyimizi dedim. "Vertolyotu", təbii ki, 

anlamadı, helikopter deyə izah etdim. "Dikuçar" sözünü çox 

bəyəndi və cib dəftərçəsini açıb ora yazdı. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin