Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)


TOFİQ İSMAYILOVUN XATİRƏSİNƏ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

TOFİQ İSMAYILOVUN XATİRƏSİNƏ 

 

Budur bax – bir il də keçdi. 1991-ci il noyabrın mənhus 20-



sində Qarabağ göylərində görünməmiş qəddarlıqla, məkrlə bir 

dikuçar (helikopter, vertolyot) məhv edildi. İndiyəcən 

açılmamış bu cinayətin nəticəsində insanlar həlak oldu: onların 

çoxusuyla uzun illərin dostluğu bağlayırdı məni və bu dostların 

içində ən yaxını Tofiq İsmayılov idi. 

Dostlar müxtəlif türlü olur – uşaqlıq dostları, gənclik 

dostları, ömrün qısa, ya uzun müddətlik dostları. Əlbəttə, ömür 

boyu sürən dostluq da var. Tofiq mənim sinli çağımın dostu idi, 

bu yaşda dostları xüsusi tələbkarlıqla seçirsən. Biz öz 

ömrümüzün və xalqımızın ömrünün ən ağır, ən çətin illərində – 

son illərdə dostlaşdıq. Bu çətin və ağır illəri həm də sınaq illəri 

adlandırmaq olar – insan münasibətlərinin, etibarın və 

etibarsızlığın sınanıb üzə  çıxdığı illər, sözlə  hərəkətin bir-

birindən dəqiq ayrılıb seçildiyi illər. Bu yaşda, adətən, dostları 

tapmırlar, itirirlər. 

İtkilərimin qəmli siyahısı var, o cümlədən dost itkilərimin 

də. Biri öldü, belə erkən, belə tez getdi aramızdan. Biri 

uzaqlara getdi. Üçüncüsü satdı – sakitcə, səssiz-səmirsizcə 

xəyanət etdi. 

Ömrün bu sərt aşırımında tale mənə Tofiqlə dostluğu bəxş 

etdi, bu dostluq gec gəldi həyatıma və əfsus ki, çox qısa oldu. 

Tofiq  İsmayılov haqqında 1989-cu ilə  qədər nə bilirdim? 

Bilirdim ki, görkəmli alimdir və Akademiyamız onu öz üzvü 

seçmək  şərəfinə layiq görməyib. Bilirdim ki, ziyalı, mədəni, 

nəzakətli adamdır, görüşəndə bir-birimizə iki-üç kəlmə xoş söz 

deyərdik, ya elə-belə gülümsünərək salamlaşıb ötərdik. 

Gərək ki, 1987-ci ilin payızında Yazıçılar  İttifaqında 

Xəzərin problemlərinə  həsr edilmiş  Dəyirmi stol ətrafında 

toplaşmışdıq. Moskvadan publisistlər, bizim Azərbaycan 


 376 

yazıçıları, jurnalistləri, alimləri dəvət olunmuşdu. Onların 

sırasında "Xəzər" Kosmik Tədqiqatlar  İnstitutunun müdiri 

Tofiq  İsmayılov da vardı. Onun çıxışına heyran qaldım. 

Xəzərin ekologiyası üzrə mütəxəssis olmasa da, ətraflı, səriştəli 

çıxışında bu problemləri yerli-yataqlı, müfəssəl bilməsi açıq-

aydın görünürdü. 

Elə bütün bunlar kifayət idi ki, mən Tofiqin dikuçarda həlak 

olmasını xalqımız, cəmiyyətimiz, elmimiz üçün böyük itki kimi 

qəbul edim. Amma İttifaq deputatlığının məşəqqətli illərində bizi 

bağlayan  əlaqələr mənəvi aləmimin elə bir vacib hissəsinə 

çevrilmişdi ki, Tofiqin ölümü mənimçün ağır şəxsi dərd oldu, yeri 

heç nəylə doldurulmayacaq bir itki oldu. Bu keçən il ərzində elə 

gün olmayıb ki, Tofiqi xatırlamayım, onun yoxluğunun acısını 

duymayım, ictimai-siyasi həyatımızın ciddi dönüş  məqamlarında 

onun olmamasını düşünməyim. Axı o olsaydı, qalsaydı, çox şey 

ayrı cür yönələ bilərdi. Tarixdə də, taledə olduğu kimi fərziyyələrə, 

gümanlara "əgər belə olmasaydı, elə olsaydı" ehtimallarına yer 

yoxdur. Tariximizin ağır olayları Tofiqin qəlbini acılarla 

doldururdu. O xalqının dərdlərini mərd-mərdana, kişi kimi çəkirdi, 

bu dərdi çəkdiyini nümayiş etdirmək  üçün  yox.  90-cı ilin qanlı 

Yanvar gecəsinə görə Tofiqin ürəyi param-parça olmuşdu, amma 

Xocalı müsibətini,  Şuşa faciəsini bilmədən getdi bu dünyadan. 

Bəlkə bu qəribə səslənəcək, amma bəzən mənə elə gəlir ki, ölənlər 

hardasa diri qalanlardan daha bəxtiyardırlar, çünki ölümlərindən 

sonra baş vermiş  dəhşətlərdən bixəbərdirlər. Ölənlərin matəm 

hüznünü, kədərini də axı onların özləri yox, onların dalınca 

ağlayanlar çəkir. 

Deputatlıq illərimizdə Tofiqi yalnız etibarlı dost kimi deyil, 

həm də nadir bir şəxsiyyət kimi tanıdım. Məncə, bu şəxsiyyət 

milli xarakterimizin ən gözəl cəhətlərini özündə toplamışdı – 

ağıl və ehtiras, əqidələrində sabitlik və ardıcıllıq, işinə, əməlinə 

fədakarlıqla xidmət göstərmək, təmənnasızlıq və qorxmazlıq, 

inad və iradə möhkəmliyi – bütün bünlar vardı Tofiqdə  və 

bütün bunlar qəribə bir nazikliklə, nəcibliklə, təvazöylə 


 377 

uyuşurdu. Heç vaxt özünü gözə soxmağa çalışmazdı. Hər kəsə 

yardım  əlini uzatmağa hazır idi.  Başqasının dərdini öz dərdi 

kimi çəkirdi, xislətində bir mərdlik, səxavət, ürək genişliyi 

vardı. Həyatsevər idi, dünyanın kefini çəkməyi də bacarırdı, 

amma ağır zəhmətə qatlaşmağına, işgüzarlığına, işdə  sərt 

nizam-intizamına da söz ola bilməzdi. Zəngin daxili aləmi 

vardı, fəqət öz içinə qapanmamışdı, insanlarla asan təmas 

qururdu, çox ünsiyyətli idi, yapışıqlı idi, sadə idi, özünü 

dartmağı sevməzdi.  İnsanlara sözdə yox, əməli işdə qayğı 

göstərərdi, kiməsə yardım  əli uzatmaq üçün bir himə  bənddi. 

Neçə-neçə adamı  işə düzəltdi, talelərinin uğursuz anlarında 

dadlarına çatdı, xırda məişət sorunlarına qədər maraqlandı. 

Neçəsinin sözün məcazi yox, hərfi mənasında həyatlarını xilas 

etdi. Ona müraciət edənlər bilirdi ki, Tofiq əlindən gələni də 

edəcək və hətta əlindən gəlməyəni də. Saysız-hesabsız deputat 

müraciətləri, sorğularıyla, məktublarla, inadlı telefon 

danışıqlarıyla, bilavasitə ünsiyyətlə, rütbəli 

şəxslərin 

kabinetlərinə ayaq döyməklə Tofiq qarşısına qoyduğu 

məqsədlərə hökmən çatırdı. Amma məsələ  tək bu fərdi,  şəxsi 

xeyirxahlıq addımlarında deyil. Doğrudur, onlar da vacibdir, 

kimsə belə işlərə rişxənd eləsə də, insanların həyatları çox vaxt 

bu sayaq xırda məsələlərdən də asılı olur. Amma dediyim kimi, 

məsələ yalnız bunlarla məhdudlaşmır. Daha önəmli işi Tofiq 

İsmayılovun bir deputat kimi öz xalqı, öz respublikası üçün 

elədikləridir. Bu elədikləri üçün quru bir "çox sağ ol" da 

gözləmirdi. Çünki tamamilə haqlı olaraq belə düşünürdü ki, 

ancaq öz borcunu yerinə yetirir – azərbaycanlı, ziyalı, vətəndaş, 

deputat borcunu. Nəinki "çox sağ ol" gözləmirdi, hətta 

elədiklərinin doğru-düzgün,  ədalətli qiymətləndiriləcəyinə  də 

ümidi az idi. Yadımdadır, bir dəfə – Parlamentdə çox qızğın 

mübahisələrdən, kəskin etirazlardan, yorucu danışıqlardan 

sonra ən yüksək məqamlarda biz xalqımızın taleyi üçün faciəvi 

ola biləcək hadisələrin qarşısını aldıq. Tofiq isə bu fəaliyyətin 

canı, qəlbi idi, bizim deputat korpusunun düşünən beyni, vuran 



 378 

ürəyi idi. Bundan bir qədər sonra isə Tofiq yüngül bir zarafatla 

(amma bu zarafatın içində  xəfif bir kədər də vardı) mənə 

danışırdı ki, Bakıda qaynam-qaynam qaynayan izdihamlı bir 

görüşdə ağzından süd iyi gələn yeniyetmə Tofiqə: – Axı sən bu 

xalq üçün neyləmisən? – deyib. 

Qızdırmalı  çıxışlardan məst-xumar olmuş belə növcavanın 

nadan sualı adama yer eləmir. Adama yer eləyən odur ki, 

Tofiqə  və başqa deputatlarımıza – Vəli Məmmədova, Vaqif 

Cəfərova – mən ancaq rəhmətə getmişlərin adını  çəkirəm – 

mənfi münasibət qəsdən, bilərəkdən yaradılırdı. Özü də 

deputatlarımızın son dərəcə  əhəmiyyətli fəaliyyətindən yaxşı 

xəbərdar olan, agah olan adamlar tərəfindən qısqırdılırdı. 

Bütün bu illər  ərzində mən Bakı meydanlarını çuğlayan və 

halal hiddətlə kükrəyən Xalq hərəkatının  əhəmiyyətini qeyd 

etmişəm. Məhz bu qəzəbli və güzəştsiz axın bizim deputat 

korpusumuza da güc verirdi, biz  sözlərimizin, tələblərimizin, 

təkliflərimizin arxasında real qüvvə dayandığına güvənirdik... 

Qoy o mitinq natiqləri də  ədalət naminə bir həqiqəti etiraf 

etsinlər: o illərin siyasi vuruşlarının ön cəbhə xətti Ümumittifaq 

Parlamentindən keçirdi və laqeyd, biganə, bəzən bizi 

 

bəyənməyən, bəzənsə açıq düşmən kimi baxan Ali Sovet 



auditoriyası qarşısında çıxış edib Azərbaycanımızın mövqeyini  

müdafiə etmək, Bakıda, həmvətənlərin qarşısında odlu-alovlu 

çıxışlar etməkdən qat-qat daha çətin məsələ idi. Həm də axı 

Bakıdakı auditoriya natiqin məhz o sözlərini alqışlayırdı ki, 

onları eşitmək arzusunda idi. Bu sözlərin gerçəklikdən nə qədər 

uzaq olub-olmaması, xalqın taleyi üçün nə  qədər xeyirli, ya 

ziyanlı olması kimsənin vecinə deyildi. 

Mən indi özümün də, necə deyərlər, yaralı yerim olan bu 

məsələyə toxunmaq istəməzdim, amma diş  ağrısı kimi heç 

zaman məni rahat buraxmayan bir qəlb sızıltısı bu sözləri 

yazmağı  məcbur edir: bu mübarizələrdə xidmətləri olmuş  və 

son nəticədə öz həyatlarını belə qurban vermiş adamları necə 

unutmaq olar? 


 379 

Bu günlər 88-ci il noyabr mitinqlərinin ildönümü Milli 

Dirçəliş  bayramı kimi  qeyd olunur (mitinqlər daha əvvəl, 88-

ci ilin fevralında başlamışdısa da). Və haqlı olaraq Meydanda 

odlu-alovlu çıxışlar edənlərin xidmətlərini xatırlarkən 

Azərbaycanın səsini haçansa SSRİ adlanan ölkənin ən yüksək 

kürsüsündən – Ali Sovet kürsüsündən ucaldanlar unudulur. 

Amma orada ucalan səslər – çox vaxt səhrada tək qalıb haray 

çəkənin sədası idi. Bu sədaların içində  ən gur səslənən Tofiq 

İsmayılovun harayı idi. Get-gedə bu səsləri dinləməyə, 

eşitməyə başladılar. Tofiqə müxtəlif millətlərə  və müxtəlif 

siyasi əqidələrə mənsub olan adamlar da ehtiram bəsləyirdilər. 

Ona görə  də düşmənlər ona bu qədər nifrət edir və ondan 

qorxurdular. Onun iti zehnindən, iradəsindən, məntiqindən, 

inadından qorxurdular. Onun bəyan etdiyi həqiqətlərdən 

qorxurdular. 

Ali Sovetin iclaslarından birində Tofiq mikrofona növbəyə 

dayanmışdı. Onun arxasında Ermənistan deputatı Lidiya 

Arutunyan durmuşdu. Onlar bir-birini yalnız Parlamentdən 

deyil, həm də eyni deputat heyəti tərkibində Amerikaya birgə 

səfərlərindən tanıyırdılar. Tofiq tam bir centlmen idi və ona 

görə  də Arutunyan: – Tofiq Kazımoviç, icazə verin, mən 

sizdən irəli keçim, – deyəndə  nəzakətlə qadını qabağa 

buraxmışdı. Mikrofonu ələ keçirən kimi Lidiya Arutunyan 

sədrdən tələb etmişdi ki, Tofiq İsmayılova söz verilməsin. 

Tofiq şaqqanaq çəkib gülmüş və söz də almışdı. Amma bu 

epizod çox şey deyir – ümumiyyətlə, milli xarakter haqqında 

da, şəxsən Tofiq İsmayılovun xarakteri haqqında da. 

Ciddi alim və  fəal deputat, mehriban, qayğıkeş ailə başçısı 

və etibarlı dost – Tofiq İsmayılov xatirəmdə belə yaşayır. Bir 

də ki, mənim üçün o, müstəqil Azərbaycanın ilk Milli 

qəhrəmanlarındandır. 

Bunun rəsmi fərmanla təsdiq olunub-olunmamasının isə bir 

o qədər də əhəmiyyəti yoxdur məncə. 

 


 380 

12 noyabr, 1992 

 381 

 

 



VƏLİ MƏMMƏDOVU DÜŞÜNÜRKƏN 

 

Bu gün unudulmaz dostum Vəli Məmmədovu düşünürkən 



ilk öncə yadıma düşən onun iki sözüdür. Qarabağ  məsələləri 

hələ təzə başlayanda Vəli bir dəfə mənə: – İndi bundan sonra 

bizim nə ömrümüz qalıbsa həyatımızın axırına qədər Qarabağ 

problemiylə  məşğul olacayıq, – dedi. Görkəmli alim, qeyrətli 

vətəndaş Xudu Məmmədovun ürəyi Qarabağ dərdinə dözməyib 

partlayanda Vəli: – Thələ bu yolda bizim çox qurbanlarımız 

olacaqU, – dedi. 

Hər iki sözü çin çıxdı  Vəlinin. Ömrünün sonuna kimi 

Qarabağ  mübarizəsinin ön cəbhəsində vuruşdu və bu 

mübarizənin qurbanı oldu. 

Vəlini çoxdan tanıyırdım. Yaş  fərqimizə baxmayaraq bir-

birimizlə  məhrəm ünsiyyət bağlamışdıq, sözümüz-söhbətimiz 

tuturdu. 

Kənardan, başqa adamlardan onun haqqında eşitdiklərim də 

Vəliyə marağımı, rəğbətimi artırırdı. Eşitmişdim ki, hələ o 

vaxtlar Amerika Birləşmiş  Ştatlarında olarkən Vəli oradakı 

Azərbaycan mühacirləriylə görüşməyə  cəsarət edib. Bu, o 

vaxtkı siyasi mühitdə  cəzasız qalmayacaq bir addım idi. İllah 

da partiya işçisi üçün. Amma Vəli cavanlıqdan komsomol və 

partiya işlərində çox fəal çalışsa da, hər  şeydən  əvvəl 

Azərbaycan vətənpərvəri, Azərbaycan ziyalısı, Azərbaycan 

tədqiqatçısı idi. 

Tədqiqatçı kimi də  Nəriman Nərimanovun  şəxsiyyətinə – 

hələ onun adı yasaq olan vaxtlardan – böyük maraq göstərirdi. 

Nərimanovun Leninə, Stalinə, Trotskiyə yazdığı faciəli 

məktubların surətini Bakının, Tbilisinin arxivlərində gizlincə 

köçürür, köynəyinin altında xəlvətcə binadan dişarı  çıxarırdı. 

Bunu mənə özü danışmışdı. 

Vəlinin vətənsevərliyi alovlu nitqlər, gurultulu bəyanatlar, 


 382 

çılğın  şüarlarda deyil, konkret əməli işlərdə meydana çıxırdı. 

Bakı Komitəsində ideologiya üzrə katib işlədiyi vaxtlarda 

bütün sənədləri, rəsmi yazışmanı Azərbaycan dilində aparmağa 

nail olmuşdu. "Bir dəfə hətta Mərkəzi Komitənin ikinci katibi 

Yelistratova göndərdiyim məktubu da Azərbaycanca 

yazmışdım, – deyə  Vəli gülə-gülə danışırdı  mənə, "sən daha 

lap ağ elədin" dedilər. 

Belə söhbətlər indi gülməli, qəribə gəlir. Azərbaycan dilinin 

Konstitusiyaya görə Dövlət dili elan olunduğu respublikada 

rəsmi yazışmanın bu dildə aparılması  nə böyük hünər imiş? 

İndi belə deməyə nə var? O dövranların ab-havasında yaşamış, 

mənəvi iqlimində nəfəs almış adamlarçün hər belə bir addımın 

nə  qədər çətin, təhlükəli,  ən ağır nəticəli olmasını izah etmək 

lazım deyil. Bilirlər. Görüblər. Yaşayıblar o dövrləri. Başları 

çox çəkib. Bilməyənlərə, görməyənlərə, yaşamayanlara, başları 

çəkməyənlərə isə izah etmək zor işdir. 

Vəliylə tanışlığımız, xoş münasibətlərimiz sonralar dostluğa 

çevrildi. 1989-cu ildə  hər ikimiz SSRİ Xalq deputatı, SSRİ 

Xalq deputatlarının birinci Qurultayında isə Ali Sovetin üzvü 

seçildik. Ali Sovetin üzvləri – Azərbaycan deputatları arasında 

Tofiq  İsmayılov və  Vəli Məmmədovla daha yaxın idim. 

Demək olar ki, hər iclasdan sonra yaşadığımız "Moskva" 

mehmanxanasında ya mənim, ya Tofiqin, ya Vəlinin nömrəsinə 

toplaşar, məsləhətləşər, iş  və  hərəkət proqramımızı 

müəyyənləşdirərdik. Ümumi iclaslarda iştirak və  çıxış etsəm 

də, ayrı-ayrı komissiyaların, deputat qruplarının toplantılarına 

getməyə  həvəsim yox idi. Vəli isə bir toplantıdan, bir 

yığıncaqdan, müəyyən məlumatlarla faydalana biləcəyi bir 

görüşdən kənar qalmırdı. "Moskva" mehmanxanasında kiçicik 

otağında qalaq-qalaq qəzetlər, jurnallar, məktublar,  ərizələr, 

cürbəcür soraq kitabçaları, arayışlar yığılmışdı.  Ən vacib, ən 

mühüm xəbər, yazı, məlumat, təhlil, rəylərdən bizi də agah 

edirdi. Vəli  əqidə adamı idi. Gənc yaşlarından komsomol və 

partiya sıralarında yetişdiyi, formalaşdığı üçün bu əqidəyə 


 383 

ürəkdən inanırdı. Dar baxışlı, məhdud doqmatik, ehkamçı 

deyildi.  İnandığı  əqidələrin real həyatda necə  təhrif 

olunduğunu, tərs-məzhəb tətbiq olunduğunu, yüksək sözlər 

söyləyib alçaq işlər görənlərin meydan sulamasını açıq-aydın 

görürdü. Bu  əqidələrin özündə belə yanlış,  ifrat, birtərəfli 

cəhətlərin üstünlüyünü – illah da son  illərdə üzə çıxarılmış bir 

çox gizli sənədlərin, materialların, faktların işığında daha dəqiq 

anlayırdı. Anlayırdı, amma ömrü boyu tapındığı, inandığı, 

təmənnasız xidmət etdiyi ideyaları bir günün içində ürəyindən, 

beynindən süpürüb ata bilmirdi. Mən bunu Vəlinin zəifliyi 

kimi yox, həqiqiliyi, bütövlüyü, saflığı kimi qiymətləndirirəm. 

Yalan bütlərə inanmısansa da, əgər səmimi inanmısansa, bir 

yüngül hərəkətlə ömrün boyu bəyan etdiyin məsləkin üstündən 

qələm çəkmək asan deyil. Əgər bu məsləkin yolunda özünü 

oda-közə vurmusansa, bir çox başqaları kimi bu məsləkdən 

yalnız öz  mənafeyin, öz xeyrin, öz təmənnan üçün istifadə 

etməmisənsə bu mənəvi dəyişmə səni içəridən gəmirir. Bir çox 

partiya işçiləriylə müqayisədə Vəli bu cəhətdən bəlkə də nadir, 

müstəsna  şəxsiyyət idi. Onun üçün əqidə  dəyişmək paltar 

dəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən "gəlirli" 

partiya vəzifələrində illərlə  tər tökə-tökə, dəridən-qabıqdan 

çıxa-çıxa işləyib özüyçün heç nə qazanmamışdı, axır günlərinə 

qədər ehtiyac və borc içində yaşadı.  İçində dolandığımız 

cəmiyyətin eybəcər  əxlaqı belə idi ki, haram pulla firavan 

güzəran keçirənlər yox, halal maaşla kasıbçılıq eləyənlər daha 

artıq xəcalət çəkməli olur. Ciblərini doldurmağı 

bacarmayanlara isə hətta gülürlər də, "acizliyinə", "əfəlliyinə", 

"pul qırpa bilməməyinə" rişxənd də edirlər. Belələriyçün Vəli 

"qəribə adam" idi. Nazim Hikmətin "Qəribə adam" sayağında 

bir məxluq idi. Vəli ayrı cür ola bilmirdi, bacarmırdı. 

Kommunistlər heç cür idealistlərlə barışmaq istəmir. Amma 

Vəli idealist idi. Təbir caiz deyilsə  də, "kommunist idealisti" 

idi. 


Böyük və  dəyişməz  əqidəsi isə Azərbaycan vətənpərvərliyi 

 384 

idi. Bu amalın yolunda o hər hansı  işdə – böyük, məsul 

vəzifələrdən tutmuş,  ən adi sıravi xidmətə  qədər hər hansı  

yerdə real çalışmağa hazır idi. Qarabağda güllə yağışının, ölüm 

hədəsinin altında bu amalla yaşayır, döyüşürdü, həm də nə öz 

fədakarlığını  təbliğ edir, nə qoçaqlığını reklam edir, nə  də 

özünü başqalarına örnək göstərirdi. "Bax, mən belə igidəm, siz 

də  mənim kimi olun" demək ağlına da gəlmirdi. Bu onun 

xasiyyətinə, təbiətinə uyğun deyildi. 

Təmiz, saf, təmənnasız insan kimi yaşadı. 

İgid, mərd, bütöv insan kimi həlak oldu. 

Qəbrin nurla dolsun, Vəli. 

 

29 mart, 1992-ci il 

 


 385 

 

 



ULDUZLU ZİYA - ZİYALI ULDUZ 

 

Əsrlərdən bəri "ulduz" sözü, "ulduz" anlayışı  səma cismi 



anlamından  əlavə bir çox başqa mənalar da daşıyır. Neçə 

bucaqlı ulduzlar dövlət rəmzlərinə çevrilmiş, milli bayraqları 

bəzəmişdir. İnsanlar bəxt ulduzuna inanırlar, "ulduzu parladı", 

"ya ulduzu batdı" deyirlər. Bəşəriyyətin ulduz saatlarından söz 

açılır. Siyasət, elm, ədəbiyyat, sənət, səhnə ulduzları var. 

"Ulduz" sözünün bir çox anlayışları böyük alim, vətəndaş, 

döyüşkənlik və  cəsarət rəmzi olan akademik Ziya Bünyadova 

yaraşır.  İlk öncə onu "ulduzlu Ziya" adlandırmağa haqqımız 

var. Çünki İkinci Dünya müharibəsinin odunda-alovunda 

igidliyi, rəşadəti sayəsində və halal qanıyla qazandığı ulduzu - 

Sovet  İttifaqı  Qəhrəmanı ulduzunu – Ziya müəllim bütün 

dəyişən dövrlərdə eyni iftixar və qürur hissiylə sinəsində 

gəzdirirdi. Bu ulduz hər hansı sistemin, quruluşun, 

ideologiyanın nişanəsi deyildi, şücaətin, qoçaqlığın, hünərin 

rəmzi idi. 

Müharibə illərinin ölüm-dirim sınağından qəhrəman adıyla 

çıxmış Ziya Bünyadov bütün qalan ömrünü döşündəki bu 

ulduzun işığıyla,  şöhrətiylə, adı-sanıyla yaşaya bilərdi. Amma 

o, bu asan yolu seçmədi. Elmin, biliyin fədaisi oldu, ərəb 

dilinin mükəmməl mütəxəssisi kimi orta əsrlərin həqiqi 

Azərbaycan tarixini möhkəm təməllər üzərində ucaltdı. Və 

"ulduz" sözünün bu mənası da ona şamil edilə bildi: "Tarix 

elminin ulduzu", "Şərqşünaslığımızın ulduzu", 

"Mənbəşünaslığımızın ulduzu". 

Ancaq vətəndaş qeyrəti, ziyalı  təəssübkeşliyi, narahat vicdanı 

Ziya Bünyadovu daha bir sahəyə çəkdi. O, Stalin repressiyalarının 

qurbanları haqqında yorulmaz araşdırmalar apardı, qaranlıq qalmış 

faktları, itkin düşmüş adları, ağ ləkələri üzə çıxardı. Bu işi hər kəs 

deyil, işığı, nüfuzu cəmiyyətdə  təsdiq olunmuş bir ziyalı  və  hər 


 386 

ziyalı da deyil, "Ziyalı ulduz" görə bilərdi. Məhz bu mənada mən 

yazımın adını "Ulduzlu Ziya – ziyalı ulduz" qoydum. Ziya 

müəllimin 37-ci il şəhidlərindən olan Mədinə xanım Qiyasbəyli 

haqqında yazısını oxuyandan sonra ona dedim ki, repressiya 

qurbanları arasında başqa bir ziyalı qadın – Köylü qızı Gülarə də 

olub. Onun haqqında materiallara rast gəlsə, bu nakam qadının 

taleyi haqqında da yazması yaxşı olardı. Bir müddət sonra Ziya 

Bünyadovun "Şərq qadını" jurnalının ilk redaktoru Gülarə Köylü 

qızı haqqında yazısını oxuyanda böyük alimin həm diqqətcilliyinə, 

həm də araşdırıcı inadına qibtə etdim. 

Ziya Bünyadovu yeniyetməlik illərimdən tanıyır və onun 

ömür yoluna, cəmiyyətdə özünü tutmasına, davranışına gənclik 

çılğınlığıyla pərəstiş edirdim. Çox gənc yaşlarımda "Ulduz" 

jurnalının bir anketində qoyulmuş suallara cavab verərkən və 

yaradıcılıq niyyətlərimdən danışarkən, xalqımızın böyük oğlu 

Ziya Bünyadov haqqında oçerk yazmaq istədiyimi 

bildirmişdim. Təəssüf ki, indiyə qədər bu arzumu həyata keçirə 

bilməmişəm, amma bir gün bunu mütləq gerçəkləşdirəcəyimə 

inanıram. Ziya Bünyadov haqqındakı o vaxtkı niyyətimin bu 

qədər – bir ömür – yubanmasına kiçik bir bəraətim ondadır ki, 

mənim təklifimlə Moskva teatrşünası Lyubov Lebedina məhz 

Ziya Bünyadovla tanış olmaq və onun haqqında yazmaq üçün 

Bakıya gəldi, alimlə ətraflı söhbətdən sonra "Teatralnaya jizn" 

jurnalında onun haqqında maraqlı oçerk yazdı. 

Ziya müəllim haqqında ötəri bir yazı yazmaq istəmirdim, 

onun barəsində layiqli bir mətn meydana çıxartmaq üçün 

bioqrafiyasına da, xasiyyətinə də daha yaxından bələd olmağa 

çalışırdım. 

Bibim oğlu tarixçi Oqtay Əfəndiyevlə dostluq edən Ziyanı 

Oqtaygilin məclislərində müşahidə etdim, atamın evinə qonaq 

gəldiyində daha yaxından tanıdım və  nəhayət, sonralar özüm 

də dəfələrlə bu təkrarsız insanla ünsiyyətdə oldum. Tənqidlərə 

məruz qaldığı vaxtlarda onu "Qobustan" toplusunun 

redaksiyasına dəvət etdik, haqqında material verdik, iki saata 


 387 

qədər ən müxtəlif məsələlər barəsində çox maraqlı söhbətlərini 

dinlədim. Bərabər səfərlərdə olduq - Türkiyədə,  İranda, 

Göyçayda. Eyni seçkilərdə Milli Məclisə deputat seçildik və 

həftədə iki dəfə iclaslarda görüşməyə başladıq. Ziya Bünyadov 

haqqında yazmaq barədə  gənclik niyyətimi unutmamışdım, 

mütləq bir gün bunu edəcəyimə  əmin idim. Amma deyir, sən 

saydığını say, gör, fələk nə sayır... Nə biləydim ki, Ziya 

müəllimin dəfnində danışmalı olacam, onun haqqında 

ölümündən sonra yazmalı olacam... Milli Məclisdə arxa tərəfdə 

bir sırada yan-yana otururduq: Əli Ansuxski, onun yanında 

Ziya Bünyadov, sonra Yusif Səmədoğlu və  mən ... İndi bu 

məşum sıra haqqında düşünəndə  hətta bir qədər xoflanıram. 

Ansuxski və Ziya Bünyadov müəmmalı  şəkildə  qətlə 

yetirildilər. Yusif Səmədoğlunu çox erkən itirdik. Ziyadan və 

Yusifdən sonra tək bir oturduğumuz sırada deyil, ümumiyyətlə, 

Məclisdə yaranrmış boşluğu hər an hiss edirəm. Ziya 

Bünyadovu məclisdə gördüyüm son gün – demə onun 

həyatının son günüymüş. Axşam toplantısının sonuna on-on 

beş  dəqiqə qalmış  məndən o günkü qəzetləri istədi, verdim, 

baxdı, qaytardı. 

İki saat sonra isə evdə qara xəbəri eşitdim. Müharibənin 

bütün dəhşətlərindən keçmiş, milli müstəqilliyimiz uğrunda 

mübarizənin ön sıralarında mətanətlə addımlamış, heç vaxt 

fikrini, sözünü açıq deməkdən qorxub çəkinməmiş Ziya 

Bünyadov öz evinin pilləkənlərində namərd  əliylə – namərd 

əllərlə, namərd niyyətlərlə qətlə yetirilib. 

Bir təsəllimiz odur ki, tarixçi Ziya özü də tarixin malı 

olmuşdur. Hər xalqın tarixində Ziya Bünyadov kimi şəxslərin 

adı ən şərəfli səhifələrdə yazılır. 

Deyirlər, çoxdan sönmüş ulduzların işığı hələ də bizə gəlib 

çatmaqdadır. Ziya Bünyadovun ulduzu heç zaman sönməyəcək 

və bu işıq – bu ziyalı ulduzun işığı – ulduzlu Ziyanın işığı hər 

zaman Azərbaycan xalqının inam və ümid nöqtəsi olacaqdır.



 388 

 

 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin