TOFİQ İSMAYILOVUN XATİRƏSİNƏ
Budur bax – bir il də keçdi. 1991-ci il noyabrın mənhus 20-
sində Qarabağ göylərində görünməmiş qəddarlıqla, məkrlə bir
dikuçar (helikopter, vertolyot) məhv edildi. İndiyəcən
açılmamış bu cinayətin nəticəsində insanlar həlak oldu: onların
çoxusuyla uzun illərin dostluğu bağlayırdı məni və bu dostların
içində ən yaxını Tofiq İsmayılov idi.
Dostlar müxtəlif türlü olur – uşaqlıq dostları, gənclik
dostları, ömrün qısa, ya uzun müddətlik dostları. Əlbəttə, ömür
boyu sürən dostluq da var. Tofiq mənim sinli çağımın dostu idi,
bu yaşda dostları xüsusi tələbkarlıqla seçirsən. Biz öz
ömrümüzün və xalqımızın ömrünün ən ağır, ən çətin illərində –
son illərdə dostlaşdıq. Bu çətin və ağır illəri həm də sınaq illəri
adlandırmaq olar – insan münasibətlərinin, etibarın və
etibarsızlığın sınanıb üzə çıxdığı illər, sözlə hərəkətin bir-
birindən dəqiq ayrılıb seçildiyi illər. Bu yaşda, adətən, dostları
tapmırlar, itirirlər.
İtkilərimin qəmli siyahısı var, o cümlədən dost itkilərimin
də. Biri öldü, belə erkən, belə tez getdi aramızdan. Biri
uzaqlara getdi. Üçüncüsü satdı – sakitcə, səssiz-səmirsizcə
xəyanət etdi.
Ömrün bu sərt aşırımında tale mənə Tofiqlə dostluğu bəxş
etdi, bu dostluq gec gəldi həyatıma və əfsus ki, çox qısa oldu.
Tofiq İsmayılov haqqında 1989-cu ilə qədər nə bilirdim?
Bilirdim ki, görkəmli alimdir və Akademiyamız onu öz üzvü
seçmək şərəfinə layiq görməyib. Bilirdim ki, ziyalı, mədəni,
nəzakətli adamdır, görüşəndə bir-birimizə iki-üç kəlmə xoş söz
deyərdik, ya elə-belə gülümsünərək salamlaşıb ötərdik.
Gərək ki, 1987-ci ilin payızında Yazıçılar İttifaqında
Xəzərin problemlərinə həsr edilmiş Dəyirmi stol ətrafında
toplaşmışdıq. Moskvadan publisistlər, bizim Azərbaycan
376
yazıçıları, jurnalistləri, alimləri dəvət olunmuşdu. Onların
sırasında "Xəzər" Kosmik Tədqiqatlar İnstitutunun müdiri
Tofiq İsmayılov da vardı. Onun çıxışına heyran qaldım.
Xəzərin ekologiyası üzrə mütəxəssis olmasa da, ətraflı, səriştəli
çıxışında bu problemləri yerli-yataqlı, müfəssəl bilməsi açıq-
aydın görünürdü.
Elə bütün bunlar kifayət idi ki, mən Tofiqin dikuçarda həlak
olmasını xalqımız, cəmiyyətimiz, elmimiz üçün böyük itki kimi
qəbul edim. Amma İttifaq deputatlığının məşəqqətli illərində bizi
bağlayan əlaqələr mənəvi aləmimin elə bir vacib hissəsinə
çevrilmişdi ki, Tofiqin ölümü mənimçün ağır şəxsi dərd oldu, yeri
heç nəylə doldurulmayacaq bir itki oldu. Bu keçən il ərzində elə
gün olmayıb ki, Tofiqi xatırlamayım, onun yoxluğunun acısını
duymayım, ictimai-siyasi həyatımızın ciddi dönüş məqamlarında
onun olmamasını düşünməyim. Axı o olsaydı, qalsaydı, çox şey
ayrı cür yönələ bilərdi. Tarixdə də, taledə olduğu kimi fərziyyələrə,
gümanlara "əgər belə olmasaydı, elə olsaydı" ehtimallarına yer
yoxdur. Tariximizin ağır olayları Tofiqin qəlbini acılarla
doldururdu. O xalqının dərdlərini mərd-mərdana, kişi kimi çəkirdi,
bu dərdi çəkdiyini nümayiş etdirmək üçün yox. 90-cı ilin qanlı
Yanvar gecəsinə görə Tofiqin ürəyi param-parça olmuşdu, amma
Xocalı müsibətini, Şuşa faciəsini bilmədən getdi bu dünyadan.
Bəlkə bu qəribə səslənəcək, amma bəzən mənə elə gəlir ki, ölənlər
hardasa diri qalanlardan daha bəxtiyardırlar, çünki ölümlərindən
sonra baş vermiş dəhşətlərdən bixəbərdirlər. Ölənlərin matəm
hüznünü, kədərini də axı onların özləri yox, onların dalınca
ağlayanlar çəkir.
Deputatlıq illərimizdə Tofiqi yalnız etibarlı dost kimi deyil,
həm də nadir bir şəxsiyyət kimi tanıdım. Məncə, bu şəxsiyyət
milli xarakterimizin ən gözəl cəhətlərini özündə toplamışdı –
ağıl və ehtiras, əqidələrində sabitlik və ardıcıllıq, işinə, əməlinə
fədakarlıqla xidmət göstərmək, təmənnasızlıq və qorxmazlıq,
inad və iradə möhkəmliyi – bütün bünlar vardı Tofiqdə və
bütün bunlar qəribə bir nazikliklə, nəcibliklə, təvazöylə
377
uyuşurdu. Heç vaxt özünü gözə soxmağa çalışmazdı. Hər kəsə
yardım əlini uzatmağa hazır idi. Başqasının dərdini öz dərdi
kimi çəkirdi, xislətində bir mərdlik, səxavət, ürək genişliyi
vardı. Həyatsevər idi, dünyanın kefini çəkməyi də bacarırdı,
amma ağır zəhmətə qatlaşmağına, işgüzarlığına, işdə sərt
nizam-intizamına da söz ola bilməzdi. Zəngin daxili aləmi
vardı, fəqət öz içinə qapanmamışdı, insanlarla asan təmas
qururdu, çox ünsiyyətli idi, yapışıqlı idi, sadə idi, özünü
dartmağı sevməzdi. İnsanlara sözdə yox, əməli işdə qayğı
göstərərdi, kiməsə yardım əli uzatmaq üçün bir himə bənddi.
Neçə-neçə adamı işə düzəltdi, talelərinin uğursuz anlarında
dadlarına çatdı, xırda məişət sorunlarına qədər maraqlandı.
Neçəsinin sözün məcazi yox, hərfi mənasında həyatlarını xilas
etdi. Ona müraciət edənlər bilirdi ki, Tofiq əlindən gələni də
edəcək və hətta əlindən gəlməyəni də. Saysız-hesabsız deputat
müraciətləri, sorğularıyla, məktublarla, inadlı telefon
danışıqlarıyla, bilavasitə ünsiyyətlə, rütbəli
şəxslərin
kabinetlərinə ayaq döyməklə Tofiq qarşısına qoyduğu
məqsədlərə hökmən çatırdı. Amma məsələ tək bu fərdi, şəxsi
xeyirxahlıq addımlarında deyil. Doğrudur, onlar da vacibdir,
kimsə belə işlərə rişxənd eləsə də, insanların həyatları çox vaxt
bu sayaq xırda məsələlərdən də asılı olur. Amma dediyim kimi,
məsələ yalnız bunlarla məhdudlaşmır. Daha önəmli işi Tofiq
İsmayılovun bir deputat kimi öz xalqı, öz respublikası üçün
elədikləridir. Bu elədikləri üçün quru bir "çox sağ ol" da
gözləmirdi. Çünki tamamilə haqlı olaraq belə düşünürdü ki,
ancaq öz borcunu yerinə yetirir – azərbaycanlı, ziyalı, vətəndaş,
deputat borcunu. Nəinki "çox sağ ol" gözləmirdi, hətta
elədiklərinin doğru-düzgün, ədalətli qiymətləndiriləcəyinə də
ümidi az idi. Yadımdadır, bir dəfə – Parlamentdə çox qızğın
mübahisələrdən, kəskin etirazlardan, yorucu danışıqlardan
sonra ən yüksək məqamlarda biz xalqımızın taleyi üçün faciəvi
ola biləcək hadisələrin qarşısını aldıq. Tofiq isə bu fəaliyyətin
canı, qəlbi idi, bizim deputat korpusunun düşünən beyni, vuran
378
ürəyi idi. Bundan bir qədər sonra isə Tofiq yüngül bir zarafatla
(amma bu zarafatın içində xəfif bir kədər də vardı) mənə
danışırdı ki, Bakıda qaynam-qaynam qaynayan izdihamlı bir
görüşdə ağzından süd iyi gələn yeniyetmə Tofiqə: – Axı sən bu
xalq üçün neyləmisən? – deyib.
Qızdırmalı çıxışlardan məst-xumar olmuş belə növcavanın
nadan sualı adama yer eləmir. Adama yer eləyən odur ki,
Tofiqə və başqa deputatlarımıza – Vəli Məmmədova, Vaqif
Cəfərova – mən ancaq rəhmətə getmişlərin adını çəkirəm –
mənfi münasibət qəsdən, bilərəkdən yaradılırdı. Özü də
deputatlarımızın son dərəcə əhəmiyyətli fəaliyyətindən yaxşı
xəbərdar olan, agah olan adamlar tərəfindən qısqırdılırdı.
Bütün bu illər ərzində mən Bakı meydanlarını çuğlayan və
halal hiddətlə kükrəyən Xalq hərəkatının əhəmiyyətini qeyd
etmişəm. Məhz bu qəzəbli və güzəştsiz axın bizim deputat
korpusumuza da güc verirdi, biz sözlərimizin, tələblərimizin,
təkliflərimizin arxasında real qüvvə dayandığına güvənirdik...
Qoy o mitinq natiqləri də ədalət naminə bir həqiqəti etiraf
etsinlər: o illərin siyasi vuruşlarının ön cəbhə xətti Ümumittifaq
Parlamentindən keçirdi və laqeyd, biganə, bəzən bizi
bəyənməyən, bəzənsə açıq düşmən kimi baxan Ali Sovet
auditoriyası qarşısında çıxış edib Azərbaycanımızın mövqeyini
müdafiə etmək, Bakıda, həmvətənlərin qarşısında odlu-alovlu
çıxışlar etməkdən qat-qat daha çətin məsələ idi. Həm də axı
Bakıdakı auditoriya natiqin məhz o sözlərini alqışlayırdı ki,
onları eşitmək arzusunda idi. Bu sözlərin gerçəklikdən nə qədər
uzaq olub-olmaması, xalqın taleyi üçün nə qədər xeyirli, ya
ziyanlı olması kimsənin vecinə deyildi.
Mən indi özümün də, necə deyərlər, yaralı yerim olan bu
məsələyə toxunmaq istəməzdim, amma diş ağrısı kimi heç
zaman məni rahat buraxmayan bir qəlb sızıltısı bu sözləri
yazmağı məcbur edir: bu mübarizələrdə xidmətləri olmuş və
son nəticədə öz həyatlarını belə qurban vermiş adamları necə
unutmaq olar?
379
Bu günlər 88-ci il noyabr mitinqlərinin ildönümü Milli
Dirçəliş bayramı kimi qeyd olunur (mitinqlər daha əvvəl, 88-
ci ilin fevralında başlamışdısa da). Və haqlı olaraq Meydanda
odlu-alovlu çıxışlar edənlərin xidmətlərini xatırlarkən
Azərbaycanın səsini haçansa SSRİ adlanan ölkənin ən yüksək
kürsüsündən – Ali Sovet kürsüsündən ucaldanlar unudulur.
Amma orada ucalan səslər – çox vaxt səhrada tək qalıb haray
çəkənin sədası idi. Bu sədaların içində ən gur səslənən Tofiq
İsmayılovun harayı idi. Get-gedə bu səsləri dinləməyə,
eşitməyə başladılar. Tofiqə müxtəlif millətlərə və müxtəlif
siyasi əqidələrə mənsub olan adamlar da ehtiram bəsləyirdilər.
Ona görə də düşmənlər ona bu qədər nifrət edir və ondan
qorxurdular. Onun iti zehnindən, iradəsindən, məntiqindən,
inadından qorxurdular. Onun bəyan etdiyi həqiqətlərdən
qorxurdular.
Ali Sovetin iclaslarından birində Tofiq mikrofona növbəyə
dayanmışdı. Onun arxasında Ermənistan deputatı Lidiya
Arutunyan durmuşdu. Onlar bir-birini yalnız Parlamentdən
deyil, həm də eyni deputat heyəti tərkibində Amerikaya birgə
səfərlərindən tanıyırdılar. Tofiq tam bir centlmen idi və ona
görə də Arutunyan: – Tofiq Kazımoviç, icazə verin, mən
sizdən irəli keçim, – deyəndə nəzakətlə qadını qabağa
buraxmışdı. Mikrofonu ələ keçirən kimi Lidiya Arutunyan
sədrdən tələb etmişdi ki, Tofiq İsmayılova söz verilməsin.
Tofiq şaqqanaq çəkib gülmüş və söz də almışdı. Amma bu
epizod çox şey deyir – ümumiyyətlə, milli xarakter haqqında
da, şəxsən Tofiq İsmayılovun xarakteri haqqında da.
Ciddi alim və fəal deputat, mehriban, qayğıkeş ailə başçısı
və etibarlı dost – Tofiq İsmayılov xatirəmdə belə yaşayır. Bir
də ki, mənim üçün o, müstəqil Azərbaycanın ilk Milli
qəhrəmanlarındandır.
Bunun rəsmi fərmanla təsdiq olunub-olunmamasının isə bir
o qədər də əhəmiyyəti yoxdur məncə.
380
12 noyabr, 1992
381
VƏLİ MƏMMƏDOVU DÜŞÜNÜRKƏN
Bu gün unudulmaz dostum Vəli Məmmədovu düşünürkən
ilk öncə yadıma düşən onun iki sözüdür. Qarabağ məsələləri
hələ təzə başlayanda Vəli bir dəfə mənə: – İndi bundan sonra
bizim nə ömrümüz qalıbsa həyatımızın axırına qədər Qarabağ
problemiylə məşğul olacayıq, – dedi. Görkəmli alim, qeyrətli
vətəndaş Xudu Məmmədovun ürəyi Qarabağ dərdinə dözməyib
partlayanda Vəli: – Thələ bu yolda bizim çox qurbanlarımız
olacaqU, – dedi.
Hər iki sözü çin çıxdı Vəlinin. Ömrünün sonuna kimi
Qarabağ mübarizəsinin ön cəbhəsində vuruşdu və bu
mübarizənin qurbanı oldu.
Vəlini çoxdan tanıyırdım. Yaş fərqimizə baxmayaraq bir-
birimizlə məhrəm ünsiyyət bağlamışdıq, sözümüz-söhbətimiz
tuturdu.
Kənardan, başqa adamlardan onun haqqında eşitdiklərim də
Vəliyə marağımı, rəğbətimi artırırdı. Eşitmişdim ki, hələ o
vaxtlar Amerika Birləşmiş Ştatlarında olarkən Vəli oradakı
Azərbaycan mühacirləriylə görüşməyə cəsarət edib. Bu, o
vaxtkı siyasi mühitdə cəzasız qalmayacaq bir addım idi. İllah
da partiya işçisi üçün. Amma Vəli cavanlıqdan komsomol və
partiya işlərində çox fəal çalışsa da, hər şeydən əvvəl
Azərbaycan vətənpərvəri, Azərbaycan ziyalısı, Azərbaycan
tədqiqatçısı idi.
Tədqiqatçı kimi də Nəriman Nərimanovun şəxsiyyətinə –
hələ onun adı yasaq olan vaxtlardan – böyük maraq göstərirdi.
Nərimanovun Leninə, Stalinə, Trotskiyə yazdığı faciəli
məktubların surətini Bakının, Tbilisinin arxivlərində gizlincə
köçürür, köynəyinin altında xəlvətcə binadan dişarı çıxarırdı.
Bunu mənə özü danışmışdı.
Vəlinin vətənsevərliyi alovlu nitqlər, gurultulu bəyanatlar,
382
çılğın şüarlarda deyil, konkret əməli işlərdə meydana çıxırdı.
Bakı Komitəsində ideologiya üzrə katib işlədiyi vaxtlarda
bütün sənədləri, rəsmi yazışmanı Azərbaycan dilində aparmağa
nail olmuşdu. "Bir dəfə hətta Mərkəzi Komitənin ikinci katibi
Yelistratova göndərdiyim məktubu da Azərbaycanca
yazmışdım, – deyə Vəli gülə-gülə danışırdı mənə, "sən daha
lap ağ elədin" dedilər.
Belə söhbətlər indi gülməli, qəribə gəlir. Azərbaycan dilinin
Konstitusiyaya görə Dövlət dili elan olunduğu respublikada
rəsmi yazışmanın bu dildə aparılması nə böyük hünər imiş?
İndi belə deməyə nə var? O dövranların ab-havasında yaşamış,
mənəvi iqlimində nəfəs almış adamlarçün hər belə bir addımın
nə qədər çətin, təhlükəli, ən ağır nəticəli olmasını izah etmək
lazım deyil. Bilirlər. Görüblər. Yaşayıblar o dövrləri. Başları
çox çəkib. Bilməyənlərə, görməyənlərə, yaşamayanlara, başları
çəkməyənlərə isə izah etmək zor işdir.
Vəliylə tanışlığımız, xoş münasibətlərimiz sonralar dostluğa
çevrildi. 1989-cu ildə hər ikimiz SSRİ Xalq deputatı, SSRİ
Xalq deputatlarının birinci Qurultayında isə Ali Sovetin üzvü
seçildik. Ali Sovetin üzvləri – Azərbaycan deputatları arasında
Tofiq İsmayılov və Vəli Məmmədovla daha yaxın idim.
Demək olar ki, hər iclasdan sonra yaşadığımız "Moskva"
mehmanxanasında ya mənim, ya Tofiqin, ya Vəlinin nömrəsinə
toplaşar, məsləhətləşər, iş və hərəkət proqramımızı
müəyyənləşdirərdik. Ümumi iclaslarda iştirak və çıxış etsəm
də, ayrı-ayrı komissiyaların, deputat qruplarının toplantılarına
getməyə həvəsim yox idi. Vəli isə bir toplantıdan, bir
yığıncaqdan, müəyyən məlumatlarla faydalana biləcəyi bir
görüşdən kənar qalmırdı. "Moskva" mehmanxanasında kiçicik
otağında qalaq-qalaq qəzetlər, jurnallar, məktublar, ərizələr,
cürbəcür soraq kitabçaları, arayışlar yığılmışdı. Ən vacib, ən
mühüm xəbər, yazı, məlumat, təhlil, rəylərdən bizi də agah
edirdi. Vəli əqidə adamı idi. Gənc yaşlarından komsomol və
partiya sıralarında yetişdiyi, formalaşdığı üçün bu əqidəyə
383
ürəkdən inanırdı. Dar baxışlı, məhdud doqmatik, ehkamçı
deyildi. İnandığı əqidələrin real həyatda necə təhrif
olunduğunu, tərs-məzhəb tətbiq olunduğunu, yüksək sözlər
söyləyib alçaq işlər görənlərin meydan sulamasını açıq-aydın
görürdü. Bu əqidələrin özündə belə yanlış, ifrat, birtərəfli
cəhətlərin üstünlüyünü – illah da son illərdə üzə çıxarılmış bir
çox gizli sənədlərin, materialların, faktların işığında daha dəqiq
anlayırdı. Anlayırdı, amma ömrü boyu tapındığı, inandığı,
təmənnasız xidmət etdiyi ideyaları bir günün içində ürəyindən,
beynindən süpürüb ata bilmirdi. Mən bunu Vəlinin zəifliyi
kimi yox, həqiqiliyi, bütövlüyü, saflığı kimi qiymətləndirirəm.
Yalan bütlərə inanmısansa da, əgər səmimi inanmısansa, bir
yüngül hərəkətlə ömrün boyu bəyan etdiyin məsləkin üstündən
qələm çəkmək asan deyil. Əgər bu məsləkin yolunda özünü
oda-közə vurmusansa, bir çox başqaları kimi bu məsləkdən
yalnız öz mənafeyin, öz xeyrin, öz təmənnan üçün istifadə
etməmisənsə bu mənəvi dəyişmə səni içəridən gəmirir. Bir çox
partiya işçiləriylə müqayisədə Vəli bu cəhətdən bəlkə də nadir,
müstəsna şəxsiyyət idi. Onun üçün əqidə dəyişmək paltar
dəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən "gəlirli"
partiya vəzifələrində illərlə tər tökə-tökə, dəridən-qabıqdan
çıxa-çıxa işləyib özüyçün heç nə qazanmamışdı, axır günlərinə
qədər ehtiyac və borc içində yaşadı. İçində dolandığımız
cəmiyyətin eybəcər əxlaqı belə idi ki, haram pulla firavan
güzəran keçirənlər yox, halal maaşla kasıbçılıq eləyənlər daha
artıq xəcalət çəkməli olur. Ciblərini doldurmağı
bacarmayanlara isə hətta gülürlər də, "acizliyinə", "əfəlliyinə",
"pul qırpa bilməməyinə" rişxənd də edirlər. Belələriyçün Vəli
"qəribə adam" idi. Nazim Hikmətin "Qəribə adam" sayağında
bir məxluq idi. Vəli ayrı cür ola bilmirdi, bacarmırdı.
Kommunistlər heç cür idealistlərlə barışmaq istəmir. Amma
Vəli idealist idi. Təbir caiz deyilsə də, "kommunist idealisti"
idi.
Böyük və dəyişməz əqidəsi isə Azərbaycan vətənpərvərliyi
384
idi. Bu amalın yolunda o hər hansı işdə – böyük, məsul
vəzifələrdən tutmuş, ən adi sıravi xidmətə qədər hər hansı
yerdə real çalışmağa hazır idi. Qarabağda güllə yağışının, ölüm
hədəsinin altında bu amalla yaşayır, döyüşürdü, həm də nə öz
fədakarlığını təbliğ edir, nə qoçaqlığını reklam edir, nə də
özünü başqalarına örnək göstərirdi. "Bax, mən belə igidəm, siz
də mənim kimi olun" demək ağlına da gəlmirdi. Bu onun
xasiyyətinə, təbiətinə uyğun deyildi.
Təmiz, saf, təmənnasız insan kimi yaşadı.
İgid, mərd, bütöv insan kimi həlak oldu.
Qəbrin nurla dolsun, Vəli.
29 mart, 1992-ci il
385
ULDUZLU ZİYA - ZİYALI ULDUZ
Əsrlərdən bəri "ulduz" sözü, "ulduz" anlayışı səma cismi
anlamından əlavə bir çox başqa mənalar da daşıyır. Neçə
bucaqlı ulduzlar dövlət rəmzlərinə çevrilmiş, milli bayraqları
bəzəmişdir. İnsanlar bəxt ulduzuna inanırlar, "ulduzu parladı",
"ya ulduzu batdı" deyirlər. Bəşəriyyətin ulduz saatlarından söz
açılır. Siyasət, elm, ədəbiyyat, sənət, səhnə ulduzları var.
"Ulduz" sözünün bir çox anlayışları böyük alim, vətəndaş,
döyüşkənlik və cəsarət rəmzi olan akademik Ziya Bünyadova
yaraşır. İlk öncə onu "ulduzlu Ziya" adlandırmağa haqqımız
var. Çünki İkinci Dünya müharibəsinin odunda-alovunda
igidliyi, rəşadəti sayəsində və halal qanıyla qazandığı ulduzu -
Sovet İttifaqı Qəhrəmanı ulduzunu – Ziya müəllim bütün
dəyişən dövrlərdə eyni iftixar və qürur hissiylə sinəsində
gəzdirirdi. Bu ulduz hər hansı sistemin, quruluşun,
ideologiyanın nişanəsi deyildi, şücaətin, qoçaqlığın, hünərin
rəmzi idi.
Müharibə illərinin ölüm-dirim sınağından qəhrəman adıyla
çıxmış Ziya Bünyadov bütün qalan ömrünü döşündəki bu
ulduzun işığıyla, şöhrətiylə, adı-sanıyla yaşaya bilərdi. Amma
o, bu asan yolu seçmədi. Elmin, biliyin fədaisi oldu, ərəb
dilinin mükəmməl mütəxəssisi kimi orta əsrlərin həqiqi
Azərbaycan tarixini möhkəm təməllər üzərində ucaltdı. Və
"ulduz" sözünün bu mənası da ona şamil edilə bildi: "Tarix
elminin ulduzu", "Şərqşünaslığımızın ulduzu",
"Mənbəşünaslığımızın ulduzu".
Ancaq vətəndaş qeyrəti, ziyalı təəssübkeşliyi, narahat vicdanı
Ziya Bünyadovu daha bir sahəyə çəkdi. O, Stalin repressiyalarının
qurbanları haqqında yorulmaz araşdırmalar apardı, qaranlıq qalmış
faktları, itkin düşmüş adları, ağ ləkələri üzə çıxardı. Bu işi hər kəs
deyil, işığı, nüfuzu cəmiyyətdə təsdiq olunmuş bir ziyalı və hər
386
ziyalı da deyil, "Ziyalı ulduz" görə bilərdi. Məhz bu mənada mən
yazımın adını "Ulduzlu Ziya – ziyalı ulduz" qoydum. Ziya
müəllimin 37-ci il şəhidlərindən olan Mədinə xanım Qiyasbəyli
haqqında yazısını oxuyandan sonra ona dedim ki, repressiya
qurbanları arasında başqa bir ziyalı qadın – Köylü qızı Gülarə də
olub. Onun haqqında materiallara rast gəlsə, bu nakam qadının
taleyi haqqında da yazması yaxşı olardı. Bir müddət sonra Ziya
Bünyadovun "Şərq qadını" jurnalının ilk redaktoru Gülarə Köylü
qızı haqqında yazısını oxuyanda böyük alimin həm diqqətcilliyinə,
həm də araşdırıcı inadına qibtə etdim.
Ziya Bünyadovu yeniyetməlik illərimdən tanıyır və onun
ömür yoluna, cəmiyyətdə özünü tutmasına, davranışına gənclik
çılğınlığıyla pərəstiş edirdim. Çox gənc yaşlarımda "Ulduz"
jurnalının bir anketində qoyulmuş suallara cavab verərkən və
yaradıcılıq niyyətlərimdən danışarkən, xalqımızın böyük oğlu
Ziya Bünyadov haqqında oçerk yazmaq istədiyimi
bildirmişdim. Təəssüf ki, indiyə qədər bu arzumu həyata keçirə
bilməmişəm, amma bir gün bunu mütləq gerçəkləşdirəcəyimə
inanıram. Ziya Bünyadov haqqındakı o vaxtkı niyyətimin bu
qədər – bir ömür – yubanmasına kiçik bir bəraətim ondadır ki,
mənim təklifimlə Moskva teatrşünası Lyubov Lebedina məhz
Ziya Bünyadovla tanış olmaq və onun haqqında yazmaq üçün
Bakıya gəldi, alimlə ətraflı söhbətdən sonra "Teatralnaya jizn"
jurnalında onun haqqında maraqlı oçerk yazdı.
Ziya müəllim haqqında ötəri bir yazı yazmaq istəmirdim,
onun barəsində layiqli bir mətn meydana çıxartmaq üçün
bioqrafiyasına da, xasiyyətinə də daha yaxından bələd olmağa
çalışırdım.
Bibim oğlu tarixçi Oqtay Əfəndiyevlə dostluq edən Ziyanı
Oqtaygilin məclislərində müşahidə etdim, atamın evinə qonaq
gəldiyində daha yaxından tanıdım və nəhayət, sonralar özüm
də dəfələrlə bu təkrarsız insanla ünsiyyətdə oldum. Tənqidlərə
məruz qaldığı vaxtlarda onu "Qobustan" toplusunun
redaksiyasına dəvət etdik, haqqında material verdik, iki saata
387
qədər ən müxtəlif məsələlər barəsində çox maraqlı söhbətlərini
dinlədim. Bərabər səfərlərdə olduq - Türkiyədə, İranda,
Göyçayda. Eyni seçkilərdə Milli Məclisə deputat seçildik və
həftədə iki dəfə iclaslarda görüşməyə başladıq. Ziya Bünyadov
haqqında yazmaq barədə gənclik niyyətimi unutmamışdım,
mütləq bir gün bunu edəcəyimə əmin idim. Amma deyir, sən
saydığını say, gör, fələk nə sayır... Nə biləydim ki, Ziya
müəllimin dəfnində danışmalı olacam, onun haqqında
ölümündən sonra yazmalı olacam... Milli Məclisdə arxa tərəfdə
bir sırada yan-yana otururduq: Əli Ansuxski, onun yanında
Ziya Bünyadov, sonra Yusif Səmədoğlu və mən ... İndi bu
məşum sıra haqqında düşünəndə hətta bir qədər xoflanıram.
Ansuxski və Ziya Bünyadov müəmmalı şəkildə qətlə
yetirildilər. Yusif Səmədoğlunu çox erkən itirdik. Ziyadan və
Yusifdən sonra tək bir oturduğumuz sırada deyil, ümumiyyətlə,
Məclisdə yaranrmış boşluğu hər an hiss edirəm. Ziya
Bünyadovu məclisdə gördüyüm son gün – demə onun
həyatının son günüymüş. Axşam toplantısının sonuna on-on
beş dəqiqə qalmış məndən o günkü qəzetləri istədi, verdim,
baxdı, qaytardı.
İki saat sonra isə evdə qara xəbəri eşitdim. Müharibənin
bütün dəhşətlərindən keçmiş, milli müstəqilliyimiz uğrunda
mübarizənin ön sıralarında mətanətlə addımlamış, heç vaxt
fikrini, sözünü açıq deməkdən qorxub çəkinməmiş Ziya
Bünyadov öz evinin pilləkənlərində namərd əliylə – namərd
əllərlə, namərd niyyətlərlə qətlə yetirilib.
Bir təsəllimiz odur ki, tarixçi Ziya özü də tarixin malı
olmuşdur. Hər xalqın tarixində Ziya Bünyadov kimi şəxslərin
adı ən şərəfli səhifələrdə yazılır.
Deyirlər, çoxdan sönmüş ulduzların işığı hələ də bizə gəlib
çatmaqdadır. Ziya Bünyadovun ulduzu heç zaman sönməyəcək
və bu işıq – bu ziyalı ulduzun işığı – ulduzlu Ziyanın işığı hər
zaman Azərbaycan xalqının inam və ümid nöqtəsi olacaqdır.
|