BİR NEÇƏ SÖZ
Ülkər! Qızımmı deyim sənə – qızımdan xeyli böyüksən,
bacımmı deyim – bacımdan xeyli kiçiksən. Cavan və əbədilik
cavan qalacaq qələm dostum desəm, daha yaxşıdır.
Cəmisi bir neçə hekayən dərc olunmuşdu, ancaq istedadını
bəyan etmək üçün onlar da kifayət idi. Bu yazılarda istedadın
ümdə bəlirlərindən biri – həyatı erkən duyub qavramaq,
dünyanı bütün mürəkkəbliyiylə, qəlizliyiylə anlamaq və anlada
bilmək cəhdi hiss olunurdu.
Bizi atan – gözəl şairimiz Əliağa Kürçaylı tanış etmişdi.
Arabir tamaşalarda, yığıncaqlarda rastlaşardıq, ötəri
salamlaşırdıq, bəlkə heç kəlmə də kəsməmişdik səninlə. Amma
bu gün sənin haqqında bir neçə söz deməyə daxili tələbat
duyuram.
Kövrək, bir qədər ürkək təbəssümlü çöhrən yaddaşıma həkk
olunmuşdu. Hekayələrin xoşuma gəlmişdi. Hərəkətin sarsıtdı
məni. Hərəkətini təqdir, ya tərənnüm etmək istəmirəm,
əttövbə, bu yolu kimsəyə örnək saymaq fikrindən çox uzağam.
Ancaq eyni zamanda böyük ehtirasın, hissin, o zərif
vücudundakı inadın və iradən qarşısında sarsıntımı gizlətmək
də istəmirəm. Əziz dostumuz. Əliağanın itkisini iki qat
müsibətə, ağrıya çevirdin. Gənc idin, çox gənc idin. Bu gənc
yaşında çox şeyi dərk etmişdin, bircə onu dərk etməmişdin ki,
zaman ən acı yaraları belə ovudur, yaşa dolduqca itkilərə
alışırıq, həyat bizi ən yaxın adamlarımızla ayrılmağa hazırlayır
və biz özümüz də əzizlərimizi bir gün bizsiz yaşayacaqlarına
yavaş-yavaş hazırlayırıq. Sən buna hazır deyilsənmiş, Ülkər...
Bu uğursuz xəbəri alandan bəri düşüncələrim onun müdhiş
cazibəsindən qurtara bilmir.
Axşam Xəzər sahilinə getdim. Əfsanəli Qız qalasının
yaxınlığından dənizə baxdım. Əfsanə yadıma düşdü. Qalanın
389
başından dənizə atılan və qalaya öz adını vermiş qədim gözəli
xatırladım. Kim nə deyir desin, bu əfsanəni qəbul edə
bilmərəm. Xalqımızın milli təfəkkür tərzinə, dünyaduyumuna,
əxlaq dəyərlərinə uyuşmayan bir məqam var bu əfsanədə.
Xalqımın başqa mənəvi keyfiyyətlərinə inanıram: insani
bağlılığa, ailə mehribançılığına, ata-övlad, ana-övlad, bacı-
qardaş, ər-arvad münasibətlərinin saflığına, möhkəmliyinə,
həqiqətinə...
Doğrudur, əfsanələrin, dastanların, nağılların çoxu cavan
aşiq-məşuqların faciəli məhəbbətindən dəm vurur. Ancaq
dünyada məhəbbətin, hissin, könül həmdəmliyinin başqa
bağları, başqa telləri də var və bəzən məhz bu tellərin qırılması
– taleyin alt-üst olmasıdır. Öz əlinlə taleyini parçalayıb tar-mar
etmək əzmi ancaq qeyri-adi daxili ehtirasdan doğa bilər.
...və bu elə bir ehtirasdır ki, hər şeydən güclüdür – həyat
sevincindən də, ölüm qorxusundan da, dünyanın min bir
marağından, macərasından da...
Axşam, adamsız sahildə, Qız qalasından bir az aralı
dayanmışam, əfsanələr, faciələr şahidi Xəzərə baxıram və
düşunürəm ki, ən qəribə əfsanələrin, ağlagəlməz dastan
süjetlərinin mayasında heç bir uydurma, yalan yoxdur. Bütün
dastanlar, əfsanələr nə qədər əcaib-qəraib şəkillərə düşsələr də,
olmuş hadisələrdən törəyir, gerçəklikdən mayalanır, bizimlə bir
səma altında, bir Yer kürəsində yaşayan insanların
ehtirasından, yanğısından, aldanışından, ağrılarından doğur.
Əfsanələrin necə və nədən yarandığını bu axşam daha dürüst
başa düşdüm.
Heyf sənə, Ülkər...
13 fevral, 1980
390
BİR DOSTUM VARDI
Rəssam Yuran Məmmədovun xatirəsinə
Yaxın dost, yaşdaş, nəsildaş, həmsöhbət itirməyin acısını
mən bilirəm axı, Yuran, bir daha niyə bizi bu nisgilə saldın?
Sənin ölən yaşın deyildi axı... Beynin, qəlbin rənglərlə,
cizgilərlə, mənzərələrlə, insan surətləriylə, yeni-yeni tabloların
əlvan boyalarıyla dolu idi... Arzuların, niyyətlərin aşıb-daşırdı.
Məgər sənin ölmək vaxtın idi? Ölüm həmişə vaxtsızdır. Sənin
gözlənilməz, qəfil ölümünə, həyat eşqilə dolu ürəyinin
etibarsızlığına heç cür inana bilmirəm. Ölüm sənə yaraşmır,
Yuran. İndi, sənin gülər üzünü, mehriban çöhrəni xatırlayanda,
o da yadıma düşür ki, sifətində həmişə xoş təbəssüm olsa da,
gözlərində gizli bir kədər də var idi. Həmişə gümrah
görünürdün, nikbin adam idin, idmançı idin, gəncliyində
boksçu kimi ad çıxarmışdın, orta yaşa dolandan sonra da
sağlam, qıvraq görkəmin vardı. Həmişə deyib-gülərdin. Bircə
gözlərinin dalğın qəmində ötüb-keçən illərin ağrısından,
acısından iz qalmışdı. Ya da bəlkə dünyayla belə erkən
vidalaşacağın qabaqcadan ürəyinə dammışdı, bu gələcək
ayrılığın fəraqı idi gözlərinə çökən...
Təsəvvür edə bilmirəm ki, Naxçıvana gələcəm, səninlə
görüşməyəcəm, ancaq məzarını ziyarət etməli olacam. Təsəvvür
edə bilmirəm ki, daha Bakıya gəlməyəcəksən, Toğrula, mənə zəng
vurmayacaqsan, görüşüb söhbət etməyəcəyik.
Ürəyin sənə vəfasız çıxdığı o uğursuz gündən bir ay qabaq
Bakıda, fotoqraf Hüseyn Hüseynzadənin emalatxanasında
görüşmüşdük. Hüseyn Naxçıvan MSSR-in 60 illiyinə həsr
olunmuş fotoalbom hazırlayırdı. Sənin də şəkillərin vardı bu
albomda. Həm öz şəklin, fotoqrafiyan, həm də əlvan
tablolarının rəngli reproduksiyaları – köçürtmələri. Naxçıvanın
bayramına fərəhlə, həvəslə hazırlaşırdın, iri bir divar rəsmi
391
çəkməyə sifariş almışdın. Sənətdə ustadın, böyük qardaş
saydığın Toğrul Nərimanbəyovla məsləhətləşirdin. Qarşıda
səni bir sevinc də gözləyirdi – fərdi sərgin açılmalıydı. "Ailəmi
Baltika sahillərinə aparıram – dedin. – Onları orda rahatlayıb
gələcəm. Qayıdım, bir yerdə Naxçıvana gedək".
Belə də sözləşdik: Qayıt Baltik sahillərindən, gedək
Naxçıvana. Toğrul, sən, mən. Baltik sahillərindən qayıtmadın.
Ürək böhranı səni Azərbaycanımızdan uzaqlarda haqladı.
Naxçıvana tabutunu gətirdilər... Səni doğma torpağa tapşırdılar.
Sən bu torpağı sevirdin, onun təkrarsız mənzərələrini sevirdin,
əməkçi adamlarını sevirdin, keçmişini sevirdin, bu gününü
sevirdin. Sevirdin və sevdiklərini kətan uzərində, kağız, karton
üzərində ifadə edirdin. Böyük bir divarda da ifadə etmək
istəyirdin – qismət olmadı.
Leninqradda ali təhsil aldın. Naxçıvanda yaşayıb-yaratdın,
Bakıya hər gəlişinlə dostlarını sevindirdin. Baltik sahillərində
əbədi yumdun işıqlı və qəmli gözlərini.
O gün, H.Hüseynzadənin emalatxanasında gələcək
görüşümüz, Naxçıvan səfərimiz haqqında vədələşib ayrılanda,
nədənsə birdən-birə mənə bir qələm uzatdın. – Bu nədir belə
Yuran? – Ruçkadır. Sənə bağışlayıram.
Nə biləydim, nə biləydim ki, bu son görüşümüzdür. Nə
biləydim ki, mənə bağışladığın qələmlə bir aydan sonra sənin
haqqında acıdan-acı vida sözləri yazmalı olacam. Nə biləydim
ki, qələmin mayesi qurtarmamış, sənin ömrün sona çatacaq.
Əlvida, Yuran, əlvida, dostum!
28 iyul, 1984
392
VAQIFLIK
Bir neçə ay bundan qabaq "Bakı" qəzetində Vaqif İbrahimin
şer kitabı haqqında resenziyam çıxmışdı. Vaqif "Qobustan"a
gəldi, təşəkkür elədi, təzə poemasının makina yazısını verdi,
oxuyun, dedi, fikrinizi bilmək istərdim.
Bu görüşün üstündən ay yarım, iki ay keçəndən sonra zəng
elədi, təbiətinə xas olan utancaqlıqla, təvazökarlıqla xəbər aldı:
hələ oxumamısınız ki?
–Yox, Vaqif, – dedim – bağışla, başım yaman qarışıqdır,
amma mütləq oxuyacam.
Macal tapan kimi poemanı diqqətlə oxumaq, müəllifə
fikrimi müfəssəl çatdırmaq istəyirdim.
İnsan ömrünün yaş möhlətindən başqa, taleyin öz möhləti
varmış. Vaqif cavan idi, sağlam idi, qaynar həvəsli adam idi.
Kimin ağlına gələrdi ki, bütün ömrü hələ irəlidə olan bu gözəl
şairin, sadə, səmimi, etibarlı dostun əsəri haqqında fikrimi
təxirə salmaqla bu fikri ona demək imkanını əbədi itirirəmmiş.
Bir də heç vaxt Vaqifin yazısı haqqında rəyimi onun özünə
deyə bilməyəcəyəm. Onunla ovunuram ki, Vaqifin şer kitabı
haqqında xoş sözlərimi müəllifə mətbuat vasitəsiylə çatdıra
bildim. Ona acıyıram ki, "Yer məhəbbəti" poeması haqqında
fikrimi Vaqifin özünə deyə bilmədim. Ona acıyıram ki, bu
poemanı müəllifin ölümündən sonra oxudum. Ona ağrıyıram
ki, bir daha Vaqif İbrahim imzalı yeni yazıları oxuya
bilməyəcəm, şairin həmişə xoş ifadəli sifətini bir də
görməyəcəyəm. Ona ağrıyıram ki, Vaqif İbrahim aramızdan
belə tez, çox tez, tələsik, vaxtsız getdi.
Öz qeydindən də göründüyü kimi, "Yer məhəbbəti" poeması
üzərində müəllif 20 ilə yaxın bir müddət ərzində işləyib, çapına
hövsələsizlik eləməyib, əsəri barədə ruhlandırıcı fikir eşitsə də,
özünü bir də, bir də yoxlayıb, yazısını dönə-dönə vaxtın məhək
daşıyla sınayıb.
393
Əlbəttə, bu poema, məncə, çoxdan çap olunası əsərdir,
amma hər bir ilhamla yazılmış əsər kimi "Yer məhəbbəti"ni də
vaxtın axarı soldurmayıb, köhnəltməyib. Əksinə, bu gün –
nüvə təhlükəsi dünyamızı daha artıq şiddətlə hədələyəndə
poemanın da kəsəri artır, o bizə vaxtında deyilmiş söz kimi
çatır. Poema çağdaş dövrün nigarançılıqlarından, düşünən
vətəndaş beyninin, həssas şair qəlbinin narahatçılığından
doğulub.
Doğrudan da, Vaqif İbrahim sözün həqiqi mənasında,
həssas, düşünən və nəcib insan idi, ziyalı idi. Ziyalı nəcabəti,
ziyalı missiyası, məncə, iki əsas cəhətlə bağlıdır – keçmişə
sədaqətlə və gələcəyə sədaqətlə. Keçmişi unutmamaq və
gələcəyi düşünmək. Keçmişin dəyərlərini yaşatmaq, dünyadan
gedənləri ehtiramla yad etmək və gələcəyin özülünü
hazırlamaq, gələcək zövqləri, anlayışları, dünyaduyumunu
yetişdirmək. Vaqif İbrahim bu iki cəhətə bütün varlığıyla,
həyatının hər günü, hər anıyla bağlıydı. "Yaddaş
mədəniyyətdir"– deyirlər. Əli Kərimin erkən vəfatından sonra
Vaqif İbrahim əsl fədakarlıqla Əlinin xatirəsiylə bağlı çoxlu
xeyirxah işlər gördü. Elə tək Sumqayıtda yaranmış Əli Kərim
poeziya klubunun işini götürsək, həmin klubun bütün ölkə
daxilində, beynəlmiləl əlaqələrini nəzərə alsaq, aydın olar ki,
bu fəaliyyət həm mərhum şairin xatirəsini yaşatmaq, həm də
yeni, gənc istedadları pərvazlandırmaq yolunda Vaqif
İbrahimin təmənnasız, umacaqsız xidməti idi.
Vaqif İbrahim yaxşı bilirdi ki, Dünəni unudanın Sabahı yoxdur.
Dünəni unudursansa, Sabah da səni unudaçaq. Vaqif Dünəni
Sabaha calamaq üçün Bu günü hər ikisiylə – Keçmişlə və
Gələcəklə bağlayırdı. Rəhbərlik etdiyi ədəbi dərnəyi həqiqi
ədəbiyyat ab-havasında, yüksək sənət prinsipləri ruhunda tərbiyə
etmək istəyirdi. Vaqif İbrahimin özünün xatirəsinə ən layiqli töhfə
– onun ədəbiyyatda, mətbuatda, dərnək məşğələlərində izlədiyi
nəcib amallara sadiq qalmaqdır.
Vaqif İbrahim xalqa, ədəbiyyata, mənəviyyata gündəlik,
394
təmtəraqsız, hay-küysüz xidmətin sirlərinə bələd idi, vaqif idi.
Doğrudan da, Vaqif idi. Həm kiçik hərflə, həm
böyük hərflə.
1984
395
ŞERİMİZİN BAŞI SAĞ OLSUN
Acıdan acı xəbər: çağdaş şerimizin ən dəyərli
nümayəndələrindən biri – İsa İsmayılzadə dünyasını dəyişdi.
İsanın ölümü də ədəbiyyata gəlişi kimi qəfil oldu. 60-cı illərdə
şerimizə birdən-birə daxil oldu, orijinal üslubuyla, oxşarsız ifadə
tərziylə, obrazlarının gözlənilməzliyiylə dərhal nəzərə çarpdı,
tanındı, parladı və bir də bənzərsiz istedad kimi haqsız hücumların
hədəfinə çevrildi. Şerlərinin bir çoxuna ağız büzdülər, rişxənd
etdilər, maraqlı tapıntılarını lağa qoydular. Amma çox qısa bir
surətdə kimin kim olduğu da aydınlaşdı. İsanın şerimizdə nə kimi
mühüm yer tutduğu bilindi. Mətbuatda təşkil olunmuş məktublar
yazan "oxucuların" saxta qəzəbi zamanın ruzigarında sovrulub
getdi. İsanın incə, kövrək poeziyası isə yaşadı, hər sınaqdan çıxdı,
boy atdı, özünü təsdiq etdi.
Ədəbiyyatımıza yalnız şair kimi deyil, savadlı, səriştəli,
tələbkar, məsuliyyətli redaktor kimi də xidmət göstərdi, bu çətin
zamanlarda belə "Azərbaycan" jurnalını bədii meyarlarla seçilən
yazılarla təmin etmək üçün əlindən gələni əsirgəmirdi. Gənclərə
qayğı ilə yanaşdı, ağsaqqalın-ağbirçəyin hörmətini saxladı,
böyüyün böyük, kiçiyin kiçik yerini bildi. Özünü oda-közə vurub
balalarını layiqli insanlar kimi böyütdü. 60-cılar nəslinin yaşı 60-a
çata bilməmiş bu nümayəndəsi sonrakı onilliklərdə də gəncliyinin
ümidlərinə və ideallarına, bədii anlayışlarına və axtarışlarına
dönük çıxmadı, unutqanlıq mərəzinə tutulmadı, sona qədər
dostlara vəfasını, inanclarını, etibarını qorudu, təmkinini,
mövqeyini, abırını, ləyaqətini həmişə saxladı. Zahiri sakitliyində,
mülayimliyində əyilməzlik, sərtlik, sözü kəskin demək bacarığı da
vardı.
Əlvida İsa, uzaq gəncliyimin əqidə dostu, saf və təmiz qələm
sahibi, ədəbiyyatımızın zəhmətkeş və əzabkeş fədaisi. Yerin çox
görünəcək, yoxluğun çox yandıracaq, çox göynədəcək hamımızı.
Allah sənə rəhmət eləsin. Ailənin, balalarının başı sağ olsun,
396
şerimizin başı sağ olsun.
14 iyul 1997-ci il
397
ELMİRA HÜSEYNOVANIN XATİRƏSİNƏ
Dost itirmək çox ağırdır. Şair: nəslimin yarpaq tökümü başladı
desə də, bu labüdlüklə heç cür barışmaq istəmirsən.
İstedadlı heykəltaraş, xoşxasiyyət, mülayim insan, ailəmizin
etibalı dostu Elmira Hüseynova vəfat etdi. Onun ölümylə biz
də həyatımızın bir parçasını, sanki elə də uzaq olmayan
gəncliyimizin bir hissəsini itirdik. İndi dost ünsiyyətimizin xoş
günləri, saatları yalnız xatirələr aləmində qalacaq. O günlərin,
o saatların ki, heç nə ömrün gələcək ağır sınaqlarından soraq
vermirdi.
Elmira güclü və vüqarlı insan idi, ağrı-acılarına mətanətlə,
mərdliklə dözə bilən incikliklərini gizli saxlamağı bacaran
insan idi. Son illərdə taleyinin və səhhətinin ağır yaralarını elə
bil heç vecinə almayaraq hər görüşdə dost-tanışlarını
təbəssümlə qarşılayar, hamıda elə təsəvvür yaratmaq istərdi ki,
hər işi əladan əladır. Gileylərin, şikayətlərin yerinə həvəslə
nəvəsindən danışmağa başlardı. Nəvəsi çətin həyatının bəlkə də
son və yeganə sevinci idi. Bir də zərif rəssam, incə və kövrək
varlıq olan qızı Əsmərin uğurlarıyla öyünürdü.
Uzun illər hamımız – bütün dostlar bir yerdəydik. İndi Elmira
heykəllərini yaratdığı insanlarladır – Həsən bəy Zərdabiylə, Cəfər
Cabbarlıyla, Səttar Bəhlulzadəylə, Rəsul Rzayla. O, indi elə bir
dünyadadır ki, istəkli adamlarının, yaxınlarının çoxusu da ordadır
– babası şair Səməd Mənsur, atası, anası, bacısı, əmisi – yazıçı
Mehdi Hüseyn, dayısı – rejissor Tofiq Kazımov.
İnanmaq istəyirəm ki, onlarla Elmira rahatdır. Və onlar
Elmiranı qoruya da, ona təsəlli verə də biləcəklər. Əfsus ki, biz
bunu bacarmadıq.
Əlvida əziz Elmira. Sənin gözəl əsərlərin, xeyirxahlığın,
mehribanlığın, bir qədər utancaq təbəssümün həmişə
yaddaşımızda yaşayacaq. Nə qədər ki, yaddaşımız var.
25 yanvar, 1995
398
ARAZSIZ QALDIQ
Arazsız qaldıq. Nə ağırdır, nə çətindir bu sözləri yazmaq.
Qardaş verməyib mənə Allah. Yarım əsrə qədər bir müddətdə
Araz mənim qardaşdan yaxın dostum olub.
M.P.Vaqifin nüfuzlu araşdırıcısı, aşıq şerinin mükəmməl
bilicisi idi. Hərdən, kefimizin duru çağında, onun yadına Molla
Cumanın məşhur misrasını salardım: dost mehriban ya bir olar,
ya iki.
Araz duyurdu ki, bu misranın həqiqətini mən məhz ona
şamil edirəm, uşaqlıq, gənclik illərində və bütün ömrümüz
boyu davam edən dostluğumuzu nəzərdə tuturam. Tanış-biliş
bolluğunda dost kasadlığı daha aydın sezilir. İnsan ömründə əsl
dost, doğrudan da, "ya bir olur, ya iki". Araz əsl dost, əsl insan,
əsl ziyalı idi. "Ziyalı" sözünün az qala söyüş kimi işlədildiyi bir
zamanda – bizim bu günümüzdə ziyalı ləyaqətini, ziyalı
qürurunu qoruyub saxladı. Yetişdiyi Məmməd Arif ocağının
mənəviyyat işığını yaşatdı, övladlarına təhvil verdi.
İşıqlı insan idi Araz. Ürəyində zərrə qədər xılt, kin-küdurət,
paxıllıq duyğuları yoxdu. Gücsüz həsəd hissi gəmirmirdi içini.
Dostlarının irili-xırdalı hər uğuruna öz sevincindən artıq
sevinərdi. Təkrarsız gülüşü vardı. Bəzən ən adi sözə, ən kiçik
hadisəyə, ən sadə hərəkətə elə ürəkdən, elə sürəkli gülərdi ki,
ona qoşulub gülməmək olmurdu. Hər şeyə marağı vardı –
siyasətdən tutmuş şahmatacan. Filarmoniyanın simfonik
konsertlərindən – futbol yarışlarınacan.
Dostlarıyla zarafatlaşmağı xoşlardı və özü də dostlarının
zarafatından heç vaxt inciməzdi. Arazın ad günlərində həmişə
Arif əmigildə yığışardıq və belə ad günlərindən birində
yazdığım zarafatyana qəzəlin nüsxəsini saxlamışam. Bu
qəzəlin yazıldığı il qeyd olunmayıb və indi də mən o ili dəqiq
təyin edə bilmərəm. Amma hər halda mətndən görünür ki, Araz
399
o zaman hələ doktorluq dissertasiyasını müdafiə etməmişdi və
həyat yoldaşı Aida xanım kimi o da hələ elmlər namizədi idi.
Şerin bir misrası məhz buna işarədir. Başqa bir işarə Arazın
kinostudiya ilə əlaqədar fəaliyyətiylə bağlıdır. Araz,
Zöhrabbəyovun "Odlu diyar" romanı əsasında ədəbi ssenari
yazmış və kinostudiyamıza təhvil vermişdi. O vaxt studiyanın
direktoru görkəmli sənətkarımız, danışığında "qada" sözünü
bol-bol işlədən Ədil İskəndərov idi. Arazın ssenarisinin
müzakirəsi yubadılırdı və qəzəldə buna da bir eyham vurulur.
Bax, bu kiçik şərhlərdən və izahlardan sonra o uzaq illərin
zarafatlı qəzəlini oxucuya təqdim edirəm:
Səni təbrik edirik, biz bu gün Araz, ay Araz!
Kefin olsun həmişə çağ, həmişə saz, ay Araz!
Doktor ol, banketinə bizləri də dəvət elə
Axı bir evdə iki kandidat olmaz, ay Araz!
"Odlu yurdun" alovu yandıramaz balü-pərin
Bu cür işlər de "qada" çox belə qalmaz, ay Araz!
Orta əsr şöbəsinin cənnəti bustanında
Ucalırsan necə ki, canani-tənnaz, ay Araz!
Bizə söhbət yaraşar, amma ki, qeybət yaramaz,
Qeybəti hərdən edək, həm də ki, lap az, ay Araz!
Mən sənə öz sözümu şer ilə çatdırmadayam
Eşidibsənmi denən, sən belə avaz, ay Araz!
Dostun Anar gətiribdir sənə bu xoş gündə
Həm qəşəng, həm bahalı bax belə bir vaz, ay Araz!
***
Gəncliyimiz hərəkətsiz, tərpənişsiz, donuq bir dövrə, səssiz-
səmirsiz ictimai səhraya, mənəvi həyatın alatoranlığına
düşmüşdü.
50-ci illərin ikinci yarısında tez yanıb, tez sönən ümid
çıraqları, qısa haray çəkib qısılan səslər – bu toranlığı, bu
sükutu daha da qatılaşdırırdı, daha da ümidsizləşdirirdi. 56, ya
57-ci ilin küləkli bir payız günü Arazla Bakı küçələrini dörd-
beş saat dolaşmağımız uzun illərin saysız-hesabsız görüşləri
400
içində xüsusi yadımda qalıb.
Uşaqlıq və yeniyetməlik çağından sonra bu tələbəlik
illərimizin bəlkə də ilk ciddi ünsiyyəti, ürəyimizdəkiləri bir-
birimizə açdığımız çox vacib söhbət idi. Nədən danışırdıq o
axşam? Nədən danışmırdıq? Siyasət, ədəbiyyat, xalqımızın acı
taleyi, ictimai mühitimizin boğucu havası, sənətdə bayağılıq,
zövqsüzlük, səviyyəsizlik, ətrafımızı sarmış əliəyrilik,
yaltaqlıq, riyakarlıq, yalan... Ürəyim bütün mətləblərlə,
fikirlərlə, sözlərlə dolu idi və ürəyimdəkiləri açıb deyə
biləcəyim, qəlbimin qızdığı iki-üç adam vardısa, biri Araz idi.
Tay-tuşlarım arasında o illər, bəlkə tək yeganəsi Araz idi.
"Dost-mehriban ya bir olar, ya iki". Adi fikirlərimizi siyasi sirr
kimi içimizdə gizlətdiyimiz o illərdə "sirrini aləmə
deməyəcəyinə" əmin olduğun bir dost tapmaq, onunla
düşündüklərini bölüşmək nə böyük səadət idi! Həqiqi, səmimi,
mənəvi ünsiyyət acıydıq, bir-birimizi tapmışdıq.
"Molla Nəsrəddin-66" adlı satirik hekayələr silsiləmdə
içkibazlar simpoziumu haqqında məlumatı Araz dürüst
anlamışdı və duyduğunu mənimlə bölüşdü. İçkibazlar
qurultayında səhnəni niyə məhz üç portretin bəzəməsi bəlkə
başqalarına da çatmışdı, amma o vaxt mən bu mətləbi Arazdan
başqa heç kəslə söhbətdə açıb-ağarda bilməzdim. 56-cı ilin
payızında Macarıstanın işğalına, 68-ci ilin avqustunda
Çexoslovakiyaya təcavüzə Arazla münasibətimiz tam uyğun
idi. 56-cı ilin ümid qırıqlığından 68-ci ilin mənəvi
çıxılmazlığına gedən yolu bərabər keçmişdik.
Son gümanımızı itirmişdik. Nə biləydik ki, illər keçəcək və
90-cı ilin qanlı Yanvarında Azərbaycanımızı
Çexoslovakiyadan da ağır yaralayacaqlar və Araz da doqquz ay
sonra bu dərdi özüylə torpağa aparacaq.
O uzaq gün – 56, ya 57-ci ilin o küləkli payız söhbətinin isə
hafizəmdə bir şer qəlpəsi də qalıb. Hər halda gənc idik, hər
halda tamam inamsız yaşaya bilməzdik və Araz o uzun,
üzüntülü, ağrılı mətləblərlə dolu söhbətimizi Vidadinin
401
"təsəllisiylə" yekunlaşdırdı:
...Bu dövran belə qalmaz
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz...
Hər şey dəyişdi, "elə qalmadı", dövran dəyişdi insanlar
dəyişdi, anlayışlar, dəyərlər, bütlər dəyişdi. Qaraya ağ
deyənlər, indi də ağa qara dedilər. Suyu üfürə-üfürə içənlər
birdən-birə Armudan bəy sayağı elə qoçaq oldular ki, gəl
görəsən. Ömrü boyu ətrafa çəhrayı eynəklə baxanlar, indi də
qara gözlüklər taxdı. Dünən beynəlmiləlçilikdən danışanda
ağızlarına çullu dovşan sığmayanlar bu gün ağızdolusu
millətdən dəm vurmağa başladılar. Dünən deyilənlər büsbütün
unuduldu, elə bil heç dünən yox imiş. Srağagün isə yerli-dibli
olmayıb. Elə bil tarix bu gün səhərdən başlanıb. Hər şey
dəyişdi. Araz dəyişmədi. Ad çıxarmağın asan, şirnikdirici
yolları məst-xumar etmədi Arazı. Qeyrəti, kişiliyi,
vətənsevərliyi dilinin ucunda yox, gündəlik əməlində oldu. Hər
havada, hər iqlimdə fəhlə və fədai məsuliyyəti ilə gördüyü işi
yenə gördü.
Gurultulu bəyanatları sevməzdi, ensiklopedik biliyini,
yüksək savadını, işgüzarlığını milli mədəniyyətimizin qarış-
qarış genişlənməsi, kərpic-kərpic yüksəlməsi yolunda sərf və
səfərbər edirdi.
Birdən görürsən hirslənib özündən çıxmağı, hövsələsizliyi
də vardı Arazın.
Uşaqlıqda, futbol oyunlarımızda çığallığı da vardı, hərdən
qeybət qırmağa da həvəslənərdi. Canlı insan idi. Bir az
vasvasıydı. Görüşməyimizi vədələşirdik, məsələn, axşam
səkkizdə, Nizami muzeyinin tinində. "Səkkizdə də, yeddidə
(yaxud doqquzda) yox" – deyə dəqiqləşdirirdi Araz.
–Bəli, səkkizdə.
Bir azdan zəng vururdu: – Deməli, səkkizdə. Nizami
muzeyinin tinində, Nazmi kinosunun yox.
Bir azdan yenə zəng çalardı: – Deməli, səkkizdə, Nizami
muzeyinin tinində. Yaxşı. Hansı tinində? – Ay Araz, insafın
402
olsun, Nizami muzeyinin dörd tininin arasında nə böyük
məsafə varmış axı.... Uğunub gedirdi, görüşəndə isə ən dərin,
ən mürəkkəb məsələləri elə məntiqlə izah edirdi ki, mat
qalırdın... Bir ağsaqqal müdrikliyi vardı Arazda, bir uşaq
sadədilliyi, körpə sadəlövhlüyü. Yalnız ona, Araza məxsus
sözləri, ifadələri, ibarələri vardı. İti müşahidəsi vardı. Çox incə
yumor hissi vardı.
Vardı... vardı... vardı...
İndi yoxdu, yoxdu, yoxdu....
Cəmisi onca gün bundan qabaq Moskva xəstəxanasına, ona
dəyməyə getmişdim. Arıqlayıb çöpə dönmüşdü. Bənizi sapsarı,
sifəti yorğun idi, müalicədən, müayinələrdən, diaqnozun qeyri-
müəyyənliyindən zara gəlmişdi, amma gözləri həmişəki tək
işıqla dolu idi, uğunub gülürdü, zarafatından, nikbinliyindən
qalmırdı. Yaşayacağına, işləyəcəyinə, doğma Bakısına,
ailəsinin, istəkli nəvəsinin yanına qayıdacağına inanırdı.
İndi bütün bunlar acı anımlar, yandırıb-yaxan xatirələrdir.
Dost-taleyin bizə bəxş etdiyi ən böyük sevinclərdəndir.
Dost itkisi – taleyin bizə vurduğu ən ağır yaralardandır.
Molla Cumanın o qoşmasında belə misralar da var:
Bir gün ölsəm, hamı deyər: – yazıqdır
Canı yanan ya bir olar, ya iki.
Əlvida Araz, əlvida, dostum, qardaşım.
4 noyabr, 1990-cı il.
|