(Rəsul Rza)
Mən sənin torpağından
Boy atmışam, vətənim...
Dirçəlmişəm, qalxmışam,
Dənli – sünbül olmuşam.
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim...
Bir gün sinəmdə əgər
Çırpınmasa bu ürək,
Torpağın altda belə
23
Sənin böyük eşqinlə
Həmişə döyünəcək!
(Nigar Rəfibəyli)
Ölüm-həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı –
tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: "Axşam
gündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır", –
deyirlər.
Bu gün atamla-anamın ölümlə tamamlanmış, bitmiş
bitkinləşmiş ömür yolları haqqında düşünərkən mənə elə gəlir
ki, 81-ci ilin yazında – yayında, üç ay on gün içində qəfil qara
yellər kimi əsib-keçən, qollu-budaqlı ağacları kökündən
qoparıb aparan qasırğa kimi anamla-atamı aparan ruzigar – adi
həyatın adi hadisəsi deyildi. Nə isə əfsanəvi bir nəfəs vardı bu
ruzigarda, mifoloji bir ölçü vardı, dastan gücü, dastan ruhu
vardı.
Amma məgər ömürlərinin yalnız sonu deyil, bütün başqa
illəri də bir dastan deyildimi? İgidlik və Mərdlik dastanı,
Məhəbbət və Şəfqət dastanı. Sevinclə, fərəhlə dolu, ölüm-
itimlə dolu dastan. Ağır illərin xoşbəxt günləri də vardı bu
dastanda, xoşbəxt illərin ağır günləri də. İztirab da vardı, intizar
da... Hər çətinliyin, hər gümansızlığın dibindən boy verib
qalxan ümid də...
Neçə boyu var bu dastanın?
Boylar illərə səpələnib...
"1957. 7 yanvar. Moskva.
Anar bala, Fina bala.
Sizi xoş gördük. Siz ikiniz mənə bir yerdə məktub yazdığınız
üçün mən də hər ikinizə bir yerdə yazıram... Leninqrad
tamaşası haqqında (Atam Peredelkinoda dincələrkən
Moskvadan Leninqrada, Qara Qarayevin "İldırımlı yollarla"
baletinin premyerasına getmiş, tamaşa barəsində əski əlifbayla
məqalə yazıb bizə göndərmişdi – A.) Nigar oxusun, siz də
24
qulaq asın, təkrar eləmək istəmirəm. Ancaq onu deyim ki, üç
gündür onun təsiri altındayam. Hayıf ki, siz özünüz qulaq asa
bilmədiniz. Yəqin ki, siz məndən daha yaxşı başa düşər və daha
artıq həzz alardınız. Bəlkə də yayda mümkün oldu, gəlib
baxdınız. Mən bir 8-10 gün olar ki, işdən ayrılmışam. Bu gün
sizə məktub yazıram. Sabahdan başlayacağam "Füzuli"ni
davam etdirməyə. Başımda fikirlər arı beçəsi kimi qaynaşır,
görək nə olacaq. Bura işləmək üçün daha münasibdir. Sakit,
səliqəli. Dünən Moskvada olanda Emin (Emin Sabitoğlu o vaxt
Moskva konservatoriyasında təhsil alırdı.–A.) zəng eləmişdi.
Deyir ki, kanikul zamanı Leninqrada gedəcəyəm, "İldırımlı
yollara" baxmağa. İstəyirsiniz siz gəlin, mən sizi qarşılayıb
yola salaram.
Bakıda maraqlı nə var? Vaxtınız necə keçir? Plastinkalar
necədir? Yazın görüm, daha hansıları almaq lazımdır.
Moskvadan alaram. Mən gələndə özümlə ancaq əsər yox,
bahar da gətirəcəyəm.
Öpürəm sizi bərk-bərk. Təranəni incitməyin. Eşidirsinizmi.
Bax sən Anar və sən Fidan mənim balaca qızım Təranəni
incitməyin, bax incitməyin ha. Eşitdiniz? Öpürəm.
Rəsul".
"Anar bala!
Məktubunu aldım, çox sağ ol! Oxumağına 7 saat 8 dəqiqə
11 saniyə sərf etdim. Gözəl xəttin var.
Ani bala, bu məktubu alan günü, alan günü ha!!!
Nigarla bərabər, əlbəttə, Fidanın iştirakı və Təranənin baş
konsultantlığı ilə mənim ən yaxşı fotolarımdan (şəkillərimdən)
üçünü-dördünü seçib Avia poçta ilə Moskva, qost. Moskva, do
vostrebovaniya – adresinə göndərin.
Bir də Füzulinin "Bəng və badə" və qəsidələr kitabını (gərək
ikinci tom olsun) eyni adresə, yenə də hava poçtası ilə tez
göndərin.
Sənə uzun məktub yazardım, ancaq Füzuli razı olmur.
25
Öpürəm, salam vəfasız Fidana, vəfalı Təranəyə və əzizim,
gözüm Nigara.
Rəsul.
22 dekabr. 1957".
Haçan başladı bu? Hardadır başlanğıcı bu itkilər yolunun?
81-ci ilin ilk günlərindəmidir? Martın əvvəlindəmi,
ortasındamı? Fevralın axırındamı?
Fevralın axırlarında xarici səfərdən Moskvaya qayıtdım.
Son illər mənim bütün səfərlərim, xüsusilə də, xaricə səfərlərim
– nə qədər maraqlı keçsə də, nigarançılıqla, təlaşla dolu olurdu.
Hər dəfə Bakıdan bir həftə, on gün uzaq düşəndə, evlə əlaqə
saxlaya bilməyəndə beynimə min cür qara-qura dolurdu, məni
qorxu, vahimə basırdı. Elə bilirdim ki, bax bu gün, bu gecə, bu
saat, ən uzaq əcnəbi ölkədə, səfarətxanamız vasitəsilə məni
tapacaqlar, atam haqqında qara xəbər deyəcəklər. Belə bir
dəhşətli xəbərin anam barəsində olacağı heç vaxt ağlıma
gəlmirdi.
Nə üçün?
Bu barədə heç düşünmək belə istəmirdimmi? Ya da bəlkə
məsələ ondaydı ki, atam çoxdan ağır xəstəydi. Anam da
xəstəydi, amma onun xəstəlikləri atamınkılar kimi ardıcıl,
davamlı deyildi.
Hərçənd ki, 1971-ci ildə anam da ölümlə üz-üzə
dayanmışdı.
Bəlkə də səbəb ondaydı ki, bir çox məsələlərdə anam daha
səbatlı, daha möhkəm, daha dözümlü idi.
"Dözüm". Bu sözü tapıb, seçib, kitabının adıyla öz həyat
devizi kimi təsdiq edən Rəsul Rzanın ədəbi, ictimai həyatda
dözümdən danışmağa tam haqqı vardı.
Amma adi həyatda, məişətdə, qayğılara, azarlara sinə
gərməkdə Nigar Rəfibəyli daha mətin, daha dözümlü idi.
Atam çox vaxt əsəbi, darmacal, hövsələsiz olurdu.
Anam həmişə səbrli, həlim, təmkinli idi.
26
Mən təsəvvür edə bilərəm ki, anam atamı itirsəydi (daha
doğrusu itirdiyini bilsəydi, çünki itirdi – bilmədi), bu itkinin,
bu müsibətin iztirabını mətanətlə çəkə bilərdi, bir müddət
dünyada Rəsulsuz yaşamağa bəlkə də gücü, iradəsi, dözümü
çatardı.
Atam isə Nigarı itirsəydi, bir gün, bir saat da yaşaya
bilməzdi.
Həyat bunu təsdiq etdi.
Daha doğrusu, ölüm bunu təsdiq etdi. Atamın ölümü.
Amma kim bilir? İndi bunu kim təyin edə bilər?
1973-cü ildə atam ağır xəstə yatanda həyatı bir tükdən
asılıydı, sağalacağına güman çox az idi. Anam möcüzəvi bir
iradəylə özünü ələ almışdı, özünü tox tuturdu, ağır xəstəyə
qulluq etmənin bütün əzab-əziyyətlərinə mərd-mərdanə
dözürdü, bədbinləşmirdi, bizi də
bədbinləşməyə,
ümidsizləşməyə qoymurdu.
Ancaq bir dəfə, yalnız bircə dəfə, xəstənin ən ağır
saatlarından, ən ümidsiz dəqiqələrindən birində özünü saxlaya
bilmədi, dəhlizə çıxdı, ağladı: "Ondan sonra mənim
yaşamağımın nə mənası var?"– dedi.
Bu sözləri anamdan birinci və axırıncı dəfə eşitdim.
Xaricə
səfərin sonu yaxınlaşanda qayıtmağın
hövsələsizliyinə bir səksəkə də qarışırdı. Xəyalımdan bir–
birindən əyani, görümlü səhnələr keçirdi. Budur Şeremetyevo
uçarlığında məni moskvalı dostlarımdan biri qarşılayır, qəfilcə
yox, ehtiyatla, yavaş-yavaş məni bəd xəbər eşitməyə hazırlayır.
Mənə elə gəlirdi ki, içəri dünyamın ən xəlvət hücrələrində
gizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur.
Ümumiyyətlə, mən ömrümün çoxunu öz içimdə yaşamışam.
Mənə, tək bir mənə aid olan duyğuları, qorxuları, həyəcanları
başqalarıyla bölüşməyə nə hacət? Həm də indi belə aydınlıqla
və dəqiqliklə bəyan etdiyim bu gizli qorxularımı, pünhan
nigarançılıqlarımı o vaxt özüm özümə belə etiraf edəmməzdim.
Ürəyim gəlməzdi. Əmin idim ki, özümün belə səbəbini tam
27
aşkarlığıyla boynuma almaqdan qorxduğum hisslərim
başqalarına heç cür agah ola bilməz. Sən demə...
Çarpayıda
Rəsul Rzanın
üzünə çəkilib
yüz illərin ağ yuxusu.
Anar təslim olub
qısılıb küncə
Saçlarından, qaşlarından, üzündən
axıb tökülür
neçə ildir ürəyində
gəzdirdiyi qorxusu.
Fikrət Qocanın "Rekviyem"ində atamın ölümünü,
ölümündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyanda
gördüm ki, "illər boyu ürəyimdə gəzdirdiyim qorxumu" gizlədə
bilməmişəmmiş. Hər halda şair gözlərindən gizlədə
bilməmişəm.
Belə qorxurdumsa, uzaq səyahətlərə niyə çıxırdım? Ağla
gələn ilk cavab – bu cavab mənim xeyrimə deyil – belədir ki,
qorxu qorxu yerində, amma kefimdən də qalmaq istəmirdim.
Bu cavabda bir azca həqiqət varsa da, həqiqətin hamısı, yarısı,
heç çərəyi də yoxdur.
Özümə bəraət qazandırmaq, olanları bəzəmək, münasib
səbəblər uydurmaq istəmirəm. Amma doğrudan, səfərlərə
çıxmağımın bir cəhəti də vardı – hansı səfərdənsə imtina
etsəydim, getməsəydim, demək, məhz bu müddət içində bəd
hadisə gözləmiş olardım.
Əlbəttə, atamın halı xarablaşanda səfərlərdən imtina
edirdim, amma 81-ci ilin fevralında İtaliyaya gedəndə atamı
evdə nisbətən gümrah halda qoyub getmişdim.
İndi İtaliyadan Moskvaya qayıdarkən mehmanxanaya
çatanacan, Bakıya zəng vuranacan ürəyim çırpınıb yerindən
28
çıxırdı.
Mehmanxana otağındayam, Bakının telefon kodunu, sonra
atamgilin nömrəsini, sonra öz nömrəmi yığıram. Uzun-uzun
sədalar. Cavab çıxmır ki, çıxmır.
Bacımgilin nömrəsini yığıram.
–Qorxma, heç bir şey yoxdur. Qan təzyiqi bir az yüksək
oldu, apardıq xəstəxanaya. Orda palatada telefon var, istəyirsən
zəng vur.
Xəstəxananın nömrəsini yığıram. Dəstəyi özü götürür.
Səsimi eşidən kimi gümrah tonla danışır.
–Lap yaxşıyam. Nigar da burda, yanımdadır. O da lap
yaxşıdır.
Dəstəyi anam alır. Səsində sevinc var, şadlıq var.
Əlbəttə, iki min kilometr məsafədə nigarançılığımı
sakitləşdirmənin yeganə vasitəsi budur.
Kefləri kök, damaqları çağ... Guya ki... Elə bil heç
xəstəxanadan danışmırlar.
Amma bilirəm axı, bilirəm axı...
Məlumdur ki, xəstələr
yaşamır.
Xəstələr gecə-gündüz
ölümlə dava çəkir.
Bəzisi səsli, haraylı,
bəzisi səssiz, səmirsiz;
mən təki...
Müxtəlif illərin misraları səslənir qulaqlarımda.
Beyin fosfor istəyir,
şəkər istəyir ürək.
həkim deyir:
şəkəri az yeyəsən gərək.
Beş, on il dözər can
Ciddi pəhriz saxlasan.
Bu sətirlər 58-ci ilin şerindəndir. Dözümlü canı, möhkəm
ürəyi atamı bu şerin yazılma tarixindən sonra iyirmi üç il
29
yaşatdı.
Amma bütün bu illər ölümünü də "qəlbində, beynində
saxladı".
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də.
Çinar duymasa da onu,
ölüm keçdi pöhrə-pöhrə.
yarpaq-yarpaq.
Budaq-budaq yolunu.
"Kölgə kimi ondan ayrılmayan ölüm" onu
bədbinləşdirmirdi, o, "ömür adlanan qəribə yolun sonucu bu"
deyərkən ölümü yox, həyatı, insanları, dünyanı düşünürdü.
Ancaq ki, bir qaçılmaz
qanunu var həyatın–
günlərin damlasından
dolacaq ömür gölü.
Necə uzaqda olsa
gələcək bir gün ölüm...
... Bir gün gedəri olsam
bəlkə azalacaqdır
bu dünyadan bir damla.
Ancaq dünya qalacaq;
dopdolu bir həyatla,
yaşayıb yaratmağa
qadir saysız adamla...
Hər gün onu "bir xəncər boyu" ölümə yaxınlaşdırırdı.
Amma o daima hərəkətdə idi, qolunun giri, ayaqlarının gücü
qaldıqca addımlayırdı. Həmişə yoldaydı.
30
Qurtarmaq bilmir qatarın yolu.
Gündüzü var, gecəsi var.
Hələ gülə-gülə minəcək,
kədərlə düşəcək
neçəsi var.
Nə mən bilirəm harda düşəcəyəm,
nə qatardakılar bilir
Bəlkə heç qatar dayanmır:
düşənə elə gəlir,
minənə elə gəlir,
bəlkə mənə elə gəlir...
...nə yol qurtarır,
nə – arzular.
Yenə iskələlər, duracaqlar ötüşür.
Kimsə minir.
Kimsə düşür...
Ömür qatarından yol boyu neçə tanışı, dostu, əzizi
düşmüşdü. Axır illər onları daha tez-tez, daha göynəkli
anımlarla xatırlayırdı. Müşfiq nisgilini "Qızıl gül olmayaydı"
poemasında ifadə etmişdi. Sabit Rəhmana, Nazim Hikmətə,
Abdulla Faruka, Mikayıl Rəfiliyə, Cəfər Cəfərova, Əvəz
Sadıqa, Tatul Huryana, Lətif Səfərova, Əliağa Kürçaylıya,
cavan vəfat etmiş bacısı Turəyə şerlər, poemalar, misralar həsr
etmişdi.
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim.
Gözlərimi yumub-açdım,
neçə dostu sağ görmədim.
1962-ci ilin payızından 64-cü ilin yazına qədər mən
Moskvada, Ali ssenari kurslarında oxuyurdum. Atamın və
anamın məktublarının bir qismi bu illərdə Moskvaya
yazdıqlarıdır.
"Anar bala, xoş gördük!
31
Bakıdan nigaran olma, hamı sağ-salamatdır. İttifaqda,
ictimai həyatda elə mühüm bir hadisə yoxdur. Yer-yurdunuz
müəyyən olandan sonra yaz, səni yerli qəzetlərə abunə
yazdırım. "Rənglərə" bir başlıq yazmışam, gör necədir. Ver,
Çingiz (Ç.Hüseynov – A.) sətri tərcümə eləsin, o biri şerlərlə
birgə versin tərcüməyə. Əgər Vinokurov nəm-nüm eləyirsə,
bənd olmayın. Bəlkə başa düşmür, bəlkə ürəyindən deyil,
Slutskiyə versə də, Çingiz mənim adımdan verməsin. Çünki o
da lovğadır. İstəmirəm mənim adımdan ona təklif olunsun...
...Yaxşı olar ki, Çingiz şerləri bir adama versə, sən də orda
olasan, çünki sən daha yaxşı izah edə bilərsən.
Hələlik. Sağ ol, oğlum. Öpürəm.
Rəsul
23/XI–62 Bakı".
"Anarım!
Kaş bu məktub Şimalın şaxtalı soyuqları arasında səni bir
azca qızdıra idi. Əvvəlcə bu kağızı tutan əllərini, sonra onu
oxuyan ağıllı gözlərini və nəhayət, o şair duyğulu incə ürəyini
bir azca isidə biləydi. Ayaqlarını demirəm, çünki burdan
apardığın naxışlı yun corab və isti çəkmə yəqin ki, ayağını
yaxşıca qızdırır.
Sən gedəndən sonra mən bir neçə axşam gözümün yaşını sel
kimi axıtdım, sonra düşündüm ki, Bakını sel apara bilər, daha
ağlamıram; amma çox darıxıram. Bizim həyatımız əvvəlki
kimidir. Rəsul gündüzlər evdən gedir Radioya, Azərnəşrə,
Yazıçılar İttifaqına, yaxud əksinə. Beşdə gəlir nahar edir, bir
yığın qoz, fındıq, nar yeyir, sonra otağına çəkilib poeziyanın
şedevrlərini yaradır. Fidan ərəb dili ilə məşğuldur. Təranə
dərslərini hazırlayır, sonra ikimiz televizora baxırıq. Rəsul
arabir otağından çıxıb bizə deyir: bu zibilin nəyinə baxırsınız.
Doğrudan da, bir yaxşı kino göstərmirlər. "Tam-tam" pişik
buxarının qabağında uzanıb xor-xor kefə baxır. Niyə baxmasın,
oğlu Moskvaya getməyib ha! Ənvər (Ə.Məmmədxanlı – A.)
arabir gəlir. "Tam-tam"la oynayır, papiros çəkir və susur.
32
Bəzən də bir aylıq danışmaq normasını iki saatın içində yerinə
yetirir. Fikrət (F. Ağazadə, qohumumuz – A.) bu qapıdan girib
o qapıdan çıxır. "Niyarə, işin yoxdursa, mən getdim" – deyib
əkilir. Sənsiz çox darıxır. Daha sənə nə yazım, səni görmək
arzusu ilə yaşayıram. Bu ayda yəqin ki, görüşərik. Sənin və
Zemfiranın (yoldaşımın – A.) işləri necədir? Ev tapa
bildinizmi? Anar, əgər sən ərəb əlifbasını unutmamısansa, mən
sənə o əlifba ilə yazaram, onda uzun və müfəssəl yazmaq olar.
Öpürəm səni bərk-bərk.
Anan.
1962-ci ilin axırıncı ayının 1-ci günü".
"Ani bala, xoş gördük!
İndicə səninlə danışdıq.
İclas... pis keçmədi. Z və Ə özlərini cırdılarsa da yığıncaq
onlara səs vermədi. Yerdən etiraz səsləri qalxdı. Ümumi hesab
təxminən 10–0 oldu. Hər halda iştirak edənlər belə deyirlər. İş
burdadır ki, Ə çıxışında dedi ki, axır iki-üç ildə Rəsulun
yaradıcılığında formalizm bir qorxu təşkil edir və sairə.
Mən danışmadım, ancaq axırda arayış istəyib... keçən il
"Azərbaycan"ın 8-ci nömrəsindən parçalar oxudum. Burada o,
indicə dediyinin tam əksini, yəni mənim nə qədər müasir, yaxşı
yazdığımı söyləyir. Məqalə sənin yadında olar.
Burda o, şeri bir neçə dəfə oxumağı, başa düşmək üçün
diqqətlə təkrar oxumağı məsləhət görür. "...Rəsul Rzanın şerlərini
mən təkrar oxuyanda görürəm ki, nə qədər dərin" və sairə.
...Suyu süzülə-süzülə getdi.
Gələcəkdə də belə olacaq.
Salam dostlara. Öpürəm.
Bu saat bütün ailə üzvləri oturub söhbət edirik.
Rəsul
7/I-3U
"Anarım!
Biz gələndən sonra sizdə əmələ gələn ruh yüksəkliyini
33
ürəkdən alqışlayıram. Sənin ssenarini belə sürətlə qurtarmağın
və Zemfiranın elm dəryasına baş vurması göstərir ki,
gələcəyiniz parlaqdır. "Prazdnaə jiznğ ne mojet bıtğ çistoy".
A.P.Çexov. "Bekarçılıq insanı çürüdə bilər". Nigar xanım
Rəfibəyli. Rus və Azərbaycan klassiklərindən gətirdiyim bu
sitatlar ömrünüzün şüarı olsun. Sizin ayrılığınızın acısını mənə
yalnız bizim əjdaha evimiz unutdura bilərdi. Gələn kimi ev
əjdaha kimi ağzını açıb məni uddu, mən də içəridən onu
didməyə başladım. Yaz mövsümünün başlanması ilə əlaqədar
olaraq evdə çoxlu işlər görülür. Nə isə Anarım, xan nəvələri
istirahətdədirlər. Mülayim dəniz havası, çiçəkləyən ağacların
ətri, bir də sakitlik. Yazıçıya və insana bundan artıq nə
lazımdır ki... Moskvada keçirdiyim günləri xatırladıqca
oxuyuram: ah, necə kef çəkməli əyyam idi.
Bu məktub sənə çatanda yəqin yola hazırlaşacaqsınız.
Anarım, qatarla gəlin, mən də arxayın olum. Bakıda sağ-
salamatlıqdır. Havalar tez-tez dəyişir. Daha sənə nə yazım.
Məktubunu aldıq, çox sağ ol. Zemfiraya salam de.
Öpürəm səni.
Niyal.
12 aprel, 1963".
Onlar xəstəxanada deyil, öz evlərində olanda hər gün
atamgilə dəyərdim. Adətən gündüzlər gedərdim.
Gündüzlərdə nə isə bir nikbinlik var – gün işığı, telefon
zəngləri, küçənin hay-küyü, qəzetlər, məktublar, ev kirayəsi,
işıq pulu, gəlib-gedənlər...
Ancaq bəzən onlara axşamlar gələrdim.
Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can sıxır qaranlıq gecə.
Deyirlər...
Deyirlər...
34
Gündüzlər necə!
Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə!..
Bu qərib axşamların kədəri son saatımacan içimdə
yaşayacaq. "Qərib" sözü burda çox dəqiqdir; onlar öz
şəhərlərində, öz evlərində olsalar da vaxt qürbətində
yaşayırdılar.
Niyə, niyə, axı, niyə mən hər cür işimi–gücümü, ən təcili,
təxirəsalınmaz, ən vacib işlərimi belə kənara atıb bütün
axşamlarımı onlarla keçirmirdim? Niyə onların bir gün
olmayacaqlarını bilə-bilə, onlarsız günlərimin acı həsrətini
öncədən duya-duya, bu fikri özümdən iraq edirdim?
Hökmən bir ay, bir-iki həftə, heç olmasa bir neçə gün bütün
dünyanı, bütün aləmi, işlərimi, qayğılarımı unudaraq Bakıdamı,
Buzovnadamı, Göyçaydamı səhərdən axşamacan, axşamdan
səhərəcən onlarla bir yerdə olmaq – arzum, istəyim, əlçatmaz
xülyam idi. Doyunca, lap doyunca bir yerdə qalmaq, doyunca,
lap doyunca söhbət etmək – olanlardan, keçənlərdən. Niyə
qismət olmadı bu mənə, niyə?
Uşaqlığımdakı kimi – bir yerdə yaşamaq, amma durulub
aydınlaşmamış körpə şüuruyla deyil, yaşlı, yetkin insan
zehniylə onları günbəgün, axşambaaxşam, səhərbəsəhər
dinləmək, qavramaq, yadda saxlamaq....
Niyə mümkün olmadı bu, niyə?
Hansı iclaslar, bədii şuralar, redkollegiyalar, çıxışlar,
görüşlər, səfərlər, cari işlər, dost məclisləri, yaşıdlarla ünsiyyət
sevincləri və bütün başqa sevinclər – bax, həmin o saatları, o
günləri – Onlarlı saatlarımı, Onlarlı günlərimi aldı məndən?
Yuxarıda sadaladıqlarımın hansı birisi atamla anamın sifətləri,
sözləri, səsləri, ya da sadəcə susmaları, sükutları qədər mənə
əziz, doğma, munis ola bilərdi!
Axşamlar... Onların axşamları... Son illərin axşamları...
35
Otaq böyük idi, bəlkə buna görə çıraq onu gur işıqlandıra
bilmirdi. Alaqaranlıq olmasa da, otaq hər halda çıraqban da
deyildi.
Televizor işləyir. İkisi – iki qoca – oturublar televizorun
qarşısında. Anam baxır ekrana, atam yox; televizorun
qabağında oturub, amma gözlərini yumub.
"Xoş-beş, nə var, nə yox, sağlıq"dan sonra dinib-danışmır.
Dəhlizdə anam: "Mənimlə də danışmır, elə bil söhbət tapmır
danışmağa, – deyir. – Bütün axşamları, bax, beləcə televizorun
qabağında oturur, gözlərini də yumur, baxmır, susur. Bilmirəm
gözlərini yumursa, daha televizorun qabağında niyə oturur".
Bəlkə baxmır, qulaq asırmış. Amma qulaq asmalı nə var ki?
Qulaq asmaq istəyəndə balaca tranzistorunu qururdu. Axır iki-
üç ildə çox mütaliə də edə bilmirdi-gözləri zəifləmişdi,
oxuyanda tez yorulur, ağrıyırdı.
Yəqin ki, bu gözüyumulu, sükutlu saatlarında büsbütün
ötənlər aləminə, İçəri dünyasına çəkilirdi. O dünyaya ki, orada
vaxt anlayışı yoxdu. – Keçmiş də İndi kimi realdır, əyanidir,
görümlüdür, insanların da hamısı – ölüb itənləri, haçansa
ömründən keçib-gedənləri belə – diridirlər, budur, burdadırlar,
danışırlar, gülürlər, ağlayırlar, əl eləyirlər.. Dünya da min
rəngli, min bir çalarlıdır.
Bilmirəm, bir mən beləyəm,
Ya hamı belədirmi?
Yada saldıqca keçən günləri
Hər gün bir rəngdə görünür mənə;
Şənbə sarı görünür,
Bazar ağ,
Cümə-qırmızı.
Yadıma gəlir qonşumuzun
qara, uzun kirpikli qızı
və qızın, boynundakı
gözmuncuğu,
Yadıma gəlir nənəmin
36
göy
gözləri,
şirin nağılı,
babamın qaşqabağı, acığı.
Yollar yadıma düşür.
Tozlu yollar,
Yulqunlu, yovşanlı yollar,
turaclı, dovşanlı yollar.
Qarğı tütəyim yadıma düşür.
Sümsüm yadıma düşür,
qarğı cəngərəklə
əlçatmaz budaqdan üzdüyüm
zingirə-zingirə
əlvan üzüm yadıma düşür.
Köbərləri qazıb
çıxartdığımız boyaq
yadıma düşür.
Bağlardan yığdığımız
şirin əvəlik,
dağlardan yığdığım
sumax yadıma düşür.
Onu bu xatirələr, fikirlər aləmindən, vaxtsızlıq dünyasından
ayırmaq, təkliyini dağıtmaqçün eşitdiklərimdən,
gördüklərimdən, oxuduqlarımdan – bir sözlə Bu Gündən
danışırdım. Ona cürbəcür xəbərləri, şayiələri, bəzən hətta
qeybətləri çatdırırdım. Zəif gülümsünürdü, solğun bir maraq
göstərirdi, amma duyurdum ki, bütün bunları tam bir
biganəliklə qarşılayır.
Hərdən bu məni hövsələdən çıxardırdı. "Niyə heç kəslə
durub – oturmursan? – deyirdim. – Hanı sənin tay-tuşların,
dostların?" – deyirdim.
Dönə-dönə verdiyim bu suala yalnız bir kərə cavab verdi və
bu cavabı heç vaxt unutmayacam:
–Mənim dostlarım Müşfiq, Faruq, Rəfili, Sabit, Nazim
Hikmət, Cəfər Cəfərov idi. Neyləyim ki, heç biri qalmayıb.
37
Sabit Rəhmana müraciətlə yazırdı:
"Kommunist" küçəsində
Sabir bağıyla üz–üzə
"Gənc işçi"
Həm iş yeri,
Həm gündəlik ruzi ağacı,
Həm etibarlı sınaqdı bizə.
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Səməd yox,
Əli Nazim yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə,
necə keçim o yolu!
Son illər Nazim Hikməti daha tez-tez xatırlayırdı. Nazim
20-ci illərdə Bakıya gələndə atamla görüşməmişdilər. Nazimin
ölkəmizə 50-ci illərdə ikinci və həmişəlik gəlişi zamanı tanış
oldular və dərhal da köhnə dostlar kimi ünsiyyət bağladılar.
Moskvada və Bakıda bir-birinin ən əziz qonaqları idilər. Nazim
atam haqqında üç məqalə, atam isə onun haqqında bir neçə şer
yazıb. Bu şerlərin hamısı N.Hikmətin vəfatından sonra yazılıb.
Ancaq Nazimlə hələ şəxsən tanış olmadığı vaxt, şair Türkiyədə
Bursa məhbəsində dustaq yatarkən, atam Nazimin anasına bir
şer yazıb. Bu şeri sevmirəm. Ritorik, şüarçı şerdir. Nazimlə
şəxsi tanışlıqdan, ülfətdən sonra və Nazimin ölümündən sonra
atamın ona həsr olunmuş sətirlərini isə həyəcansız oxuya
bilmirəm.
Şair yoxdur artıq,
olmayacaq
Ulu şair ölümünü
sinəsində apardı
Bursadan.
38
İnfarkt miakardo onu
uzaqlarda vursa da.
İstanbulda Boğaziçində, Çinaraltında, Bursada Nazimi
xatırlaması təbiidir, amma Bakıda, xəstəxanada, azarlı, ağrılı,
əzablı günlərində də ürəyində, yuxularında, şüur dumanlarında
Nazimlə danışırmış.
"Qarşı yalı məmləkət"də – Bolqarıstanda yazdığı şerində də
Nazimlə bağlı sətirlər var.
Üfüqdə göy gözlərin sarı həsrəti.
Bir səs:
–Oğlum, oğlum! – deyə.
çağırır Məməti...
...Qara dənizin üstündən,
qara yellər əsdimi?
Məmət gecikdimi?
Çağıran tələsdimi?
...Üfüqdə göy gözlərin sarı həsrəti,
Səhifələrdə yaralı qəlbin məhəbbəti...
Məmət dərs oxuyur
Lehistanın baş kəndində.
Şəkərim, qardaşım, ustad!
Bir də çağırma,
Çağırma Məməti!
–Niyə çağırmasın? – deyə atamdan soruşuram.
–Necə niyə? –təəccüblənir, mənim başa düşmədiyimə
təəccüblənir. – Axı Nazim ölüb. İndi hara çağıra bilər Məməti,
o dunyaya?
Bu qədər aydın ifadə olunmuş fikir, bilmirəm niyə mənə ilk
dəfədən çatmayıb.
1962-64-cü illərdə Moskvada təhsil alanda atam məni bir
neçə Bakı qəzetinə abunə yazdırmışdı. Hər həftə "Ədəbiyyat və
incəsənət" qəzeti gəlirdi və hər həftə qəzetin səhifələrində atam
haqqında yazılar oxuyurdum.
Qəzetin 13 yanvar 1963-cü il nömrəsində Lenin mükafatına
39
təqdim olunan əsərlərin siyahısı dərc olunmuşdu. Bu əsərlər
sırasında atamın "Qəlbimdə bahar" kitabı da vardı.
Qəzet bu kitabın mükafata təqdim olunması münasibətilə
formal müsbət rəyi ifadə edən məqalə çap etmişdi, amma
məqalə bu sözlərlə qurtarırdı: "Pəncərəmə düşən işıq", "İki
tarix" şerlərinin sonluğu zəifdir. "Quzu", "Mahnı dərsi", "Qaz"
şerlərində yürüdülən fikir müəyyən dərəcədə dumanlıdır. "Ağ
fil" şerinin ideyası orijinal deyildir, "Bakı", "Ana, dərdin
nədir?" şerləri lakonizmdən uzaqdır, ritorik xarakterdədir və s.
Şair bəzən prozaik ifadələrdən həddindən çox istifadə edir
ki, bu da sətri tərcümə təsiri bağışlayır.
Ayrı-ayrı nöqsanlarına baxmayaraq "Rəsul Rzanın "Qəlbimdə,
bahar" şer kitabı maraqla qarşılanır". (19 yanvar, 1963)
Qəzetin elə həmin nömrəsində dərc edilmiş başqa bir
məqalədə belə abzas var:
"Qəlbimdə bahar" kitabına çəkilmiş şəkillərdə gənc rəssam
T.Nərimanbəyov formalist axtarışlarının faydasız bəhrəsini
nümayiş etdirmişdir. Həyat ilə, insan təfəkkürü ilə heç bir
əlaqəsi olmayan bu mücərrəd ifrat şərti rəsmlərin meydana
çıxması, hazırda sovet incəsənətində mücərrədçi, formalist
hoqqabazlıqlarla gedən ciddi mübarizə şəraitində xoşagəlməz
bir hadisədir". (19 yanvar, 1963)
Ölkənin ən yüksək mükafatına təqdim olunmuş kitaba bu
sayaq, bu dillə xeyir-dua verilir, "uğur dilənirdi".
Qəzetin (9 fevral, 1963) "Xalq üçün yazıb-yaratmalı" adlı
baş məqaləsi demək olar ki, tamamilə atamın "Rənglər"inə həsr
olunmuşdu. Məqalədən bəzi parçalar:
"Biz mücərrəd insanpərvərliyi poeziyamıza və ümumiyyətlə,
ədəbiyyata və incəsənətimizə yaxın qoymamalıyıq. Çox təəssüf ki,
bizim poeziyamızda mücərrəd insanpərvərlik, "ümumiyyətlə"
insandan danışmaq kimi hallara təsadüf olunur...
Müasir poeziyamızın görkəmli nümayəndələrindən olan xalq
şairi Rəsul Rzanın ədəbiyyatımızdakı xidmətləri geniş
40
ictimaiyyətə məlumdur. Onun gözəl ictimai-siyasi lirikası,
beynəlxalq mövzulardakı şerləri, Dövlət mükafatına layiq
görülmüş "Lenin" poeması oxuculara yaxşı tanışdır. Bütün
bunlarla yanaşı şairin bir sıra son şerlərində və xüsusilə,
"Rənglər" adlı ("Azərbaycan" jurnalı, 1962-ci il, № 12) silsilə
şerlərində gözə çarpan ciddi qüsurlar da ədəbi ictimaiyyətimizi
narahat etməyə bilməz. Şairin həmin şerlərində məhz mücərrəd
insanpərvərlik, müasir həyatımızın aktual məsələlərindən
uzaqlaşmaq halı aydın hiss olunur. "Rənglər" silsiləsindəki 27
şerin demək olar ki, hamısının axırı insan haqqında belə
mücərrəd fikirlər və ifadələrlə qurtarır: "İnsan ülfəti",
"Anlayan, duyan insan", "İnsan qayğısı", "İnsan əməli", "İnsan
düşüncələri", "Gülən, ağlayan insan, insan, insan", "İnsan
bəzəyi", "Dərindən nəfəs aldı insan", "İnsanın bəlalı başı",
"Bəzi insan niyyəti", "İnsan dünyası" və sairə. Bu şerlərdə
hansı insandan danışılır? Şairin insana demək istədiyi nədir?
Tamamilə aydındır ki, bu şerlərdə konkret insan yoxdur,
rənglərin dili ilə insana söylənən fikirlər çox mücərrəddir,
dumanlıdır və oxucu bu fikirləri duymaq, başa düşmək bir yana
qalsın, yozub məna çıxarmağa da çətinlik çəkir.
Həmin parçalardan aydın görünür ki, şairin məntiqində heç
bir ardıcıllıq yoxdur, müqayisələrində predmetlər, insanlar,
hadisələr haqqında real təsəvvür yoxdur, rənglərin insana
münasibətində, hadisələrə təşbeh gətirilməsində uyğunsuzluq
və mücərrədlik var (Kəlmə başı "mücərrədlik" sözünün təkrar
edilməsi "Rəngləri" o zaman rəssamlıqda mücərrədliyə qarşı
mübarizə kampaniyasıyla bağlamaq cəhdiylə əlaqədardır).
Belə tapmacaçılığa müasir şerimizdə nə ehtiyac var? Bizim
həm fikir, həm ifadə cəhətdən aydın, axıcı və ahəngdar sovet
poeziyamızın ənənələri harda qalmışdır ki, belə "tapmacaçılıq"
və mücərrədlik şerimizə yol tapır?".
"21 fevral 63.
Oğlum, Anarım!
41
Bu gün Nigarla qonaq getmişdik, Ə-gilə. Çox üz vurdu,
getməli olduq...
Ə-gildə gördüyüm həyat mənzərəsi məni xeyli
riqqətləndirdi. İnsan necə mürəkkəb, anlaşılmaz məxluqdur.
Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Biri sakitlikdən
zövq alır, biri yağlı yeməkdən, biri hamıya böhtan deməkdən.
Ə-ni sən tanıyırsan. Bu adamın tükənməz enerjisinə heyran
qalmamaq mümkün deyil. Bu yaxınlarda onunla, Tahir
Salahovla, Elbəylə (Elbəy Rzaquliyev - A) Neft daşlarına
getmişdik. Qara dəniz səfərimiz yadındadırmı? O zamandan
neçə il keçir. Elə bil ki, 1963-cü ilin qapısını açıb o uzaq illərə
girdim. Ə. həmin şux enerjili, adama (bəzən həddindən artıq)
hörmət göstərən Ə. idi. Bir zərrə qədər dəyişməmişdi. Bu gün
onun səadətxanasında olduğumuz zaman mən bu adamın, adi
görünən bu adamın qəlbində nə qədər zəngin insani hisslər
yaşadığını gördüm. Mən onun evinə səadətxana deyirəm. Uzun
illər, onillər pəncərələri günəşə, qoynu hərarətə, içi sevincə
həsrət daxmada ömür sürən bu adamın indi dörd otaqlıq
fərəhini görsəydin, sən də belə deyərdin. Biri mehrini itə, biri
pişiyə, biri quşa salır. Ə. iki tapdıq uşaq saxlayır. Bu uşaqlar
kim bilir, nə qədər məhrumiyyət, kədər, göz yaşı
"gələcəyindən" dinc həyat, məhəbbət, tərbiyə, əmək, səadət
"bugününə" düşüblər.
Onlar "yetim" sözünün köz kimi cızıltısından qurtarıb "ana",
"ata" sözlərinin şəfqət və işıq mehribanlığına qovuşublar.
Bütün bu insan qəhrəmanlığını eləyən, çoxlarının mərhəmətlə
salam verdikləri, adam arasında "çudak" ləqəbi qazanmış Ə-
dir. Sən təsəvvür edə bilməzsən, o nə qədər böyük bir qürur və
insanı riqqətə gətirən sevinclə "balalarından", onların ağıl-
kamalından danışırdı. Hər dəfə onların adını dedikdə onun
gözlərində nə sonsuz bir səadət görünürdü.
Bəli, insan mürəkkəb, böyük, mənalı, mübhəm, zəngin, heç
bir zaman sona qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgər
bu varlığın heç olmazsa-bir hissəsini anlamaq, duymaq,
42
başqalarına nağıl etmək üçün bir ömür vaxt lazımdırsa, bunu
məmnuniyyətlə etmək ən şərəfli iş deyilmi?
Evə gəldik, dedilər zəng eləmisən. Əzizim, oğlum, qardaşım,
mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam,
yoldaşım Anar bala, nə üçün bu qədər nigaranlıq keçirirsən?
Məgər sən atanın həyata ilk qədəm qoyduğu gündən
mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin
imtahanından keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm,
davamım, dözüm və iqtidarım haqqında sən şübhə edirsən? Nə
üçün nigaransan? Məgər mən inandığım, seçdiyim həyat və
sənət yolunda azmı ədəbi və qeyri-ədəbi mığmığaların
sancaqlarını görmüş, dızıltısını eşitmişəm?
Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar
güruhunun tənə daşları hansı sənətkarı yolundan qaytara
bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən
olduğuma şübhə edirsən?
Anarım! Mən axır günlər yumoristik şerlər yazıram. Bu son
hadisələrə mənim necə baxdığıma sübut deyilmi? "Karvanımız
gedəcək" şeri yadında deyilmi?
...Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət,
çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki,
anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, "özünü
bəyənən ağam vay!" qəbilindən gəlməsin. Mən söz gəzdirən
ədəbi... f. nə üçün belə etdiklərini anlamasaydım, qəzəbinə
səbəb olan nədir bilməsəydim, bugünkü yeni ədəbi cərəyanın,
xüsusilə, Azərbaycan şerində hər gün daha artıq bir qüvvətlə
səslənən yeni şerin mübarizlərini bir sıraya nə topladığını
anlamasaydım, bəlkə də məyus olar, ruhdan düşərdim. Bütün
bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım
üçün bu hadisələr (əgər bunları hadisə adlandırmaq olsa)
məndə bir təbəssümdən, bəlkə də təəssüfdən başqa bir şeyə
səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə
özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm.
Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ,
43
əlində hələ gücünü, axtarışını, yeni boyalarını itirməmiş bir
qələm olaraq "bənzəyir bir qocaman dağa ki, dəryada durar".
Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm.
Rəsul".
"Oğlum!
Bilsən yerin necə boşdur. Hər dəfə yeni bir şer yazıb
qurtaranda gözlərim səni axtarır, axı sən bizim ədəbi
mübahisələrimizin, münaqişələrimizin münsifi idin. Əgər təbiət
də insan qəlbi qədər həssas olsaydı, yəqin ki, dəniz bir
damlanın əksildiyini duyardı. Hər gün səhər açılır, fəslin
ahənginə uyğun planetimiz böyrünü günəşə verib hərlənir, bizi
gecələrin qaranlıq səhrasından keçirib yeni səhərlərə
qovuşdurur, biz ən əziz bildiyimiz ömrü məngənə kimi yeyə-
yeyə əbədi sükut aləminin sahilinə yaxınlaşırıq.
Bəlkə də bu ibarəli cümləyə dodaqaltı qımışacaq,
deyəcəksən, Rəsul sentimentalizm ənənələrini yenidən
dirçəldir. Yox. Bu bir növ ruhi fotoqrafiyadır ki, kəlmələr
aşkarlayıcısı ilə aydınlaşıb.
Yeni şerlər yazıram. Gələcək yarış və mübarizələrə qüvvət
toplayıram. Sən bilirsən ki, yarışı qazana bilmək üçün biz
üçqat artıq layiq olmalıyıq. O gün səninlə danışanda mən
səsində bir məyusluq çaları duydum. Nə üçün?
...Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya bilmirdim.
Səninlə danışandan sonra elə bil ki, qəlbimə bir sakitlik,
fikrimə bir aydınlıq gəldi. Oturub yazmağa başladım. Bu
sikldən olan birinci şeri sənə göndərirəm.
Dostları ilə paylaş: |