***
Kim bilir bəlkə bu yazı yalnız bircə məqsəd güdür: onlarla
ünsiyyəti bir azca da uzatmaq, onlarla bir azacıq da birgə
175
yaşamaq...
Yaşamaq və hər şeyi yenidən keçirmək. O cümlədən onları
itirməyin ağrısını da...
Onlarla olmaq, onlarla danışmaq. Atamın dəfni günü qəribə
bir hiss də keçirirdim – bütün bu günü, yəni dəfn gününü, bu
mərasimdə olanları atamın özünə danışmaq ehtiyacı duyurdum,
bütün detallarla, təfərrüatla, iştirakçıların səciyyələriylə... Bu
atama maraqlı görünə bilərdi və mən hətta söhbətimin ayrı-ayrı
məqamlarında onun reaksiyasını da aydın görür, replikalarını
eşidirdim. Dəfn günündəki bu ya digər hərəkətə, çıxışa, sözə
atamın münasibəti mənə dəqiqdən də dəqiq məlum idi.
Mərasimin müəyyən intizamsızlığı lap yəqin onu əsəbləşdirər,
hövsələdən çıxardardı...
Güman ki, yazımın bu yerləri kiməsə lap əcaib görünəcək;
Nə etməli, mən, doğrudan da, belə hiss keçirirdim, belə
duyurdum. – "Filan çıxışçı eşitdin də, nə dedi?" – deyə
atamdan soruşurdum.
Və onun cavabını, atamın mütləq deyə biləcəyi sözləri
kəlmə-kəlmə, açıq-aydın eşidirdim...
***
Atamın ölümündən sonra və anama bir ay ömür möhləti
verildiyi günlərdə, anamın bizim aramızda müvəqqəti qonaq
olduğunu bütün acısıyla dərk etdiyim saatlarda onun hər
sözünü, hər fikrini içimə sümürmək, udmaq istəyirdim; hər
kəlməsini, yaddaşının hər parçasını, bizim – ən yaxın
adamların belə sonacan bilmədiyimiz İçəri dünyasının hər
guşəsini, hər bucağını öz daxilimə keçirmək istəyirdim. Birinin
qanı başqasına köçürülən təkin, qəzaya uğramış və həlak olmuş
bir nəfərin sağlam ürəyi başqasına keçirilən kimi mən də
anamın xatirələrini, daxili aləmini öz içərimə keçirmək, illəri,
insanları onun gözləriylə görmək istəyirdim – onun sönən
həyatını öz həyatıma calayıb davam etdirmək istəyirdim, onun
ömrünü öz ömrüm etmək istəyirdim.
Və indi, onun xatirələrini xatırlayarkən, mənə elə gəlir ki, mən
176
onun görümünə yaxınlaşıram. Çətin ömrünün son günlərində öz
daxili baxışlarıyla gördüklərini mən də görürəm.
Gəncədəki evləri – uşaqlığının evləri, ömrünün ilk yeddi
ilini yaşadığı ev – bu ev indiyəcən durur. Ata-anasının otaqları,
özünün və iki qardaşının otağı. Gecələr qardaşlarıyla balış
davası. Dayəsi Nastya xalayla ayrılığı, bu ayrılığın uşaq
qəlbinə təsiri.
"Sonralar çox ayrılıqlar gördüm, amma bu ilk ayrılığın
acısını, ağrısını uzun zaman çəkdim"...
"Cavan ölən bibimin adını qoymuşdular mənə: Suğra.
Amma heç kəs ürək eləyib bu adla çağırmırdı. O vaxt türk
şairəsi Nigar xanım bint Osman çox məşhur idi, anam Cavahir
xanım da onun şerlərini çox sevirdi, bir gün qərara gəlib
babama – Ələkbər bəyə dedi ki, o bədbəxtin adını çəkməyi heç
kim ürək eləmir, icazə ver bu qızın adını Nigar qoyaq. Babam
dinməyib, amma nahar eləyəndə, – Cəvahir, şərab gətir, –
balaca Nigarın sağlığına içək" – deyib.
İndi anamın xatirələri mənim hafizəmdə məskən saldığı
kimi, onun da yaddaşında əcdadlarından eşitdiyi söhbətlər,
adlar, əhvalatlar yaşayırdı. Böyük bir nəslin keçmişi Rəfi bəyin
adıyla bağlı idi. Rəfi bəyin gərək ki, Cavad xana qohumluğu
çatır, ya o bunun qaynatası olub, ya bu onun – anam bunu
dəqiq bilmirdi. Rəfibəyli nəslinin ulu babası Mirzə Kərimin
məşhur şərqşünas Mirzə Kazımbəylə qohumluq dərəcəsi
barəsində də ancaq fərziyyələr eşitmişdi.
Amma bəzi ailə tarixçələrini çox yaxşı danışardı: Ata babası
Ələkbər bəy, ana babası Mirzə bəy, habelə Hadı bəy Rəfibəyli
və bir neçə başqa Gəncə və Qarabağ cavanları at belində
Peterburqa təhsil almağa gediblər. Doqquz ay yol gediblər, altı
il orda oxuyublar, bu müddətdə Qafqaza dəmir yolu çəkilib və
onlar vətənlərinə qatarla qayıdıblar. Mirzə bəy hərbi təhsil alıb,
Ələkbər bəy ziyarət üzrə mütəxəssis imiş.
Anamın bir dayısı – Məmməd də vaxtilə Peterburqda təhsil
alıb, inqilabçılara qoşulub Gəncəyə qayıdandan sonra öz
177
həmfikirləriylə bir yerdə gecələr gizli intibahnamələr çap
edirmişlər. Başqa bir qohumumuzun – Eyyub bəyin atası isə
pristav imiş, gecələr bu inqilabçıların keşiyini çəkirmiş ki,
onlara dəyib-toxunan olmasın.
Sonra Məmməd vərəm xəstəliyinə tutulur və vida kağızı
yazaraq özünü öldürür.
O kağız nənəmdən anama qalmışdı. Anam onu qoruyub
saxlamışdı. İndi həmin kağız məndədir.
Anamın bircə xalası vardı – Cəvahir xanımın böyük bacısı
Göyçək xala... Göyçək xala əri Məşədi Süleymanla qırx il
yaşamışdı.
"Hərdən qəsdən sataşırdım ona: "– Ay xala, – deyirdim, –
bir kişiylə qırx il yaşamaq olar?" "– Kiri, az, – deyirdi, – ərə
gedəndə, o evə ki gəlin gedirsən, gərək ordan tabutun çıxsın".
Çox möhkəm prinsipləri vardı, deyirdi ki, ər arvada xəyanət
edə bilər, öz işidir, amma arvad hökmən ərinə sadiq olmalıdır.
"Bizim xoruz özgə damında banlasın, amma bizim damımızda
özgə xoruz banlamasın".
Mənim də yadıma gəlir bu, balaca, yumru, dümağ saçlı qoca
qarı. Yadımdadır, cığara kağızı kimi nazik yuxa salardı.
–Doğrudan yadındadır? – anam mənə baxır və yaddaşından
keçən hansı xatirələrəsə gülümsünür. – Düz deyirsən, çox nazik
yayardı yuxanı. Çox dadlı da xörək bişirərdi. Yazıq arvadın
ürəyi də elə təmiz idi, lap uşaq kimi. Görürsən könlümə bir
xörək düşəndə deyirdim: "Ay xala, Məşədi Süleyman dayını
yuxuda görmüşəm, yarpaq dolması sifariş eləyib" – anamın
gözləri gülür – yazıq arvad o saat durub dolma bükərdi...
Ərinin ata evində mülkü, otaqları vardı. Əri öləndə səksən
minə satıb, hamısını yetim-yesirə paylayıb; "filankəsin uşağı
olmur, filankəsin adamı ölüb" – və öz-özünə o dünyada yer
alırmış, demə. Amma bir az qızıl saxlamışdı, mənə verdi, dedi:
"Bu mənim can haqqımdır, məni gərək öz puluma basdırasan.
Mənə qəbir də düzəltmə, – dedi, – gərək mənim qəbrim itsin".
Sonsuz idi, ona görə belə vəsiyyət eləmişdi. "Sonsuza qəbir
178
düzəltmək günahdır", – deyərdi.
Nə biləydi anam ki bir gün onun özünü də həmin o
qəbiristanlıqda – nənəsinin, anasının, dayısının, dayısı
oğlanlarının yanında basdıracayıq. Göyçək xala da orda,
onların arasındadır. Amma başdaşı yoxdur, qəbri itib. Öz
vəsiyyətinə görə...
Anamın ata babası Ələkbər bəy Rəfibəyli (1859-1919)
böyük nüfuza malik olan bir adam imiş.
Anamın vəfatından xeyli sonra, onun arxivini araşdırarkən
bir qovluq gördüm. Qovluğun üstündə öz xəttiylə "Babam,
atam və anam. Şəkillər, vəsiqələr" yazmışdı. Qovluğun içində
müxtəlif materiallar, kağızlar, sənədlər vardı. Görünür,
arxivlərdə araşdırmalar aparan tədqiqatçı alimlərimizin hansısa
iki maraqlı sənədin üzünü köçürüb anama veribmiş. Həmin
sənədləri olduğu kimi gətirirəm:
MVD
ELİSAVETPOLĞSKİY
POLİÜİMEYSTERĞ
18 İÖLƏ 1907 Q.
№176
Q.ELİSAVETPOLĞ
Soverşenno sekretno.
Qospodinu Elisavetpolğskomu qubernatoru
Raport
Na üirkulərnoe predpisanie, ot 30 maə s. q. za № 571,
donoşu Vaşemu Prevosxoditelğstvu, çto kak mnoö
ustanovleno, musulğmanskie partii "Difai" i "Mudafie"
suhestvuöt na sredstva, sobiraemıe neleqalğno s
musulğmanskoqo naseleniə qubernii. Rukovoditeləmi pervoy
partii əvləötsə Elisavetpolğüı: Alekber bek Rafibekov i Axund
Molla Mamed Paşa Namaz Zade...
Partiə "Difai" presleduet üelğ: zaşitu interesov svoeqo
179
naroda voobhe i, qlavnım obrazom, obrazovaniə, a "Mudafie"–
uluçşeniə krestğənskoqo bıta voobşe, razdeleniə pomeohiçğ ix
zemelğ mejdu krestğənami i podnətiə kulğturnoqo
blaqosostaəniə ix putem nisproverjeniə suşestvuöheqo
Qosudarstvennoqo stroə, a takje neplateje pomehikam za zemlö
sleduemıx doxodov: to estğ baqrı. V obhem gti partii
presleduöt koneçnuö üelğ odnu i tu je.
Poliümeyster
(podpisğ)
Pomoşnik
Naçalğnika Tifl.
Qubernskoqo jandarmsk.
Uprav, v Elisavetskoy Qub.
16 ənvarə 1909 q.
№161
Q. Elisavetpolğ
Na 1 1888, 37.
Soverşenno sekretno.
... 4-qo, seqo ənvarə obıskom u Alekpera beka Rafibekova
takje obnarujen ustav, napeçatannıy v neskolğkix gkzemplərax
na russkom əzıke: oznaçennıe ustavı pri sem prilaqaö; pri gtom
dokladıvaö, çto vospitıvaöt li gti musulğmanskie obşestva v
duxe protivoqosudarstvennom-svedenii ne imeetsə.
Otnositelğno je dvijeniə musulğman v polğzu revolöüionerov
Persii imeötsə tolğko sleduöhie ukazaniə: v torqovoy kniqe,
otobrannoy po obısku u persidskoqo podannoqo İskendera
Muxtarova imeetsə ukazanie, çto orujie pokupaetsə taynım
putem v Rossii i otpravləetsə v predelı Persii v otrədı Sattar-
Xana.
Rotmistr Astrosənü
Qospadinu Elisavetpolğskomu Qubernatoru
Günlərin bir günü Ələkbər bəy arvadı Xeyransa xanımı,
bacısı və qudası Xədicə xanımı (oğlu Xudadata bacısı qızı
180
Cəvahiri alıb) və cavan gəlini Cəvahiri Gəncədə göstərilən teatr
tamaşasına aparıb.
Gəncə qoçuları söz qoyublarmış ki, teatrın qapısı ağzına
gələn hər bir müsəlman qadınını öldürəcəklər.
…və birdən hündürboylu, enlikürəkli Ələkbər bəy, yanında da
üç qadın teatra gəlir, camaatı elə bil qılıncla iki bölürlər – yol açılır
və bu yolla dördü də keçib binaya girirlər. Anam həmin səhnəni öz
İçəri dünyasında aydınca görürdü, hərçənd ki, bu səhnə onun
dünyaya gəlməsindən xeyli qabaqlar olmuşdu.
Gəncədə məktəblər, mədrəsələr açılmasında və şagirdlərə
yalnız dini deyil, elmi biliklər də tədris olunmasında Ələkbər
bəyin xidməti çox olub.
"Babam bəy olsa da, kasıb bəylərdən idi, odur ki, oxutmaq
istədiyi kasıb uşaqlarına deyərmiş ki, gedərsən filan tacirin
yanına, ona tapşırmışam, sənə pul verəcək, o pula get oxu".
Anamın arxivindəki qovluqdan daha bir sənəd:
"Gəncədən.
Ələkbər bəy Rəfibəyov həzrətlərinin məxdumi Xudadat bəy
Rəfibəyov doktorluq elmini oxuyub Gəncəyə gəlməsini
yazmışdıq. Müşarileyh keçən sənə Gəncə müsəlmanları üçün
məccanı həkimlik ediyorlardı.
Pədəri həzrətləri necə ki millətpərəstlikdə sabit qədəmdir,
məxdumi isə ondan daha artıq. Xudadat bəy Gəncə füqərayi
kasibəsi üçün məccanan həkimlik edib və hərgah müsəlmanlar
hümmət və qeyrət edərlərsə, müsəlman hissəsində dəxi bir
xəstəxana güşad edəcəkdir.
Yaşasın boyla doktor müsəlmanlar!
Ey müsəlman füqərayi kasibəsi şad olunuz!
"İrşad" qəzeti 1907-ci il, № 99 səh. 3"
***
Anamın atası Xudadat bəy Rəfibəyli (1878-1920) ali təhsil
almış ilk azərbaycanlı cərrahdır. Tibbi təhsilini 1897-1902-ci
181
illərdə Xarkovda alıb. 1903-cü ildən ömrünün axırınacan – 17
il müddətində Gəncədə həkim kimi fəaliyyət göstərib. Müsavat
hakimiyyəti vaxtında heç bir vaxt müsavat partiyasının üzvü
olmamış Xudadat bəy şəhər ictimaiyyətinin israrlı təkidindən
sonra cəmisi doqquz ay müddətində şəhər valisi vəzifəsini
aparıb. O, bu təklifə atasının və Molla Məhəmməd Axundun
xahişindən sonra və bircə şərtlə razı olub – səhərlər həkimlik
fəaliyyətini davam etdirsin, günortadan sonra valilik işlərini
görsün.
Birinci dünya müharibəsi cəbhələrindən qayıdan yaralı rus
əsgərlərinə fitnəkar basqın zamanı Xudadat bəy gecə-gündüz
bilmədən neçə-neçə əməliyyatlar edib, neçə-neçə yaralını
ölümdən xilas edib. Ona bu cərrahiyyə əməliyyatlarında
asisentlik edən tibb bacısına sovet hökuməti məhz bu işdə
iştirakına görə təqaüd kəsib. Həmin tibb bacısı ömrünün
sonuna qədər nənəmlə – Cəvahir xanımla məktublaşırmış.
Anamın həmin qovluğunda o hadisələrə aid şəkil də durur.
Babam və tibb bacıları yaralı rus əsgərləri içində.
Gənc yaşlarında o zaman Gəncədə baş verən bir çox
hadisələrin canlı şahidi olmuş Maarif əməyi və Böyük vətən
müharibəsi veteranı müəllim Abbasəli Kərimlinin bir
əlyazması da anamın həmin qovluğunda saxlanır. Bu
əlyazmasından bəzi parçaları da gətirmək istərdim:
"1920-ci ilin 28 apreli idi. Gəncə şəhərinə xəbər yayıldı ki,
Bakıda hakimiyyət bolşeviklərin əlinə keçmişdir. Əvvəl buna
heç kəs inanmırdı. Sonra isə şəhərə vəlvələ düşdü. Kimi
sevinir, kimi isə inanmırdı. Adamlar dəstə-dəstə toplaşıb
danışırdılar.
Bu xəbəri eşidən Gəncə bolşevikləri Fərhad Əliyevin evinə
toplaşdılar. Əsl doğru xəbər gətirmək üçün Fərhad Əliyev və
İbrahim Əliyev Gəncə dəmir yol stansiyasına getdilər ki,
Bakıdan doğru bir xəbər bilsinlər... Onlar şad xəbərlə geri
qayıtdılar. Yoldaşlarına xəbər verdilər ki, həqiqətən Bakıda
hakimiyyət bolşeviklərin ixtiyarına keçibdir...
182
Buna görə onlar da Gəncədə hakimiyyəti öz ixtiyarlarına
keçirməyə qərar verdilər. Onlar Xudadat bəyin yanına tez adam
göndərdilər ki, hökuməti yerli bolşeviklərin ixtiyarına versin.
Xudadat bəy evində axşam yeməyi yeyən vaxt qapı döyülür.
O, elə bilir ki, xəstəyə yardım istəmək üçün gəliblər.
Dərhal yeməyini yarımçıq qoyaraq ayağa qalxır, çantasına
lazımı dərmanlar və alətlərini qoyaraq əlindəki çörəyi yeyə-
yeyə irəliləyir, qapıdan çıxaraq:
–Xəstə haradadır, hara getməliyik? – deyib gələn adamın
üzünə baxır.
–Bəy, xəstəmiz yoxdur, sənə deyəcək sözümüz var.
–Buyurun, nə demək istəyirsiniz deyin.
–Bakıda hökumət bolşeviklərin əlindədir. Mən Gəncə
bolşevikləri tərəfindən gələrək tələb edirəm ki, Siz də hökuməti
bizə təhvil verəsiniz.
Bu sözü eşidən Xudadat bəy pərt olaraq:
–Hökumət cibimdədir ki, çıxarıb deyim: alın, təhvil verdim?
Hökumət idarəsi var, xalq var, məni xalq seçib, xalq da lazım
bilərsə, hökuməti xalqa təhvil verərəm. Mən bu barədə Bakıdan
xəbər bilərəm. Mənə göstəriş verərlərsə, hakimiyyəti təhvil
verə bilərəm. Göstəriş alan kimi sizə xəbər verdirərəm.
Gələn nümayəndə geri qayıdaraq əhvalatı yoldaşlarına
söyləyir.
Həmin gün İbrahim Əliyevin evinə bolşeviklər toplaşırlar.
Qərar qəbul edirlər ki, Xudadat bəy onlara xəbər göndərən kimi
gedib hökuməti qəbul etsinlər.
Xudadat bəy 29 aprel 1920-ci ildə İbrahim Əliyevə xəbər
verir ki, adam göndərsin, hökuməti nə vaxt təhvil verəcəyi
barədə danışıq aparaq.
Həmin gün İbrahim Əliyev dəmir yol stansiyasına getmişdi
ki, Bakı ilə danışsın. Onun əvəzinə Mahmud Soltanovu Xudu
bəyin yanına göndərməyi qərar verirlər.
Həmin gün Mahmud Soltanov Şəhər valiliyi idarəsilə gedir,
icazə alıb içəri girir. Xudadat bəy ayağa qalxıb ona tərəf
183
gedərək qaşqabağını sallayıb.
–Siz məni niyə aldadıbsınız? – deyir.
Mahmud Soltanov qızararaq:
–Sizi nə vaxt aldatmışıq? – deyir.
–Sizin adamlar gəlib mənə dedilər ki, Bakıda hakimiyyət
bolşeviklərin əlindədir... Bu yalan sözdür, hakimiyyət öz
yerindədir. Siz məni aldatdığınız üçün həbs olunursunuz.
Mahmud Soltanov qorxuya düşür, rəngi ağarır, özünü itirir.
Bunun bu halını görən Xudadat bəy gülərək əlini onun çiyninə
qoyub:
–Mən Bakı ilə danışdım, – deyir, – hökumət, doğrudan da,
bolşeviklərin əlindədir. Mənə təklif olunub ki, hökuməti yerli
bolşeviklərə təhvil verim... Mən hazıram. Nə vaxt istəsəniz
gəlin təhvil verim.
Mahmud Soltanov sevinərək:
–Sağ ol, bəy – deyə geri qayıdır, yoldaşlarına gülə-gülə
əhvalatı nəql edir. Onlar sevinir və gülüşürlər. Qərara gəlirlər
ki, hökuməti təhvil almağa İbrahim Əliyev, İbrahim
Əminbəyli, Mahmud Soltanov getsin. Saat 5-də Xudadat bəyin
yanına gedirlər.
Gəncə şəhər valisi kabinəsində vali Xudadat bəy Rəfibəyli
və onun müavini Söyünqulu xan Xanxoyski oturub hökumət
üsuli – idarəsini qəbul etməyə gələnləri gözləyirdilər. Elə ki
nümayəndələr icazə alıb içəri girdilər Xudadat bəy ayağa
qalxır, ehtiram və gülər üzlə salamlaşıb, əl verir:
–Buyurun, buyurun, gəlin oturun, – deyə onların oturması
üçün yer göstərir və özü də oturub katibi çağırır, qəbul və
təhvil aktını yazdırır. Onu yoxlayır, hər iki nüsxəyə qol çəkib
əyalətdə olan vəziyyət barədə məlumat verir və qeyd edir ki,
dəftərxana və maliyyə işinə Söyünqulu xan Xanxoyski
rəhbərlik edibdir, pul haqq-hesabını ondan təhvil ala bilərsiniz.
Sözünün axırında deyir: "Xalq məndən bir həftə xahiş etmişdi
ki, hökuməti idarə etməyi qəbul edim, çarəsiz qalıb qəbul
etdim. İndi isə yenə camaat nümayəndələri gəlib hökuməti
184
təhvil verməmi tələb edir. Buna etiraz etməyərək hökuməti bu
akt ilə sizə təhvil verirəm. Madam ki, bunu xalq lazım bilir,
xalqa xeyirdir və mənfəətlidir, mən də camaatın bir tayı.
Bundan sonra mən də sizin ixtiyarınızdayam və var qüvvəmlə
xalqa xidmət etməyə hazıram... Hər zaman istəsəniz, məni işə
cəlb edə bilərsiniz. Allah xeyir versin, – deyə aktları onlara
verir.
İbrahim Əliyev ayağa qalxıb:
–Yeni hökumətin iclasını açıq elan edirəm, – deyir. – Yeni
hökumət üzvləri inqilab qurbanlarını yad etmək üçün ayağa
qalxsın, – dedikdə hamı ayağa qalxıb sükut edirlər, – oturun, –
dedikdə hamı oturur.
Bu zaman Söyünqulu xan Xanxoyski ayağa qalxaraq:
–Bəs mənim işim nə olacaqdır? – dedikdə Xudadat bəy
yerindən ona baxaraq:
–Sizə yeni hökumət üzvləri cavab verə bilər, – deyir.
İbrahim Əliyev ona cavab verir ki, sizinlə sonra danışarıq.
Xudadat bəy ayağa qalxaraq gülər üzlə hamı ilə əl verib
görüşür, evinə gedir. Sonra Söyünqulu xan qalxıb heç kəsə əl
vermədən xudahafizləşib gedir.
Onlar gülüşərək yenidən iclas edirlər, vəzifələr bölünür.
Belə qərara gəlirlər ki, İbrahim Əliyev vilayət Komitəsi sədri,
Fərhad Əliyev ona müavin, İbrahim Əminbəyli vilayət
komissarı seçilsin.
Müsavat hökuməti dövründə yaranmış gizli erməni təşkilatı
üzə çıxıb Gəncədə yeni təşkil edilmiş yerli hökuməti tanımaq
istəməyərək təzə hökumət düzəltməyi və keçmiş vali Xudadat
bəyin həbsə alınmasını tələb etdilər. Bütün ixtiyaratı ermənilər
öz əllərinə aldılar. Şəhərin müqəddəratı onların əlinə keçdi.
Xudadat bəyi həbsə alaraq erməni kəndinə apardılar. Bu hal
yerli Azarbaycan bolşevik təşkilatı üzvlərinə və şəhər əhalisinə
pis təsir etdi. Bir çox adamlar hazırlaşırdılar ki, basqın edib
Xudadat bəyi daşnakların əlindən alsınlar. Bundan xəbər tutan
Xudadat bəy razı olmamışdı: " – Məndən ötrü qan tökməsinlər,
185
– demişdi, – məni heç bir şeydə ləkələyə bilməzlər". İşi bu
vəziyyətdə görən Qabuziyan, Termixaylyan, Levon və
başqaları belə qərara gəlmişdilər ki, Xudadat bəyi Bakıya
aparıb orada öldürsünlər. Onu təqsirləndirirdilər ki, guya o,
icazə veribmiş ki, azərbaycanlılar erməni kəndlərini dağıdıb
əhalisini qırsınlar. Bu tamamilə yalan, uydurma və böhtan idi...
Əksinə, o zaman Qarabağdan ermənilər basqın edib Gəncənin
əsgərlərini öldürmüşdülər. Qisas almaq üçün əhali istəyirdi
erməni kəndinə basqın etsin. Xudu bəy buna razılıq
verməmişdi... Xəlvət Balabağman və Böyük Bağmandan ayrıca
dəstələr düzəldib dağ ermənilərini qırmağa getmişdilər.
Bundan xəbər tutan Xudu bəy ata minərək onların dalınca
gedib geri qaytarmışdı...
Balabağman, Böyük Bağman və şəhər əhalisi həyəcan
içində idi. Səhərisi gün biz gimnaziyaya gedirdik ki, görək nə
vaxt dərsə başlayacağıq. Dəmir körpüyə yaxınlaşırdıq ki,
gördük 3 nəfər döyüşçü əllərində silah Xudadat bəyi
qabaqlarına qatıb dəmir yol stansiyasına aparırlar ki, oradan
Bakıya göndərsinlər... Bu vəziyyəti gördükdə daha məktəbə
yox, onların dalınca getməli olduq.
Xudadat bəy həmişəki kimi başında silindri, çiynində qara
plaşı, əlində əsası, başını uca tutub, heç yana baxmadan
gedirdi. Bu zaman bir nəfər ona yaxınlaşıb pul uzatdı. O, qəbul
etməyərək:
–Mənə pul lazım deyil, – dedi.
Bizim gözümüz yaşla doldu. Ona baxa-baxa gedirdik.
Kinoteatrın yanına çatanda bir nəfər yaşlı kişi ona qandırdı ki,
səni stansiya ilə şəhər arasında olan bağların yanında
qaçırtmalıyıq.
Xudu bəy pərt olaraq:
–Mən belə şeyə razı deyiləm, – dedi, – mənim adımı
ləkələməyin. Şəhərimizin adını, nəslimizin, atamın adını
ləkələməyin, qan tökməyin. Məni heç bir şeydə ləkələyib
taxsırlandıra bilməzlər. Nahaq yerə məni taxsırlandırarlarsa və
186
ya mənə iş verərlərsə, yenə də həbsxanada həkim işlərəm.
Hamıya xəbər verin ki, pis fikirlərdən əl çəksinlər. Mən qaçası
deyiləm.
Onu görüb tanıyanlar və tanımayanlar da göz yaşları ilə
dalınca gedirdilər. Heç kəsdən nə pul və nə də yemək şeyləri
qəbul etmirdi. Əvvəl onu 3 nəfər silahlı qabaqlarında
aparırdılar, sonra ermənilər silahlı dəstəni artırdılar. Daha
adamları onun dalınca getməyə qoymadılar. Biz də göz yaşları
ilə geri qayıtmalı olduq.
Xudu bəyi azad etdirmək üçün Bakıya N.Nərimanovun
yanına Məhəmməd Xəlilov, Cahangir Nağıyev, Cavad bəy
Rəfibəyli və Fərhad Əliyev getmişdi. Amma Nərimanovun
xəbəri olmadan onu Nargində ermənilər öldürmüşdü. Xudadat
bəyin öldürülməsindən xəbər tutan Nəriman Nərimanov
demişdir: " – Hayıf Xudadat bəy kimi məşhur xirurq-həkimi
xəbərimiz olmadan öldürüblər. Bu işdə Həmid Sultanovun
bağışlanmaz səhvi olmuşdur".
Əlbəttə, o vaxt, yeddi yaşında atasını itirmiş qızcığaz bütün
bunları bilə bilməzdi. Amma bəzi şeylər anamın da yadında
yaxşı qalmışdı. 1920-ci ildə XI Qızıl Ordu Gəncəyə gələndə
məşhur Yefremov onların evinə düşüb.
"Bizim dalımızca da Gəncə bolşeviklərindən Cəbrayıl
gəlmişdi. Anam onu tanıyırdı, ona deyibmiş ki, bax, Cəbrayıl,
öz qanımı da, uşaqların qanını da sənə halal eləyirəm. Görsən
ki, biz ermənilərin əlinə düşürük, hamımızı öldür".
Uşaqları –11 yaşlı Kamil, 7 yaşlı Rəşid, 7 yaşlı Nigar idi.
Üçü də, nənəm də sağ qaldılar. Nigar məktəbə getdi və yeddi il
sonra – 1927-ci ildə, on dörd yaşındaykən Bakıya gəldi.
"Bakıda qohumlarımız vardı. Kinostudiyada işə düzəldim,
titrləri Azərbaycan dilinə tərcümə edirdim. Mirzə Fətəli
küçəsində otaq tutmuşdum. Hərdən anam Gəncədən mənə
dəyməyə gəlirdi".
Anamın vəfatından sonra onun "Bir həzin axşamda düşsəm
yadına" adlı kitabını tərtib edərkən bəzi şerlərini elə bil yeni
187
gözlə oxuyurdum. Belə şerlərindən biri – ilk yazılarından olan
"Anama" adlı şeridir. Şer həmin o illərə – nənəmin qızına
dəymək üçün Gəncədən Bakıya gəldiyi və qayıtdığı günlərə
aiddir.
Sönür gecə yandırdığın şam,
Xəstəyəm verən yox bir az su, ana.
Vaqon yırğalayır səni bu axşam.
Ey uzaq yolların yolçusu, ana.
Darıxır ürəyim, yanır nəfəsim,
Başımın üstündə yoxdur bir kəsim.
Qəlbimi köz kimi yandırır, səni
Bir daha görməmək qorxusu, ana.
"O illər bizim kinostudiyada N. Şengelaya, İ. Savçenko da
işləyirdilər. Qlavlitin rəisi Dondarov idi. Studiyada 80 manat
maaş alırdım. Kəmsavad bir qadın vardı, mənim tərcümələrimi
öz adına çıxır, 100 manat maaş alırdı. Bir dəfə həmin qadın
xəstələnəndə Dondarov bu işdən duyuq düşdü. Mənim maaşımı
artırdılar.
Yadımdadır, bir dəfə Cəfər Cabbarlıyla Abbas Mirzə Şərifzadə
bir cümlənin tərcüməsində ilişmişdilər, o cümlənin azərbaycanca
səslənməsi haqqında mübahisə edirdilər. Mən onların söhbətini
eşidirdim, amma qarışmırdım. Onlar isə məni elə bil heç
görmürdülər. Mənim qulağım o cümləni almışdı, tərcümə edib
kağızı dinməzcə onlara uzatdım. Yaman təəccübləndilər. Belə
savadlı qız ancaq tərcüməçi işləyir?".
Amma bunu da anama çox gördülər.
1930-cu il sentyabrın 18-də respublika qəzetlərində və hətta
Tiflisdə çıxan "Zarya Vostoka" qəzetində anama qarşı böyük
bir məqalə çıxdı.
Bu podval (podval – nə dəqiq sözdür!) məqaləsinin müəllifi
Əliheydər Qarayev idi. Məqalədən bir neçə parça gətirirəm:
"Cənab Cavad bəy və onun bacısı qızı"
188
İri mülkədar, müsavat partiyasının böyük liderlərindən biri,
Bakı kommunasına qarşı yürüşün təşkilatçılarından biri,
Gəncənin keçmiş general qubernatoru Xudadat bəy Rəfibəyli
Gəncə qiyamının təşkilatçısı kimi 1920-ci ildə güllələnmişdir.
Özündən sonra bu mülkədarın varisləri qalıb: arvadı madam
Cəvahir xanım, qızı mademuazel Nigar xanım və iki oğlu.
Bu mülkədar ailəsində xırdaca bir dəyişiklik olub, yəni
ancaq ailə başçısı öldürülüb. Mülkədar Xudadat bəyin varidatı
isə 3 evi, 3 bağı və son dərəcə zəngin yaylaq evi toxunulmaz
qalıb. Üstəlik, Xudadat bəyin arvadına sovet hökumətinin bəzi
imtiyizları da verilib. Madam Cəvahir xanım Azərbaycan
fəhlələrinin hesabına özünün mülkədar oğullarını oxudub, ali
savad təhsili verib. Oğlanlardan biri 1928-1929-cu illərdə
Bakıda ali məktəbi bitirəndən sonra İrana qaçıb və orada sovet
hökuməti əleyhinə iş aparmağa başlayıb. İkinci oğlu Leninqrad
politexnik institutunda təhsil alır. Və heç inamımız yoxdur ki,
ali məktəbi bitirəndən sonra böyük qardaşından nümunə
götürməyəcəkdir.
Bizim baş qəhrəmanımız isə mademuazel Nigar xanımdır.
Hal-hazırda o, Bakı məktəblərinin birində tərbiyəçi işləyir. Ali
Pedaqoji İnstitutda və konservatoriyada təhsil alır. Şair imiş!
Doğrudur, Bakı proletariatı onu tanımayıb və tanımır da, o isə,
sən demə, məşhur şairmiş. Bundan onun dərs dediyi sinif yaxşı
xəbərdardır.
Biz, onun sovet məktəbimizdəki "tərbiyəvi" fəaliyyətində
eşələnməyəcəyik. Onun pedaqoji fəaliyyətinə qiymət vermək
üçün iki aylıq yaradıcılıq məhsulu ilə tanışlıq kifayət edər.
1928-ci ilin iyun-iyul aylarında yazdığı indiyə qədər üzə
çıxmayan şerlərinə diqqət edək.
Şer "Günəşin şimaldan doğacağını" gözləyənlərə müraciətdir.
Nigar xanım yazır:
Ey sən…
Beynində şimal küləkləri əsən!
Bil ki,
189
Günəş şimaldan doğmayıb!
Şimaldan da doğmayacaq!"
Şerin ardını söyləməyə ehtiyac yoxdur, ona görə ki,
bütünlüklə bu ruhda yazılıb. Şer "Odlu günəş həmişəki kimi
yenə də Şərqdən doğacağı" ümidilə bitir.
Mademuazel Nigar Xanım günəşin Şərqdən doğmasını (ağ
atlı ingilis müdaxiləçilərini) gözləyənlərdən biridir. Mülkədar
və kapitalist dövlətinin bərpasını arzulayanlardan biridir.
İngilis kapitanının hamisi, mülkədar Xudadat bəyin qızı
əsrlərdən bəri Şərq xalqlarının daşa dönmüş ürəklərini
hərəkətə gətirən qırmızı günəşin parlaq şəfəqlərinə dözə bilmir,
onunla barışmaq istəmir. O, Şərqi ingilis kapitalı əsarətindən
xilas edəcək Şimalın sayrışa-sayrışa xalqlara yol göstərən
nicat ulduzunu da duya bilməyəcəkdir.
Təsadüfi deyil ki, mademuazel Nigar Xanım özü ruhlu
şairlərlə geniş məktublaşır və bu "şairlər" onu Azərbaycan
qəhrəmanı sayırlar.
Onu və ona bənzər çoxlarını hələ də nə üçünsə üzə
çıxarmamışıq, sifətlərinə geydikləri yalançı maskaları qoparıb
qatı mülkədar simalarını ifşa eləməmişik...
…Müsavatçı mülkədarın qızı öz ulularının işini durmadan
davam etdirir. Üzünə xeyirxah maska taxan bu müsavat
paraziti mədəniyyət cəbhəsində özünə yer eləyib bizim gəncləri
mülkədar zəhərilə zəhərləyir.
Başqa şərh verməyəcəyik, çünki onlar məlumdur. Nəticə özü
hər şeyi izah edir.
Qarayev
Məqalənin qalan hissəsi Cavad bəy Rəfibəylinin "ifşasına"
həsr olunub.
Gətirdiyim parçaları əxlaq, insaf və sairə yüksək mənəvi və
insani kateqoriyalar baxımından, Azərbaycan milli
xarakterində bu qədər öyündüyümüz namusluluq və kişilik
baxımından şərh etmək fikrində deyiləm. Bütün bunlar
haqqında oxucu özü nəticə çıxarda bilər. Yalnız Qarayevin
190
məqaləsindəki faktik yalanlardan söz açmaq istəyirəm.
Məqalənin adından başlanır yalanlar. Cavad bəy anamgilin
qohumu idisə də, dayısı deyildi və anam heç cür onun
"plemyannitsası" ola bilməzdi. Xudadat bəy 9 ay Gəncənin
qubernatoru işləmişdisə də, nə müsavat partiyasının böyük
liderlərindən idi (heç bu partiyanın üzvü də deyildi), nə də iri
mülkədar. Bakı kommunasına qarşı heç bir yürüş-filan təşkil
etməmişdi. Gəncə qiyamının təşkilatçısı da ola bilməzdi, çünki
bu qiyamdan qabaq həbs olunub Bakıya gətirilmiş və Nargində
güllələnmişdi. Evləri və bağları yeni hakimiyyətin ilk
günlərində müsadirə edilmişdi. Kamil dayı, heç şübhəsiz ki, iki
ilə heç bir ali məktəbi qurtarıb eləməmişdi. Qarayev Gəncəyə
rəhbərlik etdiyi dövrdə on doqquz yaşından yuxarı bütün
keçmiş zadəgan və bəy oğullarını ucdantutma güllələtdiyi
üçün, nənəmin təhrikilə canını qurtarmaq üçün İrana qaçmışdı
(eyni tərzdə Rəşid dayı Rusiyaya qaçdığı kimi). Kamil dayı
İranda, sonra isə Türkiyədə yaşamış, tar çalmaqla çörəyini
qazanmış və bu dolanışıqla Türkiyədə ali tibb təhsili almış,
ömrü boyu həkim işləmiş, heç vaxt siyasətə qarışmamışdı.
Anam heç vaxt konservatoriyada təhsil almamışdır.
Xüsusi qəzəbə səbəb olmuş "Günəş Şərqdən doğacaq"
şerinə gəlincə isə – bu şerin müəllifi anam deyildi. Anamgilin
Gəncədəki evlərində növbəti axtarış zamanı tapılıb bu şer, özü
də imzasız imiş. Şeri Mikayıl Rzaquluzadə yazıbmış. Bu
zaman o, Moskvada təhsil alırmış, anamın qardaşlarıyla, dayısı
Fərruxla dostluq edir, Gəncədə evlərinə gəlib gedir,
məktublaşırmış. O cümlədən anama da məktublar yazırmış və
bu məktubların birinin içində həmin şeri göndəribmiş. Güman
ki, "Nigar xanımın özü ruhlu şairlərlə məktublaşması, onların
şairəni Azərbaycanın qəhrəmanı hesab etməsi haqqında"
məqalədəki işarələr də məhz bu yazışmayla tanışlıqdan doğub.
Mikayıl Rzaquluzadənin təhsilini pozmamaq üçün, həyatını
qırmamaq, gələcəyinin üstünə kölgə salmamaq üçün anam
həqiqəti açmayıb, qəzəbə keçmiş şer "mənim deyil" deməyib,
191
zərbəni özü qəbul edib, beləliklə də, 17 yaşlı qızcığaz
maskalanmış qatı mülkədara, müsavat agentinə, ingilis
kapitalının hamisinə (bu lap əcaib ittihamdır!) çevrilib. Bir
müddət sonra məsələdən xəbər tutan M.Rzaquluzadə Bakıya
məktub yazmış, şerin ona məxsus olduğunu bildirmişdir. Bu,
əlbəttə, mərdanə hərəkətdir. Amma bu vaxta qədər anama
hücumlar kompaniyası, onu işdən çıxarmaq tədbirləri və s. ən
yüksək zirvəsinə çatmışdı.
Ə.Qarayevin məqaləsiylə başlanan bu "igidlik
kompaniyasına" bir çox şairlərimiz böyük həvəslə qoşulmuşlar.
Sağ ol, yoldaş Qarayev,
Bolşeviksən bolşevik
Hər işdə sənin kimi
Biz gərək olaq çevik.
(Süleyman Rüstəm)
Başqa şairlər də ondan geri qalmayıblar. Belə bir şer də çox
maraqlıdır:
Nigar!
Madmazel Nigar!
Sözlərim sənə bil olsa zəhrimar
Deyəcəyəm,
Bizi yaşadan günəşin
Şimaldan doğduğunu isbat edəcəyəm.
Yadındamı madmazel Nigarlara
Qara hərf, qara günlər yox idi.
Üst qatlarda xumarlanan
Bəy nəsliniz tox idi,
Fəqət Nigar,
Şimaldan gələn ruzigar
Sildi siyah örtüləri, sildi siyah pərdəni
hər dəni
Bu günəşin ziyasını içmədi.
İçəməz!
192
Bu bir körpü
hər kəs ondan keçəməz.
Şimaldan doğdu günəş.
Zənginlərin gözlərini qamaşdıran bir günəş.
Min günlərlə qan soran
Bəyi, xanı
çaxnaşdıran bir günəş.
Sən günəşin istəyinə uymadın,
Bu bəllidir, uymadın.
O günəşi duymazdın
Onu duymaq,
ona uymaq
asan deyil
Unutma ki, sən
Aclığından torpaq yeyən milyonları
Əzən, kəsən
Xudu bəyin qızı, Rəfibəyov Nigarsan.
Bağlamışsan ümidin şərqdən doğan günəşə
Fəqət sənin duymadığın bir günəş var,
Ey Nigar!
Biz günəşiz
Günəş biz.
O gündən başlayır mübarizəmiz
Bu gündən zərbə alır
Qospada, madmazellər, qraflar,
Sandıqların can çəkişən
sönük-sönük
şeylər
Bu günəşə
Günəşlərin al günəşi –
Şimal günəşi deyərlər.
(Kommunist" qəzeti, 23 dekabr, 1930)
Göründüyü kimi, bu şerin bədii dəyərləri nəcabətiylə tən
gəlir.
Dostları ilə paylaş: |