Dekabr yağmuru, konyak çiskini
Dünyadan xəbərsiz olmağım gəlir bəzən
dekabr
yağmurunda,
konyak
çiskinində...
Belin qırılsın, belin
mənə şer yazdıran qüvvə!
...Bel bağlaya bilmirəm
nə qadına, nə saza,
Neynim, Rəsul əmi,
neyləyim, Rəsul Rza!
Səksəninci ilin dekabr yağmuruyla
208
içimin konyak çiskini
ölüm ayağında yatdığın
xəstəxanaya gətirdi məni...
Gördüm, vallah, gördüm öləcəyini.
Gördüm,
ömür boyu kor dayansam da
xoşbəxtlik qarşısında...
Allah dərd verməyə göz verib mənə!
Deyə bilmərəm, qadan alım,
sənə olan, məhəbbətim uzatdı dodaqlarımı
sağ əlinin
qupquru dərisinə,
ya baş əydim
konyak zəhrimarın iradəsinə,
Bağışla, şair, bağışla yenə.
Danladın Vaqif bala deyib
dünyaya sevdirmək istədiyini.
Danladın
dekabr yağmurunda
konyak çiskininə düşdüyüm üçün!
Ancaq mavi yaş da doldu
ala gözlərinə, Rəsul əmi...
Bildim, o dekabr günündə bildim
qışı yola verəcəksən birtəhər.
Di gəl
çıxa bilməzsən
bir daha yaza.
İndi,
bu dekabr yağmurunda,
bu konyak çiskinində
neynim,
Rəsul əmi,
neyləyim, Rəsul Rza!
Dekabr yağmuruyla
o konyakın dəli çiskini
209
gecə yarısından xeyli keçmiş də
gətirdi məni xəstəxanaya.
Niyə Vurğun oğlu gəlməyəydi,
neçin,
niyə?
Qabağımı qızın kəsdi, Rəsul əmi,
necə kəsdi!
Kəsdi Fidan bala.
O gecə öldürəcəkdi məni az qala!
Dedi: yatır,
buraxmadı, Rəsul əmi, məni sənin yanına,
Çıxdım xəstəxanadan.
Qoşuldum dilsiz yağmura, gözsüz ayaza
Neynim, Rəsul əmi,
neyləyim, Rəsul Rza...
Rəsul əmi, ömrün gedir,
çətin günlər sona yetir,
hansısa arzular itir.
Hansısa ümidlər bitir...
Mənim beş–on ümidim var,
Bilmirəm kimə yalvarım!
Allah, mənə ömür göndər,
Öldürmə, sağ saxla yenə,
Beş-on yazılmamış şerim,
Beş-on duam qalıb sənə...
Dərində üzə bilmirəm,
ölsəm girmərəm dayaza!
Neynim, Rəsul əmi,
neyləyim, Rəsul Rza?
Kədərli olsam da danlama məni,
Zəhm də gətirmə ala gözünə,
nə qədər sevsəm də dünyada səni,
heç baxmamışam allah sözünə.
210
Odur, Rəsul əmi, sözünü saxla,
Açılan sinəni bu axşam bağla,
Gəl duraq üz–üzə gözü yumulu,
Mən sənə ağlayım, sən mənə ağla.
Arzum yetim qalır, ümidim sənsiz,
Kimsə ölüm hökmü mənə də verir,
Yuxuma hər gecə sahilsiz dəniz,
bir də ağ yelkənli tabutlar girir.
Gözüm görə-görə gedirsən neynim?
Ağlayıb diz döyüm, yoxsa dil deyim?
Dünyada varıydın, varı neylədim,
İndi yox olursan, yoxu neyləyim?
Ürək beyninə baxıb
Yas tutub ağlayanda,
Dünyanın min əlacı
bir havaya neyləsin!
Araya dərd düşəndə
Ağıl vaya neyləsin?
Rəsul Rza öləndə,
bu sözləri yazarkən
gözlərimi siləndə
kar Allahı görməyən
bu kor dünya neyləsin.
***
Mayın 19-u atamın ad günüdür.
Yadımdadır, bu günə açılan gecəni xəstəxanada anamın
yanında mən qalmışdım. Anam taqətdən düşdükcə, zəiflədikcə
gündüz və gecənin çox hissəsini yuxuda keçirirdi, hərdən ayılıb
bir-iki kəlmə söz deyir, sonra yenə mürgüləyirdi. Hər gün
Rəsulu xəbər alırdı. "Qorxulu bir şey yoxdur, – deyirdik, –
amma təzyiqi hələ də yüksəkdir, həkimlər durmağa icazə
vermirlər".
Yaya planlar qururdu:
211
–Bir az yaxşılaşım, bağa köçərik, – deyirdi, – Allah
kərimdir, Rəsul da o vaxta babatlaşar, Buzovnaya gələr, bağ
həmişə düşür bizə. Tural da instituta girsin, inşallah, onun
qonaqlığını özüm verəcəm.
Tural bu yay ali məktəbə imtahanlara hazırlaşırdı.
Amma məhz o gün dəqiq yadımdadır, mayın 18-də, uzun
çəkən yuxudan ayılıb zəndlə mənə baxdı. Otaqda yalnız
ikimizdik. Qəfilcən:
–Bilirəm, dedi, – mən daha bu xəstəlikdən durmayacam.
Anam yazıq da belə getdi. Ölümünə 10-12 gün qalmış ancaq su
içirdi, gecələr məndən elə hey su istəyirdi. Bir gecə istəmədi.
Elə yuxudaca keçinmişdi. Mən də yəqin elə gedəcəm.
–Nə olub sənə, – dedim, – yenə belə napək sözlər danışırsan
("napək" onun özünün çox işlətdiyi söz idi – A).
–Yox, ölümdən qorxmuram, – dedi. – Sizə yazığım gəlir.
Bir böyüyüvüz qalmayacaq.
–Başlama yenə, Niyarə, – dedim. Özləri bizi belə
öyrətmişdi, atamı da, anamı da adlarıyla çağırırdıq.
–Yox, yox, elə belə sözdür də, dedim...
Başını qatmaq, bu fikirlərini yayındırmaq üçün ordan-
burdan söhbətlər etməyə başladım.
O gün xeyli danışdı. Axırıncı dəfə idi ki, mənimlə belə
uzun-uzadı, müxtəlif məsələlərdən söhbət edirdi. Hardansa söz
gəlib Silva Kaputikyanın üstünə çıxdı.
–O vaxt – 30-cu illərdə münasibətlər tamam başqa idi.
Yerevana Sasunlu David yubileyinə getmişdik. Rəsul, Səməd,
Mirvari, mən... Vallah, erməni yazıçıları başımıza pərvanə kimi
dolanırdılar. Rəsul o vaxt Soyuzun sədri idi, Bakıda işləri
vardı, bizi Səmədə tapşırıb yubileydən yarımçıq qayıtdı. Silva
da o vaxt lap cavan qız idi, əldən-ayaqdan gedirdi bizimçün...
Uşaqlıq rəfiqəsi F. haqqında danışmağa başladı. F. haqqında
həmişə çox böyük nəvazişlə danışardı.
Necə gözəl qız idi, necə gözəl ziyalı idi, necə də bədbəxt idi.
İstəyirəm bir dəfə onun bütün həyatını sənə danışım, bəlkə bir
212
gün gərəyin oldu. Əsl romandır elə bil.
Sanki bir daha heç bir vaxt danışa bilməyəcəyini duyurmuş
kimi indi danışmağa başlayır.
–F.–nin atası dul qalır, amma elə arvadının qırxındaca gəlib-
gedən gəlin-qızlara göz qoyurmuş. Birinə gözü düşür və yası
verib qurtaran kimi dərhal onu alır. Kişinin böyük övladları,
hətta nəvələri varmış, hamısı ondan üz döndərir, köhnə
arvadının ilini gözləmədiyi bir yana dursun, kişi özü qoca, təzə
arvadı isə lap cavan imiş. Hacıkənddə evləri varmış, həmin o
qoca kişi də cavan arvadıyla bu evin axar-baxarlı eyvanında
oturub mürəbbəli çay içərmişlər.
"Mənə bu söhbəti anam, xalam eləyib, yaşımdan çox qabaq
olub bu işlər, amma həmin səhnəni elə aydın, əyani təsəvvür
edirəm ki, elə bil o axar-baxarlı eyvanı da, o mürəbbəli çayı da
özüm öz gözlərimlə görmüşəm".
Deməli, anam da kiminsə yaddaşında saxladığı səhnələri öz
yaddaşına bütün əyaniliyiylə köçürürmüş, indi də mən onun
hafizəsində həkk olunmuş mənzərələri öz İçəri dünyama
almaq, orda saxlamaq, hifz etmək, qorumaq istəyirəm.
"Bir sözlə, F. bax, həmin bu nikahdan doğulub, necə
deyərlər, məhəbbət övladıdır. Cavan anası zinger Məmməd
deyilən bir dərzi vardı, onun bacısıydı. F. böyüyəndə onu da
dərziyə ərə verdilər, özünün meyli yox idi o adama, amma
valideynlərinin iradəsinə tabe oldu. Əri, həmin o dərzi isə, o
zamanlar dəb imiş deyə pasportunda yazdırıb ki, guya iranlıdır.
İranlıları köçürəndə mən F.-nin pasportunu alıb gizlətmişdim –
haranın iranlısıydı F. axı.
Amma o razı olmadı təkid edib pasportunu aldı, əriylə bərabər
getdi. Orda bir qızları olub. Mənə məktublar yazırdı, yazırdı ki, bu
körpənin dünyaya gəlməsi mənə təsəvvür edilməyəcək bir sevinc,
səadət gətirdi, elə bil həyatım, nəhayət, bir məzmun qazandı, elə
bil kimsə mənə ömrümün indiyəcən dərk etmədiyim mənasını, çox
yüksək bir mənasını başa saldı. 56-cı ildən sonra qayıtdılar.
Gəncədə yaşayırdılar. F. qızıyla bağçada gəzirmiş, altı
213
yaşındaymış qızcığaz. Küçəni keçərkən anasının əlindən qopur,
qaçır. Maşın vurur uşağı, elə ordaca canı çıxır. Fikirləşirəm ki, F.-
nin bütün həyatı sınaq idi! Tale niyə insanı belə amansız sınaqlara
çəkir, nə məqsədlə, nə üçün axı? Bu son sınağa daha tab gətirə
bilmədi. Nə uşaqlığının çətin illəri, nə sonrakı bəlalar onu sındıra
bilməmişdi, amma balaca balasının ölümü sındırdı.
İndi F. özü də yoxdur.
F. bütün mənim uşaqlığım, gəncliyimdir..."
Söhbətindən yorulur.
–İşığı keçir, yatacam, – deyir. Bir azdan sakit, yuxulu
nəfəsini eşidirəm.
Nə görür yuxusunda görəsən?
Təklik çətin olur
həm şad gündə,
həm tufanda...
Alagözlü gəlin Göy gölümü
düşünürəm.
Yuxularıma Hacıkəndin
palıd meşələri girir,
Gənclyim Xaçbulaq yaylağında
sarı çiçək dərir.
Səhər oyanan kimi mənə dedi:
–Bu gün Rəsulun yaşıdır. Mərdəkana gedəcəksiniz?
–Hə.
–Mənim adımdan da ona bir dəstə yasəmən al apar.
–Yaxşı.
Xəstəxanadan çıxdım. Bazara getdim. İstəyirdim yasəmən alıb
atamın məzarı üstünə aparım. Bazarda yasəmən tapılmadı.
Evlərinə gəldim, kitab rəfinin üstünə baxdım. Gördüm ki,
atamın iri şəklinin yanında vaza bir dəstə yasəmən qoyulub.
Fidan alıbmış. Özü də anamın xahişini bilmədən məhz
yasəmən alıb.
Saat 2-də Fəxri xiyabana yollandıq. Bir azdan sonra xeyli
adam gəldi – yazıçılar, alimlər, jurnalistlər.
214
Bu gün qəzetlərdə də atamın şeri çıxmışdı, axşam
televiziyayla onun haqqında çəkilmiş Moskva verilişini
göstərəcəkdilər. Qohumlar, dostlar atamgildə toplaşmışdı.
Radio atam haqqında verilişə başladı. Ölümündən 49 gün sonra
ilk dəfə səsini eşitdik – şer oxuyurdu.
Atamın ölümündən iki aya yaxın vaxt keçmişdi, amma
ünvanına hələ də müxtəlif yerlərdən, müxtəlif şəhərlərdən
məktublar gələrdi. Azərbaycandan gələn məktublar bizə
başsağlığı məktubları idi – Azərbaycanda Rəsul Rzanın
vəfatından xəbərdar olmayan adam çətin tapılardı. Amma
başqa şəhərlərdən gələn məktubların bəzilərində onun özünə
müraciət edirdilər – vəfat etdiyini bilmirdilər. Burda belə
məktublardan üçünü – Heç vaxt sahibinə çatmayacaq
məktubların tərcüməsini gətirmək istəyirəm.
"Hörmətli ustad!
Sizə Vyetnamdan yazıram.
Əziz yoldaş Rəsul.
Altmışıncı illərdə "Nedelya" jurnalında Sizin rənglərə aid
şerləriniz dərc olunmuşdu. Çox xoşuma gəldi. Qərara aldım ki,
dərhal tərcümə edim. Təəssüf ki, o vaxt müharibə gedirdi. Şer
vaxtı deyildi. Amma mən tərcümənin əlyazmasını –itirdim.
Orijinalı kitabxanada axtardım. Heç cür tapa bilmədim.
Turgenevi, Paustovskini və Antonovu da çevirmişəm. Şer
tərcüməsinə çox ehtiyatla yanaşıram. Çevirmək istədiyim
yeganə şerlər Sizinkilərdir. Lütfən teleqram, ya kağız vasitəsilə
şerlərinizin "Nedelya"nın hansı nömrəsində, hansı ay və hansı
ildə dərc olunduğunu mənə bildirərsinizmi? Bizim
kitabxanamızda "Nedelya"nın 1958-ci ildən bəri bütün köhnə
nömrələri var – mən tərcüməni Oktyabr bayramına, ya da
bizim partiyanın I qurultayına çatdırmaq istəyirəm. Kağız çox
gec çatır. Bakıdan Hanoya yarım ilə gəlir.
Əgər gələcəkdə şerlərinizin məcmuəsini mənə göndərsəniz,
mən Sizə çox minnətdar olaram. Niyə Sizin şerləriniz rus
dilində bizə gəlib çatmır. Etiraf edirəm ki, Sizin haqqınızda az
215
şey bilirəm. Amma elə yalnız bircə şerinizlə tanışlıq Sizi
həmişəlik sevmək üçün kifayətdir.
Sizə cansağlığı, səadət və böyük yaradıcılıq
müvəffəqiyyətləri arzulayıram.
Hörmətlə,
Səmimiyyətlə Sizin
Buy Monq Kuin.
VSR Hanoy".
"Əziz yoldaş Rəsul Rza!
(Bağışlayın ki, belə rəsmi müraciət edirəm – atanızın adını
bilmirəm).
Mən heç zaman yazıçılardan, şairlərdən, ya artistlərdən heç
birinə kağız yazmamışam, çünki onları işlərindən ayırmaq
istəməzdim. Amma bu dəfə özümü saxlaya bilmədim.
Məsələ ondadır ki, 1960-cı ildə məni orduya çağırdılar,
evdə arvadım və oğlum qaldı. Arvadım gözləməkdən usandı.
Vəfasız çıxdı. Halım ağır oldu və mənə elə gəldi ki, artıq
ömrümdə yaxşı heç bir şey olmayacaq. Bax elə bu zaman Sizin
"Dördümüzün söhbəti" şeriniz dərc olunmuş "Literaturka"
əlimə keçdi.
Bu şer məni sarsıtdı, müvazinətimi qaytarmağa mənə kömək
etdi. O vaxtdan poeziya ilə maraqlanmağa başladım. Bu şeri
isə ömürlük yadımda saxladım.
Bir neçə il bundan qabaq həkimlər bacımda qlaukoma
olduğundan şübhələndilər. Bacım özü də həkimdir və yaxşı
dərk edirdi ki, nəticədə kor qala bilər. Nədən qorxduğunu açıb
mənə deyəndə mən ona da Sizin həmin şerinizi oxudum. Şer
onun da karına gəldi. Xoşbəxtlikdən diaqnoz təsdiq olunmadı.
Ancaq bu sonralar məlum oldu.
Bütün bu illər mən həmin şeri axtarmışam. Müəllifin adını
dəqiq yadımda saxladığıma əmin deyildim, odur ki, sizə
qabaqlar yazmırdım. Hər halda Sizin ələ keçirə bildiyim şer
kitablarınıza baxırdım, başqa gözəl şerlərinizlə də tanış
216
olurdum, amma o şerinizi nədənsə – kitablarınıza daxil
etmirdiniz. Bu günlərdə isə oğlum, (onun artıq 25 yaşı var)
mənə Sizin şerinizi göndərdi. Mənə xəbər verdi ki, bu şeri
"Oqonek"un 1960-cı il nömrələrinin birində tapıb.
Mənim taleyimdə hər şey Sizin şerinizdəki kimi oldu – yeni
ailə, xoşbəxtlik, qız övladım. Uşaqlarım (qızın 16 yaşı var) da
poeziyanı sevirlər. Yaxşı kitabları almaq çox çətin olduğu üçün
mən artıq on il var ki, xoşladığım şerləri dəftərimə köçürürəm,
mənim övladlarımın da beləcə dəftərləri var. Birimiz yaxşı bir
şer tapanda, o birilər bu şeri öz dəftərlərinə "layiq" biləndə bu
hamımız üçün ən böyük sevinc olur.
Sizin digər şerlərinizdən ən çox xoşuma gələnlər "Dəniz
nəğmələri", "Qayıqlar", "Damlalar" və xüsusilə "Gənclik və
qocalıq" haqqında şerlərinizdir.
Bağışlayın ki, Sizi işinizdən ayırıram, amma Sizə təşəkkür
etmək çox böyuk arzum idi. Bir də sağ olun. Sizə cansağlığı,
uzun illər və yeni şerlər diləyirəm.
Sağ olun. 15.01.81
Mənim 46 yaşım var, mühəndis-radiotexnikəm, oğlum da
mühəndisdir. EHM proqrammistdir, qızım 9-cu sinifdə oxuyur.
Ünvanım: 310092 Xarkov-92, Şekspir küçəsi 12. mənzil 4.
Markov Valentin Semyonoviç".
"Hörmətli Rəsul Rza
Sizə Ukraynanın Senkov 8 illik məktəbinin "Rassvet" ədəbi
studiyasının və "Poisk" gənc kitab həvəskarları klubunun
üzvləri müraciət edirlər.
Əziz Rəsul Rza, SSRİ-nin yaranmasının 60 illiyi şərəfinə
Sizinlə dostcasına məktublaşmağı çox arzu edirik. Bizim
ədəbiyyatçılara və kitab həvəskarlarına dostluq
məsləhətlərinizi verməyi rica edirik. Habelə, Sizin avtoqraflı
kitabınızı almaq, Sizin yaradıcılığınız və xalqınız haqqında
məlumat toplamaq istərdik. Çox xahiş edirik ki, məktubumuza
cavab yazasız. Sizin cavabınız bizimçün xalqlarımızın
217
dostluğunun rəmzi olacaq. Yazın, Sizin dilinizdə "xleb",
"pesnya", "drujba" sözləri necədir. Sizə yaradıcılıq uğurları,
sağlamlıq və səadət arzulayırıq.
Hörmətlə
Poltava əyaləti Qadyan rayonu Senkov 8 illik
məktəbinin "Rassvet" ədəbi studiyasının və
"Poisk" klubunun üzvləri".
Bu məktublar cavabsız qaldı. Poltava məktəbliləri də
bilmədilər ki, Azərbaycan dilində "xleb", "pesnya", "drujba"
sözləri necə səslənir. "Smertğ" sözünün azərbaycanca "ölüm"
olduğunu da bilmədilər.
***
Azərbaycan yazıçılarının III Qurultayı keçirilməliydi. Bu
Qurultay ərəfəsindəki bir çox hadisələr, söhbətlər situasiyalar
da ömrümün qəmli yüz gününə düşür, amma bu ayrıca bir
söhbət mövzusudur.
Qurultay vaxtı iki gün ərzində xəstəxanaya anama baş çəkə
bilməmişdim. Qurultayın səhərisi gün yanına gəldim. İmran
Qasımovun ölümünü anama deməmişdik. İmranın əlacsız
xəstəliyini bilir və tez-tez onu soruşurdu. Bir dəfə – bəlkə də
onu yuxuda görmüşdü – təlaşla xəbər aldı:
–Düzünü deyin, İmrana nə olub?
Deyirdik ki, halı yaxşı deyil, xəstəliyi şiddətlənir, odur ki,
ərizə verib Yazıçılar İttifaqındakı vəzifəsindən çıxıb. Hardansa
anama söhbət gəlib çatmışdı ki, İmranın yerinə təyin olunacaq
namizədlər arasında mənim də adımı çəkirlər.
Qurultaydan sonra anamı zarafatla təbrik elədim, "sədrliyə
qardaşını seçdik", – dedim. (Mirzə İbrahimov anama həmişə
"Nigar bacı" deyərdi, biz də anamla söhbətdə M.İbrahimovun
adı gələndə "sənin qardaşın" deyərdik – A).
Anamın sifətinə çox məmnun və rahat bir təbəssüm qondu.
Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı:
218
–Gedəndə bunu nəzir ver, – dedi, – nəzir eləmişdim ki, o
yerə səni qoymasınlar.
***
İyunun 20-də qəzetlərdə məlumat dərc olundu ki, Nigar
Rəfibəyliyə ədəbiyyat sahəsində böyük xidmətlərinə görə Xalq
şairi adı verilir.
Xəstəxanaya təbrik teleqramları gəlməyə başladı. Anam: –
Niyə bu camaat məni belə istəyir, – dedi, – mən ki həmişə
kölgədə olmuşam.
Mən atamın adından da ona kiçik bir təbrik kağızı yazdım,
gətirib oxudum.
O qədər zəif və halsız idi ki, artıq bu şeylərə də heç bir
reaksiya vermirdi. Atam haqqında daha az-az, hərdən-birdən
soruşurdu. Bir dəfə dayısı qızı Sənubərlə tək qalanda ona
gileylənib: "Görürsən Rəsulu, mən o qədər onun qulluğunda
durdum, – üç aydır xəstəyəm, bir dəfə yanıma gəlmədi..."
Gündüzün və gecənin çox hissəsini yuxuda keçirirdi,
oyananda da heç dinib-danışmırdı. Arabir Füzulinin beytlərini
oxuyurdu: "Mənim tək heç kim zari-pərişan olmasın, yarəb!".
Bir də bir sətri tez-tez təkrar edirdi:
"Fəsli bahar tək gedərəm".
Bilmirəm bu misra kimindir – başqa bir şairinmi, ya
özününmü? Bəlkə mənə məlum olmayan, yaxud da hələ
yazılmamış şerindəndir. Hələ yazılmamış və daha heç bir vaxt
yazılmayacaq şerindən bir sətir, yalnız bircə sətir. Anamın
zəifləmiş, amma əvvəlki məlahətini saxlamış səsiylə,
pıçıltısıyla təkrar etdiyi bu misra daima qulağımdadır:
"Fəsli bahar tək gedərəm".
Gedirdi də, şam kimi gün-gündən əriyirdi, sönüb gedirdi
əlimizdən. Fəsli bahar tək gedirdi.
Ömrünün axırıncı baharıyla bərabər gedirdi.
Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ
Ruhuma bir adət olur çırpınmaq
219
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nazəndədir.
Gah yoluna çıxdım, gah yola saldım
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nazəndədir.
Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir
Bahar nə nazəndə, nə nazəndədir.
Xalq şairi adı alması münasibətilə radioda anam haqqında
veriliş düzəltmişdilər. Əzizə xanım Cəfərzadə danışdı,
şerlərini oxudular, mahnılarını səsləndirdilər. Tranzistorla
qulaq asırdı, mənə elə gəlirdi ki, yarıyuxuludur, duman içində
qavrayır hər şeyi. Amma verilişin onun xüsusi tərifləndiyi
yerində zəif-zəif gülümsündü, taqətsiz halda əlini qaldırdı və
alnına apardı – hərbi salam kimi. Bunu bizimçün edirdi: son
zarafatıyla bizi toxtaq saxlamaq üçün...
İyunun 29-u anamın ad günüdür. Palatası başdan-başa gül
içindəydi. Atamın adından da ona bir dəstə çiçək gətirmişdik.
Yuxuda çiçəklər görürəm hər gecə,
öpürəm onları gizlicə
hər yanım çiçək,
yastığım, yorğanım çiçək.
Çiçəklər əlvan-əlvan,
çəmən-çəmən.
Bu çiçəklər aləmində
xumarlanıb yatıram mən
Yuxuda çələnglər görürəm,
qərənfili seçir könlüm
220
çiçəklər arasından
Elə bil iki damla, qan sızır
ürəyimin yarasından.
Bu alov rəngli qərənfilləri
yar vermişdi ayrılıq dəmi,
Elə bil çökmüşdü
Onların üstünə dünyanın qəmi.
Yuxuda qərənfillərimi görürəm,
yığıb solan çiçəklərimi
ümid çələngi hörürəm.
Ümidə yer qalmırdı; təşəkkür sözlərini demək üçün belə
dodaqlarını güclə tərpədə bilirdi.
Anamın bir gənclik şəkli var – gərək ki, Moskva
yaxınlığında Maleyevkada çəkilib; ağ çiçəklərlə dopdolu geniş
bir çöldə çəkdirib bu şəkli – özünün də qucağında çəməndən
topladığı iri bir çiçək dəstəsi var.
Körpəlikdə anamın dilindən eşitdiyim ilk laylay yadıma
düşür:
Laylay dedim yatasan
Qızıl gülə batasan
Qızılgülün içində
Şirin yuxu tapasan.
İndi öz yuxusunu qızılgüllərin, çox sevdiyi qərənfillərin
içində tapırdı. Bəzən mənə elə gəlir ki, o özü də bizim
dünyamıza, hamımızın həyatına o ağ çiçəklərlə, güllərlə
dopdolu olan bir aləmdən gəlmişdi və bir gün ora qayıdası
idi...
Güllər içində tapdığı bu "acı yuxuda" yalnız dünyayla deyil,
yalnız bizimlə deyil, çiçəklərlə də vidalaşırdı:
Sevib oxşadığım əlvan çiçəklər
Əlvida, ey gözəl dağ çiçəkləri.
Öpdüm gözlərimlə sizi hər səhər
Yığdım dəstə-dəstə ağ çiçəkləri.
221
Əssin üstünüzdə ruzgar ahəstə,
Yığsın sizi qızlar hey dəstə-dəstə.
Yel əssə tökülün sinəmin üstə,
Payız çiçəkləri, yaz çiçəkləri.
"Əzizim Nigar!
Sənə hamı Nigar xanım. deyir.
Mən isə Nigar!
Mənə elə gəlir ki, xanım sözü bizim gənclik dostluğumuzun,
məhəbbətimizin arasında sədd olar.
Mən səni bu illər ərzində fikrimdə, xəyalımda həmişə o
səmimiyyətlə yaşatmışam.
Bu günlərdə xəstə olduğunu eşitdim.
Özüm xəstəxanadayam, odur ki, görüşünə gələ bilmədim.
Sarı bülbül! Sənə xəstəlik yaraşmayır, sən şairsən,
nəğməkarsan, demək güclüsən, əbədiyyətsən.
Bir vaxt mən ağır xəstələndim. Sağalmağıma ümid az idi.
Onda mənim həyata olan eşqim, inamım və poeziyanın işığı
azarın söndürdüyü işıqları bir-bir yandırdı. Mən həyata
qayıtdım. Yenə xəstəyəm, lakin həyata ümidim çoxdur. Sən də
özünü bərk saxla. Tale bizə şairlik kimi əvəzsiz bir sərvət və
qüvvət verib. Qoy poeziyanın odu, işığı azarların bütün
fəsadlarını yandırsın: Sənin qəlbində sağlamlıq, gümrahlıq
çıraqları yandırsın.
Amin!
Öpürəm səni!
Sənə tezliklə sağalmaq arzu edirəm. Şairə bacın, rəfiqən
Mirvarid Dilbazi".
Hamımız hiss edirdik: möhlət sona yetməkdədir – axırıncı
günlərini yaşayır. Qərara gəldik ki, onu evə aparaq. Həkimlər
də bizim qərarımızla razılaşdılar. Doğum gününün səhərisi –
iyunun 30-da anamı evə apardıq. Dedik ki, həkimlər şəraiti
dəyişmək məsləhət görür, müalicəni evdə davam etdirəcəklər.
222
Etiraz eləmədi. Yəni məgər etiraz eləyəsi halda idi?
Xəstəxanadan çıxmaqdan qabaq nədənsə üzüyünü Fidana
verdi:
–Götür bu üzüyü, – dedi, – sənə bağışlayıram.
Mat qalırdım: üç ay ərzində aclıq keçirən, müstəqil hərəkət
edə bilməyən, çətinliklə danışan bu yaşlı, xəstə qadında nə
qədər mənəvi güc vardı, iradə vardı, yumor vardı – ömrü boyu
onun özünün də, bizim hamımızın da dadına çatan, qolundan
tutan bu keyfiyyətlərini hələ də saxlamışdı.
Maşınımız evə çatanda:
–Məni evə gətirdiz? – deyə xəbər aldı. – Bəs mən elə
bilirdim basdırmağa aparırsınız.
Fidan eyniylə onun tərzində zarafatyana bir sərtliklə:
–Heç diri adamı da basdırarlar, Nuruş? – dedi.
Evdə isə birdən yenə Fidana müraciət elədi:
–Madam ki, ölmürəm, onda qaytar üzüyümü, – dedi, – daha
sənə bağışlayası olmadım.
Yenə zarafat edirdi, amma bu, deyəsən, artıq axırıncı
zarafatı idi.
Biz hamımız, mən də, bacılarım da anamgildə gecələyirdik.
Evə gətirdiyimiz birinci gecə onun yatdığı otaqda Təranə
növbə çəkirdi.
Səhər – iyulun 1-də – atamın ölümündən düz üç ay keçən
gün – sübh tezdən Təranə həyəcan içində məni çağırdı. Adətən
özünü saxlamağı bacaran Təranə karıxıb qalmışdı:
–Anar, tez bura gəl.
Anam yatan otağa qaçdım. Anamın geniş açılmış gözlərində
qeyri-adi bir dəhşət vardı, elə bil başqa dünyadan baxırdı bu
gözlər.
Gözlərini düz gözlərimin içinə zilləmişdi.
–Rəsula nə olub? – deyə soruşdu.
Təranə lap özünü itirmişdi, anamın bu sualı sübh tezdən
verməsi, doğrudan da adamı vahiməyə salırdı. Bu an məni də
dəhşət bürüdü. Amma bu hissə təslim ola bilməzdim.
223
–Nə olub ki, Rəsula dedim. – İndicə Mərdəkana, yanına
gedəcəm.
Sözləri ağır-ağır tələffüz edərək:
–Axı sən heç vaxt məni aldatmamısan, – dedi. Görünür bu
cümləni, bu tutarlı dəlili uzun zaman hazırlamışdı, bu cümlənin
hökmüylə həqiqəti məndən qoparmaq istəyirdi, – düzünü de, nə
olub?
İndiyəcən başa düşə bilmirəm ki, axı nə səbəbdən üç ay
ərzində atamın səhhəti haqqında uydurduğumuz bütün
yalanlara inanmışdı, bu gün, iyulun 1-də, sübh tezdən belə inad
və israrla həqiqəti öyrənmək istəyir və deməli, bütün
uydurmalarımızı şübhə altına alırdı. Bəlkə daha heç bir
sözümüzə inanmırdı? Baxışında nə isə elə bir şey vardı ki,
bunu sözlə təsvir eləmək mümkün deyil – elə bil hər şeyi –
atamın yoxluğunu – öz gözüylə görmüşdü.
Anamı gətirməzdən əvvəl evi diqqətlə səliqəyə salmışdıq.
Yasdan işarə, əsər-əlamət qalmamışdı. Hər şey onların evi qoyub
getdikləri şəkildə idi. Bəs öz evində keçirdiyi elə ilk gecədən sonra
bu şübhə onun ürəyinə haradan, necə dammışdı?
–Bax, aşağıda maşın gözləyir, – dedim. – Mərdəkana
Rəsulun yanına gedirəm. İki saatdan sonra qayıdacağam.
Bilmirəm bu sözlərə inandı, inanmadı, amma bir daha atam
haqqında heç nə soruşmadı.
Gündüzlər bir-iki saatlığa onun yanından gedirdim,
studiyada olurdum "Üzeyir Hacıbəyov" filmi üçün Qədir
Rüstəmovun səsini yazırdıq, geyim eskizlərinə baxırdıq.
Evə qayıdanda anam:
–Necə oğulsan? – deyirdi. – Ananı burda qoyub gedib
itirsən. Neçə gündür səni görmürəm. – Onun yanından iki-üç
saat qabaq getmişdim; artıq vaxtı qarışdırırdı.
Axırıncı iki günü artıq danışmırdı, ancaq iki qolunu havaya
qaldırırdı. Çox qəribə bir jest idi bu – nə qədər taqətsiz olsa da
hardansa güc tapır və qollarını havaya atırdı – elə bil uçmaq
istəyirdi. Elə bil üç aylıq ölüm yatağının cazibəsini qırıb
224
qanadlanmaq istəyirdi. "Durna olduğu yuxularında
qanadlandığı" kimi.
Elə bil haçansa yazdığı misralarını təsdiq etmək istəyirdi:
Demirəm dünyadan köçüb gedəndə
Vətəndə şöhrətli bir adım qalsın
İstəyirəm bircə həzin xəyalım,
Bir də uçmaq istəyən
iki qanadım qalsın.
Axşamlar qohumlar gəlirdilər, bizə ürək-dirək vermək
istəyirdilər, əllərindən gələn köməyi təklif edirdilər. Amma nə
kömək edə bilərdilər ki? Ümumiyyətlə, kim kömək edə bilərdi
bizə…
Anamın pəhləvan qamətli geoloq qardaşı Rəşid dayı aciz-
aciz soruşurdu:
–Həkimlər nə deyir axı, heç bir ümid yoxdur?
Ona da təskinlik verməyə çalışırdıq.
Gecə yarsına yaxın hamı dağılışırdı və yalnız biz övladları
qalırdıq. Elə bil başqa bir zaman, vaxt kəsiyinə düşürdük – axı
neçə il idi ki, hərəmizin öz ev-eşiyi, öz ocağı, ailəsi vardı, bir-
birimizdən ayrı yaşayırdıq.
Neçə gecə idi gözümüzü yummurduq – bu müdhiş,
dözülməz bir vəziyyət idi – ananın ölüm yatağının yanını
kəsdirəsən, biləsən ki, əlindən gedir və heç bir şey etməyi
bacarmayasan. Əlindən heç nə gəlməyə. Vaxtı dayandıra,
saxlaya bilməyəsən, əcəl saatını yubada bilməyəsən. Ölümü
azdıra bilməyəsən. Əlindən heç nə, heç bir şey gəlməyə...
Biz danışırdıq da, susurduq da. Susanda da eyni bir şey
haqqında susurduq. İçəri dünyalarımız bir-birinə qovuşub
birləşmişdi hərə öz daxili aləminə çəkilmişdi, amma bu daxili
aləmlərimiz – umumi yaddaşımız idi, – uşaqlığımız, diri
atamız, sağlam anamız, hamımızın bir dam altında yaşadığımız
günlər, aylar, illər...
İyulun doqquzundan onuna keçən gecə – hiss etmişdik ki,
axırıncı gecəsidir. Gecəyarısı qohumlar dağılışdılar. Rauf
225
axşamdan getmişdi, zəng elədim ki, gəlsin. Saat birə yaxın halı
lap xarablaşdı. Təcili yardım çağırdıq. Gəldilər. Həkim:
–Burda biz nə edə bilərik ki? – dedi...
İynə vurdular, çıxıb getdilər... Anamın ətrafında
oturmuşduq, çox ağır nəfəs alırdı.
Birdən nəfəsi sakitləşdi. Fidanın gözlərində ümid oyandı,
elə bildi ki, halı bir az yaxşılaşıb.
Mən dərhal başa düşdüm. Bu – son demək idi. Rauf
güzgünü üzünə tutdu. Nəfəsi kəsilmişdi. Əzab-əziyyəti bitib
qurtarmışdı.
Fidan:
–Anasız qaldıq, – dedi, ağladı, Təranəni qucaqladı.
Təranə:
–Ağlaya bilmirəm, dedi, – göz yaşım qalmayıb. Ancaq bu
saatlarda bir-birimizə bildirdik ki, həkimlərin ona ölüm hökmü
verdiyi hamımıza məlum imiş. Təranə mənə və Fidana baxıb:
–Birdən sizə bir şey olar, – dedi, – onda mən neylərəm.
Anamın yoxluğunun ilk saatlarında danışdığımız bütün bu
adda-budda sözlər, pərakəndə, mənasız cümlələr elə bil qızmar
maşayla – hafizəmə həkk olub – bu gecənin hər dəqiqəsi, hər
sözü dünənki kimi yadımdadır. Fidanın qəfil isterikası da,
dərddən quruyub daşa dönmüş Təranənin halı da... Səhərə
yaxın Zemfiraya zəng vurdum.
Telefonda hönkürdü:
–Haçan?
–Üç saat bundan qabaq, – dedim.
–Niyə elə gecə zəng vurmadın?
Bir qədər sonra qohumumuz Fikrətə zəng vurdum.
Səhər açılanda Elçinə zəng elədim.
Mənim bir neçə yaxın dostum var, hamısı mənə əzizdir,
onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma
atamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilk
düşən Elçin oldu.
Ev yavaş-yavaş qohum-əqrəbayla dolurdu.
226
Yüz gün içində ev ikinci dəfə matəm libası geyinirdi –
güzgülərə qara örtük çəkilir, qonşulardan stol, stul daşınırdı.
Ölümü müşayiət edən yüz cür iş başlanırdı...
Dünya, bir sirrini aşkar et mənə,
Nədən parlayırsan, nədən sönürsən!
Bu qədər siqləti alıb arxana,
Sən öz məhvərində necə dözürsən.
Dostları ilə paylaş: |