***
Təbiət elə bil bu dağı Bakıya keşik çəkmək üçün yaradıb.
Buradan Bakının hər səmti, hər tərəfi görünür, soyub, sorub
taladığımız gözəllər gözəli Xəzərin genişliyi açılır. Duman
təbiətin insanlardan incikliyidir. Duman çəkilir, hava açılır və
biz yaxın-uzaq Xəzər adalarını da görürük. Böyük Zirəni –
Nargini görürük. Bu adalarda 20-ci illərdən bəri nə qədər
günahsızlar güllələnib. Lüt soyundurur, güllələyir, ayaqlarına
daş bağlayıb dənizə atırmışlar.
Toğrul Nərimanbəyovun keçən il tamamladığı dəhşətli bir
tablosu var – dənizin içi və dənizin dibinə doğru gedən ayağına
daş bağlanmış, sinəsi güllələrlə deşilmiş meyitlər.
Güllələnmişlər, qurbanlar, şəhidlər... Şəhidlərin şahidləri –
Xəzər adaları. Xəzər adalarından, dənizin mavi səthindən
yüngül bir şeh qalxır, xəfif bir nəsim əsir – Şəhidlər dağına
çatır, təzə qurbanların qəbirlərini ussufluca sığallayır. Dəniz
yelinin yanıqlı ahı anaların göynəkli oxşamalarına, ağılarına
qarışır.
Analar deyir ağı:
Bizə kim qıydı axı?
Gör neçə dağ çəkibdi
362
Xalqa şəhidlər dağı...
Ağrılarım mənə də şer yazdırdı. Yox, yox, şair-filan olmaq
fikrində deyiləm. Həm də qırxında, daha doğrusu, əlli
neçəsində öyrənənin harda çalacağı haqqında el məsəlini də
unutmamışam. Amma ən çətin dəqiqələrdə, heç bir şey
yazmağa həvəsim olmayanda, əlim qələm tutmayanda, ayrı-
ayrı sözlər bir-birinə qoşulub, bir-birinə yoldaş olub, hayan
olub, dost-dostu tapan kimi sözlər də cütləşib, üçləşib,
qafiyələnib, bayatı biçiminə giriblər. Müxtəlif günlərin,
saatların ovqatlarından doğulan mənzum parçaları bu yazıma
səpələdim. Ümidsizliyim də bu "çağırılmamış bayatılar" –
dadır, ümidim də...
Na qismətdir, nə də qədər,
Yoldaş olub mənə kədər.
Gümanım var, bir gün səhər
Sevinc gələr, kədər gedər...
* * *
Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzər
deyil, bütün Azərbaycan görünür – o taylı, bu taylı. Bu gün
bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. Bu dağın
zirvəsindən keçmişimizi də görürük, gələcəyimizi də.
Tariximizin rəmzidir Şəhidlər dağı – min bir əzab-əziyyətli,
məşəqqətli, keşməkeşli tariximizin. İgidliyin, qeyrətin, qürurun
rəmzidir Şəhidlər dağı. İtkilərimizin, müsibətimizin rəmzidir –
yalnız bir ayın, bir neçə günün deyil, illərin, əsrlərin dərd-qəmi,
ağrısı, matəmi çöküb bu dağa – duman, çiskin çökən kimi, çən
düşən kimi.
Şəhid qəbirlərinin üstü götürülüb. Məzarlar səliqə-sahmana
salınıb. Bu nəcib işdə əməyi olanların hamısı sağ olsun. Amma
Şəhidlər dağının tariximizin, azadlıq mübarizəmizin möhtəşəm
abidəsi kimi əbədiləşməsi üçün hələ çox işlər görmək gərəkdir.
Götürülmüş heykəlin yerində, onun özül daşının yanında iki
şümal sütunun da ucaldığını xəyalən təsəvvür edirəm. Bu üç
sütunun üstündə üç od – üç məşəl yanır – həm Bakımızın
363
məşhur gerbi kimi, həm Odlar yurdunun rəmzi kimi, həm də
Şəhidlər qəbiristanlığının əbədi alovu kimi.
Üç məşəlin, üç dilim alovun altında yerləşən muzey də
tamam başqa cür qurulur. Bura Şəhidlər muzeyidir. Burda qara
Yanvar günlərinin tükürpədici əşyayi-dəlilləri də nümayiş
etdirilir – tank tırtılları altında xıncım-xıncım əzilmiş maşın –
bədbəxt alimlərin avtomaşını, gülləbaran olunmuş təcili yardım
karetası da, güllələrdən dəlik-deşik pəncərə şüşələri, çopur-
çopur divarların maketi, məktəbli qızın çantası, qanlı pal-paltar
da, acıdan-acı fotolar, adların qəmli siyahısı, sənədlər də.
Amma bu muzey yalnız Qanlı Yanvar abidəsi deyil. 18-ci
ilin mart qurbanlarına həsr olunmuş guşə də var burda, 20-ci
ildə boğulmuş cümhuriyyətin faciəvi tarixi də əks olunub.
Vətəndən uzaqlarda "Azərbaycan, Azərbaycan" sözləriylə can
verən Məmməd Əmin Rəsulzadə, daşnak güllələrinə hədəf
olmuş Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Behbud xan
Cavanşir, namərdcəsinə öldürülən Nəsib bəy Yusifbəyli,
Azərbaycanın ilk səhiyyə naziri, Xəzər adasında güllələnmiş
Xudadat bəy Rəfibəyli – uzun illərin ayrılığından, həsrətindən
sonra bu muzeydə görüşüb qovuşurlar.
Xiyabani də burdadır, Pişəvəri də...
Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də, 37-
ci ilin və başqa illərin neçə–neçə qurbanları, gedər-gəlməzdən
qayıtmayanları da.
Qətl günü üzünü tərtəmiz təraş edib, ağ köynək geyinən,
səliqəylə qalstuk bağlayıb edam yerinə qalxan Firudin İbrahimi
də, Savakın sularda boğduğu Səməd Behrəngi də... şəhid
qadınlarımız Mədinə xanım Qiyasbəyli də, Gülarə Göylü qızı
da, Mərziyə Üsküyü də... Kürd qəhrəmanı Məhəmməd Qazi
də... Bu muzeydə xalqların formal, rəsmi, boğazdan yuxarı
dostluğu yox, halal qardaşlığı, həqiqi həmrəyliyi, tale birliyi
əks olunmalıdır. 90-cı ilin Yanvar faciəsi haqqında mərkəzi
mətbuatda ilk həqiqətləri söyləyən rus rejissoru Stanislav
Qovoruxinin yazısı da bu muzeydə yer tapmalıdır, qazax
364
dostumuz Oljasın təyyarə bileti də – Bakının ağır günündə onu
bura yetirən təyyarənin bileti... Tiflisin 89-cu il 9 Aprel faciəsi
də əks olunmalıdır bu muzeydə, Ermənistan zəlzələsindən
sonra yardıma tələsən, hava qəzasında həlak olan və qəzaya
uğradıqları yerdə nankorluqla unudulanların xatirəsi də...
Ayrıca bir lövhədə – Qobustan daşları kimi əbədi bir daşın
üstündə – kənd, çay, dağ, meşə, bulaq adları yazılmalıdır –
Ermənistandan qovulmuş Azərilərin – yurd yerləri, qədim
dədə-baba məskənlərinin adları. Axı bu adlar da repressiyaya
məruz qalmış adlardır.
Muzeydə hər saatdan bir həzin musiqi səslənir – Üzeyir
bəyin ölməz "Şəbi-hicran" xoru, Böyük Füzulinin sözləri elə
bil məxsusi Şəhidlər dağı üçün yazılıb:
Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfğanım,
Qara bəxtim oyanmazmı?
Bu muzeydə bir guşə də var. Dairəvi salondur. Ortada,
döşəmədə mis bir dairə – qalxan kimi. Ətrafında dairəvi
divarlar. Divarların üzərində böyük sənətkarlarımızın sözləri.
Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin:
Dağa dersən eşidər, sonra verər əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım –
beytinəcən, Sabirin:
Ey dərbədər gəzib ürəyi qan olan çocuq,
Ey ehtişami-milləti talan olan çocuq –
misralarına qədər.
TBu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik
meydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, vətəni
təhlükədədir. Axıtmalı qanımız, ehsan etməli pulumuz varsa –
gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan
matəmgahı durur" (Mirzə Cəlil). Bu sarsıdıcı sözlərdən çağdaş
şairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan – bütün
mətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis
365
dairənin üstündə isə, məncə, ikicə sətir yazılmalıdır. Bu
sətirlərin müəllifi – gənc şəhid şair dahilərin, uluların,
böyüklərin məclisində mərkəz yeri öz halal qanıyla, taleyilə,
qismətiylə qazanıb! Onun sətirlərinin saf həqiqəti qarşısında
baş əyməliyik:
Həyat üçün doğulmuşduq,
Vətən üçün ölməliyik.
***
Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ çəkən Şəhidlər
dağı... Xalqın matəmi, hüznü, dərdi. Xalqın mütilik, köləlik,
əsarət üzərində qələbəsi...
Şəhərin aşağı məhəllələrindən, dəniz sahilindən başımızı
qaldırıb yuxarı baxacayıq – çətin anlarımızda ucalardan uca
tanrıya üz tutacayıq. Bir də Şəhidlər dağına, onun əbədi
məşəllərinə tapınacayıq...
…Və bu saflaşma, təmizləşmə, müqəddəsləşmə anlarında
qəlblərimizə kədərlə bərabər ümid, işıq, həyat duyğuları da
dolacaq...
Yanvar,1991
366
AYDIN SURƏTİ
Parlaq, munis, unudulmaz insanlar – Dilarə Əliyeva və
Aydın Məmmədovun faciəli ölüm xəbəri məni Türkiyədə, əski
Səlcuq şəhəri Bursada yaxaladı.
Mən "yaşıl Bursa", "gözəl Bursa", "qədim Bursa" da yaza
bilərdim. Niyə kağıza qeyri-ixtiyari məhz bu sözlər – "Səlcuq
şəhəri" düşdü? Assosiasiyaların – anımların, yada salmaların
öz qanunları var və Səlcuqların da burda xatırlanması təsadüfi
deyil.
Bir neçə il bundan qabaq Leninqradda (onda hələ Leninqrad
idi) Azərbaycan günlərinin iştirakçıları sırasında Aydınla mən
də vardıq. Sözləşib məşhur alim-türkoloq L.N.Qumilyovgilə
getdik. Aydın onunla tanış idi, xahiş etdim ki, məni də tanış
etsin. Kommunal mənzildə yaşayan bu böyük alimin gənc
azərbaycanlı həmkarına xüsusi bir hörmətlə yanaşdığını görür,
qürurlanırdım. Qumilyov türk xalqlarının tarixindən, öz
keşməkeşli taleyindən, həbs düşərgəsində Oljas Süleymenovun
atasıyla bir barakda, üst-üstə taxçalarda yatmağından danışırdı.
Söhbət Azərbaycan xalqının mənşəyindən düşdü. Qumilyov:
"Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünü
müəyyənləşdirmək üçün ora-bura boylanırlar? – deyə soruşdu:
– Səlcuqların əsl varisisiniz. Azərbaycan tarixində üç ulu
Səlcuqun – Toğrulun, Alp-Arslanın, Məlikşahın həlledici yeri
var. – Sonra diqqətlə Aydına və mənə baxdı – Səlcuq
mənşəyiniz hər birinizin zahiri görkəmində belə əks olunub, –
deyə əlavə etdi.
Əlbəttə, zahiri görkəmdən daha vacib daxili dünyanın
quruluşu, mənəviyyatın yönü, ruhun gözəlliyidir. Və Aydının
Səlcuq ruhuna sədaqəti, türk mənəviyyatına, xalqımızın həqiqi
mənşəyi, kökləri və tarixiylə bağlı sahələrə marağı bununla
əlaqədardır. Aydın əsl alim idi. Ciddi dilçi-alim kimi
367
Azərbaycan dilinə aid araşdırmalar aparmaq, iltisaqi şumer
diliylə iltisaqi türk dilləri arasında müəyyən bağları axtarmaq,
tələsik səthi nəticələr yox, inandırıcı dəlillər tapmaq istəyirdi.
Bu barədə dəfələrlə etdiyimiz söhbətlər zamanı "ayrı-ayrı
sözlərin bənzərliyinə, oxşarlığına uymaq olmaz, – deyirdi –
"Xalq etimologiyası" deyilən məsələ təhlükəli və sürüşkən
sahədir. Başı çıxanın da, çıxmayanın da zahiri əlamətlərə görə
qəti hökmlər verməsi gülüncdür. Həqiqi elmi etimologiyanı
"ehtimalogiya" ilə əvəz etmək olmaz". Şumer dilinə ciddi
marağı, bu sahədə tədqiqatları onu görkəmli qazax şairi Oljas
Süleymenovla yaxınlaşdıran, məhrəmləşdirən, doğmalaşdıran
ümdə cəhətlərdən idi.
Səksəninci illərdə bir neçə gənc dilçi-alimimiz, yəqin ki,
ədəbi tənqid sahəsində müəyyən kasadlıq, xüsusən də, cavan
nəsil tənqidçilərinin az olması səbəbindən, əzm və həvəslə
ədəbiyyatımızın bu cəbhəsində fəaliyyət göstərməyə başladı.
Aydın da onlardan biri, həm də ən dərin mühakimələrə, ən
dəqiq təhlilə qadir olanlarından idi. İstər öz ədəbi nəsli, istərsə
də daha yaşlı nəsillərin nümayəndələri haqqında yazıları, o
cümlədən mənim haqqımda yazdığı məqalə o dövrki
tənqidimizin yeni, daha müasir səviyyəsini müəyyənləşdirirdi.
1987-ci il "Ulduz" jurnalının 6-cı nömrəsində Aydınla mənim
dialoqumuz çıxdı. Bu dialoqda ilk dəfə olaraq latın əlifbası
məsələsini qaldırmışdıq və həmin söhbətin əks-sədası hətta
Orta Asiya respublikalarında da eşidilmişdi. Mən bu söhbətdə
bir sıra vacib məsələləri "səsimiz eşidilənədək" deyəcəyimizə
boyun olmuşdum. Sonralar Aydın məqalələr kitabını nəşr
etdirdi, o kitaba həmin dialoqumuzu da saldı və kitabı həmin
sözlərimlə adlandırdı: "Səsimiz eşidilənədək".
Ay keçdi, il dolandı. O vaxt qaldırdığımız məsələlərin bir
çoxu keçmişdə qaldı, bir sıra məsələlərdə isə həyat bizim ən
qabaqcıl fikirlərimizi ötüb keçdi. Yeni ictimai iqlim yarandı,
yəni mənəvi ab-hava müəyyənləşdi, yeni siyasi şərait təsdiq və
bərqərar oldu. Və bütün bu surəclərdə (proseslərdə) Aydın
368
yalnız alim-tənqidçi, publisist kimi deyil, nüfuzlu siyasi xadim
kimi də böyük rol oynadı. Həm də o siyasətçi kimi çox tez bir
zamanda yetişdi, püxtələşdi, sözü gözlənilən və sözü eşidilən
bir adam oldu. Müxalifətin bu gün geniş tanınmış, o vaxtlar isə
siyasi meydanda hələ ilk addımlarını atan xadimləriylə
Yazıçılar İttifaqında təşkil etdiyimiz görüşlərin fəal
iştirakçılarından biri də Aydın idi. Belə görüşlərdən birinin lent
yazısı məndə durur. Bu kasetdə indiki məşhur müxalifət
liderlərinin səsləriylə bərabər, mənimçün çox əziz olan iki
nəfərin – faciəli aqibətə düçar olmuş Tofiq İsmayılovun və
Aydın Məmmədovun da səsləri eşidilir.
Aydın ayıq siyasi təfəkkürə, nadir natiqlik bəlağətinə, geniş
elmi və ədəbi erudisiyaya malik bir şəxsiyyət idi. Odur ki, uzun
səylərdən sonra Azərbaycan Yazıçılar İttifaqı nəzdində
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini yaratmağa nail
olduğumuz zaman buranın rəhbərliyini mən məhz Aydın
Məmmədova təklif etdim. Aydın bu təklifi məmnuniyyətlə
qəbul etdi. O vaxtkı qaydalar üzrə "yuxarılar" da onun
namizədliyini təsdiq etdilər. Aydın işə həvəslə, səriştəylə
girişdi və qısa müddətdə peşəkar kollektiv toplayıb, görüləsi
işləri planlaşdırdı. Bu çətin və ciddi işlə bərabər Aydın siyasi
fəaliyyətindən də kənar qalmırdı, Azərbaycan Ali Sovetinə
deputat seçilmişdi. İstər şəxsiyyətində, istər siyasi fəaliyyətində
ziddiyyətli cəhətlər də vardı, siyasətin "oyunlarından" və
"fəndlərindən" də agah idi, yanıldığı məqamlar da olurdu.
Amma siyasi həyatımızda Aydının öz əvəzsiz yeri vardı və bu
yeri indi də görünür. Ali Sovet sessiyalarında onun parlaq,
ağıllı, təmkinli çıxışları xalq tərəfindən böyük rəğbətlə
qarşılanırdı. Xalq onun sözünə inanır, etibar edirdi.
Parlamentimizin bugünkü çarpışmalarında Aydının müdrik
sözünə, inandırıcı məntiqinə, konstruktiv təkliflərinə daha artıq
ehtiyac duyulur. Azərbaycan Yazıçılarının IX Qurultayı
ərəfəsində xəbər yayıldı ki, Aydın Tərcümə Mərkəzindən
getmək istəyir. Bu xəbər müəyyən dərəcədə onun "Yol"
369
qəzetinə verdiyi müsahibəsinə əsaslanırdı. Güman olunurdu
ki, Aydın bütün fəaliyyətini yalnız Ali Sovetdəki işiylə
bağlamaq istəyir. Axı o yalnız deputat deyil, həm də Ali Sovet
komissiyasının sədri idi. "Türkologiya" jurnalı redaktorunun da
birinci müavini, faktiki olaraq bu jurnalı çıxaran idi.
Qurultayda Aydın Azərbaycan Yazıçılar Birliyi idarə
heyətinin üzvü və o vaxt keçiriləcəyi güman edilən SSRİ
Yazıçılar Qurultayına nümayəndə seçilmişdi.
Azərbaycan Yazıçılar Qurultayından sonra, təşkilat
plenumumuzdan bir gün əvvəl axşam Aydın mənə evə zəng
elədi, bir qədər həyəcanlı səslə:
–Anar müəllim, mən Tərcümə Mərkəzindən getmək
istəmirəm, – dedi, – bütün başqa vəzifələrimdən, işlərimdən əl
çəkərəm, hətta deputatlıqdan imtina etməyə də hazıram, amma
Tərcümə Mərkəzindən ayrılmaq istəmirəm.
–Aydın, nə söhbət ola bilər, – dedim, – Tərcümə Mərkəzinin
ilk müdiri sənsən, kollektivi sən toplamısan və qalıb işləmək
istəyirsənsə, çox gözəl. Deputatlıqdan imtina-filan da lazım
deyil.
Aydının bu telefon söhbətindən sonra bir qədər
sakitləşdiyini hiss etdim, amma görünür, nədənsə nigaran idi,
ya kimsə onu bu sarıdan nigaran salmışdı, çünki elə həmin gün
gecəyarısına yaxın bir də zəng elədi və yuxarıda gətirdiyim
dialoq demək olar ki, bir də təkrar olundu.
Səhər plenumda Aydın Məmmədov Azərbaycan Yazıçılar
Birliyinin katibi və Tərcümə Mərkəzinin müdiri seçildi. 1991-
ci il mart ayının son günləri idi, kim bilərdi ki, Aydının ömür
möhlətinə cəmi-cümlətanı bir aydan da az qalıb.
Türkiyədən dönən kimi Emin Sabitoğluyla birlikdə Şəkiyə,
Kiş kəndinə, Aydının qəbri üstünə, sonra da ata evinə,
valideynlərinə başsağlığı verməyə getdik.
İnsanlar bir-birinə bənzəmədikləri kimi, dərdi də müxtəlif
cür çəkirlər. Dərdini içində, zahirən büruzə vermədən, mətanət
və dözümlə çəkənlər adamı daha artıq sarsıdır. Aydının
370
atasının nurani sifətinə, anasının məsum üzünə çökmüş kədər
işığını heç bir vaxt unutmaram.
Dözülməz oğul dağını, təsəllisi mümkünsüz övlad dərdini
elə ləyaqətlə çəkirdilər ki, bu saatlarda Aydının hansı sağlam
və əbədi köklərə bağlı olduğunu daha dəqiq duya bildim.
Aydın yaşayarkən o, atası Mirsaleh kişi üçün iftixar etdiyi,
fərəhləndiyi oğul idi, balaca bir kənddən çıxıb Bakıya getmiş,
orada peşəyə yiyələnmiş, alim olmuş, ad-san qazanmış bir ailə
üzvü idi. Ölümündən sonra Aydını bütün xalq – Azərbaycan
xalqı öz oğlu, istəkli, ağıllı-kamallı balası saydığını dərk etdi.
Mirsaleh kişinin bizə dediyi sözlər çox adi, çox sadə, ona görə
də çox təbii və səmimi sözlər idi:
–Heç bilməzdim ki, Aydını bu qədər sevirlərmiş.
Azərbaycanın hər yerindən adamlar axın-axın gəlir, məktublar,
teleqramlar, güllər...
Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün
Azərbaycandan axıb gəlmiş güllər, dəmətlər, çələnglərə qərq
olub. Bir tərəfdə füsunkar gözəlliyə malik olan Marxal yaylağı
– Aydın buranı çox sevərdi. "Marxal"ın qədim türk sözü
olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri
tərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmiş
bir ev – itirdikləri oğlun dərdini səssiz-səmirsiz, içindən yana-
yana, yanıb qovrula-qovrula çəkən iki qoca ata-ana.
Hər tərəfdə – qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim
Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın,
Azərbaycanın hər yerində
məhəbbətlə, hörmətlə,
minnətdarlıqla, yanğıyla anılan bir ad – Aydın Məmmədovun
adı. Aydının butün vətən torpağımızı dolaşan ruhu.
Yaddaşlarımızda, qəlblərimizdə, talelərimizdə yaşayan işıqlı
surəti.
Aydın surəti.
28 mart, 1992
371
TORPAĞI VƏTƏN EDƏNLƏR
90-cı il 20 yanvar müsibətindən sonra xalqımızın bəxtinə bir
qara gün də çıxdı – 91-ci ilin 20 noyabrı.
Bu nə zəmanədir, ilahi, televiziyada səslənən klassik musiqi
dərhal gərilmiş əsəblərimizi bir az da tarıma çəkir, səksəkəli
ürəklərimiz bəd xəbərin vahiməsiylə titrəyir. 20-də axşam
televiziya ekranında alışdığımız xəbərlər proqramı əvəzinə
simfonik musiqi sədaları eşidəndə ürəyimə yeni bəlanın
qorxusu damdı. Xəstəydim, evdə yatırdım, kimdən xəbər ala
bilərdim? Dayım oğlu milis polkovniki Akif Rəfiyevə zəng
elədim. Yoldaşı təşvişlə: – Akif Qarabağdadır, – dedi, – yaman
nigaranıq. Deyirlər orda yenə atışma olub.
Daha kimə zəng edə bilərdim? Yəqin hər halda Tofiq
İsmayılov bir xəbər bilər. Dəstəyi qaldırdım. Elə bil kimsə: –
Yox, zəng eləmə, – dedi. – Yəqin hələ işdədir. Evə gec gəlir.
10-a qədər bir şey aydınlaşmasa, zəng vurmaq olar. O vaxt evə
gələr.
Daha heç vaxt evə gəlməyəcəksən, Tofiq, nə onda, nə on
birdə, nə bu gün, nə sabah, heç vaxt mehriban ailəni xoş
təbəssümlə sevindirməyəcəksən, həyatından artıq istədiyin
oğlun Heydəri oğrun-oğrun süzüb fərəhlənməyəcəksən.
Tofiq, əzizim, dostum, qardaşım. Səni üç il qabaq itirsəydik,
yenə də yanardım, xalqımın belə alim, ziyalı, ağıllı-kamallı
oğlunun itkisinə acıyardım.
Amma səni daha yaxşı tanıdığım bu üç il ərzində mənə o
qədər doğma, munis, əvəzsiz bir dost oldun ki, ən çətin
dəqiqələrdə çiyin-çiyinə dayanmağımıza elə alışdım ki,
müdrik məsləhətlərinə, dəqiq siyasi təhlillərinə, adicə insani
davranışına o qədər vərdiş etdim ki, sənin yoxluğun ən əziz, ən
yaxın adamımın itkisi kimi ağrıdır məni. Sənin bu son illərdə
xalqın üçün, vətənin üçün elədiyin fədakarlığı, hünərini və
372
cəsarətini, dönməzliyini və tədbirini – bilənlər bilir, amma
bəlkə biz – sənin deputat həmkarların bu çətin, əzablı və
təhlükəli mübarizənin gözlərdən, qulaqlardan gizlin təfərrüatını
daha artıq bilirik. Ali Sovetin, Qurultayın sessiyalarında,
iclaslarında rəqiblərimizi məntiqinlə, natiqlik məharətinlə,
ehtiraslı vətəndaşlıq mövqeyinlə yerində oturdan çıxışlarından
başqa, necə deyərlər, "səhnə arxasında", şəxsi təmasların,
saysız-hesabsız yazılı məktubların, sorğuların, müraciətlərin,
ən yüksək vəzifəli adamların kabinetlərində ləyaqətlə, səbrlə,
təmkinlə, prinsipiallıqla apardığın danışıqlar – sənin bu torpaq,
bu vətən uğrunda sıravi əsgər döyüşün, bacarıqlı sərkərdə
əməliyyatın idi.
Xalqımızın başına gələ biləcək neçə bəlanın qarşısını
vaxtında almaqda sənin misilsiz xidmətin var. Butün bu illər
ərzində sənin nələr çəkdiyini bilən bilir, Tofiq. Qarabağımıza
son borcunu da verdin – onun doğma torpağında şəhid düşdün.
Şəhidin yeri behiştdir, – deyərlər. Dostlarının, xalqının
qəlbində həmişə yeri behiştlik bir fədai kimi yaşayacaqsan,
qardaşım.
Vəli, əzizim! Ali Sovetdə sənin gördüyün qara fəhlə əməyi –
parlaman iclaslarında, komissiyalarda fəaliyyətin, müasir, ya
tarixi sənədləri, qərarları və qanunları həmişə cabəca əlinin
altında saxlamağın, tutarlı silah təkin istifadə etməyin –
ədəbiyyatçı-tədqiqatçı kimi yaşadığın gənclik illərinin vərdişi
idi, Nərimanovun ürək yanğısıyla yazdığı və illər boyu
gizlədilən məktublarını arxivlərdə öz əlinlə köçürdüyün, sonra
duyuq düşməsinlər deyə köynəyinin altında bayıra çıxardığın o
uzaq illərdən qalmışdı sənə. Uzun illər partiya işlərində
çalışmışdın, amma o işləri tapdalamaq yeni siyasi konükturaya
çevriləndə keçmişinə dönük çıxmadın. Çünki konüktürçü
deyildin, əqidə adamı idin. Əqidə saxta olsa belə, ona inam
süni yox, həqiqi ola bilər. Yüksək partiya vəzifələrində
ciblərini doldurmamışdın, altına yığmamışdın, bir vaxt
partiyanı öyməklə sərvət qazanıb, indi partiyanı söyməklə
373
şöhrət axtaranlardan deyildin. Çox yerdə işləmişdin, işsiz qalan
vaxtların da olmuşdu, işini dəyişdiyin vaxtlar da. Qarabağda
işini yox, dunyanı dəyişdin.
Əzizim Vaqif! Xalq deputatlarının birinci Qurultayında –
sənin halal yerinə bədnam Zori Balayanı dürtüşdürmək
istədilər. Çıxış eləməliydin. Çıxışının rus dilində səlis səslənib-
səslənməyəcəyindən və bunun da seçkiyə müəyyən təsir
göstərəcəyindən nigaran idik hamımız. Bircə səndən başqa.
"Arxayın olun, – deyirdin. – Necə lazımdır, elə danışacam və
seçiləcəm".
Belə də oldu. Çünki danışdıqların həqiqət idi, ədalət sənin
tərəfində idi və sənin rəqibinə qələbə çalmağın haqq işin zəfəri
idi.
Ən ağır dəqiqələrdə məhz sən bizi arxayınlaşdırırdın: "Mən
ordan gəlmişəm, işin içindəyəm, hər şey yaxşı olacaq, –
deyirdin. – Qarabağ sarıdan narahat olmayın. Bu çəkişmədə biz
hökmən qalib gələcəyik!".
Məmməd, İsmət, Zülfü, Qurban – əziz həmvətənlərim –
sizinlə bağlı nə qədər xatirələrim var, Bakıda, Moskvada,
Şuşada, Sumqayıtda, Ağdaşda görüşdüyümüz günlər, saatlar...
Haçansa xoş zarafatlı söhbətlər, haçansa ciddi, ağrılı fikir
mübadiləsi... Ön atəş xəttindən gələn sorağınız – Qarabağımızı
qorumaq və qurmaq əzminiz... Nurlu surətləriniz yaddaşım
durduqca yaddaşımda qalacaq.
Osman, Rafiq – uzaq gənclik illərimin tay-tuşları, duz-çörək
kəsdiyim, xeyirdə-şərdə görüşdüyümüz, dərd-sərimizi
bölüşdüyümüz insanlar. Bir gündə, bir neçə dəqiqəlik
televiziya xəbərində bu qədər dost, yoldaş, tanış itirmək nə
dəhşətli imiş...
İqor, eşe odin tovarih moix önıx let. Ə vospominaö tot
dalekiy i nezabıvaemıy seminar tvorçeskoy molodeji, kotorıy tı
s Zaurom Rustam-zade orqanizovali v Zuqulbe, i kak mı vse
bıli molodı, i kak vsem nam toqda bılo xoroşo vmeste, i
skolğko svetlıx nadejd bılo v naşix duşax. Kak strastno sporili
374
mı o podeme kulğturı naşey rodinı Azerbaydjana. Moey i tvoey
rodinı, İqor. Tı zdesğ rodilğsə, na gtoy zemle jil, löbil, rabotal,
gtoy rodine s sınovney vernostö slujil i otdal svoö jiznğ za nee.
İ pustğ pamət o tebe stanet simvolom edinstva vsex qrajdan
Azerbaydjana, raznıx naüionalğnostey, predannıx gtoy zemle i
sçitaöşix ee svoey rodinoy.
Alı, gənc dostum. Ali Sovetin mətbuatsız keçən hər qapalı
iclasından sonra tənəffüsə çıxarkən ilk gördüyüm sənin nigaran
gözlərin, ilk eşitdiyim sənin səbrsiz sualların idi: "Nə oldu?
Bizə toxunan bir məsələ qalxmadı ki?"
Sən də, Fəxrəddin də, işıqçı həmkarın Arif də son saatınıza
qədər vətəndaşlıq və peşəkarlıq borcunuzu namusla, qeyrətlə
yerinə yetirdiniz. Sizin işinizə verilən ən yüksək qiymət odur
ki, vertolyotunuzu namərd gülləbaranıyla məhv edən quldurlar
– cinayət yerində iz itirməyə çalışan canilər kimi – sizin
çəkdiklərinizi oğurlayıb aparıblar. Sizin əks etdirdiyiniz
həqiqətdən necə qorxurmuşlar gör!
Hamınızın müqəddəs ruhları qarşısında baş əyirəm. Allah
hamınıza rəhmət eləsin.
Qarabağa sülh məramıyla gəlib, burdan öz yer-yurdlarına
tabutda qayıdan hərbçilərin, mühafizə orqanları işçilərinin,
Rusiya və Qazaxıstan nümayəndələrinin, vertolyot
sürücülərinin xatirələri qarşısında baş əyirəm.
Bu günlər tez-tez yada düşən misranın həqiqəti əbədidir:
Torpaq, əgər uğrunda ölən varsa – VƏTƏNDİR.
21 noyabr, 1991
|