Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)


***  Ədəbiyyat yatıb qalmış, pəsməndə xalça kimi beyinlərdəki  tozu çırpıb küləyə sovurur.  ***



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

*** 

Ədəbiyyat yatıb qalmış, pəsməndə xalça kimi beyinlərdəki 

tozu çırpıb küləyə sovurur. 

*** 

Ürəyim 37-ci ilin qəbiristanlığıdır. 



*** 

Mən çovuyan gülləyəm. Məni hansısa bir hədəfi nişan alıb 

atıblar. Güllə hədəfə dəyməsə də, hələ də uçmağındadır. Ancaq 

sönüb yerə düşməyinə az qalıb. 



*** 

Maska onun üzünə elə yapışıb, elə tutaşıb ki, çıxarmaq 

istəyəndə gərək dərisini sıyırıb atasan. 

*** 

Bəzən müxtəlif Şərq xalqlarının ədəbiyyatının çiçəklənməsi 

dövrlərini  İntibah adlandırırlar. Məsələn, Nizami və Rustaveli 

dövrünü Qafqaz intibahı, böyük fars şairlərinin dövrünü İran 

intibahı, türk liriklərinin (Nəvai, Füzuli, Baqi) dövrünü türk 

intibahı adlandırırlar. Məncə, bu fikir heç də doğru deyildir. 

Türk, yaxud İran  ədəbiyyatının müəyyən bir dövrdəki 

dirçəlişini Avropada qəbul edilən  şəkildə  və anlamda İntibah 

adlandırmaq olmaz. Bu mənada Avropada baş verən hadisələr 

Şərqdə özünü göstərmədi. Yəni sözün elə bir dar mənasında ki, 

antikliyin xəzinəsi qarşısında dünya heyrətə  gəldi və bu 

dəyərlər yenidən dirilməyə və dirçəlməyə başladı, başqa sözlə, 

qədim sivilizasiyanın uğurları yeni tarixi şəraitdə yeni yaşamaq 


 472 

haqqı qazandı – bax bu mənada Şərqdə həmin proses getmədi. 

Baxmayaraq ki, İbn Sina, İbn Rüşd,  Əl-Fərabi və digərləri 

məhz antik dövrün mənəvi, mədəni və elmi dəyərlərini 

yaşadıqları müasir dünyaya çatdırmışdılar, Xəyyam, Nizami, 

Füzuli isə Ellin dünyasının mədəni dəyərləri haqqında  ətraflı 

məlumata malik idilər, ancaq bununla belə,  Şərq coğrafi, 

genetik və  mədəni xüsusiyyətlərinə görə antik mədəniyyətlə 

daha yaxından tanış olub, Avropada olduğu kimi onu təzədən 

dirçəldə bilmədi. Sözün geniş mənasında isə, yəni o mənada ki, 

intibah insanın özünün uydurduğu buxovlardan azad olması 

dövrüdür (Qərbdə xristian sxolastikasından), intibah Şərqdə 

olmayıb. Bunun çox şərti mənada analoqu kimi Şərqdə dar dini 

doqmalara qarşı üsyan ovqatı doğuran sufizm fəlsəfəsini misal 

çəkmək olar. Bəlkə elə bu dövrdən etibarən, Kolumb, 

Magellan, Vasko de Qamanın böyük əhəmiyyətə malik coğrafi 

kəşflərini, Kopernik, Qaliley, Cordano Brunonun kosmoqonik 

fərziyyələrini nəzərə alaraq Şərqin və Qərbin inkişafında elə bir 

qeyri-sinxronluq başladı ki, bu Qərbi ictimai-siyasi, texniki, 

elmi və  sənaye dirçəlişinə, demokratiya ideyasına gətirib 

çıxartdı,  Şərqi isə canüzücü durğunluğa, geriliyə, despotizmə 

və dini fanatizmə. (Halbuki, bütün tarixi boyu - auto-de fe-dən 

tutmuş Varfolomey gecələrinə, Olsterdə baş verən qanlı dini 

çəkişmələrə  qədər Qərb fanatizmdə  Şərqdən geri qalmır. 

Mədəni avropalılar  şiələrin "şaxsey-vaxseyUini görəndə  

dəhşətə  gəlirlər. Ancaq baxın görün, XVI əsrdə (təkcə XVI 

əsrdəmi) Avropada nə baş verirdi: "Yürüşün qabağında qurşağa 

qədər soyunmuş dini xadim gedirdi. O, nəfəsini dərmədən, 

matı-qutu qurumuş halda ayənin sözlərini deyib qıyya çəkir və 

arasıkəsilmədən kənarlarında dəmir dişlər olan dəri qayışla 

kürəyinə və böyrünə zərbələr vururdu. Bu qayda ilə o, öz ailə 

üzvlərinə də əzab verirdi. Zərbələri o, sakral ehtirasla vururdu: 

qışqırıq və  fəryad səsləri Allaha yalvarış  səslərinə qarışırdı. 

Onun qanlı izlərini kütlə tutub irəliləyirdi: onun arxasınca 

qadınlar, kişilər, qocalar, qarılar, yeniyetmələr və hətta uşaqlar 


 473 

belə gəlirdi. (Sitat Manfred Beklın 1995-ci ildə Moskvada çap 

olunmuş "Nostradamus" kitabından gətirilmişdir. Bu sitat 

altmışıncı illərdə mənim intibah haqqında düşüncələrimə 1996-

cı ildə Nostradamus haqqındakı kitabı oxuyarkən daxil 

edilmişdir). 

Beləliklə, Qərb sıçrayışla qabağa çıxdı  və  Şərqin bunu 

anlamayan nümayəndələri öz düşüncə  və  təfəkkür tərzlərinə 

uyğun olaraq onu əməlli-başlı bir neçə  əsr geriyə atdılar. 

Yadıma  İran rəhbərlərinin biriylə etdiyimiz söhbət düşür. O, 

Qərbin hansısa bir uğura sahib olmasını  tərsliklə inkar edirdi. 

Bəs bütün bu gördüklərimiz – mən ona etiraz etdim, gözümlə 

ona  ən yeni müasir texniki avadanlıqla - telefon, faks, 

kompüter, kondisioner, televizor, radio, elektriklə  təchiz 

olunmuş kabinetini göstərdim, hələ bir qapısının ağzında  ən 

yeni Amerika markalı avtomobili dayanıb, bunlar bəs deyilmi? 

Özünün, doğrudan da, zəngin və  şan-şöhrətli keçmişi ilə 

öyünməyə haqqı çatan Şərq son iki-üç əsrdə müasir 

sivilizasiyanı heç bir texniki yeniliklə  zənginləşdirməyib. Bir 

zamanlar Cəlil Məmmədquluzadə bunu görürmüş kimi acı-acı 

gülürdü: "Avropalılar gör nə qədər səfehdilər ki, qan-tər içində 

zəhmət çəkib paravoz, qatar icad edirlər. Bəs bu paravozlardan 

kim istifadə edir? Bu işə  zərrə  qədər də olsun, cəhd 

göstərməyən biz müsəlmanlar" (Sitatı yaddaşıma güvənib 

gətirirəm). 

Renessans insanın yatmış  ağlını silkələyib oyatdı.  İnsan 

özünün böyüklüyünü anladı, o həm xristian, həm də müsəlman 

teologiyasının müəyyənləşdirdiyi Allahın  əlində gücsüz və 

itaətkar insan roluna qarşı üsyan etdi. Allahı inkar etməsə  də, 

onun quluna yox, yardımçısına çevrildi. O, öz dünyasını 

Allahın yaratdığı  və insanları  təvəkkülə arxayın olmayıb, alın 

təri ilə zəhmətə qatlaşmağa yolladığı dünyada qurub-yaratmağa 

başladı. 

Dini kosmoqoniyanın bütün kanonlarına  əməl edən Dante 

dini sırf insani, utilitar-konyuktur mənada istifadə edərək 


 474 

cənnəti və cəhənnəmi konkret şəxslərlə doldurdu. Siyasi vasitə 

kimi. Bokaççio hər iki ayağı ilə torpağın üzərində duran, axirət 

dünyası haqqında düşünməyən və buna görə də həyatdan daha 

çox sevinc uman insanın, yer övladının varlığını tərənnüm etdi. 

Rable və Viyonun timsalında fransız intibahının mahiyyəti də 

bundan ibarətdir.  Şekspir isə dahiyanə "Hamlet" əsərində 

xristianlığın guya öz doqmaları ilə cavablandırdığı sualları 

verdi. Onun kəskin ağlı aramsız  şəkildə bu sualların cavabını 

axtarır. SONRA nə olacaq? Skeptik ağılın məntiqinə görə, din 

yeganə avtoritet deyildir. Şübhə  ağlın inkişafını  şərtləndirən 

amildir. "Olum, yoxsa ölüm? Budur məsələ". Bu, intibah 

dövrünün və ümumən mövcudluğun  ən böyük sualıdır. 

"Fəlsəfədə yalnız bir əsas məsələ vardır – Kamü belə deyirdi – 

intihar problemi". 

Və yenə  də  məsələ  həmin məsələdir – olum, yoxsa ölüm, 

ancaq bu dəfə bizim əsrin kontekstində. Kökləri isə Avropa 

intibahında, insan ruhunun oyanışında, insanda insanın 

oyadılmasındadır. Təkcə antik dəyərlərin dirçəlişi deyil, 

(halbuki, insan şəxsiyyətinin oyanışında antik humanizm ən 

böyük nümunələrdən biridir). İntibah insanın dini buxovlardan 

azad olması erasıdır, insanın öz qiymətini başa düşməsidir. 

Şərqdə isə bu, belə deyildir. Şərqin dünyaya bəxş etdiyi böyük 

şəxsiyyətlər, xüsusən, poeziya və arxitektura sahəsinə aid olan 

nümunələr islam ideologiyası  çərçivəsində  təqdim olunur. 

Sufizmin mənası  və mahiyyəti haqqında isə artıq mən 

danışmışam. 

(Sufizm haqqında - Zen-Buddizm və Eqzistensializmlə 

bərabər mənim mənəvi aləmimə böyük təsir göstərən baxışlar 

sistemi haqqında ayrıca söhbət açmaq lazımdır). 

Faktiki olaraq, Şərq ədəbiyyatı  və fəlsəfəsi (Azərbaycanda, 

məsələn, M.F.Axundova qədər və ondan sonra) ideoloji 

baxımdan  İntibah dövrünə  qədər Avropa ədəbiyyatı ilə oxşar 

vəziyyətdə idi. Biz hələ Rudəkidən Füzuliyə  qədər  İslam 

Şərqinin titanlarının böyük xidmətlərini demirik, onlar artıq 


 475 

daşlaşmış doqmaların Prokrust yatağında dövrün, mənsub 

olduqları xalqın milli xüsusiyyətlərini, ümumilikdə isə insan 

hisslərinin bütün çalarlarını  əks etdirə bilmişdilər. Orta əsrlər 

Şərqinin üç epos dahisi - Firdovsi, Nizami və  Nəvai  Şeksprin 

xristian ideologiyasının çərçivəsiylə qapanıb yaratdıqları ilə 

müqayisədə daha çox müsəlman ideologiyasının çərçivələri 

daxilində qalaraq zəngin, maraqlı  və universal bir dünya 

yaratdılar ki, bu da bütün parametrləri etibarilə böyük ingilis 

şairinin təxəyyülü və  qələmilə yaradılan dünyadan geri 

qalmırdı. Baxmayaraq ki, bu min illər boyu heç bir Şərq 

şairinin pozmağa cürət etmədiyi  İslam ideologiyasının norma 

və formaları çərçivəsində yaranmışdı. 

(Yetmişinci illərə aid olan bu fikirlərim bugünkü 

mühakimələrimlə müqayisədə  mənə çox mübahisəli görsənir. 

Mən, əlbəttə, yenə təsdiq edirəm ki, Şərqdə Avropa anlamında 

İntibahdan danışmaq düzgün deyildir və yenə də o fikirdəyəm 

ki,  Şərq və  Qərbin qeyri-sinxron inkişafı  məhz bu dövrdən 

başlamışdır. Mən yenə o fikirdəyəm ki, iyirminci əsrdə Qərbin 

hətta inqilab adlandırılan elmi-texniki yüksəlişi ruhun azadlığı 

ilə əlaqədardır). 

Azad olmayan insan heç nə  kəşf edə bilməz. Stalin 

dövrünün TşaraşqalarıU – həbs düşərgələri bu fikri təsdiqləyir. 

Həmin dəyənəklər altında yaşayan ixtiraçılar azadlıqda olan 

alimlərə baxanda ruhən daha azad idilər. Yaxşı yadımdadır, 

Soljenitsinin hələ samizdat variantında "V kruqe pervom" 

əsərini oxuduğumuz vaxtlar bacım Fidanla kitabdan aldığımız 

təəssüratı bölüşürdük, onun dediyi sözlər mənim təəssüratımı 

tamamlayırdı: "Azadlıqda olan insanlara həsr olunmuş 

səhifələri oxuduqca, türmədə olan, ancaq daha azad nəfəs alan 

və danışan insanlara həsr edilən səhifələrə nisbətən daha 

dəhşətli zülmün şahidi olursan". 

Yenə  də vaxtilə apardığım Qərb-Şərq paralelinin 

qiymətləndirilməsinə qayıdaq. Mənə belə gəlir ki, bu fikirlərin 

ən böyük qüsuru ondadır ki, qeydləri yazdığım vaxt Şərqin 


 476 

keçdiyi tarixi yolun özünəməxsusluğunu lazımınca dərk 

etmirdim, onun özəlliyini və bütövlüyünü tam şəkildə 

anlamırdım, başqa sözlə desək,  Şərqə  Qərb trafareti ilə 

yanaşırdım. Bu isə tamam başqa söhbətin mövzusudur. 

*** 

İnqilabların ən əsas məziyyətləri odur ki, onlar özlərindən sonra 

mətnlər – bəyanatlarda təsbit edilən, ancaq heç də tam şəkildə və 

dərhal həyata keçməyən ideyalar və niyyətlər barədə  sənədlər 

qoyub gedirlər. İngilis inqilabı THüquqlar haqqında Bill sənədiUni 

qoydu. Fransız inqilabı insan hüquqları haqqında verdiyi 

bəyanatda ölməz TBərabərlik, Qardaşlıq və AzadlıqU şüarını irəli 

sürdü. Amerika inqilabı "Müstəqillik Bəyannaməsi" ilə 

əlamətdardır. Oktyabr inqilabından sonra torpaq, sülh və xalqların 

öz müqəddəratını  təyinetmə hüququ (sonradan edilən calaq kimi 

yerinə yetirilmədi) miras qaldı. 

İnqilablar nə  qədər qanlı olsa da, inqilab rəhbərlərinin 

hakimiyyət uğrunda apardığı  xırda intriqalı vurnuxması  nə 

qədər iyrənc olsa da, yapdığı  əməllər nə  qədər sərt və 

gözlənilməz olsa da… inqilablar tarixdə bu sadaladığımız 

əlamətləri ilə yox, olsun ki, heç zaman həyata keçməyən 

ideyaları ilə qalır.  İnqilabların irəli sürdükləri ideyalar digər 

mütəfəkkirlərin ideyalarından məhz bununla fərqlənir.  İnsan 

cəmiyyətinin  Əsas Qanununun - Konstitusiyanın hər maddəsi 

öz varlığıyla hansısa inqilaba borcludur. İnqilablar, şübhəsiz ki, 

böyük düşüncə sahiblərinin ideyalarından su içir, ancaq məhz 

ictimai kataklizmlər baş verdiyi zaman reallığa çevrilirlər. 

Ayrı-ayrı mütəfəkkirlərin ictimai-siyasi, sosial-fəlsəfi ideyaları 

inqilab olmadan heykəltaraşın tunc, yaxud mərmər üzərində 

həyata keçirmədiyi arzusuna bənzəyir. Məhz inqilablar bu və 

ya digər ideyanı  əsrlərin "tunc lövhəsinə" həkk edir və yalnız 

bundan sonra tarixin istiqamətləndirici faktoruna çevrilirlər. 

Fransız inqilabını tarixi baxımdan müxtəlif cür 

qiymətləndirmək olar. Ancaq "Azadlıq, Bərabərlik və 

Qardaşlıq"  şüarının içindəki  ədalət və xeyirxahlığa  şübhə ola 



 477 

bilməz. Bu şüarın fransız inqilabına qədər də ayrı-ayrı 

mütəfəkkirlər tərəfindən deyilməsinə baxmayaraq, o yalnız 

inqilabla təsdiq edildi. Və inqilab haqqında nə deyilməyindən 

asılı olmayaraq (yəni inqilab adlı bu dev öz övladlarını udur, 

həm də onu dahilər düşünür, fanatiklər həyata keçirir, barından 

isə alçaqlar istifadə edir), hər halda inqilablar insanlığın 

tarixində ideyaların lokomotivi rolunu oynayırlar. 

 

60-cı illər 

 

*** 

Görün, Ermənistan SSR EA-nın müxbir üzvü Q.Avetisyan və 

Tarix İnstitutunun kiçik elmi işçisi M.Karapetyan Ermənistan  KP  

MK-nın orqanı olan  "Kommunist" qəzetində (3 oktyabr, 1989-cu 

il) "Hansı məqsəd güdülür" məqaləsində nə yazırlar: 

"Azərbaycan bütövlükdə ermənilərə qarşı, xüsusən isə 

Qarabağ ermənilərinə qarşı  vəhşiliklər törədilməsində 

Türkiyənin əlaltısı olmuşdur… Bu iş indinin özündə də davam 

edir. Qarşıya qoyulan məqsədə çatmaq üçün qarət, 

soyğunçuluq, ayrı-ayrı adamları ovlamaq gündəlik normaya 

çevrilmişdir. Biz əminik ki, öz böyük qardaşı Türkiyədən 

nümunə götürən indiki Azərbaycan hökuməti erməniləri bir 

millət kimi yer üzündən silməyə cəhd göstərir". 

Özlərini alim adlandıran və bu tipli faşist hədyanlarını 

kommunistlərin qəzetində çap edən insanların bu mağara, 

zooloji nifrətinə cavab vermək ikrah doğurur. Bəlkə buna 

kommunist təliminin banisi olan Karl Marksın öz sözləri ilə 

cavab vermək daha düzgündür. Görün, Marks V.Libknextə nə 

yazırdı: "Biz qəti şəkildə türkləri müdafiə edirik... Ona görə ki, 

biz artıq türk kəndlisini öyrənmişik, biz türk kəndlisinin 

simasında Avropa kəndlisinin  ən işgüzar və  mənəviyyatlı 

nümayəndəsini görürük". 

Mətndə TmənəviyyatlıU sözünü Marks yox, mən 

qaraltmışam. Bədbəxt Marks haradan biləydi ki, zaman gələcək 


 478 

Avetisyan və Karapetyan kimi kommunistlər meydana çıxacaq 

və türk adı gələndə ağızları köpüklənəcək.  

 

*** 

Belə bir fakt mənim diqqətimi cəlb edir ki, SSRİ Ali 

Sovetinin iclasları TV-də yayımlanmayanda bir tonallığın, 

yayımlananda isə başqa bir tonallığın şahidi olursan. Görün, nə 

qədər insan efirdə görünməyə can atır. Biz həqiqətən də 

ölkəmizin dərdinə  məlhəm tapmaq istəyiriksə, vacib deyil ki, 

bütün xalq bu cərrahiyyə  əməliyyatının tamaşasına dursun. 

Cərrah xəstəni həyata qaytarmaq məqsədilə çalışır, onun 

niyyəti öz sənətini kütləyə nümayiş etdirmək deyildir. Bu işin 

vacibliyi, qaçılmazlığı öz yerində, amma onun nümayiş 

etdirilməsi qeyri-estetik bir hadisə olardı. 



*** 

Şübhəsiz ki, sistem can verir, onun ölümqabağı tutmalarına 

baxmaq necə də əzablıdır. 

 

90-cı illərin əvvəlləri 

 

*** 

Bir yandan Qorbaçovun arzuladığı kimi, ümumi Avropa 

evini, o biri yandan isə öz evində ümumi türməni qurmaq 

olmaz. XX əsrin ikinci yarısında ordu heç kəsin üstünə hücum 

eləmək niyyətində olmadığı ölkənin müdafiəçisi kimi 

tanınıbsa, onun Avropa, Asiya və Afrikada jandarm, öz dövləti 

daxilində türmə  nəzarətçisi funksiyasını yerinə yetirməsinə 

haqq qazandırmaq olmaz. Ordu qiyamçıları ram edir, ancaq 

onlar türmədə qiyam qaldıranlardır. Yeri gəlmişkən, ordunu 

günahlandırmaq mənasız bir işdir. Ordu ilə haqq-hesab çəkmək 

tanka, pulemyota, avtomata qarşı iddia irəli sürmək kimi bir 

işdir. Ordu yalnız dövlətin  əlində silahdır, siyasi arqumentdir. 

Siyasi, ideoloji, mənəvi və digər dəlil və sübutlar 

tapılmayanda, (axı haradan tapasan ki, bu dəlil-sübutların özü 



 479 

kağız oyunundan başqa bir şey deyil və  təsadüfi deyil ki, 

stixiya baş qaldıran kimi yanıb külə dönür, yaxud cırılıb atılır) 

ən  əsas dəlilə çevrilir. Güc varsa, ağıl lazım deyil – iflasa 

uğramış siyasətçilərin kredosu budur. Ordu, yəni kor, 

mühakimə yürütməyən, yalnız əzən qüvvə azadlıq, müstəqillik, 

suverenitet, öz milli tarixi inkişaf yolunu seçmək hüququ 

haqqında müzakirələrdə dövlətin yeganə arqumentidir. Ordunu 

bir simvol kimi götürərək, onun diskreditasiyasına qarşı 

çıxanlar unudurlar ki, müxtəlif tarixi şərait, vəziyyət və 

dövrlərdə müxtəlif simvollar mövcud olur. Stalinqradı 

düşmənə verməyən qırx beşinci ilin may ayında Berlini alan 

ordu vətənpərvərlik simvoludursa, Əfqanıstana soxulan ordu 

yalnız biabırçılıq simvoludur. 

Əlində silah Osvensim qurbanlarını azad edən insan və 

QULAQDA saxlanan  məhbusla  keşik  çəkən silahlı adam XX 

əsrin tarixi faciəsinin müxtəlif personajlarıdır: qırx beşinci ildə 

Praqa və Budapeştin küçələrindəki Sovet tankları,  əlli altıncı 

ildə Budapeştin küçələrindəki Sovet tankları  və altmış 

səkkizinci ildə Praqanın küçələrindəki Sovet tankları – 

müxtəlif döyüş maşını modelləri və müxtəlif hərbi texnika yox, 

Xeyir və  Şərin tam əks qütbləridir. Həlak olan əsgərlərin 

analarının ağır dərdini bölüşərək Bakı, Tbilisi və Vilnüsdə elə 

bu  əsgərlərin qətlə yetirdiyi şəxslərin analarının dərdini də 

anlamaq lazımdır. 

 

1991-ci il 

 

*** 

Eh şair, şair… sən, qəbiristanlıq və qəbirlərin tənhalığını duyan, 

hər gün, hər saat, hər dəqiqə  həyatın tapmacaları  və yoxluq 

vahiməsi qarşısında dayanan, yalnız Tanrıya könlünü açan və 

yalnız əbədiyyətlə dil tapa bilən şair… axı sənin bu siyasətbazların 

və cahilərin, ambisiya və intriqaları  ərşə dayanan insanların 

apardığı oyunların, çəkişmələrin, demaqogiyanın və çirkin pulların 


 480 

içində nə işin var? 



*** 

Müxalifəti iqtidara gəlməkdə günahlandırmaq absurddur. 

Hakimiyyət hər bir siyasi partiyanın son məqsədidir. Dəhşət o 

zaman baş verir ki, məqsəd konkret hədəf güdmür. TNə olur 

olsun hakimiyyətə  gəlməliyikU fikrindən daha dəhşətli fikir: 

THakimiyyətə gələk, sonra nə olur olsunU fikridir. 



*** 

Sənətkar öz əsərlərinə görə yalnız özü cavab verməlidir. Hər 

bir sənətkar üçün özünün qarşısındakı məsuliyyətdən böyük və 

ağır yük yoxdur. O, belə bir şeyə  qəti inanmalıdır ki, 

yaratdıqlarının ünvanı – oxucu, tamaşaçı, dinləyici və onun 

yaratdığı əsərin ünvanlandığı digər şəxslərdir. Biləndə ki, onun 

ürəyindən  əlinə süzülüb yoğrulan işi dəfələrlə, müxtəlif 

səviyyələrdə  və instansiyalarda mühakiməyə  çəkilərək 

"təkmilləşəcək", bu inam sarsılır. Yazıçının dünyaya gətirdiyi, 

yaratdığı  mətnə onun özündən dəfələrlə az bələd olan kəslər 

məsləhətləri, adamın əhdini kəsən şərtləri, danışıqsız hökmləri 

ilə burunlarını haraya gəldi soxacaqlar və bundan sonra onun 

yaratdığı, dünyaya gətirdiyi mətni söküb dağıdacaqlar. 

Sənətkar üçün ən dəhşətli şey redaktorun, senzuranın, bu kimi 

başqa instansiyaların belə dağıdıcı işlə məşğul olmasıdır. 

Nə vaxtsa Moskvada təkcə ədəbi və rejissor ssenariləri yox, 

hətta aktyor sınaqlarının təsdiq olunduğu vaxt mərkəzi 

televiziyanın redaktoru məndən soruşmuşdu: – Bakıda hava 

necədir? – Moskvada olduğu kimi, – ona belə cavab 

vermişdim. Onun: – Axı Moskva Bakıya baxanda şimaldadı, – 

təəccübünə cavab kimi dedim: – Havamızı da biz elə 

Moskvada təsdiqləyirik. 

 

70-ci illər 

 

*** 

Çox zaman bizim ideoloji davamız boksçunun armudla 


 481 

məşqinə oxşayır. Rinqdə  rəqiblə görüşdüyü zaman o, yəni 

bizim ideologiya, həmişə nokauta düşür.  

*** 

Biz tarixin işıqforu qarşısındayıq – qırmızı  işıq yanır, 

demək, yerindəcə dayanmalısan, hərəkət yoxdur. Yetmiş ilin 

qırmızı işığı bizi durğunluq vəziyyətinə gətirib çıxartdı, irəliyə 

hərəkət imkanları tükəndi. Sarı  işıq yanır – dəlixana rəngi. 

Doğrudanmı, sarı işığın qarşısında bir yerə mıxlanıb dayanacaq 

və hamının necə dəli olduğunu görəcəyik? Və nəhayət, İslamın 

yaşıl işığı yanır. İndi yol ancaq o tərəfə açıqdır. Qabaqda dini 

perspektivdən başqa bir şey yoxdur? 

*** 

İslam da hardasa provaslav və protestantlıq kimi xristianlığın 

bir qoludur. Ancaq yaş etibarilə onlardan daha qədimdir. Elə buna 

görə  də o, ortodoksal baxımdan bidət kimi yox, xristianlığa 

kardinal şəkildə əks olan, ona düşmən kəsilən bir din kimi qəbul 

edilir. Ancaq İslam özündən  əvvəl gələn iki monoteist dinə 

hörmətlə yanaşır, onların bir çox dəyərlərini bölüşür, 

peyğəmbərlərinin adını hörmətlə yad edir, Məhəmmədi isə zaman 

etibarilə onların sonuncu davamçısı sayır. 

Digər tərəfdən təkcə xristian konfessiyasının daxilindəki 

çəkişmələr – orta əsrlərin Varfolomey gecələri, loyollaları  və 

savanarollaları, Lüter və Yan Qus tipli üsyançılar, katolik və 

protestantlar arasında baş verən və günü bu gün də eyni 

qəddarlıqla davam edən qanlı olaylar (Olster, serb-xorvat qanlı 

olayı) – bütün bunlar müxtəlif dövrlərdə  və günü bu gün 

xristian-müsəlman qarşıdurmasından daha kəskin, qanlı  və 

qlobal hadisələrin məhz xristian dünyasının öz daxilində 

olması faktını sübuta yetirmirmi?   



*** 

Bu ölkədə abırlı  və  ləyaqətli adamlar ən köməksiz və  ən 

yazıq insanlardır. 

*** 

Dərbənd qalası orta əsrlərdəki Qibroltar və Dardanel kimi  



 482 

boğazdır, amma su yox, quru boğazıdır. 



*** 

Stalinin avam xalq kütləsi üçün cəlbedici xüsusiyyətlərindən 

daha biri – onun dəyərləndirmədə sabitliyi, həyat, siyasət, 

iqtisadiyyat, fəlsəfə sahəsinə aid məlumatları  bəsitləşdirməyi, 

onları, məsələn, yaxşı-pis, qara-ağ, dost-düşmən tipli yığcam 

işarələrlə ifadə etmək bacarığıdır. 



*** 

Bəli, Stalin mifdir. Arqumentlərin, dəlil-sübutların, hətta 

təkzibedilməz faktların,  şahid ifadələrinin köməyilə miflə 

mübarizə aparmaq mümkün olan iş deyil. Çünki mif və 

gerçəklik – dünyaya iki fərqli baxış, iki fərqli qavrayış 

üsuludur. Onlar bir-birinə  qəti  şəkildə uyğun gəlmir. Məkrli 

Amerika imperializminə qarşı mübarizə stereotipləri ilə beyni 

dolan bir çoxlarını  İslamla xristianlığın qarşıdurması 

kontekstində  Səddam Hüseynin hərəkətlərini adekvat şəklində 

qiymətləndirməyə inandırmaq çətindir. Azərbaycanda 

Səddamın real vəziyyət və gerçəkliyin istənilən arqumentini 

qulaqardına vuran bu qədər fanatik tərəfdarları varkən Stalin 

toya getməlidir. 

Stalin mifi kütləvi  şüura bir neçə  nəsil boyu hesablanmış 

ehtiyatla bərabər yeridilmişdir. Onun ardıcılı isə özünü əsl hava 

terroristi kimi aparır: təyyarəni partladaram, özüm də, bütün 

sərnişinlər və ekipaj da məhv olub gedər (yəni mən ölsəm, bütün 

ölkəm məhv olar, bizimlə  bərabər isə bütün dünya). Hava 

terroristləri kimi şantajın yerimədiyini və öz həyatının təhlükə 

altında olduğunu anladıqdan sonra tüpürdüyünü yalamağa başladı. 

Bu hərəkəti ilə o, az qalmışdı ki, cahil tərsliyi ilə heç nə qanmayan 

tərəfdarlarını məyus etsin. (12 il sonra Səddamın bu xislətini həyat 

özü təsdiq etdi. – 2004-cü ilin qeydi). 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin