***
Kiprdə bizi yüksək səviyyədə qəbul etdilər. Prezident Rauf
Denktaşla, Parlamentin – Məclisin sədri, Müdafiə və Xarici
işlər Naziriylə görüşdük, şərəfimizə ziyafətlər verildi, Rauf
Denktaşa Kipr türk şairlərinin şerlərini də daxil etdiyim "Min
beş yüz ilin Oğuz şeri" antologiyasının birinci cildini təqdim
etdim.
Bütün görüşlərdə gah açıq, gah eyhamla qaldırılan ağrılı
məsələ dünya ölkələrinin, o cümlədən Azərbaycanın Quzey
Kipr Türk Cümhuriyyətinin bir dövlət kimi tanınması məsələsi
idi. Hətta "bəlkə Rusiya ya ABŞ bu məsələdə sizi təhdid
edirlər" fikri də səsləndi. Başqa deputatlarımızla bir yerdə mən
də çıxış etdim, – məsələ təhdiddə-filanda deyil, – dedim –
qəlbimizlə, bütün varlığımızla sizi çoxdan tanıyır, sevir və
dəstəkləyirik. Mədəni, ticari əlaqələrimiz var. Bu gün
Azərbaycan Milli Məclisinin 14 deputatı ürək dolu sevinclə
sizin bayramınızda iştirak edir. Amma Azərbaycan rəsmi,
diplomatik yolla Quzey Kipri tanısa, səhərisi gün Yunanıstan,
sonra Ermənistan və bəlkə başqa ölkələr qondarma Dağlıq
Qarabağ respublikasını tanıyacaqlar. Bu arqument
həmsöhbətlərimizi az-çox qane edirdi, amma əlbəttə,
419
ürəklərində bir inciklik də qalırdı. Bu məsələ Kipr türklərinin
həssas və yaralı yeridir. Aeroportda pasportlarımıza Quzey
Kipr Türk Cümhuriyyətinin möhürünü vuranda və bizlərdən
kimsə: – bu möhürlə daha bizi heç vaxt Yunanıstana
buraxmazlar – deyə əndişələnəndə ev sahiblərinin pərt
olduqlarını sezdim.
***
Girnədə, qədim qalanın ətəyində, Aralıq dənizi sahilində
kiçik bir lokantada balaca Rəsulun on yaşını qeyd etdik.
Görmədiyim bu bir il ərzində nəvəm böyüyüb, maraqları
yetkinləşib. Mənə kosmos haqqında, yer kürəmizə başqa
planetlərdən gələnlərin izləri haqqında, uçan boşqablar
haqqında bitib-tükənməyən suallar verir. O biri nəvəm 5 yaşlı
Anarın fikri-zikri köpəklərdə idi. Valideynləri söz veriblər ki,
ad günündə ona it alacaqlar. – Neyləyirsən köpəyi? – deyə
soruşuram. – Rəsulun üstünə buraxacam.
Rəsul bizimlə Azəri türkcəsində, məktəb yoldaşlarıyla xalis
Türkiyə türkcəsində danışır. Balaca Anar isə gözünü açandan
Türkiyə mühitində böyüyür və dilimizi bilsə də, Türkiyə
türkcəsiylə daha sərbəst danışır.
Kiprdə bir gün bizi gəmi gəzintisinə apardılar. Bir sahildə
gəmi dayandı – 1974-cü ildə Türkiyə əsgərləri adaya buradan
çıxıblar. Balaca Anar gəminin niyə dayandığı ilə maraqlandı,
kapitan duran göyərtəyə qalxdı və bir azdan qayıtdı.
Həyəcanla: "Kötü bir haberim var – dedi – Kapitan yokdur".
Gülüşüb onu sakitləşdirdik. Deniz nəvəm isə: – Baba, sən
dağın başından o buludu dərə bilərsən? – deyə soruşdu.
Hamımız bir yerdəydik – həyat yoldaşım, balalarım, gəlinim,
nəvələrim… Son illər nadir hallarda bir yerdə oluruq. Xoş
saatlarımız, xoş günlərimiz idi. Axır illərin bitib-tükənməz qayğılı
günləri içində (amma uşaqlıqdan bəri hansı illərim qayğısız olub
ki?) tale bizə bir neçə qayğısız gün, bir həftə xoş ovqat, sevinc
bəxş etmişdi. Amma əvvəllərdə yazdığım kimi bizə sevinc
düşmür. Bir gözümüz güləndə, biri ağlayır.
420
Kiprdən döndüyümüzdən 15 gün sonra yeznəm, kiçik bacım
Təranənin həyat yoldaşı Abbası itirdik.
***
İyulun 26-da Kiprdən qayıtdıq. Avqustun 1-də Zuğulbaya,
bağa köçdük. Bazar günü idi. Səhərisi gün, ayın 2-dən roman
üzərində işə başlamaq istəyirdim. Son illər bu bizimçün çox
nəhs aydır. Allah eləsin bu yay başımıza bir iş gəlməsin,
yazımı qurtarım – deyə düşünürdüm. 2-də səhər saat 11-də
dəftərimi açdım, yazıya başlamaq istəyirdim ki, telefon zəng
çaldı. Arif Əmrahoğlu idi. – Anar müəllim, pis bir xəbər var –
dedi. – Fikrət Qocanın anası rəhmətə gedib.
Dəftəri büküb, qələmi bir yana qoyub Bakıya gəldim. Fikrət
mənim ən əziz, ən yaxın, illərin sınağından çıxmış ən etibarlı
dostlarımdandır. Bu günlərdə onun yanında olmalıydım.
Zərxara ananın üçünü, yeddisini verdik. Yeddisi bazar gününə
avqustun 8-nə düşürdü. Bazar ertəsi Zuğulbaya qayıtmalıydıq
və mən işə başlamalıydım. Günellə Denizi də özümüzlə
aparmalıydıq. Dörddə evə gəldim. Zemfira: – Nə qədər zəng
edirəm Günel cavab vermir – dedi – axı danışmışdıq ki, dörddə
bizi gözləsin.
–Yəqin telefonları xarabdır. Gedək onu evdən götürək.
Evlərində də yox idi. Günelin həyat yoldaşı İlkinə zəng elədim.
–Günel Təranəgildədir – dedi. – Bəs bilmirsiz? Abbasın
beyninə qan sızıb.
Dərhal Təranəgilə gəldik. Demə səhər 9-da Təranə Abbası
hamam otağında yerə yıxılmış, huşunu itirmiş halda tapıb.
İnsult. Abbasın diabeti və yüksək qan təzyiqi vardı. Neftçilər
xəstəxanasında, reanimasiya palatasında yatırdı. Neftçilər
xəstəxanasına gəldik. Abbasın qardaşları, həkim dostları
burdaydı. Reanimator həkim Fikrət Əfəndiyev: – Ümid azdır –
dedi – ancaq hələ ki, göstəricilər yaxşılığa doğru gedir. Təzyiqi
xeyli düşüb, iki-üç gün həlledici olacaq. Göstəricilər belə qalsa
qurtara bilər.
Bizi bir qədər sakitləşdirdilər. Axşam 8-də Zuğulbaya
421
gəldik. Bir saatdan sonra bacım Fidanın qızı Aysel zəng elədi.
Dəstəyi Zemfira götürdü, səsi dəyişdi: – Nə danışırsan?
Hər şeyi başa düşdüm. Abbas keçinmişdi. Bakıya gəldim.
Abbasla Təranə iki qızları – Nigar və Bəyazla Kitab
passajının üstündəki mənzildə, valideynlərimizin evində
yaşayırlar. Yenə də neçə dəfə bundan əvvəllərdə olduğu kimi –
mənzilin qapıları taybatay açıqdı, yenə də bu evə matəm
gəlmişdi. Təranəni qucaqladım. Bacım: – Abbas yoxdur – dedi,
ağladı, amma az sonra özünü ələ aldı. Mən yenə də balaca
bacımın nə qədər böyük iradə sahibi olduğunu gördüm. Təranə
hamımızdan artıq dərəcədə ən ağır dərdini içində çəkməyi
bacaran adamdır.
Belə gənc yaşlarında – biri 24, biri 21 atadan yetim qalmış
bacım qazlarını – Nigarı və Bəyazı bu ağır dərd içində görəndə
dözə bilmirdim, ürəyim parçalanırdı.
***
Abbas nadir insanlardan idi. Xeyirxah, mehriban, xeyrə-şərə
yarayan, çətinə düşmüş, xəstələnmiş, köməyə möhtac olan hər
kəsin dadına çatan, hər kəsə əlindən gələn yardımı edən həkim
idi. Gəncliyindən dost seçdiyi adamlarla ömrünün sonunacan
sadiq dostluq elədi, onların yolunda hər bir fədakarlığa hazır
idi. Yüksək bədii zövqü, geniş mütaliəsi vardı. Elmin, sənətin
müxtəlif sahələriylə maraqlanırdı. Siyasi hadisələrə,
siyasətçilərə dəqiq qiymət verərdi.
Mənim hər hansı kiçik uğuruma ürəkdən sevinir, mənə olan
hücumları ürəyinə salırdı. Son günlərin hücumlarından
hardansa xəbər tutmuş, mənə zəng eləmişdi. – Fikir vermə, it
hürər karvan keçər – deyirdi. – Bəs niyə mənə heç nə
deməmisən? – Çox xoş xəbərdir ki, sənə də deyim? Sən də
nəbadə Təranəyə deyəsən.
Abbasa zarafatla "ailəmizin səhiyyə naziri" deyirdik.
Doğrudan da ən uzaq qohumlarımızın, tanışlarımızın belə
səhhətləriylə bağlı bir məsələ olan kimi Abbasın üstünə
qaçırdıq. Hamımız az qala zökəm olanda da Abbasa müraciət
422
edirdik. Anamın, atamın ağır xəstə olduqları illərdə Abbas
mənə yaxından yaxın qardaş, dayaq və arxa oldu.
Uzun illər boyu ailəsindən, istirahətindən, dost
məclislərindən, gənclik əyləncələrindən qopardığı vaxtı
Səhiyyə Nazirliyində gecəsi-gündüzü bilinməz işə sərf etdi.
Sonra öz ərizəsiylə bu vəzifədən getdi və Birinci Poliklinikanın
Baş həkimi oldu. Burda boş vaxtı daha çox idi və qəribədir, elə
bil bu asudəlik onu sıxırdı. Daima qaynar fəaliyyətlə məşğul
olan, enerjisi, həvəsi aşıb daşan bir insan üçün iş yerində
işsizlik saatlarını krossvord doldurmaqla keçirmək ağır mənəvi
işgəncəymiş.
...Və Abbas qırıldı, bədbinləşdi. Əvvəllər yüz maraqla
yaşayan, hər işdən həvəslə yapışan yeznəm, elə bil həyatın
dadını qaçırmışdı. Diabeti şiddətləndikcə bu andıra qalmış
xəstəliyin nazını çəkmək məcburiyyətinə də məhəl qoymurdu.
Nə pəhriz saxlayırdı, nə rejiminə diqqət yetirirdi, hərəkətsiz,
oturaq həyat sürürdü ev-iş, kürsüdən kürsüyə. Neçə dəfə onu
rayonlara aparmaq istəmişdim. – Gedək, bir az havamızı
dəyişək. Əvvəllər belə təklifləri həvəslə qəbul edən Abbas indi
cürbəcür bəhanələrlə boyun qaçırırdı. Tez-tez ölümdən söz
salardı, yaxınlarda öləcəyini deyirdi. – Bəsdir bu qızların
ürəyini üzdün – deyə onu ərklə məzəmmət edirdim. – Bax sən
düz on yaş məndən kiçiksən. Özün də həkimsən. Hər ikimizin
şəkər xəstəliyi var. Sən belə bədbinləşəndə, ölümü gözləyəndə,
mən nə etməliyəm? Özümə tabut sifariş verməliyəm?
–Səndə diabetin daha yüngül formasıdır – deyirdi.
–Axı sən də həkim ola-ola bu xəstəliyin heç bir şərtinə əməl
eləmirsən. Sənə baxanda mən təbabətə olan-qalan inamımı da
itirirəm.
İyulun 30-da Zuğulbaya köçməyimiz
ərəfəsində
vidalaşmağa onlara getmişdim. Bu yay vidalaşması demə
Abbasla ömürlük vidalaşma imiş.
Mənzillərində neçə aydan bəri çəkən təmir bitmişdi.
Döşəmənin parketi par-par parıldayırdı, rənglənmiş divarlar,
423
qapılar, silinib-təmizlənmiş çılçıraq...
–Axır ki, remontdan canınız qurtardı. Payızda Allah qoysa
bunu yuyarıq, – dedim.
Abbas:
–Payızda öz yerində. – dedi – Hamını qonaq çağıracayıq.
Amma bəlkə indidən başlayaq?
Soyuq araq gətirdi. Şüşənin yarısı boş idi.
–Mən bu mənzil üçün hər şeyi etdim – dedi.
Doğrudan, da, beləydi. 81-ci ildən, atamla-anamın
vəfatından sonra Abbas bu evin həm sahibi, həm də layiqli
varisi kimi köhnə mənzili daima təzə saxlamaq üçün, yüz cür
"yırtıq-yamağını" düzəltmək üçün çox zəhmətlər çəkmişdi. Elə
bil son saatını da təmirin bitməsinə, böyük qızı Nigarın
səfərdən qayıtmasına, kiçik qızı Bəyazın əla diplomla dördüncü
kursu bitirib magistraturaya imtahansız daxil olmasına, nəhayət
bizim Kiprdən dönməyimizə saxlayırmış. Bəlkə elə
düşünürmüş ki, bu dünyada görməli işlərinin hamısını görüb
qurtarıb: ailə qurub, qızlarını böyüdüb, boya-başa çatdırıb, ali
təhsil verib. Ata-anasının məzarlarının üstünü layiqli şəkildə
götürüb. Cəmiyyətə də verə biləcəklərini verib, verə
bilmədiklərində isə təqsirkar deyil.
Bəlkə həyatının beləcə bitib-tükənməsi fikri imiş onu bu
qədər bədbinləşdirən. Bəlkə həkim kimi öz xəstəliklərinin
sonucunu və zamanını tibbi dəqiqliklə duyurmuş. Kim bilir?
Son görüşümüzdə təmir vaxtı evdəki arxivi, köhnə kağız-
kuğazı saf-çürük etdiyini də söylədi. – Öz məktublarımın
hamısın cırıb atdım – dedi.
–Niyə?
–Kimə, nəyə lazımdır? Mən məgər Motsartam ki, hər
kağızımın dəyəri olsun?
Nədənsə, məhz bu adı çəkdi – Motsart.
–Motsartın buna nə dəxli var – dedim – hər insanın keçmişi
onun özü üçün, ailəsi üçün əhəmiyyətli, qiymətlidir. Keçmiş isə ən
çox mətnlərdə, o cümlədən məktublarda yaşayır.
424
–Eh, ondansa gəl içək. Sənin sağlığına.
–Sağ ol. Sənin sağlığına.
Nə bileydim ki, Abbasın sağlığına sonuncu dəfə içirəm.
Yarımçıq şüşəni başa vurduq.
–Birini də açım – dedi – Soyuducuda biri də var.
Təranə, qızlar hay-küy qaldırdılar:
–Bu istidə...Canınıza yazığınız gəlsin.
–O da qalsın gələn səfərə – dedim.
Nə bileydim ki, gələn səfər bir də heç vaxt olmayacaq.
***
Bu növbəti nəhs avqustun 10-da Abbası atasının, anasının
yanında torpağa tapşırdıq. Dəfndən qabaq çadırda oturmuşduq.
Məndən bir az aralı qohumumuz, mənim uşaqlıq dostum Fikrət
Ağazadə əyləşmişdi. Birdən onu harasa çağırdılar, getdi. Bir
azdan məni çağırdılar. Fikrətin oğlu İlkinin beyninə qan sızıb –
dedilər. Kürəkənim kimi Fikrətin oğlunun da adı İlkindir.
Kiminsə mobil telefonuyla "Medikal klab" təcili yardım
xidmətinə, sonra Semaşkonun baş həkiminə zəng elədik.
Əvvəllər belə tibbi məsələlər Abbasın öhdəsində olardı.
Semaşkonun Baş həkimi Pənah müəllimlə danışdım. – Tez
reanimasiyaya gətirsinlər – dedi.
Fikrətə xəbər elədim: – Semaşkoda gözləyirlər.
Abbası dəfn edib qayıtdıq. Kişilər çadırın qabağında
dövrələmə dayandı, ovuclara gülab səpməyə başladılar.
Dayım oğlu Rüstəmin oğlu mənə yanaşdı: Ailəmizə bir
müsibət də üz verdi – dedi – Fikrətin oğlu keçindi. Elə evdə,
heç xəstəxanaya apara da bilməyiblər.
Fikrətgilə getdim.Uşağın anası Maya özündə deyildi, dil
deyirdi, diz döyürdü, özünü öldürürdü. Fikrət isə sanki sadəcə
yuxuya getmiş İlkinin sakit və tərtəmiz sifətini oxşayıb: – Axı
Allah niyə bizə belə zülm elədi? – deyirdi. – Ömrümüz boyu
işləmişik, çalışmışıq, heç nəyimiz yoxdur. Bircə oğlumuz
vardı, Allah onu da əlimizdən aldı.
İlkin 27 yaşındaydı. Dörd ay bundan əvvəl evlənmişdi.
425
Toyda Fikrət də, Maya da necə sevinirdilər, ay Allah! Maya: –
Zeynəb xanım oxuduğu mahnı mənə aiddir – deyirdi. –
Dünyanın xoşbəxti mənəm dünyada.
Meyiti yumağa məscidə aparmaq lazım idi. Fikrət
qucaqlayıb buraxmırdı. – Qoymaram, qoymaram – deyirdi – o
ölməyib. Necə ola bilər, üç saat bundan qabaq sağ idi,
danışırdı, gülürdü. İndi iynə vuracaqlar, duracaq ayağa.
Fikrəti bir təhər həyətə çıxardıq, meyiti məscidə apardıq.
Neçə gün sonra Fikrət bir az toxtamışdı, danışırdı ki, İlkin
eynən Abbas kimi insult olub, amma ilk dəqiqələrdə hələ dili
tutulmayıbmış. Həkimlərə: – Məni qoymayın ölüm, axı hələ
cavanam – deyirmiş. Sonra birdən öldüyünü dərk edib,
kəlmeyi-şəhadətini oxuyub.
Bəlkə iki gün ərzində bu iki itki – həm də eyni simptomlu
xəstəliklərin nəticəsi olan ölümlər – o günlər havanın qeyri-adi isti
keçməsi, günəş radiasiyasının artmasıyla əlaqədardır. Axı
deyirdilər ki, avqustda gözlənilən gün tutulması da yer üzündə
böyük fəlakətlərə səbəb olacaq, hətta Paris dağılacaq.
Paris, şükür, dağılmadı, amma nə yazıq ki, Türkiyədə
dəhşətli zəlzələ baş verdi. Bu gün bu yazını yazarkən artıq 14
mindən artıq adamın həlak olduğu, neçə minin isə hələ də
tapılmadığı haqqında məlumat verilir. Ölənlərin sayı 30 minə
çata bilər. Bu avqust nə nəhs ay imiş…
Zəlzələ günü Zuğulbadaydıq. Hələ heç nədən xəbərimiz
yoxdu. Səhər tezdən zəng olundu. Ankaradan Tural idi.
–Telefon etdim ki, nigaran olmayasınız, biz sağ-salamatıq.
–Nə olub ki?
–Zəlzələdən xəbəriniz yoxdur? Televizoru qurun.
***
Avqustun 16-da Yusif Səmədoğlunun ilini verdik. Bütün bu
müsibətlərdən doğan duyğular atamın məhşur şerini yadıma
salırdı. Yalnız iki adı və bir neçə sözü dəyişərək, öz-özümə bu
şeri təkrar edirdim.
Yusifi yola saldıq
426
xəstəliyi diabet
Bir gün Abbassız qaldıq
xəstəliyi diabet
Tək qalmış qaya kimi
uçulur
sağım-solum
Bilirəm gec-tez bir gün
mənə çatacaq möhlət
Hələ ki, möhlətə var –
beş il, beş ay, beş saat.
Yaşamaq nə şirinmiş,
Necə qısaymış həyat.
***
Kədərli hadisələr, ailə müsibətlərimiz və Türkiyədə zəlzələ
fəlakətiylə bağlı bu haşiyəni romanıma salmaqla təhkiyəmin
xronoloji düzümünü pozsam da, başımıza gələnləri isti-isti
qələmə almağa çalışdım, çünki bunları yazmadan ayrı, uzaq
mətləblərə keçməyi də bacarmazdım. Bəlkə də bu yazımın
xüsiyyəti və qisməti belədir: o yaşanıla-yaşanıla yazılır və
yazıla-yazıla yaşanılır.
Deyəsən, doğrudan da, mən bu yazımı taleyimlə çarpışa-
çarpışa yazıram.
avqust, 1999
427
ŞUŞALI,
YALÇINLI GÜNLƏR
Yalçın haqqında xatirə yazmaq mənimçün çətindir. Əvvəla
ona görə ki, bu xatirələr 1981-ci ilin yayını – ömrümün ən ağır
çağını – yüz gün içində atamı və anamı itirdiyim ayları yada
salır. İkinci ona görə ki, bu xatirələr müvəqqəti itirdiyimiz
Şuşayla bağlıdır. Üçüncü də ona görə ki, Yalçının özünü də
çox erkən, həyatının, sənətinin çiçəkləndiyi vaxt itirdik. 1981-
ci ildə quruluşçu rejissor kimi öz ssenarim əsasında Üzeyir
Hacıbəyov haqqında iki seriyalı bədii film çəkdim. Filmin bir
hissəsi Üzeyir bəyin Şuşada keçən uşaqlıq illərinə aid idi.
Balaca Üzeyir roluna sınaq çəkilişləri üçün assistentlərim
onlarla məktəblini kinostudiyaya gətirmişdilər. Uşaqların
əvvəlcə şəkillərinə baxır, seçdiklərimizin kino sınaqlarını
keçirirdik. Fotolarında ifadəli gözləri ilə diqqətimi cəlb edən
Yalçının kino sınaqları da uğurlu oldu. Yalnız onu bu rola
təsdiq edəndən sonra bildim ki, Yalçın Əfəndiyev yaxın
dostum Elçinin qardaşı Timurçinin oğlu, görkəmli sənətkarımız
İlyas Əfəndiyevin nəvəsidir.
Filmin çəkilişində Şuşaya getdiyimiz zaman balaca Yalçını
ana nənəsi müşayiət edirdi, ara-sıra İlyas müəllim
mehmanxanaya mənə telefon edir, nigarançılıq içində nəvəsini
soruşurdu. Yalçının sapsağlam olduğunu, çəkilişlərin normal
getdiyini deyirdim.
"Üzeyir Hacıbəyov, Uzun ömrün akkordları" filminin
özəlliyi ondan ibarət idi ki, bədii olsa da, böyük bəstəkarın və
digər tarixi personajların əsərdə söylədikləri hər cümlə, hər söz
sənədli mətnlərə əsaslanırdı. Təbii ki, Üzeyirin uşaqlığına aid
belə mətnlər, yəni onun dediyi sözlər, cümlələr şahidlərin
xatirələrində əks olunmamışdı.
Odur ki, Yalçın qəbul etdiyimiz bədii prinsipi pozmamaq
428
üçün obrazı danışıqlar, sözlər, mətnlə deyil, səssiz baxışlarıyla
yaratmalı, davranışıyla açmalıydı. İlk dəfə filmdə çəkilən
balaca Yalçın bu çətin aktyorluq vəzifəsinin öhdəsindən uğurla
gələ bildi. Onun bu filmdə açılan aktyorluq qabiliyyəti
zənnimcə iki epizodda daha çox yadda qalır.
Dediyim kimi, Üzeyirin uşaqlıq illərinə aid əlimizdə heç bir
sənəd yox idi. Ancaq bəstəkarın öz xatirələrində ömrünün bu
dövrü haqqında çox vacib bir hadisədən bəhs olunur. Üzeyir
bəy xatırlayır ki, ilk dəfə Şuşada məşhur xanəndə Cabbar
Qaryağdıoğlunun ifasında "Məcnun Leylinin məzarı üstündə"
səhnəciyi ona çox böyük təsir göstərmiş və gələcəkdə musiqili
tamaşa – yəni opera yaratmaq fikri məhz bu zaman ağlına
gəlmişdir.
Filmimizdə həmin səhnəciyi Cabbar Qaryağdıoğlu rolunun
ifaçısı, təkrarsız müğənni Qədir Rüstəmov canlandırır. Bu kiçik
səhnəcikdə balaca Üzeyir də başqa uşaqlarla birlikdə xor oxuyur.
Ancaq Cabbarın – Qədirin ifası balaca Üzeyiri – Yalçını o qədər
əfsunlayır ki, o, öz oxumasını unudub Məcnunun TSegahUına
bayılır. Bu sözsüz, danışıqsız səhnəni musiqinin həssas çocuq
qəlbinə təsirini Yalçın ancaq üzünün ifadəsiylə, qəmli gözləriylə,
mənalı və dalğın baxışlarıyla oynamalıydı. Və balaca aktyor bu
çətin vəzifənin öhdəsindən məharətlə gəldi. Filmi görənlər bu
səhnədə Yalçının nə qədər daxilən dolu, həyəcanlı və mütəəssir
göründüyünü təsdiq edər.
İkinci vacib bir epizodda isə Yalçın başqa duyğunu – fərəh,
sevinc hissini səssiz-sözsüz oynamalıydı. Filmin finalında bir
şərtiliyə yol vermişdik: Uşaqlıqda Şuşanı tərk edib Qoriyə, Tiflisə,
Bakıya, Moskvaya – böyük dünyaya getmiş Üzeyir çox illər sonra
doğma şəhərinə, musiqisiylə – ölməz əsərləriylə qayıdır.
Unudulmaz dirijorumuz Niyazinin rəhbərliyi ilə o yay Şuşada
çıxış edən simfonik orkestrimizin konsertini lentə aldıq. Üzeyir
Hacıbəyov çoxdan dünyasını dəyişmişdi, amma dediyim kimi,
şərti bir üsuldan istifadə etdik: Şuşanın füsunkar təbiəti qoynunda
çalan orkestrin ifasını dinləyənlərin arasında balaca Üzeyiri –
429
Yalçını da görürük.
Məhz bu şəhərdə balaca Üzeyir ilk dəfə musiqinin sehrini
duymuş, gələcəkdə bəstəkar olacağına qərar vermişdi. Sonralar
bu böyük niyyətini dahiyanə şəkildə – klassik əsərləriylə
həyata keçirmişdi.
Uzun ömrü boyu başqa, böyük şəhərlərdə yaratdığı əsərlərin
akkordları doğma yurdunda – uşaqlıq vətənində səsləndiyi
zaman sanki balaca Üzeyir – Yalçın keçmişdən gələcəyə
boylanır, dünəndən bu günə gəlir və uzaq cocuqluq arzularının
çin çıxmasına sevinir, fərəhlənir, bir az da heyrətlənir. Yalçın
bu epizodda heyrətini, fərəhini, sevincini elə canlı şəkildə ifadə
edir ki, çox sonralar onu boylu-buxunlu, yaraşıqlı, yetkin bir
cavan kimi görmüşdümsə də, yaddaşımda məhz o görkəmi, o
çöhrəsi, üzünün–gözünün o ifadəsiylə yaşayır: Şuşa ağaclarının
yarpaqlarını aralayıb heyrət, fərəh və sevinclə orkestrə, bizə,
tamaşaçılara baxan məsum, daxilən zəngin və istedadlı çocuq,
sənətdə böyük gələcəyi olan uşaq.
Nə yazıq ki, bu böyük gələcək, çox erkən keçmişə, xatirələrə
çevrildi, olacaqlar olub bitdi. Acı bir xəbər qəlbimizi sarsıtdı: gənc
rəssam Yalçın Türkiyədə qəfil ürək böhranından keçinib.
1981-ci ilin yayındakı Üzeyirli, Yalçınlı, valideyn
itkilərimdən mənimçün dərdli, möhnətli, amma həmişəki kimi
gözəl Şuşam – bu gün bizim deyil. Cıdır düzünün, Vaqif,
Nəvvab məzarlarının, Natəvan bulağının, Üzeyir, Bülbül
evlərinin, Ərimgəldinin, Səkili bulağın yad tapdağı altında
olduğunu düşünəndə təpəmdən tüstü çıxır.
İnanıram, inanmaq istəyirəm və özümü inandırıram ki, bu
itki müvəqqətidir. Şuşamızın hökmən azad olunacağına, ana
torpağımıza qovuşacağına inandığım kimi Yalçınla haçansa bir
daha görüşəcəyimizə də inanıram. Çünki Allaha inanıram,
həmişə inanmışam və həmişə inanacam. Allaha inanıramsa,
deməli, ədalətin sonda zəfər çalacağına da – Şuşanın xoş
iqbalına da inanıram. Allaha inanıramsa, deməli, başqa bir
dünyada bu dünyada bitən həyatlarımızın hansısa ayrı bir
430
şəkildə davam edəcəyinə də inanıram.
Və heç kəsin bilmədiyi, amma mütləq mövcud olan bir aləmdə
itirdiyimiz unudulmaz insanlarla yenidən görüşəcəyik. O
cümlədən "balaca Üzeyirlə" – əziz, mehriban Yalçınla.
|