ÜÇÜNCÜ KİTAB
I BAŞLIQ
{Dionisodorun öyrəncisi ilə, strateq görəviylə bağlı danışıq}
İndi isə mən sizlərə, Sokratın dövlət qulluğunda işləmək istəyənlərə verdiyi öyüdlərindən, bu işi dərindən öyrənməyi onlara necə aşıladığından danışmaq istəyirəm.
Bir gün Sokrat,- özünün strateqliyin bilicisi, onun ən yaxşı öyrətməni olduğunu deyib, səs-küy qaldıran, Dionisodor adında birisinin, Afinaya gəldiyini eşitmişdi. Sokrat öz dinləyicilərindən,- Afinanın strateqi olmaq umdusu ilə yaşayan birisinə, üz tutub dedi:
-Gənc arxadaşım, dövlətimizin başında dayanmaq istəyənlər üçün, strateqliyi öyrənməyə belə gözəl bir girəvə yaranmışkən, sən nədən yaxanı qırağa çəkirsən? Dövlət gərək sənin kimilərini, yəni öz gələcək işinin incəliklərini öyrənməyə belə başısoyuq yanaşanları tutub damlasın, birdən kimsə heykəl yonmaqdan başı çıxmadan, adamları aldadıb onlardan heykəl yonmaq üçün axça alırsa, onu da belə bir yaman gün gözləyir. Eləcə də savaş başlayanda, dövlət öz varlığını qorumağı bütünlüklə strateqin əllərinə tapşırır, strateq düzgün işləyə bilirsə, dövləti uğura çatdırır, onun yanlışından dövlət yaman günlərə qalır. Ona görə də, bu işi dərindən öyrənməyib, özünün strateq seçilməsinə çalışan adamlarla da, oğru-quldurluq üstündə tutulan kimsələrlə olduğu təki davranılmalıdır.
Bu sözləri ilə Sokrat, gənci Dionisodorun yanına, strateqliyi öyrənməyə getmək üçün inandıra bildi.
Gənc öz öyrənciliyini başa vurub qayıdandan sonra, Sokrat onunla üz-üzə gələndə, sözü gülməyə salıb soruşdu:
-Homer, Aqamemnonu başıuca kimsə adlandırırdı, sizə elə gəlmirmi, arxadaşlar, o, bu başıucalığa, strateqliyi öyrənəndən sonra çatmışdı? Kifara çalmağı öyrənən birisi, onu çalmadığı anlarda da kifaraçı sayılmırmı? Tutalım, həkimliyi öyrənən birisi, kimisə sağaltmamışdan da həkim sayılırsa, deməli, gənc arxadaşımız da strateqliyi öyrəndiyi üçün, onu indilikdə bu görəvə seçməsələr belə, bu gündən strateq sayılmalıdır. Kimsə həkimliyi, strateqliyi öyrənməyibsə, ancaq bütün xalqın yığışıb onu bu görəvə seçməsini umursa, bundan onlar nə həkim olasıdır, nə də strateq.
İndi, gənc arxadaşım, yeri gələndə savaş işlərindən yaxşı baş açıb, sənin əlinin altında döyüşə bilməyimiz üçün, bizi də bir az öyrət, birinci ondan danış, sənin öyrətmənin Dionisodor strateqliyi öyrətməyi nədən başlamışdı?
-Nədən başlamıdısa, - gənc dilləndi,- onunla da qurtarmışdı: mənə ancaq taktikanı öyrətdi, özgə nəsə anlatmadı.
-Bildiyimiz kimi taktika, strategiyanın kiçicik bir bölümüdür. Strateq savaş aparmaq üçün gərəkən çoxlu işləri yoluna qoymağı bacarmalıdır, ordununun azuqunu toplamalı, yaranmış durumlardan yaxşı baş açmalı, yorulmaz, qayğı çəkən, dözümlü, gözüaçıq olmalıdır; bundan başqa onun kimliyində: yumşaqlıq da amansızlıq da, sayalıq da çoxbilmişlik də, ölçü-biçilik də saymazyanalıq da, əliaçıqlıq da əldənbərklik də,- yağı üzərinə yeriyəndə isə,- götür-qoyluluq da qorxubilməzlik də,–bir sözlə, biri-biriylə uyuşmayan çoxlu belə dəyərlər olmalıdır; bir də yaxşı strateq olmaq üçün insanın,–biriləri anadangəlmə, o biriləri sonradan qazanılan çoxlu üstünlükləri də olmalıdır. Taktiki gedişlər eləməyi bacarmaq da, çox gərəkli bir işdir, örnək üçün, yaxşı düzülmüş qoşunla, başıpozuq səpələnmiş qoşun, biri-birindən seçilirlər: daşı, kərpici, ağac dirəkləri, savalları(kirəmidləri), necə gəldi, biri-birinin üstünə yığsaq, işə yaramayan bir qalaq alınır, ancaq bu deyilənləri, öz yerinə görə düzə biləndə, olduqca dəyərli bir tikili,–ev yaranır.
-Elədir, Sokrat, sənin bu bənzətmən çox yerindədir, - gənc dedi.- Savaşda da, ön ilə arxa sıralarda yaxşı döyüşçüləri, orta sıralarda isə bacarıqsız döyüşçüləri düzürlər, öndəkilər bunları arxalarınca çəkib aparır, arxadakılar isə qabağa itələyirlər.
-Bu düz, - Sokrat dilləndi,- ancaq öyrətmənin, yaxşı ilə pis döyüşçünü necə ayırd eləməyi sənə öyrətməyibsə, onda sənin bu biliyin, bir qara quruşa da dəyməz. Birdən sənə, altdan da, üstən də düzgün, ortadan yalançı gümüş külçələri düzməyi tapşırsalar, sən də düzgünlə, yalançı gümüşü ayırd eləməyi bilməsən, onda bu işi necə görərdin?
-And olsun Zevsə, öyrətmən bizə döyüşçüləri yaxşı-pisliyinə görə sağ-çürük eləməyi öyrətməyib, görünür, yeri gələndə, belə bir seçimi özümüzün aparmalı olduğumuzu sanıb.
-Yaxşı, onda gəl, səninlə belə bir konuya baxaq: onları ayırd edəndə çaşmamaq üçün nə etməli?
-Gəl, baxaq.
-Tutalım, biz bir bölük adamla, axça kömlüyünü(xəzinəsini) talamağa getmək istəyirik: ön sıraya acgöz kimsələri düzsək, bölüyümüzü yaxşımı düzmüş olardıq?
-Mənə elə gəlir, bu düz olardı.
-Qorxulu, ölüm-itimli döyüşə gedənlərlə necə etməli? Ön sıralara öz adını uca tutanlarımı düzməliyik?
-Elədir, - gənc dedi, - belələri öz adlarını batırmamaq üçün qorxuya üstün gəlməyi bacaran döyüşçülərdir; savaşın qələbəliyində də onlar gizlənməyib göz qabağında olacaqlar, döyüşün gedişində onları yönətmək də qolay olacaq.
-Yaxşı bunu bildik, - Sokrat dilləndi. - Öyrətmənin sənə qoşunu düzməkdən başqa nə öyrədib, döyüşdə ayrı-ayrı qoşun bölüklərinin görəcəyi işləri anladıbmı?
-Yox, bundan da bir söz deməyib.
-Yaranmış durumlara görə, qoşunu necə düzməyi, ayrı-ayrı qoşun bölüklərinə hansı tapşırıqları verməyi bacarmadan, savaşda uğur qazanmaq da baş tutası iş deyil.
-And olsun Zevsə, o belə konuları bizə öyrətməyib.
-Elədirsə, yenidən onun yanına qayıdıb soruş: o, utanmaz adam deyilsə, bu danışdıqlarımızı bilirsə, onda bunları sənə niyə öyrətməyib, nədən axça alaraq, işinə yaramayacaq yarımçıq biliklərlə səni yola salıb?
Dostları ilə paylaş: |