VII BAŞLIQ
{Harmidlə, dövlət işlərinə qatılmağın gərəkliyi ilə bağlı danışıq}
Qlavkonun oğlu Harmidin çox yetkin, öz bilginliyi ilə o çağın yüksək dövlət çinlərindən qat-qat üstün bir kimsə olmasına baxmayaraq, Xalq yığıncağının sözçüsü olmaqdan, dövlətin işlərinə yardım eləməkdən yaxasını qırağa çəkdiyini görən Sokrat, ona üz tutub dedi:
-Harmid, mənə de görüm, birisinin Olimpiya yarışlarında birincilik qazanmaq üçün yetərincə gücü olsaydı, orada veriliən ödülü almaqla yanaşı, özü də ad-san qazana, doğma şəhərinin adinı da bütün Elladada ucalda bilsəydi, ancaq buna baxmayaraq, bu yarışlara qatılmaqdan boyun qaçırsaydı, sən beləsinə nə deyərdin?
-Mən onun qanmaz, qorxaq bir kimsə olduğunu düşünərdim, - Harmid dedi.
-Birdən kimsə, dövlət işlərinə qatılmaqla yurdunun adını ucalda, özü də sayğı qazana bilərsə, ancaq bunu eləməkdən çəkinərsə, odamı qorxaq sayılmalıdır?
-Sözsüz, - dedi Harmid,- ancaq bunları nədən soruşduğunu anlamadım!
-Deyim nəyə görə, mən düşünürəm, sənin dövlət işlərinə qatılıb, yararlı işlər görmək bacarığın var, ancaq nədənsə bundan çəkinirsən, baxmayaraq, bir yurddaş olaraq sən bunu boynundan atmalı deyilsən.
-Sokrat, sən mənim belə bir bacarığım olduğunu haradan bilirsən, mən düzü anlaya bilmirəm, nədən belə yanlış düşüncələrə qapılmısan?
-Mən gördüyümü deyirəm, sən yüksək dövlət çinlərinin də olduğu yığıncaqlara qatılanda, onlar səndən nəyisə soruşarlarsa, çox gözəl yollar göstərə bilirsən, birdən onlar yanlış bir iş görmək istəsələr, sən onları çox kəsərli sözlərlə qınayıb, bundan çəkindirə də bilirsən.
-Bunlar ayrı-ayrı işlər deyimi, Sokrat?- bir var, dar bir çevrədə, beş-on adamla, nəyisə götür-qoy edəsən, bir də var, bir yığın adamın qarşısında kiminləsə söz güləşdirəsən?
-Ancaq birisi saymağı yaxşı bacarırsa, təklikdə də, kütlənin qarşısında da çaşmadan sayır, kim kifarada yaxşı çala bilirsə, o kütlənin qarşısında bir az da gözəl çalır.
-Sokrat, sən bilməmiş deyilsən, utancaqlıq, çəkingənlik, anadangəlmə olan duyğulardır, kiçik çevrələrdə ondan qaçınmaq olursa, kütlənin qarşısında adam özünü itirir.
-Gör sənə nə deyirəm, sən–anlaqlı, güclü adamların qarşısında utancaqlıq, çəkingənlik eləmirsən, ancaq onlardan qat-qat gücsüz, anlaqsız adamların qarşısında tutulursan. Sən doğrudanmı bu, keçəçilərdən, ayaqqabı tikənlərdən, doğramaçılardan(dülgərlərdən), dəmirçilərdən, əkinçilərdən, alverçilərdən, aralıq satıcılarından, işləri-gücləri ancaq necə ucuz alıb, necə dəyərindən artıq satmaq olan bu kütlədən utanıb çəkinirsən? Elə Xalq yığıncağı deyilən də, bu adamların toparlanmasından yaranmırmı? Sənin bu sayaq davranışın, yetkin atletləri yenməyi bacaran, ancaq onların çəpikçilərinin(fanatlarının) hay-küyündən qorxub, yarışmağa qatılmayan atletin işinə oxşamırmı? Yeri düşəndə, sənə yuxarıdan aşağı baxan yüksək çinli dövlət adamları ilə qolayca dilləşə bilirsən, illərlə çalışıb Xalq yığıncağının sözçüləri olmuş kimsələri yerində oturda bilirsən, ancaq sənə yuxarıdan aşağı baxmayan, dövlət işlərindən baş açmayan adamların qarşısına çıxsan, birdən özünü itirib, gülünc görünəcəyindən qorxursan.
-Sən yaxşı bilirsən, bu Xalq yığıncaqlarında ən yetkin sözçüləri də ələ salıb gülürlər!
-Bu dediyin, elə başqa yerlərdə də olur. Ancaq sən başqa durumda bunu eləyənləri qolayca yerində oturda bilirsən, onlar çoxalıb topayla bunu eləyəndə özünü itirirsən. Yox, ağrın alım, özünü, özünə qarşı belə korluğa vurma; bir çoxlarının da düşdüyü bu yanlışlığa qapılma; adamların çoxunda başqalarının işinə baş qoşmağa, onların gizlinlərini öyrənməyə yönəlik, bir ucuz istək olur, ancaq ən yaxşı işin,- özünə baş qoşmaq, özündən baş açmağa çalışmaq olduğunu anlamırlar. Sən bu işdə ərincəklik eləmə, bütün gücünlə özündən baş açmağa çalış. Dövlətin işlərini yaxşılaşdıra biləcək bacarığın varsa, onda buna baş qoşmaqdan çəkinmə: bu işlər öz axarına düşüb, yaxşı gedərsə, bundan ancaq toplum qazanmır, sənin arxadaşların da, elə özün də qazanırsan.
Dostları ilə paylaş: |