Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


V BAŞLIQ {Oğul Perikllə, afinalıların durumu ilə bağlı danışıq}



Yüklə 1,55 Mb.
səhifə65/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   61   62   63   64   65   66   67   68   ...   84
V BAŞLIQ
{Oğul Perikllə, afinalıların durumu ilə bağlı danışıq}
Bir gün Sokrat adlı-sanlı Periklin oğlu olan gənc Perikli görüb, onu danışığa tutdu.

-Mənə elə gəlir, Perikl, -Sokrat belə başladı, - sən yaxınlarda strateq olsan, yurdumuz savaşla bağlı işlərində çox güclənər, ad-san qazanar, yağılarının hamısını yenə bilər.

-Elə mən də bunu umuram Sokrat,- Perikl dedi, - ancaq indidən deyə bilmərəm, bunu bacararam, yoxsa yox.

-İstəyirsən, elə bundan da danışaq, baxaq görək, bunu bacarmaq üçün nələrdən yararlana bilərik?

-Çox yaxşı, gəl danışaq.

-Sən bilməmiş olmazsan, afinalıların sayı beotiyalılardan az deyil, eləmi?

-Elədir, çox olar, az olmaz.

-Necə bilirsən, güclü, yaraşıqlı kişilər Afinada çox olar, yoxsa Beotiyada?

-Elə bilirəm Afinada az olmaz, çox olar.

-Adamların biri-biriylə yaxşı yola getməsinə görə, necə?

-Afina bunda da Beotiyadan üstündür, Beotiyada çoxları, onlara sığınmış fivanlılara yuxarıdan aşağı baxırlar, onlarla didişirlər; Afinada belə bayağılıqlar görməzsən.

-Bundan başqa, afinalılar deyərdim, yer üzündə öz adlarını ən uca tutan, özlərinin yerini tanıyan kimsələrdir; belə duyğularla yaşayan adamlar isə, adlarını da, Yurdlarını da qorumaq üçün ölüm-dirim savaşından çəkinməzlər.

-Düz deyirsən, belə işlərdə kimsə afinalıları qınaya bilməz.

-Bundan başqa, ulu babalarımızın göstərdiyi igidliklər elə böyükdür, sayagəlməzdir, bunda da kimsə afinalılardan üstün ola bilməz; bu isə onların ürəklərini qanadlandırır, qorxmazlığa, ərənliyə yönəldir.

-Bütün bunları düz deyirsən, Sokrat; ancaq minbaşı Lebadinin Tolmidada, bundan sonra Hippokratın başçılığı ilə Delidə yenilməyimiz, afinalıların ad-sanını beotiyalıların qarşısında aşağı salmışdır, iş o yerə gəlib çatıb, fivanlılar da bizə yuxarıdan aşağı baxmağa başlayıblar: spartalıların, başqa peleponneslilərin yardımı olmadan, öz ölkələrində belə afinalıların qarşısına savaşla çıxmağa ürək eləməyən bu beotiyalılar, indi Attikaya təkbaşına basqın edəcəkləri ilə bizə qara-qorxu gəlməyə başlayıblar; keçmişlərdə Beotiyanı darmadağın eləyən afinalılar, indi beotiyalıların Attikanı yerlə bir eləməsindən qorxub çəkinirlər.

-Bunun belə olduğunu mən də bilirəm,- Sokrat dilləndi,- ancaq ötən çağların sınaqlarından örnək götürəndə, afinalıların bu gün yaxşı bir başçı taparlarsa, ona qat-qat artıq sayğı göstərəcəklərinə də inanıram. Yersiz mənəm-mənəmlikdən törəyən başıpozuqluq, adamları sıxıntılara salıb sarsıdır, onların arasında çaşqınlıq, ürkəklik, özbaşınalıq yaradır, belə bir qorxunc durumun yaratdığı özünüqoruma duyğusu isə adamları yenidən: gözüaçıq, sözəbaxan olmağa, yasalara uyğun yaşamağa yönəldə bilər. Bunu dənizçilərin gəmidəki davranışları ilə də tutuşdurmaq olar: onların nədənsə qorxusu olmayanda bir arxayınçılıq, düzənsizlik içində yaşayırlar; ancaq fırtına qopanda, yağı basqısı olanda, onlar təkcə başçının verdiyi bütün buyuruqları çaparaq yerinə yetirməklə qalmırlar, bir də gərginlik içində susub, ayıq-sayıq dayanıb, veriləcək sonrakı buyuruğu gözləyirlər, belədə lap, deyiləni bir himdən anlayan xora oxşayırlar.

-Tutalım, afinalılar indi onlara başçılıq eləyəcək bacarıqlı bir kimsənin buyuruğundan çıxmayacaqlar; onda sən gecikdirmədən bizə anlat görək, onların ürəyini necə alovlandıraq da, ötən çağlardakı kimi qorxmaz, adlarını uca tutan kimsələrə çevrilsinlər, birləşməyə, çiyin-çiyinə verməyə çalışsınlar.

-Bax belə, - deyə Sokrat sözə başladı,- tutalım, biz afinalıları başqasının var-yatırını, torpağını əlindən almağa çağırsaydıq, gərək öncə, bütün bunların ata-babadan qalıb onlara çatası nəsnələr olduğunu, ancaq sonradan başqalarının girəvəyə salıb bunları qapıb aldığını, onların başına yeridəydik, bundan sonra bunları geri qaytarmağın gərəkliyini də anladaydıq. Yox, birdən biz istəyiriksə, onlar qorxmazlıqda, igidlikdə üstün olsunlar, onda gərək bu sayaq yetkinliklərin ötədən bəriyə onların ata-babalarından qalma, indi əldən çıxmış dəyərlər olduğunu onlara aşılayaq, bundan sonra, onları da öz uluları təki hamıdan üstün olmaq üçün, unutduqları bu dəyərləri özlərinə qaytarmağa inandıraq.

-Bütün bu dediklərini, onlara necə öyrətmək olar?

-Elə bilirəm, ilk öncə onların ən uzaq ulularından danışmağa başlayıb, bizim bir xalq kimi elə ilkinliyimizdən başlayaraq, qorxmaz döyüşçülər olduğumuzu önə çəkmək gərəkdir, onlar ulularının ad-sanı ilə bağlı olanları öncələr də eşitdiklərindən, bu sözlərimizin kəsəri olacaq.

-Sən yəni, tanrıların arasındakı söz güləşdirməsinin sonucunda onların anlaşıb, üstünlüyü qorxmaz, dönməz olduqlarına görə Kekropla* onun arxadaşlarına vermələrinimi deyirsən?

-Elədir, bundan başqa Erexteyin* doğulması, öyüd alması, onun bütün yörədəki xalqlarla apardığı uğurlu savaşlarını, Heraklidin* bütün Peleponnes elləri ilə savaşlarını, ya da Teseyin* apardığı savaşları da anmağa dəyər, axı onda attikalılar bütün başqa xalqlardan üstün olduqlarını göstərə bilmişdilər. İşimizə yarayarsa, mən onlara ulularının bizə yaxın çağlardakı uğurlarından da danışa bilərəm. Onların bütün Asiyanı, Avropanı, Makedoniyaya kimi, basqıda saxlayan, oçağacan olmuş xalqların hamısından üstün olan, çoxlu ünlü işlər görməyi bacaran güclü bir xalqla, parslarla təkbaşına apardıqları savaşlarından; ulularımızın başqa peloponneslilərlə birgə, quruda, dənizdə baş verən savaşlarda qazandıqları ad-sandan da danışardım: onlar bu döyüşlərdə bütün çağdaş xalqlardan üstün olduqlarını göstərə bilmişdilər.

-Elədir, bunları hamı bilir, - Perikl deyilənlərə ortaq çıxdığını bildirdi.

-Elə buna görə də, Elladada neçə-neçə köçlər olmuşsa da, attikalılar öz torpaqlarında duruş gətirə bilmişlər, çoxları öz didişmələrini onların yardımı ilə çözmüş, bir başqaları da onları sıxışdıran güclü yağılarının əlindən qaçıb, attikalılara sığınmışlar.

-Elədir, - Perikl dedi,- ancaq mən baş aça bilmirəm, Sokrat, indi nədən bizim şəhərimiz belə uçuruma yuvarlanmaqdadır!

-Deyim nədən, - Sokrat ona üz tutdu,- gimnastika yarışlarında görmüş olarsan, bir çox gimnastlar, özlərinin başqalarından qat-qat güclü olduqlarını anlayınca, sayıqlığını itirib arxayınlaşır, buna görə də yarışı uduzurlar, afinalılar da beləcə, başqalarından üstün olmalarına arxayınlaşıb, öz işlərinə qayğı göstərməkdən soyudular, buna görə də, günü-gündən gücsüzləşir, başqa xalqlardan geri qalmağa başlayırlar.

-Görəsən, biz öz keçmiş yenilməzliyimizi, necə qaytara bilərik?- Perikl soruşdu.

-Məncə, burada baş sındırıb tapmaca açmağın yeri deyil, yurddaşlarımıza ulularının hansı törəylə yaşadıqlarını anlatsaq, onları yenidən bu törəylə yaşamağa alışdırsaq, səni inandırıram, onlar ulularından geri qalmayan kimsələrə çevriləcəklər. Bu alınmazsa, onda bizdən üstün olan başqa bir xalqın törələrinə uyğun olaraq yaşamağa çalışmalıyıq: sanıram, afinalıları bunun düzgünlüyünə inandıra bilsək, onlar nəinki bu xalqın üstünlüyünə çatarlar, lap onu ötüb keçməyi də bacararlar.

-Mənim anladığıma görə, sən onu demək istəyirsən, bizim şəhərimiz indi öz yetkinliyindən çox uzaqlaşıb, yəni afinalılar da spartalılar kimi öz böyüklərinə sayğı göstərməlidirlər! Bizdə isə, ağsaqqallardan tutmuş, öz atalarımızacan, bütün böyüklərə yuxardıdan aşağı baxırlar. Yurddaşlarımız gimnastika ilə yetərincə çalışmayınca yetkinləşməyəcəklər, eləmi? Yoxsa, onlar sağlamlıqlarının qayğısına qalmaq bir yana, bunun üçün çalışanları da ələ salıb gülürlər. Onlar dövlətin buyuruqlarını yerinə yetirəndəmi, üstün olacaqlar? Bilirsən, indi çoxları, dövlət buyuruqlarına saymamazlıq göstərməsi ilə öyünür. Ürəkləri, könülləri bir olandamı, onların birliyi sarsılmaz olacaq? Onlar deyilmi, biri-birinə əl tutmaqdansa, biri-birinin işini pozur, yadelliləri qoyub biri-birinə qarşı gözügötürməzlik eləyirlər, öz aralarında da, xalq yığıncaqlarında da didişirlər, gecə-gündüz biri-biriylə dalaşırlar, biri-birinə yardım göstərməkdənsə, başqasının əlində olanı qapıb almağı qazanc sayırlar; xalqın hamısının olan dəyərli nəsnələrə özgə malı kimi baxırlar, kimin qolu güclüdür, hamı üçün olandan böyük əlcə qoparsın deyə, gücsüzləri basıb əzməkdən belə çəkinmir. Bütün bunlara görə də, bizim şəhərimiz büsbütün bir qarmaqarışıqlığa düşüb, yaman güclərin at oynatdığı yerə çevrilib, yurddaşlar arasında yağılıqlar, çəkişmələr, didişmələr baş alıb gedir, ona görə də, indi mənim qorxum ondandır, bunların ardınca da, bizim gözəl yurdumuzu yoxluğa sürükləyəcək çox böyük uğursuzluqlar gələ bilər!

-Yox Perikl,- Sokrat onunla anlaşmadığını dilə gətirdi,- sən çox yersiz olaraq, afinalıları belə yaramazlıqlara yoluxmaqda qınayırsan! Yoxsa, gəmiçilikdə onların necə bir düzənlə işləməyi bacardıqlarını, gimnastika yarışlarında başçıların göstərişlərini necə yaxşı yerinə yetirdiklərini, xorda yönətimçinin tapşırıqlarını necə bir himdəncə anladıqlarını, görmürsənmi?

-Məni çaşdıran da elə budur, bu adamlar toplumdakı işlərdə öz başçılarının buyuruqlarını belə ayıq-sayıq yerinə yetirirlər, ancaq bu qoplitlər*, atlı döyüşçülər bir az da artıq sözəbaxan olmalıykən, sanasan, hamısı öz başçılarını saya salmamaqda yarışa giriblər!

Onda Sokrat dedi:

-Aeropaq* necə, onu sınaqlardan üzüağ çıxmış qurum saymaq olarmı?

-Olar,- Perikl dedi.

-Sən belə hakimlər tanıyırsanmı, məhkəmə işində, elə başqa bütün işlərində də, yaxşılıqsevər, yasanı pozmayan, adını uca tutan, nə olursa olsun öz düzgünlüyündən əl çəkməyən kimsələr olaraq ad çıxarmışlar?

-Sözün düzü, onlardan gileyli deyiləm.

-Onda afinalıların arasında özbaşınalıqdır deyib, özünü belə darıxdırma.

-Ancaq burası da var,- deyə Perikl Sokratla anlaşmadığını dilə gətirdi,- ordu qulluğunda hamısından çox, öz istəminin ipini yığmaq, düzənə, buyuruqlara sözsüz boyun əymək gərəkirsə də, yurddaşlarımız da elə ən çox orduda özbaşınalıq eləyirlər.

-Yoxsa bu, onlara başçılıq eləyən kimsələrin anlamazlığından törəyir? Görmürsənmi, çalğıçıları, oxuyanları yönətməyi, bu işdən baş açmayan adam boynuna götürmür, güləşi, yumruq döyüşünü öyrətmək də bunun kimi. Nəyisə öyrətmək istəyən bunu, harada, necə öyrənibsə, elə də öyrədir; bizim strateqlərin öyrətdiklərinin yanlışlığı isə, onların özlərinin biliklərinin dayazlığından törəyir. Mən səni onların sırasına qatmıram: bilirəm, sən güləşi öyrənməzdən öncə, strateqliyi öyrənməyə başlamısan, öyrəndiklərini yetərincə incələyə biləcəyindən də arxayınam; elə bilirəm, savaşla bağlı çoxlu gərəkli bilgiləri, adı anılası atandan, bütün dərinliyinəcən elə öyrənmisən, ömrün boyu unutmazsan, bundan başqa yaxşı strateq olmağa yarayan nə varsa, arayıb-axtarıb tapıb, öyrənməyə çalışmısan. Düşünürəm, strateq olarkən qarşılaşa biləcəyin ağır durumları adlaya bilmək üçün, çoxlu gərəkli çəmləri də özün düşünüb tapmısan; bunu da bilirəm, nəyisə yaxşı bilmədiyini duyunca, onu sənə öyrədə biləcək adamları axtarmağa da ərinməmisən, onlara çox dəyərli sovqatlar verməkdə, bacardığın yaxşılıqları eləməkdə əlini sıxmamısan, bununla da gərəkəndə, onlardan işinə yaraya biləcək yardımçılar yetirmisən.

Bu yerdə Perikl qımışdı:

-Səni yaxşı anlayıram, Sokrat, belə danışsan da, gözəlcə bilirsən, mən sən dediyin təki, gecəni gündüzə qatıb strateqliyi öyrənmək üçün çalışmıram; sən mənə gələcək strateqin özünü bu iş üçün necə yetirməli olduğunu anladırsan; onu da deyim, bu dediklərinin, özüm üçün çox gərəkli öyüdlər olduğunu sanıram.

-Elə bilirəm, bu sənin baxışlarından yayınmayıb, Perikl, Beotiya ilə bizim sınırlarımız boyu, çox uca sıra dağlar uzanır, bu dağlardan bizim ölkəyə, ancaq çox dar, əyri-üyrü keçidlərlə gəlmək olar, bu keçidlər də çox yerlərdə keçilməz dağlara dirənib qırılır.

-Mən bunu bilirəm.

-Eşitmisənmi, misiylərlə, pisidiylər adlanan xalqlar, Persiya şahının ölkəsində yaşaya-yaşaya, keçilməz yerlərdə özlərinə sığınacaq qurublar, yüngülcə yaraqlanaraq, onun üstünə basqın eləyirlər, ölkəsini çalıb-çapıb talayır, ancaq özləri bağımsız olaraq yaşaya bilirlər?

-Bunu da eşitmişəm.

-Necə bilirsən, afinalıların arasından, qıvraq, çevik yurddaşlarımızdan yığılan bir döyüş bölüyünü, yüngülcə yaraqlandırıb, sınırımızdakı dağlarda yerləşdirsək, onlar da ara verməyən basqıları ilə yağılarımıza göz verib işıq verməsələr, onları yorub əldən salsalar, bu, yurdumuzun barış içində yaşamasına yardım etməzmi?

-Düşünürəm, bu çox gözəl olardı, Sokrat.

-Bu dediyim sözü bəyəndinsə, onda istəkli arxadaşım, özünü bu işdə yoxla: bu işi gərəyincə bacarsan, özün də ad-san qazanarsan, dövlət də barış içində yaşayar; bacarmasan, dövlət də itki verməz, özün də əlindən gələni eləməyə çalışdığın üçün, toxdaqlıq taparsan.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin