Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


II BAŞLIQ {Evtidemlə, oxumağın yararları ilə bağlı danışıq}



Yüklə 1,55 Mb.
səhifə76/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   72   73   74   75   76   77   78   79   ...   84
II BAŞLIQ
{Evtidemlə, oxumağın yararları ilə bağlı danışıq}
İndi isə sizə, Sokratın özünü yalandan oxumuş kimi göstərib öyünənləri, necə yerində oturtduğundan danışmaq istəyirəm. “Gözəl” ayamalı Evtidem, görkəmli şairlərin, filosofların kitablarını toplayıb evində saxlayırdı, onları oxuyub-öyrənməyə çalışmır, ancaq çoxlu kitab toplaya bildiyinə görə də, yaşıdları arasında özünü dartıb, çox bilikli birisi kimi aparır, yan-yörəsinə özünün sözçülükdə(oratorluqda), dövlət yönətimçiliyində, dərin biliyi olduğunu aşılamağa çalışırdı, Sokrat da bunu bilirdi. Sokrat onu da bilirdi, Evtidem gəncliyindən buçağacan, Xalq yığıncaqlarına getmir, oralara gedib çıxanda da, uzaqbaşı yaxınlıqdakı yəhər-yüyən düzəldilən əlyerində(emalatxanada) oturub laqqırtı vurmaqla gününü keçirir. Sokrat da bir gün, öz arxadaşları ilə bura gəlib çıxdı.

Sokratın arxadaşlarından biri, Femistoklun nədən belə ad-san qazandığını, dövlətin ağır günlərində, niyə bütün yurddaşlarının ona güvəndiklərini soruşdu: görəsən, o anadangəlmə vergili olduğuna görəmi, bu işləri yaxşı bacarırdı, yoxsa hansısa bilici adamın yanında olub, bunları ondan öyrənmişdi? Sokrat Evtidemi danışığa çəkmək üçün, ortaya söz atdı: ən yüngül əl işini öyrənmək üçün də, hansısa əlişçinin(ustanın) yanında öyrənçi olmaq gərəkirsə, onda dövləti yönətmək təki ağır bir işi, kiminsə öz-özünə öyrənə biləcəyini düşünmək anlamazlıq olardı.

Başqa bir gün, Sokrat Evtidemin yenə də bu əlyerində olduğunu gördü, Evtidem isə özünü elə aparırdı, sanasan Sokratın danışdıqlarını dinləmək onu ilgiləndirmir, o, yaxınlaşanda durub getmək istədi. Sokrat onu dayandırıb dedi:

-Arxadaşlar, buna inanın, bir az da keçsə, dövlətin ən ağır işlərinin yoluna qoyulmasında başlıca sözü Evtidem deyəcək: bu onun oturuşundan-duruşundan da açıq görünməkdədir. Mənə elə gəlir, o, Xalq yığıncağında eləyəcəyi çıxışını da yazıb bitirib, indi də bizim yanımızda dayanmaq istəmir, birdən deyərlər, dediklərini kimdənsə öyrənib. Mənə elə gəlir, o, Xalq yığıncağındakı çıxışını belə başlayacaq: “Mən haçansa, kimsədənsə, nəyisə öyrənməmişəm, ay afinalılar, baxmayaraq, eşitdiyimə görə adamlar, uzun illər çalışandan sonra bilikli sözçülər, yetkin dövlət qulluqçuları kimi yetişirlər, ancaq mən onlarla görüşüb, nəsə öyrənməyi özümə yaraşdırmadım; mən ona da çalışmadım, hansısa işin bilicisi, mənim öyrətmənim olsun; mən kimdənsə nəsə öyrənmək bir yana qalsın, kiminsə mənim başqasından bilik ala biləcəyimi düşünməsindən belə qorxuram. Buna baxmayaraq, mənim sizə verəcəiyim dəyərli öyüdlər, öz-özünə gəlib mənim başıma dolur, mən də indi onları sizə deyəcəyəm”. Belə bir çıxış məncə, dövlət qulluğuna girmək istəyən həkimin də işinə yarayardı, o bir az dəyişikliklə belə deyərdi: “ Mən bir gün də olsa belə, həkimliyi öyrənməyə çalışmamışam, ay afinalılar, nə də yol verməmişəm, hansısa bilikli bir həkim mənə bu işi öyrətsin, qorxum təkcə ondan olub, birdən mənim həkimliyi kimdənsə öyrəndiyimi düşünən olar. Buna baxmayaraq, siz məni dövlət həkimi qulluğuna işə götürün, mən də qolumu çərmayıb, sizlərin sağlamlığınızı qoruyum”.

Toplaşanlar Sokratın bu sözlərinə uğundular.

Evtidemin də artıq, Sokratın sözlərinə qulaq kəsildiyi duyulurdu, ancaq yenə özünü o yerə qoymur, ağıryana görünmək istəyirdi. Sokrat onu yerindən tərpətmək üçün, sözünün ardını gətirdi:

-Doğrudan da bu, mənə çox anlaşılmaz görünür, kimsə kifara çalmağı, fleyta çalmağı, habelə at sürməyi öyrənibsə, çalışır, yetkinləşmək üçün bir az da artıq çalışsın, özü də bunu təklikdə yox, bu işin bilicilərinin yanında eləməyə çalışır; bu yolda ən ağır əməklərə qatlaşır, bütün gücü ilə çalışır, yalnız bircə istəyi olur: nə ola, bilicilərin ona verdiyi öyüdləri yerinə yetirə biləydi, o, öz işində başqa sayaq ad-san qazana bilməyəcəyini anlayır. Ancaq Xalq yığıncağının sözçüsü olmaq, yüksək dövlət qulluğunda işləmək istəyən biriləri düşünürlər, bunun üçün nə çalışıb-vuruşub bu işi öyrənmək, nə də özünü bu işə öyrəşdirmək gərək deyil, bu bacarıq onlarda öz-özünə yaranacaq. Öz aramızdır, dövlət qulluğu yuxarıda sadaladığım işlərdən qat-qat ağırdır,- oracan ağırdır, burada işləməyə başlayanların çox azı uğur qazana bilirlər, buradan aydın deyilmi, dövlət qulluğunda işləməyi öyrənmək istəyən, bu işin incəliklərinə yiyələnmək üçün, gərək başqa işləri öyrənmək istəyənlərdən də qat-qat artıq çalışsın?

Evtidemin yanında Sokrat qabaqca belə sözlər danışmaqdan başladı; Evtidemin onun sözlərinə getdikcə artıq qulaq kəsildiyini, danışıqdan yayınmadığını duyan Sokrat, bir gün yəhər-yüyən əlyerisinə təkcə gəldi.

Evtidem gəlib onunla yanaşı oturanda, Sokrat soruşdu:

-Evtidem, de görüm, mən düzmü eşitmişəm, deyirlər, sən ünlü bilgələrin çoxlu sayda kitablarını toplaya bilmisən?

-And olsun Zevsə, elədir Sokrat,- çalışıram bundan sonra da çoxluca toplayam.

-And olsun Heraya, -Sokrat dedi, - mən sənin bu işini alqışlayıram, sən qızıl-gümüş yığmaqdansa, özünə bilik saxlancı düzəldirsən: görünür sən artıq bilirsən, qızıl-gümüş adamı yetkinləşdirə bilməz, ancaq kim bilgələrin öyüdlərini eşidərsə, oxuyub öyrənərsə, o da özünü yaxşı insan kimi yetişdirə bilər.

Evtidem Sokratın bu sözlərinə çox sevindi, ona elə gəldi, Sokrat onun oxuyub-öyrənmək işində düzgün yolda olduğunu düşünür.

Evtidemin sevincdən üzünün güldüyünü görən Sokrat soruşdu:

-Sən bu kitabları toplamaqla hansı işin yiyəsi olmaq istəyirsən?

Evtidem nə deyəcəyini kəsdirə bilmədiyindən susdu.

Onda Sokrat yenə də soruşdu:

-Yoxsa, həkimmi olmaq istəyirsən? Həkimliklə bağlı kitablardan da çox toplamış olarsan?

-Yox, and olsun Zevsə, həkim olmaq istəmirəm, - Evtidem dilləndi.

-Yoxsa tikinti uzmanı(memar) olmaq istəyirsən, axı bunun üçün də çoxlu kitab oxumaq gərəkdir?

-Yox!

-Yoxsa, sən də Feodora kimi yerölçmədə(həndəsədə) ad-san qazanmaq istəyirsən?



-Yox, yerölçmə mənlik deyil.

-Yoxsa, göybilim(astronomiya) səni özünə çəkir?

Evtidem yenə yox dedi.

-Yoxsa, yanşaq olmaq istəyirsən? - Sokrat soruşdu.- Deyirlər səndə Homerin bütün poemaları var.

-Yox, and olsun Zevsə,- Evtidem söyləndi,- yanşaqlar bütöv poemaları bilcəklərində(yaddaşlarında) saxlaya bilirlər, ancaq özləri, mən bildiyimə görə, başdan ayağa biliksiz, anlamaz adamlar olurlar.

Onda Sokrat dedi:

-Evtidem, olmaya sənin istəyin yaxşı dirilikçi(təsərrüfatçı) olmaqdır, yoxsa dövlət qulluğunda işləmək, dövləti yönətib, özünün də, başqlarının da işinə yaramaqmı istəyirsən?

-Bax indi tapdın, Sokrat, mənim istədiyim elə budur, - Evtidem dilləndi.

-And olsun Zevsə, sən düz yol tutmusan, ən gərəklisi elə sən görmək istədiyin işdir: ağalıq eləməyi öyrənmək, elə ağayanalıq deyilmi? Sən dövlətə başçılıq edəcəyini götür-qoy eləyəndə, özün düzgün adam olmadan bu işdə uğur qazana bilməyəcəyini necə, düşünmüsənmi?

-Düşünmüsən də sözdür, məncə, düzgünlüyü gözləməyəndən yaxşı yurddaş belə olası deyil.

-Demək, sən artıq bütün işlərində düzgün olmağı bacarırsan?

-Elə bilirəm, mənim düzgünlüyüm başqalarından az olmaz.

-Düzgünlük də, səncə, deyək, elə bu doğramaçılıq(dülgərlik) kimi bir işmi sayılır?

-Elədir, bu özü də bir işdir.

-Düzgün adam da, bu doğramaçılar sayaq, soruşulanda, nə iş gördüyünü deyə bilərmi?

-Düzgünlükdən danışmaq, mənim əlimdə su içmək kimi yüngül bir iş deyilmi? Qaldı əyriliyin nə olduğu, onları indiyiəcən başımın tükü sanı görmüşəm, günlərlə danışsam qurtarmaz.

-İstəyirsən, belə bir iş görək, gəl burada delta, burada isə alfa yazaq. Düzgünlük saydıqlarımızı deltanın altından, əyrilik saydıqlarımızı alfanın altında sıralayıb yazaq.

-Bunun nəyəsə yararı olacaqsa, yaz getsin.

Sokrat hərfləri dediyi kim yazaraq, soruşdu:

-Bu yer üzündə, yalan deyilən bir nəsnə varmı?

-Vardır, sözsüz.

-Onu hansı sıradan yazaq?

-Düşünmədən, alfa(əyrilik) sırasına.

-Aldatmaq deyilən bir nəsnə də olurmu?

-Olur.

-Onu hara yazmalı?



-Onu da, əyrilik olan sıraya.

-Yamanlığı necə?

-O da alfalıqdır.

-Adamları zorla tutub, qul kimi satmaq necə?

-O da alfanın sırasındadır.

-Demək, indiyə kimi sadaladıqlarımızdan birini də delta(düzgünlük) deyə ayırd elədiyimiz sıradan yaza bilmərik?

-Bunları oradan yazmaq anlamazlıq olrardı.

-Birdən, strateq seçilmiş birisi, onun şəhərinə uzun illər quldur basqınları eləmiş yağıları yenəndən sonra, onları tutub qul kimi satarsa, budamı əyrilik sayılır?

-Yox, bu əyrilik sayılmaz.

-Onun bu işini, düzgünlükmü saymalıyıq?

-Sözsüz.

-Strateq yağılarla döyüşündə, onları aldadaraq yenibsə, bunu nə saymalıyıq?

-Bunu, düzgün iş saymalıyıq.

-Onların var-yatırını çapıb talasa, budamı düzgünlük sayılmalıdır?

-Sözsüz, düzgünlük sayılmalıdır,- Evtidem dilləndi,- ancaq sən məndən bayaq söz soruşanda elə bildim, ancaq arxadaşlarla bağlı işləri soruşursan!

-Deməli, indi biz bu baxdığımız duruma görə, əyrilik sırasında yazdıqlarımızı götürüb, düzgünlük sırasında yaza bilərik, deyilmi?

-Belə çıxır, oradan yazmalıyıq.

-Onda istəyirsən, gəl belə eləyək, biz bundan sonra, bayaqdan dediklərimizi yerinə görə anlamağa çalışaq, bunları yağıya qarşı düzgünlük, arxadaşlara qarşı əyrilik sanaq, onda belə çıxır, arxadaşlarla ancaq düzgünlüklə davranmalıyıq, deyilmi?

-Ancaq düzgünlüklə, başqa sayaq yox.

-Yaxşı, birdən savaşın gedişində strateq döyüşçülərinin sarsıldığını görüb, onları ürəkləndirmək üçün yalandan, yandaşlarının(müttəfiqlərinin) tezliklə yardıma yetəcəyini deyirsə, bununla da onları döyüşü atıb qaçmaqdan çəkindirirsə, bu yalanı hansı sıradan yazmalıyıq?

-Mənə elə gəlir, düzgünlük sırasında yazmalıyıq.

-Birdən uşaq dərmanı yemək istəmir, atası da yalan danışıb, bu dərmanı yemək adı ilə ona yedirirsə, bu yalanı haradan yazaq?

-Bunu da düzgünlüyə.

-Birisi, dostunun qüssədən başını itirib çılğınlaşdığını görürsə, özünü öldürə biləcəyindən qorxub, onun qılıncını, başqa yaraqlarını oğurlayıb gizlədirsə, onun bu oğurluğunu haradan yazmalıyıq?

-And olsun Zevsə, bunu da düzgünlük sırasından yazmalıyıq.

-Sən demək istəyirsən, yeri gələndə arxadaşları aldatmaq da olar?

-Yox, and olsun Zevsə, olmaz, mən sözümü geri götürə bilərəmmi?

-Olar, niyə olmur, yoxsa arxadaşlıq adına yaraşmayan söz danışmaqdansa, yaxşısı sözünü geri götürməkdir. Onda gəl, belə bir durumu da gözdən keçirək, arxadaşının işlərini korlayan adamın elədiyi, hansı halda düzgünlükdür, hansı halda əyrilikdir: bunu bilərəkdən eləyəndə, yoxsa bilməyərəkdən?

-Ah, Sokrat, mən artıq özüm öz dediklərimə inanmıram, bir az bundan qabaq mənə bir sayaq görünənlər, indi büsbütün başqa sayaq görsənir, ancaq yenə deyirəm, bunu bilərəkdən eləyən əyri, bilməyərəkdən eləyən düzgün adamdır.

-Necə düşünürsən, düzgünlüyü də bilim(elm) kimi öyrənmək, yəni düzgünlüyün bilicisi olmaq, olarmı?

-Məncə, olar.

-Sən kimi bilikli sayırsan, bilərəkdən yanlış yazıb, yanlış oxuyanı, yoxsa bilməyərəkdən?

-Bunu bilərəkdən eləyən biliklidir, o istəsə, düzgün yazıb-oxuya bilər.

-Demək, səncə, kim bilərəkdən düzgün yazıb-oxumur, o, bilikli, kim bilməyərəkdən bunu eləyirsə, o, biliksizdir, eləmi?

-Başqa necə ola bilər?

-Səncə düzgünlüyün bilicisi bunlardan hansı sayılmalıdır: onu bilə-bilə, yalan danışan, aldadan birisi, yoxsa onu bilməzlikdən düz danışmayan, yanılan başqası?

-Sözsüz, onu bilən kimsə,- bilici sayılmalıdır.

-Demək, sənin sözünə görə, oxuyub yazmağı bilən, onu bilməyəndən biliklidir?

-Elədir.

-Eləcə də düzgünlüyün nə olduğunu bilən, onu bilməyəndən düzgündür?

-Bunun belə olduğu gün kimi aydındır; ancaq sözün düzünə qalsa, mən indi danışıram, özüm də öz dediyimi yaxşı anlamıram.

-Bax, birdən birisi sözün düzünü demək istəyir, ancaq bir olayı dönə-dönə danışanda sözü üst-üstə düşmür, belə də deyir, elə də? Tutalım, o hansısa şəhərə gedən yolu birdən doğuya sarı, birdən də batıya sarı göstərir? Durub, o şəhərə gedən yolun uzunluğunu birdən az, birdən də qat-qat çox deyir? Belə adam üçün nə deyə bilərsən?

-And olsun Zevsə, sözsüz, o nəyisə bidiyini düşünür, özlüyündə isə bunu bilmir.

-Eşitmisənmi, bir çox adamların anadangəlmə qul olmaq üçün doğulduqlarını deyirlər?

-Eşitmişəm.

-Səncə, onların qul doğulmuşlar deyə çağırılmasının nədəni, bu kimsələrin biərəkdən, yoxsa bilməyərəkdən, belə olduqlarına görədir?

-Sözsüz, bilməyərəkdən belə olduqları üçün.

-Dəmirçiliyi bilmədiklərinə görəmi, onları belə çağırırlar?

-Yox.

-Yoxsa, doğramaçılığı(dülgərliyi) bilməməkdən?



-Yox, bundan deyil.

-Çəkməçiliyi bilməməkdənmi?

-Buna görə də deyil; anadangəlmə qul olmaq üçün doğulanların çoxu, bu dediyimiz işlərin gözəl biliciləri olurlar.

-Yoxsa bu adı, gözəlliyin, yaxşılığın, düzgünlüyün nə olduğunu bilməyən adamlara qoşurlar?

-Məncə belədir.

-Bunu biliriksə, onda bizə bircə o qalır, qul olmayaq deyə, gecə-gündüz əlləşib-vuruşaq!

-And olsun tanrılara, Sokrat, - Evtidem dilləndi,- mən elə bilirdim, özümün, anadangəlmə olan, filosofluq bacarığım vardır, belə gülünc düşüncələrimə arxalanıb, bilici bir kimsə olduğumu sanırdım, buna görə də mənə elə gəlirdi, yaxşı insan olmağa yarayan bilikləri də büsbütün öyrənmişəm. İndi özün yaxşı görürsən, mən çaş-baş qalmışam, artıq bütün aydınlığı ilə görürəm, indiyə kimi öyrəndiklərim, mənim özlüyündə bilməli olduğum ən qolay sorğuları yanıtlamağa belə yetərli deyilmiş, sözün düzü, bundan sonra hansı yolla gedəcəyimi də kəsdirə bilmirəm!

Onda Sokrat soruşdu:

-Evtidem, mənə de görüm, haçansa Delfdə* olmusanmı?

-And olsun Zevsə, iki dönə olmuşam.

-Oradakı ocağın(məbədin) üstündəki: ”Özü özünü tanı” yazısı necə, gözünə sataşıbmı?

-Görmüşəm o yazını.

-Bu yazının gəlişigözəl bir söz olaraq yazıldığını düşündün, yoxsa onu oxuyandan sonra, özünü öyrənməyə, kim olduğunu araşdırmağa başladın?

-And olsun Zevsə, yox, mən elə düşünürdüm, özümü yetərincə tanıyıram; elə sanırdım, başqa nəsnələri tanımağım, bilməyim də, özümü tanıyıb bilməyimə görədir.

-Sən özünü tanımaq deyəndə nəyi başa düşürsən: öz adının kim olduğunu bilən kimsəni, yoxsa özünün bacarıqlarından baş açan, öpözünü araşdırıb, hansı insanlıq dəyərləri ilə seçildiyini öyrənən kimsənimi? - tutalım, at alan birisi özünü at bilicisi sayırsa, onda almaq istədiyi ata baxanda, onun toxdaqmı, qızğınmı, güclümü, gücsüzmü, dəlisoymu, yorğamı olduğunu,- bir sözlə onun bütün yaxşısını-pisini sonacan araşdırmalı deyilmi? Ona görə də, mənə elə gəlir, kim özünün çatışmazlıqlarını bilmirsə, demək özünü tanımır. Bu, açıq-aydın görünmürmü yəni, - Sokrat sözünün ardını gətirdi,- özünü tanımaq adamlara uğur qazanmaqda yardımçı olur, özündən baş açmamaq isə onları qaragünlü eləyir. Kim özünü tanıyır, o özünə nələrin yararlı olduğunu da bilir, bütün aydınlığı ilə anlayır: nəyi eləyə bilər, necə eləyə bilər. Ona görə də bacardığı işlərə baş qoşub, öz yaşamını düzgün qura bilir, ağ günlərə çıxır, bacarmadığı işlərə girişib yanlışa qapılmır, uğursuzluqlardan yayına bilir. Bu bildikləri, ona başqa adamları tanımaqda da yardımçı olur, bundan yararlanıb, onlarla ilişgilərini də düzgün qurub, özünü baş verə biləcək itkilərdən qoruya bilir. Özünü tanımayan kimsə, öz bacarıqlarını dəyərləndirməkdə yanlışlara uyur, bu özünü,- onun başqaları ilə ilişgilərində də, insan yaşamına bağlı bütün işlərində də göstərir: o özünə nələrin yararlı olduğunu bilmir, nə elədiyini anlamır, işbirliyində olduğu adamları tanımır, bütün bu yanlış düşüncələri ilə ağır itkilərlə üzləşib, qaragünlü bir kimsə olur. Nə elədiyini bilən kimsə, işlərində qazandığı uğurlara görə ad-san da qazanır; öz işini bilən adamlar da, onunla işbirliyinə qatılmağa çalışır, işi düz gətirməyənlər isə onun ətəyindən yapışıb yardım diləyir, bir sözlə ağ günə çıxmaq umdularını onun göstərişlərinə bağlayıb, onu özləri üçün ən dəyərli bir kimsə sayırlar. Nə elədiyini bilməyən kimsə, özünə gərəkən işi tapmağı belə bacarmır, hansı işdən yapışırsa batırır, ara vermədən itkilər verir, sonunda özünü də işə də salır, adını batırıb hamının gözündən də düşür, özünü gülünc günlərə qoyub, pis adla, üzüqara yaşayır. Sən özün də bunu bilməmiş deyilsən, öz gücünü düzgün ölçə bilməyən dövlət, özündən güclü dövlətlə savaşa başlayanda başına nələr gəlir: birində, torpaqlarında baş verən dağıntılardan bir də özünə gələ bilmir, o birində, bağımsızlığını itirib, yenildiyi dövlətin əlaltısına - quluna çevrilir.

Bu yerdə Evtidem dedi:

-Sokrat, mən sənin dediklərindən bunu başa düşdüm: özünü tanımaq, insanın ən başlıca işi imiş, bunu anladığımdan arxayın ola bilərsən; Ancaq özünü öyrənməyi nədən başlamalı? Sənin bu işdə də mənə yardımçı olacağına güvənirəm.

-Bax belə,- Sokrat dilləndi,- düşünürəm, yaxşılıqla yamanlığın nə olduğunu sən bütün incəliklərinə kimi artıq bilirsən, deyilmi?

-And olsun Zevsə bilirəm, bunu da bilməsəm onda ən alçaq quldan da əskik olaram.

-Onda bunların nə demək olduğunu mənə anlat, görüm.

-Burada nəsə baş çatladası bir tapmaca yoxdur. Öncə mən sağlamlığı yaxşılıq, ağrınmağı(xəstəliyi) yamanlıq sayıram; sonra da bunlara yol açan nəsnələri, deyək, içkiləri, yeməkləri, dolanışıq yolunu, bir sözlə sağlamlığa yarayan nə varsa bunları yaxşılığa sayıram, ağrınmağa gətirib çıxaran nə varsa yamanlığa.

-Deməli, sağlamlıqla, ağrınmaq işə yarayırsa, onlara - yaxşılıq, uğursuzluq törədirsə, onlara - yamanlıq deyə bilərik, eləmi?

-Bu necə ola bilər, sağlamlıqdan yamanlıq törənsin, ağrınmaqdan yaxşılıq?

-Deyim biləsən, sağlam olduğuna güvənib, yaramaz işlər dalınca gedənlər, dəniz quldurluğuna, ya da bunun kimi alçaq işlərə qurşananlar, sonucda ölüm-itimlə üzləşirlər, ancaq sağlam olmadığından bu işlərə qoşula bilməyənlər sağ qalırlar.

-Bunu düz deyirsən, ancaq gərəkli işləri görəndə də, biriləri sağlam olduqları üçün ona qoşulurlar, başqaları ağrındıqlarından evdə otururlar.

-Bu belədirsə, onda yeri düşdükcə dəyişən: bir yerdə dəyərli, başqa yerdə dəyərsiz ola bilən nəsnəni, biz hansı anlaqla yamanlıq yox, yaxşılıq saymalıyıq? And olsun Zevsə, burada arın-arxayın gediləsi bir doğru yol görünmür, bir az dərindən düşünsən, bunun belə olduğunu görərsən.

-Yaxşı, götürək bilgəliyi(müdrikliyi), Sokrat, bu sözsüz yaxşılq deməkdir: elə bir iş olarmı, anlamaz onu bilgədən yaxşı bacarsın?

-Necə yəni ola bilməz? - Sokrat dilləndi.- Dedalın* başına gələnləri eşitmədinmi, Minosun onu bilgə olduğuna görə ilişdirib, özündən asılı eləməsi, onu yurdundan ayırıb, öz sarayında qul kimi sxlaması, sonra Dedalın öz bilgəliyinə arxalanıb qaçmaq istəməsi, burada oğlunu itirməsi, bu harasıdır, qaçıb varvarların əlinə keçməsi, yenidən qul olması, bunların hamısı onun başına bilgələyindən gəlmədimi?

-And olsun Zevsə, mən də bu olayı eşitmişəm.

-Palamedin* başına gələnləri necə, eşitmisənmi? Hamı deyir, Odissey onu bilgəliyini gözü götürmədiyindən, qurğu qurub öldürtmüşdü.

-Bu olayı da eşitmişəm.

-Neçələrini ancaq çox bilikli olduqlarına görə, pars şahının güclə tutuqlayıb, özünə qul eləmək üçün apardığını da eşitmiş olarsan?

-Buna nə sözün, Sokrat, ağgünlülük yaxşılıq sayılmazmı?

-Elədir Evtidem, ancaq o qarışıq-dolaşıq yaxşılıqlardan törəməyibsə.

-Başa düşmürəm, insanı ağ günə çıxaran bir yol, necə qarışıq-dolaşıq ola bilər?

-Başqa birilərini demirəm, ancaq bura: gözəlliyi, gücü, varlılığı, ad-sanı qatmasaq, ola bilsin qalan yaxşılıqlar qarışıq-dolaşıq olmasın da.

-Yox, and olsun Zevsə, bunlarsız keçinmək olmaz! Bunlar olmadan hansı ağgünlükdən danışmaq olar?

-Sənin deməyindən belə çıxır, biz ağgünlüyün, insanlara başağrısı gətirən çoxlu nəsnələrdən doğulduğunu sanmalıyıq: çoxları öz gözəlliyinə görə, alçaq adamların əlinə düşüb pozğunlaşırlar, sən özün də neçələrini tanıyırsan, göyçək oğlan uşaqları ilə yatmaq üçün nə oyunlardan çıxırlar; habelə güclü olduğuna güvənən adamların çoxu, gücüm çoxdur deyə baştutmaz işlərə girişib, özlərini qaragünlü eləyirlər; çoxları varlı olduğundan ərköyünləşir, kimlə gəldi tutaqlaşır, çəkişir, günlərin birində kiminsə əlində də ölürlər; bir çoxları da dövlətdə böyük ad-san qazandığına, onun işlərini yönətməyə əli çatdığına görə, ağrı-acılara tuş gəlirlər.

-Mənim ağgünlüyü bəyənməyim də yanlış olacaqmışsa, onda boynuma alıram, bundan sonra tanrılara nəyə görə dua eləyəcəyimi də bilmirəm,- bunu Evtidem dedi.

-Ola bilsin, sən dərindən düşünüb-daşınmadığından, bu konuları yaxşı bildiyinə özünü inandırmısan. Ancaq sən demokratik bir dövlətə başçılıq eləmək istərkən, sözsüz, götür-qoy eləyib, demokratiyanın nə demək olduğunu özün üçün aydınlaşdırmısan, deyilmi?

-Bunu bilməyə nə varmış!

-Səncə, demosun nə olduğunu bilmədən, demokratiyanın nə olduğunu bilmək olurmu?

-And olsun Zevsə, bilmək olmaz.

-Yaxşı, sən demosun nə demək olduğunu bilirsən?

-Məncə, bunu bilirəm.

-Onda de görək, demos nə deməkdir?

-Məncə bu, yoxsul yurddaşların toplusudur.

-Yoxsulların kim olduğunu bilirsən?

-Necə yəni bilmirəm?

-Varlıların da kim olduğunu bilirsən?

-Yoxsulları bilirəmsə, demək onları da bilməmiş deyiləm.

-Onda de görək, hansı adamları yoxsul, hansılarını varlı sayırsan?

-Kimin dolanışığına yetəcək axçası yoxsa, o yoxsuldur, kimin axçası onun dolanışığını gen-bol görür, bundan başqa artıq da qalır, o varlıdır.

-Bunu necə, görmüsənmi: kimsə az-azacıq qazancı ilə dolanışığını keçindirə bilir, üstəlik qara günü üçün də nəsə yığır, ancaq eləsi də olur, çoxlu varı ilə də dolana bilməyib, onu tükədir?

-And olsun Zevsə elədir, yaxşı elədin bunları dedin, yoxsa unutmuşdum, mən tiran tanıyıram, özünü elə günə salıb, axça çatışmazlığından ən yolverilməz, alçaq işlərə əl atmalı olub.

-Bu belədirsə, onda dediyin tiranı demos, azacıq qazancla keçinməyi bacaran evyığan kimsəni isə varlı saymalı deyilikmi?

Burada Evtidem dedi:

-Mənim bu sözlə barışmaqdan başqa yolum qalmır, görünür, məndə anlaq çatışmazlığı varmış; düşünürəm, ən yaxşısı mənim susmağım olardı: açığını desəm, bu işlərdən mənim baş açdığım nəsə yox imiş.

Bu danışıqdan sonra, Evtidem bütünlüklə sarsılmış, özü-özünü görməyə gözü olmayan bir durumda çıxıb getdi, o artıq özünün anadangəlmə qul olmaq üçün doğulduğunu belə düşünməyə başlamışdı.

Sokratın bu günə saldığı yekəbaşların çoxu, sonradan ondan gen gəzirdilər; Sokrat da buna görə, onları qanmaz adamlar sayırdı. Ancaq Evtidemlə belə olmadı, o, Sokratla oturub-durmağın, onun danışıqlarına qulaq asmağın, özünün insan kimi yetkinləşməyinə yararını anlamışdı. Ona görə də, bundan sonra o, başqa bir işi yoxsa, Sokratın yanından əl çəkməzdi, iş o yerə çatmışdı, Evtidem Sokratın yaşamını bütünlüklə yamsılamağa da keçmişdi. Bunları görən Sokrat, onu sorğuları ilə çaşdırmaqdan əl çəkdi, ancaq Sokrat bundan sonra da, ona da, başqa dinləyicilərinə də, insanın yetkinliyinin özünü tanımaqdan, özünü yönətməkdən başladığını dönə-dönə deməkdən yorulmazdı.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin