İqlim. Mülayim qurşaqdan tropik enliyə qədər uzanan Meksikada bir neçə iqlim tipi, subtropik və tropik iqlim mövcuddur. Ölkənin iqlimindəki müxtəliflik relyefi ilə əlaqədardır. Meksika yaylasını qərbdən və şərqdən meridianal istiqamətdə əhatə edən dağlar və Şimali Mesaların qərbdə ABŞ-ın səhra rayonlarına maili enməsi qışda şimaldan soyuq və quru hava kütlələrinin əraziyə maneəsiz daxil olmasına səbəb olur. Ölkənin şimalı subtropik kontinental iqlim qurşağındadır. Bu ərazidə temperatur amplitudu kəskindir, yağıntı az düşür. Qalan hissə tropik iqlim qurşağındadır. Meksika yaylasında quraqiqlim hakimdir. Temperatur 13-31°C arasında dəyişir. Ən yüksək orta illik temperatur Yukatan yarımadasında müşahidə olunur.
Düzənliklərdə və alçaq dağlıq ərazilərdə də orta aylıq temperatur çox yüksək olur. yanvarda 21-25°C, iyulda 27-30°C-yə çatır. Dağlarda, Mərkəzi Mesalarda 12-14°C və 16-20°C arasında dəyişir.
yağıntıların qeyri – bərabər paylanmasında kəskin fərqlər mövcuddur. şimal-qərbdə 75 mm, cənub-şərqdə və cənubda 3000-4000 mm yağıntı düşür. Meksika körfəzi sahilləri və dağ yamacları daha çox yağıntı alır. Daxili rayonlara il ərzində 400-500 mm yağıntı düşür.