Siciliya Avropada qışı ən isti keçən məkan hesab olunur. Həm Siciliyada, həm də İtaliyanın ucqar cənub əyalətlərində hətta qış aylarında belə kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün əlverişli iqlim şəraiti vardır. İtaliya Avropada fəraş tərəvəzçiliyi ilə tanınır. İtaliyada yay isti, quru, buludsuz və günəşli keçir. Ən isti yay küləkli Siciliyada müşahidə olunur. Bol istilik və günəşli günlərin sayının çox olması Siciliya və Sardiniyada subtropik meyvəçiliyin inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Atlantik okeanından gələn mülayim və rütubətli hava kütlələri daha çox qərb sahillərə təsir göstərdiyindən, yağıntıların qərbdən-şərqə az da olsa azalması müşahidə edilir. Hündür Alp dağları ölkəni şimaldan gələn soyuq hava kütlələrinin təsirindən qoruyur.
Cənub və cənub-şərq ərazilər istisna İtaliya kifayət qədər rütubət alsa da, yağıntılar ölkə üzrə qeyri-bərabər paylanmışdır. Şimaldan cənuba-doğru yağıntıların paylanması fəsillər üzrə dəyişir. İtaliyanın cənubunda, Siciliya və Sardiniya adalarında ən çox yağıntılar qışda düşür. Orta illik yağıntıların miqdarı Tirren dənizi sahillərində 1000 mm, Siciliyada 600 mm-bəzən yayda quraqlıqlar da baş verir. İl ərzində eyni miqdarda yağıntı alan Padan ovalığında buxarlanma az olduğundan rütubətlilik yüksəkdir. Bu cür təbii şərait ovalıqda şəkər cuğunduru, çəltik kimi rütubətsevən bitkilərin becərilməsinə imkan verir. Ölkənin şimalında Alp dağlarının orta dağlıq ərazilərində isə yağıntılar çox düşdüyündən dəmyə əkinçiliyi inkişaf etmişdir.
Dostları ilə paylaş: |