Ətraf mühitin problemləri. elektrik stansiyalarının və avtomobillərin havaya buraxdığı zərərli tullantılar nəticəsində atmosferin çirklənməsi və əraziyə yağan turşulu yağışlar; göllər və su anbarlarının kimyəvi maddələrlə çirklənməsi; meşələrin qırılması; balıq resurslarından intensiv istifadə nəticəsində bu ehtiyatlarının azalması; sənaye müəssisələrinin tullantıları tərəfindən zəhərlənmiş dəniz məhsullarının insanların qida rasionunda işlədilməsi və s.
SUAL 52. Yaponiyanın inkişaf tarixi, idarə olunma sistemi, əhalisi
Tarixi. e.ə II-I əsrlərdə Yapon adaları Cənub-Şərqi Asiya adaları və Asiya materikindən dəniz yolu ilə miqrasiya edən tayfalar tərəfindən məskunlaşmışdır. Adalarda ilk məskunlaşmış ərazi Şimali Küsünün məhsuldar düzənlikləri olmuşdur. Sonralar məskunlaşma şimal-şərq istiqamətində, sahil düzənlikləri əhatə edir. Uzun müddət sosial-mədəni və təsərrüfat cəhətdən fəal bölgə ölkənin cənub-qərbi olmuşdur. VII əsrdə bu bölgədə mərkəzləşmiş Yapon dövləti (Yamato) yaranır. Onun ilk paytaxtı müasir Osaka körfəzinin yaxınlığında idi. VI-IX əsrlərdə Yaponiyanın inkişafına qonşu Çin və Koreya ilə əlaqələri də mühüm təsir etmişdir. Materik dövlətləri ilə ticarət-iqtisadi əlaqələri Küsünün şimal, Honsünün cənub-qərb rayonlarının təsərrüfatının inkişafına səbəb oldu. XII əsrdən başlayaraq, Kanto, Nobi və s. sahil düzənliklərin fəal mənimsənilməsinə başlanıldı. Lakin XX əsrin əvvəllərinədək ölkənin iqtisadi potensiala malik əsas hissəsi cənubda cəmləşmişdi, təsərrüfat mərkəzi isə Osaka şəhəri idi.
1274-cü ildə Çinin monqol hakimi Xubilay Yaponiyanı zəbt etməyə cəhd göstərir, lakin buna nail ola bilmir. 1281-ci ildə Xubilay Koreya boğazına 10 min gəmi çıxararaq, körpü yaratmaq və monqol atlılarının Yapon adalarına daxil olmasına çalışır. Lakin tayfun bu nəhəng ordunu darmadağın edir. Yaponiyanın tarixində bu İlahi külək - Kamikadze adı almışdır.
XIX əsrin axırlarından Yaponiya kapitalist inkişaf yoluna qədəm qoyur. Yerli yanacaq-xammal ehtiyatından məhrum olan yapon iqtisadiyyatı ilk vaxtlar idxalatdan tam asılı idi. Xarici bazardan asılılıq sənaye müəssisələrinin dənizsahili düzənliklərdə mərkəzləşməsinə səbəb oldu. Xarici xammal mənbələri və hazır məhsul bazarlarına bağlılıq Yaponiyanı xarici siyasətində dəyişiklik etməyə məcbur etdi. XX əsrin birinci yarısında Yaponiyanın irticaçı ekspansionist siyasəti dünyanın müxtəlif ölkələri ilə iqtisadi əlaqələrin inkişafına yönəldilməsi ilə əvəz olundu. İqtisadi inkişafın nailiyyətləri onu dünyanın mühüm iqtisadi və siyasi mərkəzinə çevirdi. Bütün regionlarla fəal münasibətlər yaradan yapon hökuməti qonşu ölkələrlə əlaqələrə üstünlük verir, Şərqi Asiyada hakim mövqeyini saxlayır.
Dostları ilə paylaş: |