Şübhə-inam nəzəriyyəsi



Yüklə 12,76 Kb.
tarix02.01.2022
ölçüsü12,76 Kb.
#39354
Praqmatizm


B.XX əsr Qərb fəlsəfəsi

1.Praqmatizm.

a)Ç.S.Pirs: “Şübhə-inam nəzəriyyəsi”.

b)U.Cemsin idrak nəzəriyyəsi.

c)C.Dyuinin instrumentalizmi.

Praqmatizm Şimali Amerikada yaranmış və orada populyar fəlsəfi cərəyana çevrilmişdir. Bu cərəyanın adı “praqma” –yunan sözündən götürülüb mənası iş, əməl deməkdir. Deməli bu fəlsəfi cərəyan praktika ilə sıx bağlıdır. Praqmatizmin nümayəndələri üçün fəlsəfə dünya və insan haqqında metafizik düşüncələr yox, problemli situasiyaların həll metodudur. Başqa sözlə desək, praqmatizm işgüzar insanın fəlsəfəsidir. Praqmatizm fəlsəfəsinin banisi Harvard Universitetinin professoru, riyaziyyatçı, astronom, məntiqçi və filosof Çarlz Sanders Pirs (1839-1914) olmuşdur.

a)Ç.S.Pirs: “Şübhə-inam nəzəriyyəsi”. Pirsin baxışlarının formalaşmasına, onun dahi mütəfəkkir saydığı İ.Kant böyük təsir göstərmişdir. O da Kant kimi elm və xristianlığı barışdırmağa çalışmışdır. XIX əsrin sonlarında Çarlz Darvinin əsərlərinin dərcindən sonra dini mübahisələr kəskinliyi ilə seçilir: ilk baxışda belə görsənir ki, elm və din bir yerdə ola bilməz, elmin nəticəsi ateizmdir. Lakin Pirs bununla razılaşmamış, elmin ən yeni nəticələrinin nəzərə alındığı, bununla belə xristianlığa zidd olmayan fəlsəfi təlim yaratmışdır.

Darvinin təkamül nəzəriyyəsinə əsaslanan Pirs təfəkkürə orqanizmin uyğunlaşdırıcı funksiyasının növü kimi baxmışdır. Deməli təfəkkürün vəzifəsi dünyanın inikası yox, orqanizm və mühit arasındakı münasibətlərin tənzimlənməsidir. Dünyada yaşayan insan müxtəlif vərdişlər, ona xas fəaliyyət tipi hazırlayır. Onlar isə insanın instinktini əvəzləyir və dərk olunduğu üçün inancı (inamı) əmələ gətirir. Pirsə görə inam müəyyən tərzdə fəaliyyət göstərməyə hazırlıqdır. Əgər biz sabahın olacağına inanırıqsa, onda sabahkı günümüzü planlaşdırırıq. Əgər inanırıqsa ki, uçmağı bacarmırıq, üçüncü mərtəbədən enmək üçün balkondan tullanmayıb pilləkandan istifadə edirik və s. Lakin, həyat prosesində biz inancımıza zidd olan fakt və hadisələrlə toqquşuruq. Bu isə bizdə şübhə, şübhə isə psixoloji diskomfort, narahatlıq yaradır. Onda biz yaranmış situasiyanı tədqiq edirik, yeni inanc əldə etmək məqsədilə şübhənin dəf edilməsinə yönəlik səy göstəririk. Pirs belə hesab edir ki, tədqiqat və idrakın yeganə məqsədi inancın əldə edilməsi, şübhənin kənarlaşdırılmasıdır: “Fikrin fəaliyyəti şübhənin törətdiyi qıcıqla hərəkətə gəlir və inanc əldə edildikdə sona çatır, beləliklə inancın əldə edilməsi fikrin yeganə funksiyasıdır”.

Şübhənin dəf edilməsi üçün Pirs dörd metod təklif edir: 1) inadcıllıq metodu; 2) avtoritet metodu; 3) apriori metodu; 4) elm metodu.

İnadcıllıq metodu. Bəzən insan heç nəyə məhəl qoymadan artıq formalaşmış baxışlara istinad etməyə üstünlük verir. Məsələn, dini fanatikləri götürək. Onların inamına qarşı istənilən arqumentin heç bir əhəmiyyəti yoxdur. Lakin, hətta adi insanlar belə bəzən inadkarlıqla vərdiş etdikləri baxışlara istinad edir, hətta əsaslandırılmış tənqidi belə inkar edirlər.

Avtoritet metodu. Bu metod bəşər tarixində ən çox geniş yayılmış və bizim tez-tez müraciət etdiyimiz metoddur. Anlaşılmaz hadisə ilə üzləşən uşaq izah üçün valideynlərinə müraciət edir, tələbə müxtəlif fənləri dərsliklərdən öyrənir, alim problemlə üzləşəndə elmi ədəbiyyata və ya konkret sahədə ixtisaslaşmış həmkarına müraciət edir –bütün bunlar avtoritetə müraciətdir. Təlim məhz bu yolla baş tutur. Axı biz, fizika, kimya və biologiyanın qanunlarını hər dəfə yenidən kəşf etmirik. Bu sahədə Nüton, Mendeleyev, Darvin kimi böyük kəşflər etmiş nüfuzlu alimlərin elmi irsinə müraciət edirik.

Aprior metod. Şübhənin dəf edilməsi üçün tez-tez müraciət edilən metodlardan biri də aprior metodudur. Bizim köhnə inamımız nöqteyi-nəzərincə şərh olunmaz hadisə ilə üzləşdikdə aydınlıq üçün kitab oxuyur, yaxud yeni tədqiqata başlayırıq. Bəzən biz hansısa sübut və fakt olmadan (aprior) izahlar hazırlayırıq. Çünki bu izah bizə məntiqli və düzgün görsənir, bizim baxışlarımız və qaydalarımızla uzlaşır. Mahiyyətcə ixtiyari olaraq bizə xoş gələn izahları qəbul edirik.

Elm metodu. Şübhənin dəf edilməsi üçün ən mürəkkəb, lakin daha çox əsaslandırılmış metod elm metodudur. Bu halda bizim gəldiyimiz yeni inanc arzu və istəklərimizdən yox, hesablaşmalı olduğumuz hansısa sabit xarici amildən asılı olur. Belə yanaşmada əldə etdiyimiz inanc dayanıqlı olacaq. Çünki elmi inanc (onu adətən elmi həqiqət adlandırırlar) tədqiqat prosesində yaranır. Bu verilmiş sahədə daha çox səriştəli insanların –alimlər birliyinin gəldiyi yekun rəydir. Bununla belə Pirs üçün elm mahiyyətcə yalnız şübhənin dəf edilməsi üçün imtiyazlı, özünəməxsus psixoterapiyası olan vasitədir. Onun problemi dünyanın dərki yox, yəqinliyin əldə olunmasıdır.

Bundan əlavə Pirsə görə alim (və hər bir insan) obyektiv şeylər haqqında yox, onun üçün bu və ya digər sözlərin, işarələrin mənası haqqında danışır. Məsələn, əgər mən “inək” sözünü işlədirəmsə, onda bu söz (işarə) sizin üçün süd, pendir və ya təhlükəli buynuzlar mənası verə bilər. Hər bir halda bu söz sizin üçün praktiki nəticələrin müəyyən məcmusunu bildirir: “Baxın, bizim anlayışın törədə biləcəyi praktiki nəticələr necədir. Bu nəticələr haqqında anlayış obyektin tam anlayışı deməkdir” –deyə Pirs yazırdı. Pirsin prinsipi belə səslənir: “Biz öz fikrimizin predmetini onun xassələrini nəzərdən keçirərək dərk edirik, bu xassələr ehtimal edilən praktiki əhəmiyyətə malikdir; bu xassələr haqqında bizim təsəvvürlərimiz isə bütövlükdə verilmiş predmetin anlayışını əmələ gətirir”. Belə çıxır ki, söhbət bizim təsəvvürlərimizin gerçək obyektə uyğunluğu yox, bu təsəvvürlərin praktikaya uyğunluğundan gedir. Həqiqət elə bir şeydir ki, ona mən inanıram, mən isə mənə faydalı olana, mənim həyat situasiyamda “işlək”, “keçərli” olana inanıram.

Bəs onda zamanın hər bir konkret məqamında həqiqəti yalandan necə fərqləndirməli? Qədim dənizçilər inanırdılar ki, Yer disk şəklindədir və bu inanca uyğun öz marşrutlarını müəyyənləşdirirdilər. Sonralar dənizçilik praktikası, yeni ərazilərin və digər faktların kəşfi başqa inancı qəbul etməyə, Yerin kürə formasında olmasından çıxış etməyə vadar edir. Yerin disk şəklində olması ideyası Qədim dünya üçün həqiqi, “işlək” idi, insan praktikasının o səviyyəsi üçün faydalı və səmərəli idi. Bu gün digər inanc “işləkdir”, bizim üçün digər müddəa həqiqidir. Həqiqətlərin dəyişmə prosesi sonsuzdur, bəşəriyyət daima bir inancdan digərinə keçəcək, lakin bu hərəkətin hər bir mərhələsində yeganə meyar praktika, inancın faydalılığı, fəaliyyətdə bu və ya digər inancın uğur qazanma imkanı olacaq.

b)U.Cemsin idrak nəzəriyyəsi. Ç.Pirsin praqmatist ideyaları digər görkəmli Amerika mütəfəkkiri Uilyam Cems (1842-1910) tərəfindən inkişaf etdirilmişdir. İxtisasca həkim olan Uilyam Cems Harvard Universitetində anatomiya və fiziologiyanı tədris etmiş, Amerikada ilk dəfə olaraq psixologiya üzrə mühazirələr oxumuşdur.

U.Cems də Pirs kimi elm və dini barışdırmağa cəhd göstərmişdir. O materializmi və ondan çıxarılan ateizmi “qəmgin, qorxulu yuxuya bənzər dünyagörüşü” adlandırmışdır. Cems Allaha inamı “əxlaqi tətil” ilə müqayisə edir. Belə ki, daim yanımızda insanın planlarının gerçəkləşməsinə kömək edən, hər kəsi xidmətinə görə mükafatlandıran ali mövcudluğun olmasına inam həyatı yüngülləşdirir. Allaha inam faydalıdır: siz belə inamdan heç nə itirmirsiniz, lakin çox şey əldə edirsiniz. Bu inam sizə həyatınızda kömək edir. Cems inamı praqmatik başa düşür, Allahın mövcudluğu sübutolunmazdır, lakin faydalı fərziyyədir.

Cems baxışlarında “radikal empirizm” tərəfdarı olmuşdur: onun fikirlərinə görə dünya haqqında bizim informasiyalarımızın yeganə mənbəyi duyğular və təcrübə olduğu üçün, subyekt və obyektin, xarici dünya və daxili qavrayışın heç bir qarşıdurması da yoxdur. Təcrübə və gerçəklik eyni bir şeydir. Biz dünyanın şüurumuzdakı inikası ilə iş görürük. Lakin bizim təcrübəmiz “hissələrə bölünməmiş Kainat”, “çiçəklənən və vızıldayan nəhəng nizamsızlıqdır”. Bizim seçici aktivliyimiz ondan duyğuların “çöküntülərini”, qruplarını –şeyləri ayırır. “Fikirlər də şeylərin düzəldiyi eyni materialdan düzəldilib” –deyə Cems yazırdı və ona görə də hər şeyi insan şüurunun məzmununa gətirirdi.

Biz çoxsaylı təəssüratlardan yalnız maraqlarımıza uyğun gələni seçirik. Bu mənada insanı yayınmamaq, yalnız düz yola baxsın deyə gözlərinə xüsusi gözlük taxılmış ata bənzətmək olar. Belə ki, bizim maraqlarımız da yalnız bir obyektə diqqət yetirməyə və digərlərinə heç bir əhəmiyyət verməməyə məcbur edir. Ona görə də “nəhəng... vızıldayan xaosdan” biz özümüzün unikal dünyamızı qururuq (bizim maraqlarımız oxşar olsa da, heç zaman tamlıqla üst-üstə düşmür). Mənim və sənin dünyalarımız fərqlidir, lakin təəssüratların ilkin xaosunda “kəsilib düzəldilmişdir”. Cemsə görə: “Dünya bizim ondan nə düzəltdiyimizdir”.

c)C.Dyuinin instrumentalizmi. Praqmatizmin başqa bir, sonradan instrumentalizm adlandırılan versiyasını məşhur Amerika mütəfəkkiri və pedaqoqu Con Dyui (1859-1952) yaratmışdır.

Dyuinin baxışlarına görə insan dəf edilməsi lazım gələn çətinliklə üzləşdikdə fikirləşməyə başlayır. Xatırladaq ki, bununla əlaqədar Pirs əvvəlki inancda şübhənin yaranması haqqında danışırdı. Ona görə də anlayış, ideya, nəzəriyyə -sadəcə alətlərdir (instrument), “situasiyaya açardır”, insanın “fəaliyyət planıdır”. Onlar yalnız və yalnız uğura apardıqları qədər qiymətlidir. Dyui belə hesab edir ki, “intellektin funksiyası obyektlərin surətini çıxarmaq yox, onlarla ən faydalı münasibətlər qurmaqdır”.

Cems kimi Dyui də qeyd edir ki, idrak uyğunlaşdırıcı əhəmiyyət kəsb edir: insan yaşamalı, sağ qalmalıdır, bunun üçün o öz idrak qabiliyyətlərindən istifadə edərək ətraf mühitə uyğunlaşmalıdır. Deməli, insanın ətraf mühitə münasibəti praktikidir, onda maraqlı olmasıdır, yəni həmişə subyektivdir. Ona görə də idrak prosesində biz ideyaları mütləq şəkildə onların faydalılığına görə qiymətləndiririk: o şey həqiqidir ki, ona inanmaq rahatdır.

Bizi əhatə edən dünya dayanıqlı deyil, o dəyişir. Deməli bizim inanclarımız da dəyişməlidir. İdeyalar –köməyi ilə qarşımızda duran problemləri həll etdiyimiz alətlərdir (instrumentlərdir). Ona görə də tərbiyə və təlimin ən yaxşı üsulu, bu prosesdə praktiki məsələlərin qoyuluşu və həllidir. Dyui bu gün də dəbdə olan, öz aktuallığını saxlayan “iş görmə” (hazırlama) pedaqogikasını təklif etmişdir. Bu pedaqogikaya görə öyrənən (şagird, tələbə) biliyi mücərrəd mühakimələr şəklində yox, konkret məsələlərin həlli prosesində almalıdır.

Əsasən XX əsrin əvvəllərində yaranmış praqmatizm sonrakı dövrdə də inkişaf etmişdir. Bu cərəyanın digər nümayəndəsi Riçard Rorti (1931-2007) neopraqmatizm təlimini yaradıb. Praqmatizmin variantlarının hər biri nə qədər orijinal olsa da, bütövlükdə hər birinə xas olan bəzi müddəaları göstərmək mümkündür:

1)təfəkkürün insanın ətraf mühitə uyğunlaşma üsulu kimi nəzərdən keçirilməsi;

2)təfəkkürün dəyərinin uğur qazanmaq üçün səmərəli vasitə kimi verilməsi –təfəkkürün dəyəri onun praktiki faydalılığındadır;



3)idrakın subyekti neytral, bitərəf yox, dərk olunan obyektdə daimi maraqlıdır;

4)həqiqət gerçəkliyi dəqiq əks etdirən nəsə deyil, həqiqəti uğura aparan dayanıqlı inanc kimi müəyyənləşdirmək lazımdır.
Yüklə 12,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin