Elmi fəaliyyəti
Yusif Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.
Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur.
Dostları ilə paylaş: |