ŞUŞADA MUSIQI SƏNƏTININ INKIŞAF TARIXI
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur - Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun. XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə Şuşada yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Mirzə Sadıq (Sadıxcan) və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.
Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Mirzə Sadıqin (Sadıxcanın), Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.
Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında).
Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir. Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. Fikrət Əmirov (1922-1984) musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.
F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir.
Niyazinin "Xosrov və Şirin" (1942) operası Böyük Vətən müharibəsi illərinin məhsuludur.
Azərbaycan opera muğənnisi (lirik-dramatik tenor), xanəndə, musiqi folkloru tədqiqatçısı, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül də Şuşa mədəniyyət ocağının yetirməsidir. Bülbül Qərbi Avropa və rus klassiklərinin əsərləri, xalq mahnıları, romanslarının ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratmışdır. Bül-bülün ifaçılığında milli vokal üslubu ilə italyan vokal üslubu üzvi şəkildə birləşirdi. “Koroğlu”, “Arşın mal alan”, “Şahsənəm”, “Nizami”, “Xosrov və Şirin”, “Vətən” və digər operaların baş rollarının mahir ifaçısı olmuşdur.
Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı" (1938) və “Azərbaycan xalq mahnıları” (1956, 58) çap edilib. Bülbül 2 Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif edilmişdir.
Azərbaycan musiqi mədəniyyəti tarixində bir neçə nəslin, soyadın dərin izi var. Əsrlərdən boylanan səslərin içində Behbudovların əks-sədası aydın bir şəkildə eşidilir. Bu nəslin sənət yolunun ilk cığır açanı Azərbaycan musiqi sənəti məktəbinin görkəmli nümayəndəsi Məcid Behbudov (1873 -1945) olmuşdur. Sənətkardakı qeyri-adi səsin yaranması Azərbaycanda Şərqin konservatoriyası kimi şöhrətlənən Şuşada dünyaya gəlməsi ilə əlaqədardır. Buranın zəngin təbii mühiti, eləcə də, ab-havası M.Behbudovu sənətkar kimi yetişdirməyə bilməzdi. Təbiətin mənzərəsi, təmiz hava, təmiz su və s. musiqiçini səs imkanlarından lazımi səviyyədə istifadə etməsinə əsas meyarlardandır. Bu nəslin layiqli davamçısı respublikanın xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı dünya şöhrətli sənətçi Rəşid Behbudov (1915-1988) olmuşdur.
XX əsrin birinci yarısında Azərbaycan musiqili teatr aləmində Əfrasiyab (1907-1976) və Şəmsi (1911-1986) Bədəlbəylilərin adları özünəməxsus mühüm yer tutur.
1940-cı il 18 sentyabr günü opera və balet teatrının söhnəsində "Qız qalası" baleti tamaşaya qoyuldu. Baletin müəllifi görkəmli bəstəkar Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli Azərbaycanda ilk milli balet məktəbinin yolunu açdı. Digər musiqi əsərləri, dirijorluğu, bir sıra balet və dram tamaşalarına librettoları, xalq musiqisinə dair mülahizələri, tərcümələri və ictimai fəaliyyəti – bunların hamısı bəstəkar, pedaqoq, alim Əfrasiyab Bədəlbəylinin Azərbaycan milli musiqimizin, musiqi elmimizin təşəkkülü və inkişafı yolunda yaratdığı irsidir.
Azərbaycanda musiqili-komediya teatrının yaranması və onun müasir inkişaf mərhələsi yenə də XX əsrin birinci yarısınа təsadüf edir. Yeni yaranan mədəniyyət ocağanın direktor və bədii rəhbər vəzifəsini Şəmsi Bədəl oğlu Bədəlbəyliyə həvalə olunmuşdur. "Ürək çalanlar", "Gözün aydın", "Ulduz", "Durna", "Hacı Qara", "Hicran" və şübhəsiz ki, "Arşın mal alan" və "Məşədi Ibad" və bir çox başqa musiqili komediya tamaşaları Şəmsi Bədəlbəylinin bizlərə qoyduğu yaradıcılıq irsidir.
Bədəlbəylilər nəslinin layiqli davamçısı yaradıcılıq fəaliyyətiylə Azərbaycanda ifaçılıq sənətinin ənənələrini inkişaf etdirən istedadlı pianoçu, Beynəlxalq mükafatlar laureatı, xalq artisti, professor Fərhad Şəmsi oğlu Bədəlbəylidir (1947). Xalqın yüksək mədəniyyətini dünya miqyasında təbliğ edən, bənzərsiz ifası ilə millətimizin sənət varlığını nümayiş etdirən Fərhad Bədəlbəyli fortepiano məktəbinin ən parlaq nümayəndəsidir.
Dostları ilə paylaş: |