Əlaqələr. Kür-Araz mədəniyyətini şöhrətləndirən maddi varidatda bir çox
formaların, nümunələrin yeknəsəq olması heyrət doğurur. Buna qəbilələrarası daimi
və fəal əlaqələr imkan yaratmışdı. Bu prosesdə yarımköçəri maldarlıqla məşğul olan
qəbilələr böyük rol oynamışdır. Özlərinin həyat tərzi sayəsində onlar texnika və
mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır.
Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi
olur. Əkinçilər mübadiləni əsasən taxıl, həm də sənətkarlıq məmulatı ilə aparırdılar.
Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar.
Tunc metallurgiyasının inkişafı dəvəgözünü təsərrüfat və məişətdən sıxışdırdı,
qəbilələrarası mübadilədə öz əhəmiyyətini itirdi. Qafqazda tunc sənayesinin
inkişafının başlanğıc mərhələsi Ön Asiya ilə təmasda keçir. İlk Tunc dövründə
Qafqaza müxtəlif biçimli, xüsusən metal əşyalar daxil olur və yaxud onların formaları
mənimsənilir. Buna görə təəccüblü deyildir ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri
nəinki öz aralarında bir-birinə bənzəyir, həm də bu ərazidən kənarda olan abidələrin
materialları ilə yaxın oxşarlıq tapır. Bu dövrdə Qafqazda dəstəkli nizə ucluqları geniş
yayılır. Belə ucluqlar Ön Asiyanın bir çox vilayətlərindən məlumdur və orada onlar
nəinki tuncdan, həm də qızıl və gümüşdən hazırlanırdı. Azərbaycanda Lənkəran
düzənliyindən Şimali Qafqazda Prikuban vilayətinə qədər, tipoloji cəhətdən Ön
Asiyanın İlk Tunc dövrü nümunələri ilə oxşar yastı iskənəvari baltalar yayılmışdı.
Astara rayonunun kurqanlarından birində dəstəkli nizə ucluğu ilə birlikdə iki
iskənəvari formalı balta tapılmışdır. Bu kurqanın metal əşyaları mərgmüşlü tuncdan
hazırlanmışdır. Lakin bəzi nümunələrdə mərgmüşdən əlavə az miqdarda qalay da var.
Məlum olduğu kimi, Qafqazda və ona qonşu rayonlarda qalay yataqları yoxdur. Ona
görə Qafqazda tapılan qalay qatışıqlı əşyaları buraya qalayın, bəlkə də bəzi qalay
qatışıqlı tunc məmulatın xaricdən gəlməsi ilə izah etmək olar. Babadərviş yaşayış
yerindən qarmaqvari tunc əşyanın, Dağlıq Qarabağ kurqanlarının birində tapılmış
tunc xəncər tiyəsinin tərkibində qalay qatışığı olması onların və ya qatışığın gətirilmə
məmulata aidiyyətini göstərir.
Kültəpədən tapılmış dördtilli, tərkibində nikel və mərgmüş qatışığı olan biz
diqqəti cəlb edir. Nikel qatışıqlı əşyalar Şimali Qafqazda Maykop mədəniyyəti
abidələrindən məlumdur. Ancaq qalay kimi nikel də Qafqazın mədən yataqlarında
yoxdur.
Qafqazın İlk Tunc dövrü abidələrində rast gəlinən mis-nikel qatışıqlı əşyalar,
yəqin ki, Ön Asiya ilə bağlıdır. Onlar ola bilsin ki, Omanda hasil edilmiş metaldan
hazırlanmışdır.
94
Yerli qəbilələrin cənubla sıx əlaqəsi qiymətli metaldan hazırlanmış əşyalarda
özünü əks etdirir. Azərbaycanda onlar dəfn abidələrindən əldə edilmişdir. Xankəndi
qənşərində bir kurqanda üzərinə qızıldan qabıq çəkilmiş yuvarlaq formalı üç pasta
muncuq tapılmışdır. Orada başqa bir kurqanda, ölünün başı altında, öz formasına görə
Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən
hazırlanmış sırğa tapılmışdır. Dağlıq Qarabağda Xaçınçay sahilindəki kurqanda
basma naxışlı qızıl boru va məftildən spiralvari burulmuş qızıl bəzək vardır.
Xaçbulaqda İlk Tunc dövrü kurqanında ölünün gicgah sümükləri ilə yanaşı, bir-birinə
keçirilmiş nazik məftildən iki cüt sırğaya rast gəlinmişdir. Onlardan biri qızıldan, üçü
isə qızıl qatışıqlı gümüşdən hazırlanmışdır.
Bu dövrdə Azərbaycan və Zaqafqaziya qəbilələrinin Şimali Qafqazla qarşılıqlı
əlaqələri möhkəmlənir. Böyük Qafqazın cənub ətəklərində Kaxetiyadan Şirvana qədər
ərazinin bir çox abidələrində qırmızı oxralı qab-qacağın tapılması Şimali və Cənubi
Qafqaz qəbilələri arasında geniş qarşılıqlı əlaqələrin olduğunu təsdiq edir. Maykop
mədəniyyəti əşyalarının kimyəvi tərkibinin öyrənilməsi də həmin nəticəyə gətirir.
Məlum olmuşdur ki, Maykop mədəniyyəti tunc əşyalarının əsas hissəsi öz mənşəyi ilə
Zaqafqaziyaya bağlıdır. Şimah Qafqaz qəbilələri Zaqafqaziya ilə sıx təmasda olaraq,
yaratdığı əlaqə yolları ilə aldığı metalın müəyyən hissəsini Şərqi Avropa düzənliyi
qonşularına da çatdırırdı.
Görünür, yaranmış belə yollar vasitəsi ilə Şimali Qafqaza parlaq zərgərlik
sənəti məhsulu olan çoxlu miqdarda məmulat, Mesopotamiyadan qızıl və gümüş
əşyalar, İrandan əqiq muncuqlar daxil olurdu. Bu işdə Zaqafqaziya, o cümlədən həm
də Azərbaycan, yəqin ki, Şimali Qafqaz ilə Ön Asiya vilayətləri arasında vasitəçi kimi
iştirak edirdi.
Dostları ilə paylaş: |