Qədim aĢel. Azıx mağarasında Quruçay mədəniyyəti dövrü özünün
uzunmüddətli inkişafından sonra qədim aşel ilə əvəz olunmuşdur. Azıxda qədim
aşel düşergənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır.
Buradan 2 mindən artıq daş məmulatı və çoxlu ovlanmış heyvan sümükləri
tapılmışdır. Azıx mağarasında qədim Aşel dövrü VI təbəqənin materialları ilə
meydana çıxmaqla yanaşı, yerli çaydaşı alətləri Quruçay mədəniyyəti əsası üzərində
inkişafa başlamışdır. Bəşəriyyət tarixində qədim və Orta Aşel mədəniyyətləri ilk dəfə
50
olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı
yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır.
Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları,
kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli
nukleuslarla (nüvələr) xarakterizə olunur. VI təbəqədən həmçinin ilk dəfə olaraq əl
çapacaqları tapılmışdır. Əl çapacaqlarının meydana çıxması ibtidai insanların
həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha
da inkişaf etdirməyə başlamışlar.
Qədim aşel təbəqəsindən tapılmış əmək alətləri içərisində əsas yeri çapma
alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə
istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə ibtidai
insanların əmək alətləri hazırladıqlarını göstərir. Məhz VI təbəqədən tapılmış əmək
alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların qədim aşel dövründə
hazırlandıqlarını söyləmək olur.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, bəşəriyyət
tarixində qədim aşel mədəniyyəti 700-500 min illər arasında mövcud olmuş və 200
min ildən bir qədər artıq davam etmişdir. Bu dövrdən əmək alətlərinin təkmilləşməsi
və yeni-yeni əmək alətlərinin meydana çıxması başlanır. Azıx düşərgəsinin VI
təbəqəsindən aşkar olunmuş əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq
edir.
VI təbəqədən ocaq yerinin qeydə alınması qədim Azıx sakinlərinin süni odla
tanış olduqlarını göstərir.
Azıx mağarasının qədim aşel təbəqəsindən tapılmış heyvanat aləminin növləri
göstərir ki, bu dövrdə Azərbaycan ərazisində soyuqlaşmaya doğru dəyişikliklər baş
vermişdir. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil
edir. Sümük məmulatının təyinatı əsasında demək olar ki, qədim aşel adamlarının
ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng marallar tutur. Qədim aşel
təbəqəsindən tiraspol kompleksi nümayəndələrindən Şotenzak bizonu, Merka
kərgədanı və s. fauna qalıqlarının aşkar olunması təbəqənin Bakı dövrünə (mindeldən
əvvəlki dövrə) aid olduğunu göstərir.
Orta AĢel. Azıx mağarasında qədim aşel özünün uzunmüddətli inkişafından
sonra Orta Aşellə əvəz olunmuşdur. Orta Aşel mədəniyyəti düşərgənin V təbəqə
materiallarında öz əksini tapmışdır. Arxeoloji qazıntılar vasitəsilə V təbəqədən
tapılmış daş alətlərin əsasını kobud çapma alətləri və əl çapacaqları təşkil edir. Bu
təbəqədən cəmi 289 ədəd daş məmulatı qeydə alınmışdır. Daş məmulatı arasında
müxtəlif klekton tipli alətlər də qeydə alınmışdır.
V təbəqənin daş məmulatı texniki-tipoloji xüsusiyyətlərinə görə özündən
aşağıda yerləşən VI təbəqənin materialları ilə yaxınlıq təşkil edir. Eyni zamanda V
51
təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini
özündə birləşdirir.
Arxeoloji tədqiqatlar zamanı V təbəqədən daş məmulatı ilə birlikdə minlərlə
ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir ki, Orta Aşel
dövründə Azıx düşərgəsində yaşayan sakinlərin məşğuliyyətində əsas yeri ovçuluq
tutmuşdur.
V təbəqənin maddi mədəniyyət qalıqlarının elmi tədqiqi göstərir ki, Azıx
düşərgəsində Orta Aşel dövründə əsasən ovçu sakinlər yaşamışlar.
Qədim Azıx adamı - azıxantrop. 1968-ci ilin iyul ayında Azıx düşərgəsinin
Orta Aşel təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə
qədim insanın çənə parçası aşkar olunmuşdur. Alt çənə üzərində bir neçə diş
qalmışdır. Dişlərdən yalnız üçüncü azı diş bütöv qalmış, ikinci azı diş isə ortadan
sınmışdır. Birinci azı isə tamamilə yoxdur, lakin onun diş yuvaqları olduqca yaxşı
nəzərə çarpır. Çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır.
Azıx çənəsi avstralopiteklərdən fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların
arasında özünə yer tutur. Çənənin quruluşundakı spesifik cəhətlərə əsasən, bir
tərəfdən pitekantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlıq təşkil etməklə
yanaşı, digər tərəfdən də, bir çox proqressiv cəhətlərinə görə Fransanın Araqo
mağarasının aşel təbəqələrindən tapılmış preneandertallara daha yaxındır. Azıxın Orta
Aşel təbəqəsindən tapılmış çənə fraqmentinin sahibinə azıxantrop (yəni Azıx adamı)
adı verilmişdir.
D.Hacıyev çənə üzərində apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki,
bu, keçmiş SSRİ ərazisində ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına
məxsusdur. Bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır.
V təbəqədən çənə ilə birlikdə daş alətlər və heyvan sümükləri də tapılmışdır.
Bu təbəqədən eyni zamanda çoxlu mətbəx tullantıları, ocaq yerləri, xəlvət yer, qaya
daşlarından düzülmüş ibtidai tikinti hissəsi və s. aşkar olunmuşdur.
Azıx sakinləri Orta Aşel dövründə ovçuluqla daha yaxşı məşğul olmuşlar.
Qədim Aşel dövründə 11 növ iri heyvan ovlandığı halda, Orta Aşel dövründə 45 növ
heyvan və quş ovlanmışdır. Ovçuluq aşel adamlarını nəinki yeməklə, eyni zamanda
geyimlə təmin edərək, onlara yaşayış yerləri tikililərini hazırlamağa da imkan
vermişdir.
Böyük maraq doğuran cəhətlərdən biri də, dövründən asılı olmayaraq, Orta
Aşeldə öyrənilmiş ocaqların mağaranın eyni sahəsində qeydə alınmasıdır. Bu, burada
yaşayanların qohumluq ənənələrini davam etdirməsini göstərir. Ocaqla eyni sahədə,
qaya divarları arasında xəlvəti yer qeydə alınmışdır. Həmin yerdə mağara ayılarının
kəllələri gizlədilmişdi. Ayı kəllələrinin belə xəlvəti yerdə gizlədilməsi, yəqin ki, o
dövrdə ilk dini təsəvvürlərin yarandığını göstərir.
52
Azıxın IV təbəqəsindən maddi mədəniyyət qalıqları tapılmamışdır. Bu, qədim
Azıx sakinlərinin düşərgəni müvəqqəti tərk etdiklərini göstərir. Lakin insanlar
düşərgəyə yenidən Mustye dövrünün əvvəllərində gəlib burada yaşamağa başlamışlar.
Orta Paleolit-Mustye mədəniyyəti (100-35 min il əvvəl). Aparılan arxeoloji
tədqiqatlar göstərir ki, 100 min il bundan əvvəl Son Aşel dövrü Mustye mədəniyyəti
ilə əvəz olunmuşdur. Bu dövr ilk dəfə Fransanın Le-Mustye düşərgəsində müəyyən
olunduğuna görə, tapıldığı yerin adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. Mustye
dövrü insanlarının həyatında mühüm dəyişikliklər baş vermişdir. Məhz bu dövrdən
başlayaraq qədim insanlar yeni tipli əmək alətləri hazırlamağa başlamışlar. Bu,
onların inkişafı ilə əlaqədar olaraq meydana çıxmışdır. Artıq əvvəlki dövrlərdə
hazırlanmış əmək alətləri - kobud çapma alətləri, əl çapacaqları insanların yeni
tələbatını ödəyə bilmir və daha mükəmməl universal əmək alətlərinin hazırlanması
əsas məsələ kimi qarşıda dururdu. İlk dəfə olaraq levallua və Mustye itiuclularının
hazırlanması qədim insanların həyatında mühüm rol oynadı.
Mustye mədəniyyəti dövründə qədim insanların bədən quruluşunda, istehsal
texnikasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş vermişdir.
Mustye dövrünün sakinləri neandertal tipli insanlar olmuşlar. Onlar yaşamaq
üçün özlərinə mağaralarda, açıq yaşayış yerlərində və komalarda yer hazırlayırdılar.
Neandertal tipli insanlar yaşayış tikililərini əsasən nəhəng heyvan sümüklərindən və
iri qaya daşlarından düzəldirdilər.
Mustye dövründə də qədim adamların əsas məşğuliyyəti ovçuluq olmuşdur.
Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə etmişlər.
Arxeoloji qazıntılar zamanı Mustye dövründə neandertal tipli insanların
qəbirləri aşkar olunmuşdur. Deməli, Mustye dövründə neandertal tipli adamların
həyatında dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa
başlamışdır.
Azərbaycanda aparılan arxeoloji tədqiqatlar zamanı Mustye mədəniyyətinə aid
Azıx (III təbəqə), Tağlar, Daşsalahlı, Qazma və Buzeyir düşərgələri aşkar
olunmuşdur.
Azıx mağarasının III təbəqəsində tədqiqatlar zamanı 3 mindən çox daş
məmulatı və 6 mindən artıq ovlanmış heyvan sümükləri tapılmışdır. Düşərgənin III
təbəqəsindən aşkar olunmuş daş məmulatının əksəriyyəti çaxmaq və şist daşlarından
hazırlanmışdır. Daş məmulatı arasında dəvəgözü daşından hazırlanmış əmək alətləri
də qeydə alınmışdır. Bu göstərir ki, Azıx düşərgəsində Mustye dövrü adamları əmək
alətləri hazırlamaqda üstünlüyü çaxmaq və şist daşlarına vermişlər. Bu, heç də
təsadüfi deyil. Qədim adamlar təcrübədə görmüşlər ki, çaxmaq daşından istənilən
formada əmək alətləri hazırlamaq olur və onlardan müxtəlif məqsədlər üçün istifadə
etmək əlverişlidir. Azıx Mustye düşərgəsi daş məmulatının elmi təhlili göstərir ki,
mağara sakinləri əmək alətlərinin bir hissəsini mağaranın özündə, digər hissəsini isə
53
kənarda hazırlamışlar. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx
mağarasında daim yaşamışlar.
Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin III təbəqəsindən ovlanmış
heyvan sümükləri tapılmışdır. Sümüklər içərisində çoxlu at, ibtidai öküz, vəhşi qulan,
Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvanların sümükləri qeydə
alınmışdır. Sümüklərin bəziləri daşlaşmışdır. Tapılmış sümük məmulatının
əksəriyyəti ocaqda yandırılmışdır. Bu da Azıx sakinlərinin həyatında Mustye
mədəniyyəti dövründə odun əsas yer tutduğunu göstərir.
Azərbaycan ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm abidə Tağlar
düşərgəsidir. Tağlar Mustye düşərgəsi özünün maddi mədəniyyət qalıqlarına,
stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın
Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Qarabağ ərazisində olub,
Quruçayın sol sahilində yerləşir.
1963-cu ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır.
Arxeoloji tədqiqat işləri nəticəsində düşərgədən 7 mindən artıq daş məmulatı və
qədim insanların ovladıqları 20 mindən çox heyvan sümükləri aşkar olunmuşdur.
Tağlar düşərgəsinin çöküntülərində altı mədəni təbəqə qeydə alınmışdır. I
təbəqədən orta əsrlər, tunc və eneolit dövrlərinə aid gil qab qırıqları tapılmışdır. II-VI
təbəqələrdən Mustye mədəniyyətinə aid maddi mədəniyyət nümunələri aşkar
olunmuşdur.
Daş məmulatı içərisində əmək alətləri, istehsal tullantıları və nukleus əsas yer
tutur. Daş məmulatının elmi tədqiqi göstərir ki, Tağlar mağarasının qədim sakinləri
əmək alətlərini əsasən düşərgədə hazırlamışlar. Əmək alətləri içərisində əsas yeri
levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Əmək alətlərinin əksəriyyəti
çaxmaq daşından hazırlanmışdır. Daş alətlər içərisində tək-tək bıçaq, dişli və gəzli
alətlər də qeydə alınmışdır.
Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar Mustye düşərgəsi
yeganə abidədir ki, burada yaşayış uzunmüddətli olmuşdur və tapılan əmək alətləri
zəngin tarixə malikdir.
Tağlar Mustye düşərgəsi daş məmulatının texniki və tipoloji tədqiqi zamanı
Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınmış və onlara Tağlar tipli əmək
alətləri adı verilmişdir. Həmin alətlər olduqca zərif hazırlanmış və bir neçə işlək ağıza
malikdir.
Tağlar mağarasının mədəni təbəqələrindən çoxlu ovlanmış heyvan sümükləri
də aşkar olunmuşdur. Bu göstərir ki, Mustye mədəniyyəti dövründə Tağlar
mağarasında yaşayan qədim insanların əsas fəaliyyəti ovçuluqdan ibarət olmuşdur.
Sümüklər həddən artıq çapıldığından əksəriyyətinin hansı heyvan növünə aid olmasını
təyin etmək qeyri-mümkündür. Təyin olunanlar isə ancaq ayrı-ayrı çənə və dişlərdən
54
ibarətdir. Sümüklər arasında maral, mağara ayısı, ibtidai at sümüklərinin qırıntıları
çoxdur.
Tağlar düşərgəsinin çöküntülərində çoxlu ocaq layları aşkar olunmuşdur. Bu
göstərir ki, qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Sümük
məmulatının əksəriyyəti ocaqda yandırılmışdır.
Tağlar düşərgəsinin maddi mədəniyyət qalıqları əsasında əmək alətlərinin
uzunmüddətli inkişafını və yeni-yeni əmək alətlərinin meydana gəlməsi
xüsusiyyətlərini öyrənmək olur. Aydındır ki, əmək alətlərinin inkişafı insanların
təkamülünün təzahürü idi. Məhz ona görə də əmək alətlərinin inkişafı tarixi insan
cəmiyyətinin, insanın özünün inkişaf tarixi deməkdir.
Tağlar mağarasında kompleks şəkildə elmi-tədqiqat işləri aparılmışdır. Burada
arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleocoğraflar, paleobotaniklər
və başqa elm sahələrinin mütəxəssisləri işləmişlər. Bu tədqiqatlar nəticəsində
düşərgənin arxeoloji tədqiqi ilə yanaşı düşərgə ətrafının və qonşu ərazilərin erkən
xvalın əsrindəki təbii iqlim şəraiti bərpa edilmişdir. Məlum olmuşdur ki, həmin
dövrdə Kiçik Qafqazın cənub-şərq hissəsində bütün müasir landşaft qurşaqları
mövcud olmuşdur.
Arxeoloji tədqiqatlar nəticəsində Tağlar Mustye düşərgəsində qədim insanların
90 min il bundan əvvəldən 35 min il əvvələ qədər yaşadıqları müəyyən olunmuşdur.
Eyni zamanda bütün Yaxın Şərq ərazisində Tağlar düşərgəsinin əsas mədəniyyət
mərkəzi olması və Tağlarda hazırlanmış əmək alətlərinin hələ Mustye mədəniyyəti
dövründə Yaxın Şərq ölkələri ərazisində yayılması aydın olmuşdur.
DaĢsalahlı mağarası. Mağara Qazax rayonu ərazisində Daşsalahlı kəndi
yaxınlığında yerləşir. Burada 1958-1959-cu illərdə arxeoloji qazıntı aparılmışdır.
Arxeoloji tədqiqatlar zamanı düşərgənin çöküntülərindən 300-dən artıq daş məmulatı
və ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Daş məmulatı içərisində əsas yeri
nüvələr, qaşov tipli alətlər, levallua və Mustye itiucluları tutur.
Düşərgədə fauna qalıqlarının tapılması qədim insanların burada ovçuluqla
məşğul olmasını göstərir. Maraqlıdır ki, mağarada ocaq yeri qeydə alınmışdır.
Dassalahlı düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji
xüsusiyyətlərinə əsasən burada Mustye mədəniyyəti dövründə qədim insanların
yaşadığını söyləmək olur.
Qazma mağarası. Mağara Şərur rayonu ərazisində olub, Tənənəm kəndi
yaxınlığında yerləşir. Mağara Qazma dərəsində olduğuna görə, ona Qazma adı
verilmişdir. Burada arxeoloji qazıntılar aparılmış və altı mədəni təbəqə qeydə
alınmışdır. I və II təbəqələrdən orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi
mədəniyyət qalıqları tapılmışdır. Düşərgənin aşağı təbəqələrindən isə daş dövrünə aid
əmək alətləri və 10 mindən artıq ovlanmış heyvan sümükləri aşkar olunmuşdur.
55
Qazma düşərgəsindən tapılmış daş məmulatı çaxmaq və dəvəgözü daşlarından
hazırlanmışdır. Əmək alətləri əsasən qaşov tipli alətlərdən və itiuclulardan ibarətdir.
Alətlər itiləyici dişəklə dişəklənmişlər. Daş məmulatı içərisində istehsal tullantılarının
qeydə alınması göstərir ki, qədim insanlar əmək alətlərinin bir qismini düşərgədə
hazırlamışlar. Qazma mağarasında aşkar olunmuş daş alətlərin hazırlanma texnikası
və tipologiyası əsasında burada qədim insanların Mustye mədəniyyəti dövründə
yaşadıqlarını söyləmək mümkün olmuşdur.
Qazma düşərgəsindən çoxlu sümük məmulatının tapılması göstərir ki, Mustye
mədəniyyəti dövründə Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutmuşdur.
Buzeyir mağarası. Mağara Lerik rayonu ərazisində Zuvand çayının sol
sahilində, Buzeyir kəndinin şərqində yerləşir. Mağara kəndin yaxınlığında olduğu
üçün ona Buzeyir adı verilmişdir. Buzeyir kəndi dağın döşündə, mağara isə Talış
dağlarının ən yüksək zirvəsində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə
yerləşir.
Buzeyir mağarasında aparılan arxeoloji qazıntılar zamanı beş təbəqə qeydə
alınmışdır. Üst təbəqələrdən orta əsrlər və tunc dövrlərinə aid maddi mədəniyyət
qalıqları tapılmışdır. Aşağı təbəqələrdən isə daş məmulatı və ovlanmış heyvan
sümükləri aşkar olunmuşdur. Daş məmulatının əsas hissəsini qaşov tipli alətlər və
itiuclular təşkil edir.
Buzeyir qədim insan düşərgəsindən aşkar olunmuş daş məmulatının texniki və
tipoloji xüsusiyyətlərinə əsasən onların Mustye-Son Aşel dövrlərində hazırlanmasını
söyləmək olur.
Buzeyir mağarası Lənkəran zonasında paleolit dövrünə aid tapılmış ilk qədim
insan düşərgəsidir. Əgər indiyə kimi bu ərazidə insanların yaşaması 10-15 min il
bundan əvvələ aid edilirdisə, yeni tapıntı paleolit dövrü adamlarının hələ 80-90 min il
bundan əvvəl burada yaşadıqlarını göstərir.
Üst paleolit. Uzun müddət davam etmiş Mustye mədəniyyətini Azərbaycanda
35-33 min il bundan əvvəl üst "paleolit" əvəz etmişdir. Arxeoloji tədqiqatlar zamanı
məlum olmuşdur ki, Azərbaycanda Üst Paleolit mədəniyyəti 35-12 minilliklər
arasında mövcud olmuşdur. Üst paleolitə keçid qədim insanların həyatında,
təsərrüfatında, həyat tərzində, ideologiyasında və əmək alətləri hazırlanmasında
mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə daşdan və sümükdən daha nəcib və
universal əmək alətləri hazırlanmışdır. Artıq bu dövrdən daş və sümüklər üzərində
işlənmiş incəsənət nümunələri meydana gəlməyə başlamışdır.
Üst paleolit dövründə prizmaşəkilli nukleuslardan, yeni texniki üsullarla
qoparılmış uzunsov bıçaqşəkilli çaxmaqdaşı lövhələrindən qaşov, qaşovcuq, tiyə, biz,
ucluq və s. kimi daş alətlər hazırlanırdı. Bu alətlərin çoxu sümük və ya ağac dəstəkli
(saplaqlı) olurdu. Daş alətlərlə yanaşı, sümükdən hazırlanmış biz, bıçaq, qarmaq,
56
süngü, iynə və s. alətlərdən də istifadə olunurdu. Son paleolit dövrü adamları əsasən
mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşayırdılar.
Üst paleolit dövrü incəsənəti xüsusilə diqqəti cəlb edir. Matriarxat dövründə
qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu qadın təsvirləri yaradılmışdır.
Son paleolit dövründə zəngin qəbir avadanlığına malik müxtəlif dəfn adətləri
olmuşdur. Bu dövrün adamları fiziki cəhətdən müasir insan formasında (neantrop,
kromanyon və s.) olmuşlar.
Respublikamızın ərazisində Üst Paleolit dövrünə aid maddi mədəniyyət
nümunələri Damcılı mağarasından, Yataq yeri və Zar açıq yaşayış yerindən aşkar
olunmuşdur. Damcılı mağarasının daş məmulatı içərisində Üst Paleolit dövrünə aid
qaşovcuqlar, kəsici alətlər, bizlər və bıçaq tipli alətlər qeydə alınmışdır. Alətlərin
əksəriyyəti çaxmaq və dəvəgözü daşlarından hazırlanmışdır. Damcılı düşərgəsinin
maddi mədəniyyət nümunələri qarışıq haldadır. Ona görə də ancaq tipoloji metod
əsasında əmək alətləri tədqiq olunmuşdur.
Ümumiyyətlə, Azərbaycanda hələlik Üst Paleolit mədəniyyəti olduqca zəif
öyrənilmişdir. Ona görə də respublikamızın ərazisində bu mədəniyyətin xarakterik
xüsusiyyətlərini geniş tədqiq etmək üçün arxeoloji material olduqca azdır.
Azərbaycanın Paleolit dövrü sakininin mənəvi aləmi haqqında. Erkən
tarixi dövrlərdə, xüsusilə ibtidai insan sürüsü mərhələsində Azərbaycan sakinlərinin
mənəvi aləmi haqqında bizim biliklərimiz çox azdır. Güman etmək olar ki, ibtidai
insan sürüsü mərhələsi qədim paleolit (çaydaşı və yaxud Olduvay mədəniyyətinə;
Azərbaycan ərazisində isə Quruçay mədəniyyətinə) və yaxud erkən (qədim) aşel
(abbevil) dövrünə təsadüf etmişdir.
Lakin həmin dövr Azərbaycan sakinlərinin məhz əmək alətlərinin nisbətən
mürəkkəb məcmusuna arxalanaraq təbiətdən fəal surətdə istifadə etmələri ilə
heyvanlardan xeyli dərəcədə fərqlənməsi şübhə doğurmur. Onlar məhv olmamaq, açıq
tipli məskənlərdə və mağaralarda həyatı davam etdirmək üçün ətraf mühitə yaxşıca
uyğunlaşmalı idilər. Şübhə yoxdur ki, onlar güclü idilər, yaxşı silahlanmışdılar və əqli
cəhətdən kifayət dərəcədə inkişaf etmişdilər.
Güman etmək olar ki, artıq erkən aşel dövründə (bu tarixi dövr güns-mindellə
və mindelin birinci yarısı ilə üst-üstə düşür, təxminən 700-400 min il bundan əvvələ
təsadüf edir) insan ilk universal əmək alətini - əl çapacağını yaratmışdır. Bu, eyni tip
əsasında və eyni üsullarla hazırlanmış ilk "standartlaşdırılmış əmək aləti" idi.
"Standartlaşdırılmış əmək aləti öz-özlüyündə qazıntı halında tapılmış
konsepsiyadır" [ Q . Ç a y l d ] , yəni mücərrədləşdirmənin heyvan üçün mümkün
olmayan yüksək səviyyəsini tələb edir, bu əmək alətini yalnız "tanıma", "təkrarlama"
və digər hərəkətlər əsasında əldə etmək mümkün deyildir.
Belə nəticə hasil olunur ki, "standartlaşdırılmış əmək aləti"ni hazırlamış fərddə
həmin alət haqqında mücərrəd təsəvvür vardı. Bu aləti hazırlayan insanın beynində
57
alətin hazırlanmasından əvvəl onun forması, nümunəsi mövcud idi. "Nümunənin
təsəvvürə gətirilməsi onun haqqında biliyin olması deməkdir, bu bilik isə cəmiyyət
tərəfindən mühafizə olunur və ötürülür" [Q. Ç a y 1 d ]. Əvvəllər bu "hal yox idi və
ola da bilməzdi. Bundan başqa, Qədim Aşel dövrünə aid olan əl çapacağının ritm
hissinin mövcud olduğunu təsdiqləyən səliqəli simmetriyaya malik olması təsdiq
etməyə imkan verir ki, həmin zamanın insanlarında artıq bəsit olsa da, ilk estetik
vərdişlər təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, eyni zamanda
gözəl əşyaların hazırlanmasına tələbat yaranmışdı. Beləliklə, işlək əllər ritmi
dəqiqliyin, həmahəngliyin və gözəlliyin ilk nümunələrini yaradırdı. Deməli, əmək
prosesinin özündə artıq emosional məqam vardı və sonralar incəsənətin rüşeymləri
həmin məqamdan başlanğıc aldı. Tədqiqatçılar belə hesab edirlər ki, əmək ritminin
ardınca rəqsin (bəlkə də mahnının), ritmik rəqslərin ardınca ornamentlərdə və sadə
rəsmlərdə xətlərin ritmik sıralanmasının meydana çıxması şübhəsizdir.
Aşağı Paleolit dövründə yaşamış insan artıq mağaralardan daimi yaşayış yeri
kimi istifadə etməyə başladı. Azıx mağarası bunun parlaq nümunəsidir. Yarandıqdan
sonra başlanğıc dövründə həmin mağarada zaman-zaman yaxın bölgələrin sakinləri
qərarlaşırdılar. Bu bölgələrdə onların dayanacaqları, ya da yurd yerləri mövcud idi,
həmin insanlar burada qərarlaşmış, müəyyən müddət ərzində mağarada yaşamış,
sonra isə güns-mindel dövründən başlayaraq yeni yaşayış yerində intensiv surətdə
məskunlaşmağa başlamışdır.
Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən yiyələnmiş, onu uzun
müddət ərzində mühafizə etməyi bacarmışlar. Mağarada aşkar olunmuş ocaq qalıqları
bunu təsdiq edir. Bu mağarada od bir neçə yüz min il bundan əvvəl alovlanmağa
başlamışdı.
F.Engels göstərirdi ki, odun mühafizə olunması məharəti "nəhəng, öz
əhəmiyyətinə görə demək olar ki, ölçüyə gəlməz kəşfdir". Od insanın nəinki həyatını,
habelə şüurunu da dəyişdirdi. Od nəhəng texniki və ictimai qüvvə olduğu üçün bu,
təəccüblü deyildir. Od insanın iqlimdən asılılığını aradan qaldırdı, insanın soyuqdan
və vəhşi heyvanlardan daimi olaraq, etibarlı şəkildə qorunması vasitəsinə çevrildi,
onun qidalanma mənbələrini genişləndirdi, əmək alətlərinin hazırlanmasında, ov
üsullarının inkişafında və s. mühüm rol oynadı. F.Engelsin ifadəsincə deyilsə, "odun
dərk olunması insanın təbiət üzərindəki ilk böyük qələbəsi idi".
Bütün digər cəhətlərdən başqa odun kəşfi, mühafizəsi və istifadəsi insanların
həyatında tamamilə yeni hadisə olan kəmiyyət-məkan münasibətlərinin dərk
edilməsində də bilavasitə özünü göstərdi. İnsan odu daim mühafizə etmək üçün onu
fasiləsiz surətdə müəyyən "paylarla" yanacaq ilə "qidalandırmalı", mövcud olan
"qidanı" günün tələblərilə uzlaşdırmalı, beləliklə, hesablamalar aparmalı idi... Və ola
bilər ki, heç də təsadüfi deyil ki, qədim əfsanələrdə göstərildiyi kimi, Prometey
insanlara odu bəxş edərkən onlara hesablamalar aparmağı öyrətmişdi. Tədqiqatçılar
58
belə hesab edirlər ki, artıq indi bu süjetin pitekantrop dövrünə gedib çıxa bilməsi
haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır.
Qeyd etmək olar ki, artıq uzaq erkən Aşel dövründə "ibtidai insanların
şüurunda forma (Qədim Aşel dövrünə aid olan əl çapacağını xatırlayaq, çapacağın
hazırlanması üçün insan onun haqqında, ilk növbədə, onun forması haqqında
mücərrəd təsəvvürə malik olmalı idi - məsul red.), ölçü (odun yanma müddətinə və
yanacağın miqdarına dair situasiyanı xatırlayaq. - məsul red.) haqqında ən sadə
təsəvvür meydana gəldi və şüur say haqqında təsəvvürün ərəfəsində dayanmışdı"
[ F . A . F r o l o v ] .
Pitekantroplar erkən aşel mədəniyyətinin yaradıcıları idilər. Onlar təşəkkül
tapmaqda olan insanlar sırasında ən qədimlərindən olmuş və elmi ədəbiyyatda
"arxantroplar" kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında
yeni, əvvəlki dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək səviyyə idi. Şübhə
ola bilməz ki, Azıxın erkən aşel mədəniyyətinin yaradıcıları da artıq təfəkkürə və
təşəkkül tapmaqda olan nitqə, habelə mənəvi mədəniyyətin müəyyən elementlərinə
malik idilər.
İnsanın və onun mədəniyyətinin inkişafındakı bu tərəqqi cəmiyyətin, xüsusilə
əməyin uzunmüddətli inkişafının nəticəsi idi. Əmək prosesində insanın özünün
mahiyyətində, onun hissiyyat orqanlarında, qabiliyyətində, təfəkküründə, nitqində,
aləmi dərk etməsində və s. mütərəqqi dəyişiklik baş verirdi. Bu dəyişiklik artıq
insanın və insan cəmiyyətinin inkişafının erkən mərhələlərində - erkən aşel
mərhələsində baş verməkdə idi.
Orta Aşel mərhələsindən başlayaraq (mindelin sonu və mindel-rissin birinci
yarısı - təxminən 400 min il əvvəl) son aşel mərhələsinədək (rissin sonu və riss-
vyurmun başlanğıcı - təxminən 100 min əvvəl) olan zaman Azərbaycan sakinlərinin
həyatında müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur.
Azıx mağarasının Orta Aşel mərhələsinə aid olan təbəqəsi yalnız əmək alətləri
ilə deyil, həm də Azıx insanının mənəvi inkişafı haqqında danışmaq imkanı yaradan
materiallarla kifayət qədər zəngindir. İlk növbədə qeyd etmək lazımdır ki, artıq Orta
Aşel mərhələsinin başlanğıcında Azərbaycanda arxantroplardan paleoantroplara keçid
təşkil etmiş insan yaşamışdır. Bu insan arxantroplara nisbətən daha sapiental idi və
preneandertallara və yaxud, bizim elmi ədəbiyyatda qəbul edildiyi kimi,
azıxantroplara aid oluna bilər. Azıxantrop təxminən 400 min il bundan əvvəl
yaşamışdır.
Güman etmək olar ki, insanın fiziki tipində həmin zaman nəzərə çarpan
dəyişikliklər onun təkamülündə təxminən 200 min il bundan əvvəl mühüm dönüş -
paleoantropların, xüsusilə neandertalların meydana gəlməsi ilə başa çatmış prosesin
başlanğıc mərhələləri idi. Əgər bu zamanadək insanın təkamülü ləng gedirdisə, bu
dövrdən etibarən həmin proses əhəmiyyətli dərəcədə sürətləndi və böyük irəliləyiş
59
üçün zəmin hazırladı: 30-35 min il bundan əvvəl müasir fiziki tipə malik olan insan
meydana gəldi. Beləliklə, aşel mərhələsinin ikinci yarısının materialı Azıx
sakinlərinin mənəvi həyatındakı əhəmiyyətli uğurlardan danışmaq imkanı yaradır.
Ayı kəllələrinin yığıldığı xəlvətxana - gizli yer (kəllələrdən birinin üzərində
xüsusi çərtmələr vardır), qədim yaşayış yeri və ocaq Aşel dövrünün ikinci yarısına aid
olan təbəqədə aşkar edilmiş, hələ xeyli müddət ərzində müxtəlif fərziyyələrin irəli
sürülməsinə imkan verəcək ən mühüm kəşflərdir.
Azıx mağarasının nəzərdən keçirilən dövrə aid olan təbəqəsində müxtəlif
quruluşlu ocaqların bir çox qalıqları aşkar edilmişdir. Bu tapıntılar qəti şəkildə təsdiq
edir ki, od azıxantropun həyatına qəti surətdə daxil olmuşdur.
Mağara ayılarından birinin Azıx mağarasının xüsusi, gizli bir guşəsində
mühafizə olunmuş kəlləsi təsdiq edir ki, 300 min il bundan öncə say və hesablama
azıxantropa məlum idi. Bu kəllə üzərində mişarabənzər, daş əşya ilə xüsusi olaraq bir
sırada paralel şəkildə 7, yuxarıda isə çəpəki şəkildə 1 çərtmə edilmişdir. Bu halda
hesablamanın vahidləri bizim qarşımızdadır. Yeri gəlmişkən, oykumenanın bir sıra
bölgələrindən aşkar edilmiş qrafikada əks olunmuş nişanlı qurmaların bizə məlum
olan on erkən nümunələri məhz aşel dövrünün ikinci yarısına - təxminən 300 min il
bundan əvvələ aiddir. Fransanın cənubundakı II Peş de l'Aze (Dordon) adlı yaşayış
yerindən tapılmış öküz qabırğasının fraqmenti və Türingiyanın Biltsinisleben adlı
yerindən aşkar edilmiş 2 böyük olmayan sümük bu cür nümunələrdir.
Tədqiqatçıların böyük əksəriyyəti bu cür çərtmələri insanın öz fikirlərini təsvir
etməyinin və qeydə almağının ilkin cəhdlərinin, xüsusilə əvvəllər məlum olmayan
ünsiyyət üsulu kimi ilkin qrafikanın yaranmasının təsdiqi kimi qəbul edir. Bu
prosesdə informasiya bu və ya digər cisimlər üzərində qeydə alınmağa başlanmışdı.
Lakin güman etmək olar ki, bu işarələr yalnız hesablama vahidləri deyildilər. Bəzi
tədqiqatçılar belə hesab edirlər ki, burada təşəkkül tapmaqda olan nitqin qrafik
cəhətdən qeydə alınmasının, yazıdan əvvəlki tarixi mərhələ ilə müəyyən əlaqəsi olan
ilkin təcrübələrinin göz qarşısında olduğuna yəqinlik hasil etmək olar.
Bu barədə danışarkən K.Marksın mühüm nəzəri nəticələrini xatırlamaq
lazımdır: "Məlumdur ki, hissiyyatla təfəkkür arasında tərəddüd edən əqlin ilk nəzəri
fəaliyyəti hesablama idi". K.Marks hesab edirdi ki, "hesablamaq üçün yalnız
hesablanacaq əşyalara malik olmaq deyil, bu əşyaların nəzərdən keçirilməsi zamanı
artıq onların sayından başqa bütün digər keyfiyyətlərini sərf-nəzər etmək
qabiliyyətinə də malik olmaq lazım idi, bu qabiliyyət isə təcrübəyə əsaslanan,
uzunmüddətli tarixi inkişafın nəticəsidir".
Azıx mağarasında aşkar olunmuş ayı kəlləsinin üzərində bir neçə çərtmə
edilmişdir. Həmin çərtmələrdən 7-si paralel şəkildədir. Bir çox tayfalarda və xalqlarda
7 rəqəmi məşhurdur, "ecazkar"dır... Daha erkən tarixi dövrlərdən Qədim Şərqə, antik
dünyaya və hətta orta əsrlərədək 7 rəqəmi insanların fikrində Zaman, Məkan, Kosmos
60
haqqındakı təsəvvürlərlə əlaqədar olaraq xüsusi yer tutmuşdur. Biz bununla bağlı
olaraq şumerlərin məşhur "yeddiliyini" yada sala bilərik. Şumerlər 7 rəqəmi ilə Kainat
haqqında ideyanı da ifadə edirdilər. Məşhur Şumer zikkuratının 7 pilləsi, 7 "planetə",
həftənin 7 gününə, 7 böyük tanrıya, 7 küləyə, yeraltı səltənətin 7 darvazasına və s.
uyğun gəlirdi. Deyilənlərlə bağlı olaraq hindlilərdə Kainatın 7 sferini, insanda
mövcud olan 7 fəal başlanğıcı, Ruhun və Materiyanın 7 qütbünü və s. xatırlamaq olar.
Dünyanın Allah tərəfindən 7 gün ərzində yaradılması, Bibliyadakı 7 günlük
umumdünya subasmaları, bir çox tayfaların və xalqların miflərində, əfsanələrində,
nağıllarında, astroloqların, kimyagərlərin əsərlərində xatırlanan məşhur "yeddiliklər"
və s. də bu qəbildəndir.
"Yeddiliyin" ecazkar xarakteri insan psixikasının fundamental sabitliyi ilə, əməli
yaddaşın, diqqətin, mütləqqiyyətlərin həcminin hədli mənaları ilə bağlıdır. İnsan
haqqındakı müxtəlif elmlərin bir çox məlumatları təsdiq edir ki, insan psixikasının
"buraxıcılıq qabiliyyəti" 7 birölçülü vahidlə məhdudlaşmışdır.
Bu yaxınlarda Ayın müşahidəsi, onun fazalarından birindən zamanın (7 günün)
ayrılması əsasında paleolit dövründə "7 ritmi"-nin, sonra isə "ecazkar yeddiliyin"
yaranması haqqında fərziyyə irəli sürülmüşdür.
Ay gözlə yaxşı müşahidə olunan, Yerə ən yaxın səma cismidir. O, Yer ətrafında
dövri surətdə təkrar olunan hərəkəti zamanı görünüşü etibarilə mühüm dəyişikliklərə
məruz qalır. Ayın görünüşünün dəyişməsinin sərhədləri yaxşı nəzərə çarpır və düşünən
varlığın diqqətini özünə cəlb etməli idi. Yeni Ayın çıxmasından sonra Ayın birinci
dörddə biri təxminən 7 gündən sonra aşkara çıxır, onun ikinci dörddə biri isə təxminən
14 gündən sonra zahirə çıxır və s.
Ayının kəlləsində çərtilmiş yeddilik azıxantropun bir çox yüzminilliklər
bundan öncə qədim kosmologiyanın beşiyi başında durduğunu təsdiq etmirmi?!
Lakin şübhəsizdir ki, ayı kəlləsi üzərində olan, ritm hissini nəzərə çatdıran çərtmələr
həm də Azıx insanının təsviri incəsənət fəaliyyətinin nümunələrindən biridir. Bu çərtmələr
Aşağı Paleolit dövrünün insanında nəinki ilkin hesablama əməliyyatlarının, habelə
incəsənətin başlanğıcının meydana gəldiyini təsdiq edir. Qeyd-şərtsiz təsdiq etmək olar ki,
bu, incəsənətin yaranmasına və mücərrəd təsəvvürlərin məntiqinə doğru həlledici addım
idi.
Beləliklə, Aşağı Paleolit dövründə hesablama haqqında məsələ incəsənətin
yaranması və ilkin məzmunu problemləri ilə bilavasitə əlaqədardır: bu, halda söhbət ilk
rəssamların şüurunun mücərrədləşdirmə fəaliyyətinin səviyyəsi haqqında gedir.
,
:
Hazırda artıq Aşağı Paleolit dövründə bədii yaradıcılığın yetişməkdə olduğu
haqqında fikir şübhə doğurmur. Azıxda aşkar edilmiş material bunun daha bir
təsdiqidir.
Azıx mağarasında 4 ayı kəlləsinin saxlandığı xüsusi, gizli guşənin olması faktı
fövqəladə dərəcədə maraqlıdır. Müxtəlif heyvan kəllələrinin xüsusi şəkildə qoyulduğu
61
gizli guşələr dünyanın bir çox bölgələrində də tapılmışdır. Draxenlox (İsveçrə),
Zaltsofen (Avstriya), Klyuni, Le Furten, Reqardu, Lazaret (Fransa), Petersxel (AFR)
Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda
aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş obyektləri içərisində
ən qədimrindən biridir. Azıxda tapılmış ayı kəllələrinin heç birində çənə hissəsi yoxdur.
Gizli yerlə tanışlıq həyata keçirilmiş əməl arxasındakı təsəvvürlər aləmini bizim
qarşımızda canlandırır. Qeyd-şərtsiz demək olar ki, bu, məqsədyönlü, şüurlu və əlbəttə,
qeyri-utilitar insan fəaliyyətinin nəticəsidir.
Azıxda təsdiqlənmiş "kəlləyə sitayiş" faktı Cənubi Qafqaz sakinlərində ətraf
mühitin hadisələri haqqında ən erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını
göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri, din meydana gəldi. Kəllə
"yığınları" (və ümumiyyətlə heyvan sümükləri) totemizmin, hər halda onun
rüşeymlərinin meydana gəldiyini göstərir.
Bütün bu göstərilənlər, Aşağı Paleolit dövründə Azərbaycan sakininin
təfəkküründə, baxışlarında, zövqündə və həyat fəaliyyətində köklü irəliləyiş demək idi.
Aşel dövrünün ikinci yarısında mağarada möhkəm məskən salmış azıxantroplar
orada süni mühit yaradırlar. Azıx mağarasının aşel təbəqəsində ocaqlardan birinin
yanında süni hasarın - dairəvi daş tikilinin qalıqları aşkar edilmişdir. Beləliklə, 300 min il
bundan əvvəldən də öncə azıxantrop özü üçün yaşayış yeri qururdu. Son zamanlar
oykumenanın müxtəlif bölgələrində, xüsusilə Fransada süni yaşayış yerlərinin bir çox
qalıqları (onların arasında Aşel dövrünə aid olanları da vardır) tapılmışdır.
Aşeldən sonrakı Mustye dövrü adətən oykumena miqyasında keyfiyyətcə yeni,
qədim insanların həyatında əvvəlki zamanla müqayisədə daha yüksək mərhələ kimi
səciyyəvidir. Məhz bu səciyyəvilik bir çox tədqiqatçılara həmin tarixi mərhələni xüsusi
dövr - Orta Paleolit dövrü kimi (əhəmiyyətinə görə son paleolitə bərabər olan dövr)
ayırmaq hüququnu verir. Digər tədqiqatçılar bu cür yanaşmaya etiraz edərək hesab edirlər
ki, Son Aşel dövrü ilə ilk Mustye arasındakı fərq mərhələ səciyyəsi daşımır. Lakin ikinci
baxışın tərəfdarlarının müddəalarına baxmayaraq, bütövlükdə insanların neandertal növü
(ilkin neandertallar istisna olunmaqla) Mustye dövrünə təsadüf etmişdir. Artıq Mustye
dövründə sürü münasibətləri arxada qalmış, ibtidai icma quruluşu (nəsli cəmiyyət)
təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdır. İndiyədək tədqiqatçıları
məşğul edən neandertal qəbirləri həmin dövrdə ümumilik münasibətlərinin
qərarlaşmasını təsdiq edən faktlardır.
Neandertal qəbirləri ilk növbədə neandertalların kollektiv birliyi, qarşılıqlı
sosial əlaqəni dərk etdiklərini təsdiq edir. Bu, qarşılıqlı yardım institutunun
yarandığını, icma üzvlərinin bir-birinə qayğısını göstərir. Bu, "neandertalların ibtidai
icmasını möhkəmləndirən əlaqələrin sabitliyini və gücünü təsdiq edən"
[ A . P . O k l a d n i k o v ] parlaq göstəricidir. Güman etmək olar ki, Mustye dövrü
yeni ictimai təşkilatın - tayfanın yaranması zamanı olmuşdur. Hər halda həmin dövrdə
62
bir növ "tayfa ərəfəsi" birləşmənin mövcudluğu şübhəsizdir. Bu birliyin əsas tərkib
hissəsini böyük kollektiv təşkil edirdi. Güman etmək olar ki, bu kollektiv bir neçə
nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi.
Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəriyyət
tarixində ilk dəfə olaraq öz yaxınlarını dəfn etmiş insanların baxışlarından xəbər verir.
Nəhayət, bu qəbirlərdən aydın olur ki, insanlar artıq meyitdən törəyə biləcək konkret
təhlükəni əməli surətdə dərk etmişdilər.
Mustye haqqında yuxarıda deyilmiş fikirlər oykumenanın müxtəlif
bölgələrindən əldə olunmuş materiallara əsaslanan ümumi səciyyəli məlumatlardır.
Təəssüf ki, Azərbaycan materialı bu baxımdan bizə çox az məlumat verir. Lakin insan
cəmiyyətinin inkişafının başlıca qanunlarının ümumiliyini, qlobal xarakterini,
sosiogenezin ümumi istiqamətini, insan həyatı modelinin universallığını, bu və ya
digər mərhələ üçün səciyyəvi olan, insan yaşayışının müxtəlif bölgələrində mövcud
olmuş səciyyəvi cəhətlərin bir çoxunun Azıx mağarasında təsdiqlənməsi kimi mühüm
bir halı nəzərə alaraq neandertalın mənəvi aləminin mənzərəsini Azərbaycana da aid
etmək mümkündür.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda Mustye dövrü Azıx, Tağlar,
Daşsalahlı, Damcılı və Qazma mağaralarında nisbətən yaxşı təmsil olunmuşdur. Bu
dövr təxminən 100-80 min il bundan əvvəl başlanmışdır.
Levallua texnikası müxtəlif daş əmək alətləri ilə zəngin olmuş Mustye
dövrünün ən böyük texniki nailiyyətidir. Bu nailiyyət daşın emalı üsullarında əsil
inqilab idi. Texnikanın inkişafı daşın istifadəsinin və emalının çox yüksək səviyyəsinə
(levallua texnikasına) getirib çıxarmışdı.
Mustye dövründə nizə və cidaların daşdan hazırlanmış ucluqları meydana
gəldi. Ovçuluq təsərrüfatı xeyli mürəkkəbləşdi və yüksək inkişaf səviyyəsinə çatdı.
İnsan kollektivlərinin qida ilə təminatı ölçüyəgəlməz dərəcədə artdı.
Nəinki yaxın bölgələrin, habelə bir-birindən kifayət qədər uzaq olan ərazilərin
sakinləri arasında əlaqələrin genişlənməsi, həmin qarşılıqlı əlaqələrin tədricən
fəallaşması Mustye dövrünün mühüm xüsusiyyətidir. Məsələn, Tağlar mağarasının
materialı bunu göstərir. Həmin material onun həmin "Şərq düşərgə"ləri ilə bənzəyişi,
habelə Araz çayından cənubda yerləşən, Zaqros zonasını da özündə ehtiva edən
ərazilərin Mustye mədəniyyətləri ilə qeyd-şərtsiz əlaqələri barədə də danışmağa
imkan verir.
Cənubi Qafqazın və Şərqi Avropa düzənliyinin cənub hissəsinin, habelə
Qədim Şərq bölgələri sakinlərinin arasında son paleolit dövründə müəyyən əlaqələr
olduğunu bu uzaq məskənlərdə Qafqaz obsidianının tapılması təsdiqləyir. Cənubi
Qafqazın qədim yaşayış yerlərində Qırmızı dəniz mənşəli balıqqulağıların və s. aşkar
olunması faktı da bunu sübut edir. Yalnız zəngin mənəvi aləmə malik olmuş insan
uzunmüddətli miqrasiyalar edə bilərdi.
63
Qeyd etmək lazımdır ki, artıq çox qədim zamanlarda Qafqaz bərzəxi insanların
tropik iqlimə malik olan ilkin vətəndən -Afrikadan Avropanın mülayim iqlim
qurşağına hərəkət etməsi üçün şərait yaratmış körpülərdən biri idi. Daha sonrakı
zamanlarda da xeyli insan kütləsinin dəfələrlə bu ərazi ilə hərəkəti baş vermişdir.
Ali heyvanların və insanın genetikası və psixofiziologiyası sahəsindəki ən yeni
kəşflər miqrasiya kimi fövqəladə dərəcədə maraqlı olan halın anlaşılmasına açar ola
biləcəkdir. Tədqiqatlar göstərmişdir ki, digər ali məməlilər kimi insanlığın ayrı-ayrı
nümayəndələrinə də yeniyə, tanış olmayana meyil xasdır. Mütəxəssislər bu hadisəni
"azadlıq refleksi" adlandırırlar. Bu, məchulun mahiyyətinə varmaq üçün
qarşısıalınmaz meylə tələbatdır. Bu fenomenin irsən ötürülməsi artıq çox qədim
zamanlarda məchula doğru bu cür anadangəlmə meylə malik olan xeyli insan
qruplarının meydana gəlməsinə gətirib çıxara bilərdi. Ola bilər ki, artıq ən qədim
zamanlarda Azərbaycan ərazisində ən azı iki başlıca avropoid antropoloji tipinin
yaşaması, yazılı mənbələrdən adları bəlli olan bir neçə dildə danışan tayfaların
mövcud olması səbəbini məhz deyilənlərdə axtarmaq lazımdır.
Şübhəsizdir ki, bir çox nəsillərin "azadlıq refleksi"ni, yenilik zövqünü
toplaması onların mədəniyyətinə xüsusi dinamiklik və çeviklik gətirirdi. Ən erkən
tarixi mərhələlərdən başlayaraq antik dövrədək Azərbaycanda mövcud olmuş bir çox
parlaq mədəniyyətlər bunu aydın şəkildə təsdiq edir.
Azərbaycanda yuxarı paleolitin yaxşı öyrənilməməsinə baxmayaraq,
göstərmək lazımdır ki, Mustye ilə son paleolit arasındakı hədd xüsusilə vacib və
mühüm hədd kimi qiymətləndirilməlidir. Bu zaman, təxminən 30-35 min il bundan
əvvəl müasir tipli insan - Nomo Sapiens ("dərrakəli insan") meydana gəlmişdir.
"Dərrakəli insan"ı neoantrop (yeni insan) da adlandırırlar.
Bu zamandan etibarən təbii seçmə özünün forma əmələgətirici rolunu qəti
surətdə itirdi (bunun nəticəsində insanın fiziki tipinin dəyişməsi prosesi dayandı),
təbii seçmənin yerini isə ictimai qanunauyğunluqlar tutdu.
Beləliklə, hər bir yeni mərhələdə mənəvi aləmi zənginləşən qədim Azərbaycan
sakinləri Paleolit dövrü ərzində təbiəti öz məqsədlərinə xidmət etməyə vadar edir,
tədricən təbiət üzərində hökmranlıq etməyi öyrənirdilər.
64
II FƏSİL
Dostları ilə paylaş: |