Ev sənətkarlığı. Eneolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və
sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal
sahələri inkişaf edir. Burma və cilalanma texnikası tətbiq olunur. Ağacişləmə
sənətinin inkişafı ilə əlaqədar daş baltaların cilalanması və itilənməsi geniş yayılır.
Daş baltalar vasitəsilə toxa və bir çox başqa alətlərə sap hazırlanırdı. Daş toppuzların
cilalanması və onlarda dəstək yerinin deşilməsi təcrübə və ustalıq vərdişi tələb edirdi.
80
Ağstafanın Aşağı Göycəli kəndində Töyrətəpə eneolit yaşayış yerində bir otaqda
döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o
cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı
tapılmışdır. Oradaca doqquz sümük toxa, maral buynuzundan ikideşikli boru, sümük
qaşıq, beşdişli oraq, iki dən daşı və qaşıqvari sümük əşya var idi. Bu otaq, çox güman
ki, sümük və başqa məmulat hazırlanan emalatxana olmuşdur. Dəri işləmə və dəri
məmulatı hazırlama peşəsi də inkişaf etməkdə idi. Bir qayda olaraq dövrün yaşayış
yerlərində külli miqdarda sümük bizlər tapılır. Bunlar isə dəridən paltar, ayaqqabı və
başqa əşyaların geniş istehsalını sübut edir. Əliköməktəpədən tapılan boğazlı çəkmə
formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə
imkan verir.
Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq
peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına və çox zərif parça izlərinə
rast gəlinmişdir.
Eneolit dövrü əhalisi daha çox qamışdan həsir, səbət və başqa məmulat
hazırlayırdı. Evlərin döşəmələrində tez-tez həsir qalıqlarına rast gəlinir. Bəzən
ölülərin də həsirə bükülməsi halları müşahidə olunmuşdur. Oturacaqlarında toxuma
izləri qalmış gil qablara A
Z
ərbaycanın bir sıra rayonlarında rast gəlinmişdir.
İstehsaledici təsərrüfatın yaranma və inkişafı dövründə ev sənətkarlığında
dulusçuluq xüsusi yer tuturdu. Əhalinin artmaqda olan tələbatı gil qab istehsalını
çoxaltmaq zərurətini doğururdu, bu isə təbii olaraq xüsusi dulus kürələrinin
hazırlanmasına səbəb olurdu. Belə kürələrin qalıqları I Kültəpədə, Şomutəpədə,
İlanlıtəpədə, Əliköməktəpədə, Çalağantəpədə aşkar olunmuşdur. İkiyaruslu kürələrin
varlığı da müəyyən edilmişdir. Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda
isə gil qablar qoyulurdu. Yanacaq kamerasının külfələri və damındakı gözlər
vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq,
həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi.
Qablar əldə hazırlanırdı, formaca onlar məhdud, əsasən, qalındivarlı, kobud
işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində
qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. Yalnız Əliköməktəpə yaşayış yerində
adi qulpları olan kuzələr əldə edilmişdir.
Şərqi Zaqafqaziya dulusçuluq sənətində iki müstəqil zonaya ayrılır. Onlardan
biri Kür vadisini, onun orta axınını, o biri isə cənub düzən rayonlarını əhatə edir.
Kür vadisinin qabları bir qayda olaraq qısa dabanlı, rəngləri tutqun, qonur,
üzərləri yüngülcə sığallı və yapma konusvari, qabarıq yapma xətlər və fiqurlarla
bəzədilmişdir. Gilin tərkibinə qum, daş və saxsı xəkəsi qatılmışdır. Zaqafqaziyanın
cənub rayonlarının saxsı məmulatı isə geniş oturacaqlı, açıq qırmızı rəngli, gilində
bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən
yapma bəzəklərə rast gəlinir.
81
Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər
müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin
dulusçuları yüksək ustalığa nail olub, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı
qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz yaşayış yerindən əldə
edilmişdir.
Eramızdan əvvəl IV minilliyin birinci yarısında gil qabların hazırlanmasında
fırlanan primitiv dəzgahdan istifadə olunması Azərbaycanın dulusçu sənətkarlığında
tamamilə yeni mərhələ idi. Qablar yüksək keyfiyyəti, çox müxtəlifliyi ilə seçilir.
Ağdam rayonunda Leylatəpə yaşayış yerindən alınan məlumata görə, bu dövrün
qabları dairəvi planlı ikiyaruslu dulus kürələrində bişirilirdi. Eneolit dövrünün daha
qədim yaşayış yerlərinin dulus kürələri isə uzunsov oval formada olmuşdur.
Zaqafqaziyanın Eneolit dövrü əhalisinin metalla tanışlığı barədə tapılmış mis
əşyalara görə mühakimə yürütmək olar.
Qazax rayonunun Qarğalartəpəsi yaşayış yerindən mis lövhədən hazırlanmış
muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə
üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir.
Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin
ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki
muncuq və üç naməlum əşya qırığı əldə edilmişdir. Leylatəpə yaşayış yerindən isə
daha çox metal, o cümlədən mismərgmüşnikel qatışıqlı əşya, ən başlıcası isə,
Qafqazda metal əritməyə aid ən qədim maddi qalıqlar tapılmışdır.
Əlaqələr. Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön
Asiyanın qonşu rayonları ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. Mərkəzi
Zaqafqaziyanın ən qədim yaşayış yerlərində dairəvi planlı kərpic tikililər inşaatda
ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş,
yayılmışdır. Dairəvi planlı çiy kərpic memarlığını Yaxın Şərqdə yayan Xalaf
mədəniyyəti qəbilələri olmuşdur.
Xalaf qəbilələrinin tarix səhnəsinə çıxması ilə Ön Asiyada əlaqələr, etno-
mədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir.
Zaqafqaziyanın, o cümlədən Azərbaycanın eneolit qəbilələrinin dairəvi planlı
tikililəri ilə Xalaf qəbilələri tikililəri arasındakı münasibəti konkret izah etmək
çətindir. Ancaq güman etmək olar ki, həmin regionların inşaatında yeni formalı
tikililərin geniş yayılması müəyyən qarşılıqlı əlaqələrin nəticəsində mümkün
olmuşdur.
Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya
qəbilələri arasında əlaqələr bütün Eneolit dövrü ərzində olmuşdur. Belə ki,
Naxçıvanın Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın
Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf
çölməkləri tapılmayıbdır.
82
Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV
minilliyin
əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd
boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də
Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində
Azərbaycan Obeyd qəbilələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların
diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı
Leylatəpədə memarlıq formaları, dulusçuluq kürələri, dulus məmulatı bu ərazidə
əsrlərlə davam edən yerli mədəniyyətdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər
(iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali
Mesopotamiyanın, məsələn, 3-cü Yarımtəpə Obeyd yaşayış yerində eyni ilə təkrar
olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ
düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri
qoymur.
Eneolit dövründə əlaqələrin istiqaməti tək Mesopotamiya ilə bitmirdi.
Arxeoloji materiallar Azərbaycanın şərq və cənub vilayətlərlə əlaqələrini
müəyyənləşdirməyə imkan verir. Bu cəhətdən bəzək əşyalarının xüsusi əhəmiyyəti
vardır. Kültəpə və Çalağantəpə qəbirlərində bəzi daş növlərindən hazırlanmış
muncuqlar, şəksiz, buraya gətirilmədir. Firuzə daşından muncuqlar bu qəbildəndir.
Firuzə daşı qədimdə Əfqanıstan və Şərqi İrandan Ön Asiyanın bir çox rayonlarına
yayılırdı.
Kültəpə, Çalağantəpə və başqa yaşayış yerlərinin sakinləri sümükdən və
daşdan bəzək hazırlama məharətinə malik idilər. Ancaq bəzi qəbirlərdən mindən artıq
muncuğun tapılması onların qonşu ölkələrdən mübadilə məqsədi üçün gətirilməsini
söyləməyə əsas verir. Çalağantəpədə bir uşaq qəbrindən tapılan iki mindən artıq
muncuğun 1580 ədədi sədəfdən düzəldilmişdir. Başqa qəbirlərdə də belə, həm də
qara, boz rəngli bərk daşdan çox zərif işlənmiş cilalı muncuqlara rast gəlinmişdir.
Görünür, harada isə cənubda, dənizsahili rayonlarda mübadilə üçün sədəfdən külli
miqdarda muncuq hazırlanırmış.
Eneolitin son dövründə Azərbaycan qəbilələri Ön Asiyanın qonşu rayonlarının
əhalisi ilə nisbətən intensiv əlaqələrdə olmuşdur. Mövcud əlaqələr bəzən
Mesopotamiyadan Azərbaycana ayrı-ayrı qəbilə qruplarının köçməsinə gətirib
çıxarırdı.
Ġctimai münasibətlər. İbtidai icma quruluşunun, o cümlədən erkən əkinçilik
dövrünün əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edirdi.
Azərbaycanda erkən əkinçi cəmiyyətinin quruluşunu aydınlaşdırmaq üçün əsasən
arxeoloji dəlillərə, o cümlədən məişət və dəfn abidələrinə müraciət edilir. Dövrün
yaşayış məskənləri təsərrüfat-məişət komplekslərindən ibarət tikililərin sıxlığı ilə
səciyyələnir. Yaşayış otağı, ərzaq anbarı və həyətyanı sahələrdən ibarət belə
komplekslər arakəsmə, kərpic divarlarla bir-birindən ayrılır. Bu komplekslər sosial-
83
iqtisadi inkişafın müəyyən mərhələsində yaranır. Görünür, onlar cüt nikah əsasında
qurulmuş ailə ilə bağlıdır. Belə ailə özünün mənzil, anbar və həyətyanı sahəsini
ayırmaq labüdlüyünü doğurur. Belə cüt nikah ailələr həmin dövrün cəmiyyətinin
ictimai əsasını təşkil edirdi. Bir neçə ailə təsərrüfatla birgə məşğul olur: taxıl tarlaları,
mal-qara və otlaqlar icmanın himayəsində idi. Birgə görülən iş və birgə istifadə
olunan hər şey ümumi mülkiyyəti təşkil edirdi. Lakin kollektiv təsərrüfatın məhsulu
beş-yeddi üzvdən ibarət ailələr arasında illik pay kimi bölünürdü. Ailədə kişi
rəhbərliyi özünə mövqe qazanır. Bununla belə, erkən əkinçilik cəmiyyətində qadının
hörməti və xüsusi mövqeyi var idi. Zaqafqaziyanın eneolit məskənlərindən yalnız
bəziləri nisbətən böyük sahəyə malikdir. Onlarda sayca çox olan kollektiv yaşayırdı.
Görünür, belə kollektivləri başında ağsaqqallar şurası duran icma təşkilatı idarə
edirdi. Onun təsir dairəsində məhdud ərazidə iri məskənlər ətrafında yerləşən bir neçə
əkinçi məntəqəsinin daxil olması ehtimalını söyləmək olar.
Erkən əkinçilərin dəfn abidələri sosial ayrılmaların zəif mərhələsini əks etdirir.
Ancaq ərazisi Kültəpə və Çalağantəpə yaşayış yerlərində tədqiq olunan bəzi
qəbirlərdə nisbətən zəngin materiallara rast gəlinmişdir. Erkən əkinçilik
mədəniyyətinin inkişafı dövründə daş toppuzların yayılması diqqəti cəlb edir.
Zaqafqaziyada onlar həm yaşayış yerlərinin materialı içərisində, həm də tək-tək
qəbirlərdə tapılmışdır. Xüsusi daş növlərindən hazırlanmış və səylə cilalanmış bu
əşyalar hakimiyyət rəmzi kimi görünür, ağsaqqal və ya nəsil başçılarına mənsub
olmuşdur.
Yerli cəmiyyətin ictimai həyatında nəzərə çarpan mürəkkəbləşmə sonrakı, İlk
Tunc dövründə baş verir - patriarxal münasibətlər möhkəmlənir, hakimiyyət qəbilə
başçılarının əlində cəmləşir.
Ayinlər, etiqad. Dəfn adətləri, heyvanların əhliləşdirilməsi, dənli bitkilərin
becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində bu dövrdə ibtidai insanın
dərketmə qabiliyyəti xeyli artır – və yeni ayinlər yaranır, dil zənginləşir, insanların
təsəvvürləri xeyli mürəkkəbləşir.
Dini adətdə, əvvəllər olduğu kimi, əcdadlara pərəstiş mühüm yer tuturdu.
Erkən əkinçi qəbilələrin çoxunda, o cümlədən Azərbaycanda ölünü bilavasitə yaşayış
yerləri ərazisində dəfnetmə adəti yayılmışdı. Tədqiqatçılar adətən onu yenidən
doğulma, həyata qayıtma ideyası, son nəticədə məhsuldarlıq, ailə və nəsil artımı ilə
səsləşən ideya ilə bağlayırlar. Ola bilsin ki, bu ideya zəminində ölülərin üzərinə
qırmızı boya tozu (oxra) səpmək adəti meydana gəlmişdi. Yaşayış yerlərində ölülər
basdırılarkən həsirə bükülür, qəbir çuxuruna gil suvaq çəkilirdi. Yaşayarkən malik
olduqları bəzək əşyalarına toxunulmur, qəbirə qoyulurdu. Axirət dünyasına inamla
əlaqədar olaraq qəbirə gil qablar, əmək alətləri və başqa əşyalar da qoyulurdu. Ölülər
tək, bükülü vəziyyətdə, bəzən isə bir neçəsi birlikdə dəfn olunurdu.
84
Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış
məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin
dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik,
insanlarda magik vasitələrə (lənət və s.), müxtəlif dini aktlara (yalvarma, dua)
müraciət etmək tələbatını doğururdu. Əliköməktəpə yaşayış yerində divarı gillə
suvanmış və ağardılmış tikilini ibadətgah hesab etmək olar. Ağardılmış divara boya
ilə naxış vurulmuşdur. Divarı ağardılmış və boya ilə naxış vurulmuş bina Çalağantəpə
yaşayış yerində də aşkar olunmuşdur.
Azərbaycanın yaşayış məskənlərində təsadüf olunan qaralmış hisli daşların
magiya ilə əlaqəsi olduğunu güman etmək olar. Qarğalartəpəsi yaşayış yerində belə
daşlara təklikdə və koma halında rast gəlinmişdir. Burada gildən xüsusi düzəldilmiş,
diametri 0,7 m olan təknəvari bir çuxurda 250 ədəd hisli daş qalağı aşkar olunmuşdur.
Çuxura ot yığıb yandırdıqdan sonra daşlar qəsdən oraya atılmışdır. Çuxurun dibi
yanıq qatla örtülü idi. Burada quraqlığa qarşı, onu mülayimləşdirmək niyyətini güdən
və yağışı çağıran ayinlə əlaqədar aparılmış mərasimin qalıqlarını görürük.
Azərbaycanın yaşayış yerlərində insan surətini əks etdiren fiqurlar erkən
əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. Yanıqtəpədə
daşdan düzəldilmiş insan fiqurunun rənglənmiş baş hissəsi tapılmışdır. Onun gözü
qara rənglə göstərilmişdir. Hacı Firuzdan gil qadın fiquru və başqa insan fiquru
hissələri əldə edilmişdir. Demək olar ki, məlum olan bütün antropomorf fiqurlar
qadına aid olub məhsuldarlıq ideyasını təcəssüm etdirirlər. Çalağantəpədən tapılan
fiqurlar çox təmtəraqlı bəzədilmişdir. Onlarda boyunbağı, qurşaq kəmərləri, saç
hörüklər fiqurların qadına mənsub olduğunu söyləməyə əsas verir. Fiqurlar
yarımboydur, qol və qıçları verilməmişdir.
Qarğalartəpəsi fiqurunda yuxarıdan aşağı qadın hörüklərini əks etdirən
dalğavari xətlər uzanır. Belə xətlər üfüqi istiqamətdə qıçlar üzərində çəkilmişdir.
Etnoqrafiyadan məlumdur ki, qadınlar məhsulu təbii fəlakətdən xilas etmək niyyəti ilə
saçlarını tökərək cadugərlik vasitələrinə əl atırlar; görünür, burada yağış çağırmaq
əqidəsi özünü göstərir.
Örnəklərin məhdudluğuna baxmayaraq, onlar Azərbaycanın qədim əkinçi-
maldar əhalisinin ideoloji təsəvvürlərinin müxtəlifliyi haqqında mülahizə yaradır.
85
ĠKĠNCĠ BÖLMƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ TUNC DÖVRÜ.
ĠBTĠDAĠ-ĠCMA QURULUġUNUN
DAĞILMASI
IV FƏSİL
ĠLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNĠYYƏTĠ
Əkinçi-maldar qəbilələr. İlk Tunc dövründə, az qala, bütün Azərbaycanın və
Zaqafqaziya ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən
tutulur, mənimsənilir. Bu dövrdə Mərkəzi və Şərqi Zaqafqaziyanın, Şimal-şərqi
Qafqazın, həm də Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas əraziləri elmdə
Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr
tərəfindən məskunlaşır. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları
arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-
Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin
hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin
ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc
dövrünə aiddir.
Eneolit dövründən ilk tunc Kür-Araz mədəniyyətinə keçidi bilavasitə əks
etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir
tərəfdən Kür-Araz mədəniyyətinə, digər tərəfdən eneolit mədəniyyətinə bağlayan
materiallara rast gəlinir.
İlk Tunc dövründə Azərbaycan və bütün Zaqafqaziya qəbilələrinin ictimai-
iqtisadi və mədəni inkişafında əhəmiyyətli irəliləyişlər baş verir. İnkişaf etmiş əkinçi-
maldar təsərrüfatı zəminində yaranan yaşayış məskənlərinin bəziləri bu dövrdə böyük
yaşayış məntəqələrinə çevrilir. Yerli xammaldan tunc məmulatın istehsalı geniş
inkişaf tapır. Əkinçilik və maldarlığın yüksək inkişafı əhalinin artımına və patriarxal
münasibətlərin qəti olaraq möhkəmlənməsinə səbəb olur.
İlk tunc dövrünün son mərhələsində yerli qəbilələrin sosial-iqtisadi həyatında
aydın müşahidə olunan dəyişikliklər baş verir. Ayrı-ayrı maldar qəbilələrin daxilində
mülki və sosial təbəqələşmə artır, hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində
cəmləşir.
86
Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş
bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə, Ovçulartəpəsi,
Qazaxda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir.
Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur.
Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştəpə,
Beyləqan rayonunda Çardaxlıtəpə, Cəlilabad rayonunda Mişarçay, Xaçmaz
rayonunda Qəflə təpələri, Dəvəçi rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda
Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. yaşayış yerlərini
göstərmək olar.
Azərbaycanda bu dövrün bir sıra dəfn abidələri Xankəndi yaxınlığında və
Xanlarda, Mingəçevirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda
Osmanobuzda, Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq
edilmişdir.
Abidələrin öyrənilməsi Azərbaycanda İlk Tunc dövründə məskunlaşmış
qəbilələrin
təsərrüfatını,
məişətini və mədəniyyətini, ideoloji görüşlərini
işıqlandırmağa imkan verir.
YaĢayıĢ yerləri. Azərbaycan ərazisində İlk Tunc dövrü yaşayış yerləri əksər
hallarda dağa yaxın, kiçik çay sahillərində bina olunurdu. Onlara hərdən mərkəzi aran
rayonlarında, yaxud Araz və Kür çayları sahillərində də təsadüf olunur.
Yüksək dağlıq rayonlarda, az da olsa, həm dəfn (Daşkəsən) və həm də yaşayış
yerlərinin qalıqları (Kəlbəcər) aşkar olunmuşdur. Düzən rayonlarda eneolit dövründən
fərqli olaraq İlk Tunc dövrü yaşayış yerləri tək-təkdir. Məsələn, Kür çayının orta
axarında Gəncə-Qazax və Mil-Qarabağ düzənlərində əvvəllər sıx məskunlaşmış
ərazilər ilk tunc dövründə əsasən sahibsizləşir. İqlimin dəyişməsi, quraqlıq dövrünün
başlanması, kiçik çayların və bulaqların quruması ilə əlaqədar yaranan vəziyyətdə
əsrlərlə gur həyatlı və əkinçilik mədəniyyətinin inkişafı üçün əlverişli ərazilər tərk
olunur.
Zaqafqaziyanın Kür-Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1-2 ha
sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.). Lakin bəzi Kür-
Araz mədəniyyəti yaşayış yerlərinin sahəsi çox böyükdür. Belə ki, Cənubi
Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tutur, bu isə İlk Tunc dövrünün bəzi yaşayış
yerlərində hövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz
həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun
müddətli həyat tərzi ilə bağlıdır. I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m,
Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində
Göytəpədə 9 m-dir.
İlk tunc dövrü yaşayış yerlərinin bəziləri müdafiə hasarı ilə əhatəyə alınmışdır.
Bu isə həmin vaxtda əhalinin həmişə dinc şəraitdə yaşamadığını, bəlkə mal-qara üçün
otlaq ərazilər və sair üstündə baş verən toqquşmaları sübut edir. Göytəpə yaşayış
87
yerində çiy kərpicdən daş bünövrə üzərində müdafiə hasarının eni 1,65 m,
Yanıqtəpədə qala hasarı 5 m enində olub palçıqla bərkidilmiş daşdan hörülmüş və hər
iki üzdən suvanmışdır. Qala divarında tağlı qapı aşkar edilmişdir.
Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin
memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi.
Lakin bəzi yaşayış yerlərində düzbucaqlı formalı evlərə də rast gəlinir. Belə kərpic
evlər Göytəpədə aşkar olunmuşdur. Yanıqtəpədə belə evlər dairəvi planlı tikililəri
əvəz edir və burada uzun müddət inşaatda vahid forma olaraq qalır. Eyni vəziyyət
Qaraköpəktəpə yaşayış yerində də qeydə alınmışdır. Dairəvi planlı evlərin diametri
bəzən 13 m-ə çatır, adətən onların diametri 3 m-dən 5 m-ə qədər, divarların qalınlığı
isə təqribən 0,5 m-dir.
İnşaatda adi formalı kərpiclər işlədilirdi. Kültəpə, Yanıqtəpə və Mişarçay
evlərində kərpiclərin düzülüş texnikası maraq doğurur. Bir cərgədə kərpiclər cüt-cüt
divar boyu uzununa, o biri cərgə isə divarın eninə düzülmüşdür.
Dairəvi planlı evlərdə damları örtmə konstruksiyası, görünür, konik formalı
olub, dirəklər üzərində qurulmuşdu.
Babadərvişdə evlərdən birinin mərkəzi hissəsində dirək çalası, döşəməyə
basdırılmış gil manqal və möhrədən düzəldilmiş kürsünün varlığı aşkar olunmuşdur.
Evlərin divarları və döşəmələri adətən gillə suvanırdı. Qaraköpəktəpənin ilk
tunc dövrü təbəqəsində, ötən dövrün bəzi yaşayış yerlərində olduğu kimi, evlərdə gillə
suvanmış döşəmələrə qırmızı şirə çəkilməsi halları qeydə alınmışdır.
Adətən yaşayış otaqlarının mərkəzi hissəsində gil manqallar yerləşdirilirdi.
Kültəpə və Yanıqtəpə yaşayış yerlərinin bəzi evlərində divar dibində qurulmuş
sobaların varlığı maraq doğurur. Onların iç hissəsində istiliyi çox saxlayan qum qatı
və alovun cərəyan etdiyi kanallar vardır.
Yanıqtəpə yaşayış yerində ikimərtəbəli evlərin aşkar olunması, şəksiz, böyük
əhəmiyyət kəsb edir. Orada xüsusi məqsəd daşıyan yataq səkiləri, taxçalar və taxıl
kəndisi olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün
bunlar Yanıqtəpə əhalisinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət
edir.
Beləliklə, ilk tunc dövrü yaşayış yerlərinin memarlığında və ev inşasında ötən
dövrə nisbətən tərəqqi müşahidə olunur. Bununla bərabər Cənubi Qafqazın bir çox
yaşayış yerlərində, eneolit dövründə olduğu kimi, dairəvi planlı evlər tikilirdi.
Buradan da Azərbaycanın və Zaqafqaziyanın qədim qəbilələrinin mədəni inkişafında
varislik elementlərinin olduğu bilinir.
Dostları ilə paylaş: |