Abidələrin icmalı. Orta Tunc dövrü Qafqaz və qonşu ərazilərin maddi
mədəniyyətində əvvəl mövcud olmuş ümumiliyin aradan çıxması, kiçik ərazili
mədəniyyətlərin yaranması və inkişafı ilə səciyyələnir. Hər şeydən əvvəl bu,
memarlıqda düzbucaqlı tikililərin inşasında, metalişləmə və dulusçuluq sənətində yeni
formalı predmetlərin istehsalında öz əksini tapır. Ötən dövrdə atribut rolunu oynayan
dairəvi gil manqallara, yarımkürə formalı qulplara və ümumiyyətlə, dulusçuluqda
qabların qulpla təchizolunma hallarına demək olar ki, rast gəlinmir. Azərbaycanın
cənub ərazilərində boya naxışlı, qırmızı, şimalında isə qazma naxışlı qara-boz saxsı
məmulatı Orta Tunc dövrü abidələrinin mədəni mənsubiyyətinin göstərici əlamətini
təşkil edir.
Azərbaycanda Orta Tunc dövrü abidələri Naxçıvanda, Kür və Araz
vadilərində, Urmiya gölü hövzəsində, Qarabağ düzənliyində, Muğanda, Qobustanda,
Abşeronda və bir sıra başqa bölgələrdə məlumdur və qismən öyrənilmişdir.
Urmiya gölü hövzəsində Göytəpədə yaşayış hələ neolit dövründə başlamışdır.
E.ə. III minilliyin ortalarında uzunmüddətli yaşayışdan sonra sakinlər oranı tərk
edirlər. Müəyyən fasilədən sonra orta tunc dövründə Göytəpə yenidən məskunlaşır.
Yeni sakinlərin Göytopədə yaratdığı maddi mədəniyyət ilk tunc dövrü üçün səciyyəvi
deyildir. Bu, hər şeydən əvvəl, dulus məmulatına, onun çoxrəngli naxışlı qab-
qacağına aiddir. Yaşayış yeri daş bina üzərində çiy kərpicdən, 3,6 m qalınlığında
müdafiə qalası ilə əhatə olunmuş, evlər bir neçə otaqdan ibarət dördkünc formada
tikilmişdir.
Urmiya gölü hövzəsində Həftəvan yaşayış yeri kərpic divarla əhatə
olunmuşdur. Bəzi sahələrdə müdafiə divarının qalıqları 3,3 m hündürlükdədir.
Düzplanlı təsərrüfat və yaşayış binalarının inşasında kvadrat kərpiclər (31x31x9,5;
36x36x8,5 m) tətbiq olunurdu. Otaqlardan birinin divarı dibində möhrədən
səkiyəbənzər yataq yeri aşkar olunmuşdur.
108
Bu dövrün mədəniyyəti əldə və yaxud çarxda hazırlanmış dulus məmulatında
az-çox dolğun əks olunur. Dulus məmulatında ən maraqlı əlamət onun boyalı naxışı
olmasıdır.
Naxçıvanın I və II Kültəpə yerlərində Orta Tunc dövrü təbəqələri İlk Tunc
dövrü Kür-Araz mədəniyyəti mədəni təbəqəsi üzərində yerləşir. Evlər düzplanlıdır. II
Kültəpədə yaşayış yeri 3 ha sahəni əhatə edir. Onun üçdə bir hissəsi bürcləri,
dayaqları olan müdafiə divarı ilə əhatə olunmuşdur. Eni 2 m olan qala divarı palçıqla
bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Divarın özünün inşasında iri kvadrat
kərpiclərdən istifadə olunmuşdur (32x32x11 sm; 38x38x12 sm; 40x40x12 sm;
44x44x12 sm). Az keçmədən qala divarı dağıntıya məruz qalır və öz müdafiə
əhəmiyyətini itirir. Ancaq bir qədər sonra o bərpa olunur, lakin sahəsi xeyli kiçilir.
Qalanın şərq və cənub hissəsində köhnə divar əvəzinə yenisi tikilir. Yaşayış və
təsərrüfat tikililəri düzplanlı olub, palçıqla bərkidilmiş daşdan hörülmüşdür. Bəzi
evlər bir neçə otaqlıdır. Güclü və qəflətən baş vermiş yanğından tikintilər dağılmış,
yaşlı bir adam sümükləri yanğın qalıqları içərisindən tapılmışdır.
Orta Tunc dövründə II Kültəpədə dörd inşaat qatı və 4 m-dən artıq mədəni
təbəqə burada yaşayışın uzunmüddətli olması haqqında təsəvvür yaradır. Yaşayış
yerindən çoxlu və müxtəlif material tapılmışdır. Burada rast gəlinən daş gürzlər
müxtəlif sahələrdə istifadə olunmuşdur. Çox güman ki, onların zərif nümunələri silah
kimi tətbiq edilmişdir.
Yaşayış yerindən dən üyütməkdə istifadə olunan daş alətlər, çaxmaq daşından
oraq dişləri, taxıl qalıqları, ev heyvanlarının sümükləri, metal əşyalar, metal tökmək
üçün gil buta, əldə, qismən də çarxda hazırlanmış müxtəlif formalı sadə və boyalı
qab-qacaq məlumdur. Naxış əksər halda həndəsi fiqurlardan ibarət olsa da, insan, quş
və heyvan təsvirlərinə də rast gəlinir.
Bir və bir neçə rənglə naxışlanmış Orta Tunc dövrü gil məmulatı Naxçıvan
ərazisində Şortəpə, Nəhazir, Əznəbüt, Xalac abidələrindən məlumdur.
Kür-Araz ovalığında Orta Tunc dövrü abidələri Bərdə rayonunda Şortəpə,
Ağdam rayonunda Rəsultəpə, Göytəpə, Çinartəpə, Ağcabədi rayonunda
Çaqqallıtəpədə və b. yerlərdə müəyyən edilmişdir. Maraqlı materiallar Üzərliktəpə və
Qaraköpəktəpə qazıntılarından məlumdur.
Bu dövrün ən yaxşı öyrənilmiş yaşayış yerlərindən olan Üzərliktəpə Ağdam
şəhərinin şərq kənarında yerləşir, 3 ha sahəni tutur. Üzərliktəpədə üç inkişaf
mərhələsini əks etdirən 6 metrlik qalın mədəni təbəqə əmələ gəlmişdir. Yaşayış yeri
iri, kvadratşəkilli kərpicdən hörülmüş, eni 2 m olan müdafiə qalası ilə əhatə
olunmuşdur. Qalanın şərq divarında giriş yolunun hər iki tərəfındə çöl üzdən
düzbucaqlı dayaqlar hörülmüşdür. Yaşayış yeri güclü yanğından iki dəfə dağılmışdır.
Bir evin döşəməsində daş həvəng, dəndaşı, çaxmaqdaşından oraq dişləri, cilalı qara
qablar, tunc xəncər, iynə və başqa əşyalar vardı. İri gil qabda və torbada olan buğdanı
109
tələsikdə apara bilməmişlər. Yanğından sonra müdafiə hasarı öz əhəmiyyətini itirir və
Üzərliktəpə müdafiəsiz, açıq yaşayış məskəninə çevrilir. Azərbaycanın bütün Orta
Tunc dövrü yaşayış yerləri üçün səciyyəvi olan düzplanlı tikililər burada da inşa
olunurdu.
Üzərliktəpənin dulus məmulatı sadə və boyalı qablar qrupuna bölünür. Birinci
cilalı qablar qrupu yaşayış yerinin bütün mərhələlərində davam edərək, bir neçə əsr
ərzində dulus məmulatının müxtəlifliyini və inkişafını aydın əks etdirir. Onun bəzi
nümunələrinin cızma naxışları ağ maddə ilə doldurulmuşdur.
Üzərliktəpənin ikinci mərhələsində təmiz gildən yaxşı bişirilmiş, üzərində
birrəngli boya naxışları olan qırmızı qablar meydana gəlir.
Orta Tunc dövrünün bir yaşayış yeri də Köndələnçayın sahilində Füzuli
şəhərinin qarşısında yerləşir. O, Qaraköpəktəpədə İlk Tunc dövrü yaşayış yerinin
üzərində salınmışdır. Orta Tunc dövrünün mədəni təbəqəsinin qalınlığı 2,5 m-ə çatır.
Bu yaşayış yeri də müdafiə divarı ilə əhatə olunmuşdur. Yaşayış yerinin sakinləri
oturaq həyat tərzi keçirir, əkinçilik və maldarlıqla məşğul olur, ətrafın otlaq
sahələrindən istifadə edirdilər. Yaşayış yerində dulusçuluq, toxuculuq və başqa sənət
sahələri inkişaf etmişdi.
Böyük Qafqazın cənub yamaclarında və dağətəyi qurşaqda Orta Tunc dövrünə
aid abidələr hələ ki, az məlumdur. Ancaq Şəki rayonunda bu dövrün bir qrup kurqan
qəbirləri öyrənilmişdir.
Azərbaycanın Xəzərsahili boyu məskunlaşmış qəbilələrin yaşayış yerləri,
cənub və qərb vilayətlərinin yaşayış yerlərindən fərqli olaraq, uzunmüddətli
olmamışdır; buna görə də onların mədəni təbəqələri zəifdir. Belə yaşayış yerlərindən
biri Qobustanda Böyükdaşdağı üzərində aşkar olunmuşdur. Burada daşdan hörülmüş
düzplanlı yaşayış və təsərrüfat tikililərinin qalıqları öyrənilmişdir.
Muğanın Orta Tunc dövrü yaşayış yerlərində də mədəni təbəqə zəifdir. Belə ki,
Mişarçayda mədəni təbəqə cəmi 0,6 m-dir. Dəvəçi rayonunda Sərkərtəpə yaşayış
yerində orta tunc dövrü mədəni təbəqəsinin qalınlığı cəmi 0,4 m-ə çatır. Zəif mədəni
təbəqəyə malik yaşayış yerlərinin qalıqları Abşeronda da vardır (Bəndüstü, Dübəndi,
Türkan). Ola bilsin ki, Xəzərsahili rayonları orta tunc dövrü yaşayış yerlərində
qısamüddətli həyat onların sakinlərinin təsərrüfatında köçəri maldarlığın güclənməsi
ilə əlaqədar olmuşdur.
Orta Tunc dövrü mədəniyyət qalıqlarının ikinci böyük qrupunu dəfn abidələri
təşkil edir. Orta dövrün qəbir abidələrinin bir növü daş kromlexli kurqanlardır.
Kromlex (daşdan dairə) qəbrin ətrafında qurulurdu. Qəbir adətən kromlexin ortasında
qazılır, üzərində daş və torpaqdan təpə düzəldilirdi. Kurqanlar əhalinin maldarlıqla
məşğul olan, hərəkətli həyat tərzi keçirən hissəsinə mənsubdur. Düzən sahələrdə və
çay vadilərində yerləşən əhaliyə gəldikdə isə onlar ölüləri adətən xarici əlaməti
olmayan qəbirlərdə dəfn edirdilər. Məhz bununla əlaqədardır ki, oturaq-əkinçi əhaliyə
110
mənsub Orta tunc dövrü qəbiristanlığı indiyə qədər aşkar olunmamışdır. Ordubad
rayonunda Plovdağ adlanan yerdə tədqiq olunmuş ətrafına daş dairə çəkilmiş, bəzən
üzərində çətinliklə müşahidə edilən daş qalığı olan torpaq və daş qutu tipli qəbirlərdən
ibarət nekropol müstəsna hal təşkil edir.
Urmiya gölü sahilində Göytəpə yaşayış yerində və Naxçıvan ərazisində
Qızılvəngdə də Orta Tunc dövründə daş qutularda dəfnetmə adətinə rast gəlinmişdir.
Azərbaycanda həmin dövrə aid qəbir abidələri yüksək dağlıq ərazilərdə alp
çəmənliklərindən (Daşkəsən rayonunda, Xaçbulaq yaylağı), düzənlə dağın qovuşduğu
hissədən (Tərtər rayonunda Borsunlu, Naxçıvanda Əznəbürt), həm də düzən
rayonlardan (Muğanda) məlumdur.
Orta Tunc dövrü qəbir abidələrində ötən dövrə xas olan bir sıra əlamətlər
saxlanılır. Bu, özünü qəbir tikililərin quruluşunda və dəfnetmə adətində göstərir. Son
Tunc dövründə də belə ənənə müşahidə olunur.
'
Ölülər böyrü üstdə, bükülü vəziyyətdə müxtəlif əşyalar, bəzən də azuqəsilə
birlikdə basdırılırdı. Dəfndən sonra qəbrin içində tonqal qalanması və ölüyandırma
(kremasiya) mərasiminin keçirilməsi halları da qeydə alınmışdır. Muğanda
Əliköməktəpədə Orta Tunc dövrünə aid qəbirdə kremasiya aydın müşahidə
olunmuşdur. Azərbaycan ərazisində hələ İlk Tunc dövründə geniş yayılmış qəbirlərdə
tonqalvurma və kremasiya adəti burada Tunc dövrünün sonlarına qədər davam edir.
Təsərrüfat. Mənbəyi minilliklərin dərinliyindən başlayan əkinçilik və
maldarlıq Orta Tunc dövrü təsərrüfatının əsasını təşkil edir. Ölkə ərazisinin xeyli
hissəsində, başlıca olaraq düzənlikdə və çay vadilərində uzunmüddətli oturaq həyat
tərzini əks etdirən yaşayış məskənləri əkinçilik təsərrüfatı mərkəzləri olmuşlar.
Taxılın biçilməsində və üyüdülməsində tətbiq olunan əmək alətləri (çaxmaqdaşından
oraq dişləri, dəndaşları, sürtgəclər və daş dəstəklər) yaxşı məlumdur. Torpağın
şumlanmasında ağac xışlardan istifadə olunurdu. Bəzi yaşayış yerlərinin su
mənbələrindən kənarda, münbit torpaqlarda bina olunması suvarma əkinçiliyinin
sonrakı inkişafını göstərir. Orta Tunc dövrü yaşayış yerlərindən müxtəlif taxıl
növlərinin yanıb kömürləşmiş qalıqları əldə edilmişdir.
II Kültəpədən yabanı arpa, Üzərliktəpədən müxtəlif növ buğda, o cümlədən
yumşaq, bərk, xırda buğda, həm də mədəni arpa dəni tapılmışdır. II Kültəpə və
Üzərliktəpədə bəzi quyuların dibində darı qalıqları qeydə alınmışdır. Əkinçilik
mədəniyyəti barədə başqa maddi dəlillər də məlumdur.
Orta tunc dövrü yaşayış yerlərinin sakinləri çörək bişirirmişlər.
II Kültəpə yaşayış yerində sacabənzər saxsı əşyalar tapılmışdır. Üzərliktəpədən
tapılmış çörəkbişirmə üçün hazırlanan gil əşya tamamilə başqa görkəmə malikdir. O,
bir qədər yastılanmış, hündür divarlı manqala bənzəyir. Belə əşya Son Tunc dövründə
daha geniş yayılır. Üzərliktəpədə ocaqların birindən tapılmış tağalaqvari gil kökə də
həmin dövrdə çörəyin bişirilməsini sübuta yetirir. Çörəyi təqlid edən həmin gil kökə
111
yanmış taxıl və qədim əkinçilikdə məhsuldarlıq rəmzi kimi pərəstiş edilən qadın
fiquru ilə birlikdə tapılmışdır. Azərbaycanın qədim oturaq əhalisinin inkişafında
əkinçiliyin rolu nə qədər böyük olsa da, o həmişə maldarlıqla birgə olmuşdur.
Üzərliktəpə yaşayış yerinin materialına görə, onun əhalisi ən çox iribuynuzlu
heyvan saxlayırdı, ikinci yeri xırdabuynuzlu heyvan tuturdu, sonra isə ev donuzu və at
gəlir. Maraqlıdır ki, Üzərliktəpə yaşayış yerinin osteoloji materialı içərisində, qulan
və ceyranı nəzərə almasaq, vəhşi heyvan sümükləri yoxdur. Sürüdə ev donuzunun
olması Üzərliktəpə sakinlərinin yaxşı otlaq sahələrindən istifadə edərək, oturaq
maldarlıqla məşğul olduğunu göstərir.
İstər xırdabuynuzlu, istərsə də iribuynuzlu ev heyvanları sümükləri Naxçıvan
yaxınlığında II Kültəpədən də tapılmışdır. Buradan həm də at sümüyünə təsadüf
olunmuş və ilk dəfə uzunqulaq sümüyü tapılmışdır. Yeri gəlmişkən, bu,
Zaqafqaziyada uzunqulağın istifadə olunması haqqında birinci ən qədim məlumatdır.
Ata gəldikdə, o, Eneolit dövründən məlum olsa da, Azərbaycanda ev heyvanı
kimi sonrakı dövrlərdə məhdud miqyasda saxlanılırdı. Zaqafqaziyanın Orta Tunc
dövrü abidələrindən atın qoşquda və nəqliyyatda istifadəsi haqqında material əldə
edilməmişdir. Ancaq Cənubi Azərbaycanda atın qoşquda istifadəsini göstərən
məlumatlar vardır.
Orta tunc dövründə xırdabuynuzlu heyvan sürüsünün artması ilə köçəri
heyvandarlıq özünün sonrakı inkişafını tapır. Təsərrüfatın bu növü ilə bağlı əhalinin
xeyli hissəsi hərəkətli həyat tərzi keçirirdi. Yayda heyvan alp çəmənliklərinə aparılır,
qışda isə düzən - aran rayonlara qaytarılırdı. Bu rayonlarda onların dəfn abidələri
yaxşı məlumdur. Məsələn, Xaçbulaq yaylağında dəniz səviyyəsindən 2000 m
hündürlükdə, Qobustan, Abşeron, Muğan qışlaqlarında və s.
Çoxlu miqdarda heyvan saxlamaq maldar qəbilələrin varlanmasında əsas
mənbə olan izafi məhsul almaq imkanını yaradırdı.
Beləliklə, əkinçilik və maldarlıq təsərrüfatının Orta Tunc dövründə sonrakı
inkişafı müşahidə olunur. Əgər oturaq əhalinin təsərrüfat əsasını əkinçilik və
maldarlıq təşkil edirdisə, hərəkətli əhalinin təsərrüfatında demək olar ki, başlıca sahə
maldarlıq idi.
Sənətkarlıq. Orta Tunc dövründə metallurgiyanın inkişafında yeni mərhələ
başlanır. Əvvəllər məlum olmayan alət, silah, bəzək formaları yaranır, alətlərin
hazırlanma texnikasında bəzi yeniliklər tətbiq olunur, tunc məmulatı istehsalında yeni
elementlərin qatılmasından istifadə olunur. Məhz bu dövrdən başlayaraq metal
əşyaların hazırlanmasında qalay qatımlı tuncdan (qalay 5-10 %) daha çox istifadə
olunur. Belə tuncdan, məsələn, Üzərliktəpədən, Göytəpədən və Qobustandan tapılmış
xəncərlər hazırlanmışdır. Qatma element kimi qalayla birlikdə mərgmüş və sürmə,
həm də qurğuşun işlənirdi və beləliklə, ərinti çoxkomponentli olurdu. Ancaq yüksək
keyfiyyətli tunc istehsalını qatma element kimi qalay təmin edirdi.
112
Müxtəlif tipli məmulat, misəritmə istehsalı qalıqları, metal əşyaların
tökülməsində istifadə olunan formalar metallurgiyanın və metalişləmənin geniş
inkişafını aydın sübuta yetirir.
Əsas xammal mənbələrini, görünür, yerli mədənlər təşkil edirdi. Demək olar
ki, hər bir yaşayış yerində metal əşyaların istehsalı ilə məşğul olurdular. Misəritmə
istehsalı ilə əlaqədar qalıqlar Üzərliktəpədə aşkar olunmuşdur. Orada posa (şlak)
parçası, həm də piyalə formalı gil buta tapılmışdır. II Kültəpədə və Qobustan
Böyükdaş yaşayış yerində gil çömçələrə rast gəlinmişdir. Həftəvan yaşayış yerində ox
ucluğu tökülən daş qəlibin tapılması böyük əhəmiyyət kəsb edir.
Metal məmulatı adətən çoxlu miqdarda dəfn abidələrdən əldə edilir.
Əliköməktəpə qəbirləri belə abidələrdəndir. Onlardan balta, nizə ucluqları, xəncər
tiyəsi, borulu qarmaq, mis qazan, dördtilli bizlər, çoxlu düymələr, sürmədən bikonik
muncuqlar, qızıl və gümüşdən asmalar və s. tapılmışdır. Öyrənilən dövrdə silah və
alətlər tökmə üsulu ilə hazırlanır, sonra isə onların ağız hissəsi qismən döyülür və
yararlı işlək hala salınırdı. Əvvəllər olduğu kimi, indi də mumdan və ya başqa
tezəriyən materialdan istənilən əşyanın modeli düzəldilir, üzəri gillə suvanır və
əridilmiş metal modelə tökülərkən onun formasını alırdı. Əşyanı çıxarmaq üçün gil
forma sındırılmalı idi. Bu üsulla əşyanı yalnız bir dəfə almaq olar.
Orta Tunc dövründə xəncər və borulu nizələr geniş yayılmış silah tiplərindən
idi. Bəzi hallarda onların hazırlanma texnologiyası mürəkkəb olurdu. Tərtər
rayonunun Borsunlu kurqanından əldə edilən bir xəncərin tiyəsinin içərisində məftil
olduğu müəyyən edilmişdir. Modelə əridilmiş metal tökülməzdən əvvəl məftil onun
ortasına qoyulmuşdur. Bundan da məqsəd xəncərin möhkəmliyini təmin etmək idi.
Analoji üsullar Son Tunc dövründə də tunc silahların (xəncər, bıçaq) hazırlanmasında
tətbiq olunurdu.
Şəki rayonunda bir kurqandan məlum olan xəncərin hazırlanmasında başqa
üsuldan istifadə olunmuşdur. Onu tunc təbəqədən düzəltmişlər. Tunc təbəqədə
uzunsov üçbucaq formasında, baş tərəfdə dilçək yeri qoymaqla xəncər tiyəsini
kəsmişlər. Ağzı əlavə olaraq işlənib itilənmiş və ucu şişlənmişdir.
Xəncər və başqa silah növlərindən fərqli olaraq, borulu nizələrin hazırlanması
daha mürəkkəb proseslə əlaqədar yüksək ustalıq vərdişi tələb edirdi. Əvvəldən
hazırlanmış tunc lövhəni elə əymək və düzəltmək lazım idi ki, onun bir yarısı boru,
digər yarısı yarpaqvari formanı alsın. Bütöv tökülmüş borulu nizələrin hazırlanması
orta tunc dövründən başlanır, ancaq geniş inkişafını sonrakı dövrdə e.ə. II minilliyin
ikinci yarısında tapır.
Orta Tunc dövründə rast gəlinən asimmetrik tunc baltalar Qafqazda çox azdır.
Onlara Talış-Muğan zonasında nisbətən çox rast gəlinir. Belə baltalardan ibarət bir
dəfinə Astara rayonunda Lovain kəndindən təsadüfən tapılmışdır.
Orta tunc dövrü abidələrində metaldan xırda məmulata da rast gəlinir.
113
Şəki kurqanlarından və Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu
tunc sancaqlar, Göytəpədə Orta Tunc dövrü təbəqəsindən göbələkvari başlıqlı
sancaqlar da tapılmışdır. Onlara oxşar nümunələr Naxçıvanın qəbir abidələrindən
məlumdur.
Tunc məftildən qeyri-adi qıvrım bəzək əşyaları Quba rayonunda və Daşkəsən
rayonunda Xaçbulaq kurqanlarının birindən tapılmışdır. Onlar belə düzəldilirdi: məftil
iki dəfə yarım dairə, sonra bütöv dairə və bundan sonra yenə də iki yarım dairə
şəklində əyilirdi. Bu qıvrım əşyalar saç bəzəyi kimi istifadə olunurdu. Eyni formalı
tunc bəzək İranda Qodintəpə qəbrindən məlumdur.
Azərbaycanda və Zaqafqaziyada metallurgiyanın və metalişləmənin sonrakı
inkişafı ona gətirib çıxarır ki, orta tunc dövründə əmək aləti və silah hazırlamada daş
və sümük material kimi öz əhəmiyyətini itirir. Bununla belə, çaxmaqdaşı bəzi alət
növlərinin hazırlanması üçün istifadə olunurdu. Hələ də yığma oraq dişləri
çaxmaqdaşından hazırlanırdı. Əvvəllər olduğu kimi, dənin üyüdülməsi daşdan
hazırlanmış alətlərlə aparılırdı. Buna görə də hər yaşayış yerində dən daşlarına,
sürtgəclərə rast gəlinir, daş həvəng və dəstəklər isə azdır.
Metal silahların çoxdan meydana gəlməsinə baxmayaraq, ox ucluqları
çaxmaqdaşından və dəvəgözündən hazırlanırdı.
Azərbaycanın orta tunc dövrü abidələrində ağacişləmə və toxuculuğun
inkişafına dair mühakimə yürütməyə əsas verəcək dəlillərə olduqca məhdud miqdarda
rast gəlinmişdir. Bununla belə, bir sıra dolayısı dəlillər həmin istehsal sahələrinin
inkişafını göstərir. Məlumdur ki, balta, nizə, xəncər dəstələri və başqa əşyalar ağacdan
hazırlanır, damları örtməkdə tirlərdən istifadə olunur, arabanın gövdəsi və təkərləri
ağacdan düzəldilirdi. Şübhə etmədən demək olar ki, orta tunc dövründə ağacişləmə
sənəti və toxuculuq istehsalı inkişafda olmuşdur.
Orta tunc dövründə toxuculuq dəzgahının tətbiq olunması haqqında dəqiq
məlumatımız yoxdur. Ancaq Azərbaycanın həmin dövr abidələrindən (II Kültəpə,
Üzərliktəpə) gildən və sümükdən iy baslıqlarının tapılması toxuculuğun inkişafını
sübuta yetirir. Onlar, öz formalarına görə, Zaqafqaziyada həm əvvəl, həm də sonrakı
dövrlərdə yayılmış alətlərdən heç cür seçilmir.
Azərbaycanın orta tunc dövrü əkinçi-maldar əhalisinin sənət sahələrindən ən
geniş yayılmış, eyni zamanda ən vaciblərindən biri dulusçuluq olmuşdur. Ötən dövr
dulusçuluq məmulatının bir sıra xüsusiyyətlərinin davam etməsinə baxmayaraq, indi
xeyli yeniliklər meydana gəlir. Urmiyaətrafı ərazidə, Kür-Araz ovalığında,
Naxçıvanda orta tunc dövründə boyalı qablar istehsalı geniş yayılır. Qablar əldə və
eləcə də dulus çarxında hazırlanırdı. Azərbaycanın şimal rayonlarında və Xəzərsahili
ərazidə boyalı qablara, demək olar ki, rast gəlinmir. Burada, əvvəllər olduğu kimi,
qab-qacaq əl üsulu ilə hazırlanırdı.
114
Orta tunc və əvvəlki dövr dulus məmulatı bir-birindən fərqlənir. Bu dövrün
qablarında Kür-Araz mədəniyyəti dulus məmulatı üçün səciyyəvi olan naxış və
yarımkürə qulplara təsadüf olunmur. Gil manqallar, sacayaqlar, qab qapaqları
məişətdə artıq istifadə olunmur. Qırmızı bişimli həm də qara, boz rəngli qabların
gövdəsi adətən naxışla yaraşıq üçün ağ maddə ilə doldurulurdu.
Boyalı qablarda naxış adətən bir rənglə vurulurdu, çox rənglə naxışlanmış
qablar da vardır. Qabların yuxarı yarısında qırmızı və sarı şirə (anqob) üzərində
müxtəlif həndəsi naxışlar çəkilirdi. İnsan, heyvan, quş təsvirlərinə olduqca az rast
gəlinir. Qara və boz qablarda canlı təsviri heç yoxdur. Onlarda naxışlanma cızma
üsulu ilə, həm də dişli qarqara ilə aparılmışdı. Naxışlama kompozisiyalarında əsas
yeri tağvari fiqurlar, bir-birinin içərisində yerləşən asma yarımdairələr tutur, sınıq və
dalğavari xətlərə, bəzən də meandr (həndəsi ornament) və qıvrım təsvirlərinə rast
gəlinir. Bəzən qablar cızma bəzəklərlə bəzədilirdi.
Ümumiyyətlə, bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da ayrı-ayrı
zonaların tunc dövrü dulusçuluq sənətkarlığında müxtəliflik çox nəzərə çarpır.
Azərbaycanın dulus ustaları tunc dövrünün bütün inkişaf mərhələlərini keçərək
zəmanəmizə qədər gəlib çatan gil nehrələrin hazırlanmasını davam etdirirdilər.
Dostları ilə paylaş: |