Ġctimai münasibətlər və əlaqələr. Orta tunc dövrü cəmiyyətdə ictimai
bərabərsizliyin
güclənməsi zamanıdır. Yerli əhalinin iqtisadiyyatında və
mədəniyyətində müşahidə olunan irəliləyiş cəmiyyətin istehsal qüvvələrinin ümumi
inkişafı, həm də ehtimal ki, Ön Asiya ölkələrinin təsiri və əlaqələrlə bağlı olmuşdur.
Dövrün ictimai quruluşunu belə təsəvvür etmək olar: bir qütbdə öz yaxın adamları və
zadəganlarla başçı, o biri qütbdə əsas icma kütləsi dururdu. İctimai vəziyyətdən asılı
olmayaraq, müdafiə qalalarının tikintisində, düşmənə qarşı mübarizədə bütün
cəmiyyət üzvləri iştirak edirdi.
Yaşayış məntəqələrinin ətrafında müdafiə divarlarının çəkilişində görülən
işlərin həcmi bunu sübut edir. II Kültəpədə 2 m enində divarın uzunluğu təxminən
400 m olmuşdur. Üzərliktəpə yaşayış yerini əhatə edən müdafiə divarının uzunluğu
daha çoxdur. Burada divarın qalınlığı 2 m idi. Əgər fərz etsək ki, müdafiə divarlarının
hündürlüyü 3 m-ə çatırdı, onda Kültəpə, Üzərliktəpə müdafiə divarlarının
hörülməsinə sərf olunan zəhmət çox olmuşdur. Hələ onu da nəzərə almaq lazımdır ki,
inşaat materialının əldə edilməsi, gətirilməsi, kərpiclərin hazırlanması böyük əmək
tələb edirdi. Öz sahəsinə görə, Kültəpə və Üzərliktəpədən xeyli artıq olan Göytəpədə
müdafiə divarlarının inşasında görülən işlər daha böyük miqyasda aparılmışdır. Bu,
şübhəsiz, böyük insan kollektivinin iştirakını, mütəşəkkillik tələb edirdi və çox güman
ki, xüsusi imtiyaza malik şəxslərin nəzarəti altında görülürdü. Belə işləri köçəri
maldarlıqla məşğul olan əhali böyük ərazidə qoruq tikmək məcburiyyətində yerinə
yetirirdi. Daha asanlıqla artıq məhsul verən, ayrı-ayrı qəbilələrin varlanmasını xeyli
asanlaşdıran maldarlıq təsərrüfatı mülki və ictimai ayrılmanı dərinləşdirirdi.
115
Bu proses dəfn abidələrində özünün aydın əksini tapır. Əliköməktəpədəki varlı
qəbir, ola bilsin ki, qəbilə başçılarından birinə məxsus imiş. Nəzərə çarpacaq varidatı
ilə icmanın, qəbilənin imtiyazlı şəxslərinə mənsub qəbirlər də seçilir. Onların sırasına
daha qiymətli bəzək əşyaları verən Şəki kurqanlarından birini də aid etmək olar.
Beləliklə, məlum olur ki, dövrün bəzi qəbirləri kasıbdır, digərləri nisbətən varlıdır və
ya çox varlıdır. Ancaq başlıcası budur ki, qəbirlərdə dəfn olunanlar tək-təkdir; yerli
cəmiyyətin ictimai inkişafı hələ o səviyyəyə çatmamışdır ki, o zaman başçıları axirət
dünyasına yola salarkən onları qul, kəniz və s. şəxslərlə birlikdə basdırsınlar. Ancaq
bu dövrün cəmiyyəti artıq ibtidai icma quruluşunun son mərhələlərindən birinə gəlib
çatmışdır.
Sinifli cəmiyyət mövcud olan Ön Asiya vilayətləri ilə qonşuluq ölkənin sosial-
iqtisadi inkişafına müəyyən təsir göstərirdi, yeni texniki və mədəni nailiyyətləri
mənimsəməyə imkan verir, əlaqələri və mübadiləni genişləndirirdi. E.ə. III—II
minilliklər ərəfəsində Azərbaycana və Cənubi Qafqaza müntəzəm olaraq qalay daxil
olmağa başlayır və bu dövrdən metal əşyaların istehsalında əsas qatma element olur.
Dulus çarxında hazırlanmış bir qisim boyalı saxsı məmulatının meydana çıxması,
uzunqulağa, qoşqu atına eyni vaxtda rast gəlinməsi Qədim Şərq ölkələri ilə əlaqələri
əks etdirir. Bu, həm də orta tunc dövründə Zaqafqaziyada borulu nizə ucluqlarının,
dəstəyi çərçivəli xəncərlərin və bir sıra Ön Asiya bəzək əşyalarının yayılması ilə
sübuta yetirilir.
Göytəpədə, Qızılvəngdə "ayrıcılar" adlanan yastı dördkünc muncuqların bir
neçə nümunəsinə rast gəlinmişdir ki, onlar Mesopotamiyada hurri mərkəzi Nuzidən
(Yorqantəpə) məlum olan əşyalarla eyniyyət təşkil edir. Şortəpədəki qara, yaşıl, sarı
və bənövşəyi rənglə naxışlanmış boyalı qab-qacaq Zaqafqaziyada çox nadir hal
olmaqla Şimali Azərbaycanın cənubla əlaqələrini əks etdirir. Dövrün bəzi abidələri
Azərbaycan qəbilələrinin Şimali Qafqazla əlaqələrindən xəbər verir. Muğanda
(Əliköməktəpə) varlı qəbirlərdən birində Şimali Qafqazda yayılmış kabardin-balkar
adı altında tanınan daş balta var idi. Abşeronda Gürgan kurqanlarından birindən
formasına görə Şimali Qafqazın bir çox abidələrində özünə oxşarlıq tapan xəncər
tiyəsi əldə edilmişdir. Ön Asiya mənşəli bəzəklər tapılmış Şəki kurqanlarının dəfn
adətində və kurqanların inşa quruluşunda Şimali Qafqazın mərkəzi rayonlarının, o
cümlədən Kabarda-Balkariyanın həmdövr abidələri ilə tam eyniyyət olması
Azərbaycan və Böyük Qafqazın o biri tərəf qəbilələri arasındakı etnomədəni əlaqələr
barədə qiymətli məlumatdır.
Beləliklə, orta tunc dövrü abidələri Azərbaycan əhalisinin həm Ön Asiya, həm
də Qafqazın qonşu ölkələri ilə əlaqələrini aşkara çıxarır.
Mənəvi mədəniyyət. İbtidai icma quruluşu dövrü qəbilələrinin mənəvi
mədəniyyətinin ətraflı öyrənilməsinə ehtiyac vardır. Arxeoloji material əsasında onun
işıqlandırılması böyük çətinliklərlə bağlıdır. Lakin güman etmək olar ki, istehsal
116
təsərrüfatının təşəkkül və inkişafı dövründən insanların ideologiyasında əkinçilik və
maldarlıqla bağlı ayin və etiqadlar mühüm rol oynayırdı. Başqa ayinlər də mövcud
idi, onların içərisində ehtimal ki, səma, günəş, qadın və sairə ilə bağlı ayinlər
olmuşdur. Azərbaycanın orta tunc dövrü qəbilələrinin etiqadlarını əks etdirən bəzi
abidələr bizə gəlib çatmışdır. Bu baxımdan Üzərliktəpə yaşayış yerində ocaq
kənarında döşəmə üzərində əldə edilən tapıntı diqqətəlayiqdir. Daşla əhatələnmiş
ocağın kənarlarında yanmış taxıla, gildən dairəvi kökəyə və gildən qadın heykəlciyinə
rast gəlinmişdir. Məhsuldarlıq rəmzi olan gildən qadın fiqurları hələ əkinçiliyin sübh
çağlarında yayılmışdır. Qadın obrazında təcəssüm etdirilən məhsuldarlıq, əmin-
amanlıq ideyası əkinçi əhalinin dini təsəvvürlərində orta tunc dövründə əhəmiyyətli
rol oynamaqda davam edirdi.
Nəhacirdən əldə edilən qab üzərində təsvir olunmuş səhnə müəyyən maraq
doğurur. Qırmızı anqoblu (şirəli) bu qabda qara boya ilə xırdabuynuzlu heyvanın
(keçi?) boğazına bağlanmış ipdən tutan kişi təsvir olunmuşdur. Rəsmdə adamın
duruşu elədir ki, burada bəsit təsərrüfat-məişət səhnəsini güman etmək çətindir. Ə
N
başlıcası odur ki, kişinin əlləri yuxarıya, səmaya qaldırılmışdır. Elə təəssürat yaranır
ki, o, hansısa ayin hərəkətini ifa edir, bəlkə də yalvararaq göyə müraciət edir. Göygöl
rayonunda sonrakı dövrə aid bir qabda da eyni görkəmdə kişi təsvir olunmuşdur.
Burada əllərini göyə qaldırmış kişinin qarşısında bir neçə heyvan dayanmışdır.
II Kültəpədə tapılmış boyalı qab parçasında bir-birinə yaxın dayanmış iki
adam fiqurunun yuxarı hissəsi qalmış, birinin başında küləkdən dağılmış saçları və
yaxud lələkdən düzəldilmiş çələng vardır. Onlar əllərini yuxarı qaldırmışlar. Ola
bilsin ki, burada da ayinlə əlaqədar səhnə əks olunur.
Əvvəllər olduğu kimi, bu dövrdə də axirət dünyası ilə əlaqədar dini görüşlər
əhalinin ideologiyasında müəyyən yer tuturdu. Bəzən ölüyandırma adəti tətbiq
olunurdu. Ümumiyyətlə, dəfnə çox diqqət verilirdi. Dəfn səylə düzəldilmiş qəbirlərdə
aparılır və üzərlərində bir çox hallarda kurqan qurulurdu, qəbirə ölü ilə bərabər
heyvan əti, başqa ərzaq və avadanlıq qoyulurdu.
Qəbirlərdə əmək alətinə, müxtəlif silahlara, bəzək əşyalarına tez-tez rast
gəlinir. Görünür, axirət dünyasında həyatın davam etməsi, orada ərzağın, istifadə
olunan başqa şeylərin labüdlüyü barədə təsəvvürlər insanların şüurunda kök salmışdı.
Orta tunc dövrü incəsənəti, hər şeydən əvvəl, qaracilalı və boyalı qab-qacaqda
öz əksini tapır. Qaracilalı qablar düz, sınıq və dalğalı xətlərdən yarımdairə və başqa
həndəsi naxışlarla bəzədilirdi. Belə naxışların müxtəlif birləşmələri ilə qabların bütün
səthi örtülürdü. Üzərliktəpədəki boyalı qablarda naxışlar yalnız həndəsi şəkildədir.
Başqa boyalı qablarda isə az da olsa quş, insan və heyvan təsvirləri çəkilmişdir.
Urmiya gölü hövzəsi və Naxçıvanın boyalı qablarında həndəsi naxışlar adətən qabın
yuxarı yarısını əhatə edən üfüqi xətlər arasında çəkilirdi.
117
O dövrün təsviri incəsənətində insan, heyvan və quş rəsmləri verilmiş səhnələr
böyük maraq doğurur. Ustanın düşündüyü bədii ideya bəzi hallarda müvəffəqiyyətlə
yerinə yetirilir: belə ki, Urmiya hövzəsində Göltəpədən məlum olan bir qabda eyni
tipli heyvanlar və balaların sakit tərzdə hərəkət etməsi əks olunmuşdur. Canlarına
qorxu düşmüş heyvan təsvirlərinə də rast gəlinir. Heyvanların başları qorxu səmtinə
çevrilmiş vəziyyətdə verilir, bəzən də ustaya qaçmaqda olan sürünün dinamikasını əks
etdirmək mümkün olmuşdur. Heyvanların sakit dayanmış halda təsvirləri veriləndə
onların yanında quşlar göstərilir. Bununla da epizodun reallığı qeyd olunur.
Həftəvantəpədə bir boyalı qab üzərindəki ov səhnəsi, ola bilsin ki, orta tunc dövrü
bədii incəsənətinin ən parlaq nümunəsidir. Qabdan qalmış parçada ümumi
kompozisiyanın bir hissəsini görmək mümkündür. Orada iki at qoşulmuş araba aydın
müşahidə olunur. Atların qarşısında yırtıcı heyvan dayanır. Arabadan ona tərəf çoxlu
oxlar süzür. Bu səhnədə təsvir olunmuş quşlar və kiçik heyvanlar ümumi
kompozisiyanı tamamlayır. Kompozisiyada döyüş arabası ilə ov səhnəsi əsas xətdir.
118
VI F Ə S İ L
SON TUNC VƏ ERKƏN DƏMĠR DÖVRÜ.
ĠBTĠDAĠ ĠCMA QURULUġUNUN DAĞILMASI.
ERKƏN SĠNĠFLĠ CƏMĠYYƏT ƏRƏFƏSĠNDƏ
AZƏRBAYCAN TAYFALARI
Tayfalar və tayfa qrupları. Eramızdan əvvəlki II minilliyin II yarısı - I
minilliyin başlanğıcı Cənubi Qafqazın və İran yaylasının şimal-qərb hissəsinin
ərazisində son tunc dövrü, Dəmir dövrünün başlanğıcıdır. İbtidai icma quruluşunun
intensiv surətdə dağılması və erkən sinifli qurumlara keçid dövrü Azərbaycanda xeyli
miqdarda abidə miras qoymuşdur, həmin abidələr ərazi və mədəni mənsubiyyət
baxımından bir neçə qrupa bölünür. Kiçik Qafqaz hüdudlarında və ona bitişik
bölgələrdə - Qərbi Azərbaycanda lokallaşdırılan qruplardan biri Xocalı-Gədəbəy
mədəniyyətinin inkişafını əks etdirir. Bu mədəniyyət həndəsi xarakterli (bəzən isə
insan və heyvan təsvirləri ilə) ornamentə malik olan qara-boz rəngli keramika
məmulatı, enli tunc qılınclar, təbərzinşəkilli baltalar, müxtəlif xəncərlər, borulu
nizələr və yabalarla səciyyələnir.
Naxçıvan abidələri qrupu Naxçıvan Muxtar Respublikasının ərazisində və
onunla həmhüdud olan bölgələrdə yayılmışdır. Bıi abidələrə qara-boz rəngli keramika
məmulatı ilə yanaşı, Urmiya gölü ətrafında tapılmış materiallara bir çox cəhətlərdən
oxşar olan boyalı qablar, metal məmulatı daxildir.
Talış və Muğan zonasında yaşamış tayfaların abidələr qrupu üçün uzun, nazik
qılınclar, yəhərşəkilli dəstəklərə malik olan xəncərlər, ornamentsiz boz rəngli qablar
səciyyəvidir.
Şimal-şərqi Azərbaycanda da abidələr qrupu məlumdur. Bu abidələr qrupu
Dağıstanda, Çeçenistan və İnquşetiyada Qayakənd-Xoroçoy mədəniyyəti adı altında
məlum olan mədəniyyət abidələri ilə böyük oxşarlığa malikdir. Xarici səthi kobud
suvaqlanmış boz gil qablar bu mədəniyyətin fərqləndirici əlamətidir.
Bu mədəniyyətlərin təşəkkülü e.ə. II minilliyin II yarısında baş vermiş, e.ə. I
minilliyin I rübündə onların inkişaf prosesi davam etmişdir. Bu mədəniyyətlərin
daşıyıcılarının necə adlandıqlarını söyləmək çətindir. Həmin zamanın Aşşur
(Assuriya) mənbələri Azərbaycanın yalnız Urmiya gölü ətrafında yaşamış tayfaları
haqqında müəyyən dərəcədə mühakimə yürütmək imkanı verir.
Arxeoloji dəlillər e.ə. II minilliyin sonunda və I minilliyin başlanğıcında
istehsalda və Azərbaycan tayfalarının ictimai həyatında mühüm irəliləyişlərin baş
verdiyini təsdiq edir. Tuncun emalı yüksək çiçəklənmə mərhələsinə çatmışdı, saxsı
əşyaların hazırlanması zamanı dulus çarxından istifadə edilirdi. Xış əkinçiliyi inkişaf
edir, taxıl döyümü zamanı artıq vəldən kifayət dərəcədə geniş istifadə olunurdu. Bu
119
dövrdə yaşayış bölgəsindən asılı olaraq ayrı-ayrı tayfaların təsərrüfatında fərqlər
dərinləşirdi. Dağlıq bölgələrin maldar tayfaları metal emalı sahəsində böyük ustalıq
səviyyəsinə çatmışdılar. Yaylaq maldarlığının təşəkkülü prosesi başa çatırdı,
düzənliklərdə əkinçilik təsərrüfatı intensiv surətdə yüksəlir, bağçılıq və üzümçülük
inkişaf edir, şərabçılıq meydana gəlirdi.
Dəmirin mənimsənilməsi bu dövrün mühüm hadisəsi idi. Bütün Cənubi
Qafqazda olduğu kimi, Azərbaycanın abidələrində də dəmir əşyalara e.ə. II—I
minilliklərin hüdudlarından başlayaraq təsadüf olunur. Tayfaların inkişaf səviyyəsi
qeyri-bərabər idi. Cənub vilayətlərində məskunlaşmış tayfalar mühüm nailiyyətlər
qazanmışdılar. Onlar sinifli cəmiyyətə keçməkdə olan, bəzi hallarda isə bu cür
cəmiyyətə keçmiş əhali ilə qonşu idilər. Biz bu tayfaların sosial quruluşunda sinfi
antaqonist münasibətlər cəmiyyətinə xas olan bir sıra ünsürlərə, məsələn, qulların
mövcudluğu faktına rast gəlirik. Bu dövrdə ayrı-ayrı tayfa qruplarının birləşməsi
prosesi güclənir, tayfa ittifaqlarının yaranması davam edirdi. Çox güman ki, ölkənin
ayrı-ayrı bölgələrinin arxeoloji mədəniyyətləri qohum olan tayfa qruplarını və
ittifaqlarını əks etdirir.
Çoxsaylı arxeoloji materiallar Cənubi Qafqaz və Urmiya gölü ətrafı
cəmiyyətlərinin yüksək inkişaf səviyyəsində olduğunu təsdiq edir. Məhsuldar
qüvvələrin köçəri maldarlığın inkişafı ilə şərtlənmiş yüksəlişi metal emalının
tərəqqisinə təkan verirdi. Əkinçilik, üzümçülük və şərabçılıq inkişaf edir, suvarma
sistemləri yaradılırdı. Tunc metal emalının çiçəklənməsi və dəmirin mənimsənilməsi
dövrü başlanmışdı. Sənət sahələrinin - nəinki metal emalının, habelə dulusçuluğun
xeyli dərəcədə inkişafı bunu təsdiq edir. Bu dövrdə sənətkarlıq kənd təsərrüfatından
qəti surətdə ayrıldı. İstehsal əmtəə təmayüllü olmağa başladı, bu isə müntəzəm
mübadiləyə və ticarətə təkan verdi. Cənubi Qafqaz və Cənubi Azərbaycan
sakinlərinin Kiçik Asiyanın, Suriyanın, Mesopotamiyanın uzaq bölgələri və digər
ölkələri ilə əlaqələri gücləndi. E.ə. II minilliyin sonuna doğru Şərqi-Cənubi Qafqaz -
Şimal-Qərbi İran bölgəsinin daxilində əlaqələr möhkəmləndi, genişləndi.
Bütün bu proseslər əmlak bərabərsizliyini dərinləşdirir, hakim mövqelərə
keçmiş nəsli tayfa əyanlarını zənginləşdirir, insanın insan tərəfindən istismarını
gücləndirir, cəmiyyətin sinfi cəhətdən varlılara və yoxsullara bölünməsini
şərtləndirirdi.
Bu hadisələr Azərbaycan ərazisində sinfi cəmiyyətlərin və ilk dövlət
törəmələrinin yaranması erasının müjdəçiləri idi.
F.Engels özünün "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" adlı
əsərində bu ümumtarixi dövrün səciyyəsini verərək yazmışdır: "Varlılarla yoxsullar
arasındakı fərq azad şəxslərlə qullar arasındakı fərqlə yanaşı meydana çıxır, - yeni
əmək bölgüsi yarandıqda, cəmiyyət yenidən siniflərə bölünür. Əhalinin artmaqda olan
sıxlığı istər daxildə, istərsə xarici aləm qarşısında daha sıx birləşməyə məcbur edir.
120
Qohum tayfaların ittifaqı hər yerdə bir zərurət olur, tezliklə bunların birləşməsi və
beləliklə, ayrı-ayrı tayfa ərazilərinin bütün xalqın ümumi bir ərazisi halında birləşməsi
zəruri olur. Xalqın hərbi başçısı zəruri, daimi bir vəzifəli şəxs olur. Xalq yığıncağı
meydana gəlir.
Sərkərdə, şura, xalq yığıncağı inkişaf edib hərbi demokratiyaya keçən qəbilə
cəmiyyətinin orqanlarını təşkil edir. Bu, ona görə hərbi demokratiya idi ki, indi
müharibə və müharibədən ötrü təşkil olunmaq xalq həyatının müntəzəm funksiyaları
olur... müharibə indi yalnız qarət naminə aparılır, daimi bir peşə olur... irsi kral
hakimiyyəti və irsi əyanlıq üçün təməl qoyulur. Beləliklə, qəbilə quruluşu orqanları
xalq, qəbilə, fratriya, tayfa içərisindəki öz köklərindən tədriclə ayrılır, bütün qəbilə
quruluşu isə özünün əksinə çevrilir".
Bu proseslərin son mərhələsi insan tərəfindən tarixdə inqilabi rol oynamış
bütün xammalların sonuncusu və ən mühümü olan dəmirin mənimsənilməsi ilə
bağlıdır.
Tezliklə cəmiyyətin siyasi cəhətdən təşkilinin yeni forması olan dövlət də
meydana gəldi. Bu təşkilat yenidən təşəkkül tapmır, əsasən köhnə, lakin artıq
dəyişdirilmiş, istismarçı azlığın mənafelərini qoruyan orqanların hesabına yaradılırdı.
Bu, artıq Dəmir dövrü idi.
E.ə. II minilliyin son rübünün qəbir abidələrindən tapılmış, dəmirdən
hazırlanmış məmulat bu metalın sənətkarlıq cəhətdən mənimsənildiyini təsdiq etsə də,
tuncun hələ uzun müddət ərzində sıxışdırılmaqda olduğunu qeyd etmək lazımdır.
Azərbaycanın daha çox inkişaf etmiş vilayətlərində və onunla həmhüdud olan
bölgələrdə e.ə. II minilliyin sonunda ibtidai icma quruluşunun tənəzzülünü və
dağılmasını, erkən sinifli cəmiyyətlərə keçidi nəinki kəskin əmlak bərabərsizliyi və
hərbçilərin icma üzvlərinə məxsus olan qəbirlər kütləsindən seçilən çoxsaylı qəbirləri,
habelə Zaqrosyanı zolaqda yaranmış, yazılı mənbələrdə təsdiqlənən xırda siyasi
vahidlərin mövcudluğu faktı da nümayiş etdirir. Bu fakt tamamilə aydın surətdə
təsdiq edir ki, göstərilən zamandan etibarən keçmişlərdə qalmış nəsli-tayfa prinsipinin
əvəzində dövlət hakimiyyətinin ilk fərqləndirici cəhəti olan ərazi bölgüsü meydana
gəlmişdi.
Göstərilən zamanda Cənubi Azərbaycan bölgəsində şərait xarici siyasi
hadisələrlə bağlı olaraq əhəmiyyətli dərəcədə mürəkkəbləşdi.
E.ə. II minilliyin sonunda və I minilliyin başlanğıcında bölgənin və onunla
həmhüdud olan ərazilərin daha qabaqcıl vilayətlərinin inkişaf səviyyəsini
səciyyələndirən parlaq materiallar Naxçıvan, Dağlıq Qarabağ, Mingəçevir, Talış,
Xurvin, Marlik, Həsənli zonasında aşkar olunmuşdur. Bütün bu materiallar nəinki
yerli cəmiyyət daxilində əlaqələrin nəzərəçarpaçaq dərəcədə artmasını təsdiq edir,
habelə aydın şəkildə deməyə imkan verir ki, e.ə. II minilliyin son rübündə Cənubi
Qafqazın ərazisində və İran yaylasının şimal-qərbində Dəmir dövrünün ilk
121
mərhələsini təşkil edən, bir-birinə yaxın olan mədəniyyətlər təşəkkül tapmışdı.
Güman etmək olar ki, həmin mədəniyyətlər dəmirin emal olunmasının əsasları
baxımından eyniyyət təşkil edirdilər. Deyilənlər təsdiq edir ki, həmin ərazilərin
tayfalarında yeni münasibətlər eyni zamanda və oxşar şəraitdə təşəkkül tapmaqda idi.
Bəzi fərqlərə baxmayaraq, erkən dövrdə bölgənin hər iki hissəsinin inkişaf səviyyəsi
təxminən eyni idi.
Bizi maraqlandıran zamanın etnodil mənzərəsindən danışarkən göstərmək
lazımdır ki, həmin mənzərə, əlbəttə, əvvəlki dövrün şəraitindən bir qədər fərqlənirdi.
Lakin tayfaların taleyini dəfələrlə dəyişmiş gur hadisələrə, müxtəlif dəyişikliklərə və
hətta kəskin çevrilişlərə baxmayaraq, bu dövrdə burada etnik, mədəni və dil
baxımından keçmiş dövrlərin nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji
tiplərinə aid olan, Şimal-Şərqi Qafqaz ailəsinin dialektlərində (şimalda), hurri, lullubi
və digər dillərdə, dialektlərdə (cənubda) danışanların nümayəndələri ilə bağlı olan
avtoxton əhali yaşayırdı
Bölgənin əsrlər ərzində bura gəlmiş etnik qruplarla qaynayıb qarışmış avtoxton
əhalisi Dəmir dövrünün başlanğıc mərhələsində mahiyyətcə artıq e.ə. III minillikdə
(güman etmək olar ki, daha erkən zamanlarda) burada yaşamış etnik elementlərdən
ibarət idi. İri tayfa birlikləri arasında yalnız kutiləri istisna etmək lazımdır. Artıq e.ə.
II minilliyə doğru kutilər əski rollarını itirdilər. Güman etmək olar ki, e.ə. I minillikdə
onlar başqa tayfalarla qaynayıb-qarışaraq tarix səhnəsini qəti surətdə tərk etdilər.
Mənbələrdə yeni tayfaların və tayfa birliklərinin adları hallanmağa başlandı.
Cənubda başlıca etnik-dil massivi lullubi və hurri elementlərindən ibarət idi.
Hurrilər Urmiya gölü sahillərində yaşayırdılar. Sulduz vadisində aşkar olunmuş
"xabur" keramikası, Həsənli materialları, habelə təxminən e.ə. II minilliyin birinci
yarısında mövcud olmuş hurri-ari kontaktı faktı bunu təsdiq edir. Bölgənin cənub
hissəsində lullubilər də yaşamaqda idilər. Maraqlıdır ki, hələ e.e. I minilliyin I
otuzilliyində Lullume, Zamua, Manna anlayışları arasındakı varisliyi izləmək
mümkündür. Aşşur hökmdarı II Sarqonun Aşşur allahına yazdığı məlum
"məktubu"nda deyilir: "Zamua adlanan lullume ölkəsi". Zamua isə, məlum olduğu
kimi, Manna çarlığının meydana gəldiyi vilayət idi.
Güman etmək olar ki, lullubi elementi Urmiyaətrafı vilayətlərdə hələ xeyli
müddət ərzində qalsa da, Mannanın etnik tarixində mühüm rol oynasa da, Manna
çarlığı dövründə hurri qruplarının bu zonada üstün etnik element olduğunu təxmin
etmək mümkündür. Məlumdur ki, hurrilər burada antik zamanlarda da yaşamaqda
davam etmişlər.
Erkən dəmir dövründə Urmiya-Van-Şərqi Kiçik Asiya vilayətlərində mehri və
yaxud mehranlar adlanan əhali qrupları meydana çıxdılar (onların əvvəllər də burada
yaşadıqlarını güman etmək mümkündür). E.ə. XIII əsrə aid olan Hett sənədlərində
Sala "ölkəsi" ilə yanaşı, Mehri "ölkəsi"ndən də danışılır (sala tayfası isə manda tayfası
122
ilə yanaşı hələ e.ə. XIV əsrdə xatırlanır). Aşşur hökmdarı Adadnerari (e.ə. X-IX
əsrlər) Mehri "ölkəsini" və aşşurlular tərəfindən doğranan "mehri ağacları"nı
xatırlamışdır. E.ə. VII əsrə aid olan bir Aşşur mətni əsasında güman etmək olar ki,
hələ bu zaman Qərbi Mada (Midiya) əhalisinin bir qismi bizə məlum olmayan mehran
dilində danışırdı.
Mixi yazılı mənbə məlumatları əsasında e.ə. II minilliyin sonu I minilliyin lap
başlanğıcında Cənubi Azərbaycan ərazisində həm etnik, həm də siyasi cəhətdən xeyli
dərəcədə rəngarəng mənzərənin yarandığını iqrar etmək olar. Burada yuxarıda adları
çəkilmiş tayfalardan və tayfa birliklərindən başqa artıq nigimxilər, turukkilər,
uruatrilər və başqaları yaşayırdılar. Onların etnik-dil mənsubiyyəti haqqında biz heç
nə bilmirik.
Şimali Azərbaycan vilayətlərində əsas əhalinin Şimal-Şərqi Qafqaz ailəsi
dillərində danışan tayfalardan və tayfa birliklərindən ibarət olduğu şübhəsizdir.
Burada nisbətən iri birliklərin mövcudluğu yaxşı izlənməkdədir. Güman etmək olar
ki, bu birliklər Xocalı-Gədəbəy, Naxçıvan, Talış-Muğan, Qayakənd-Xoroçoy
mədəniyyətlərinin etnik birləşmələrini (güman ki, qohum olan) əks etdirirdi. Qeyd
etmək vacibdir ki, bu dövrün Mərkəzi və Cənub-Şərqi Qafqaz arxeoloji
mədəniyyətləri bir-birinə yaxın idilər və Cənubi Qafqazın qərb hissəsinin sinxron
mədəniyyətindən kəskin surətdə seçilirdi. Deyilənlər, şübhəsiz, Şimal-Şərqi Qafqaz
dil ailəsi daşıyıcılarının bir qisminin əsasında tədricən protoalban tayfa ittifaqının
təşəkkül tapmasından xəbər verir.
Bu dövrdə Urmiyaətrafı bölgədə şərait Aşşur hökmdarlarının, bir qədər sonra
isə Urartu hökmdarlarının hərbi yürüşləri ilə əlaqədar olaraq xeyli mürəkkəbləşdi.
E.ə. II minilliyin II yarısına aid olan mənbələrdə Aşşur hökmdarının Turukki
və Nikimxi ölkələrini tamamilə fəth etməsindən, "kutilərın geniş torpaqlarındakı
bütün dağların və təpələrin hakimlərinin ram olunması"ndan danışılır. Güman etmək
olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbədə danışılan dağ
tayfalarından olan uruatrilərin də hurrilərə yaxın olması güman edilir.
Güman olunur ki, Uruatri tayfa ittifaqı Böyük Zab çayının yuxarı axarı
arasındakı bölgədə, Boxtansu vadisindən şərqdə yaranmısdı. Buna görə də ehtimal
etmək olar ki, Uruatri əsasən Urartu tayfalarının deyil, kutilərin yaşadıqları ərazidə
meydana gəlmişdi. I Salmanasarın yazılarından birinə əsasən "kutilər" Uruatridən
Kutmuxiyədək uzanan ərazilərdə yaşayırdılar. Həqiqətən də Uruatrinin tərkibində
olmuş "ölkələrin" adları Urartu səciyyəli deyildir və dağlıq Zaqros dillərinə yaxınlığı
nəzərə çarpır.
E.ə. II minilliyin II yarısına aid olan Aşşur mənbələrində bir çox siyasi
vahidlərin adları çəkilməyə başlayır. Biz həmin siyasi vahidlərin hüdudlarında
yaşamış sakinlərin etnik-dil mənsubiyyəti haqqında yalnız fərziyyələr irəli sürə
bilərik.
|