Təsərrüfat. Azərbaycan əhalisinin ilk tunc dövrü iqtisadiyyatında aparıcı rolu
əkinçilik tuturdu. Bu dövrdə Azərbaycanda xış əkinçiliyi geniş yayılır. Bu baxımdan
maraqlıdır ki, ilk tunc dövrü yaşayış yerlərində daşdan, buynuzdan və sümükdən
88
hazırlanmış toxalar yoxdur. Ancaq ötən dövrün hər bir yaşayış yerində bu alətlərə
çoxlu miqdarda təsadüf olunur.
Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə
etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil
fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.
Azərbaycanda Kür-Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində
becərilən dən qalıqları əldə edilmişdir. Süni suvarma bəsit şəkildə olsa da, bu ərazinin
eneolit dövrü əhalisində də məlum idi. Azərbaycanda süni suvarma ilə yanaşı,
xüsusən dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu.
Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı
bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır.
Səpin üçün taxıl dənlərinin seçilməsi bu dövrün əkinçilik mədəniyyətində
böyük tərəqqi idi. Arpa və buğda ayrılıqda əkilirdi. Bu barədə məlumat Babadərviş
tapıntılarından aydın olur. Burada bir taxıl quyusundan arpa, o birindən yumşaq
buğda tapılmışdır. Yumşaq buğda qalıqları II Babadərviş yaşayış yerinin
otlaqlarından birində tapılmışdır. İlk tunc dövründə yumşaq buğda daha geniş
yayılmış dənli bitki növlərindən olmuşdur. Məhsulun biçilməsindən sonra müxtəlif
sadə üsullarla, o cümlədən ovma yolu ilə onun döyülməsi aparılırdı. I Kültəpədə
böyük bir quyuda yanmış dən qalıqları, sünbüllü küləş və dərz bağlamaq üçün
bəndəmlər bir yerdə tapılmışdır. Görünür, taxıl buraya döyülməmiş vəziyyətdə
yığılmışdır. Babadərvişdə yanğın baş vermiş bir evin döşəməsinin xeyli hissəsində
sünbül qılçığının qalın qatı var idi. Döşəmə üzərində bu qata bitişik dən topasına rast
gəlindi. Bu faktlar göstərir ki, ehtiyat üçün saxlanılan taxıl həm də ehtiyaca görə
döyülürdü.
Taxıl məhsulunun biçilməsi yığma oraqlarla aparılırdı. Oraqların əsası ağac
dəstəklərdən, dişləri çaxmaq daşından düzəldilirdi. Ancaq ilk tunc dövrü bəzi yaşayış
məskənlərində tunc oraqlara da rast gəlinmişdir. Azərbaycan ərazisində belə bir oraq I
Kültəpədən tapılmışdır. Metal oraqların meydana gəlməsi, sözsüz ki, biçin prosesində
əməyin məhsuldarlığına müsbət təsir göstərir.
Dənin saxlanılmasının mühüm əhəmiyyəti var idi. Bu məqsədlə iri saxsı
qablardan, xüsusi quyulardan və kərpic tikintilərdən istifadə olunurdu. Babadərviş
yaşayış yerində 22 quyu aşkar olunmuşdur. Dənin nəmləşib çürüməməsi məqsədilə
quyuların dibi daş və ya kərpiclə döşənirdi. Yanıqtəpədə aşkar olunmuş dördgözlü
qalın divarlı tikinti taxıl anbarı kimi istifadə olunmuşdur.
İnamla demək olar ki, İlk Tunc dövründə çörək bişirilirdi. Bu məqsədlə
Naxçıvan Kültəpəsində aşkar olunmuş düzsəthli kürələrdən istifadə olunurdu.
Kür-Araz mədəniyyəti yaşayış məskənlərindən məlum olan materiallar
təsərrüfatda əkinçiliyin çox mühüm rolunu göstərir.
89
İlk Tunc dövrü təsərrüfatının başqa mühüm sahəsini maldarlıq təşkil edirdi.
Arxeoloji materiallar çox müxtəlif olmasa da, dövrün maldarlıq təsərrüfatının
xarakteri haqqında kifayət qədər təsəvvür yaradır. Osteoloji material göstərir ki,
sürüdə bütün ev heyvanları var idi (öküz, inək, keçi, qoyun və ev donuzu). Kür-Araz
mədəniyyəti qəbilələrinin, o cümlədən Azərbaycan əhalisinin atdan istifadəsi
haqqında olduqca az material vardır.
İlk Tunc dövrünün başlanğıcında maldarlıq təsərrüfatında iribuynuzlu
heyvanlar üstün mövqe tuturdu, sonralar isə xırdabuynuzlu heyvanların sürüdə ümumi
artım meyli müşahidə olunur. Mal-qaranın xeyli artımı öz növbəsində yem
mənbələrinin, o cümlədən otlaqların, örüşlərin genişlənməsinə səbəb olmalı idi.
Yaşayış yerləri ətrafındakı örüşlər, xüsusən yay aylarında artmaqda olan tələbatı
ödəmirdi. Bununla əlaqədar olaraq bütün Qafqazda olduğu kimi, Azərbaycanda da İlk
Tunc dövründə heyvandarlığın yaylaq forması inkişaf edir; yayda heyvanlar dağlara,
alp otlaqlarına sürülürdü. Qoyunçuluğun inkişafı İlk Tunc dövründə dağlıq rayonların
geniş mənimsənilməsinin əsas səbəblərindəndir.
Daşkəsən rayonunda Xaçbulaq yaylağında maldar qəbilələrə məxsus kurqan
qəbirləri məlumdur. Yaylaq məskənlərinin qalıqları Kəlbəcərdə, Şirvanın dağlıq
hissəsində, Şamaxı rayonunda müəyyən edilmişdir.
Mal-qaranın artması ilə heyvandarlıqda daha intensiv proses müşahidə edilir,
izafi ərzaq məhsulu yaranır. Maldarlıq təsərrüfatı tarixində yağ istehsalının və onun
inkişafının mühüm əhəmiyyəti vardır. Bu dövrdə ilk dəfə gil nehrə icad olunur. Yeri
gəlmişkən qeyd edək ki, o, öz formasını dəyişmədən Azərbaycanda bu günə qədər
qalmaqda davam edir. Nehrə adının da onun icad olduğu dövrdə meydana gəldiyi
şübhə doğurmur.
Beləliklə, ilk tunc dövründə əkinçi-maldarlıq təsərrüfatında böyük tərəqqi
başlanır, yeyinti məhsullarının istehsalında yeni imkanlar yaranır. Maldarlıq
təsərrüfatının sürətli inkişafı sayəsində icma-qəbilə quruluşu daxilində mülki və sosial
ayrılmalar güclənir.
Sənətkarlıq. Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və
metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda
zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz
mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc
dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir.
Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif
əşyalar geniş şəkildə təmsil olunmuşdur. Onlar başlıca olaraq mis-mərgmüş
qatışığından ibarət tuncdan hazırlanırdı, ancaq tək-tək məmulatların tərkibində qalay
qatışığı vardır.
90
Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya
ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur. Lakin Kür-Araz mədəniyyəti dövründə
Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir.
Metal əşyaların spektral tədqiqi, onların əksər halda mis-mərgmüş tərkibli
olduğunu göstərmişdir. Qədim ustalar şüurlu surətdə əşyaların daşıyacağı məqsəddən
asılı olaraq, onların tərkibinə müxtəlif miqdarda mərgmüş qatırdılar. İş burasındadır
ki, misin əridilməsi üçün yüksək (1083°) istilik tələb olunur, başqa metalın (mərgmüş,
qalay, nikel və s.) qatışığı olduqda ərimə dərəcəsi azalır, metalişləmə ilə əlaqədar
görülən işlər bir qədər yüngülləşir. Qədim ustalar bu biliyi mənimsədikdən sonra
tuncun başqa xassəsini də müəyyənləşdirirlər. Yəni tunc misdən bərkdir və az
istilikdə (700°) əriyir. Eyni zamanda müəyyən olunur ki, tərkibinə çox mərgmüş
qatılmış əşyalar kövrək olur. Kənd təsərrüfatında istifadə məqsədilə hazırlanan metal
alətlərdə, həm də İlk Tunc dövrü abidələrindəki silahlarda az mərgmüş (4-5 faizə
qədər) qatışığının olması məhz bununla izah olunur.
Azərbaycanda erkən dövr metal sənayesinin öyrənilmə tarixində Babadərviş
yaşayış yerində tədqiq edilmiş misəritmə kürə qalıqları böyük əhəmiyyət kəsb edir.
Kürələrin yalnız aşağı hissələri qalmışdır. Görünür, kürələrin kifayət qədər
mükəmməl quruluşu olmuşdur. Bunu kürədəki külçələr və tapılan körük ucluqları
aydın sübut edir. Kürələrin birində tullantı şəklində istehsal çıxarı və mis külçəsinin
parçası tapılmışdır. Babadərvişdə bundan əlavə metal əşyalar, həm də metal əridib
tökməkdə istifadə edilən təknəyəbənzər gil qəlibin yarı hissəsi əldə edilmişdir. Bu
tapıntılar ilk tunc dövrü Babadərviş yaşayış yerində metal istehsalı ilə əlaqədar bütün
prosesin qaydaya salındığını sübut edir. Metaləritmə sənətkarlığı Kültəpə,
Qaraköpəktəpə, Şortəpə, Mişarçay, Göytəpə, Yanıqtəpə və başqa ilk tunc dövrü
yaşayış yerlərində də mövcud olmuşdur.
Yaşayış yerlərində mövcud olan metaləritmə emalatxanaları metal istehsalının
başqa istehsal növlərindən ayrıldığını göstərir. Emalatxanalar bütün icmanı təmin
edirdi, onlarda ustaların başçılığı altında bir qrup adam çalışırdı. Kür-Araz
mədəniyyətinin geniş ərazisində, qismən də ondan xaricdə metal istehsalı məhsulunun
oxşar nümunələrinin yayılmasını izafi məhsulun mübadiləsi və mədəni-iqtisadi
əlaqələrlə izah etmək olar. Deməli, İlk Tunc dövründən başlayaraq Azərbaycanda və
Zaqafqaziyada metal istehsalı və metal əşyaların hazırlanması sənətkarlığın mühüm
sahələrindən birinə çevrilir. Filizin çıxarılması və əridilməsi, metalın tökülməsi,
xüsusi qarışıqların tətbiqi, isti və soyuq döymə, əmək alətlərinin və silahların, bəzək
əşyalarının çeşidlənməsi istehsalın bu sahəsinin səviyyəsini və onun ilk tunc dövrü
əhalisinin həyatındakı rolunu əyani surətdə əks etdirir. Bu istehsal sahəsinin inkişafı
ilə sənətkarlığın başqa növləri, məsələn, sümük və daşişləmə olduqca məhdudlaşır.
Dəvəgözü daşının işlənməsi demək olar ki, öz əvvəlki əhəmiyyətini itirir, çaxmaq
daşından indi əsasən oraq dişləri və ox ucları hazırlanırdı. Sümükdən hazırlanan
91
başlıca alət - biz özü də əvvəlki dövrə nisbətən az idi. İndi onu tuncdan hazırlanan
daha möhkəm və etibarlı alətlər əvəz edir. Bu dövrün yerli metal istehsalı məmulatı
içərisində ən mühüm alət küplü tunc baltalar oldu. Azərbaycanın İlk Tunc dövrü
yaşayış yerlərinin demək olar ki, hər birindən belə balta qəliblərinin tapılmasına
baxmayaraq, onların özünün hələ ki, üç ədədi məlumdur. Ağdam, Masallı və Dəvəçi
rayonlarının hərəsində bir tunc balta tapılmışdır.
Qafqazın İlk Tunc dövrü abidələrində küplü baltalardan başqa, yastı iskənəvari
tunc baltalara da rast gəlinir. Astara rayonunda Telmankənd yaxınlığında bir kurqanda
yastı tunc baltalar dəstəkli nizə ucluqları ilə birlikdə əldə edilmişdir. İki ədəd
süngüvari nizədən biri I Kültəpədən, o biri Xaçbulaqdan məlumdur.
Qafqazda ilk tunc dövründən başlayaraq geniş yayılan metal silah iki ağızlı
yarpaqvari bıçaqlar - xəncərlər olmuşdur. Belə xəncərlərə Xaçınçay sahili və
Xankəndi kurqanlarında, Yanıqtəpə və Kültəpə yaşayış yerlərinin mədəni
təbəqələrində rast gəlinmişdir. Yerli metal istehsalı məmulatına Qaraköpəktəpə
yaşayış yerindən tapılmış dördtilli biz, başı ilgəkli sancaq, barmaqcıq və s.,
Kültəpədən başı ilgəkli dörd sancaq, bıçaq parçası və s. aiddir. Kültəpə metal əşyaları
içərisində Qafqazda ən qədim tunc oraq diqqəti xüsusi ilə cəlb edir.
Beləliklə, müxtəlif məqsəd daşıyan metal məmulatı Azərbaycanda dövrün
metalişləmə sənətkarlığı haqqında aydın təsəvvür yaradır.
Sənətkarlıq sahələrindən arxeoloji materiallarla daha zəngin dulusçuluq təmsil
olunmuşdur. Zaqafqaziyanın ilk tunc dövrü saxsı məmulatı o qədər mənalı və özünə
məxsus əlamətlərə malikdir ki, o, Kür-Araz mədəniyyətini müəyyənləşdirən əsas amil
rolunu oynayır. O, Eneolit dövrünün saxsı məmulatından keyfiyyətinə, texniki
işlənməsinə və formaların müxtəlifliyinə görə fərqlənir. İlk Tunc dövrü abidələrində
sözün əsil mənasında hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar
olunmamışdır. Çox güman ki, dulusçuluq emalatxanaları yaşayış yerlərindən kənarda
yerləşmişdir. Mişarçay yaşayış yerində hələlik yeganə bir dulus kürəsi qalıqlarının
abidənin qənşərində yerləşməsi bunu sübuta yetirir. Kürədə gildən sapand daşlarının
bişirilməsi prosesi nə səbəbdən isə başa çatmamış, kürə bərk dağıdılmışdır. Kürədən
qalan hissədə çoxlu yarıbişmiş gil sapand daşları və sönmüş sobanın qırmızı rəng
almış divarından parçalar vardır.
Kür-Araz mədəniyyətinin qab-qacağı bir qayda olaraq, əksər halda, qum
qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı.
Bəzi rayonlarda (Qəbələ, Xanlar, Xankəndi və b.) qabların hazırlanmasında
torbalardan istifadə olunurdu. Torba qumla doldurulur, xaricdən istənilən formanı
almaqla suvanır, qurudulduqdan sonra qum boşaldılır və bişirilirdi. Qabların belə
üsulla hazırlanması İlk Tunc dövründə Qafqazın dulusçuluq sənətində geniş tətbiq
olunurdu. Bəsit dulus çarxı əvvəldən məlum olsa da, bu dövrdə məhdud miqyasda
işlədilir və hər yerdə tətbiq olunmurdu. Kür-Araz mədəniyyəti qablarının bəzi
92
nümunələri o qədər nazik divarlıdır ki, dulus çarxında hazırlanma təəssüratı yaradır.
Qara şüyrəli belə qabların kiçik qırıqlarına, məsələn, Mişarçay yaşayış yerində rast
gəlinmişdir. Kiçik Qafqaz ərazisi abidələrinin qab-qacağı əksər halda qara, məharətlə
şüyrələnmiş üzə və çəhrayı astara malikdir. Burada qırmızı, boz bişməli qablar da az
deyil. Qaraköpəktəpə yaşayış yerində qaraşüyrəli qablar bozşüyrəlilərdən sonra
yaranır. Təbriz yaxınlığında Yanıqtəpədə hər iki qrupa eyni vaxtda rast gəlinir.
Mişarçay yaşayış yerində qırmızı rəngli qablar üstünlük təşkil edir.
Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq
doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik
dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quş və heyvan rəsmlərinə və s.
təsadüf olunur. Zəngin ornamentik naxışlara malik qab-qacaq Babadərviş və
Yanıqtəpə yaşayış yerlərindən əldə edilmişdir. Babadərvişdə demək olar ki, Kür-Araz
saxsı məmulatında tətbiq olunan bütün bəzək vurma üsullarına və motivlərinə rast
gəlinir. Yanıqtəpə qablarında isə naxışlar bütünlüklə çərtmə üsulla yerinə yetirilnişdir.
Burada, Kür-Araz mədəniyyətinin başqa yaşayış yerlərində olduğu kimi, qabların
yuxarı hissəsi, bəzən də boğazları naxışla bəzənirdi.
Dulusçuluq sənətinin inkişaf səviyyəsi müxtəlif formalı kiçik miniatür
camlardan tutmuş taxıl saxlanan iri qablaradək özünü əyani surətdə göstərmir.
Səciyyəvi formalar çölmək, bardaq, xeyrə, parç, qazança və sairədən ibarətdir. Həmin
vaxtda yarımkürə qulplu gil qapaqların geniş istehsalı başlanır və Kür-Araz
mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir.
Manqalların, müxtəlif sacayaqların hazırlanması da İlk Tunc dövrünün saxsı
məmulatı istehsalında xüsusi yer tutur. Bir çox başqa səciyyəvi əşyalar kimi onlar da
bu mədəniyyətin tənəzzülü ilə istifadədən çıxır.
Kür-Araz mədəniyyəti qəbilələrinin inkişaf etmiş sənət sahələrindən biri də
toxuculuq olmuşdur. Ona görə təəccüblü deyil ki, iribuynuzlu heyvanların
sümüyündən kəsilmiş və ortasından deşik açılmış iy başlıqlarına hər bir Kür-Araz
mədəniyyəti yaşayış yerində təsadüf olunur. İy başlıqlarını (iyrəcək) bəzən gildən və
daşdan düzəldirdilər. İlk tunc dövründə ipəyirmə sənətində iy başlıqları əsas alət
olmuşdur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir.
İlk tunc dövründə dülgərlik və dabbağlıq sənət sahələri də inkişaf edir. Adətən
bu sənət sahələrinin inkişafını işıqlandıracaq materiallar dövrümüzə gəlib çatmır,
buna görə də onlardan bəhs edərkən dolayı dəlillərdən istifadə edilir. Belə ki, dövrün
ağacişləmə sənəti barədə gildən təkər modelləri, evlərdə dirək quyuları, kurqan
qəbilələrində tir qalıqları və başqa bu kimi dəlillər təsəvvür yaradır. Əhalinin
məişətində dəri məmulatı geniş işlənirdi. Cənubi Azərbaycanda Yanıqtəpə evlərinin
birində aşkar olunan dəri qalıqları buna misaldır. Dəridən paltar, ayaqqabı, başqa
təsərrüfat və məişət avadanlığı hazırlanırdı.
93
Sənətkarlığın inkişafı Kür-Araz mədəniyyəti qəbilələrinin Qafqaz və Ön
Asiyanın qonşu vilayətləri ilə təmasına və qarşılıqlı əlaqələrin güclənməsinə lazımi
şərait yaradır.
Əlaqələr. Kür-Araz mədəniyyətini şöhrətləndirən maddi varidatda bir çox
formaların, nümunələrin yeknəsəq olması heyrət doğurur. Buna qəbilələrarası daimi
və fəal əlaqələr imkan yaratmışdı. Bu prosesdə yarımköçəri maldarlıqla məşğul olan
qəbilələr böyük rol oynamışdır. Özlərinin həyat tərzi sayəsində onlar texnika və
mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır.
Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi
olur. Əkinçilər mübadiləni əsasən taxıl, həm də sənətkarlıq məmulatı ilə aparırdılar.
Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar.
Tunc metallurgiyasının inkişafı dəvəgözünü təsərrüfat və məişətdən sıxışdırdı,
qəbilələrarası mübadilədə öz əhəmiyyətini itirdi. Qafqazda tunc sənayesinin
inkişafının başlanğıc mərhələsi Ön Asiya ilə təmasda keçir. İlk Tunc dövründə
Qafqaza müxtəlif biçimli, xüsusən metal əşyalar daxil olur və yaxud onların formaları
mənimsənilir. Buna görə təəccüblü deyildir ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri
nəinki öz aralarında bir-birinə bənzəyir, həm də bu ərazidən kənarda olan abidələrin
materialları ilə yaxın oxşarlıq tapır. Bu dövrdə Qafqazda dəstəkli nizə ucluqları geniş
yayılır. Belə ucluqlar Ön Asiyanın bir çox vilayətlərindən məlumdur və orada onlar
nəinki tuncdan, həm də qızıl və gümüşdən hazırlanırdı. Azərbaycanda Lənkəran
düzənliyindən Şimali Qafqazda Prikuban vilayətinə qədər, tipoloji cəhətdən Ön
Asiyanın İlk Tunc dövrü nümunələri ilə oxşar yastı iskənəvari baltalar yayılmışdı.
Astara rayonunun kurqanlarından birində dəstəkli nizə ucluğu ilə birlikdə iki
iskənəvari formalı balta tapılmışdır. Bu kurqanın metal əşyaları mərgmüşlü tuncdan
hazırlanmışdır. Lakin bəzi nümunələrdə mərgmüşdən əlavə az miqdarda qalay da var.
Məlum olduğu kimi, Qafqazda və ona qonşu rayonlarda qalay yataqları yoxdur. Ona
görə Qafqazda tapılan qalay qatışıqlı əşyaları buraya qalayın, bəlkə də bəzi qalay
qatışıqlı tunc məmulatın xaricdən gəlməsi ilə izah etmək olar. Babadərviş yaşayış
yerindən qarmaqvari tunc əşyanın, Dağlıq Qarabağ kurqanlarının birində tapılmış
tunc xəncər tiyəsinin tərkibində qalay qatışığı olması onların və ya qatışığın gətirilmə
məmulata aidiyyətini göstərir.
Kültəpədən tapılmış dördtilli, tərkibində nikel və mərgmüş qatışığı olan biz
diqqəti cəlb edir. Nikel qatışıqlı əşyalar Şimali Qafqazda Maykop mədəniyyəti
abidələrindən məlumdur. Ancaq qalay kimi nikel də Qafqazın mədən yataqlarında
yoxdur.
Qafqazın İlk Tunc dövrü abidələrində rast gəlinən mis-nikel qatışıqlı əşyalar,
yəqin ki, Ön Asiya ilə bağlıdır. Onlar ola bilsin ki, Omanda hasil edilmiş metaldan
hazırlanmışdır.
94
Yerli qəbilələrin cənubla sıx əlaqəsi qiymətli metaldan hazırlanmış əşyalarda
özünü əks etdirir. Azərbaycanda onlar dəfn abidələrindən əldə edilmişdir. Xankəndi
qənşərində bir kurqanda üzərinə qızıldan qabıq çəkilmiş yuvarlaq formalı üç pasta
muncuq tapılmışdır. Orada başqa bir kurqanda, ölünün başı altında, öz formasına görə
Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən
hazırlanmış sırğa tapılmışdır. Dağlıq Qarabağda Xaçınçay sahilindəki kurqanda
basma naxışlı qızıl boru va məftildən spiralvari burulmuş qızıl bəzək vardır.
Xaçbulaqda İlk Tunc dövrü kurqanında ölünün gicgah sümükləri ilə yanaşı, bir-birinə
keçirilmiş nazik məftildən iki cüt sırğaya rast gəlinmişdir. Onlardan biri qızıldan, üçü
isə qızıl qatışıqlı gümüşdən hazırlanmışdır.
Bu dövrdə Azərbaycan və Zaqafqaziya qəbilələrinin Şimali Qafqazla qarşılıqlı
əlaqələri möhkəmlənir. Böyük Qafqazın cənub ətəklərində Kaxetiyadan Şirvana qədər
ərazinin bir çox abidələrində qırmızı oxralı qab-qacağın tapılması Şimali və Cənubi
Qafqaz qəbilələri arasında geniş qarşılıqlı əlaqələrin olduğunu təsdiq edir. Maykop
mədəniyyəti əşyalarının kimyəvi tərkibinin öyrənilməsi də həmin nəticəyə gətirir.
Məlum olmuşdur ki, Maykop mədəniyyəti tunc əşyalarının əsas hissəsi öz mənşəyi ilə
Zaqafqaziyaya bağlıdır. Şimah Qafqaz qəbilələri Zaqafqaziya ilə sıx təmasda olaraq,
yaratdığı əlaqə yolları ilə aldığı metalın müəyyən hissəsini Şərqi Avropa düzənliyi
qonşularına da çatdırırdı.
Görünür, yaranmış belə yollar vasitəsi ilə Şimali Qafqaza parlaq zərgərlik
sənəti məhsulu olan çoxlu miqdarda məmulat, Mesopotamiyadan qızıl və gümüş
əşyalar, İrandan əqiq muncuqlar daxil olurdu. Bu işdə Zaqafqaziya, o cümlədən həm
də Azərbaycan, yəqin ki, Şimali Qafqaz ilə Ön Asiya vilayətləri arasında vasitəçi kimi
iştirak edirdi.
Ayinlər. Etiqad və adətlər. Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada ilk
tunc dövrü ayin, adət və sairədə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir.
Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında
qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən
kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır.
Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır.
Kişiyə pərəstiş oda pərəstişlə əlaqələndirilir. Məhsuldarlıq rəmzi kimi gil
manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları
məlumdur. Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları
axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur. Onların qəbirləri üzərində
böyük kurqanlar qurulur.
İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər heç yerdə
yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Belə
qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Belə abidələr,
görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.
95
Xankəndinin qarşısında tədqiq olunan kurqanların hərəsində 40-50 ölü
basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri
4,5 m-ə çatan dairəvi meydançalar olmuşdur. Orada bükülü, oturaq və arxası üstdə
uzadılmış ölülərə təsadüf olunmuşdur. Bir çox hallarda ölülərin başı altına gil camlar
və ya daş qoyulmuşdur.
Dəfn olunanlar sağlığında istifadə etdiyi əşyalarla, o cümlədən daşdan,
metaldan və sümükdən əmək aləti, eləcə də qızıl və başqa bəzək əşyaları, içərisinə
azuqə qoyulmuş qab-qacaqla basdırılmışlar. Burada keçi skeletinə də rast gəlinmişdir.
Xankəndi kurqanlarının birinin tədqiqi Azərbaycanın İlk Tunc dövründə bu rayonda
yaşamış əhalinin dəfn adətlərinin və dini təsəvvürlərinin maraqlı xüsusiyyətlərini
aşkar etdi. Qəbir meydançasının bir yarısında ölülər sadəcə basdırıldığı halda, o biri
yarısında ölülər yandırılmışdır. Bu dövrdə ölüyandırma adəti Gəncəçay hövzəsi
abidələrindən də məlumdur. Orada kurqan qəbirlərinin dairəvi meydançası
XƏNDƏKLƏ
əhatə olunmuşdur. Xəndəklərin birində 22 dirəkdən istifadə edərək
meydança ətrafına divar çəkmişlər. Başqa bir kurqanda qəbirin divarı daşla
hörülmüşdür. Bu kurqanlann qəbirlərində ölüyandırma adəti müşahidə edilmişdir.
Gəncə şəhəri yaxınlığındakı bir kurqan qəbrində insan sümükləri, ağac kömürü, kül,
qab parçaları, daşlar və başqa qalıqlar güclü yanmadan bərkimiş kütlə əmələ
gətirmişdir.
Xanlar rayonunda bir kurqanda isə ölüyandırma sal daş üzərində aparılmışdır,
orada çoxlu ağac kömürü, kül və yanmış insan sümükləri qalmışdır. Ölüyandırma
adəti Azərbaycanda Oğuz və Qəbələ rayonlarında da qeydə alınmışdır. Qəbələ
yaxınlığında tədqiq edilən iki kurqanın qəbirlərində kömür və kül qalıqlarının
olmaması ölülərin yandırılmasında yağdan və ya neftdən istifadə olunduğunu
söyləməyə əsas verir. İki qəbirdə 26 ölü yandırılmışdır. Qəbirlərin birinin şərq
hissəsində, çox güman ki, dəfn mərasimi ilə əlaqədar daş səki qurulmuşdur.
Maraqlıdır ki, Qafqazın başqa rayonlarında o dövrdə belə dəfn adəti
yayılmamışdı. İraqı çıxmaq şərtilə, Qədim Şərq ölkələrində də bu adət məlum deyil.
Mesopotamiyanın tarixində ilk dəfə, ölüyandırma adəti Şimali İraqda Xalaf
mədəniyyətinə aid II Yarımtəpə yaşayış yerində müşahidə olunmuşdur. Azərbaycanda
ölüyandırma ölübasdırma adəti ilə yanaşı, sonrakı dövrlərdə də tətbiq olunur.
Ölüyandırma həm də tək ölü basdırılan qəbirlərdə də, məsələn, İlk Tunc dövrü bir
Xaçbulaq kurqanında müşahidə edilmişdir. Ölülərin kütləvi yandırılması
Şamxorçayın Kürə töküldüyü Osmanbozu adlı yerdə, həm də Tərtər rayonunun
Borsunlu kəndi yaxınlığındakı kurqanlarda aşkar edilmişdir. Ölüyandırma adətinə
Azərbaycanın Böyük və Kiçik Qafqaz sahəsi arasında eramızdan əvvəl III minillikdə
geniş ərazidə məskunlaşmış Azərbaycan əhalisinin möhkəm etnik əlamətlərindən biri
kimi baxılmalıdır. İlk tunc dövrü əhalisinin həyatında bir sıra etiqadlar və dini adətlər
möhkəmlənir. Belə ki, Babadərviş yaşayış yerində bir quyu yanmış öküz sümükləri ilə
96
dolu idi. Ehtimal etmək olar ki, öküz qurban ayini ilə əlaqədar mərasimdə
yandırılmışdır.
Kür-Araz mədəniyyəti yaşayış yerlərində ev heyvanlarının, xüsusən çox
əhəmiyyət verilən öküzün gildən hazırlanmış fiqurlarına dəfələrlə rast gəlinmişdir.
Orijinal formalı iki öküz fiquru Babadərviş evlərinin birində ocaq kənarında
tapılmışdır. Başqa bir evdə ocaq kənarında öküz buynuzlarını təqlid edən gil
sacayaqlara rast gəlinmişdir. Buynuzvari sacayaqların və öküz fiqurlarının tez-tez
tapılması öküzə pərəstişin Zaqafqaziyada geniş yayıldığını göstərir.
97
V FƏSİL
Dostları ilə paylaş: |