Sənətkarlıq. Təsərrüfatçılığın əsas növlərinin mükəmməl mənimsənilməsi
müxtəlif sənət sahələrini inkişaf etdirməyə imkan verirdi. Əhali metal hasil etməyi və
ondan əşyalar qayırmağı çox yaxşı öyrənmişdi. Tunc məmulat həm təsərrüfatda, həm
də hərbi işdə geniş tətbiq olunurdu. Misdən tunc xəlitəsi almaq üçün aşqar kimi
cürbəcür metallardan istifadə edilirdi. Əsas aşqar kimi qalay işlədilirdi. Bu ərazidə
qalayın olmaması və görünür, onun fasilələrlə gətirilməsi sənətkarları xəlitələrin
alınması üçün qurğuşun, sürmə, arsen kimi əvəzedicilər işlətməyə məcbur edirdi.
E.ə. II minilliyin sonunda mis-arsen ərintilərindən hazırlanan əşyalar
Kültəpədə (Naxçıvan MR) aşkara çıxarılmışdır. Mingəçevirdə çoxlu mis-sürmə
xəlitələri tapılmışdır. Həsənlidə az miqdar kalsium və maqnezium qarışığı olan
tunclar aşkar edilmişdir.
Qalayın idxalı məsələsinə dair tədqiqatlar güman etməyə əsas verir ki, qədim
tunc metallurgiyası üçün qalay mənbəyi, ehtimal ki, Malay arxipelaqının və
həmsərhəd ölkələrin zəngin qalay yataqları imiş. Regionun ərazisində xalis qalaydan
olan əşyalar çox az tapılmışdır və tapılanlar da ancaq bəzək şeyləridir.
Aşşur çarları metallarla birlikdə metal məmulat da zəbt edir və bac olaraq
alırdılar. II Aşşurnasirapal məlumat verir ki, zamualı Amekanın "çoxlu mis əşyasını,
mis güyümlərini, mis camlarını, mis məcməyilərini, onun sarayının xəzinəsini, onun
var-dövlətini" zəbt etmişdi. III Salmanasar bac olaraq Gilzandan gümüş, qızıl,
qurğuşun və mis qab-qacaq alırdı. Şamşi-Adad isə Gizilbundada gümüş qab-qacaq,
əla qızıl və mis ələ keçirmişdi.
Həsənlidə, Marlikdə, Ziviyədə, Naxçıvan zonasında qazıntı zamanı tapılan e.ə.
I minilliyin əvvəlinə aid olan sənətkarlıq məmulatı bu ərazinin əhalisi arasında
sənətkarlığın yüksək səviyyədə olması haqqında mixi yazılara əsasən yaranmış rəyi
təsdiq edir. Üstəlik, aşkarlanmış məmulatın bir qismi son dərəcə nəfis və zərifdir ki,
bu da sənətkarların incə bədii zövqündən xəbər verir.
Hələ II Aşşurnasirapal məlumat verirdi ki, öz paytaxtı Kalxuya bu
vilayətlərdən sənətkarlar aparırmış. Tapıntılar göstərir ki, sənətkarlar əl çatan bütün
material növlərindən istifadə edir, metal, ağac, sümük, gil və daşdan məmulat
hazırlayırdılar. Buradan tapılan əşyaların bəzisində Aşşur, Urartu və ya skif
sənətlərinin təsiri nəzərə çarpır, ayrı-ayrı məmulatlar isə naşı təqliddən başqa bir şey
deyildir. Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin ümumi mürəkkəb
süjetləri var idi.
161
Oxşarlıq əlamətləri və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər arasında
qədimdən mövcud olan qarşılıqlı əlaqənin qanunauyğun nəticəsi idi. Mövcud quru
yollarından başqa, Diala və Xabur çayları kimi su yolları da Aşşur ilə əmtəə
mübadiləsinə, şübhəsiz, çox kömək edirdi. Yaxın Şərqi Egey sahilləri ilə birləşdirən
yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə qərbə gedən yollar
böyük əhəmiyyətə malik idi. Azərbaycandan Kiçik Asiyanın qərb sahillərinə gedən
yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə üçün, hətta təkərli nəqliyyat
üçün də elə bir maneə yoxdur.
Sənətkarlıq məmulatının əsas qismi mükəmməlliyi və forma rəngarəngliyi
etibarilə ən qədim vaxtlardan burada inkişaf edən yerli sənətin özünəməxsusluğunu
göstərir.
Həsənlidəki qədim qalanın ərazisində sənətkar emalatxanası, emalatxanada isə
tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə
bəzək şeyləri hazırlamaq üçü qəliblər tapılmışdır.
Mannanın metal üzrə sənətkarlarının iş texnikasına birtaylı və ikitaylı açıq
qəliblərdə tökmə işləri, döymə, naxışvurma, ştamplama və həkkaklıq daxil idi.
Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli
oraqlardan istifadə edilirdi.
Qəbirlərdə və Həsənli qalasında silahlar tunc və dəmirdəndir, bəzisi qızıl və
gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdir.
Tuncdan və dəmirdən hazırlanmış yarpaqvari ox ucları bu dövr üçün
səciyyəvidir. Tiyəsinin yuxarı hissəsində qabarıq aypara təsviri verilmiş xəncərlər
Həsənli qızıl camının üzərində təsvir edilmiş xəncərlərə bənzəyir. Döymə üsulu ilə
dəmirdən hazırlanan "açıq aypara" tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı.
Bəzi xəncərlərin dəstəkləri məharətlə bəzədilmiş sümük və ağacla naxışlanmış, metal
məftillə köbələnmişdir.
Həsənli xarabalıqlarında iki tip - sivri və şırımlı döyüşçü dəbilqələri
tapılmışdır. Sivri, konusvari dəbilqələr Aşşur və Urartu üçün səciyyəvi idi.
Güman etmək olar ki, şırımlı dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar.
Bunu ondan da yəqin etmək mümkündür ki, III Salmanasarın Balavat darvazasındakı
təsvirdə şırımlı dəbilqəli dağ camaatı ilə vuruşan sivri dəbilqəli aşşurlular
göstərilmişdir.
Marlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hansısa bir
çara məxsus ola bilərdi və cah-calallı dekorativ görkəminə baxmayaraq ondan əməli
surətdə istifadə olunurdu. Dəbilqə özü tuncdan idi, onun üstünə çəkilmiş qızıl və
gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı allah, əllərini qaldırıb
ibadət edən ilahələr və onların başı üzərində qanadlarını açmış quş təsvir edilmişdir.
Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik
162
vardır. Bu dəbilqənin formasında e.ə. VII əsrin ortalarına aid Aşşur relyefındə təsvir
edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar.
Döyüşçünün geyiminə dəriyə və parçaya bənd etmək üçün deşikləri olan tunc
çiyinliklər də daxil idi.
Metal məmulat parçalara sancılan xeyli miqdarda müxtəlif qabarıq bəzək
şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və s. ilə təmsil olunmuşdur.
Qızıl və gümüş məmulat da sənətkarların yüksək məharətinə gözəl misaldır.
Yuxarıda adını çəkdiyimiz qızıl cam, bir də gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl
camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və görünür, əhali arasında
geniş yayılmış dastandan ayrı-ayrı səhnələr təsvir edilmişdir. Gümüş qədəhin
üzərindəki təsvirlər, ehtimal ki, qələbə səhnəsini əks etdirir. Cəng arabasının ardınca
məğlublar gedirlər, hər iki məmulatdakı təsvirlərdə eyni kompozisiya üsulundan
istifadə edilmişdir.
Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Marlik qızıl
qabları maraqlıdır. Birinin üzərində dirilik ağacının yanlarında qanadları olan dörd
öküzün təsviri vardır; onların 2 santimetr qabağa çıxan relyefli başları, qabın gövdəsi
ilə birlikdə, döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir.
Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi.
Marlikdə gövdəsi gümüş, lüləsi qızıl qab tapılmışdır. Ziviyə dəfinəsinin əşyaları
arasında qızıl inkrustasiyalı gümüş boşqab vardır. Həsənlidə qoç başı formasında bir
mis riton tapılmışdır. Qoçun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar
mavi pasta ilə inkrustasiya edilmiş, buynuzları gümüş folqa ilə örtülmüşdür. Ritonun
çənbəri heyvan təsvirlərindən ibarət olan gümüş frizlə bitir.
Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar,
bilərziklər, kəmərlər, qızıldan, serdolikdən (əqiqdən), balıqqulağından düzəldilmiş
çoxlu muncuq vardır. Bu bəzək şeyləri müxtəlif üsullarla: ştamplama, yivaçma,
tökmə, deşmə üsulları ilə hazırlanır, həmçinin burulmuş tunc və qızıl məftildən
istifadə olunurdu.
Həm qəbirlərdən, həm də yaşayış yerlərindən tapılmış keramika sayca çox,
forma və keyfiyyətcə rəngarəngdir. Həsənlidə qazıntı zamanı aşkar edilmiş "Sənətkar
evi" adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa,
həyətdə keramika bişirmək üçün soba da tapılmışdır. Hazır məmulat həmin evin
damında qurudulurmuş.
Bu dövrdə qapalı sobalarda, azaldılmış atmosfer təzyiqi altında qara-boz
keramika bişirmək ənənəsi davam etdirilirdi.
Sadə həndəsi rəsmlərlə bəzədilmiş, ilgəkvari qulpu olan uzun lüləli
pardaqlanmış qara rəngli "çaydanlar", badələr, piyalələr və kuzələr o dövr üçün
səciyyəvidir.
163
Oxşar çaydanlar qazıntı zamanı Həsənlidən, Göytəpədən, habelə Naxçıvan
MR-də Qızılvəngdən, Muncuqlu təpədən də tapılmışdır.
E.ə. I minilliyin əvvəlindən Urmiya hövzəsi vilayətlərinin Aşşur ilə qarşılıqlı
münasibətlərinin intensiv vaxtında şirli keramikadan hazırlanan əşyalar da meydana
gəlir. Məlum olduğu kimi, aşşurlular bu növ keramika hazırlamaqda hələ orta Aşşur
dövründən kamilləşmişdilər.
Daşişləmə sənəti üçayaqlı dövrə, mərmərdən hazırlanmış əsa başı, gözəl
alebastr qabla təmsil olunmuşdur. Daşdan yonulmuş silindrşəkilli möhürlər incəliyi
ilə fərqlənir; bunların bir qismində ov səhnələri, diz çökmüş oxatanların və müxtəlif
heyvanların fiqurları təsvir olunmuşdur. Həmin möhürləri son Aşşur dövrünə aid
edirlər. Dirilik ağacı və yanlarında keçilər təsvir edilən başqa tip möhürləri e.ə. II
minilliyin ortalarından I minilliyin əvvəlinədək Yaxın Şərqin əksər hissəsində
yayılmış Mitanni üslubu deyilən üslubla əlaqələndirirlər.
Gil kimi ağac və sümük də təsərrüfatda istifadə edilən əsas materiallardan idi.
Qalıqların tədqiqi göstərir ki, burada qovaq, sərv, qarağac, yemişan, alma və armud
ağaclarından istifadə edilirmiş. Bərk oduncaq növlərindən yaşayış evləri tikintisində
tir kimi istifadə olunur, nizə, toppuz və ox sapları hazırlanırdı. Müxtəlif əşyaların
gövdəsi ağacdan yonulur, sonra üstünə metaldan üz çəkilirdi.
Ağacdan yonulmuş atlı heykəlciyi Həsənlidə ağac oymaçılığı sənətinin
nümunəsidir. Ağacdan düzəldilmiş adam başı da qalmışdır; uzun ensiz sifəti, çox
qabağa çıxan burnu vardır, qaş-gözü inkrustasiyalıdır.
Həsənlidən həmçinin bir neçə müxtəlif parça qırığı, o cümlədən zərif və cod
parça qırıqları tapılmışdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bu parçalar
qoyun və ya keçi yunundandır. Parça əriş və arğac saplarını bir-birinə keçirmə metodu
ilə toxunurdu. Parçaların bir qismi xovlu idi - saçaqlısı da olurdu, saçaqsızı da. Bəzən
xovun uzunluğu üç santimetrə çatırdı. Parça nümunələrindən birinin saçağı ilməkvari
düzəldilmişdir.
Marlikdə də kiçik parça kəsikləri, adi və eşmə kəndir qalıqları tapılmışdır.
Həsənlidə və Marlikdə aşkar edilmiş parça qalıqları öz vaxtına və yaxşı
qalmasına görə Ön Asiya parçaları arasında nadir tapıntılardır. Yazılı qaynaqlardan
bilirik ki, e.ə. IX əsrdə II Aşşurnasirapal Zamuadan bac olaraq yun və yun parçadan
tikilmiş əlvan paltar alırdı. Belə şeylərin bac olaraq alınmasına çox nadir hallarda
təsadüf edilir və yalnız II Sarqon Musasirdə "Urartu və Xabxi ölkəsinin ala-bəzək
kətan geyimlərini, tünd-bənövşəyi rəngdə boyanmış yun, al-qırmızı paltar üçün
yununu" ələ keçirməyindən danışırdı.
Həsənli sakinlərinin geyimi bizə bəzək şeylərində təsvir edilmiş şəkillərdən
tanışdır. Görünür, məşğuliyyət növündən və sosial vəziyyətdən asılı olaraq adamların
geyimi də müxtəlif idi. Adətən ətəyi topuğa çatan qısaqol paltar geyirdilər; paltarın
ətəyi və qolları saçaqlı olurdu. Üstdən bellerinə enli kəmər bağlayırdılar.
164
Döyüşçülərin də geyimi uzun idi, ətəyə doğru genəlirdi, parçadan və ya dəridən
olurdu, üzərinə kiçik metal lövhəciklər tikilirdi. Başqa bir növü ətəyi dizdən olan qısa
xirqə idi. Döyüşçülərin kürəyini sol çiyinə bənd edilən heyvan dərisi örtürdü.
Marlik sakinlərinin geyimi haqqında gümüş qədəh üzərində çəkilmiş rəsmlərə
görə mühakimə yürütmək olar: onlar ətəyi dizə qədər olan qısaqol xirqə geyir,
üstündən enli kəmər bağlayırdılar. Qəbirdən tapılmış paltarın ön hissəsinə tikilmiş
uzun bir cərgə qızıl düymələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, Marlik
sakinləri uzun paltar geyirmişlər.
Mannanın Ģəhərləri və Ģəhər həyatı. Mənbələr Manna dövlətinin müxtəlif
yaşayış yerləri haqqında məlumat verir. Bu yaşayış yerlərini iki qrupa bölmək olar:
möhkəmləndirilmiş şəhər-qalalar və onların ətrafında yerləşən məskənlər.
Sinfi təbəqələşmə, maddi sərvətlər toplanması və bununla əlaqədar tez-tez baş
verən düşmən basqınları əhalini öz təhlükəsizliyini qorumaq üçün yollar və vasitələr
axtarmağa məcbur edirdi. E.ə. II minilliyin sonuna məxsus abidələr göstərir ki,
mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan müdafiə
edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa
başlayırlar. E.ə. I minilliyin əvvəlinə yaxın bu məskənlər tədricən qalın divarlar
arasına alınır və əsil qalalara çevrilir.
Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Onların bəzisi
yalnız mühüm strateji mövqelərdə qərar tutan və daha vacib yaşayış mərkəzlərinin
yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala-
şəhərlərdə müəyyən qədər qoşun saxlanılırdı. Habelə mühasirə təhlükəsi yarandıqda
mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri burada daldalanırdılar. Həmin
qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir sahədə yerləşirdi. Görünür,
Zibda (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü
90 metr olan təpədədir. Təpənin yuxarı hissəsində çox məhdud bir sahəni tutan,
ətrafına çiy kərpicdən hasar çəkilmiş tikililərin qalıqları vardır.
Belə qalalardan biri də Zibia ilə birlikdə Armait (Urmeyate) idi. Aşşur
mənbələrinə görə, Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığındaymış.
Onların adları həmişə birgə çəkilirdi və aşşurlular İzirtuya Zibia və Armait qalaları
dağıdıldıqdan sonra yaxınlaşırdılar.
Həsənli yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən olan
kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan hasar
çəkilmişdi. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan əsasında
bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş bu istehkam Həsənli təpəsində
yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş.
Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə məqsədlərinə
xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Sanqibutu vilayətində belə bürclər
varmış: "Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal yandırılıb-yandırılmadığına
165
gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər
verirdilər".
Şəhər-qalalar çox böyük bir ərazini əhatə edən və ən əlverişli mövqe tutan
məskənlər idi. Bunlar daha ciddi möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri
və digər memarlıq qurğuları vardı. Şəhər-qalaların bəzisi "çar şəhəri" adlanırdı və
çarın, əyanların, vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və
sənət mərkəzləri idi. Kiçik qalalar və onların ətrafından yalnız mal-qara zəbt
edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarlardan taxıl, ehtiyatda olan gümüş,
mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı.
Aşşur relyeflərindəki təsvirlər bu cür qalaların zahiri görkəmini təsəvvürdə
canlandırmağa kömək edir. Mannanın Uşkaya qalasını II Sarqon belə təsvir edir:
"Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun bol əmlakını qarət edib
düşərgəmə daşıtdırdım. Bünövrəsi səkkiz qulac qalınlığında olmuş və qayaya dirənən
möhkəm qala divarını, onun diş-diş olan üst hissəsindən ta hündür özülünədək
birnəfəsə söküb yerlə yeksan etdim. Qalanın içində olan evlərə od vurdum, onların
uzun tirlərini yandırdım".
Ən mühüm qalaların müdafiəsini möhkəmləndirmək üçün onların ətrafında
dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə
qalalardan idi.
Həsənli təpəsini əhatə edən divarın salamat qalmış özülünün qalınlığı 3 m 20
sm, yəni təqribən 8 qulacdır ki, bu da II Sarqonun kitabəsində deyilənə uyğun gəlir.
Divarların özülü iri daş tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış
özülünün hündürlüyü 2 m 60 sm-ə yaxındır. Qala divarının qalan hissəsi isə
kvadratşəkilli çiy kərpicdən tikilmişdir. Güman edilir ki, divarların hündürlüyü 10
metrə yaxın ola bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30-35 metr aralı,
hərəsi 10 kv.m olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər
arasındakı divar 3x0,5 metr ölçülü iki kontrforsla möhkəmləndirilmişdi. Qalanın
mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından
yerinə iri-iri tavalar döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbəli idi. Yuxarı
mərtəbələrə pilləkən vardı. Binaların kərpic divarları daş bünövrənin üstündə
hörülürdü. Yaşayış binalarının dəhlizi, ona bitişik kiçik yan otaqları, daş özüllər
üzərində duran, diametri yarım metr olan ağac sütunlar vardı. Divarların qalığına görə
güman edirlər ki, sütunların hündürlüyü 6 metrdən çox imiş. Zalın divarları boyunca
gillə suvanmış çiy kərpicdən kürsülər, zalın ortasında isə ocaq vardı. Saray
kompleksinin ayrı-ayrı otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə
daş tavalar döşənmişdi. Qapılar taxta dabanlıqlara söykənən mehvər ətrafında
fırlanırdı. Biz II Sarqonun məlumatından bilirik ki, çar saraylarının üstü sərv
ağacından yonulmuş tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü.
166
Mannaya qonşu olan Allabria vilayətinin III Salmanasann salnaməsində
verilmiş təsviri binalar haqqında müəyyən təsəvvür yaradır: "Mən allabrialı Yanzi-
Buriaşın möhkəmləndirilmiş Şurdira şəhərini, qızıl qapısını, saray kənizlərini, xeyli
mülkiyyətini ələ keçirdim". Buna müvafiq olaraq biz Manna şəhər-qalalarında "saray
məşuqələri" üçün ayrıca zəngin bərbəzəkli otaqlar olduğunu təsəvvürümüzə gətirə
bilərik, xüsusilə də ona görə ki, Həsənli qalasının sütunlu zala bitişik otaqlarının
birindən eyni vaxtda tələf olmuş üzüklü, bilərzikli, dekorativ sancaqlı 44 qadının
skeleti tapılmışdır.
Aşkar edilmiş çoxlu silahdan məlum olur ki, çar əhatəsinin hərbi
nümayəndələri üçün sarayda xüsusi otaqlar varmış.
Allahlara ibadət etmək üçün məbədlər tikilirdi.
Təsərrüfat ehtiyacları üçün əsas binalara bitişik çoxlu yardımçı otaq tikilirdi;
bunların bir qismindən taxıl və şərab saxlanan böyük qablar tapılmışdır.
Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da yaşayırdı.
Qalanın ətrafında kiçik məskənlər yerləşirdi. Bunların sakinləri əkinçilik və
heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla təchiz edirdilər. Bəzən bir şəhərin
ətrafında xeyli məskən olurdu.
Adətən mixi yazılarda düşmən şəhərləri üzərində qələbənin təsviri verilərkən
yaxşı möhkəmləndirilmiş şəhər-qalanın və onun ətrafında olan kiçik məskənlərin
tutulması haqqında trafaret bir cümlədən istifadə olunur. Bir çox məskənlərin əhalisi
düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz əmlakını buraya daşıyır,
mal-qarasını sürüb gətirirdi. Qala mühasirəyə alınanda onun müdafiəsində
qoşunlardan başqa, burada daldalanan əhali də iştirak edirdi. Kiçik məskənlər talan
edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə işğal etmək heç də həmişə
mümkün olmurdu, buna görə də onların bəzisi bir neçə dəfə mühasirəyə alınırdı.
Lakin inşaat texnikası o qədər yüksək idi ki, dağıdılmış qalalar tez bərpa olunur, orada
həyat davam edir, müdafiə qaydaya salınırdı. Həsənli qalası bir neçə dəfə dağıdılmış
və hər dəfə təxminən öz ilkin planı əsasında bərpa edilmişdi. Qala son dəfə, görünür,
qəfil hücum nəticəsində dağıdılmışdı. Şiddətli yanğın tikililəri bürümüş, çoxlu adam
yanıb həlak olmuşdu. Onların əmlakı yanan və uçulan binaların xarabalıqları altında
qalmışdı. Çox ehtimal ki, daha qalanı bərpa etmək mümkün olmamış və yeni sakinlər
buraya təqribən yüz ildən sonra gəlmişdilər.
Həsənli təpəsində qazıntı zamanı aşkara çıxarılmış şəhərin Manna ərazisində
mövcud olması cəmiyyətin yüksək sosial-iqtisadi, siyasi və mədəni inkişaf
səviyyəsinə sübutdur.
Mannanın dövlət quruluĢu. E.ə. I minilliyin əvvəllərində Cənubi Azərbaycan
tayfalarının xeyli hissəsi ilkin quldarhq cəmiyyəti şəraitində yaşayırdı.
İlk vaxtlar, hər halda e.ə. IX əsrin sonuna kimi Manna Zamua vilayətinin digər
"ölkələrindən" az fərqlənirdi. Lakin birləşmə prosesi nəticəsində Manna tezliklə çox
167
iri siyasi quruma çevrildi. Əhalisi oturaq həyat sürürdü. Eyni "çar şəhəri" İzirtu (Zirta)
uzun müddət Manna çarlığının paytaxtı olaraq qalırdı. Bu, giriş yolları Zibia və
Armait qalaları ilə qorunan xeyli dərəcədə möhkəmləndirilmiş bir şəhər idi. Ölkədə
"çar şəhəri" adlanan başqa şəhərlər də vardı.
Manna yüksək dərəcədə inkişaf etmiş struktura malik olan əmlak
təbəqələşməsinin və sosial təbəqələşmənin geniş miqyas aldığı bir cəmiyyət olsa da,
hər halda ilkin sinfi cəmiyyət idi. Qaynaqlarda "ölkənin adamları" adlandırılan geniş
xalq kütlələri ölkənin siyasi həyatında fəal rol oynayırdılar. Manna çarı Ahşerinin
hakimiyyəti istibdad forması almağa başlayanda, məhz, "ölkənin adamları" ona qarşı
çıxdılar.
Ölkədə çar hakimiyyəti ibtidai icma quruluşunun qalıqları olan müxtəlif
orqanlar tərəfindən məhdudlaşdırılsa da, çox güclü idi. Gilzan çarı Asu (Sua) III
Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə" çıxdığı halda, Manna çarı
Ullusunu II Sarqonun pişvazına "öz ölkəsindən onun ölkəsini idarə edən ulu
ağsaqqallar, müşavirlər, oğul-uşaqları, canişinlər və başçılarla birgə çıxmışdı".
Deməli, güman etmək olar ki, Manna çarı ölkəni tam hakimi - mütləq kimi
idarə etmirdi. Sarqonun mətnində sadalanan əyanlardan, canişinlərdən və
başqalarından ibarət ağsaqqallar şurası onun hakimiyyətini məhdudlaşdırırdı. Lakin
mənbələrdən bəlli olur ki, çarlar müstəqil hökmranlığa can atırdılar, bunun
nəticəsində çar siyasətinin tərəfdarları ilə əleyhdarları arasında daimi mübarizə
gedirdi.
Mannada nəsli əyanlar, habelə hərbi və xidmətçi əyanlar təbəqəsi güclü idi.
Qeyri-məhdud hakimiyyətə can atmaq bəzən faciə ilə nəticələnirdi. Çar
Ahşerinin öldürülməsi buna misal ola bilər.
Hərçənd Mannada çar hakimiyyəti qəbilə-tayfa başçısının hökmranlığından
törəmişdi, lakin artıq e.ə. VIII əsrdə o, irsi idi. İranzudan sonra hakimiyyət onun
oğullarının - ölkəni ardıcıl idarə edən Azanın və Ullusunun əlinə keçir. Ahşeridən
sonra Mannanı onun oğlu Ualli idarə edirdi.
Maraqlıdır ki, II Sarqonun "Relyasiya"sında deyilir ki, Sarqonun pişvazına
çıxanda Ullusunu nəinki öz təhlükəsizliyini qorumaq üçün girov almamışdı, hətta
əksinə "böyük oğlunu ehtiram əlaməti olaraq bəxşiş və sovqatla" Aşşur çarının
"hüzuruna göndərib onun himayəsinə vermişdi".
Manna çarlığı "mahallara" bölünürdü, onları çar "canişinləri" idarə edirdilər.
Tayfaların, yaxud qəbilə və ərazi icmasının başçıları olan "məskən hakimləri"
Mannanın inzibati həyatında xarakterik sima idilər. Mannada müəyyən dərəcədə etnik
konsolidasiya əlamətləri meydana gəlir ki, bu da öz ifadəsini etnik mənlik şüurunun
yaranmasında tapır. Belə ki, mənbələrin şəhadətinə görə Manna çarı Urartu çarının
işğal etdiyi torpaqların sadəcə geri alınmasına deyil, həm də "...pərən-pərən düşmüş
mannalıların öz yerlərinə qaytarılmasına" çalışır.
168
Beləliklə, e.ə. I minilliyin ikinci rübünə yaxın Manna sabit dövlət qurumu idi
və sonralar uzun bir zaman boyunca çox geniş bir ərazini birləşdirib Yaxın Şərqdə iri
dövlətlərdən biri oldu.
Dostları ilə paylaş: |