3.Analizatorların yaş xüsusiyyətləri Görmə analizatoru 3 əsas hissədən təşkil olunmuşdur: daxilində fotoreseptorlar olan göz, görmə siniri, baş beyin qabığının ənsə payında yerləşən ali sinir mərkəzi.
Görmə üzvü canlının xarici mühitlə əlaqəsini, əşyaların forma, rəng, ölçü və s. kimi xüsusiyyətlərini, yeri ,məsafəsi, vəziyyətini və s. müəyyənləşdirilməsini təmin edir.Görmə üzvünə gözdən başqa onu mühafizə edən və hərəkət etdirən əlavə aparat da daxildir.
Göz alması kürə şəklində olub, nüvə və onu əhatə edən qişalardan ibarətdir.Göz alması nüvəsinə göz kameraları, büllur və şüşəyəbənzər cisim daxildir.
Gözün xarici-lifli qişası iki hissədən ibarətdir: ön kiçik hissə-buynuz qişa, dal böyük hissə-ağlı qişa, yəni göz ağı.
Orta-damarlı qişa ağlı qişanın altında yerləşir, damarlarla zəngin olduğu üçün qırmızıdır. O, arxadan 3 hissəyə ayrılır: xüsusi damarlı qişa, kirpikli cisim və qüzehli qişa. Qüzehli qişa damarlı qişanın ön hissəsidir, ön- sərbəst kənarının ortasında qalan dəlik bəbək adlanır, normada diametri 3,5 mm-ə bərabər olur.Bəbəyin önü buynuz qişa ilə örtülür, arxasına göz bülluru söykənir. Gözün rəngi qara, qonur, mavi,yaşıl və s. olması qüzehli qişanın tərkibindəki piqmentdən asılıdır.Qüzehli qişanın tərkibində bəbəyi genəldən və daraldan əzələ lifləri vardır.Müxtəlif parlaqlıqlı işıq şüalarının təsirinə həmin əzələlərin reaksiyalarından asılı olaraq, bəbəyin ölçüləri dəyişə bilir.
Daxili-tor qişa bilavasitə göz alması nüvəsinin üzərini örtür, mikroskopik cəhətcə on qatdan ibarətdir.Tor qişanın şüaya həssas arxa hissəsi şəffafdır, mərkəzindəki ağımtıl girdə ləkə-görmə siniri diski adlanır.Diskdən bir qədər aralıda ovalşəkilli “sarı ləkə” adlanan sahə mərkəzi tor qişanın ən həssas nahiyəsi hesab edilir.
Rüşeymdə görmə analizatorunun inkişafı sürətlə gedir, dölün 6-7 aylığında müsbət “bəbək refleksi” alınır.Doğulma anından görmə analizatoru fəaliyyətə hazır olur, amma sinirin mielinləşməsi sonrakı 6 ayda davam edir, formalaşması isə 7 yaşında tamamlanır.
Uşaq gözünün quruluşu böyüklərinkindən göz yuvası və almalarının nisbi böyüklüyü, ağlı və damarlı qişanın nazikliyi , buynuz qişanın isə qalınlığı ilə fərqlənir.
Yenidoğulmuşda gözlər qısa müddətə açılır, çox vaxt bir göz açıq, o biri qapalı olur.
Yenidoğulmuş –işığı ilk andan, yeddi aylıq yarımçıq doğulmuşlar isə doğuşun 2ci günündən hiss edir, onu qaranlıqdan ayırır.
Parlaq işığa qarşı müdafiə gözqırpması-doğuş anından , əşyanın yaxınlaşmasına qarşı gözqırpma isə- 1-1,5 aylıqdan sonra əmələ gəlir.Əşyanı izləmək qabiliyyəti 3-4 həftəlikdən təkmilləşir, əşyanı gözlə axtarmaq qabiliyyəti isə 3 aydan sonra yaranır.Əvvəllər uşağın gözlərinin hərəkəti bir-birinə uyğun gəlmir, 6 aydan 1 yaşadək bu proses müvazinətlənir.Bəbəklərin qıcığa reaksiyası isə həmahəng olur.İşıqda bəbəyin diametri 1 yaşda 1,4 mm, 6-12 yaşda-1,9 mm-dək, yaşlı adamda 2,5 mm, qaranlıqda isə onun diametri 4,5-5 mm olur.
İşığa həssaslıq, yaxud gecə görmə 25 yaşadək artır, sonradan tədricən azalmağa başlayır.Kağız üzərindəki şəklinə görə əşyaları tanımaq qabiliyyəti həyatın 3-cü ilində yaranır.Rəngi seçmək qabiliyyəti də uşağın 3 aylığında və işığa həssaslıq kimi inkişaf edir, 6 aylıqda bu xüsusiyyət dəqiqləşir, 20-25 yaşlarında daha həssas səviyyəyə çatır. Ən tez yaşıl və sarı, ən gec isə qırmızı və göy rənglərin seçilməsi mümkün olur.Əşyanın forma və rəng müxtəlifliyinə reaksiya 5 aylıqda yaranır.Məktəbəqədər yaşlılar əvvəl formaya, sonra ölçüyə, ən nəhayət, rəngə fikir verirlər.
Yenidoğulmuşda daha çox müşahidə olunan uzaqgörmə sonralar normallaşır.Az hallarda 5-7 yaşlı uşaqların 3-4%-ində, 14-16 yaşlıların isə 11,4%-ində yaxıngörmə müşahidə edilir.Belə ki, əksər məktəbəqədər və məktəb yaşlılarda büllurun yastılığına görə uzaqgörmə müşahidə edilir.