XIX-XX əsrlərdə tolerantlıq və multikulturalizm ideyaları- Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu timsalında
XIX-XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin dünyagörüşündə tolerantlıq və multikulturalizm ideyaları xüsusi yer tutur2.
Maarifçilik bir çox cəhətlərə görə bir-birindən fərqlənən mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi mühitində inkişaf etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş formalarından biridir. Azərbaycan tarixi boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir çox dirçəliş mərhələləri yaşamışdır. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli özünüdərkin, istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi dilin və realist milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi yaranır, bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq, millət miqyasında da həll edir.
Xalqın iqtisadi-mədəni həyatında mövcud problemləri duyan, onların tərəqqisinə təkan verən görkəmli Azərbaycan maarifçilərindən biri də M.F.Axundzadə olmuşdur. O, maarifçi-realist metodunun ədəbiyyat tariximizdə böyük nümayəndəsidir.
Fikir azadlığını tərəqqinin əsası hesab edən Mirzə Fətəli yazır: "Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzər ki, hər gün müəyyən dairədə dolanar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar".
O, bərabərliyi insan tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o Anayasanın əsasında durmalıdır.
Böyük mütəfəkkir qeyd edirdi ki, "...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi-mütləq olsun”.
Şərqin dinçi və heç bir düşüncə və din plüralizminə haqq tanımayan qaranlıq kültüründə Axundov ilk dəfə olaraq sekularizm sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olması zərurətini savunmuşdur. O, öz nəzərlərini konstitusiya quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirirdi. Beləliklə, Axundov Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını dəstəkləyən mütəfəkkir idi.
"Mən elə bir dinə üstünlük verə bilərdim ki, onun vasitəsilə insan bu dünyada azad və xoşbəxt yaşaya biləydi". – Mütəfəkkir maarifçi Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç mədəniyyət» traktatında mədəniyyətdə dil ortaqlığı amilini Şərq və Qərbin timsalında müqayisə edən ədib yazır ki, «...bu gün ən azı üç Avropa dilini – fransızcanı, ingiliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə həmən-həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti amillərindən bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir zamanlar bu iki dil, İslam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazarlardı».
“İslama görə və İslamiyyətdə qadin” əsərində Ə.Ağaoğlu yazırdı: İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş sabinləri necə də nəcib minnətdarlıq hissləri ilə xatırlayır. İsanın iztirabları haqqında, Onun mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs olunan yerlər elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar.
Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini özünəməxsus tərzdə dərk etmişdi və Məhəmmədin yaratdığı din, onun təbirincə, İsanın dininin təhrif olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”.
XIX əsrdə Azərbaycan maarifçiləri Şərq tarixində ilk dəfə olaraq islam ideologiyasının Avropa praktikliyi, elm və texnologiya ilə birgə mövcudluğunun və harmoniyasının mümkün olmasını və vacibliyini elan etmişdilər.3 Onlar islamda ən mübahisəli məqamlardan biri olan “cihad” fenomenini özünəməxsus şəkildə dərindən təfsir edərək, onu “insanın şəxsi cahilliyinə qarşı müharibə elan etməsi” kimi qiymətləndirmişdilər. Azərbaycan maarifçiləri israrla iddia edirdilər ki, təhsil, savad və ziya əsl müsəlmanın vacib atributlarıdır.
Məlumdur ki, Azərbaycan milli mentalitetinin ən spesifik dəyərləri, intellektual elita tərəfindən əsl sosial-mədəni ənənələrin innovasiyalarla sintez edilməsinin nəticəsi olaraq ortaya çıxmışdır. XX əsrin əvvəllərində Azərbaycan intellektual elitasının görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu -1868-1939) sözügedən prinsiplərə əsaslanaraq, Azərbaycan cəmiyyətinin siyasi strategiyasının konturlarını müəyyən etmişdi [2]. O, hesab edirdi ki, Şərqdə və İslam dünyasında müasir etnik birliyin formaaşdırılması və davamlı inkişafı üçün, ümmə ideyasından millət ideyasına keçid əsas şərt olmalıdır.
Ölkəmizdə dövlət səviyyəeində daim qorunan multikultural mühit Azərbaycan milli xarakterini bütöv şəkildə ifadə edən mədəni prinsiplər sistemidir. O, tolerantlıq və mədəni plüralizm kimi ən parlaq rənglərdən təsvir olunmuş çox möhtəşəm bir yaradıcılıq əsərini siyasi və beynəlxalq müstəvilərə çıxarmışdır. Multikulturalizm siyasəti Azərbaycan xalqına üzvi şəkildə məxsus olan yüksək təşəkküllü tolerantlıq ənənələrini və bu ənənələrdən yaranmış milli xarakteri bütün dünyaya nümayiş etdirməklə, əsl insanlıq nümunəsinin inteqrativ və tənzimləyici gücünü itirmədiyini sübut edir.
Beləliklə, XX əsrin 90-cı illərində Azərbaycan milli xarakterinin ən mütərəqqi elementi olan tolerantlıq, multikulturalizm siyasəti səviyyəsinə yüksəlir. Bu gün Azərbaycan tolerantlıq və multikulturalizm sferalarında əldə etdiyi zəngin tarixi təcrübəni təbliğ etmək və yaymaq məqsədi ilə beynəlxalq arenada BMT, İƏT, ATƏT, UNESCO, ISESCO, AŞ və digər təşkilatlarla əməkdaşlıq edir. 2010-cu il aprelin 26-27-də Azərbaycanda baş tutmuş “Dini liderlərin Bakı Sammiti” Azərbaycanın dini sferasında həyata keçirilən dövlət siyasətinin təbliğatı üçün möhtəşəm imkan idi. Bu tədbirdə dünyanın bütün dini mərkəzlərinin - Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Erməni Qriqorian Kilsəsinin, həmçinin Vatikanın, Konstantinopol Patriarxatlığının və İslam dünyasının dini qurumlarının nümayəndələri iştirak edirdilər.
Dostları ilə paylaş: |