ANTONİN İMPERATORLARI DÖVRÜ
Domitsianın öldürülməsindən sonra senatorlardan ən yaşlısı olan Mark Koksey
Nerva imperatorun qatillərinin seçiminə müvafiq olaraq yeni imperator oldu. Senat
onun bu vəzifəni tutmasını hörmətlə qəbul etdi. Nervanın hakimiyyətə gəlməsi ilə
beş nəcib imperator dövrü başladı. Bura ondan əlavə Trayan, Hadrian, Antonin Piy
və Mark Avreli daxil idi, bu dövr b.e. 180-ci ilinə qədər davam etdi. Lakin Nerva
Domitsianın qatillərinin hamısını, onları gözləyən qisasdan xilas etməyə qadir
olmadığını nümayiş etdirdi. İğtişaşlar başlandı. Yalnız Nervanın qohumlarının bir
görkəmli sərkərdə kimi müşahidə etdikləri, Yuxarı Almaniya qubernatoru Mark Ulpi
Trayanı imperatorun özünə varis seçməsilə buna son qoyuldu. Bu sarsıntıdan bir neçə
ay sonra, 98-ci ildə Nerva öldü. Trayan ordular və senat tərəfindən imperator kimi
qəbul edildi.
98-117-ci illəri əhatə edən sonrakı dövrdə imperator olan Trayan bu vəzifənin
ilk və yeganə daşıyıcısı idi ki, nə tərcümeyi-halı, nə də nikahı ilə heç bir əlaqəsi
olmadığı sələf dövlət başçısı tərəfindən varis kimi qəbul edilmişdi. O, həmçinin
"yaxşı" hökmdarlar seriyasına daxil olanlardan - əslində birincisi idi. Onlar bir qayda
olaraq biri digərini varislik yolu ilə əvəz etmişdilər. Onlar həmçinin daxili
harmoniyanın və qayğıkeş idarəetmənin mümkün olduğu imperiyanın mövcudluğunu
2-ci əsrin əksər dövrü ərzində real olaraq sübut etmişdilər. Kollektiv şəkildə onlar
əsasən Antonin imperatorları sırasına daxildirlər. Bu dəstədə ən görkəmli olan
Trayan İspaniyadan olmaqla, ilk printseps idi ki, əyalətdən çıxmışdı
Mark Ulpi Trayan b. e. 53-cü ilində Romanın cənubi İspaniyadakı Betika
əyalətində, indiki Seviliya şəhəri yaxınlığında doğulmuşdu. Onun əcdadları, heç
şübhəsiz romalı, ən azı italyan idi, onlar yerli sakinlərlə nikah əlaqələrinə girmişdilər.
Atası əyalət valisi və gələcək imperator Vespasianın 67-68-ci illərdə yəhudilərə qarşı
apardığı müharibədə legion komandanı olmuşdu. 70-ci ildə imperator Vespasian onu
konsulluqla mükafatlandırmışdı və patritsiliyə daxil etmişdi. Nəticədə isə o,
Suriyanın və Asiya əyalətinin uğurlu idarə edən valisi olmuşdu.
Trayan on il ərzində legion qərargahında tribun kimi xidmət etmiş, bu vaxt
Suriyada olmuşdu. Sonra o, pretor olmuş, 89-cu ildə isə İspaniyada legion
komandanlığına yüksəlmişdi. Trayan Domitsianın xoş münasibətini qazanmışdı, ona
görə də 91-ci ildə onun konsul seçilməsinə imperator razılıq vermişdi.
98-ci ildə taxt-taca çıxmamışdan əvvəl Trayan Pompeya Plotinaya evlənmişdi
və ömrünün sonunadək ona sədaqətli ər olaraq qaldı. Bu nikah övladsız olsa da, o
əmisi oğlu Hadrianı evinə götürdü və bu adam Plotinanın favoritinə çevrildi.
Trayan Romaya qayıdıb senatda imperator səlahiyyətlərini qəbul etmək
əvəzinə, bir ilə yaxın Reyn və Dunay çaylarının üstündə qaldı. Dakiyaya müdaxilə
etmək kampaniyasına hazırlıq gördü. O, Romaya əmrlər göndərdi ki, Nervanı
qəsdçiləri edam etməyə məcbur etdiklərinə görə, əvvəlcə onu taxt-taca gətirən
pretorianlar edam edilsin. Yeni imperator seçilməsi ilə əlaqədar olan adətə görə
əsgərlərə verilməli olan mükafatın yalnız yarısını verdi. Ancaq o, döyüşçülərlə
münasibətdə özünü düzgün və ciddi aparırdı. Adətən şəhərlərin yeni seçilən
imperatora göndərdikləri qızılı İtaliyaya və əyalətlərə bağışladı. O, həmçinin vergiləri
azaltdı və hələ Nerva dövründə İtaliya şəhərlərindəki kasıb uşaqlara yardım
221
göstərilməsi barədəki yeniliyin - ictimai fondların (alimenta) yaradılması ideyasının
müəllifi hesab olunurdu. Bu yardım qaydaları ilk dəfə İtaliyada Trayanın yaxın
dostu, natiq və dövlət xadimi Kiçik Plini tərəfindən özəl qaydada ölkənin şimalındakı
indiki Komo şəhərində öz yerliləri üçün tətbiq edilmişdi.
Öz hökmranlığının bütün dövrü ərzində Trayan ümumiyyətlə konstitusiyalı
qayda nümayiş etdirirdi. Senatın şübhəli olduğunu unutmayan Trayan bu köhnə
nüfuzlu orqanla məsləhətləşirdi və öz fəaliyyəti barədə ona məlumat verirdi. Uzun
illər davam edən konsulluğu dövründə və tez-tez mərasimlərdə imperator kimi
qarşılananda, özünü heç də məğrur, lovğa aparmırdı, əksinə heç bir çətinlik hiss
etmədən senatorlara ürək dostu kimi qarışırdı. Belə davranış xeyli fasilədən sonra
printsepslə senat arasındakı qarşılıqlı hörməti yenidən bərpa etmişdi. Tatsitin
sözlərinə görə, imperiya və azadlıq barışmışdı və Domitsianın dövründən Senatda
hakim kəsilən şübhəlilik, intriqa və terror yoxa çıxmışdı. O, öz populyarlığını
həmçinin bahalı tikililər inşa etdirməklə, qladiator oyunlarını təşkil etmək, ictimai
qaydada pul paylamaq yolu ilə qazanırdı. Hər şeydən əvvəl o, əsgərlər və zabitlər
arasında populyar idi. O, sözün tam yüksək mənasında əsgər-imperator idi. Onun
aldığı Optim - "ən yaxşı" titulu da hüsn-rəğbətlə qarşılanırdı. Bu titulu o, rəsmi
olaraq 114-cü ildə alsa da, hələ bir neçə il əvvəl onu qeyri-rəsmi olaraq belə
adlandırırdılar.
Trayan həm də qətiyyətli adam idi, lazım gəldikdə heç bir tərəddüdə yol
vermirdi. Senatın sferasına aid olan məsələlərə də qarışırdı. Onun müdaxiləsi
səmərəli olurdu, çünki o, hər yerdə ictimai rifahı yüksəltməyi arzu edirdi. O, Romanı
əzəmətli və möhkəm tikililərlə gözəlləşdirdi. Ostiya və digər iki limanı böyütməklə
bütün İtaliyaya qayğı göstərdiyini nümayiş etdirdi. Onun çuğulçuları Romadan
süpürüb atması, onları əlüstü qayrılmış, sınıq-salxaq gəmiyə doldurub, dənizin quduz
dalğalarının ixtiyarına buraxması əhaliyə sensasiya xarakterli təsir göstərdi. Axı
çuğulçular öz bədnam fəaliyyətləri ilə çox ailələrə bədbəxtlik gətirmişdi, onlar
əslində qanunun müdafiə etdiyi soyğunçulara çevrilmişdilər. Tiberinin imperatorluğu
dövründə isə onlar daha da həyasızlaşıb, əsl şər qüvvəyə çevrilmişdilər.
Maliyyə çətinlikləri vaxtı Trayan İtaliyanın munitsipallarına kurator adlanan
qulluqçular göndərirdi və onların köməyi ilə maliyyə vəziyyəti qaydaya salınırdı.
Fermerlərə yüngül şərtlər əsasında kredit verilirdi, həmçinin ehtiyacı olan uşaqlara
xüsusi fonddan ayrıca kömək edilirdi. Trayan İtaliya magistral yolları şəbəkəsinə də
laqeyd qalmırdı. O, Via Traiana adlanan yeni yol çəkdirdi. Bu yol tezliklə
Beneventiya və Brunduziya arasındakı əsas yol kimi Appi yolunun yerini tutdu.
İtaliyaya göstərilən maraq, heç də əyalətlərə laqeydliklə yanaşıldığından xəbər
vermirdi. Senat əyalətləri olan Axeyə və Vifiniyaya həmçinin kuratorlar göndərildi
ki, onlar bu əyalətləri iflasa uğramaq təhlükəsindən xilas etsinlər. Trayan onların hər
ikisini müvəqqəti olaraq imperiyaya məxsus etdi. O, Vifiniyaya təyin etdiyi Kiçik
Plini ilə məktublaşırdı. Bu məktublar bizim dövrümüzə gəlib çatmışdır və onlar
göstərir ki, imperator necə xırdalıqlarına nufuz etməklə məsələlərə yanaşır, hətta
kiçik detalları da nəzərdən qaçırmamaqla ölkəni idarə edir.
On cildlik kitabı əmələ gətirən bu məktublar Roma əyalət inzibatçılığını
öyrənmək üçün vacib mənbədir. Bir dəfə Plini Trayandan soruşur ki, sürətlə yayılan
xristian sektalarını necə ələ almalıdır. Bu suala Trayan normal dini praktika
222
qurmaqdan imtina etmək barədə cavab verir. Trayan bu cavabından böüyk qeyri-
populyarlıq qazandı. O, Pliniyə məsləhət görür ki, yalnız o adamları cəzalandırmaq
lazımdır ki, onlar öz davranışı ilə inadkarlıqla itaət göstərməməkdə davam edirlər.
Trayan əyalətlərdə, İtaliyada və Romada geniş işlər gördürürdü və belə tədbirləri
bəyənirdi. Yollar, körpülər, akveduklar tikilir, istifadəsiz torpaqlar dövriyyəyə qatılır,
limanlar və yeni tikililər yaradılırdı. Diqqəti cəlb edən nümunələr İspaniyada, Şimali
Afrikada, Balkanlarda və İtaliyada meydana çıxdı. Roma özü də Trayanın layihələri
əsasında xeyli zənginləşdi. Tikilən yeni akveduk şəhərə suyu şimaldan gətirirdi.
Eskvilin təpəsində möhtəşəm ictimai hamam kompleksi yaradıldı və gözləri oxşayan
yeni Forum ucaldıldı. Forumun layihəsinin müəllifi Dəməşqdən olan memar
Apollodor idi. Meydanın mərkəzində imperatorun at üstündə nəhəng heykəli
qoyulmuşdu. Digər tərəfdə, Kapitoli və Kvirinal təpələrində kərpicdən iki yarım
dairəvi çoxmərtəbəli tikili ucaldılmışdı, bu tikililər küçələri mağaza və anbarlarla
təmin edirdi. Meydanın arxasında ictimai salon və ya bazilika var idi. Bir az aralıda
isə meydançanın yanında yunan və latın dilindəki kitablar saxlanan kitabxana
görünürdü. Kitabxana məbədə söykənmişdi. Həmin meydançada indiyədək salamat
qalmış Trayan sütunu yüksəlirdi. Bu sütun onun apardığı Dakiya müharibəsinə həsr
olunmuşdu və onun kub şəklindəki bünövrəsində təslim edilmiş ordular qrupunun
relyefləri təsvir olunmuşdu. Bu bünövrə sonra Trayanın cəsədinin külünü qəbul etdi.
Sütunun özü spiral qaydada davam edən relyeflərlə bəzədilmişdi. Bu relyeflərdə
Dakiya kampaniyasının səhnələri əks olunmuşdu. Sütunun başında qoyulan Trayanın
heykəli isə orta əsrlər dövründə buradan götürülmüş, yerində Müqəddəs Pyotrun
heykəli qoyulmuşdu.
Trayanın məsuliyyət hissinə heç cür şübhə oluna bilməzdi və onun nəcib
nümunəsi, özünün birbaşa varisini də onun paternalizmini təqlid etməyə
ruhlandırırdı. Belə imperial müdaxilə həm də ağır yükə çevrilən və nəhəng
bürokratiyanın yaranmasına səbəb olurdu və yerli təşəbbüsü sıxırdı. Bundan isə
bütün munitsipal muxtariyyət asılı idi.
Mülki işlərdə olduğu kimi hərbi sferada da Trayanın tədbirləri diqqətəlayiqdir.
O,
Dakiyanı Roma ərazisindən ayırmaqla təhlükəli Dunay sərhədini
möhkəmləndirməyi qərara aldı. O, həm də Sarmat tayfalarını parçalamaq və düşmən
birləşmələrindən təhlükəsiz məsafədə saxlamaqla, imperiyanı böyük risqdən
uzaqlaşdırmaq istəyirdi. Bu planına müvafiq olaraq o, 101-102-ci və 105-106-cı
illərdə iki qızğın müharibədə Dakiya hökmdarı Detsibalı özünün böyük ordusu ilə
məğlub etdi. Detsibal intihar etməklə canını əsirlikdən qurtardı. Dakiyanı anneksiya
etdi və əyalətə çevirdi, imperiyaya daxil olan yaxın ərazilərdə yaşayan sakinlərlə
buranı doldurdu. Bununla həm də Cənubi Rusiya çöllərindən köçərilərin
hərəkətlərini söndürmək üçün müdafiə zonası yaranırdı.
Şərq sərhədində də o, buna bənzər əməliyyat planlaşdırırdı. Çox güman ki, bu
vaxt belə bir inamı əsas götürürdü ki, özündən əvvəlki və sonra gələn görkəmli
romalıların çoxu bu plana şərik çıxmaqla, onu bəyənmişdi. Çünki hələ Pompey
dövründən Parfiya problemi həll olunmamış qalmışdı və yalnız işğal bu problemi
sona çatdıra bilərdi. Güman etmək olar ki, o, Sarmat alanlarının təhlükəsini Xəzər
dənizi regionunda məhdudlaşdırmaq istəyirdi. Bundan əvvəl o, hərəkət edərək Ərəb
Petrası adlı Nabatiya çarlığını 105-106-cı illərdə imperiyaya anneksiya etmişdi.
223
Sonra, 114-cü ildə Trayan digər böyük ordu toplayıb, özünə klient Ermənistan
çarlığını da qoşaraq, Parfiyaya müdaxilə etdi ki, onun paytaxtı Ktesifonu tutsun.
115-116-cı illərdə səmərəli qələbələrdən sonra o, Şimali Mesopotamiya və
Assuriya kimi əlavə əyalətlər yaratdı və İran körfəzinə çatdı. Deyilənlərə görə burada
ağladı ki, Aleksandrın Hindistandakı nailiyyətlərini təkrar etmək üçün o, olduqca
qocadır.
Lakin o, Mesopotamiyanı sadəcə viranə qoyurdu, bu əyaləti birləşdirməmişdi
və onun ordusu ötüb keçən kimi, arxada qiyamlar başlayırdı. Diaspora yəhudiləri və
digər xalqlar da qiyam qaldırmaq üçün öz şanslarından istifadə edirdilər. 116-cı ilin
sonundan bir qədər əvvəl, Parfiyadan başqa Orta Şərqin çox hissəsi - Kirena, Misir,
Kipr, Kiçik Asiya onun əlində idi. Trayan qətiyyətlə yaxşı şəraiti bərpa etməyə
tələsirdi. Lakin ölüm onu elə həmin Şərqdə tapdı. O, Antioxu tərk etdi ki, Romaya
yollansın. Lakin 117-ci ildə, ömrünün 64-cü ilində Kiçik Asiyanın cənub
sahillərindəki Selində vəfat etdi.
Son xəstəliyindən əvvəl Trayan rəsmi olaraq öz varisini müəyyən etməmişdi.
Onun kişi cinsindən olan yaxın qohumu, Suriya valisi Publi Eli Hadrian yüksək
şərəfə və tutduğu vacib vəzifələrə görə varis olmağa uyğun gəlirdi. Trayan ölüm
yatağında olanda onun dul qalan qadını Plotinanın rəyinə müvafiq olaraq Hadrian
varisliyə götürüldü. O, 100-cü ildə Trayanın sevimli qız qohumuna evlənmişdi. Həm
senat, həm də əsgərlər müvafiq qaydada onu tanıdılar. Ölümündən sonra Trayanın
ilahiləşdirilməsinə isə heç vaxt kimsə şübhə ilə yanaşmadı.
Trayan fəaliyyət adamı olmaqla, qətiyyətli hökmdar idi. O, varisi Hadriandan
fərqli olaraq heç də mədəniyyət və zəka adamı deyildi. Kiçik Plini onu ideal hökmdar
kimi təsvir edir, qeyd edir ki, belələri xarakter və qabiliyyətlərində daha çox allahlara
bənzəyirlər, ölkəni digər yaxşı adamlarla birlikdə, dövlətə xidmət göstərməklə idarə
edirlər. Plini Trayanı "Hökmdar güzgüsü" hesab edirdi. 4-cü əsr tarixçisi Evtrupi
yazır ki, Senat imperatorlara ən yüksək qiymət verərkən onları "Avqustdan daha
xoşbəxt, Trayandan daha yaxşı" deyə salamlayırdılar. Müasir rumınlar özlərini
Trayanın Dakiyada məskunlaşdırdığı romalıların nəsli sayırlar. Trayanın hökmranlığı
həm daxili dincliyin, həm də xaricdəki uğurların parlaq günü və ya 3-cü əsrin gecə
yarısı qasırğasını qabaqlayan möhtəşəm günəşin batması kimi qiymətləndirilə bilər.
117-138-ci illərdə hökmranlıq etmiş Hadrian həmçinin ispan olmaqla yanaşı,
çoxsaylı qeyri-adi səbəblərə görə imperator olmuşdu. Trayandan fərqli olaraq o,
ərazinin genişləndirilməsinin əleyhinə idi. 117-ci ildə o, özü Şərqdə olanda Trayanın
orada işğal etdiyi ərazilərdən imtina etdi və hətta Dakiyadan da bütünlüklə qoşunları
evakuasiya etməyi düşünürdü. Bundan başqa Trayanın risqli hərbi işlərinə bağlılığı
ilə tanınan dörd konsulyar generalı "qəsdə" görə həbs etdirdi. Sonralar isə senatı
ittiham etdi ki, guya onun arzusunun əksinə olaraq, onların öldürülməsi barədə
göstəriş vermişdir.
Siyasəti onu sülhsevər hökmdar etdi. Yeganə ağır döyüş İudeyada və ya o
vaxtlar adlandığı kimi Suriya Palestinasında baş verdi. Orada Bar Koxba 132-135-ci
illərdə qəzəbli, ancaq nəticəsi olmayan yəhudi qiyamına başçılıq etmişdi. Qiyam
Hadrian tərəfindən Yerusəlimin Eliya Kapitolina adı altında Roma koloniyasına
çevrilməsinə görə qalxmışdı.
224
Müharibə vasitəsilə ekspansiya əvəzinə, Hadrian sərhədlərin qayğıkeşliklə
delimitizasiya edilməsinə və onların yaxşı müdafiə olunmasına çalışırdı. İstəyirdi ki,
bir qayda olaraq klient dövlətlər mümkün olan qədər onların arxasında olsun.
Təbii maneələr olmayan yerlərdə sərhədlər möhkəm istehkamlanırdı.
Britaniyada xəndəklərdən, tökmə təpələrdən, fortlar və daş divarlar kompleksindən
ibarət olan Hadrian səddi adanı yarı bölüb keçirdi. Almaniya və Retiya da Reyn
üzərindəki Mayntsla Dunay üzərindəki Regensburq arasında istehkamlanmış sərhədə
malik idi. Sərhədin daxilində ordu tam gücündə saxlanırdı, əsasən yerli adamlardan
ibarət legionerlərdən və köməkçi dəstələrdən ibarət idi. Beləliklə, axırıncı xidməti
vətəndən uzaqda keçirmək barədə Vespasianın yaratdığı sistem tədricən yoxa çıxdı.
Bununla yanaşı, legionerlərə köməkçi dəstələrin qarışması tendensiyası davam
edirdi. Hətta zabitlərin hörməti azalmışdı. Çünki atlılar bu vaxt bəzi legionlardakı
yüksək postlarda senatorların yerini tuturdular. Mahiyyətcə daimi olan öz ordusunu
həmişə hazırlıqda və səmərəlilik zirvəsində saxlamaq üçün Hadrian tez-tez şəxsi
inspeksiyalar keçirirdi. Öz ətrafında olan vəzifəli şəxslərin demək olar ki, yarısını
əyalətlərə göndərirdi. Səhra qoşunlarının statik qarnizonlara çevrilməsi, nəticə
etibarilə mobil surətli əməliyyatların numerilər adlanan yüngül silahlı tayfa
birliklərinə etibar edilməsinə səbəb oldu. Çox vaxt bu qüvvələr imperiyanın
hüdudlarının kənarından cəlb edilirdi. Bu isə Roma imperiya ordusunun
barbarlaşdırılmasına şərait yaradırdı.
Hadrian həm də mülki məsələlərdə də əhəmiyyətli proqress həyata keçirirdi.
Onun başçılığı altında atlıların karyerasının vacib şərti kimi, hərbi xidmətdə olmağın
onlardan tələb edilməsi uzun çəkmədi və atlıların çoxundan imperiyanın mülki
işlərində istifadə olundu. Elə bu vaxtdan da mülki xidmətin bürokratik fazası
başlandı və belə xidmət hərbi karyeranı cazibədar hesab etməyən atlılara təklif
edilirdi. Onlar təmiz mülki xidmət növünə malik olurdular. Müxtəlif atlı
dərəcələrinin ləyaqətini rəsmi titullar nişan verirdi. Bu dörd tituldan ən yüksək olan
axırıncısı - vir classimus öz ləyaqətində senatora bərabər tutulurdu. Həmin vaxtdan
etibarən atlılar imperial evlərdə və bürolarda azad adamların yerini tuturdu. Onlar
hətta Hadrianın imperial şurasına gəlib çıxmağa nail olmuşdular.
Hadrian həmçinin qanunlara aid olan inzibatçılığı yaxşılaşdırdı. O, ediktləri
daim kodifikasiya edən hüquqşünas ekspertlərə malik idi. Dörd keçmiş konsulu
İtaliyada dairə hakimləri kimi xidmət etməyə göndərdi. Bu İtaliyanı əyalətə
yaxınlaşdırdı, bununla Hadrian İtaliyanın statusunu heç də azaltmağa cəhd etmirdi.
Onun siyasəti imperiyanın bütün hissələrini mühüm əhəmiyyət daşıyan əyalət etmək
idi. İmperiyanın bir hissəsi üçün isə o, müstəsna dərəcədə qətiyyətli idi. O, vaxtının
çoxunu Yunanıstanda keçirirdi və Afinanı əliaçıqlıqla gözəlləşdirirdi.
Hadrian, heç vaxt ona tam etibar etməyən Senatla yaxşı əlaqələr saxlayırdı.
Onun xarici siyasəti cəsarətsizlik kimi, onun kosmopolitizmi romalı olmayan kimi,
sektorların fəaliyyətinə müdaxilə edən islahatları isə, adətən onları qoruyub hifz
etmək kimi görünürdü. Bütün bunlara baxmayaraq ömrünün son iki ilində o, bəzən
şıltaq və tiran xüsusiyyətinə yiyələnmiş kimi olurdu. Avqust kimi, onun özünün də
oğlu yox idi və onu məyus edən varis axtarışı ilə məşğul olmağa məcbur idi. Kişi
cinsindən olan yeganə qan qohumunu edam etdikdən sonra o, nəvə qohumu Lutsi
Tseyoni Kommodu 136-cı ildə özünə varis götürdü, onun adını dəyişib Lutsi Eli
225
Sezar qoydu. Lakin bu adam, bir az sonra öldü. Ona görə də Hadrian 138-ci ildə
varlı, öz oğlu olmayan, 51yaşlı senator Tit Avreli Antonini seçdi. Lakin sülalənin
bünövrəsini qoyduğunu göstərmək üçün, o, Antoninə məsləhət gördü ki, iki gənci
varisliyə götürsün. Onlardan birinin 16, digərinin 7 yaşı var idi. Onlar sonralar
tarixdə Mark Avreli, o, Antoninin arvadının qohum idi və Lutsi Ver, bu uşaq isə Eli
Sezarın oğlu idi, kimi tanındı. Bundan az sonra tezliklə Hadrian öldü. Antonin onu
əvəz etdi və mərhumun ilahiləşdirilməsini həvəssiz olaraq Senata təklif etdi. Ancaq
bu təklifinin mükafatı kimi, övlad ehtiramının nişanəsi olaraq Antoninə, həmin
mənanı verən Piy konqomeni qazandırdı.
Antonin Piy 138-161-ci illərdə hökmranlıq etməklə, Roma imperiyasının ən
yaxşı kosmopolit imperatoru hesab olunur. O, özü qall mənşəli idi. Arvadı isə ispan
mənşəli idi. Çoxları onun hökmranlığını tam inkişaf dövrü hesab edirdi. Onun
başçılıq etdiyi imperiya, o dövrün yazıçısı Eli Aristid tərəfindən bol tərifə layiq
görülmüşdü.
Hadriandan fərqli olaraq Antonin paytaxtdan kənara az səfər edirdi. O,
İtaliyada qalırdı. Burada o, 148-ci ildə Romanın 900 illik yubileyini bayram etdi.
Printseps və senatın bir-birinə münasibəti əla qaydada idi və üzərində "tranquillitas
et concordia" ("Sakitlik və razılıq") sözləri olan pul sikkəsi Antoninin idarəetmə
prinsipini yaxşı ifadə edirdi. Sərhəd ərazilərində - Britaniyada, Dakiyada,
Mavritaniyada, Misirdə, Palestinada və digər yerlərdə həmlələr və qiyamlar təhlükəli
simptomlar kimi görünürdü. Antonin ağıllı tərpənərək Dakiyada, Reynlandda və
Britaniyada Hadrian sərhədlərini qabağa çəkmişdi.
161-ci ildə Mark Avreli ilahiləşdirilmiş Antonini əvəz etdi. 121-ci ildə anadan
olanda onun adı Mark Anni Ver idi. Onun ata babası artıq iki dəfə konsul və şəhərin
prefekti olmuşdu. Axırıncı vəzifə senator karyerasının tacı hesab olunurdu. Onun
atasının bacısı artıq qarşıdakı illərdə imperator olacaq adama ərə getmişdi və bu
imperator öldükdən sonra özü onu taxt-tacda əvəz edəcəkdi. Onun ana babası isə
Roma taleyinin ən böyük hissəsinin varislərindən biri idi. Beləliklə, Mark yeni Roma
dairələrinin ən görkəmli ailələrinin bir neçəsi ilə bağlı idi. Onlar öz sosial və siyasi
qüdrətlərini Flavian imperatorları dövründə (69-96-cı illər) möhkəmləndirmişdi.
Uşaq olarkən Marka, beləliklə açıq şəkildə sosial fərqliliyinə görə hörmət olunurdu.
Onun taxt-taca çıxması isə bir az möcüzə olaraq qaldı. 136-cı ildə Hadrian
müəmmalı şəkildə Lutsi Seyoni Kommodu mahiyyətcə özünün varisi elan etdi. Elə
həmin il gənc Mark, Kommodun qızına nişanlandı. Lakin sonralar Hadrianın
ölümündən sonra bu nişanlanma ləğv edildi. 138-ci ilin əvvəlində Kommod öldü.
Hadrian o vaxtlar Tit Avreli Antonini (bu adam Markın bibisinin əri idi) imperator
Antonin Piy kimi varisliyə götürdü və həm də belə bir qayda qoydu ki, Antonin iki
gənc oğlanı özünə oğulluğa götürəcəkdir. Bu gənclərdən biri Kommodun oğlu, digəri
isə Mark idi, sonuncunun adı dəyişilərək Mark Eli Avreli Ver oldu. Mark beləliklə
17 yaşına çatmamış gələcəyin birgə imperatoru kimi tanınmağa başladı. Bu vəzifəni
icra etməyi isə 40 yaşı tamam olana qədər gözlədi. Belə düşünürdülər ki, Hadrian öz
ağlında Kommodu və Antonin Piyi, sadəcə olaraq bu iki gəncdən birinin "yerini
qızdırmaq" üçün seçmişdi.
Markın, Antoninin rəhbərliyi altında uzun illər davam edən şagirdliyi, onun
müəllimi Fronto ilə məktublaşmasında öz ifadəsini tapır.
226
Mark bacarıqlı, mərd və ciddi düşünən adam idi. O, stoik məktəbinin mühüm
əxlaqi filosofu olan, keçmiş qul və dindar Epiktetin "söhbətlərini" həvəslə
öyrənmişdi. Bu fəlsəfədə Mark özünün başlıca intellektual marağını və ruhi qidasını
tapmışdı.
Roma tarixində Platonun arzuladığı bir hadisə baş vermişdi. İmperatorluğa
mütəfəkkir gəlmişdi. Mark Avrelini "taxt-tacda olan filosof" adlandırırdılar.
Mark 140-cı, 145-ci və 161-ci illərdə konsul oldu. 145-ci ildə o, öz bibisi qızı,
həm də imperatorun qızı olan Anna Qaleriya Faustinaya evləndi və 147-ci ildə
imperatorluğun başlıca rəsmi səlahiyyətləri kimi imperium və tribunica rotestas aldı.
Həmin vaxtdan o, kiçik həm imperator idi, Antoninin konsul göstərişlərinə və əsas
qərarlarına şərik idi. Ondan on yaş kiçik olan götürmə qardaşı da elə həmin vaxt
rəsmi dairələrə daxil oldu.
Mark konstitusional səlahiyyətlərə yiyələnməklə, avtomatik olaraq bütöv
imperator roluna girməyə doğru addım atdı və o vaxtdan onun adı imperator Sezar
Mark Avreli Antonin Avqust oldu. Onun özünün təklifinə görə, həm də Hadrianın
vəsiyyətinə hörmət əlaməti olaraq, götürmə qardaşı Lutsi Ver də onunla birlikdə tam
həmimperator oldu. Roma imperiyası öz tarixində ilk dəfə olaraq formal bərabər
konstitusional statusu və səlahiyyətləri olan iki qoşa imperatora malik idi. Verin
səriştəli olması özünü büruzə vermədiyindən, burada onun qısqanclıq göstərməsi də
ağılsız bir iş olardı. Xoşbəxtlikdən, Ver qərar verməyi Markın öhdəsinə buraxdı.
Markın fəaliyyəti bir mühüm səbəbə görə təhlükəli idi. Bu, imperiya birliyindən
xeyli uzaqlaşan bir addım atmaqla, imperiyanın bütünlüklə yunan və latın dilli
hissələrə bölünməsindən xəbər verirdi. Bu dövrdə həm də sərhədlərdə barbarların
qorxulu həmlələri başlandı, bunlar sonralar imperiyanın parçalanmasına gətirib
çıxaran cəhdlər kimi qiymətləndirildi.
Markın daha çox yaxın olduğu sahə hüquq idi. Bir sıra tədbirlər və hüquqi
qərarlar elan edilmişdi, onlar mülki qanunlarda olan çətinlikləri və anomaliyaları
yoluna qoyurdu. Az hörmət olunan zümrələrin - qulların, dul qadınların, mədəndə
işləyənlərin hüquqları yaxşılaşdırıldı və varislik sahəsində qan qohumluğu
tanınmaqla, onun iddiaları təsbit edildi. Lakin bu məsələlərdə Markın öz şəxsi töhfəsi
şişirdilməməlidir. Qanunvericiliyin yaxşılaşdırılması məsələsi nümunəsi, yeni
olmaqdan daha çox keçmişdən əxz edilmişdi. Tədbirlər qanunun və cəmiyyətin
quruluşunun radikal dəyişdirilməsindən daha çox, onların yaxşılaşması xarakterini
daşıyırdı. Mark heç də böyük qanunverici deyildi.
Antonin Piy və Markın dövründə ən hörmət bəslənilməli əlamətlərdən biri o
idi ki, cinayət hüququnda təsnifatın fərqləri ifadə olunmuşdu, bunlar vicdanlılıq və
alçaldılma idi. Cinayət üzrə cəzanın bu iki ayrı tərəzisində alçaldılmaya görə olan
cəza, hər cəhətdən sərt və daha çox qiymətləndirilən idi.
Lakin bəzi fəaliyyətinə görə Markı tənqid edirdilər, belə ki, xristianların təqib
edilməsi məsələsində Markın xristianlardan xoşu gəlməməsi müqabilində, onun
hökmranlığı dövründə, qulların ardıcıl olaraq təqib edilməsi baş vermirdi. Onların
qanuni statusu Trayanın və Hadrianın vaxtında olduğu kimi qalırdı: ipso facto
cəzalandırılan idilər, lakin axtarılmırdılar. Filosof Markın hökmranlığı dövründə
əvvəlki illərə nisbətən bol xristian qanı axıdılmışdı, lakin o, özü təqiblərin
təşəbüsçüsü deyildi.
227
Filosof imperator imperiyanın sərhədlərinin təhlükəsizliyi məsələləri ilə də
məşğul olmalı idi. 161-ci ildə parfiyalılar Suriyaya müdaxilə etdilər, onlar Şərqdə
başlıca güc mərkəzi idilər. 162-166-cı illərdə gedən müharibə nominal olaraq Verin
komandanlığı altında aparılırdı. Lakin onun uğurlu nəticəsi də, Ermənistan və
Mesopotamiyanın viranə qoyulması ilə birlikdə tabeliyində olan generalların,
xüsusən Qay Avidi Kassinin işi hesab olunurdu. Kassi Parfiyanın paytaxtı Ktesifonu
da tutmuşdu. Lakin Ver sülh bağlamaq bacarığını da göstərdi. 166-cı ildə bağlanan
bu sülhə görə Romanın şərq əyalətləri və klient çarlıqları təhlükəsizlik qazandı.
Cəbhədən dönən ordu özü ilə taun xəstəliyini gətirdi və xəstəlik bir neçə illiyə,
german müdaxiləsi ilə birlikdə, stabillik üçün vacib olan mənəviyyatın zəifləməsinə
şərait yaratdı.
Roma tarixində ilk dəfə olaraq Çinlə birbaşa əlaqələr yaradılmasına cəhd edildi
və iki ölkə arasında səfirliklər mübadiləsi baş verdi. Çin kitablarında məlumat verilir
ki, 166-cı ildə Roma imperatoru An-Tundan buraya elçilər gəldi. Çinlilərin An-Tun
adlandırdıqları, məhz həmin dövrdə dövləti idarə edən Mark Avreli idi və onun
Antonin adını çinlilər öz dillərinə uyğun olaraq An-Tun kimi göstərmişdilər.
Göründüyü kimi, filosof imperator dövlətin beynəlxalq əlaqələrinə ciddi diqqət
göstərirmiş və hətta Uzaq Şərqlə də əlaqələr yaratmaq qərarına da gəlibmiş.
Şərqə çox hərbi qüvvə aparıldığından Dunay sərhədi artıq zəifləmişdi və
nəhayət, barbar hücumları nəticəsində süqut etdi. Qotların, vandalların, lombardların
və digər tayfaların arxadan təzyiqi ilə german tayfaları olan Markoman və Kvadi,
həmçinin sarmatlar çayın üstünə axışmağa başladılar. Germanlar çayları keçib Şimali
İtaliyaya çıxdılar və Akvileyanı mühasirəyə aldılar. Mark və Ver germanlara qarşı
uğurla vuruşdu.
Ver 169-cu ildə qəflətən öldü. Onun ölümündən bir az əvvəl Akvileya azad
edilmişdi. Əlavə üç il vuruşmaq lazım gəldi ki, Mark Dunay sərhədlərini bərpa etsin.
175-ci ildə müdaxiləçilər artıq yenə də Dunayın arxasında idilər.
Elə həmin il Markın ölümü barədə saxta xəbər yayıldı. Bu vaxt general Avidi
Kassi Misir kimi mühüm əyalət də daxil olmaqla, bütün Şərq əyalətlərinin prefekti
idi. Zirək general özünü bütün Şərq əyalətlərinin də daxil olduğu imperiyanın
imperatoru elan etdi. Kassi yerli suriyalı idi və onun bu hərəkəti, yunan dilində
danışan Şərqin separatizminin başlanmasını nümayiş etdirirdi. İstənilən tərzdə, bu
Markın Dunay boyunda qazandığı uğurları məhv etdi. Mark Şərqə hərəkət etməyə
məcbur oldu. Bu isə barbar hücumları üçün qapıları taybatay açdı. Xoşbəxtlikdən
Kassi tezliklə öz əsgərləri tərəfindən qətlə yetirildi və 177-ci ildə Mark yenidən
Mərkəzi Avropaya dönə bildi. Buna qədər isə o, imkandan istifadə edib Şərqi
sakitləşdirmək və əyalətlərini yoxlamaq üçün Antioxa, Aleksandriyaya və Afinaya
səfər etmişdi. İmperatriça Faustina Dunay müharibələrində əri ilə birgə olduğu kimi,
bu səfərdə də ərini müşayiət edirdi və elə səfər vaxtı da öldü. Həyatı boyu və vəfatı
vaxtı ona böyük ictimai ehtiram göstərildi və Mark "Düşüncələr"ində onun barəsində
məhəbbət və heyranlıqla danışır. Qədim mənbələr isə onu sədaqətsizlikdə və loyal
olmamaqda ittiham edir, - sadəcə, faktiki olaraq Avidi Kassi ilə, - lakin bu iddialar
həqiqətə bənzəmir.
177-ci ildə Mark özünün 16 yaşlı oğlu Kommodu birgə imperator elan etdi.
Onlar birlikdə Dunay müharibələrini başa çatdırdılar. Mark müdafiədən hücuma
228
keçməyi qət etdi, bu qətiyyətlilik ona böyük uğur gətirə bilərdi. Lakin 17 mart 180-ci
ildə o, Vindobonadakı (indiki Vyana şəhəri) özünün hərbi qərargahında öldü. Bu
zaman yalnız ona vaxt tapdı ki, Kommodu rejimin baş məsləhətçilərinə təqdim etsin.
Mark Avrelinin sağ qalan oğlunu özünə varis seçməsinə faciəvi paradoks kimi
baxılır. Buna görə onu tənqid edənlər - yaxşı yararlı adamın "fəlsəfi" taxt-taca
çıxmasının uzun və uğurlu dövründən sonra, kobud sülaləçiliyə dönməsi ilə
razılaşmırdılar. Lakin Mark bu məsələdə heç bir seçimə malik deyildi, - əgər o,
Kommodu özünə varis etməsəydi, onun öldürülməsinə göstəriş verməli idi. Bu
dövrdə imperiyanı aşağı dartan günah, artıq çürümə cığırına düşmüşdü.
19 il ərzində Romanın imperatoru olan Mark Avreli Qərbin bir çox nəsilləri
üçün Roma imperiyasının qızıl dövrünü simvolizə edir. Bu dövrdə tamamilə
təşkilatlanmış dünya dövlətinə vicdanlı və özünü qurban verən monarx başçılıq
etmişdi. O, öz gündəlik işini stoiklərin nəsihətləri əsasında yerinə yetirirdi. Bu
bütpərəst inamlar içərisində yeganə fəlsəfə idi ki, ictimai xidmətdə əxlaqi ədaləti
vacib sayırdı. O, klassik antik dövrün yeganə şəxsiyyəti idi ki, onun şəxsi məsuliyyət
hissi bizim dövrə gəlib çıxmış - "Düşüncələr" və ya "Öz özümlə təklikdə" əsərindən
və bir sıra özəl məktublarından öyrənilir. Onun şəxsiyyəti və nailiyyəti 18 əsr sonra
belə müzakirə olunmaq dəyərinə malik olduğunu itirmir.
Mark öz hökmranlığının bədbəxtliyə düçar olduğu dövrdə fəlsəfi fikirlərə daha
çox müraciət edirdi. Onun həmin dövrdəki qayğıları və fikirlərini "Düşüncələr"
əsərindən öyrənmək olar. Əsər fraqmentar qeydlər, söhbətlər və epiqrammlardan
ibarətdir, onun kampaniyalarının və inzibatçılığının ortasında meydana gələn
düşüncələri təsvir edir. Bu sətirlər romalının ürəkdən gələn fikirlərinin ifadəsi olsa
da, yunan dilində yazılmışdır. Mark həmişə özünü davranışın əldə olunmayan
məqsədləri üçün təklif edirdi, dünyanın az əhəmiyyətli, kobud, ötüb keçən
zəhmətlərini bəşəri ümumilikdə və özlərinin xüsusiliyində müşahidə edirdi. Başqa
sözlə, digər heç bir dünyaya inanmadığından, bununla yanaşı borc və xidməti,
onların ümidsiz olması ilə əlaqələndirir. Bütün həyatı boyu xəstə olmasına görə,
güman ki, o, xroniki mədə xorasından əziyyət çəkdiyindən o, hər gün narkotik maddə
dozası qəbul edirdi. Bu isə onu, apokaliptik görünüşlərin təsiri altında
"Düşüncələr"dəki fikirlərə dalmağa sövq edirdi. Həm də hadisələrə Markın qayğılı
reaksiyası dövrün ruhuna uyğun idi.
"Düşüncələr"dəki fikirlər Markın özünə məxsus olsa da, orijinal deyildir.
Onlar mənşə etibarilə stoitsizmin əxlaqi prinsipləri idi, Epiktetdən öyrənilmişdi. O,
öz ömrünü ağıla arxalanmaqla keçirənləri təqdir edərək, yazır: "Kim öz həyatını ağıl
işığına qoyursa və ona xidmət edirsə, belələri üçün həyatda ümidsiz vəziyyətlər ola
bilməz. O, vicdan əzabını tanımır, təklikdən qorxmur və hay-küylü məclis axtarmır, -
belə adam ali həyata malikdir, insanlardan qaçmır və onların ardınca qaçmır. Onu
belə fikirlər utandırmır ki, onun ruhu uzun müddətə bədən örtüyünə salınmışdır. Belə
adamın hərəkətləri həmişə eyni cürdür, hətta yaxın ölüm ərəfəsində də onun üçün bir
qayğı vardır - adamlarla dinc ünsiyyətdə ağıllı yaşamaq" .
Bu fikri davam etdirir: "Bütün dünya bir qanuna tabedir və bütün ağıllı
məxluqlarda vahid zəka vardır. Düzgünlük birdir və ağıllı adamlarda kamillik
haqqında anlayış da həmçinin təkdir".
229
İnsanın həqiqətə, düzgünlüyə bağlılığını vacib hal sayan filosof yazır: "İnsan
könlü könüllü qaydada deyil, güclə düzgünlükdən, mülayimlikdən, ədalət və
xeyirdən uzaqlaşdırılır. Bunu nə qədər aydın dərk edirsənsə, adamlara o qədər
sakitliklə yanaşırsan".
İnsanın həyatında əqlin hansı əhəmiyyətə malik olduğundan bəhs edərək yazır:
"Lakin sən deyə bilərsən ki, insanın ağlı vardır və onun köməyi ilə o, öz qüsurlarını
başa düşür. Bu doğrudur. Beləliklə, sən ağıla maliksən və ağıllı davranmaqla yaxın
adamını öz nöqsanlarını başa düşməyə gətirib çıxararsan. Beləcə öz ağlını göstər,
insan şüurunu oyatmağı bacar və qəzəbsiz, səbrsiz olmadan və lovğalanmadan onun
korluğunu müalicə et1".
Həyatdan baş çıxarmayan, ömrünü kor-koranə keçirən adamlara isə istehza
edərək, yazır: "Oxumağı və yazmağı bacarmayan adam başqalarını buna öyrədə
bilməz. Eləcə də nə etməyi bilməyən adam, başqalarına necə göstəriş verə bilər?".
Mark Avreli daxili aləmin böyüklüyünə xüsusi qiymət verir: "Könülü məhz
içəridən öz işığı ilə işıqlanmış şarla müqayisə etmək olar. Bu ad təkcə onun işıq və
həqiqət mənbəyi deyildir, həm də onun bütün xaricini işıqlandırır. Belə vəziyyətdə o,
azad və xoşbəxtdir, yalnız zahiri əlamətə aludəlik işığı sındırıb, ona xətər yetirməklə
onun hamar səthini həyəcanlandıra və korlaya bilər".
O, xeyir məfhumuna toxunur və bunu ağılın qanunlarına uyğun yaşamaqda
əldə edildiyini göstərir: "Heç kəs heç vaxt özü üçün mümkün olan nemətləri əldə
etməkdən yorulmadı. Lakin ən böyük xeyiri insan o vaxt əldə edir ki, öz ağlının
qanununa uyğun hərəkət etsin. Bu qanun isə sənə deyir ki, yorulmadan başqalarına
xeyir ver, bu özün üçün ən yüksək xeyirdir".
Şərlə mübarizənin əsas yolunu göstərərək Mark Avreli yazır ki, "Qəribədir,
insan kənardan, başqasından gələn şərə görə hiddətlənir, bunu isə o, kənarlaşdıra
bilmir. Onun öz hakimiyyətində olan şəxsi şəri ilə mübarizə aparmır".
Mark Avreli ruhdan düşməməyi, həyatın sınaqlarına dözməyi məsləhət görür:
"Əgər sənə öz hərəkətlərində istədiyin bütün yaxşı şeyləri etmək müyəssər olmursa,
ruhdan düşmə və ümidsizliyə qapılma.
Əgər sən öz hündürlüyündən yıxılmısansa, çalış yenidən qalx, sakitcə həyatın
sınağına döz və həvəslə şüurlu qaydada geri,öz köklərinə qayıt".
Həyatın mənasını həyatın özündən yüksək qiymətləndirir: "Elə yaşa ki, elə bil
ki, indicə həyatla vidalaşacaqsan, elə bil ki, yaşamaq üçün sənə ayrılan vaxt,
gözləmədiyin bir hədiyyədir".
O, həyatın sınaqlarına Allahın məsləhəti kimi baxmağı tövsiyə edir: "Həkim
bir xəstəyə bir müalicə, digərinə isə digər müalicə yazır. Eləcə də Allah bizə
xəstəlikləri, xətər yetirilməsini və hüznlü itkiləri yazır. Həkim məsləhəti xəstənin
sağlamlığının bərpasına kömək edirsə, eləcə də Allahın insanı məhkum etdiyi
təsadüfləf onun mənəvi cəhətdən sağalmasına, onun şəxsi mövcudluğunun, bütün
bəşəriyyətin ümumi həyatı ilə qırılmış əlaqəsinin bərpasına kömək edir. Beləliklə,
qismətinə düşən hər şeyi qəbul et, necə ki, xəstə həkimin dərmanlarını qəbul edir.
Bədənin sağlamlığının bərpası, - bu acı dərmanların mənasıdır, lakin axı ümumi
ağıllı təbiət üçün hər bir məxluq tərəfindən öz təyinatına uyğunluğu saxlamaq, xəstə
üçün sağlam bədəni saxlamaq kimi çox vacibdir.
230
Ona görə də sənin başına gələnlərlə razılaşmağın lazımdır, hətta ən acısı
ilə.Çünki belə təsadüflərin mənası dünyanın bütövlüyü və sağlamlığıdır. Təbiət,
Onun ağlı ilə yaşayaraq, ağıllı hərəkət edir və Ondan gələn hər şey, səhvsiz olaraq
birliyin qorunub saxlanmasına kömək edir".
Filosof dəyişikliklərdən, metamorfozalardan qorxmamağı məsləhət görür:
"Doğrudanmı, səni dəyişikliklər qorxudur? Axı heç nə dünyada dəyişikliksiz baş
vermir. Ümumi təbiətin mahiyyəti dəyişiklikdir. Odunda dəyişiklik əmələ gətirmədən
suyu qızdırmaq olmaz. Qidalanma qidanın dəyişilməsi baş vermədən mümkün
deyildir. Bütün dünyanın həyatı dəyişilmədən başqa bir şey deyildir. Anla ki, səni
gözləyən dəyişilmə eynilə həmin mənaya malikdir, bu dəyişilmə cisimlərin öz təbiəti
üçün zəruridir. Bircə şeyə diqqət yetirmək lazımdır ki, insanın həqiqi təbiətinə zidd
olan nəsə edilməsin, hər şeydə Onun necə və nə vaxt göstərdiyi kimi hərəkət edilsin".
İnsan həyatında yaxın adama qarşı nifrət və qəzəbin əbəs olduğunu qeyd
edərək, yazır ki, "Budaq öz kökündən kəsildikdə, bütöv ağacdan ayrılır. Eləcə də
insan başqası ilə nifaq saldıqda, həm də bütün bəşəriyyətdən ayrılır. Lakin budaq
başqasının əli ilə kəsilir, insan isə özünün yaxın adamından, nifrət və hiddəti ilə
uzaqlaşır, yadlaşır. Başa düşmür ki, əslində o, bununla özünü bütün bəşəriyyətdən
ayırır".
Mark Avreli xeyirxahlığı qiymətli daşlarla müqayisə edir: "İnsanda
xeyirxahlıq özlüyündə qiymətli daş xüsusiyyətinə malikdir, onunla nə baş
verməsindən asılı olmayaraq, qiymətli daş daim öz təbii gözəlliyini saxlayır".
Nervanın hakimiyyətə gəlməsindən Mark Avrelinin ölümünə qədər olan dövr
Roma tarixində xüsusi yer tutur. İngilis tarixçisi Eduard Gibbon yazmışdır: "Dünya
tarixinin bəşəriyyətin daha xoşbəxt olduğu və görünməmiş qaydada inkişaf etdiyi
dövrünü müəyyən etmək lazım gəlsə, heç bir tərəddüdə yol vermədən Domitsianın
ölümündən başlayıb Kommodun taxt-taca çıxmasına qədər olan dövrü adlandırmaq
olar". Bu zaman məsafəsi 84 ilə bərabər olmaqla, 96-cı ildən 180-ci ilə qədər olan
dövrü əhatə edir.
180-192-ci illərdə hökmranlıq etmiş Kommod isə özündən əvvəlki gənc
imperatorlar olan Kaliqula və Neron kimi səriştəsizlik, şöhrətpərəstlik və şıltaqlıq
nümayiş etdirirdi. Xoşbətlikdən bacarıqlı əyalət valiləri hesabına, həmçinin Dunay
boyunca məskunlaşmış barbar müttəfiqlərə torpaq verilməsi və əvəzində onların
orduda hərbi xidmət keçməsi hesabına sərhədlər toxunulmamış qalırdı. Lakin
Kommod Trans-Dunay əyalətləri barədəki Mark layihəsindən imtina etdi və özünü
dövlət işinə deyil, daha çox hissi həzzlərə və xüsusən də Roma arenasında
şadlanmağa həsr etmək yolunu seçdi. Bu arenada o, sələfi Neronun aktyorluğu
şəklində, özünü Roma Herkulesi kimi nümayiş etdirirdi. Senatı isə məcbur edirdi ki,
rəsmi qaydada onu allah başçı kimi tanısın. O, bir qayda olaraq ciddi işləri öz
favoritlərinə tapşırırdı. Onların ambitsiyaları və intriqaları isə qəsdlərə, dövləti
xəyanət barədə mühakimələrə, müsadirələrə və rəhmsiz qətllərə aparıb çıxarırdı.
Kommodun 192-ci ilin son günündə öldürülməsi onun bədbəxtlik gətirən
hökmranlığına son qoydu və Antoninlər də, Yuli-Klavdilər kimi biabırçı sonluğa
gəlib çatdılar. Burada digər bir oxşar nəticə də təkrar olundu. Kommodun ölümündən
sonra, eynən Neronun intiharından sonra olduğu kimi bir neçə ildə dörd imperator
dəyişdi.
231
Roma imperiyası bizim eranın 14-cü ilindən 180-ci ilə - Mark Avrelinin
ölümünə qədər daha çox dinc şəraitdə yaşayırdı və bu dövrdə qədim Aralıq dənizi
dünyası fəaliyyət göstərirdi. Yeni eranın ilk əsrinin hökmdarları bəlkə Vespasian
müstəsna olmaqla, Avqust kompromissini təkrar etməyə qabil deyildilər. Bəziləri isə,
o cümlədən Qay Kaliqula, Neron və Domitsian qərəzkarlıqlarına və saraylarındakı
arası kəsilməyən yaltaqlığa görə açıq despotizm yolunu tutmuşdular.
Bu biabırçı hala yalnız Trayandan Mark Avreliyə qədər olan "nəcib
imperatorların" hakimiyyəti dövründə 98-180-ci illərdə son qoyuldu. Bu hökmdarlar
adamlarla nəzakətli davranırdılar. "Nəcib imperatorların" axırıncısı olan Mark Avreli
isə ağılsızcasına öz oğlu Kommodu taxt-taca varis etdi. Həmin imperatorların
dövründə senatın tərkibində bəzi dəyişikliklər baş verdi. Hadrianın dövründən isə
senatın demək olar ki, yarısı əyalət mənşəli olan adamlar idi. Trayanın dövründə
şərqlilər senat üzvü oldular, afrikalılar isə bu hüquqa Antonin Piyin dövründə malik
oldular. Roma vətəndaşlığının coğrafiyası da xeyli genişlənmişdi, baxmayaraq ki,
212-ci ilə qədər hələ imperiyanın bütün azad sakinləri faktiki olaraq vətəndaş ola
bilməzdilər.
"Roman sülhünə" baxmayaraq romalılar heç vaxt İudeyada yəhudilərin siyasi
ümidləri və dini adətləri üçün modus vivendi - mövcudluq qaydası yarada
bilməmişdilər. 66-cı ildəki böyük qiyamdan 70-ci ildəki məbədin dağıdılmasına
qədər olan hadisələr, 132-135-ci illərdəki ağır mübarizə Yerusəlimdə yəhudi
sakinliyinə imperiya qadağası qoyulmasına gətirib çıxarmışdı.
Bu dövrü şöhrətləndirən adamlardan biri dahi bioqrafiya tarixçisi və yazıçısı,
mənşəcə yunan olan Plutarx (46-120-ci illər) idi. İmperiyanın vətəndaşı kimi qəbul
edilən tarixçi Yunanıstanın və Romanın çox sayda görkəmli şəxsiyyətlərinin
bioqrafiyasına qələmə almışdır, bu əsərlərin tarixi, fəlsəfi və bədii dəyəri iki min ilə
qədər olan müddət ərzində nəinki azalmamışdır, əksinə antik dövrü
qiymətləndirməkdə əvəz edilməz mənbə rolunu oynayır. Bundan başqa o, çox sayda
etik və digər mövzularda traktatlar yazmışdır. Tarixçi, vifiniyalı Arrian Böyük
Aleksandrın müharibələrini təsvir edən "Anabasis" əsərini yazmışdı. Aleksandriyalı
Appian isə Romanın apardığı müharibələri 24 kitablıq əsərində təsvir etmişdi. Mark
Avrelinin yazdığı "Düşüncələr" əsəri də dövr barədə yaxşı təsəvvür yaradır. Lakin
imperatorun həqiqətən bu əsərinin müəllifi olmasına müəyyən şübhələr vardır.
Neronun müəllimi olan Anney Seneka (m.ə. 5 - b.e. 65-ci illər) təkcə qabiliyyətli
dövlət xadimi kimi deyil, böyük filosof kimi şöhrət tapmışdı. Əgər Avqust dövrü
ədəbiyyatı Vergili, Horatsi və Ovidi kimi dühalar bəxş etmişdisə, ondan sonra gələn
Sezarların dövründə mövcud olan eybəcərliklərə cavab olaraq Seneka özünün yüksək
ləyaqətləri vəsf edən "Əxlaq esselərini" yaratmışdı. Yaşadığı dünyanın dəyişilməyən
kədərliliyini Seneka bu naləyə bənzəyən sözlərdə cəmləşdirmişdi: "İnan mənə,
ölümün həqiqətən labüd olmasında böyük xoşbəxtlik vardır".
Şair Lukan (39-65-ci illər) Sezarla Pompey arasındakı müharibəni "Vətəndaş
müharibəsi" əsərində qələmə almışdı. Yazıçı Petroni (34-62-ci illər) "Satirikon"u,
Böyük Plini (23-79-cu illər) özünün geniş "Təbiət tarixi" əsərini yazmışdı. Böyük
Plini Messina donanma komandiri olduğu üçün Vezuvi dağındakı vulkan
püskürməsini elmi cəhətdən müşahidə etdikdə, zəhərli qazlardan boğulub ölmüşdü.
Plutarx kimi bu dövrdə yaradan bir çox yazıçılar əslən romalı deyildilər. Seneka və
232
Lukan ispan idilər, Favorini Qalliyadan, Apuley Afrikadan gəlmişdi. Mark Avrelinin
müəllimi və natiq olan Fronto və ilkin xristian latın yazıçıları Minutsi Feliks və
Tertullian da Afrikadan idilər.
Latın ədəbiyyatı Antoninlərin hakimiyyəti müddətində özünün "gümüş dövrü"
ilə fərəhlənirdi. Böyük müəlliflərin əksəriyyəti: Tatsit, Yuvenal və Kiçik Plini
Domitsian dövründə yaradıcılıqlarına başladılar. Onların heç bir varisi yox idi.
Tatsitdən sonra Roma tarixi kiçilərək, tərcümeyi-hallara keçdi. Yalnız xeyli sonra IV
əsrdə tarix elmi latın dilində yazan yunan yazıçısı Ammian Martselliklə yenidən
inkişaf etməyə başladı. Yüksək səviyyəyə çatan satira Yuvenalla başa çatdı. Çalışqan
ritorik və Trayana həsr olunmuş panegirik əsərin müəllifi olan Kiçik Pliniyə afrikalı
Mark Fronto varis oldu. Fronto özü isə Mark Avrelinin müəllimi idi. Digər afrikalı
Apuley daha orijinal olmaqla, görkəmli ritorik alim və satirik yazıçı idi.
II əsr ərzində yunan renessansı baş verdi. Hər yerdə ikinci dəfə meydana gələn
sofist məktəbləri baş qaldırmışdı. Bu məktəb ritorikada, tarixdə, fəlsəfədə və hətta
elmdə, bilik sahələrində güclü təsirə malik idi. Ritorika məktəblərinə Vespasiandan
başlayaraq Mark Avreliyədək imperatorların özü himayə edir və onlara maddi
yardım göstərirdi. Elm sahələrinə gəldikdə riyaziyyat Gerasadan olan Nikomakla,
təbabət Perqamdan olan Qalenlə, astronomiya Aleksandriyalı Ptolomeylə təmsil
olunurdu. Hüquq isə yalnız Roma elmi olaraq qalırdı. Antoninlər dövründə bu elm
Yulian və Qay tərəfindən, III əsrdə isə üç yunan alimi: Papinian, Ulpian və
Modestinlə təmsil olunurdu. Bu dövrdə dəbə düşmüş tərcümeyi-halları yazanlar isə
Plutarx və Lutsian idi.
Öz imperatorluqları dövründə Vespasian və onun oğlu Tit 65 min yerlik
Kolizeyi tikdirmişdilər. Memar Apollodor yeni Trayan Forumunu tikmişdi.
İmperator Hadrianın dövründə Panteon indiki ölçüsündə yenidən tikilmişdi.
İndiyədək salamat qalmış Trayan sütunu onun dakiyalılarla müharibəsini təsvir edən
relyeflərlə bəzədilmişdi.
Roma imperiyası 2-ci əsrdə özünün ən geniş ərazisinə sahib oldu. Əgər 1 əsrdə
bu dövlətə 17-ci ildə Kappadokiya ərazisi, 40-45-ci illərdə Mavritaniya, 43-cü ildə
Britaniya və 46-cı ildə Frakiya əlavə olunmuşdusa, 2 əsrin başlanğıcında Trayanın
imperatorluğu dövründə (98-117-ci illərdə) daklarla və Parfiya çarlığı ilə aparılan
qalibiyyətli müharibələr nəticəsində 106-cı ildə Dakiya və Ərəbistan, 114-cü ildə
Ermənistan, 115-ci ildə Mesopotamiya və Assuriya imperiyanın ərazisinə daxil
edildi. Lakin Ermənistan, Mesopotamiya və Assuriya sonralar Trayanın varisi
Hadrianın vaxtında yerli əhalinin üsyanları nəticəsində 117-138-ci illərdə
imperiyadan ayrıldılar. Sayı artan bu əyalətlər əsasən quldarlıq münasibətlərinin
yayılması hesabına iqtisadiyyatını inkişaf etdirirdi.
Bu dövrdə bazarla əlaqəsi olan və qul əməyindən məhsuldar istifadə edən
villalar daha yaxşı rentabelliliklə işləyirdi. Bu villaların sahibləri isə əsasən
şəhərlərin vətəndaşları idi. Bundan başqa bu dövrdə dəniz və quru yollarının qaydaya
salınması, böyük müharibələrin dayandırılması, valilər üzərində nəzarət qoyulması
kənd təsərrüfatının, sənətkarlığın və ticarətin inkişafına, Roma həyat tərzinin və
mədəniyyətinin yayılmasına şərait yaratmışdı. Lakin geridə qalan vilayətlər də var idi
ki, onlar əsasən kənd icmalarından ibarət idi. Ona görə də bəzi imperiya əyalətləri
inkişaf edəndə, digərləri tənəzzül dövrü keçirirdi.
233
Birinci əsrin sonundan İtaliya iqtisadiyyatının böhranı başladı. I-II əsrlərdə
dəniz və karvanlarla aparılan xarici ticarət geniş inkişaf etdi. Roma Ərəbistan,
Hindistan, Qafqaz, Orta Asiya xalqları ilə, hərdən bir isə Çinlə, Sudana qədər Afrika
ilə, Baltikyanın ərazilərdəki Şimali-şərq tayfaları ilə ticarət aparırdı. Roma şərab,
zeytun yağı və metal ixrac edirdi. Ölkəyə isə əsasən ərzaq məhsulları idxal olunurdu.
Bu dövrdə cəmiyyətin yüksək zümrələri senatorlar və atlılar idi. Birincilərə, iri
torpaq sahibləri aid idi, onlar əsasən italik imperatorlar tərəfindən irəli çəkilənlər və
əyalət adamları idi. II əsrdə senatorların 60 faizi əyalətdə doğulmuş adamlar idi. I-II-
əsrlərdə senatorların tərkibindən ali Roma magistratları, hərbi rəislər, əksər
əyalətlərin valiləri təyin edilirdi. Atlılardan isə digər magistratlar: hakimlər, pretoriya
prefektləri təyin edilirdi. Şəhər torpaq sahiblərinin başçıları şəhər şuraları olan
dekurionlara daxil olurdular. Bu dövrdə bu üç zümrə imtiyazlı "nəcib" zümrələr
hesab olunurdu və onlar şəhər və kənd plebsinə qarşı dururdular. Şəhər plebsi kiçik
tacirlərdən, sənətkarlardan, muzdlu işçilərdən ibarət idi. Artıq plebs öz siyasi
əhəmiyyətini itirmişdi- dövlət magistratları senatorlardan və atlılardan seçilirdi.
Plebey kompaniyaları, onların yığıncaqları, dini həyatları ciddi nəzarət altında
saxlanırdı. Siyasi əhəmiyyətlərini itirməsi əvəzinə, onlara bol ianələr verilirdi. Roma
şəhərində 100-150-min kasıb adam dövlətdən pulsuz çörək, həmçinin ət və yağ
alırdı, başqa şəhərlərdə isə pulsuz ərzağı dekurionlar verirdi. Bayram vaxtı isə əlavə
hədiyyələr də verilirdi.
Trayan ilk dəfə olaraq kasıblar üçün alimentar fond yaratdı. Bu fonddan kasıb
valideynlərin uşaqlarına və yetim uşaqlara dövlət yardımı göstərilirdi. Bu fondun
vəsaiti isə dövlət tərəfindən kiçik və orta torpaq sahiblərinə verilən ssudadan gələn
faizlərdən yığılırdı. Kənd plebsinə isə kiçik torpaq sahibləri və özəl şəhər və dövlət
torpaqlarının icarəçiləri olan kolonlar daxil idi. Əsas vergi və mükəlləfiyyət yükü
onların üzərinə düşürdü. Azad olmayanlar zümrəsinə isə qul olmaqdan azad
olunanlar - libertinlər və qullar daxil idi. Bəzi libertinlər, xüsusən imperator
libertinləri yüksək vəzifələrə və var-dövlətə malik olurdular. Onların orta təbəqələri
sənətkarlıq və ticarətlə məşğul olur, kasıblar təbəqəsi isə muzdla işləyirdilər.
Pekulisi, başqa sözlə əmlakı olan qulların bir hissəsi istehsal vasitələrinin və qul
sahibi oldular. Lakin qulların əksəriyyəti kənd təsərrüfatında və sənətkarlıqda
istismar olunan adamlar idi.
Romaya öz qüdrətini daim yüksək səviyyədə saxlamaq mümkün
olmadığından, işğal etdiyi əraziləri əlində saxlamaq ona çətin başa gəlirdi. 117-138-
ci illərdə imperatorluq etmiş Hadrianın dövründə tayfa ittifaqlarının güclənməsi
nəticəsində romalılar təcavüzkarlıqdan müdafiəyə keçməyə məcbur oldular,
Ermənistan, Mesopotamiya və Assuriya kimi əraziləri itirdilər və xeyli sərhəd
istehkamları yaratdılar. İmperator Mark Avrelinin dövründə isə Dunay tayfaları 166-
180-ci illərdə Markoman müharibəsində imperiya üzərinə hücum etdi və onları
böyük güzəştlər hesabına dayandırmaq mümkün oldu.
|