Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   14   15   16   17   18   19   20   21   22
FLAVİ İMPERATORLARI 
 
Qısa  müddətdə  üç  imperator  həlak  olduqdan  sonra  hakimiyyəti  Flavilər  nəsli 
öz əlinə keçirdi. Onun ilk nümayəndəsi Vespasian oldu. Tit Flavi Vespasian, b.e. 69-
cu ilindən 79-cu ilinədək Romanın imperatoru oldu. O, hakimiyyətə öz yolunu hərb 
sahəsində  fərqlənməyinə  və  imperiyanın  şərq  yarısındakı  orduların  onu  müdafiə 
etməsinə  görə  qazanmışdı.  Onun  əcdadlarından  heç  kəs  senator  olmamışdı  və 
beləliklə  o,  romalıların  yeni  sülalə  adlandırdıqlarından  ilk  imperator  idi.  Onun  ən 
böyük  uğuru,  Neronun  ölümündən  sonra  baş  verən  vətəndaş  müharibəsinə  son 
qoymaqla, siyasi stabilliyi bərpa etmək və yeni sülalə yaratmaq idi.  
Vespasian  b.e.  9-cu  ilində  Sabin  ölkəsində,  Reatidə,  indiki  Ristidə  anadan 
olmuşdu.  Onun  atası  Flavi  Sabin,  Vespasian  anadan  olandan  az  sonra  ölmüşdü.  O, 
rıtsar  olmaqla  vergi  yığan  idi.  Anası  Vespasia  Polla  isə  cəmiyyətin  atlı  zümrəsinə 
daxil idi, onun qardaşı senat üzvü olmuşdu. Uşaq yaşlarında Vespasian böük qardaşı 
Flavi  Sabinin  kölgəsində  qalırdı,  48-ci  ildə  o,  Dunayda  mühüm  komandanlığa 
yüksəlmişdi və Neronun vaxtında bir neçə illiyə Romanın prefekti olmuşdu. Qardaşı 
senata daxil olduqdan sonra Vespasian tərəddüd etsə də, onun karyerasında ləngimə 
baş vermədi. Hərbi xidmətindən və Yunanıstanda kvestorluq etdikdən sonra o, 39-cu 
ildə pretorluğa yüksəldi. Həmin ildə onun oğlu Tit anadan olmuşdu.  
Vespasian hökmranlıq edən Kaliqulanın xoşuna gəlməyə çalışırdı və Klavdinin 
hökmranlığı  dövründə  o,  azad  olunmuş  adam  olan  qüdrətli  Nartsissin  rəğbətini 
qazandı. O, II Avqusta legionunun komandanı oldu. Bu legion 43-cü ildə Britaniyaya 
müdaxilədə  iştirak  etdi.  O,  Uayt  adasını  işğal  etdi  və  Devonun  qərbindəki  tayfaları 
təslim  etdi,  20-dən  artıq  "şəhəri"  işğal  etdi.  Bu  müvəffəqiyyətlərinə  görə  o,  triumf 
şərəfi  ilə  mükafatlandırıldı.  O,  51-ci  ildə  konsul  oldu.  54-cü  ildə  Klavdi  öləndə 
Nartsissin  nüfuzu  heçə  endi  və  o,  özünü  öldürməyə  məcbur  edildi.  Bir  müddətə 
Vespasian yeni təyinat almadı.  
63-cü  ilə  yaxın  o,  prokonsulluğu  üçün  Afrikanı  ələ  keçirməyə  nail  oldu. 
Burada sərt maliyyə tədbirləri onu qeyri-populyar etdi. Onun şəxsi varlanması barədə 
heç  bir  şübhə  yox  idi  və  ömrünün  sonunadək  onun  üzərində  "xəsis"  reputasiyası 
qaldı.  
66-cı  ilin  payızında  o,  Neronu  Yunanıstana  müşayiət  etdi.  Burada  o,  kifayət 
dərəcədə  diqqətli  olmadığından,  imperatorun  artistlik  etdiyi  tamaşalarda  yatırdı. 
Lakin  bu  hərəkəti  onun  yeni  təyinatına  mane  ola  bilmədi.  67-ci  ilin  fevralında 
İudeyada  yəhudi  qiyamına  qarşı  komandan  təyin  edildi.  Bundan  əvvəlki  illərdə 
romalılar  burada  iki  ağır  məğlubiyyətlə  üzləşmişdi.  Təyinat  müstəsna  xarakter 
daşıyırdı,  çünki  İudeyada  heç  vaxt  qarnizon  xidmətini  legion  qüvvələri  yerinə 
yetirməmişdi. Həm də o vaxtlar Şərqdə belə bir fikir meydana gəlmişdi ki, İudeyadan 
çıxanlar dünyaya sahib olacaqlar.  
Vespasian təhlükəsiz adam hesab olunurdu. Yüksək dərəcədə səriştəli general 
olsa da, Neron hökumətinin çağırışı ilə onun qələbələr qazanması, demək olar ki, heç 
kəsin  ağlına  gəlmirdi.  Neron  nə  qədər  ki,  sağ  idi,  əslində  bu  diaqnoz  düzgün  idi. 
Vespasian 67-68-ci illərdəki iki uğurlu kampaniya  həyata keçirdi, Yerusəlim istisna 
olmaqla  bütün  İudeyanı  tutdu.  Lakin  68-ci  ilin  iyununda  Neron  öləndə,  o,  döyüşü 
dayandırdı.  

 
213 
Bu fasilə təəccüblü idi və onunla əlaqədar idi ki, həmin dövrdə o, vasitəçi kimi 
oğlu  Titlə  birlikdə  qonşu  Suriyanın  valisi  olan  Qay  Litsini  Mutsianla  danışıqlar 
aparıb, mövcud problemləri həll edirdi. Onların hər ikisi artıq hakimiyyət üçün tələb 
olunan  qiymət  barədə  ediləcək  təklifə  ümid  bəsləyirdi.  Vespasian  özünü  elə 
göstərirdi  ki,  o,  yəhudilərə  qarşı  sonrakı  əməliyyatların  aparılması  barədə  yeni 
imperator  Qalbadan  göstəriş  gözləyir.  Vespasian  mahiyyət  etibarilə  Qalbanı  qəbul 
etməyi qərara aldı. O, özünü sakit aparırdı və Titi Qalbanı təbrik etməyə göndərdi.  
Qalbanın 69-cu ilin 15 yanvarında öldürülməsi xəbəri Titə Korinfdə çatdı və o, 
geri  qayıtdı  ki,  Vespasianla  Mutsian  arasındakı  nəticələri  məlum  olmayan 
danışıqlarda  iştirak  etsin.  Bu  vaxt  İtaliyadakı  vətəndaş  müharibəsi  labüd  idi,  lakin 
Vespasian  nəzərdə  tutulan  iki  şəxsdən:  Oton  və  Vitellidən  çağırış  gələcəyinə  ümid 
edirdi.  Otonun  16  apreldəki  məğlubiyyəti  və  intiharından  sonra  o,  özünə  dəstək 
toplamağa  başladı.  İyulun  1-də  güman  ki,  hazırlanan  qəsd  nəticəsində,  iki  Misir 
legionu onu imperator elan etdi, sonrakı günlərdə Suriya və İudeya legionları onlara 
qoşuldu.  Vespasian  yayın  ortalarında  yəhudilərə  qarşı  öz  dayağı  hesab  etdyi  kiçik 
kampaniyanı  apardı.  Sonra  Aleksandriyaya  yollandı  ki,  özü  Romanı  taxılla  təchiz 
etsin.  Avqust  ayında  isə  Dunay  orduları  açıqca  ona  dəstək  verdilər.  Onların  legion 
komandalarından  biri  Antoni  Prim  beş  legionla  İtaliyaya  daxil  oldu,  Kremon 
yaxınlığında  Vitellinin  başlıca  qüvvələrini  darmadağın  etdi  və  şəhəri  qarət  etdi. 
Sonra o, qalibiyyətli qaydada cənuba hərəkət etdi, dekabrın 20-də Romaya girdi. Elə 
bu vaxt Vitelli öz qoşunlarının əsgərləri tərəfindən öldürüldü. Lakin Antoni gec gəlib 
çıxdığından, Vespasianın qardaşı Sabinin edam edilməsinin qarşısını ala bilməmişdi.  
Vespasian  Antoniyə  heç  bir  təşəkkür  ifadə  etmədi.  Axırıncının  bəxti  onda 
gətirməmişdi  ki,  Mutsian  tezliklə  Romaya  gələ  bildi  və  hakimiyyətin  yüyənini  öz 
əlinə aldı.  
Dekabrın 21-də Vespasianın mövqeyi senat tərəfindən təsdiqləndi. Lakin o, öz 
rolunun hərbi mənbəyə malik olması düşüncəsində tam səmimi idi. Buna görə də o, 
öz  səlahiyyətlərini  qoşunların  onun  üzərinə  vəzifə  qoyduğu  vaxtdan,  yəni  1  iyuldan 
hesablayırdı. Hansı ki, bu vaxt hələ Vitelli özünün senat tərəfindən imperator təsdiq 
edilməsini gözləyirdi. Vespasian qanunla bir sıra səlahiyyətlər aldı.  
O, hər dəfə konsulluğunu qısa müddətdə icra edirdi, hökmranlığı dövründə iki 
il istisna olmaqla, səkkiz il ərzində hər il konsul seçilmişdi. Sonrakı konsulluqları o, 
oğlanları  Titə  və  Domitsiana  vermişdi.  O,  ordusu  tərəfindən  imperator  kimi 
"salamlanmasını"  qəbul  etdi  və  Titə  ona  şərik  çıxmağa  icazə  verdi.  Bütün 
hökmranlığı  dövründə  ona  təlqin  edirdilər  ki,  oğlanları  onu  əvəz  edəcəkdir,  özü  də 
hakimiyyət birindən sonra digərinə keçəcəkdir. Titin oğlan övladı yox idi və bu yəqin 
ki, irsi varislik olacaqdı.  
70-ci  ilin  oktyabrında  Vespasian  Aleksandriyadan  Romaya  qayıtdı.  Misirdə 
olarkən  o,  yığılan  pulun  artırılması  məsələləri  ilə  məşğul  oldu.  Onun  bu  tələbi 
imperiya  mülklərinin  möhtəkirlərə  satılması  ilə  müşayiət  olundu.  Bu  misirlilər 
arasında  ciddi  narazılığa  səbəb  oldu.  Lakin  belə  reaksiya  onun  üçün  heç  də  yeni 
məsələ  deyildi.  O,  təhqiramiz  münasibətlə  də  üzləşməli  olmuşdu.  Atası  Sabin  edil 
olanda, (edil şəhərin abadlığı, ərzaqla təmin olunması, şəhərdə qaydaların mühafizəsi 
və  ictimai  bayramların  təşkili  ilə  məşğul  olan  Roma  magistratı  idi),  küçələrin 
təmizliyinə lazımi fikir verilmədiyinə görə narazı qalan imperator Kaliqula əsgərlərə 

 
214 
göstəriş  vermişdi  ki,  zibili  onun  toqasının  içinə  töksünlər.  Vaxtilə  imperator 
tərəfindən təhqir olunan adamın oğlu imperator olmuşdu, hələ edilin nəvələri də bu 
titula  yiyələnəcəkdilər.  Vespasianı  belə  narazılıqlar  həyəcanlandırmırdı.  O,  yaxşı 
bilirdi  ki,  bu  dövrdə  Romadakı  hakimiyyəti,  əslində  yalnız  ordu  və  pretorian 
kohortası kimə istəsə verir. 
Vespasian Romaya gəldikdə iudeylər üzərindəki qələbəsinin triumf mərasimini 
keçirdi.  O,  çalışırdı  ki,  zəifləmiş  dövləti  möhkəmlətsin.  Bir  sıra  kiçik  ellin 
dövlətlərinin  azadlığını  ləğv  etdi.  Bu  vaxt  paytaxt  özü  də  yanğınlardan  və 
dağıntılardan pis vəziyyətə düşmüşdü. O, boş qalan sahələri, binalar tikdirmək üçün 
bu arzuda olan adamlara payladı. O, senata fərman təklif etdi ki, özgə qulu ilə intim 
əlaqədə olan hər bir qadın, özü qul qadın hesab edilsin.  
Təkcə  onu  pulpərəstliyinə  görə  tənqid  edirdilər.  O,  ağır  vergilər  qoyurdu, 
əyalətlərdən alınan vergiləri isə iki qat artırdı. O, əşyaları alırdı ki, sonra onları baha 
qiymətə  satsın.  O,  adamlara  vəzifələri  də,  müttəhimlərə  bəraət  verməsini  də  pulla 
satırdı. Ən yırtıcı məmurları o, irəli çəkirdi ki, onlar daha yaxşı varlansınlar, sonra isə 
onları mühakimə etsin. Belə deyirdilər ki, o, məmurlardan hamam lifi kimi istifadə 
edir, quru lifə islanmaq imkanı verir, nəm lifi isə sıxır.  
Onun  acgözlüyünü  söyən  qoca  çoban,  imperator  Vespasian  tərəfindən 
tutulanda,  təmənnasız  buraxılmasını  xahiş  etmişdi  və  rədd  cavabı  alanda  demişdi: 
"Tülkü tükünü dəyişsə də, xasiyyətini dəyişməyib!" 
Bununla  yanaşı  o,  bütün  zümrələrə  qarşı  əliaçıq  idi.  Lakin  özünün  xəsislik 
eybini  malalaya  bilmirdi.  Öləndə  onun  hərəkətlərini  təsvir  edən  aktyor,  dəfn 
mərasiminin  on  milyona  başa  gələcəyini  eşitdikdə,  Vespasianın  dilindən  demişdi: 
"Mənə on min verin və məni lap Tibrə atın". 
Bu xəsisliyi əslində Romanın varlanmasına yaxşı xidmət göstərirdi. Vespasian 
tərəfindən ictimai fondlara cəlb edilən pulların məbləğini müəyyən etmək  mümkün 
deyildi.  Lakin  o,  öz  Forumunu  və  sülh  məbədini  tikdirmək  iqtidarında  idi.  Bundan 
əlavə  Neronun  "Qızıl  evi"nin  bünövrəsi  üzərində  Kolizeyi  tikməyə  başladı  və  hər 
şeydən əlavə Kapitolu bərpa etdi. Svetoni yazırdı ki, Vespasianın bütün hökmranlığı 
dövründə onun möhkəm siyasəti "büdrəyən dövlətdə ilk olaraq stabilliyi bərpa etmək 
və  sonra  onu  bəzəmək"  idi.  Lakin  tikililərinə  sərf  edilən  böyük  məbləğlərə  və 
ehtiyacı olan dostlarına göstərdiyi əliaçıqlığına baxmayaraq, o, xəzinədə böyük izafi 
məbləğdə  pulu  öz  varislərinə  irs  kimi  qoyub  getdi.  Bu  stabillik  ruhunda  o,  hərbi 
işlərlə  məşğul  olmağa  başladı.  68-69-cu  illərin  hadisələrindən  sonra  ordularda 
intizamı bərpa etmək birinci dərəcəli vəzifə idi. Bu dövrdə tez-tez baş verən dövlət 
çevrilişlərindən  əsgərlər  pozulmuş  və  tam  həyasızlaşmışdılar.  Ona  görə  də  o, 
Vitellinin əsgərlərinin çoxunu ordudan tərxis etdi və cəzalandırdı. O, qayda yaratmaq 
üçün bütün vasitələrdən istifadə edirdi. Hələ Vespasianın Romaya dönüşündən əvvəl 
Mutsian  pretorian  mühafizəçilərinin  sayını  azaltmışdı,  onların  sayını  bir  az  əvvəl 
Vitelli  artırmışdı.  Mühafizəçilərin  tərkibi  əvvəlki  ölçüyə  gətirildi.  Sərhədlərdəki 
Vitelli  uğrunda  vuruşan  legionlar  yenidən  qruplaşdırılıb,  təhlükəli  mövqelərdən 
uzaqlaşdırıldı. Ən mühüm dəyişikliklər Şərqdə  baş verdi, burada Vespasian Suriyada 
sadə ordu saxladı, ümumilikdə atlı legiondan ibarət üç ordu Kappadokiya, Suriya və 
İudeyada yerləşdirildi. Yerusəlimi 70-ci ilin avqustunda zəbt etməklə Tit yəhudilərlə 
müharibəyə effektli qaydada son qoydu.  

 
215 
Lakin elə həmin vaxt Vespasianın əmisi oğlu Petili Sereal Reynlandda qorxulu 
qiyam  qaldırdı.  Bir  sıra  sərhədləri  yenidən  yaxşılaşdırmaq  üçün  yol  açıldı. 
Britaniyada  daha  mühüm  irəliləyiş  oldu.  Şimali  İngiltərədəki  Briqantina  krallığı 
əyalətə  çevrildi.  Uelsin  sakitləşdirilməsi  başa  çatdı  və  78-ci  ildə  general  Qney 
Aqrikola  özünün  yeddi  illik  valiliyinə  başladı.  Bu  Roma  ordularının  Şotlandiya 
dağlarına daxil olmasına gətirib çıxardı.  
Vespasian  öz  hökmranlığının  əvvəlində  öz  oğulları  ilə  bir  sıra  çətinliklərə 
malik  oldu.  Domitsian  atasının  qayıdışından  əvvəl  özünü  hökmlü  və  olduqca 
məsuliyyətsiz aparırdı. Titlə də həyəcana səbəb olan hadisə baş verdi, onun qoşunları 
İudeyadakı qələbəsindən sonra xahiş etmişdilər ki, onları İtaliyaya aparsın. Lakin o, 
tək  qayıtdı.  Faktiki  olaraq  təkcə  birgə  konsulluqda  deyil,  həm  də  pretorian 
mühafizəsinə əmr verməkdə o, Vespasianın şərikinə çevrildi. 73-cü ildə Vespasian və 
Tit  senzor  oldular.  Bu  vəzifədə  onlar  əyalət  icmalarının  geniş  yenidənqurulmasını 
həyata keçirdilər. Buna bir sıra vergi islahatları da daxil idi. Onlar bütün İspaniyaya 
Latin  hüquqlarını  bağışladılar.  Bu,  o  demək  idi  ki,  bütün  şəhər  magistratları  Roma 
vətəndaşlığı əldə edirdi, bu da nəticə etibarilə imperiya xəzinəsinin xeyrinə idi. Roma 
vətəndaşlığı  isə  hər  yerdə  liberal  qaydada  verilirdi.  Üstəlik  onlar  italyanlar  kimi 
çoxlu əyalət üzvlərini Roma Senatına daxil etmək imkanı qazanırdılar.  
Vespasianın  davranışına  gəldikdə  o,  hökmranlığının  ilk  günlərindən  özünü 
sadə  və  mülayim  aparırdı.  İncikliyi  və  düşmənçiliyi  bir  qayda  olaraq  xatırlamır  və 
bunlara  görə  intiqama  susamırdı.  Öz  rəqibi  Vitellinin  qızına  yaxşı  ər  tapdı  və  ona 
cehiz  verib,  ev  düzəltdirdi.  Neronun  hökmranlığı  vaxtı  bir  dəfə  onu  saraya 
buraxmağa  icazə  verməyən  qəbul  rəisindən  o,  hara  getməli  olduğunu  soruşduqda, 
onun "dörd bir tərəfə" cavabını eşitmişdi. İndi həmin adam ondan üzr istəyəndə, eyni 
sözləri ona qaytarmaqla kifayətlənmişdi.  
Əvvəlki  aylardakı  narahatlıqlara  baxmayaraq,  Vespasian  senatla  dostluq 
əlaqələri  saxlayırdı.  Onun  hökmranlığının  son  illərində  özünün  senator  karyerasına 
başlayan  tarixçi  Tatsitə  görə,  o,  yeganə  imperator  idi  ki,  yaxşı  tərəfə  dəyişilirdi. 
Opponentləri ilə o, təhlükəli, ya barışmaz hesab olunurdu, Onlara münasibətdə kobud 
və qəddar ola bilərdi. 78-ci ildə onu ən əvvəl və daha səmərəli dəstəkləyənlərdən biri 
olan Enri Martselli qəsddə iştirakda ittiham etməklə, edam etdirdi. Martselli isə Tit, 
yəhudi printisessası olan, öz məşuqəsi Berenika ilə birlikdə istiqamətləndirə bilərdi.  
Ona ziyan vura bilməyən hücumlara isə dözümlülük göstərirdi.  
O.  hiyləgər  və  ambitsiyalı  adam  idi,  başlanğıcda  çox  tezliklə  qüdrətli  partiya 
yaratdı. Onun bir çox təyinatları nepotizmindən (imperatorun öz qohumlarına yaxşı 
vəzifələri  verməsi)  və  ya  keçmiş  xidmətlərə  görə,  adamları  mükafatlandırmaq 
arzusundan  irəli  gəlirdi.  Onun  hökmranlıq  siyasəti,  sonrakı  imperatorlar  Trayan  və 
Hadrianla  müqayisə  edilir.  Onun  müasirləri  buna  inandırılmışdılar  ki,  Vespasian 
vətəndaş müharibəsinə son qoymaqla imperiyanın parçalanmasının qarşısını almışdır. 
Bu  prinsipial  deviz  kimi  onun  sikkəsindəki  "pax"  ("vətəndaş  sülhü")  ifadəsində 
əksini tapdı.  
Ən fərqləndirici cəhəti onun xəsisliyi, acgözlüyü olduğundan, bu barədə çoxlu 
maraqlı  əhvalatlar  qalmışdır.  Bu  əhvalatlarda  həm  də  imperatorun  güclü  yumor 
hissinə malik olduğu özünü büruzə verir.  

 
216 
Ona  vurulduğu  barədə  and-aman  edən  bir  qadına,  istədiyi  diqqət  yetirildikdə, 
keçirilən bir gecəyə görə ona böyük məbləğdə pul vermişdi. Mühasibatı aparan bunu 
hansı  maddəyə  yazmalı  olduğunu  soruşduqda,  imperator  demişdi:  "Vespasiana 
əlahiddə məhəbbətə görə". 
O,  öz  eyibli  gəlirlərinə  də  gülürdü,  bununla  da  öz  istehzası  ilə  narazılığı 
yatırtmaq və bunu zarafata çevirmək istəyirdi. Onun ən sevimli məmurlarından biri 
öz  qardaşı  kimi  qələmə  verdiyi  adama  vali  yerini  xahiş  etdikdə,  Vespasian  ona 
gözləməyi tapşırdı, özü isə həmin adamı yanına çağırtdırıb ondan zəmanət üçün vəd 
etdiyi  pulu  alıb,  həmin  vəzifəyə  qoydu.  Yenidən  həmin  məmur  işə  qarışanda  ona 
dedi:  "Özünə  başqa  qardaş  axtar,  o,  indi  mənim  qardaşımdır".  Yolda  bir  dəfə 
şübhələndi  ki,  arabaçı  qatırların  nallarını  dəyişmək  bəhanəsilə  dayandı  ki,  xahiş 
etmək  istəyən  bir  adam  imperatora  yaxınlaşa  bilsin.  O,  arabaçıdan  soruşdu  ki, 
qatırların nallanması ona nə qədər gəlir gətirmişdir və tələb etdi ki, onun da payını 
versin.  
Tit  atasını  məzəmmət  edirdi  ki,  o,  hətta  ayaqyolularına  da  vergi  qoymuşdur. 
Bu  vaxt  o,  ilk    gəlirdən  olan  sikkəni  götürüb  oğlunun  burnuna  tutdu  və  soruşdu  ki, 
bundan  iy    gəlirmi?  Tit  "yox"  cavabını  verdikdə,  Vespasian  dedi:  "Axı  bu  pul 
sidikdən  yığılmışdır".  Hətta  ölüm  anında  da  o,  zarafatdan  qalmırdı.  Ölümün 
yaxınlaşdığını  hiss  edəndə  demişdi:  "Vae,  puto  deus  fio"  -    "Heyf,  deyəsən  mən 
Allah oluram" 
O,  demişdi  ki,  imperator  ayaq  üstə  ölməlidir  və  ayağa  qalxmaq  istəyərkən 
adamların qollarının üstündə ölmüşdü. Bu vaxt onun 69 yaşı var idi. O, həmişə əmin 
idi  ki,  onun  özü  də,  oğlanları  da  xoşbəxt  ulduz  altında  doğulmuşlar.  Və  çox  sayda 
sui-qəsdlərə baxmayaraq, senatorlara deyirdi ki, onun varisləri ya oğlanları olacaq, ya 
da  heç  kim.  Bir  məsələni  də  yada  salırdılar  ki,  Klavdi  ilə  Neron  birlikdə  27  il 
hökmranlıq  etdikləri  kimi,  Vespasian  oğlanları  Tit  və  Domitsianla  birlikdə  onlar 
qədər, 27 il hökmranlıq etmişdi.  
Tit  uşaq  vaxtında  tərbiyəni  sarayda  imperator  Klavdinin  oğlu  Britanniklə  bir 
yerdə  almışdı.  Bir  falçı  hələ  o  vaxt  demişdi  ki,  Britannik    heç  vaxt  imperator 
olmayacaqdır, ancaq onun yanında duran Tit imperator olacaqdır. O,  at sürməyi və 
silahdan  istifadə  etməyi  yaxşı  bacarırdı.  Latın  və  yunan  dillərində  şer  yazırdı.  Tit 
hərbi  tribun  kimi  Almaniyada  və  Britaniyada  xidmət  etmişdi,  öz  igidliyi  ilə  ad 
qazanmışdı. Kvestor vəzifəsindən sonra o, legion rəisliyini qəbul etmiş və İudeyada 
iki  güclü  qalanı  tutmuşdu.  İerusəlimin  mühasirəsində  şəxsi  igidliyi  ilə  fərqlənmişdi 
və bu yəhudi paytaxtını öz qızı anadan olan gün tutmuşdu. Buna görə o, əsgərlərin 
böyük  məhəbbətini  qazanmışdı,  Titi  imperator  kimi  salamlamışdılar.  Bu,  onun 
atasından  kənarlaşması  və  Şərqdə  çar  olması  barədə  şübhə  yaradırdı.  O,  özü  də  bu 
şübhəni  Aleksandriyada  dini  mərasimdə  başına  tac  qoymaqla  möhkəmləndirmişdi, 
əslində isə qədim qayda bunu tələb edirdi. Buna görə o, Romaya gəlib, atasının da 
şübhələrini dağıtdı. O, atası ilə birlikdə triumf qeyd etdi, birlikdə senzor oldu, tribun 
hakimiyyətinin və yeddi dəfəlik konsulluğu bölüşdü.  
Lakin o, pretorian rəisi olanda özünü çox sərt aparmışdı. Bir konsulyarı nahara 
dəvət  edib,  sonra  onu  öldürtmüşdü.  Onu  həm  də  pozğunluqda  ittiham  edirdilər.  O, 
çoxlu oğlan uşaqları və xədimlərlə kef çəkirdi, İudeya çarı Xalkidiyalı İrodun arvadı 
Berenikanın,  hələ  İudeya  müharibəsi  dövründən  məşuqu  idi  və  ona  evlənməyə  söz 

 
217 
vermişdi. O, məhkəmə işlərində də rüşvət alırdı. Ona görə də ona ikinci Neron kimi 
baxırdılar.  
Lakin  onun  belə  pis  şöhrəti  ona  xeyir  gətirdi,  sonralar  onun  yüksək  qaydada 
təriflənməsilə  əvəz  olundu.  Bu  barədə  o,  Poplikoloya  bənzəyirdi.  Ona  sonralar  bir 
eyib tapmırdılar. Əksinə onda yüksək ləyaqətlər görürdülər. O, Berenikanı özünün və 
onun  arzusunun  əksinə  olaraq,  Romadan  qovdu,  oğlan  uşaqlarına  isə  bir  daha  belə 
nəzər  salmırdı.  O,  heç  kəsdən  heç  nə  almırdı,  özgə  mülkiyyətinə  çox  hörmətlə 
yanaşırdı və ona gətirilən adi və icazə verilən hədiyyələrdən belə imtina edirdi.  
Onun  bir  xüsusiyyəti  də  ondan  ibarət  idi  ki,  xahiş  edənlərin  hamısına  ümid 
verirdi və ev adamları onu məzəmmət etdikdə ki, edə bildiyindən artıq şey vəd edir, 
o,  buna  belə  cavab  verirdi:  "Heç  kəs  imperatorla  olan  söhbətdən  kədərli 
getməməlidir". Sadə xalqa isə o, həmişə çox diqqətlə yanaşırdı. 
Onun dövründə çoxlu təbii fəlakətlər baş vermişdi. 79-cu ildə Vezuvi vulkanı 
püskürmüşdü,  Pompeyi  şəhəri  bütünlüklə,  Herkulanum  isə  xeyli  dağılmış,  vulkan 
külünün  altında  qalmışdı.  Təbii  fəlakət  vaxtı  görkəmli  alim  Böyük  Plini  həlak 
olmuşdu. Romada üç gün davam edən yanğın baş vermişdi. Bu dövrlərdə o, özünü 
qayğıkeş  hökmdar  kimi  aparırdı,  ziyan  çəkənlərə  atalıq  qayğısı  göstərirdi.  Vezuvi 
yanında varissiz həlak olanların əmlakını ziyan çəkmiş şəhərlərə maddi kömək kimi 
vermişdi. Şəhər yananda isə bütün ziyanı öz üzərinə götürmüşdü.  
Dövrün  ən  böyük  bəlalarından  biri  Tiberi  vaxtından  çiçəklənməyə  başlayan 
çuğulçuluq  idi.  O,  çox  vaxt  çuğulçuları  Forumda  çubuqla  cəzalandırırdı,  bəzilərini 
qul kimi satdırırdı, digərlərini kimsəsiz, tənha adalara sürgün etdirirdi. Bundan sonra  
o, belə bir qanun qəbul etdirdi ki, bir iş müxtəlif qanunların təsiri altına düşə bilməz, 
başqa  sözlə  bir  ittiham  uğursuz  olsa,  həmin  adama  qarşı  digər  ittiham  irəli  sürülə 
bilməzdi.  
O,  əli  təmiz  olduğuna  görə  ali  pontifik  dini  rütbəsini  qəbul  etdi.  Həmin 
vaxtdan  o,  heç  kəsin  məhvinin  baisi  və  günah  sahibi  olmamışdı.  Ona  intiqam  üçün 
çoxlu  imkanlar  yaransa  da  bir  dəfə  də  olsun  kimdənsə  qisas  almamışdı.  O,  and 
içmişdi  ki,  kimisə  məhv  etməkdənsə,  özü  məhv  olmağa  razı  olacaqdır.  İki  patritsi 
hakimiyyətə  təcavüz  etməkdə  yaxalanmışdılar,  ancaq  onları  cəzalandırmadı,  bircə 
onlara nəsihət verdi ki, imperator hakimiyyətini tale bəxş edir, başqa bütün hər şeyi 
isə  özü  könüllü  olaraq  onlara  verməyə  hazırdır.  Onlardan  birinin  başqa  yerdə  olan 
anasına  xəbər  göndərdi  ki,  onun  oğluna  heç  bir  təhlükə  yoxdur,  onların  özünü  isə 
ailəvi  nahara  dəvət  etdi.  Bütün  bunlara  baxmayaraq  qardaşı  Domitsian  ona  qarşı 
fitnələrdən əl çəkmirdi, ordunu iğtişaşa çağırırdı, lakin Tit onu nə edam, nə də sürgün 
etdi, onu özünün hökmdar yoldaşı adlandırdı və xahiş etdi ki, məhəbbətə məhəbbətlə 
cavab versin.  
Belə bir vaxtda 81-ci ildə o, vəfat etdi. Bunu hamı özünə dəyən ağır bir zərbə 
kimi  qəbul  etdi.  O,  atasının  öldüyü  villada  öldü,  bu  vaxt  onun  42  yaşı  var  idi  və 
bütünlükdə  iki  il  iki  ay  hökmdarlıq  etmişdi.  Onun  ölümünə  bütün  xalq  öz  yaxın 
adamına yas tutan kimi ağlayırdı.  
İmperatorluq onun qardaşı Domitsianın əlinə keçdi. O, uşaqlığını yoxsulluqda 
və pis əməllərdə keçirmişdi. Onun məşuqu gələcək varisi Nerva olmuşdu. Vitelli ilə 
müharibə  vaxtı  o,  əmisi  Sabinlə  Kapitolidə  gizlənmişdi.  O,  konsul  hakimiyyəti  ilə 
şəhər  pretoru  (pretor-mühakimə  işləri  ilə  məşğul  olan  ali  magistrat  idi)  oldu  və 

 
218 
özbaşınalıqlarına başladı. O, çoxlarının arvadını əlindən alırdı, başqasının arvadı olan 
Domitsiya Lepidaya evləndi. Təkcə bir gündə o, paytaxtda və əyalətdə iyirmi vəzifəli 
adamı dəyişdirmişdi. Bundan təəccüblənən Vespasian demişdi ki, oğlu, görən onun 
da  yerinə  adam  tapmışdırmı?  Şöhrətdə  qardaşına  bərabərləşmək  üçün  Qalliya  və 
Almaniyaya lazımsız yürüşlər etmişdi.  
Atasının  ölümündən  sonra  o,  varis  kimi  qalmadığına  görə  qardaşına  fitnələr 
düzəldirdi.  Qardaşı  ağır  xəstə  olanda,  hələ  ölməmişdən  o,  göstəriş  verdi  ki,  hamı 
ölünü  tərk  etsin.  Ölüyə  isə  heç  bir  ehtiram  göstərmədi.  Öz  hakimiyyətinin  ilk 
dövrlərində  bir  neçə  gün  öz  otağına  çəkilib,  milçək  tutmaq  və  onları  qrifellə 
deşməklə  məşğul  olurdu.  Sonralar  o,  oğlan  uşaqlarının  xədim  edilməsini  qadağan 
etdi.  Taxil  əkinlərinə  daha  az  diqqət  verilməsi  hesabına,  üzüm  bağlarına  daha  yaxşı 
qulluq  edilməsinə  görə,  o,  üzüm  bağları  salınmasını  ikiqat  azaltdı.  İmperator,  pulla 
ələ alınmada şübhə edilən hakimləri öz məsləhətçiləri ilə birlikdə işdən azad edirdi.  
Hökmranlığının  əvvəlində  qantökmə  onun  üçün  nifrətamiz  bir  şey  idi.  Onda 
tamahkarlıq da nəzərə çarpmırdı, hətta çox vaxt onun təmənnasızlığı və alicənablığı 
diqqəti  cəlb  edirdi.  Dövlətin  xəzinəsinin  faydası  hesabına  yalançı  çuğulçuluğa  son 
qoyuldu,  böhtançıları  imperator  ciddi  cəzalandırdı.  O,  belə  deyirdi  ki,  "çuğulçuları 
hökmdar əgər cəzalandırmırsa, bu vaxt onları şirnikdirir". 
Lakin  bu  xasiyyətlərinə  uzun  müddət  sadiq  qalmadı.  O,  əvvəlcə  qəddarlığa, 
sonra  isə  tamahkarlığa  keçdi.  Senatorların  çoxunu,  bir  neçə  konsulyarı  ölümə 
göndərdi.  Bir  çox  senator  qiyam  hazırlamaqda  ittiham  edilərək  qətlə  yetirildi, 
başqaları  isə  boş  bir  bəhanə  ilə  edam  edilirdi.  Daxili  müharibədən  sonra  onun 
quduzluğu  daha  da  artdı.  O,  özü  yeni  işgəncə  icad  etmişdi  -  eyibli  bədən  orqanları 
yandırılırdı, bəzi adamların isə qolları kəsilirdi. 
Vəzifəli  adamları  öz  yanına  dəvət  edib,  onları  qonaq  edir,  sonra  isə  çarmıxa 
çəkdirirdi. 
Adamları  həm  də  alçaltmaq  üçün  o,  ən  sərt  hökmlərini  özünün 
mərhəmətliliyini  elan  etməkdən  başlayırdı  və  başlanğıc  nə  qədər  yumşaq  olurdusa, 
yekun  daha  qəddar  olurdu.  Bundan  sonra  o,  hər  cür  vasitələrlə  varlanmağa  başladı. 
Diri və ölü adamların əmlakı qəsb edilirdi, bunun üçün hər cür ittihamlardan istifadə 
olunurdu.  İmperatora  qarşı  kiçik  bir  sözdən  və  işdən  şübhələnmək  bunun  üçün 
kifayət  idi.  Başqaları  ilə  müqayisədə  İudeya  vergisi  daha  sərt  yığılırdı.  Bu  vergi 
İudeya  dininə  etiqad  edənlər  üçün  qoyulmuşdu  və  prokurator  hətta  bir  dəfə  doxsan 
yaşlı  ahıl  kişinin  sünnətli  olub-olmadığını  yoxlamışdı.  O,  adını  əbədiləşdirmək 
qayğısına  da  qalırdı,  Germanik  ləqəbini  qəbul  etdikdən  sonra  sentyabr  və  oktyabr 
aylarının adını dəyişdirib, Germanik və Domitsian qoymuşdu. Bütün bu hərəkətlərinə 
görə  ona  qarşı  kəskin  nifrət  yaranmışdı.  Və  bu  nifrət  sui-qəsd  düzəldilməsi  ilə 
nəticələndi.  
Ona  bir  dəfə  sual  verəndə  ki,  necə  öləcəkdir,  irəlini  görən  bir  adam  kimi 
demişdi  ki,  o,  özü  öləcəkdir,  lakin  onu  tezliklə  itlər  parçalayacaqdır.  Ölümü 
ərəfəsində  ona  göbələk  verdilər.  Sonra  o,  hamını  buraxıb  otağına  keçdi  və  yataq 
otağında  onu  öldürdülər.  Onun  işlər  müdiri  qolunun  ağrımasından  şikayətlənib, 
sarımışdı və həmin gün sarıqda xəncər gizlətmişdi. O, guya sui-qəsdi açan adam kimi 
imperatorun  yanına  buraxılmışdı  və  Domitsian  onun  kağızını  oxuduqda,  bu  adam 
onun  qasığına  bir  zərbə  vurdu.  O,  yaralı  şəkildə  müqavimət  göstərməyə  çalışdı,  bu 

 
219 
vaxt başqa adamlar da yeddi zərbə vurub onu öldürdülər. O, öləndə on beşinci il idi 
ki, hökmdarlıq edirdi və qırx beş yaşı var idi. Bu 96-cı ildə baş verdi. 
O,  hədsiz  əxlaqsızlığı,  pozğunluğu  ilə  seçilirdi.  Gündəlik  intim  görüşləri  o, 
"yataq  güləşi"  adlandırırdı.  Onun  ölümünə  xalq  biganə  qaldı,  Senat  isə  şadlıq 
içərisində idi.  
Bu  dövrdə  ilk  12  Sezardan  7-si  öz  ömrünü  zorakılıq  nəticəsində  başa 
vurmuşdu.  
Domitsianın  qətli  ilə  Flavilər  nəslinin  hakimiyyətinə  son  qoyuldu  və 
hakimiyyətə bir əsrə qədər davam edən dövrdə (96-192-ci illərdə) Antoninlər sülaləsi 
gəldi.  
 
 

 
220 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin