Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


RESPUBLİKA QURULUŞUNUN YARANMASI



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   2   3   4   5   6   7   8   9   ...   22

RESPUBLİKA QURULUŞUNUN YARANMASI 
 
Əfsanəvi Lutsi Yuni Brut öz mərdliyi və cəsarəti ilə təkcə Məğrur Tarkvinini 
ölkədən  qovmaqla  kifayətlənmədi,  çarlığı  məhv  etməklə  despotiya  və  tiraniyanın 
qarşısına  güclü  sipər  çəkdi.  İlk  dəfə  olaraq  Roma  dövlət  quruluşunda  respublika 
forması  həyata  keçirilməyə  başlandı.  Bu  məqsədlə  hakimiyyətin  bir  əldə 
cəmləşməsinə imkan verməyən və əslində özündə bir qədər monarxiya formasını əks 
etdirən  iki  konsul  seçilməsi  qaydası  yarandı.  Rəvayətə  görə,  Servi  Tulli  vaxtilə  bu 
barədə  qeydlər  etmişdi.  Roma  tarixində  ilk  konsulluğa,  çar  quruluşunu  devirməkdə 
xüsusi  xidmətləri  olan  Lutsi  Yuni  Brut  və  ləyaqətinin  təhqir  edilməsinə  qarşı 
mərdliklə  hərəkət  edən  Lutsi  Tarkvini  Kollatin  seçildilər.  Brut  Roma  dövlətini 
eybəcərlikdən xilas etməklə qoruyub saxladı.  
Roma  dövlət  quruluşları  haqqında  düzgün  təsəvvürə  malik  olmaq  üçün,  o 
dövrdə mövcud olan dövlət haqqındakı nəzəri müddəalara bir qədər diqqət yetirmək 
yerinə düşərdi. Roma dövləti meydana gəlib inkişaf etdikdən xeyli sonra yazılmamış 
Roma  respublika  konstitusiyası  formalaşmağa  başladı.  Roma  respublikasının 
quruluşu haqqında m.ə. II əsrdə Romada yaşamış yunan tarixçisi Polibinin "Ümumi 
Tarix"  əsərində  geniş  məlumat  verilir.  Bu  əsərdə  o  yunan  filosoflarının,  xüsusən 
Aristotelin  siyasi  baxışlarını  inkişaf  etdirir.  Polibi  dövləti  canlı  orqanizmə  bənzədir 
və iddia edir ki, dövlət böyümə, çiçəklənmə, ölmə stadiyalarını keçərək, zəruri dövrü 
hərəkətdə  olur.  Dövlətin  ömrü  bu  nəzəriyyəyə  görə  siklik  xarakter  daşıyır.  Haşiyə 
çıxaraq,  onu  da  qeyd  etmək  lazımdır  ki,  yadelli  mütəfəkkirlər  Roma  elminə  və 
ədəbiyyatına  böyük  töhvələr  vermişlər.  Polibidən  başqa  bura  digər  yunan 
tarixçilərini,  miladdan  sonra  I  əsrdə  yaşamış  Plutarxı,  IV  əsrdə  yaşamış  Ammian 
Martsellini, I  əsrdə yaşamış filosof, İspaniyadan olan Anney Senekanı,  şair-təmsilçi 
yunan Fedri və tarixçi yəhudi İosif Flavini göstərmək olar.  
Dövlətin  siyasi  təbiətinə  yaxından  bələd  olmaq  üçün  fundamental  təlimlərə 
müraciət  etməyə  ehtiyac  yaranır.  Əvvəlcə  böyük  yunan  filosofu  Platonun  dövlət 
nəzəriyyəsinə diqqət yetirək.  
Platon  dövlətin,  yunanların  təcrübəsində  şəhər-dövlətin,  polisin  yaranmasını 
adamların yeməyə, yaşayış yerinə və paltara olan ehtiyacının ödənilməsi zərurəti ilə 
şərtləndirir.  Bu  ehtiyacları  adamlar  təkbaşına  ödəmək  iqtidarında  deyildir,  bunu 
başqa adamlarla birgə fəaliyyət göstərdikdə ödəyə bilir. Aristotel də demək olar ki, 
bu fikrə şərik çıxır və polisin mövcudluğunun əsas şərtlərinə yemək və torpağa sahib 
olmağı aid edir. Onun fikrincə, dövlət varlığının əsas şərti avtarkiyadır, dövlətin öz 
ehtiyaclarını özünün ödəməsi xüsusiyyətidir.  
Platon  özünün  "Qanunlar"  əsərində  dövlət  formalarının  inkişaf  tarixini  təsvir 
edir və bu inkişafı dövrlərə, sikllərə bölür. İlk dövlət formasını, daha doğrusu ictimai 
formanı  Platon  sülalə  adlandırır.  Bu  forma  həyatın  ibtidai  quruluşu,  əxlaqların 
təmizliyi, inkişaf etmiş dövlət apparatı və yazılı qanunların olmaması ilə xarakterizə 
olunur. Bu dövrdə hakimiyyət çarlar tərəfindən həyata keçirilir. İkinci sikl elə dövlət 
formasıdır  ki,  onu  Platon  aristokratiya  və  ya  "çarlıq"  adlandırır.  Bu  forma 
qanunçuluğun  meydana  gəlməsi  və  seçkili  hakimiyyətin  yaradılması  ilə  fərqlənir. 
Tiraniya  meyllərinin  məhv  edilməsi  üçün  qanunla  seçkili  və  hər  il  dəyişən 
hakimiyyət  yaranır.  Bu  müdrik  dövlət  quruluşu  nəticəsində  cəmiyyət  çiçəklənməyə 

 
21 
başlayır. Üçüncü sikl isə elə bir dövlət formasıdır ki, Platon ona heç bir ad vermir, bu 
forma bir tərəfdən mədəniyyətin inkişafı və dövlətin qüdrətinin artması ilə fərqlənir. 
Digər  tərəfdən  bu  başıpozuqluq  və  hərc-mərclik  dövrüdür,  tənəzzülün,  dövlət 
formalarının  pozulub  dağılmasının  başlanğıcıdır.  Platonun  nəzəriyyəsindən  belə  bir 
məntiqi  nəticə  meydana  gəlir  ki,  demokratik  formalar  cırlaşaraq,  eybəcərləşərək 
tiraniyaya keçir. Platona görə deqradasiyanın ilkin mərhələsi timokratiyadır, buna isə 
öz  eyibləri  kimi  şöhrət  düşkünlüyü  xasdır,  sonra  oliqarxiya  gəlir  ki,  buna  daha  çox 
acgözlük,  tamahkarlıq  xasdır.  Cırlaşmanın,  tənəzzülün  son  pilləsi  isə  "tiranın" 
meydana gəlməsidir. 
Polibi  isə  dövlət  quruluşunun  üç  formasını  qeyd  edir:  onlardan  biri  çarlıqdır, 
digəri  aristokratiya  və  üçüncüsü  demokratiyadır.  Lakin  dövlət  formalarından  ən 
yaxşısı kimi o, bütün üç formanın xüsusiyyətlərini özündə birləşdirən formanı hesab 
edir.  
Buradan  onun  qarışıq  dövlət  forması  təlimi  meydana  gəlir.  Likurq  məhz  bu 
qarışıq  formadan  istifadə  edərək,  lakedemonluların  dövlətini  qurmuşdu.  Lakin  üç 
formanın özü də yeganə dövlət quruluşları deyildir. Dövlət quruluşu "təmiz" şəkildə 
qala  bilmir,  variasiyalara  məruz  qalır,  müasir  biologiya  dilində  desək,  mutasiya 
etməyə məcbur olur. Dövlət də millət və irq kimidir. Axı onların da  mütləq təmizliyi 
şərtidir. Bir dövlət forması rəsmi cəhətdən elan olunsa da, özünün real mövcudluğu, 
idarə edilmə qaydaları və siyasi rejimləri ilə büsbütün başqa dövlət formasını andırır. 
Müasir  dövrlərdə  ən  demokratik  konstitusiyaya  malik  olan  ölkələrdə  totalitarizm 
hökm  sürürdü,  burada  insan  haqlarından  heç  bir  söhbət  gedə  bilməzdi.  Demokratik 
konstitusiya  pərdəsi  altında  ən  eybəcər  terror,  siyasi  və  mənəvi  təqiblər,  günahsız 
adamların  kütləvi  surətdə  həbs  edilməsi  son  dövrlərdə  müstəqillik  əldə  etmiş  bəzi 
dövlətlərin  təbiəti  haqqında  onların  adlarından  (onlar  bir  qayda  olaraq  respublika 
adlanır)  və  elan  olunmuş  Əsas  qanunlarından,  digər  formal  atributlarından  daha 
düzgün  və  dəqiq  təsəvvür  yaradır.  Dünyada  çoxstandartlılığın  mövcud  olduğu  bir 
şəraitdə bu eybəcərliyə heç kəs fikir vermir və ya iqtisadi və geosiyasi maraqlar əsas 
götürülərək belə vəziyyətlə razılaşırlar.  
Qədim dövrlərdə də dövlət formaları özünü bir qədər təhrif etdikdə, daha çox 
digər  sifətə  yiyələnirdi.  Çarlıqların  bir  çoxu  tiraniyaya  meyl  edirdi  və  biz  bunu 
Məğrur  Tarkvininin  dövründə  Romanın  timsalında  aydın  gördük.  Hökmranlar  öz 
tiraniyalarını  həyata  keçirmək  üçün  çar  adından  istifadə  etməyi  üstün  tuturlar. 
Aristokratiya  forması  varlı  adamların  hakimiyyəti  ələ  keçirməsi  ilə,  yaxşıların  idarə 
formasından  oliqarxiya  dövlət  formasına  keçir.  Təkhakimiyyətliliyin  də  hamısını 
çarlıq  adlandırmaq  çətindir,  yalnız  o  təkhamiyyətliliyi  çarlıq  adlandırmaq  olar  ki, 
orada  idarə  olunanlar  öz  iradələri  ilə  hakimiyyəti  onlara  verir  və  orada  qorxu  və 
gücdən  daha  çox  ağıl  hökmranlıq  edir.  Heç  də  hər  cür  azlığın  idarəçiliyini 
aristokratiya  adlandırmaq  olmaz,  yalnız  onu  adlandırmaq  olar  ki,  orada  seçki  üzrə 
idarə edən adamlar ən ədalətli və ən ağıllı adamlardır. Heç də bütün xalq kütləsinin 
istədiyi və düşündüyü hər şeyi etmək hakimiyyətinə malik olan dövləti demokratiya 
adlandırmaq olmaz. Əksinə, demokratiya o dövlət forması hesab olunmalıdır ki, bu 
dövlətdə valideynlərə ehtiram var, böyüklər sayılır, qanunlara itaət olunur və bu vaxt 
əsas qüvvə xalq çoxluğunun qərarlarına məxsusdur. Beləliklə, biz altı dövlət forması 
ilə üz-üzə gəlirik, bunlardan üçü yuxarıda göstərilən formalardır, digər üçü isə həmin 

 
22 
formalarla  eyni  ümumi  mənbəyə  malikdir,  bunlar  monarxiya  oliqarxiya  və 
oxlokratiyadır.  Monarxiya  təkhakimiyyətlilikdir,  oliqarxiya  -  varlıların  hakimiyyəti; 
oxlokratiya  -  qaraguruhun  hakimiyyətidir.  Hər  şeydən  əvvəl  öz-özlüyündə 
təkhakimiyyətlilik  yaranır  və  sonradan  o  qaydaya  düşərək  və  özünü  təshih  edərək 
çarlığa  çevrilir.  Çar  idarəçiliyi  öz  təbiəti  etibarilə  təhrif  olunaraq  müvafiq  qaydaya 
tiraniyaya  keçdikdə,  onun  xarabalıqları  üzərində  aristokratiya  meydana  gəlir. 
Aristokratiya  özü  də  xüsusiyyətlərini  dəyişib,  sıradan  çıxdıqda  təbiət  qanununa 
uyğun  olaraq  oliqarxiyaya  çevrilir.  Hiddətlənmiş  xalq  öz  hirsini  idarə  edənlərin 
üstünə tökür və bu vaxt demokratiya meydana gəlir. Xalq kütlələrinin özbaşınalığı və 
qanunlara məhəl qoymaması zaman keçdikcə oxlokratiyanı yaradır.  
Romada  əvvəldə  qeyd  olunan  dövlət  formalarının  üçü  də  olmuşdur.  Lakin 
müəyyən  etmək  çətin  idi  ki,  bu  dövlət  quruluşu  bütünlükdə  aristokratiyadırmı, 
demokratiya ya monarxiya formasıdırmı? Doğrudan da Roma respublikasında biz bu 
üç  formanın  təmsil  olunduğunu  görürük.  Əgər  konsullar  institutuna  diqqət  yetirsək, 
bu  dövlət  monarxiya  və  ya  çarlıq  kimi  görünür,  əgər  senatın  hakimiyyətinə  fikir 
verilsə,  əksinə  dövlət  forması  aristokratiya  kimi  görünür,  digər  tərəfdən  xalqın 
hakimiyyətinə,  komitsialar  institutuna  nəzər  salsaq,  onda  dövlət  demokratiyanı 
andırır.  
Konsullar,  ordunu  yürüşə  aparmayanda,  Romada  olanda  bütün  dövlət  işlərini 
həyata  keçirirdilər.  Xalq  tribunları    istisna  olmaqla,  bütün  vəzifəli  adamlar  onlara 
tabe olurdular, onlar həmçinin Senata səfirlik təyin edirdilər. Onlar senata müzakirə 
tələb  edən  işlər  barədə  məruzə  edir  və  qərarların  icrasına  nəzarət  edirdilər.  Xalqın 
səlahiyyətində  olan  bütün  işlərin  aparılması  konsullara  həvalə  olunurdu,  onlar  xalq 
yığıncaqlarını çağırmalı, onlara təkliflər verməli və çoxluğun qəbul etdiyi  qərarları 
həyata keçirməli idilər. Konsullar müharibəyə hazırlıq məsələsində və ümumiyyətlə, 
hərbi  yürüşlərdə  demək  olar  ki,  hökmdar  səlahiyyətlərinə  malik  idilər.  Onlar 
müttəfiqlərdən zəruri olan hər şeyi tələb edə bilərdi, Hərbi tribunları (hərbi tribunlar 
əvvəllər  altı  adamdan  ibarət  olub,  legion  komandirləri  idi)  təyin  edə  bilərdi, 
döyüşçüləri yığmaq səlahiyyətinə malik idi. Onların hakimiyyətində, həm də dövlət 
xəzinəsindən tələb olunan qədər pul xərjləmək hüququ var idi, onlardan sonra gələn 
kvestorlar  onların  bütün  tələblərinə  əməl  edirdi.  Bütün  bu  səlahiyyətlərə  nəzər 
saldıqda, doğrudan da, konsullar daha çox monarxiyanı və çarlığı andırırlar.  
Senatın hakimiyyətində isə hər  şeydən əvvəl xəzinə var idi. Xəzinənin bütün 
mədaxil  və  məxaricinə  yalnız  senat  sərəncam  verirdi.  Konsulun  tələb  etdiyindən 
başqa,  Senatın  icazəsi  olmadan,  kvestorlar  hansısa  bir  ehtiyac  üçün  pul  buraxa 
bilməzdilər.  Əsas  məxariclər  senzorlar  tərəfindən  ictimai  binaların  təmirinə  və 
tikilməsinə  sərf  olunur,  buna  da  həm  sərəncamı,  həm  də  senzorlara  icazəni  Senat 
verirdi.  İtaliyada  törədilən  və  dövlət  təhqiqatı  lazım  olan  xəyanət,  sui-qəsd  - 
zəhərləmə, qətl kimi cinayətlərin istintaqını Senat aparırdı. İtaliyadan kənara barışıq 
və ya müharibə elan etmək üçün elçiləri də Senat göndərirdi. Romaya gələn səfirləri 
də necə qəbul etmək və onlara nə cavab vermək lazım olduğunu da Senat müəyyən 
edirdi.  Konsulun  Romada  olmadığı  vaxt  kim  Romaya  gəlsəydi,  dövlət  ona  tam 
aristokratiya forması təsiri bağışlayardı. 
Bütün  bunlardan  sonra  xalqın  əlində  hansı  hakimiyyətin  mövcud  olduğunu 
müəyyən  etmək  asandır.  Lakin  xalqın  işləri  idarə  etməsinə  də  yer  qalır  və  onun 

 
23 
iştirakı  böyük  təsir  gücünə  malik  idi.  Dövlətdə  yalnız  xalq  təltif  etmək  və 
cəzalandırmaq  hakimiyyətinə  malikdir.  Təltiflə  cəza  arasında  fərqlər  düzgün 
müəyyən  edilmədikdə,  işlər  yaxşı  getmir.  Ölüm  hökmünü  isə  yalnız  xalq  verir. 
Qədim  qaydalara  görə  ölüm  hökmünə  məhkum  edilmişlər,  hökm  verildiyi  vaxt 
könüllü  olaraq  özlərini  sürgünə  məhkum  edə  bilərdilər,  bu  şərtlə  ki,  yığıncaqda 
iştirak edənlərin üçdə biri hələ hökm barədə qərara səs verməmişdir. Sürgün yeri isə 
Neapol və digər İtaliya şəhərləri idi. Xalq ən başlıcası, müharibə və sülh məsələlərini 
həll edir. Xalq həmçinin ittifaq bağlanmasını, sülh sazişlərini, müqavilələri təsdiq və 
ya  rədd  edir.  Xalqın  dövlətin  işlərində  iştirakına  belə  nəzər  saldıqda  elə  güman 
yaranır  ki,  Roma  respublikası  demokratiya  dövlətidir.  Dövlətin  idarə  olunmasında 
iştirak  edən  bu  üç  qanad  –  konsullar,  senat  və  xalq  bir-birinin  hakimiyyətini 
məhdudlaşdırmaqla,  onları  tarazlaşdırır:  həm  də  bir-birinin  funksiyalarını 
tamamlayırdı. Bu hərəkətverici və həyatverici orqanlardan ibarət olan dövlət bir canlı 
orqanizm  kimi  hərəkət  edirdi.  Konsullar  vəzifələrini  təhvil  verdikdə  xalq  qarşısında 
hesabatla  çıxış  edirdilər.  Ona  görə  də  konsullar  üçün  Senatın  və  xalqın  yaxşı 
münasibətinə məhəl qoymamaq ciddi təhlükə yarada bilərdi. Digər tərəfdən, Senat öz 
qərarının xalq tərəfindən təsdiq olunmasına arxayın olmasa, ölüm hökmü çıxarmırdı. 
Xalq  tribunlarından  təkcə  biri  (bir  qayda  olaraq  hər  il  on  tribun  seçilirdi)  senatın 
qərarının  əleyhinə  çıxsa,  senat  nəinki  bu  qərarı  həyata  keçirə  bilməzdi,  hətta 
müşavirə keçirə və toplana bilməzdi. Ona görə də tribunlar daim xalqın mənafeyinə 
uyğun  qaydada  hərəkət  edir  və  özünü  onun  iradəsinə  müvafiq  qaydada  aparırdı, 
Deməli, bu səbəblərə görə, senat xalqdan qorxur və ona diqqətlə yanaşırdı. 
Eyni dərəcədə xalq da Senatdan asılı vəziyyətdə idi və dövlət işlərində onunla 
əlbir fəaliyyət göstərməyə borclu idi. Axı böyük tikintilər, limanlar, çaylar, torpaqlar 
senzorların ixtiyarına verilirdi. Lakin onların saxlanmasına lazım olan xərcləri Senat 
müəyyən edirdi, deməli Senat adamların gəlirlərinə təsir göstərə və ya onlara ziyan 
vura  bilərdi.  Bundan  başqa  senatorların  tərkibindən  hakimlər  seçilirdi.  Ona  görə  də 
vətəndaşlar da Senatdan asılı vəziyyətdə idi. Bu əksliklər tarazlıq yaranmasına səbəb 
olurdu.  
Adamlar konsulların nəzərdə tutduğu məsələlərə mane olmurdular, çünki onlar 
ayrı-ayrılıqda  bir  vətəndaş  kimi  və  hamılıqca  müharibə  dövründə  konsulların 
hakimiyyətinə tabe olurdular. Deməli, hər bir hakimiyyət digərinə ziyan vurmaq və 
kömək etmək üçün tam imkana malik olsa da, hər bir şəraitdə onların arasında lazım 
olan  yekdillik  nəzərə  çarpırdı  və  ona  görə  də  məhz  belə  tarazlıqda  olan  dövlət 
quruluşu  ən  yaxşı  quruluş  hesab  olunurdu.  Bu  quruluş  dövlətə  möhkəmlənmək  və 
güclü  olmaq  imkanı  verirdi.  Müharibə  dövrü  yaradılan  diktator  institutu  yeganə 
dövlət  hərbi  rəisi  olurdu  ki,  o,  təyin  edildikdən  sonra  tribunlar  müstəsna  olmaqla, 
Romada bütün hakimiyyətlər öz fəaliyyətini dayandırırdı.  
Hərbi  vəzifələrə  gəldikdə  əvvəllər  altı  nəfərdən  ibarət  olan  hərbi  tribunların 
sayı  respublika  dövründə  24-ə  çatdırıldı.  Digər  vətəndaşlar  46  yaşına  qədər  süvari 
hissələrdə  10,  piyada  hissələrində  isə  20  yürüş  etməyə  borclu  idi.  Şərait  məcbur 
etdikdə aşağı senzə daxil olanlar piyada hissələrində iyirmi illik yürüş etməli idi. On 
illik yürüş etmədən heç kəs dövlət vəzifəsini tuta bilməzdi.  
Xalq  yığıncaqlarına  -  komitsialara  gəldikdə,  Romada  bunun üç  növü mövcud 
idi. Ən qədim növ olan Kuriya komitsiaları respublikanın çiçəklənməsi dövründə öz 

 
24 
əhəmiyyətini itirdi. Senturiya komitsialarında bütün vəzifəli şəxslərin (magistratların) 
seçkisi gedirdi. Tribut komitsialarında əsas qanunlar qəbul edilirdi və xalq tribunları 
seçilirdi.  Bu  komitsialar  ən  demokratik  orqan  hesab  olunurdu.  Çünki  onların  işində 
mənşəyindən  və  əmlak  senzindən  asılı  olmayaraq  Roma  xalqının  hamısı  -  Populus 
Romanus iştirak edirdi.  
Bütün  respublika  vəzifələri  (magistraturalar)  qısa  müddətli,  bir  qayda  olaraq 
illik  və  kollegial  olmaqla,  onlara  heç  bir  maaş  verilmirdi.  Magistratlar  yüksək  və 
aşağı  dərəcələrə  bölünürdü.  Yüksək  magistratulara  konsullar,  pretorlar,  xalq 
tribunları  və  s.  daxil  idi.  Xüsusi  hallarda  və  qısa  müddətə  qeyri-adi,  fövqəladə 
magistratlar  təyin  edilirdi.  Bura  diktator  və  onun  müavini  -  süvari  dəstə  rəisi  və 
fövqəladə komissiyalar daxil idi. Diktator və onun müavini yalnız dövlətə ciddi hərbi 
təhlükə yarandıqda, altı ay müddətinə təyin edilirdi.  
Roma  respublika  quruluşunun  üçüncü  tərkib  hissəsi  senat  idi.  Bu  orqan 
nəsillərin ağsaqqallar şurası kimi meydana gəlmişdi. Əvvəlcə 100 nəfərdən, sonra isə 
300  nəfərdən  ibarət  oldu.  Sulla  diktaturası  dövründə  senatın  üzvlərinin  sayı  600-ə, 
Sezar diktaturası vaxtı isə 900-ə çatdırıldı.  
Roma  respublikasının  dövlət  quruluşunu,  onun  hakimiyyət  institutlarını  səthi 
də olsa təhlil etdikdən sonra, biz çarlığın məhv edilməsi və respublika quruluşunun 
təşəkkül  tapmasına  qayıtmalıyıq.  Əgər  Romul  Romanın  əsasını  qoymuşdusa,  Lutsi 
Yuni Brut onun çiçəklənməsinə yol açan yeni quruluşu meydana gətirdi. Bu quruluş 
dövründə  Roma  dünya  dövlətinə  çevrildi,  özünün  ən  qüdrətli  rəqibləri  olan 
Karfageni,  Yunanıstanı,  Makedoniyanı  demək  olar  ki,  eyni  vaxtda,  m.ə.  146-cı  ildə 
məğlub etməklə, Aralıq dənizini  romalıların "bizim dəniz" adlandırdığı öz göllərinə 
çevirdilər. Sonralar, XVII əsrdə isə kral XIV Luinin – Günəş Kralın vaxtında qüdrətli 
fransızlar da Aralıq dənizini öz gölləri hesab edirdilər.  
Brut  həmçinin  Romada  tiraniyanın  qarşısını  aldı,  onun  nəinki  çiçəklənib 
meyvə verməsinə imkan vermədi, hətta bu ağacı kökündən çıxarıb atdı. Qeyd etmək 
lazımdır ki, qədim Yunanıstanda da tiraniya uzun sürmədi, qısa ömürlü oldu. Burada 
dövlət idarəetmə forması kimi tiraniya elə Roma ilə bir dövrdə m.ə. VI əsrin sonunda 
çıradan çıxdı və demək olar ki, bütün yunan şəhərlərində bu quruluş məhv edildi. Bu 
da  bir  rəmzi  təsadüfdür  ki,  Afina  və  Romada  tiraniya  eyni  ildə  -  m.ə.  510-cu  ildə 
süqut etmişdi. Lakin respublika çarlıqdan bəzi şeyləri əxz etdi. Buna qullar institutu 
misal göstərilə bilər.  
Ümumiyyətlə, qədim yunanların Romaya təsiri, təkcə Likurqun Spartada tətbiq 
etdiyi dövlət quruluşunu romalıların əxz etməsi ilə bitmir. Qədim yunan mədəniyyəti 
daha yüksək və daha yaşlı olduğundan Roma mədəniyyətini mayalandırmışdır. Digər 
ölkələrdə olduğu kimi Romaya da ellin mədəniyyətinin təsiri böyük olmuşdu. Əgər 
şərq  ölkələrində  bu  təsir  Makedoniyalı  Aleksandrın  istilaları  ilə  əlaqədar  idisə, 
Romada əksinə ellin təsiri, məhz Roma Yunanıstanı hissə-hissə işğal etdikdən sonra 
gücləndi. Yunan şairinin çox sərrast dediyi kimi, öz mədəniyyəti ilə "məğlub edilmiş 
Yunanıstan, özünün sərt işğalçısını işğal etdi". Yunan mədəniyyəti daha inkişaf etmiş 
olduğundan  Roma  ondan  faydalanmağa  başladı.  M.ə.  146-cı  ildə  Romanın 
Yunanıstan  və  Makedoniya  üzərində  hərbi  qələbəsi  yunanların  mədəniyyətinin 
Romanı  öz  təsiri  altına  almasını  daha  da  gücləndirdi.  Romalılardan  fərqli  olaraq 
yunanlar  bu  cansız,  dinc  mübarizədə  qalib  gələrək  göstərdi  ki,  ellin  mədəniyyətinin 

 
25 
Şərqdə  olduğu  kimi  yunan  qılıncının  köməyinə  ehtiyacı  yoxdur,  elmə,  biliyə, 
mədəniyyətə can atan bir xalqı özünün qeyri-adi, mənəvi silahı ilə öz "əsarəti" altına 
ala  bilir.  Yunan  mədəniyyəti  hələ  "çar"  dövründən  və  ilkin  respublika  dövrlərindən 
Romaya  ayaq  açmışdı.  Romalılar  hələ  m.ə.  V  əsrdə  Afinaya,  Solonun  qanunlarının 
üzünü  köçürməyə  yollanmışdılar.  Ellin  mədəniyyətinin  güclü  təsiri  isə  romalılar 
miladdan  əvvəl  III  əsrdə  Pirrə  qalib  gəldikdən  və  Cənubi  İtaliyadakı  yunan 
şəhərlərini özlərinə tabe etdikdən sonra hiss olunmağa başladı. Bu dövrdən etibarən 
Romanın kübar dairələri arasında yunan dili geniş yayıldı. Dillə birlikdə bura yunan 
biliyi də daxil olmağa başladı. Şəhərdə yunan ritorlarının və filosoflarının sayı xeyli 
artdı.  
Ellin  mədəniyyəti  vasitəsilə  Romaya  Şərqin  mədəni  təsiri  də  yayılmağa 
başladı,  çünki  ellin  mədəniyyətinə  Şərq  də  müəyyən  qədər  qarşılıqlı  surətdə  nüfuz 
etmişdi.  Roma  dövlət  xadimləri,  sərkərdələri  Homeri,  Hesiodu,  Esxili,  Sofoklu 
bilmələri  ilə  öyünürdülər.  Roma  fəlsəfi  fikri  stoiklərin  və  epikurizmin  təməli 
üzərində  inkişaf  edirdi.  Roma  natiqləri  latın  dilində  çıxış  etdikləri  kimi,  yunan 
dilində də nitq söyləyə bilirdilər. Bir sözlə yunan mədəniyyəti Roma üçün aparıcı rol 
oynayırdı.  Tsitseron  özünün  "Dövlət  haqqında"  kitabında  haqlı  olaraq  yazırdı  ki, 
"Axı bizim şəhərimizə Yunanıstandan elmin və incəsənətin kiçik çayı deyil, bol sulu 
çayı  axırdı".  Sonradan  Roma  özü  dünya  sivilizasiyası  üçün  belə  nəhəng  çayın 
mənbəyinə çevrildi.  
 

 
26 
MÜHARİBƏLƏR VƏ ROMANIN ÖZÜNÜTƏSDİQİ 
 
Erkən  respublika  dövrü  Roma  üçün  arası  kəsilməyən  müharibələr  dövrü  idi. 
M.ə. V-III əsrlərdə Roma ətrafdakı  şəhərlərlə çoxlu müharibələr aparır. Əlbəttə, bu 
dövrdə  Romanın  başlıca  rəqibi  etrusklar  idi.  Etrusklar,  Herodotun  yazdığına  görə, 
Kiçik  Asiyadan  gəlmişdilər.  Lakin  etrusklar  dəniz  kənarında  deyil,  Apennin 
yarımadasında  sahildən  xeyli  aralıda  məskunlaşmışdılar.  Etrusk  şəhər-dövlətlərinin 
qüdrəti m.ə. VII-VI əsrlərdə xeyli güclənmişdi. Etrusk şəhərləri İtaliyanın şimalında 
və  cənubunda  müstəmləkəçilik  siyasəti  aparır  və  öz  ağalığını  bütün  yarımadaya 
yayırdılar.  M.ə.  VI  əsrdə  isə  onların  ekspansiyası  materikdən  kənara  çıxır  və  onlar 
Korsika  adasını  işğal  edirlər.  Bu  qərbi  yunanlarla  etruskların  toqquşmasına  səbəb 
olur. Etrusklar Karfagenlə ittifaqa girərək, 535-ci ildə yunanlarla adanın yaxınlığında 
dəniz döyüşü apararaq, Korsikanı bütünlüklə ələ keçirdilər. Elə bu dövrdə etrusklar 
Romaya müdaxilə etməyə başladılar. Yuxarıda gördüyümüz kimi, üç etrusk mənşəli 
çar  -  Tarkvini  Prisk,  Servi  Tulli,  Məğrur  Tarkvini  Romada  hökmranlıq  etmişdilər. 
Romanın  şəhər-dövlət  kimi  təşəkkül  tapmasında  etrusklar  da  az  rol  oynamamışlar. 
Onlar  romalıları  tez-tez  sınağa  çəkirdilər.  Axı  yerə  basdırılmış  dirəyi  tərpətdikcə, 
daha  da  möhkəmlənir.  Təkcə  etrusklarla  rəqabət,  Romanın  öz  qüdrətini  artırmağa 
ciddi qayğı göstərməsinə səbəb olmuşdu. Bundan başqa etrusk şəhərləri bir-birilə də 
mübarizə  aparırdılar.  M.ə.  474-cü  ildə  Kum  ətrafındakı  dəniz  döyüşündə  etrusklar 
Sirakuza tiranı Hieron tərəfindən məğlub edilir. Bu məğlubiyyət güclü dəniz dövləti 
olan  Etruriyanın  nüfuzuna  mənfi  təsir  göstərməyə  bilməzdi.  Romalılar  da 
gücləndikcə etrusk şəhərlərini tuturlar, bu şəhərlərə Roma kolonistləri köçürülür və 
romalıların  təsiri  qalib  gələrək,  nəinki  həyat  tərzini  dəyişdirir,  etruskların  adət  və 
ənənələrinin, hətta bu xalqın dilinin unudulmasına gətirib çıxarırdı.  
Etruskların  romalılara  mədəni  təsiri  daha  mühüm  rol  oynamışdır.  Etrusklar 
ümumilikdə  Mərkəzi  İtaliyaya,  xüsusilə  romalılara  sivilizasiya  gətirmişdilər.  Buna 
misal  olaraq,  bu  gün  dünyanın  xeyli  hissəsinin  istifadə  etdiyi  əlifbanı  romalılar 
etrusklardan götürmüşdülər. Etrusklar isə bunu m.ə. 700-ci ilə yaxın Yunanıstandan 
əxz  etmişdilər.  İndi  də  etrusk  mədəniyyətinin  yeri  və  onun  mənbələri  barədə 
mübahisələr  gedir.  Bəziləri  şərq  sivilizasiyasının  İtaliyaya  daxil  olmasında  onların 
böyük rolunu qeyd etməklə yanaşı, etrsukların hər hansı bir orijinallığını inkar edir. 
Digərləri isə bir çox qiymətli ixtiraları etrusk sənətkarlarının adına çıxırlar.  
Etrusk mədəniyyəti başlıca cəhətlərində yunan sivilizasiyasınnı gücünün necə 
məhsuldar olduğunu göstərir. Mütəxəssislər sübut etmişlər ki, etrusk adam və allah 
adları daha çox hind-avropa sözlərinin etrusk sözləri ilə qarşığından ibarətdir. Etrusk 
heykəltəraşlığı  m.ə.  VII  əsrin  son  onilliyində  inkişaf  etməyə  başlamışdır.  Etrusk 
rəngkarlığı  nümunələri  əsasən  Tarkviniyadakı  yeraltı  qəbirlərdə  qalmışdır.  Həm 
heykəltaraşlıqda, həm də rəssamlıqda yunan təsiri özünü göstərir. Etrusk memarlığı 
şərq ruhunun və yerli uyğunlaşmanın qarışığı kimi özünü biruzə verirdi. Etruskların 
divar  rəsm  üslubları  indiyədək  Peruciyada  və  Volterrada  qalır.  Qapılarda  və 
qəbirlərdə  alaqapılardan  və  qübbələrdən  istifadə  olunurdu.  Bunlar  m.ə.  III  əsrdən 
etibarən romalılar tərəfindən istifadə edilməyə başlandı. Məbədlər yunan üslubunda 
sütunlarla tikilirdi və yunan qaydasında bəzənirdi. 

 
27 
Etrusk  mədəniyyətinin  bütün  maddi  qalıqlarından  göründüyü  kimi,  burada 
dinin  mühüm  əhəmiyyət  kəsb  etməsi  şübhəsizdir.  İtalik  xalqlarından  fərqli  olaraq 
etrusklar  bəşər  formasında  olan  allahlara  sitayiş  edirdilər.  Haruspiklər  qasırğalara 
qulaq  asır,  qeyri-adi  doğulanlara  bənzəyənləri  möcüzəli  qaydada  müəyyən  edirdilər 
və  ya  qurban  kəsilmiş  heyvanın,  Mesopotamiyadan  əxz  edilmiş  qaydada  içalatını 
yoxlayırdılar.  
Roma  istilalarından  sonra  etrusklar  elə  bil  ki,  ölüm  qorxusu  altındakı 
qadağalara baxmayaraq, inkişaf etməkdə davam edirdilər, bu, qəbirdəki cəhənnəmin 
və  ölüm  allahı  Xarunun  təsvirlərində  ifadə  olunur.  Bu  rəsmdə  Xarunun  əlindəki 
çəkiclə bədbəxt öləri adama zərbə endirdiyi təsvir edilir. İnsan qurbanının verilməsi 
duel formasında həyata keçirilirdi, həmin forma sonralar romalılarda inkişaf edərək, 
qladiator döyüşlərinə çevrildi. 
Bu sivilizasiyanın müxtəlif cəhətlərinin bircə müşahidəsi göstərir ki, etrusklar 
İtaliyanın  erkən  tarixində  daha  çox  xüsusi  element  olaraq  qalırlar.  Etrusk  sözlərini 
oxumaq  mümkündür.  Lakin  onların  mənası  başa  düşülmür.  Bu  səbəbdən  etrusk  dili 
heç vaxt qənaətləndirici dərəcədə tərcümə edilməmişdir. Etruskların həyata baxışları 
da yunanlarınkından və romalılarınkından çox-çox uzaqdır. Etrusklar arasında qadın 
çox yüksək yer tuturdu, nəsl çox vaxt öz izini qadın tərəfdən saxlayırdı.  
Etrusk  siyasəti  və  iqtisadiyyatı  Mərkəzi  İtaliyada  aparıcı  rol  oynayan  dövrdə 
yüksək  siniflər  özlərini  əyləncələrlə  əhatə  edirdilər,  bunları  ya  tacirlər  onlar  üçün 
gətirirdilər,  ya  da  öz  incəsənət  adamları  yaradırdılar.  M.ə.  V  əsrin  sonunda  onların 
mədəniyyət və siyasət sahəsində xüsusi rol oynamaları artıq başa çatdı. Etrusklar nə 
ellini  sivilizasiyanın  intellektual,  dinamik  keyfiyyətinə,  nə  də  romalıların  siyasi  və 
hərbi  quruluşuna  çata  bildilər.  Yaxın  qonşular  olan  romalılar,  sonralar  üzə  çıxdığı 
kimi  etrusklara  çox  borcludurlar.  Lakin  onlar  heç  vaxt  etruskların  həyatındakı 
hedonist  xüsusiyyəti  qiymətləndirmədilər.  Ayıq  romalı  baxışı,  heç  şübhəsiz, 
müəyyən  dərəcədə  etruskların  dəbdəbədən  həzz  almaq  kimi  cismani  istifadə 
modelinə əks olan bir münasibətə yüksəldi.  
Lakin  romalılar  bunu  inkar  edə  bilməzdilər  ki,  şəhərin  əsası  qoyulandan  m.ə. 
509-cu ilədək davam edən iki əsr yarımlıq çarların hökmranlıq etdiyi dövrə Romanın 
son  çarları  etrusklar  -  Tarkvinilər  olmuşdu.  Bu  vaxt  etrusklar  Kampaniya  əyalətinə 
qədər cənuba doğru ərazilərini genişləndirmişdilər. Roma həyatına etruskların təsiri 
təkcə  siyasi  nüfuzla  və  mədəni  töhvələrlə  kifayətlənmir,  daha  əsaslı  məsələlərə  də 
gedib  çıxırdı.  Romalıların  şəxsi  adları  və  ailə  və  ya  klan  adları  da,  göründüyü  kimi 
həmçinin etrusk mənşəlidir.  
"Azadlığın atası", respublikanın banisi Brutun qayğıları çar Məğrur Tarkvinini 
qovmaqla  nəinki  bitmədi,  hətta  xeyli  çoxaldı.  Tarkvini  əlindən  çar  taxtının  çıxması 
ilə heç cür razılaşa bilmirdi. O, xalqı aldatmaq üçün elçilər göndərdi ki, özünə qarşı 
olan nifrəti qırsın. O, artıq əvvəlki kimi qəddar deyil, xeyli yumşaq görünürdü. Sonra 
gələn  elçilər  bildirdilər  ki,  Tarkvini  çarlıqdan  imtina  edir,  bütün  düşmənçilik 
hərəkətlərini dayandırır, özünə və yaxın adamlarına əmlakını və pulunu qaytarmağı 
xahiş edir ki, o vəsait hesabına onlar sürgündə yaşaya bilsinlər. Konsul Kollatin bu 
xahişlə  razılaşdıqda,  digər  konsul,  dönməz  xarakterə  malik  olan  Brut  Forumda 
bildirdi ki, onun yoldaşı əgər müharibə etmək üçün vəsait ayırırsa və tiraniyanı bərpa 
etmək  istəyirsə,  xaindir.  Lakin  başqaları  da  Brutu  dilə  tutmağa  başladı  ki,  yaxşısı 

 
28 
odur  ki,  pul  onlara  tiranlara  qarşı  mübarizə  aparmağa  kömək  etsin,  nəinki  tiranlar 
onlara qarşı puldan istifadə etsinlər. Əslində Tarkvininin pula elə ehtiyacı yox idi, bu 
xahişi ilə o, xalqı yoxlamaq istəyirdi və bu vaxt xəyanət hazırlayırdı.  
Şəhərdəki bəzi ailələr də bu xəyanətə kömək edir və Brutun arvadının qohumu 
olan  bir  ailə  isə  onun  özünün  iki  oğlunu  da  bu  qəsdə  cəlb  etdi.  Onlar  Brutun 
ciddiliyini  və  sərtliyini  qəddarlıq  adlandırırdılar.  Axı  çoxları  çar  devrildikdən  sonra 
da,  ona  küt  adam  kimi  baxırdılar.  "Brut"  sözü  "küt"  mənasını  verirdi.  Qəsd  planı 
Akvililərin  evində  hazırlanırdı.  Təsadüfi  olaraq  burada  gizlənmiş  qul  Vinditsi  sui-
qəsdçilərin məqsədlərindən xəbər tutdu. Onlar konsulları öldürməyi qərara aldılar və 
bu barədə Tarkvininin elçilərinə məktub yazdılar. Brutun oğlanlarını inandırmışdılar 
ki, onlar Tarkvini ailəsi ilə qohum olacaq və çox güman ki, özləri çar olacaqlar.  
Vinditsi  qəsd  planını  hər  iki  konsula  xəbər  verməkdən  qorxurdou,  çünki 
birinin  oğlanları  qəsddə  iştirak  edirdi,  bu  oğlanlar  həm  də  digər  konsulun  bacısı 
uşaqları  idi.  Ona  görə  də  o,  sirri  şəhərdə  ədaləti  ilə  ad  qazanmış  Valeriyə  söylədi. 
Valeri  bunu  eşitdikdən  sonra  qulu  evində  gizlədib,  çar  sarayını  mühasirəyə  aldırdı, 
özü isə çoxlu adamlarla və qulların müşayiəti ilə Akvililərin evinə girdi və elçilərin 
otağında  məktubu  tapdı.  Akvililərin  özünü  isə  Foruma  gətirdilər.  Sonra  Valerinin 
evindən  Vinditsi  gətirildi  və  məhkəmə  başlandı.  Brut  oğlanlarına  müraciət  edərək 
dedi  ki,  Tit  və  Tiberi,  siz  niyə  ittihama  cavab  vermirsiniz?  Bu  sualı  üç  dəfə  təkrar 
etdikdən sonra o, mühafizəçilərə - liktorlara dedi ki, qanun üzrə vəzifənizi icra edin. 
Cavan  qardaşları  tutub  əvvəlcə  çubuqla  döydülər,  sonra  isə  balta  ilə  hər  ikisinin 
başını kəsdilər. Ata bu mərasimə sərt nəzərlərlə tamaşa edirdi. Digər müttəhimləri isə 
konsul  yoldaşının  himayəsində  qoyub,  Brut  buradan  uzaqlaşdı.  Yəqin  ki,  Romula 
şəhəri  salmaq,  Plutarxın  yazdığı  kimi,  Bruta  respublika  idarəçiliyi  formasının 
möhkəm əsasını qoymaqdan daha asan imiş.  
Xalq  yığıncağı  xainlərə  qaçıb  gizlənmək  imkanı  vermək  istədikdə,  Valeri 
Brutu  çağırdı.  O,  qışqırırdı  ki,  Kollatin  dəhşətli  hərəkət  edir,  o,  öz  yoldaşını  öz 
övladlarının  qatili  etdi,  özü  isə  sui-qəsdçiləri,  vətən  düşmənlərini  buraxmaq  istəyir. 
Brut qayıtdıqda dedi ki, o, öz oğlanlarına hökmü elan etdi və bu vaxt özünü qanuni 
hakim  kimi  apardı,  digər  müttəhimləri  isə  indi  azad  xalqın  məhkəməsinə  verir. 
Bundan  sonra  xalq  səsvermə  ilə  müttəhimlərin  boynunun  vurulmasına  qərar  verdi. 
Kollatin  öz  vəzifəsindən  imtina  etdi  və  sürgünə  yollandı.  Yeni  komitsialarda  Valeri 
vətəninə  sədaqətinə  görə,  təntənəli  surətdə  konsul  seçildi.  Bu  vaxt  Vinditsi  də  ilk 
dəfə  olaraq  qul  olmaqdan  azad  edildi.  Qulun  tam  azad  olması,  rəvayətə  görə  bu 
addan götürülməklə, "vindikta" adlanır.  
Tarkvini  taxt-tacın  xəyanət  yolu  ilə  ələ  keçirilməsinə  nail  ola  bilmədikdə, 
yanında  gizləndiyi  etruskları  romalılara  qarşı  müharibəyə  qızışdırdı.  Döyüşdə  çarın 
oğlu Arrunt və Roma konsulu Brut öldülər. Romada tiraniyaya qarşı mərd mübariz 
vətən yolunda, onun zülm boyunduruğuna düşməsinin qarşısını almaq üçün aparılan 
müharibədə  həlak  oldu.  Zülmə  qarşı  vuruşanların  əksəriyyətinin  aqibəti  kimi,  Brut 
vaxtsız  ölümlə  üzləşdi,  lakin  onun  uğrunda  canını  qurban  verdiyi  amal  qalib  gəldi, 
uzun müddət yaşadı və bütün bəşəriyyətə örnək oldu. Roma dövlətçiliyi, respublika 
uğrunda mübariz Brut öz əməlləri və iradəsi ilə özünə zamanın dağıda bilmədiyi bir 
abidə yaratdı və gələcək mübarizlər onun nümunəsindən ilham aldılar.  

 
29 
Döyüşdə hər iki tərəf böyük itgilər verdi, lakin romalılar rəqibin daha çox itki 
verməsi gümanı ilə gecə etrusklara hücum etdi və onları məğlubiyyətə uğratdı. Valeri 
bu  qələbəyə  görə  triumfa  layiq  görüldü  və  o,  həlak  olmuş  yoldaşının  dəfn 
mərasimində parlaq bir nitq söylədi.  
Lakin  bir  azdan  sonra  xalq  arasında  Valeriyə  qarşı  paxıllıq  yarandı,  bu  da 
onunla əlaqədar idi ki, xalqın təkid etməsinə baxmayaraq, Brut təkbaşına hakimiyyəti 
öz  üzərinə  götürməmişdi,  iki  dəfə  özünə  konsul  yoldaşı  seçmişdi.  Valeri  isə  şəhəri 
təkbaşına  idarə  edirdi.  O,  çox  dəbdəbəli  bir  evdə  yaşayırdı.  Dostları  bunu  ona  irad 
tutduqda,  o,  nəinki  incimədi,  bir  gecənin  içində  həmin  evi  sökdürdü  və  dostunun 
evində  yaşamağa  başladı.  O,  şəhər  vətəndaşları  içərisində  yaxşı  hörmət  qazandı  və 
ona  "Poplikola"  -  "Xalqın  dostu"  ləqəbini  verdilər.  23  əsr  sonra  Böyük  Fransa 
inqilabının  rəhbərlərindən  biri  olan  Marat  "Xalqın  dostu"  adlı  qəzet  nəşr  etdiyinə 
görə, Parisdə onu bu ləqəblə çağırırdılar.  
Valeri  bir  konsul  kimi    senatın  tərkibini  tamamladı,  axı  Tarkvini  senatorların 
bir  hissəsini  edam  etmişdi,  digərləri  isə  son  döyüşdə  həlak  olmuşdular.  Senata 
yarıdan  çox  -  164  yeni  üzv  cəlb  olundu.  Sonra  o,  bir  neçə  qanunlar  çıxardı.  Bir 
qanuna  görə  məhkum  olunanlara,  konsulların  qərarından  xalq  qarşısında  şikayət 
vermək  hüququ  verilirdi.  Kasıb  vətəndaşlar  vergidən  azad  olundu  ki,  onlar 
sənətkarlıqla  daha  ciddi  məşğul  olsunlar.  Bu  dövrdə  əsas  sərvət  mal-qara  hesab 
olunurdu.  Ona  görə  də  əmlak  "pekulium"  adlanırdı,  bu  da  xırda  buynuzlu  mal-qara 
mənasını verir. Ailələr də uşaqlarına Kaprari, Portsi adlarını verirdi, "kapra" latınca 
"keçi", "porkus" isə "donuz" deməkdir.  
Valeri belə bir qanun verdi ki, kim çar hakimiyyətinə can atırsa, hər kəsin heç 
bir  məhkəməsiz  onu  öldürmək  hüququ  vardır.  Onun  dövründə  kvestor  vəzifəsi  də 
yarandı ki, bu vergi yığmaqla və xəzinə məsələləri ilə məşğul olurdu. Bundan sonra 
o,  özünə  konsul  yoldaşı  seçdirdi  və  bu  vəzifəni  Lukretsiyanın  atası  tutdu.  Bir  neçə 
gündən sonra bu qoca adam öldükdə, yeni konsul seçmək lazım gəldi.  
Lakin Tarkvini yenə sakit dayanmırdı. O: etruskları Roma ilə yeni müharibəyə 
sövq  edirdi.  O,  Kluzidə  güclü  İtaliya  çarlarından  biri  olan  Porsenaya  özü  barədə 
xahişlər etdi. Çar Romaya elçilər göndərdi ki, taxtı Tarkviniyə qaytarsınlar, romalılar 
buna rədd cavabı verdilər. Bu vaxt Porsena romalılara müharibə elan  etdi. Döyüşdə 
Poplikola  yaralandı  və  oradan  çıxarıldı.  Sonra  Porsena  Romanı  mühasirəyə  aldı  və 
şəhərdə  aclıq  başlandı.  Bu  vaxt  Roma  vətəndaşı  Mutsi  görünməmiş  bir  igidlik 
göstərdi.  O,  Porsenanı  öldürmək  üçün,  etrusk  paltarında  onun  düşərgəsinə  girməyə 
müvəffəq  olddu  və  onu  tanımadığından,  onun  əvəzinə  çarın  yanındakı  adamı 
öldürdü.  Onu  tutub  sorğuya  başladılar.  Bu  vaxt  o,  sağ  əlini  sacayaqda  yanan  odun 
üstünə tutub qolunun əti yanana qədər sakitcə saxladı. Çar onun bu fədakarlığından 
heyrətə  gəlib,  onu  buraxdırdı  və  ona  qılınc  verdi.  Mutsi  qılıncı  sol  əli  ilə  götürdü. 
Ona  görə  də  ona  "Stsevola"  -  "solaxay"  ləqəbi  verdilər.  Mutsi  dedi  ki,  o,  Porsena 
qarşısında  qorxuya qalib  gəlmişdi,  lakin  çarın  ruhunun  böyüklüyü  ilə  məğlub  oldu. 
Onun  bu  alicənablığı  qarşısında  əzab  veriləndə  açmadığı  sirri,  minnətdarlıq  əlaməti 
olaraq açdı: "Üç yüz romalı onun kimi düşərgənin ətrafında dolaşırlar ki, Porsenanı 
öldürsünlər.  İlk  püşk  ona  düşmüşdü.  Mən  taleyimdən  gileylənmirəm,  çünki  mənə 
namuslu  adamı  öldürmək  qismət  olmadı,  belə  bir  adam  romalıların  düşməni 
olmaqdansa,  onun  dostu  olmalıdır".  Porsena  bu  igidlikdən  və  sözlərdən  sonra  sülh 

 
30 
bağlamağa  meyl  etdi.  Poplikola  da  Porsena  ilə  dostluq  etməyi  vacib  sayırdı.  Sülh 
müqaviləsinə görə romalılar Etruriyada işğal etdiyi torpaqlardan əl çəkməli, əsirləri 
qaytarmalı, bundan başqa etrusklara nəcib mənşəli on oğlan və on qız verməli idi. Bu 
qızların içərisində konsulun qızı Valeriya da var idi.  
Etruskların  yanında  girov  kimi  yaşayan  qızlar  çayda  çiməndə  onlardan  biri 
qaçmağı təklif etdi və qızlar üzüb çayı keçdilər. Onlar Poplikolanın yanına gəldikdə, 
Porsenanın romalıları xəyanətkarlıqda ittiham edəcəyi gümanına görə o, qızları geri, 
etruskların  yanına  qaytardı.  Qızlar  Porsenanın  yanına  qayıtdıqda,  çar  onlardan 
qaçmağın  təşəbbüsçüsünün  kim  olduğunu  soruşduqda,  Kleliya  adlı  qızı  göstərdilər. 
Çar öz atlarından birini ona verdi və qız at üstündə çayı üzüb keçdi. Sonralar Porsena 
Roma ilə sülh müqaviləsi məsələsində özünü çox alicənab apardı.  
Brut  və  xoşbəxtlikdən  onun  davamçısı  Poplikola  təkcə  Roma  respublikasının 
möhkəm  təməlini  qoymadılar,  həm  də  onu  bir  çox  sınaqlardan  ləyaqətlə  çıxardılar. 
Bu  əməlləri  ilə  onlar  göstərdilər  ki,  çarlıq  bir  də  Romaya  qayıtmayacaqdır. 
Respublikanın  bəxti  onda  gətirdi  ki,  onun  bünövrəsini  qoyanlar  nəcib  şəxsiyyətlər, 
mərd,  dönməz  adamlar  idilər.  Onlar  dəqiq  tarixi  şəxsiyyətlər  olmasa  da,  onların 
haqqında daha çox rəvayətlər söhbət açsa da yüksək mənəviyyat, sarsılmaz iradələri, 
zülm  və  rəzalət  qarşısında  boyun  əyməmələri,  onlara  qarşı  yüksək  ehtiram  və 
məhəbbət hissləri yaradır.  
 

 
31 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin